BABURUN QƏNDƏHARA GİRMƏSİ
Şah bəylə Müqim qaçdı və Qəndəhar qalasına girə bilmədilər. Şah bəy Şal və Məstunq tərəfinə, Müqim isə Zəmindavər tərəfinə getdi.
Kurqanı müdafiə etmək üçün adam da qoymamışdılar. Mənə qarşı sədaqət və bağlılıqları məlum olan Qulu bəy Arğunun qardaşlarından Əhməd Əli Tarxan və digər bəziləri kurqanda idilər. Müraciət edərək qardaşları üçün aman dilədilər. Söylədiyim bu adamlara inayət edilərək istəkləri qəbul edildi.
Kurqanın Maşur qapısını açdılar. Xalqın təhlükəsizliyini düşünərək digər qapılar açılmadı. Bu açıq qapı Şirim bəy ilə Yarək bəyə tapşırıldı. Mən də bir neçə içkiylə birlikdə içəri girdim və başsız xalqın üzərinə yürüyərək azğınlıq edənlərdən bir-iki adamın ibrət üçün öldürülməsini əmr etdim.
İlk öncə Müqimin dış kurqanda saxlanan xəzinəsinə getdim. Kurqanın ortasında daş bir ev vardı. Əbdürrəzzaq Mirzə məndən daha öncə oraya gəlib enmişdi. Əbdürrəzaq Mirzəyə xəzinədən bir qədər ehsan edib xəzinənin mühafizəsini Dost Nasir bəy, Qul Bəyazid Bəkavul və bəxşilərdən1 Məhəmməd Bəxşiyə tapşırdım.
Oradan ərkə getdim. [Buradakı] xəzinə mühafizliyinə Şah bəy, Xoca Məhəmməd Əli [Kitabdar], Şah Mahmud [Pərvanəçi] və bəxşilərdən Tağayi Şah Bəxşi təyin edildi.
Zünnunun divanı olan Mir xan adlı birinin evinə Mirim Nasir ilə Maqsud Suçu göndərildi və [bu ev] Nasir Mirzəyə verildi. Şeyx Əbu Səid Tarxanın evi isə Mirzə xana [Sultan Veys] (212 a) verildi.
O vilayətlərdə bu qədər çox ağ axça heç bir zaman görünməmişdi, hətta bu qədər axça görmüş olan adam haqqında da heç nə eşidilməmişdi. O gecəni ərkdə keçirdim. Şah bəyin Sünbül adlı qulunu tutub gətirdilər. Gərçi o zamanlarda onun yaxın bir dostu olduğu halda, o qədər də etibar görməmişdi. Keşiyini çəkmək üçün birinə tapşırdım, amma yaxşı yaxşı baxmadığı üçün əlindən qaçırmışdı.
Ertəsi gün ordugahın yerləşdiyi Fərruhzadın çarbağma getdim. Qəndəhar vilayətini Nasir Mirzəyə verdim. Xəzinələri zəbt edib yükləyərək şəhərdən çıxılanda Nasir Mirzə ərkdəki xəzinədən bir qatar dəvə yükü qədər ağ axça almışdı. Onu da geri istəməyərək Nasir Mirzəyə ehsan etdim.
Oradan qalxıb Quşxana çayırına endik. Ordugahı da oraya nəql etdirib özüm ətrafı gəzdikdən sonra bir az gec vaxtda ordugaha qayıtdım. Ordugah əvvəlkinə bənzəmirdi, tanınmayacaq şəkildə dəyişmişdi. Cins atlar, qatar- qatar nər və mayalar, qatırlar, qumaşlar, ata və heybəyə aid əşyalar, al qədifədən çadırlar və otaqlar, hər çadırda yığın-yığın sandıqlar vardı. Bu iki qardaşın qiymətli əşyaları ayrı-ayrı xəzinələrdə saxlanırmış. Hər xəzinədə sandıq-sandıq və top-top qumaşlar, yük-yük və küp-küp ağ axçalar, hər birinin otağında və çadırında hər cür qənimətdən ibarət fövqəladə çox əşya vardı. Qoyunlara isə heç əhəmiyyət verilmirdı. (212 b)
Qasım bəyə Qəlat içində olanları, başda Qoç Arğun və Tacəddin Mahmudunkular olmaq üzrə mal və əşyalarıyla birlikdə ehsan etdim. Qasım bəy hesab bilən bir adam olduğu üçün Qəndəhar civarında artıq qalmağımızı uyğun görmədi və bunu tez-tez xatırlatdı, onun məsləhətilə mən qoşunu oradan geri çəkdim. Söylədiyim kimi, Qəndəharı Nasir Mirzəyə bağışlayıb onun getməsinə izin verildikdən sonra, Kabilə hərəkət etdik.
Qəndəhar civarında xəzinəni bölüşdürməyə vaxt qalmadığı üçün Qarabağda dörd-beş gün qalıb xəzinəni bölüşdürdük. Pulları saymaq çətin idi, tərəziylə çəkilərək bölüşdürüldü. Bəylər və nökərlər yük-yük, küp-küp gümüş pulu miniklərinə yükləyərək daşıyırlardı. Bol qənimət və böyük bir şərəflə Kabilə gəldik.
Sultan Əhməd Mirzənin qızı Məsumə Sultan bəyimi Xorasandan gətirtmişdim. Bu dəfə Kabilə qayıdanda nikah qıydırdım.
ŞEYBANİ XANIN QƏNDƏHARI MÜHASİRƏ ETMƏSİ
Altı-yeddi gün sonra Nasir Mirzənin adamlarından biri Şeybani xanın Kəndəharı mühasirəyə alması xəbərini gətirdi. Müqimin Zəmindavər tərəfinə qaçdığından əvvəlcə bəhs etmişdim. Orada gedib Şeybani xanı görür, Şah bəy də durmadan Şeynaniyə elçilər göndərir. Bunların fitnəsi və təhriki ilə (213 a) Şeybani xan mənim Qəndəharda olduğumu zənn edərək, Heratdan dağ yoluyla Qəndəhar üzərinə sürətlə yürüyür. Təcrübəli bir adam olan Qasım bəy bunu düşünərək bizi təhsildarlarla Qəndəhardan köçürtmüşdü.
Hərçi dər ayinə cəvan binəd,
Pir dər xişt püxtə an binəd.
Gəncin aynada gördüyünü
İxtiyar bişmiş kərpicdə görür.
Şeybani xan gəlib Nasir Mirzəni Qəndəharda mühasirəyə alır. Bu xəbər gəlincə, bəyləri çağırtdıraraq məşvərət etdik. Ortaya bu fikirlər çıxdı: özbəklər və Şeybani xan kimi, yad bir xalq və qarı düşmən Teymur bəy oğullarının əlində olan bütün əyalətləri əllərinə keçirdilər. Bəzi guşə və diyarda qalan türklərin və çağatayların bəziləri istəyərək, bəziləri da zorla özbəklərə qoşuldu. Üstəlik, mən də Kabildə tək qalmışam. Düşmən fövqəladə qüvvətli, biz isə çox zəifik. Nə sülh bağlamaq ehtimalı, nə də müqavimət göstərmək imkanı var. Belə bir qüvvət və qüdrət qarşısında biz özümüzə bir yer axtarmağı düşünməliyik. Belə bir fürsət varkən, bu qüvvətli düşməndən daha uzaqlara getməliyik. Ya Bədəxşan, ya da Hindistan tərəfinə getməmiz lazımdır. İkisindən birinə qərar verməliyik.
Ətrafındakılarla birlikdə Qasım bəy ilə Şirim bəy Bədəxşana getmək fikrindəydi. O günlərdə Bədəxşanda bizə qarşı üsyan edən bədəxşanlılardan olan Mübarək Şah Vəzir, ondan başqa Cahangir Türkmən ilə Məhəmməd Qurçu vardı. Onlar Nasir Mirzəni qovmuşdular, lakin özbəklərə də (213 b) tabe olmamışdılar. Amma mən və bəzi içki bəylər Hindistan tərəfinə getməyi tərcih etdik və Ləmqana hərəkət etdik. Qəndəharın zəbtindən sonra Qəlat və Tərnük vilayətləri Əbdürrəzzaq Mirzəyə verilmiş və Əbdürrəzzaq Mirzəni Qəlatda qoymuşduq. Özbəklər Qəndəharı mühasirəyə alınca Əbdürrəzzaq Mirzə Qəlatda qala bilmədi və Qəlatı buraxaraq tam biz Kabildən ayrılarkən gəldi. Kabili Əbdürrəzzaq Mirzəyə tapşırdıq.
Bədəxşanda padşah və padşahzadələrdən heç kimsə yoxdu. [Bədəxşan şahı Şah Sultan Məhəmmədin qızı və Baburun ana tərəfindən babası olan Yunus xanın arvadı] Şah bəyimlə qohumluğu olduğu və ya onun icazəsini aldığı üçün Mirzə xan [Sultan Veys Mirzə] Bədəxşan tərəfinə getməyə meyl etdi. Axıda Mirzə xana ordudan ayrılıb Bədəxşan tərəfinə getməsi üçün izin verildi və Şah bəyim də Mirzə xanla birlikdə getdi.
Mənim xalam Mehrinigar xanım da Bədəxşana getmək istədi. Mənim yanımda olması daha münasib idi, öz qohumum idi. Nə qədər dilə tutsam da, fikrindən dönmədi və o da digərləri ilə birlikdə getdi.
HİNDİSTANA GETMƏK NİYYƏTİYLƏ KABİLDƏN ÇIXIŞ
Cəmadiyüləvvəl ayında (=1507 sentyabr-oktyabr) Hindistana getmək niyyətilə Kabildən hərəkət etdik. Hurd-Kabildən keçərək Surx-Ribat yoluyla Quru saya endik.
Kabil ilə Ləmqan arasındakı əfqanlar sülh zamanında belə oğru və quldur idilər. Belə bir hadisə onlar üçün göydəndüşmə oldu. «Kabili buraxıb Hindistana gedirəm» deyə bir yamanlıqları on oldu. Yaxşıları da yaman oldular. (214 a) İş o dərəcəyə çatdı ki, Çiydəlikdən keçdiyimiz sabah buralardakı Xızır-heyl, xırılçı və hugiyani əfqanları Çiydəlik keçidini tutmaq niyyətilə qüvvələrini nizamlayaraq şimal tərəfindəki dağa gəldilər, davullar çalıb qılınc oynadaraq bizə meydan oxumağa başladılar. Atlara minər-minməz, əsgərə dərhal dağlara yürüməyi əmr etdim. Hər qol olduğu yerdən hərəkətə keçdi. Əfqanlar bir an belə müdafiə olunmağa macal tapa bilmədilər, bir ox belə ata bilmədilər və qaçıb getdilər.
Əfqanları qovalayaraq dağa çıxdım. Bir əfqan məndən bir az aşağıda, kənardan qaçırdu. Qoluna ox atdım. Bu ox isabət edən əfqanı və digər bir neçə əfqanı ələ keçirib gətirdilər. İbrət üçün bəziləri qazığa oturduldu.
Nigənxar tümənində Adinapur kurqanının qarşısında düşərgə qurduq. Əvvəllər gələcəyi heç düşünməyərək yurd fikri üzərində durmurduq. Nə getmək üçün qərar verilmiş bir yer, nə də durmaq üçün müəyyən bir yurd vardı, ətrafdan bir xəbər gəlincə, dərhal köç edirdik.
Payızın sonları idi. Ovalardan düyü əksərən yığılmışdı. Civarı tanıyanlar Əlişəng tüməninin çayın yuxarı tərəfində [Mil kafirlərinin] çox düyü əkdiklərini və əsgərin qış ərzağını oradan təmin etmə imkanı olduğunu bildirdilər. Nigənxar vadisindən qalxıb sürətlə irəliləyərək Sayqildən keçib Pür-Emin dərəsinə (214 b) qədər getdik. Əsgər çox düyü əldə etdi. Düyü tarlaları dağın ətəyində idi. Əhalisi qaçıb dağlara çıxdı. Bir neçə kafir öldürüldü.
Pür-Emin dərəsinin çıxıntısından bir neçə igidi keşikçi olaraq qoymuşduq. Onlar qayıdanda kafirlər sürətlə dağ üstünə gəlib ox atmağa başladılar. Qasım bəyin kürəkəni Purana yetişib baltayla yaralayaraq ələ keçirdikləri anda igidlər geri dönüb onları qaçıraraq Puranı qurtardılar. Kafirlərin düyü tarlasında bir gecə qalıb çoxlu ərzaq alaraq ordugaha gəldik.
Bu Məndravər tüməni civarında olduğumuz günlərdə Müqimin indi Şah Həsənlə nikahda olan Mah-Çüçük adlı qızı Qasım Göyəldaşa nikahlandı. Hindistan tərəfinə yürümək hələ qeyri-müəyyən olduğu üçün Molla Baba Pəşağari bir neçə igidlə birlikdə Kabilə göndərdik. Məndravər civarından qalxıb Ətər və Şivəyə gəldik. Bir neçə gün o civarda oturduq. Ətərdən Künərə və Nurgilə gəlib seyr etdim. Künərdən sala minib ordugaha gəldim. Daha əvvəl heç sala minməmişdim. Çox xoşuma gəldi. O gündən etibaren saldan istifadə etməyə başladıq.
ŞEYBANİ XANIN QƏHDƏHARDAN ÇƏKİLMƏSİ
O günlərdə Molla Mirək Fərkəti Nasir Mirzənin yanından gəlib Şeybani xanın Qəndəharın dış kurqanını zəbt edərək ərkini ala bilmədən geri çəkildiyini və Şeybani xan çəkildikdən sonra Nasir Mirzənin da bəzi səbəblərdən dolayı Qəndəharı buraxıb (215 a) Qəznəyə getdiyini xəbər verərək bu xüsusda bəzi açıqlamalarda bulundu.
Bir neçə gün sonra Şeybani xan Qəndəhara basqın edir və içəridəkilər də gücləndirə bilmədikləri üçün dış kurqanı tutur. Şeybani xanın adamları ərkin ətrafında bir neçə yerdə dəlik [tünel] açır və bir neçə dəfə də hücum edirlər. Şəhər bu vəziyyətdə çarəsiz ikən irəli səfdə olanlardan Xoca Məhəmməd Emin, Xoca Dost Xavənd, Məhəmməd Əli Piyadə və Şami kurqanı buraxıb qaçırlar. Kurqan xalqı da ümidsizliyə qapılıb kurqanı təslim etməyə hazırlaşdığı vaxt Şeybani xan sülh danışıqlarına başlayıb Qəndəhardan gedir. Getməsinin səbəbi bu imiş: Qəndəhar üzərinə yürüyəndə ailəsini Nirehtuya göndərmiş, Nirehtuda bir adam ona qarşı üsyan edib kurqanı ələ keçirmişdi. Bu üzdən də barışa bənzər bir şey bağlayıb geri qayıdır.
Qış ortası olmasına baxmayaraq bir neçə gün sonra Badic yoluyla Kabilə çatdıq. Badicin üst tərəfində bir daşa buradan gəlib keçməyimizin tarixinin qazılmasını əmr etdim. Hafiz Mirək yazdı və ustad Şah Məhəmməd də daşı oydu, amma tələsik olduğu üçün yaxşı oya bilmədi.
Qəznəni Nasir Mirzəyə ehsan etdim. Əbdürrəzzaq Mirzəyə də Nigənxar tüməni, Məndravər, Dəreyi-Nur, Künər və Nurgili verdim.
Bugünə qədər Teymur bəyin övladlarına səltənətə baxmayaraq Mirzə deyirdilər. Bu dəfə mənə padşah demələrini əmr etdim.
BABURUN İLK OĞLU HÜMAYUNUN DOĞULMASI
Bu ilnin sonlarında çərşənbə axşamı gecəsi zülqədə ayının (215 b) dördündə, günəş hut bürcündə ikən [=6 mart 1508] Kabil ərkində Hümayun dünyaya gəldi. Doğum tarixini şair Mövlana Seydi şair «Sultan Hümayun xan» şəklində, Kabilin kiçık şairlərindən biri isə «Şahi-firuz qədr» şəklində təsbit etdilər1. Üç-dörd gün sonra Hümayun adı verildi. Hümayun doğulduqdan sonra çarbağa çıxaraq doğum toyu keçirdik. Bəylər və əmirlər, böyüklər və kiçıklər toy hədiyyələri gətirdilər. Çoxlu ağ axça yığıldı. Bundan əvvəl bu qədər çox ağ axça bir yerdə görünməmişdir. Çox gözəl bir toy oldu.
KABİL - 914
DOQQUZ YÜZ ON DÖRDÜNCÜ İLİN HADİSƏLƏRİ
Bu yaz Mukur civarında yaşayan məhmənd əfqanlarının bir qisminin üzərinə axın edildi.
MOĞOL İSYANI
Axından döndükdən bir neçə gün sonra Qoç bəy, Fəqir Əli, Kərimdad və Baba Çöhrə qaçmağa təşəbbüs etdilər. Amma bundan xəbər tutaraq dallarınca adam göndərildi və İstərğaçın aşağısında yaxalanıb gətirildilər. Cahangir Mirzə sağ ikən bunların söylədiyi bəzi fəna sözləri mənə bildirmişdi.
Hamısının bazarda edam edilməsini əmr etdim. Bazarın qapısına gətirib ip çəkərək tam asmağa hazırlaşdıqları əsnada Qasım bəy Xəlifəni [Nizaməddin Əli Barlas] yanıma göndərərək günahlarının əfv edilməsini israrla dilədi. Bəyin xatiri üçün qanlarını bağışlayıb həbsə atılmalarını əmr etdim.
Bu əsnada Xosrov şahın Hisarlı və Qunduzlu (216 a) nökərlərindən və moğolların böyüklərindən olan Çəlmə, Əli Seyid, Şəmkə, Şirqulu, İgü Salim, Xosrov şahın çağataylılar arasında etibar etdiyi nökərlərindən Sultan Əli Çöhrə ilə Xudabəxş, türkmənlərdənsə Süyündük və Şahnəzərin komandanlığında olan iki-üç min yaxşı igid öz aralarında gizlicə danışıb anlaşaraq mənə qarşı pislik etməyi qərara almışlar.
Bəhs etdiyim bu adamlar Xoca-Rivac önündə, Sonq-Kurqan çayırından Çalaq çayırına qədər olan yerlərdə otururdular. Əbdürrəzzaq Mirzə də Nigənxardan gəlib Dih-Əfqanda oturmuşdu. Mühib Əli Qurçu bir-iki dəfə bunların bu niyyətlə toplaşdıqlarını Xəlifə ilə Molla Babaya söyləyir. Bu işi mənə də eyhamla bildirdilər. Amma inanılacaq bir söz olmadığı üçün diqqət etmədim.
Bir gecə çarbağda divanxanada otururdum, yatsı vaxtında bir tərəfdən Musa Xoca yanında bir adamla birlikdə tələsik yenidən gəlib moğolların mütləq düşmən olmaq niyyətində olduqlarını qulağıma söylədi. Əbdürrəzzaq Mirzəni də özlərinə qatıb-qata bilmədiklərini dəqiq olaraq öyrənə bilmədik. Ayrıca, onların məhz bu gecə bir hərəkətə keçəcəkləri bəlli deyildi.
Özümü bilməzliyə vurub qısa bir müddət sonra hərəmə doğru getdim. O günlərdə qadınlar Baği-Xəlvət ilə Baği-Yurunçqada otururdular. Hərəmə yaxınlaşanda kişi və qadın xidmətçilər yerlərinə çəkildilər. Onlar çəkildikdən (216 b) sonra mən də sərvərqulla birlikdə şəhərə doğru hərəkət etdim.
Xəndək yoluyla Ahənin darvazasına varar-varmaz qarşı tərəfdən bazar yolundan Xoca Məhəmməd Əli [Tağayi] gəldi. Mən onunla hamamın...1
KABİL - 925 (3 YANVAR 1519 - 23 DEKABR 1519)
DOQQUZ YÜZ İYİRMİ BEŞİNCİ İLİN HADİSƏLƏRİ
Məhərrəm ayının ilk bazar ertəsi günü [=3 yanvar 1519] Çendavəl vadisinin aşağı qismində şiddətli zəlzələ oldu və ulduz vaxtilə yarım saata qədər davam etdi.
BƏCUR KURQANININ ALINMASI
Ertəsi sabah oradan qalxıb Bəcur kurqanını ələ keçirmək üçün kurqanın yaxınına endik. Bəcur sultanına və əhalisinə qalanı təslim etmələri üçün nəsihətlərdə bulunması niyyətilə diləzaq əfqanlarından mötəbər bir adamı göndərdik. Amma bu bədbəxtlər və cahillər nəsihəti qəbul etməyərək mənasız cavablar verdilər.
Əsgərə qalxan, nərdivan və kurqanı tutmaq üçün lazım olan digər hazırlıq görməsi əmr edildi. Bu iş üçün bir gün bu yurdda qaldıq.
Məhərrəm ayının dördündə, cümə axşamı günü [=6 yanvar] əsgərin zirehlər geyib silahlanaraq ata minməsi, ordunun sol qolunun irəliləyərək Bəcur kurqanının yuxarı tərəfində suyun dayaz yerindən keçib kurqanın şimal tərəfinə enməsi, mərkəzin (217 a) kurqanın şimal-qərbinə gedib çayı keçmədən, çətin keçilən bir yüksəkliyə və təpəli bir yerə enməsi, sağ qolun isə aşağıdakı qapının qərbinə enməsi əmr edildi.
Dost [Nasir] bəyin komandanlığında olan sol qol bəyləri suyu keçib enəndə kurqandan yüz-yüz əlliyə qədər piyada çıxıb ox atmağa başladı. Bu bəylər də onların üstünə cüməraq ox atıb onları divarın dibinə qədər təqib edərək kurqana girməyə məcbur etdilər. Molla Əbdülməlik Həsti adamları ilə birlikdə divarın dibinə qədər yürümüşdü. Əgər nərdivanlar və qalxanlar hazır olsaydı və axşam düşməsəydi, kurqan o saat zəbt edilərdi. Molla Türk Əli və Tanrıverdinin nökərləri isə düşmənlə qılıncla vuruşaraq onları məğlub edib başlarını kəsib gətirdilər. Hər birinə mükafat vəd edildi.
Bəcur əhalisi heç tüfəng görmədiyi üçün onun səsindən qorxmur, əksinə, tüfəng səsini eşidincə istehza ilə aşağılayıcı hərəkətlər edirdilər. O gün ustad Əliqulu beş adamı tüfənglə vurub yerə sərdi. Vəli Xəzinə[çi] isə iki adamı tüfənglə vurub yıxdı. Digər tüfəngçilər də böyük ustalıq göstərib yaxşı tüfəng atdılar. Qalxan, zireh və dəri paltarları dələrək vurduqları bir neçə adamı yerə sərdilər. Axşama qədər bəlkə yeddi-səkkiz və ya ona qədər bəcurlu tüfəng gülləsi ilə (217 b) yerə sərilmişdi. Sonra tüfəngdən qorxaraq başlarını qaldıra bilmədilər.
«Axşam olmuşdur, əsgərlər lazım olan vasitələri hazırlayıb səhər vaxtında kurqana dırmansınlar» deyə əmr verdim.
Məhərrəm ayının beşində, cümə günü [=7 yanvar] fərz vaxtında savaş davulları çalaraq hər kəsin olduğu yerdən yürüyüb kurqana dırmanmaları əmr edildi. Sol qol ilə mərkəz olduğu yerlərdən hərəkətə keçib qalxanlarla qorunaraq nərdivanlarla divara dırmandılar. Xəlifə, Şah Həsən Arğun və Əhməd Yusif komandanlığında olan mərkəzin sol qanadına əmr edildi ki, sol qola kömək etsin.
Dost bəyin adamları da kurqanın şimal-şərq tərəfindəki bürcün dibinə qədər gedərək orada tünel qazmaq və bürcü yıxmaqla uğraşdı. Ustad Əliqulu da oradaydı. O gün də yaxşı tüfəng atdı, iki dəfə də frəngi [mancanaq] atdı. Vəli Xəzinə[çi] də bir adamı tüfənglə vurdu.
Mərkəzin sol qolundan Məlik Əli Qütbi nərdivanla daha əvvəl çıxıb bir müddətdən bəri [təkbaşına] vuruşurdu. Mərkəzin olduğu yerdən Məhəmməd Əli Cəng-Cəng və kiçık qardaşı Novruz da hər biri bir nərdivana çıxıb nizə və qılıncla vuruşurdular. Bir nərdivana da Baba Yasavul çıxıb balta ilə kurqanın divarını yıxmaq və dağıtmaqla uğraşırdı.
Bir çox igidlər orada yaxşı hərəkət edib çox ox (218 a) yağdıraraq düşmənin başını qaldırmasına imkan vermirdi. Bəzi igidlər isə düşmənin zərbələrinə aldırmadan, ox və yayına baxmadan kurqanı dəlmək və dağıtmaqla məşğul idi.
Günəş çeşdə qalxmışdı, Dost bəyin adamlarının qazmaqda olduqları şimal-şərq bürcü dəlindi və onun adamları düşməni qaçırdıb bürc üstünə çıxdılar. O anda mərkəz adamları da nərdivanlardan qalaya çıxdılar. Tanrı təalanın lütfü və inayətiylə bu qədər qapalı və qorunaqlı bir kurqan iki-üç ulduz saatı ərzində zəbt edildi. İgidlər əllərində olan bütün qeyrət və diqqətii göstərdilər; qəhrəmanlıq şərəfi və yaxşı ad qazandılar.
Bəcur xalqı dinsiz idi və ifrat düşmənçilikdən başqa, bu xalq arasında kafirlərin adətlərinin yayıldığı və islam adətləri də o sürü arasında yox olduğu üçün qırğına yol verildi, qadın və uşaqlarının hamısı əsir edildi. Kurqanın şərq tərəfində savaş olmadığı üçün xeyli adam qaçıb qurtuldu. Təxminən üç mindən artıq adam öldürüldü.
Kurqan zəbt edildikdən sonra girib kurqanı dolaşdıq. Divarların üstündə, evlərdə, küçələrdə və civarda saysız ölü yatırdı. Gəlib keçənlər ölülərin üstü ilə yeriyirdi. Gəzintini bitirdikdən sonra dönüb sultanlarının (218 b) evinə endik. Bəcur vilayətini Xoca Kəlana ehsan etdik. Ona köməkçi olaraq bir çox yaxşı igidlər təyin etdikdən sonra axşam vaxtı ordugaha gəldik.
Ertəsi sabaha qalxıb Bəcur vadisindəki Baba-Qara çeşməsinə endik. Xoca Kəlanın şəfaətilə geri qalan bir neçə əsirin günahlarını bağışlayaraq qadın və uşaqlarını qaytarıb getmələrinə izin verdik. Yaxalanan bəzi sultanlar və sərkəşlər isə edam edildi. Sultanlarının başı və digər bir neçə baş bu zəfər xəbərilə birlikdə Kabilə göndərildi. Bədəxşan, Qunduz və Bəlxə zəfərnamələrlə birlikdə başlar da göndərildi.
Yusif-Zeyidən gəlmiş olan Şah Mansur Yusif-Zeyi bu zəfər və qırğında bizimlə birlikdə idi. Ona xələt geydirilib siyasət fərmanları yazılaraq getməsinə izin verildi.
Bəcura aid işləri həll etdikdən sonra çərşənbə axşamı günü, məhərrəm ayının doqquzunda [=11 yanvar] qalxıb bir küruh daha aşağıda həmin Bəcur vadisinə enilərək yüksək bir yerdə kəsilən başlardan bir minarə qurulması əmr edildi.
Çərşənbə günü məhərrəm ayının onunda dolaşmaq üçün atlara minib Bəcur qalasına getdik. Xoca Kəlanın evində içki məclisi quruldu. Bəcur civarındakı kafirlər bir neçə tuluq içində şərab gətirdilər.
Bəcurun şərab və meyvəsi bütünlüklə civardakı Kafiristandan gəlir. (219 a) Gecəni orada keçirib sabah tezdən kurqanın bürc və divarlarını tədqiq edərək təkrar ordugaha gəldim.
Ertəsi sabah qalxıb Xoca-Xızır çayının sahilinə, oradan da Çendavəl çayının sahilinə endik. Bəcur kurqanına kömək üçün təyin olunanların oraya getmələrinə izin verdikdən bir-iki gün sonra bu şeir ağlıma gəldi, onu yazıb Xoca Kəlana göndərdim:
Qərarü əhd be yar inçenin nəbud məra,
Gəzid heç ru məra kərd biqərar axir.
Be işvəhai-zəmanə çe çarə sazəd kəs
Bəcur kərd cüda yarra zi yar axir.
Yarla əhd və qərarımız belə deyildi,
Axırda hicran məni biqərar etdi.
Zəmanənin işvələrinə qarşı nə çarə var ki,
Axırda Bacur yarı yardan ayırdı.
Məhərrəm ayının on yeddisində, çərşənbə axşamı [=19 yanvar] Sultan Veys Səvadinin müxalifi Sultan Əlaəddin Səvadi gəlib sədaqətini bildirdi.
Cümə axşamı günü Bəcur ilə Çendavəl arasındakı dağda ov etdik. Bu dağın geyiyi qapqaradır, amma quyruğu başqa bir rəngdədir, deyəsən, buradan aşağıdakı Hindistanın geyiyi bütün qapqaradır. O gün sarı bir quş ələ keçdi, o da qaraydı, gözləri də qaraydı. Yenə o gün qartal bir geyik yaxaladı.
Əsgərin azuqəsi azalmışdı. Kəhrac dərəsinə (219 b) gedib azuqə aldıqdan sonra Sevada, Yusif-zeyi əfqanlarına hücum çəkmək niyyətilə cümə günü oradan atlanaraq Çendavəl ilə Bəcur çayının birləşdiyi yerdə Pənc-Kürə çayının aralığına endik.
Şah Mansur Yusif-zeyi bir qədər ləzzətli və kefləndirici kəmali1 gətirmişdi. Bir kəmalini üçə bölüb bir parçasını mən yedim, birini Gədayi Tağayi, birini də Abdullah Kitabdar yedi. Çox sərxoş etdi. O dərəcədə ki, axşam vaxtında bəylər toplanan zaman görüşməyə çıxa bilmədim. Qəribə bir şey idi. İndi o cür kəmalidən birini bütün yesən belə o günkünün yarısı qədər sərxoşluq yaratmır.
Oradan qalxıb Kəhrac dərəsi ilə Pişqram dərəsinin ağzına yaxın bir yerə, Pənc-Kürənin önünə endik. Bu yurdda ikən topuğa qədər qar yağdı. Buralarda qar nadir yağırmış, əhali heyrət elədi.
Sultan Veys Səvadinin də razılığı ilə əsgərin ehtiyacı üçün Kəhrac əhalisinə dörd min eşşək yükü azuqə vergisi qoyuldu və bu azuqənin yığımı üçün Sultan Veys göndərildi. Qaba dağ əhalisi heç bir zaman belə vergi verməmiş olduğu üçün azuqəni verə bilməyərək sıxıntıya düşdü.
Məhərrəm ayının iyirmi üçündə çərşənbə axşamı günü [=25 yanvar] Hindu bəyin komandanlığında əsgərlər Penc-Kurəyə axına göndərildi. (220 a) Pənc-Kürə dağın ortasından bir az daha yuxarıda yerləşi. Pənc-Kürə kəndlərinə gedə bilmək üçün bir küruha yaxın yamac dırmanmaq lazımdı. Əhalisi qaçıb getmişdi. Bir qədər davar, öküz və xeyli azuqə gətirdilər.
Ertəsi sabah əsgər bu dəfə Qoç Bəyin komandanlığında təkrar axına göndərildi. Ayın iyirmi beşində, cümə axşamı günü [=27 yanvar] əsgərə azuqə təmin etmək üçün Kəhrac dərəsinin içinə, Mandiş kəndlərinə endik.
Hümayundan sonra onunla doğma qardaş bir neçə oğlan dünyaya gəlmiş, lakin heç biri yaşamamışdı. Hindal isə hələ doğulmamışdı. Mandiş civarlarında olduğumuz günlərdə [Baburun arvadı və Hümayunun anası] Mahım [bəyimdən] bir məktub gəldi. Məktubunda «Mənə bəxtim və taleyim nə isə, istər oğlan, istər qız olsun, bir uşaq verin. Mən onu özümə övlad edib böyüdüm» deyə yazmışdı.
Bazar günü ayın iyirmi altısında biz hələ yurdda ikən Hindalı Mahıma verib məktublarla birlikdə Yusif Əli Riqabdar Kabilə göndərildi. Hindal hələ doğulmamışdı.
Bu sözün təfsilatı belədir: onun doğma bacı-qardaşlarından o zamana qədər ondan kiçık və digərlərinin hamısından böyük bir qardaşı və üç bacısı vardı. Mehricandan başqa hamısı kiçıkkən öldülər. Bir doğma qardaşının olmasını çox istəyirdi.
O günlərdə [Baburun digər arvadı] Dildar ağaçə hamilə idi. Mən də «Onun bir qardaşı olsaydı, yaxşı olardı» dedim. Validə həzrətləri də «Dildar ağaçə bir oğlan doğsa və onu alıb böyütsəm, necə olar?» dedi. Mən də «Çox yaxşı olar» dedim.
Qadınlar arasında oğlanmı, yoxsa qızmı olacaq deyə fala baxmaq adəti vardır. İki kağızdan birinə Əli və ya Həsən, digərinə də Fatma yazıb bu iki kağızı çamurla yoğurub bir tas suyun içinə qoyurlar. Hansı əvvəl açılırsa, ona görə hökm edirlər. Oğlan çıxsa oğlan, qız çıxsa qız olacaq deyirlər. Fala baxdılar və oğlan çıxdı. Müjdə olduğu üçün dərhal bir məktub yazıb göndərdik. Bir neçə gün sonra Allah bir oğlan əta elədi.
Məktubu almazdan üç gün əvvəl uşaq dünyaya gələr-gəlməz onu zorla anasının yanından alaraq evimizə gətirib saxlamışlar. Doğum xəbərini göndərdilər. Bu xəbər Bxirə alındığında gəldi və bunu uğur saydıq. Adını Hindal qoydular. Bu şəkildə o mənim həm kiçık qardaşım, həm də oğlum olur1.
Bu yurdda olanda Mandiş vilayətində dərənin ortasında, bir yüksək yerin üstündə daşlardan böyük bir taxt tikildi. Oraya ağ çadır və səfər çadırı birlikdə sığdı. Bu taxtın daşlarının hamısını içkilər və sipahilər daşımışdı.
Yusif-zeyi əfqanlarmdan Məlik Şah Süleymanın oğlu Məlik Şah Mansur gələrək öz sədaqətini (220 b) göstərdi. Yusif-zeyi ulusunun xeyri üçün onun qızını istədim. Biz o yurdda ikən Şah Mansurun qızıyla birlikdə Yusif-zeyinin cehizinin də gəldiyini xəbər verdilər. Axşam üstü şərab məclisi quruldu. Məclisə Sultan Əlaəddin də dəvət edilərək xas xələt əta edildi.
Bazar günü, ayın iyirmi səkkizində [=30 yanvar] qalxıb Kəhrac dərəsindən çıxıb endik. Şah Mansurun kiçık qardaşı Tavus xan qardaşı qızını biz o yurdda ikən gətirdi.
Bisut xalqının Bəcur kurqanındakılarla əlaqələri olduğu üçün onları köçürdüb Bəcur kurqanına gətirməsi üçün Yusif Əli Bəkavul oraya göndərildi. Kabildə qalan əsgərlərə də gəlmələri üçün fərmanlar göndərildi.
Səfər ayının üçündə, cümə günü [=4 fevral] Pənc-Kürə çayı ilə Bəcur çayının birləşdiyi yerə endik. Ayın beşində, bazar günü [=6 fevral] Bəcura gedib Xoca Kəlanın evində içki məclisi qurduq.
Ayın yeddisində, çərşənbə axşamı günü [=8 fevral] bəyləri və diləzaq əfqanlarmm böyüklərini çağırıb danışaraq buna qərar verildi: ilnin sonu gəlmiş və günəşin hut bürcünə girməsinə bir-iki gün qalmışdır, ovalardakı məhsul da tamamən yığılmışdı. Bu zamanda Səvada getsək, əsgər azuqə tapa bilməyəcək və korluq çəkəcəkdir. (221 a) Ona görə Enbaher və Pani-Yali yoluyla yürüyərək Heşnəgarin yuxarı tərəfindən Səvad çayını keçib Yusif-zeyiyə aid Səngür-Mahura qarşısındakı ovada yaşayan Yusuf-zeyi və Məhəmməd-zeyi əfqanlarına axın etmək lazımdır. Gələcək il bir az daha erkəndən, əkin zamanında gəlib bu əfqanların işini kökündən həll etmək lazımdır.
Buna qərar verib ertəsi çərşənbə axşamı günü Sultan Veys ilə Sultan Əlaəddinə atlar və xələtlər əta edib vədlərdə bulunub getmələrinə izin verdik və biz də oradan qalxıb Bəcur qarşısına endik. Şah Mansurun qızını səfərdən dönüncəyə qədər Bəcur kurqanında qoydum.
Ertəsi gün atlanaraq Xoca-Xızırı keçib endik. Xoca Kəlana burada ayrılması üçün izin verildi. Saray müxəlləfatı, artıq əsgər ləvazımı və ağır yüklər Künər yoluyla Ləmqana göndərildi.Ertəsi sabah qalxıb ağır yükü və dəvələri Xoca Mir Miranin idarəsinə verib Curğatu və Darvaza yoluyla Qaraquba keçidinə göndərdikdən sonra, biz də xəfif atlarla hızla irəliləyərək Enbaher keçidini aşıb ikindi vaxtından bir az əvvəl Pani-Yaliyə endik.
Uğanverdi bir neçə adamla birlikdə dil tutmaq üçün irəliyə göndərildi. Əfqanlarla aramız yaxın olduğu üçün erkəndən hərəkət etmədik. Uğanverdi çeşt vaxtında gəldi. Bir əfqanı yaxalayıb başını kəsmiş, (221 b) gələrkən də başı yolda salmışdı. Arzu edilən dəqiq xəbəri gətirmədi.
Günorta üstü qalxıb Səvad çayı keçdik və ikindidən bir az əvvəl endik. Axşam üstü hərəkətə keçib sürətlə yürüdük. Günəş bir nizə boyu yüksələndə önçü olaraq göndərilmiş olan Rüstəm Türkmən əfqanların xəbərdar olub hərəkətə keçdiyi və xeyli əfqanın dağ yoluyla getdiyi xəbərini gətirdi. Bunu eşidincə daha da sürətli irəliləyərək axınçıları irəli göndərdik. Gedib bir çox əfqanı öldürüb başlarını kəsərək xeyli əsirlə birlikdə öküz və davar gətirdilər. Diləzaq əfqanları da bir neçə baş kəsib gətirdilər. Oradan qayıdaraq Katləng civarına endik. Saray müxəlləfatını sövq etməkdə olan Xoca Mir Miranın yanına qılavuz göndərib Məqamda bizə qoşulmas tapşırıldı.
Ertəsi sabah qalxıb Katləng ilə Məqam arasına endik. Şah Mansurun adamı gəldi. Xosrov Göyəldaş ilə Əhmədi Pərvançı xeyli adamla birlikdə müxəlləfatı qarşılamağa göndərildi və ayın on dördündə, çərşənbə axşamı günü [=15 fevral] Məqama enəndə gəlib bizə qoşuldular.
Burada otuz-qırx il əvvəl Şahbaz Qələndər adlı bir bidətçi çıxmış və Yusif-zeyilərin və diləzaqların bir qisminı dindən çıxarmışdı. Məqam dağının önündə alçaq bir təpə (222 a) var. Oradan bütün ovalar görünür. Şahbaz Qələndərin qəbri orada idi. Ətrafı gəzərkən oraya gəldim, incələdim. «Belə havalı bir yerdə bidətçinin qəbri nə gəzir» deyə düşündüm. Əmr etdim, oranı dümdüz etdilər. Çox gözəl və havalı bir yer olduğu üçün orada bir az məcun yeyərək bir müddət oturduq.
Dostları ilə paylaş: |