ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə19/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

BABURUN KABİLƏ DÖNMƏK ÜÇÜN

HERATDAN AYRILMASI
Axırda məcbur olduq, səbəbini açıqca da söyləyə bilmədik və qışla­maq bəhanə­si ilə şaban ayının yeddisində (=23 dekabr 1506) Heratdan çıxıb Badğis civarına gedərək endiyimiz hər yerdə vilayətlərə vergi və iş-güc üçün gedənlərin gəlib bizə qoşulmalarını gözləyərək bir-iki günlükləngimə və gecikmə ilə köç edirdik. O qədər yavaş getdik ki, Ləngəri-Mir Qiyasdan iki-üç mənzil keçdikdən sonra, nəhayət, ramazan ayı göründü.

Vilayətlərə iş-güc üçün gedən igidlərin bəziləri gəlib bizə qoşuldular; bəziləri da iyirmi gün və ya bir ay sonra biz Kabildə ikən gəldilər. Bəziləri də orada qalıb mirzələrin xidmətinə girdi. Bunlardan biri də Şeydim Əli Dər­bandı və orada qalıb Bədiüzzaman Mirzənin xidmətinə girdi. Xosrov ş­a­hın adamlarından heç kimə onun qədər etibar etmirdım. Cahangir Mirzə Qəz­nəni buraxıb çıxanda Qəznənin idarəsi Seydimə verilmişdi. O da qaynı Dost (192 b) Əngü Şeyxi Qəznədə qoyub özü orduya gəlmişdi.

Həqiqətən, Xosrov şahın adamları arasında bu ikisindən -Şeydim Əli Dərban və Mühib Əli Qurçu- daha yaxşı adam yoxdu. Şeydim əxlaqı və davranışları yaxşı bir adam­dı. Cəsarətlə qılınc çalırdı. Evində də məclis və söhbəti əskik deyildi. Olduqca cömərd idi. Çox idarəli və ölçülü bir adamdı. Çox zərif, davranışları və söhbəti xoş, təbiəti gözəl və zarafatı sevən bir adamdı. Qüsuru fisqə və gənc uşaqlara fövqəladə düşkün olmasıydı. Məz­hə­bində də doğru deyilmiş. Bir az fitnəkar təbiətə sahibdi. Bəziləri onun bu ni­faqçılığını zarafatcıllığına bağlayırdılar, lakin bu iddia əsassız deyil­miş. He­ratın Şeybani tərəfindən zəbt edilməsindən sonra Bədiüzzaman Mir­zə Şah [Şüca] bəyin yanına gələndə Mirzə ilə Şah bəy arasına nifaq salacaq sözlər söylədiyi üçün Mirzə onu öldürdərək Hərmənd çayına atdırdı. Mühib Əlinin hekayə­sindən bu vəqayenin axırında bəhs ediləcəkdir.

Ləngəri-Mir Qiyasdan keçib Qarcistanın kənar kəndləri üzərindən Çax­­­çərana gəldik. Ləngərdən keçib Qarcistana gələndə hər tərəf qar idi, irə­lilədikcə də qar daha da çoxalırdı. Çaxçəran Zünnun bəyə [Arğun] aid idi və orada onun Mirəkcan İrdi adlı bir adamı olurdu. Zünnun bəyin ərzağını tam qiymətlə satın aldıq.

Çaxçərandan iki-üç mənzil daha gedincə qar fövqəladə çoxaldı, üzən­gi­dən də yuxarıya (193 a) çıxdı və çox yerdə atın ayağı yerə dəymədi. Qar durmadan yağırdı. Çıraqdan keçdikdən sonra da qar çox idi. Yol da bizə ta­nış deyildi. Ləngəri-Mir Qiyas civarında Kabilə hansı yoldan gedəcəyimiz haq­qın­da danışıb məsləhətləşdik. Mən və olanların çoxu da «Qışdır və dağ yolu təh­lükəlidir; Qəndəhar yolu bir az uzaq olsa da, təhlükəsizdir « fikrində idik. Lakin Qasım bəy «O yol uzaqdır, bu yoldan gedək» deyə çox böyük təc­rü­bəsizlik göstərdi və bu yoldan getdik.

Peşailərdən Pir Sultan adlı biri bələdçimiz idi. İxtiyarlığındanmı, tə­la­şın­danmı, yaxud qarın çoxluğundanmı, yolu itirdi və götürəmmədi. Qasım bə­yin israrıyla bu yoldan getmiş olduğumuz üçün Qasım bəy də bunu namus işi edib özü və oğulları qarı təpir, yol açaraq irəlidə gedirdilər.

Bir gün qar fövqəladə çoxaldı. Yol da bilinmirdi. Bir neçə dəfə qey­rət et­dik, lakin yürüyə bilmədik. Bir çarə tapammadan, təkrar dönüb ağaclı bir yerə endik. Yetmiş-səksən yaxşı igidə izimizi təqib edərək geri dönüb də­rə­nin aşağısında qışlamaqda olan həzarələrdən birini alıb bələdçilik etmək üz­rə buraya gətirməyi tapşırdıq. Gedənlər gələnə qədər üç-dörd gün burada qal­dıq. Gedənlər də yaxşı bir bələdçi gətirə bil­mədilər. (193 b)

Təvəkkül edib Sultan adlı peşaini önümüzə qatıb gediləcək yönü tapa bilməyərək geri döndüyümüz eyni yola təkrar girdik. O bir neçə gün ərzində fövqəladə iztirab və çətinlik çəkdik. Həyatım boyunca o qədər çətinlik az çək­mişəm. Bu mətlə o za­man söyləndi:



Çərxin mən görməyən cövrü cəfası qal­dımı?

Xəstə könlüm çəkməyən dərdü bəlası qal­dımı?

Bir həftəyə yaxın qarı təpərək yürüdük, gündə bir və bir yarım şeridən artıq gedə bilmədik. Qarı təpən adamlar mən, on-on beş içki, Qasım bəy, oğul­ları Tanrıverdi, Qənbər Əlivə bir də onun iki-üç adamıydı. Bu adam­larla birlikdə piyada yürü­yərək qarı təpirdik. Hər adam yeddi-səkkiz və ya on kari irəli yürüyərək və hər addım atanda belinə və köksünə qədər bataraq qarı tə­pirdi. Bir neçə addım getdikdən sonra öndəki adamın dözümü qalma­yıb du­rur və başqası önə keçirdi. Bu on-on beş və ya iyirmi adam piyada ola­raq qarı təpdikdən sonra o yoldan yüksüz bir at keçə bilirdi və yüksüz at çəkilir­di. Bu yüksüz at da üzəngisinə və yəhərin arxasına qədər bata-bata on-on beş addım qədər məsafə yürüdükdən sonra haldan düşürdü. Bu atı bir kənara çəkib təkrar başqa bir yüksüz at qabağa sürülürdü.

Bu şəkildə biz on-on beş və ya iyirmi (l94 a) adam qarı təpdik və eyni adamların at­ları da irəli çəkildi. Digər bütün yaxşı igidlər və bəy adı veri­lən­lər atlarından belə enməyərək təpilmiş hazır yola girib başlan aşağıya əyil­miş halda gəlirdilər. Başqasına təklif edəcək və zorlayacaq bir zaman deyil­di. Himməti və cürəti olan hər kəs belə işləri özü istəyərək görür. Bu şəkildə qarı təpib yol açaraq endiyi­miz yerdən üç-dörd gündə Zirrin keçidinin di­binə, Həval-Quti deyilən mağaraya gəldik. O gün şiddətli bir boran oldu. Hər kəs ölüm qorxusu içindəydi. O tərə­fin əhalisi dağdakı mağara və yarıq­la­ra həval deyir. Bu mağaraya gələndə boran fövqəladə qüvvətliydi. Mağa­ra­nın önünə endik. Qar çox, yol isə dardı, təpilmiş yoldan atlar zəhmətlə yü­rü­yürdü. Günlər çox qısa olduğu üçün ön­dəki adamlar ay­dınlıqkən mağara­nın önünə gəldilər, qalanlar axşam və yat­sıya qədər gəlməkdə davam etdilər. Sonra hər kəs olduğu yerə endi. Bir çox­ları sabaha qədər at üstündə qaldı.

Mağara bir az dar kimi göründü. Mən mağaranın önündə kürəklə qarı kürüyüb özümə dayanacaq bir yer düzəltdim. Qarı köksümə qədər qazdım; yenə də (194 b) torpağa çatmadım. Küləyə qarşı bir az daldalanacaq bir yer kimi oldu və orada otur­dum. Mağaraya getməmi söylədilər, ancaq getmə­dim. «Bütün xalq qarda və borandaykən mən isti yerdə və istirahətdə, bütün xalq burada iztirab və zorluqda ikən mən orada uyğuda və rifahda olsam, bu, insanlıqdan uzaq bir hərəkət və xalqa qarşı laqeydlik olar, nə qədər iztirab və zorluq olacaqsa mən də görməli, xalq necə dözürsə, mən də dözməli­yəm» deyə düşündüm. Farsca bir məsəl vardır: «Mərg ba yaran sur əst» (dost­­larla birlikdə ölüm toy-bayramdır).

Beləcə boranda qazıb düzəltdiyim çuxurda oturdum. Yatsıya qədər qar elə bir boranla yağdı ki, gəl görəsən. Mən büzülüb oturmuşdum, arxama, başıma və qulaqları­mın üstünə dörd barmaq qalınlığında qar yığılmışdı. O gecə qulaqlarım dondu. Yatsı vaxtında mağaranı ciddi tədqiq edənlər «Çox genişdir, hər kəsə yer var» deyə bağırışdılar. Bunu eşidincə üzərimdəki qarı silkib mağaraya gəldim. Mağaranın ətrafındakı bəyləri də çağırdım. Qırx-əlli adamı rahatca barındıracaq qədər yer vardı. Azuqə, yəxni, qovurma və başqa kimin nəyi varsa gətirdilər. Belə bir soyuqda və boranda çox isti, təhlükəsiz və rahat bir yerə qovuşduq.

Ertəsi gün qar və boran durdu. Sabah erkəndən qalxıb eyni biçimdə qa­­rı təpərək yol açıb (195 a) təpənin üstünə çıxdıq. Yol dağı dolana-dolana yuxarıya doğru çıxırmış, keçidinə də Kötəli-Zərrin deyirlərmiş. Biz yuxarı çıxmadan dərə yoluyla endik. Təpəsindən dibinə varıncaya qədər vaxt gec ol­du. Dərənin ağzında düşərgə saldıq.

O gecə fövqəladə soyuqdu və gecəni çox çətinlik və sıxıntıyla keçir­dik. Bir çox adam soyuqdan əlini-ayağını itirdi. Kibəkin ayağı, Süyündük Türkmənin əli və bir də Əxinin ayağı o gecə soyuqdan dondu.

Ertəsi gün dərədən aşağıya doğru yürüdük. Yolun bu olmadığını bildi­yi­miz və gördüyümüz halda təvəkkül edib dərədən aşağıya yürüdük. Çox uçu­rumlu və dik yerlərdən endik. Gecə, axşam vaxtında dərənin ağzına çıx­dıq, ixtiyarlardan heç kim bu keçidin bu qədər çox qarlı vaxtında bir adamın oradan keçmiş olduğu­nu xatırlamırdı. Hətta bu mövsümdə bu keçiddən keç­mək fikri belə kimsənin ağlına gəlməmişdi.

Qarın çoxluğundan çox iztirab çəksək də, qarın çoxluğu sayəsində özümüzü axırda bir mənzilə çatdıra bildik, çünki bu qədər qar olmasaydı, bu cür yolsuz, uçurumlu və dik yerlərdən kim keçə bilərdi. (195 b) Qar bu qə­dər çox olma­saydı, bəlkə də ilk keçdiyimiz uçurumda əsgərın, at və dəvənin hamısı qalardı.

Hər niku bədi ki, dər şomar əst,

Tu dər nigari-səlahi-kar əst.

Gələn hər yaxşılıq və pislik,

Diqqət etdikcə, işin xeyrinədir.

Yekə çayırına gəlib enəndə artıq yatsı vaxtı olmuşdu. Yekə çayırının xalqı biz gəlib enər-inməz bundan xəbərdar oldular. İsti evlər, kök qoyunlar, atlar üçün ot və quru ot bol, yaxmaq üçün odun və təzək çox və dolu idi. Belə bir soyuq və qardan qurtularaq bir kənd və isti evlər tapmaq, belə çətin­likdən və bəladan qurtulub bu qədər bol çörək və kök qoyunlar tapmaq elə bir hüzurdur ki, bunu ancaq bu çətinlikləri görənlər bilər, bu elə bir rahatlıq­dır ki, bunu ancaq belə bəlaları yaşayanlar bilər.

Qəlbimiz məmnun və könlümüz rahat olaraq bir gün Yekə çayırında qaldıqdan sonra, oradan qalxıb iki ağac yol gəlib təkrar endik. Ertəsi gün ra­mazan bayramı oldu. Sonra da Bamyan üzərindən yürüyüb Şibertu keçi­din­dən keçərək Cəngliyə varmadan endik.
TÜRKMƏN HƏZARƏSİ ÜSTÜNƏ AXIN
Türkmən həzarəsi köç və mallarıyla birlikdə yolumuzun üzərində qış­lamışmış. Bizdən heç xəbərləri yoxdu. Ertəsi gün qalxıb gələndə bunların ağıl və komalarının arasına endik. İki-üç ağıl yağmalandı, digərləri də ev və mallarını buraxaraq çoluq-çocuqlarını (l96 a) alıb dağa çəkildilər.

İləridən xəbər gəldi ki, bir neçə həzarə əsgərin önünü tutub ox ataraq adamları keçməyə buraxmır. Bu xəbəri alınca dərhal oraya getdim. Baxdım ki, ora bir boğaz da deyil, bir neçə həzarə bir çıxıntıdan ox atır. Hər şey ora­ya yığılıb qalmışdı. Qoca-qoca igidlər orada:

Şeir:1

Yağı qaraltısın görübdürlər,

Dəngi-heyran baxıb durubdurlar.

Mən yetib tez ol sarı yürüdüm,

Yürü-yürü deb irəli yürüdüm.

Qərəzim eli tez qılmaq idi,

Yağı bilə sitez qılmaq idi.

Tez yetib elə, çəkdim özümü,

Heç kim eşitmədi sözümü.

Yox idi nə zireh, nə çul, nə yaraq,

Məndə vardı min ox və sadaq.

Durdum ərsə, tamam el durdu,

Yağı sanki buları öldürdü.

Sən nökəri qılırsan onun üçün,

Yarağı bir mahalda canın üçün,

Yox ki, nökər durub bəyi yürüsün,

Nökəri asudə, bəyi çürüsün.

Nökər kim bu tövrdür, nə asığ,1

Nə işinə yarar, nə aşa qatıq.

Axır at saldım, irəli yürüdüm,

Sürübən dağa, yuxarı yürüdüm. (l96 b)

Məni görüb yürüdü el dəxi,

Qaldı eldən geriyə qorxağı.

Yetişibən tez dağa dırmaşdıq,

Oxuna baxmadan yürüyüb aşdıq.

Gahi atdan düşüb, gahi atlı,

Yürüdük irəliyə cürətli,

Yağı həm dağdan ox atır idi,

Zoru görcək qoyub qaçır idi.

Dağa çıxdıq həzarəni qovlab,

Qırda, dərədə geyik kimi ovlab,

Önə çıxanı geyik kimi oxladıq,

Talayıb mal-qoyunu payladıq.

Qırıban türkmən həzarəsini,

Bağladıq bənd kişi-qarasını,

Kişilərini dəstigir etdik,

Əhli, övladını əsir etdik.

Həzarənin malından mən də xeyli qoyun topladım, onları Yarək Tağa­yi­yə tapşırıb özüm irəli keçdim. Qırlardan və dərələrdən yürüyərək həzarə-lərin at və qoyunlarını sürüb Teymur bəy Ləngərinə endik.

Türkmən həzarəsinin asilərindən on-dörd on beş adam və quldurbaşı­la­rın bir neçəsi ələ keçmişdi. Endiyimiz yurdda bütün quldur və asilərə ibrət olsun deyə bunla­rın dürlü-dürlü əzab və işkəncə ilə öldürülmələrini düşün­müşdüm. Lakin yolda Qasım bəyə (197 a) rast gəlmişlər, o da yersiz mərhə­mət göstərib onları sərbəst burax­mışdı.

Zəmini-şorü sünbül bər nəyərəd,

Dərü töxmi əməl zaye məgərdan,

Niküyi ba bədan kərdən çün an əst,

Ki bənd kərdən bəcai nikmərdan.1
Şoran torpaq sümbül yetirməz,

İşini və toxumunu bu topraqda zay etmə.

Pis adamlara yaxşılıq etmək,

Yaxşılıq edənlərə pislik etmək kimidir.

Mərhəmət göstərilərək əsirlər də sərbəst buraxıldı.


KABİLDƏ ORTAYA ÇIXAN PROBLEM
Biz türkmən həzarəsini yağmalayan zaman Məhəmməd Hüseyn Mirzə Duğlat ilə Sultan Səncər Barlasın Kabildə qalan bütün moğollan öz tərəflə­ri­nə çəkərək Mirzə xanı [Baburun əmisi oğlu Sultan Veys Mirzə] padşah elan edib Kabili mühasirəyə aldıqlarını eşitdik. Xalq arasına isə belə bir şayiə yaymışdılar: Bədiüzzaman ilə Müzəffər Mirzə padşahı həbs edib Heratın in­di Ala-Kurqan deyə məşhur olan İxtiyarəddin qalasına salmışlar.

Kabil kurqanında komandanlardan Molla Baba Pəşağari, Xəlifə [Niza­məddin Əli Barlas], Mühib Əli Qurçu, Əhməd Yusif və Əhməd Qasım [Kuh­­bər] vardı. Bunlar yaxşı hərəkət edərək kurqanı qapalı və güclən­diril­miş bir hala gətirib qoruma­ğı bacarmışlar.

Teymur bəy Ləngərindən Qasım bəyin adamı Məhəmməd Əndicani ad­­­lı bir bayraqdar vasitəsilə Kabildəki bəylərə bu yerə gəldiyimizi yazıb gön­­­­­dərdik. Bu şəkildə qərar verilmişdi: «Biz Gur-Bənd boğazından çıxıb on­­ların üstünə hü­cum edəcəyik. İşarə olaraq Menar dağından keçincə bö­yük bir tonqal qalayacağıq. Siz də gəldiyimizdən xəbərdar olduğunuzu bil­dirmək üçün bugün xəzinə olan əski köş­kün üzərində böyük tonqal yaxın. (197 b) Biz bu tərəfdən yetişincə, siz də içəridən çıxıb əlinizdən gələn işi etməkdə qüsur göstərməyin». Bu sözlər yazdırıldı və Məhəmməd Əndicani göndə­ril­di.

Ertəsi gün Ləngərdən hərəkət edilib Üşdür-Şəhər qarşısına endik. Ora­dan da erkəndən hərəkətə keçib günortaya doğru Gur-Bənd boğazından çı­xa­raq körpü başına gəldik. Atları suvarıb dinclik verdikdən sonra günorta vax­tı körpü başından hərəkətə keçdik.

Tutkavula qədər qar yox idi, amma Tutkavuldan etibarən qar artmaqda idi. Zəmmə-Yahşı ilə Menar arasında o qədər soyuq oldu ki, həyatımda belə bir soğuğu az görmüşəm.

Əhməd Yasavul ilə Qara Əhməd Yurdçu «Verilmiş olan qərara uyğun olaraq gəldik, xəbəriniz olsun və cəsur olun» xəbəriylə Kabildəki bəylərə gön­dərildi. Menar da­ğından aşaraq dağın ətəyinə endik.

Soyuqdan taqətsiz qalıb tonqallar yaxaraq isindik. Düzü, tonqal qala­ya­caq zaman deyildi, lakin soyuğun dəhşətindən taqətimiz qalmadığı üçün od yaxdıq. Dan üzünə doğru Menar dağının ətəyindən hərəkət etdik.

Menar ilə Kabil arasında qar atların dizinə qədər yüksəlirdi, hava çox sərtləş­mişdi və yoldan çıxan adam böyük çətinliklə yürüyürdu. Bu yolda bir-biri­mizin arxasından irəlilədik və bu üzdən Kabilə ancaq fərz vaxtı (198 a) çata bil­dik.

Bibi-Mahruya gəlmədən bir az öncə, ərkdən böyük bir tonqal yüksəldi və onların da bizim gəldiyimizi öyrəndiklərini anladıq.
BABURUN KABİLDƏKİ ÜSYANÇILARA HÜCUM ETMƏSİ
Seyid-Qasım körpüsünə yaxınlaşınca Şirim Tağayi ilə sağ qol adam­ları Molla Ba­ba körpüsü tərəfinə göndərildi. Sol qol və mərkəz adamları da Baba-Luli yolundan irəlilədi.

O zamanlar Xəlifə bağının yerində [Baburun əmisi] Uluğ bəyin tik­dir­miş olduğu ləngər biçi­mində kiçicik bir bağ vardı, artıq ağacları qalma­mış­dı, lakin divarı dururdu. Mirzə xan oraya yer­ləşmişdi. Məhəmməd Hüseyn [Duğlat] Mirzə isə Uluğ bəy Mirzənin tikdirdiyi Baği-Behiştdəydi.

Mən də Molla Baba bağının yol tərəfindəki məzarlığa çatdım. Bu ara­da bizim­kilərdən tələsib irəli getmiş olanlar da geri oturdulmuşlar. İrəliləyib Mirzə xanın olduğu yerə girənlər dörd nəfər idi: Seyid Qasım eşik-ağa, Qən­bər Əli Qasım bəy, Şirqulu Qaravul Moğol və şirqulu camaatindən olan Sul­tan Əhməd Moğol.

Bu dörd adam gedər-getməz, heç çəkinmədən dərhal Mirzə xanın ol­duğu yerə girmişlər. Gurultu qopmış və Mirzə xan ata minərək qaçıb getmiş. O günlərdə Əbülhəsən Qurbəyinin kiçık qardaşı Məhəmməd Hüseyn [Qur­çu] da Mirzə xanın (198 b) xidmətinə girmişdi və bu dörd adamdan Şirqu­luya qılıncla vurub atdan salır, başını kəsmək istərkən Şirqulu qurtulur. Bu dörd adam qılınc və ox zər­bəsi yeyərək yaralı olduqları halda bəhs etdi­yim yer­­də bizə gəlib qoşuldular.

Bu dar yolda atlılar tıxanıb qaldılar. Nə irəli yürüyə, nə də ge­riyə gedə bildilər. Mən də yaxınımdakı igidlərə «Atlardan enib saldırın» de­dim. Dost Nasir, Xoca Məhəmməd Əli Kitabdar, Baba Şirzad, Şah Mah­mud və digər bir neçə igid atla­rından enib piyada olaraq ox atdılar. Düşmən qaçdı.

Kurqandakıları müşahidə edirdik. Savaş vaxtında yetişə bilmədi­lər. Düş­məni ye­rindən atdıqdan sonra ancaq bir-bir, iki-iki qoşaraq gəlməyə baş­­ladılar. Mirzə xanın oturduğu çarbağa hələ girməmişdim ki, kurqandakı­lar­dan Əhməd Yusif ilə Seyid Yusif gəldilər. Mirzə xanın oturduğu bağa on­lar­la birlikdə girdim. Gördüm ki, Mirzə xan yoxdur, qaçıb getmişdir və dər­hal geri qayıtdım.

Əhməd Yusif mənim arxamdaydı. Kabildə ikən cəsurluğuna görə eti­bar görüb kütvallıq1 rütbəsini alaraq orada qoyduğum Dost Sərpuli Pi­yadə əlində yalın qılıncla birdən çarbağın qapısından girdi. Mənə doğru gə­lirdi. Mən zireh geymiş, lakin kəmər bağlamamış, (199 a) dəbilqə də qoy­ma­mış­dım. Bir neçə dəfə «Hey, Dost, hey, Dost!» deyə qışqırdım. Əhməd Yu­sif də qışqırdı. Məni soyuqdan və qardan yanmış ol­duğum üçünmü tanı­ma­dı, yoxsa müharibənin təlaşındanmı, bilmirəm, heç çəkinmədən çıl­paq qo­luma bir qılınc endirdi. Allahın inayəti sayəsində qıl qədər təsir etmə­di.

Əgər tiği-aləm becünbəd zi ca,

Nəbürrəd rəgi tu nəxahəd xuda

Qılınc dünyanı yerindən oynada bilsə də,

Allahın izni olmadan, bir damar belə kəsməz.

Mən bu duanı oxumuşdum, uca Allahın bu zərəri dəf və gələn bəlanı rəf etməsi onun təsiriydi. O dua budur2:



Ey Allah, sən mənim rəbbimsən. Səndən başqa ilah yoxdur. Sənə tə­vəkkül etdim. Sən böyük ərşin rəbbisən. Allah nə istsə olar və nə istəməsə, olmaz; heç bir qüdrət və qüvvət mövcud deyildir və bunların hamısı böyük və uca Allahın əlindədir. Bil ki, Allah hər şeyə qadirdir, Allah hər şeyi elmi ilə əhatə etmiş və hər şeyi ədədi ilə saymışdır. Ey Allah, mən özümün pisli­yim­dən, özgələrin pisliyindən və bütün heyvanların pisliyindən sənə sığını­ram. Sən böyük ərşın rəbbisən.

Oradan çıxıb Məhəmməd Hüseyn [Duğlat] Mirzənin oturduğu Baği-Be­hiştə gəldim. Məhəmməd Hüseyn Mirzə oradan qaçıb gizlənmişdi. Mə­həmməd Hüseyn Mirzənin oturduğu bağ divarının yıxığında oxlu-yaylı yed­di-səkkiz adam dururdu, atımı onların üstünə sürdüm. (199 b) Müqavimət göstərmədən qaçıb getdilər. Arxalarından yetişərək birinə qılıncla vurdum. Elə yuvarlandı ki, başının qopduğunu zənn etdim. Keçdim. Sən demə, bu qı­lıncla vurduğum adam Mirzə xanın südqardaşı Tülək Göyəldaş imış və qı­lınc çiyninə dəyibmiş.

Məhəmməd Hüseyn Mirzənin oturduğu evlərin qapısına gələndə dam üstündən bir moğol çox yaxın bir məsafədən üstümə doğru yay çəkdi. Bu mə­nim nökərlərimdən idi və mən onu tanıyırdım. Sağdan-soldan «Hey, hey, padşahdır» deyə qışqırdılar. Oxu çıxarıb qaçdı. Artıq ox atmağın zamanı keç­­­­mişdi. Mirzəsi və ko­mandanları qaçmış və ya ələ keçirilmişdi, kimin üçün ox atacaqdı.

Biz orada ikən Sultan Səncər Barlası tutub boynu bağlı olaraq gətir­di­lər. Mən ona etibar edib Nigənxar tümənini ehsan etmişdim. O da bu fitnə­də onlarla ortaqdı. Təlaşla «Hey, mənim nə günahım var» deyə qışqırırdı. «Bu camaatla əlbir olub onu hazırlayanların böyüklərindən biri sənsən, bun­dan daha böyük günah olarmı?» deyə cavab verdim. Amma o, xan dayımın anası Şah bəyimin bacısı oğlu olduğu üçün «Belə şərəfsizcə gəzdirməyin, ölüm yoxdur» dedim.

Kurqandakı bəylərdən biri olan Əhməd Qasım Kuhbəri (200 a) bir dəs­­­tə igidlə birlikdə Mirzə xanın arxasınca göndərdim.

Bu Baği-Behiştin yanında Şah bəyimlə [Baburun xalası Mehri­nigar] xanım çadırlar qurub oturmuşdular. Bağçadan çıxıb Şah bəyim ilə xanımı gör­məyə getdim. Şəhər əhalisi və alt təbəqə hücum etmiş, küncdə-bucaqda adamları yaxalayıb mallarını yağmalamaqla məşğul idilər. Çevrəyə adamlar yerləşdirilərək bütün bu adamlar qovulub çıxarıldı.

Şah bəyimlə xanım eyni evdə otururdu. Əvvəlki kimi, atdan enərək pi­yada gedib ədəb və təzimlə görüşdüm. Şah bəyim ilə xanım föv­qəladə sı­xın­tılı, mütəəssir, başları əyik və xəcil bir vəziyyətdə idilər. Nə məq­bul bir üzr­xahlıq edə bi­lir, nə də müşfiqanə bir xatir sormaq yolunu se­çirdilər. On­ların belə bir güruhla əlbir olmalarını düşün­mək istəmirdim. Lakin o birilər də bə­­yimlə xanımın sözündən çıxacaq adamlar deyildilər. Mir­zə xan Şah bə­yi­min doğma nəvəsi idi və gecə-gündüz onun yanında olurdu. Onların fik­rinə qatılmaq istəməsəydi, Mirzə xanı buraxmayıb özlərinin ya­nında tutar­dılar.

Neçə dəfə taleyin uğursuzluğu və qəddarlığı üzündən taxt və mülkdən, əsgər və adamlardan ayırılıb onların (200 b) yanına getmişdim. Anam da on­­lara getmişdi. Lakin heç bir etibar və şəfqət görməmişdik. Mə­nim kiçık qardaşım Mirzə xanın və anası Sultan Nigar xanımın zəngin və abad vilayət­ləri vardı. Mən və anam isə vilayət bir tərəfə qalsın, bir kənd və bir neçə quş sahibi belə ola bil­məmişdik. Anam Yunus xanın qızı və mən də onun nəvəsi de­yildimmi? O ailə­dən mənim yanıma gələn hər kəsə əlimdən gəldiyi qədər qar­daşlıq və insanlıq vəzifələrimi yerinə yetirmişdim. Nicə ki Şah bəyim gə­­­ləndə Kabilin ən yaxşı yerlərindən olan Pamqanı ona verdim, oğul­luqda və xidmətdə qüsur göstər­mədim.

Kaşğar xanı Sultan Səid xan beş-altı piyada və çılpaq adamıyla gəldi; ona da kiçik qardaşlarım kimi baxıb Ləmqan tümənlərindən Məndravər tü­mə­nini verdim.

Şah İsmayıl Mərvdə Şeybani xanı ələ keçirəndə mən Qunduza keç­miş­dim. O günlərdə Əndican vilayəti mənim tərəfimi tutub bəziləri valiləri­ni qovaraq, bir qismi də olduqları yerlərə qapanaraq mənə adam göndərdilər. Mən isə bütün adamla­rımı, köməkçi hissələrlə birlikdə, Sultan Səid xanın əmrinə verib əsl vətənim olan Əndican vilayətini ona bağışladım və onu ora­ya xan edib göndərdim.

Ondan sonra da bugünə qədər o ailədən gələn hər kəslə öz doğma qar­daşlarım kimi rəftar etdim. Necə ki [Baburun dayısı Sultan Əhməd xanın oğul­ları] Çin Teymur Sultan, İsən Teymur Sultan, Toxta Buğa (20l a) Sultan və Baba Sultan bu­gün də mənim yanımdadırlar. Hamısına də öz doğma qar­daşlarımdan daha yaxşı davranıb etibar və şəfqət göstərirəm.

Bunları yazmaqdan məqsədim şikayət deyil, gerçəkləri söyləməkdir, bu söylənənlərdən məqsəd özümü tərif deyil, gerçəkləşmiş olanları bəyan et­məkdir. Burada hər sözün doğrusunu və hər işi olduğu kimi yazmağı gə­rəkli saydığım üçün, şübhəsiz ki, ata və böyük qardaşdan yaxşı və pis nə eşi­dilib görülmüşsə onları söylədim, qohumlardan və yadlardan da nə qüsur və ya mə­ziyyət görülmüşsə, onları yazdım. Oxuyan məzur görsün, eşidənlər də qı­na­masın.

Oradan qalxıb Mirzə xanın oturduğu çarbağa gələrək, vilayətlərə, ay­maq və qəbilələrə zəfərnamələr göndərdim. Ondan sonra da atıma minərək ərkə gəldim.
ÜSYANÇILARIN YAXALANMASI
Məhəmməd Hüseyn Mirzə qorxusundan qaçaraq xanımın sandıq ota­ğına gir­miş və yataq əşyaları arasında gizlənmişdi. Bu evləri axtamağı və Məhəmməd Hüseyn Mirzəni tutub gətirməyi kurqandakılardan Mirim Divan ilə digər bəzilərinə tapşırdım. Bunlar da xanımın qapısına gedib bir az qaba və tərbiyəsiz (201 b) sözlər söyləmişlər.

Axırda Məhəmməd Hüseyn Mirzəni xanımın sandıq otağında taparaq ərkə, mənim hüzuruma gətirdilər. Mən əvvəlki kimi hörmət göstərib yerim­dən qalxdım və o qədər də sərt qarşılamadım. Bu cür nifrət ediləcək və uta­nı­lacaq bir hərəkətə girişən, bu cür bir fitnə və fəsada qarışan Məhəmməd Hü­seyn Mirzəni parçalatdırsam yeriydi, dürlü-dürlü əzab və işkəncə ilə öl­dürülməyə dəyərdi. Lakin arada qohumluq olduğu və doğma xalam Xub Ni­gar xanımın uşaqları olduğu üçün bu qohumluq haqqını xatırlayaraq Mə­həm­məd Hüseyn Mirzəni sərbəst buraxdım, Xorasan tərəfinə getməsinə izin ver­dim.

Bu mürüvvətsiz və nankor adam canını bağışlayaraq etdiyim yaxşılığı tamamən unutmuş, Şeybani xanın yanında mənim haqqımda iftiralarda və şikayətlərdə bulun­muşdu. Qısa bir müddət sonra da şəxsən Şeybani xan onu öldürərək cəzasını verdi.

Tu bəd konəndən xudra bərgüzar sepor,

Ki, ruzigər tura çakər əst kinə güzar.

Sana pislik edəni qədərə tapşır,

Çünki o sənin intiqam alan nökərindir.

Mirzə xanın arxasından göndərilən Qasım Kuhbər və digər bir neçə igid Qarğabulaq təpələrində Mirzə xana çatırlar. Qaçıb qurtula bilmədiyi ki­mi, əlini qaldıracaq gücü və cürəti də yoxdu, ələ keçirib gətirdilər. (202 a)

Mən əski divanxananın şimal tərəfindəki eyvanda otururdum: «Gəl gö­rüşək» dedim. Təlaşındanmı-nədir, yükünərək gəlincəyə qədər iki dəfə yı­­xıl­dı. Gö­rüşdükdən sonra onu yanıma oturdaraq təsəlli etdim. Şərbət gətir­dilər. Mirzə xanın yersiz qorxusunu rəf etmək üçün şərbəti əvvəlcə özüm içdim, sonra da ona verdim.

Mirzə xanın tərəfini tutmuş olan sipahi və xalq, moğol və çağataylar qorxu və tərəddüd içərisində idilər. Tədbirli davranaraq, Mirzə xanın bir ne­çə gün öz böyük bacısının evində qalmasını əmr etdim. Bəhs etdiyim bu el və uluslar hələ qorxu və tərəddüd içində olduğu üçün Mirzə xanın Kabildə olmasını uyğun görməyərək bir neçə gün sonra Xorasan tərəfinə getməsinə izin verdim.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin