BABUR ƏTRAFDA BİR GƏZİNTİYƏ ÇIXIR
Bunların ayrılıb getmələrinə izin verdikdən sonra Baran, Çaşdubə və Gülbahar ətəyi civarına gəzməyə getdik. Baharda Baran yaylası, Çaşdubə çölü və Gülbahar ətəyi çox gözəl olur. Yaşıllığı Kabil vilayətinin digər yerlərinə görə daha yaxşıdır.
Çeşid-çeşid lalələr açır. Bir dəfə çevrədəki lalə çeşidini saymalarını əmr etdim, otuz dörd çeşid lalə çıxdı.
Bu yerlərin təsvirində bir beyt söyləmişdim:
Səbzeyü güllər bilə cənnət olar Kabil bahar,
Xassə bu mövsümdə Varan yazısıyü Gülbahar.
Gəzməyə gəldiyimiz zaman da bu qəzəli yazdım:
Mənim könlüm ki gülün qönçəsi tək (202 b) təhbətəh1 qandır,
Əgər yüz min bahar olsa, açılmağı naimkandır.
Gerçəkdən də bahar zamanı gəzmək, quş uçurmaq və quş ovlamaq üçün -Kabil və Qəznə vilayətinin tərifində qısaca söylənib yazıldığı kimi- buralar qədər yaxşı yer az tapılar.
NASİR MİRZƏNİN BƏDƏXŞANDAN
SÜRÜLÜB ÇIXARILMASI
Bu il [Baburun ən kiçık qardaşı] Nasir Mirzə və adamlarının davranışları və hərəkətləri üzündən Bədəxşan bəylərindən Məhəmməd Qurçu, Mübarək şah, Zübeyr və Cahangir bəylər özlərini təhqir olunmuş hiss etdilər, hətta ona düşmən oldular. Hamısı birləşib əsgər sövq edərək, Kökçə çayının Yəftəl və Raq tərəfindəki ovasında atlıları və yayaları toplayıb nizamlayaraq, təpələrin üzərindən Hamçanın yaxınlarına gəldilər.
Nasir Mirzə və yanındakı təcrübəsiz igidlərsə yaxşı düşünüb araşdırmadan bunlarla müharibə etmək üçün təpələrə gəlib vuruşurlar. Bu əngəbəli ərazidə izdihamlı piyadaların üstünə bir-iki dəfə atla hücum etsələr də, bərikilər qaçmayıb onları geri oturdur və lap axırda bunlar da heç bir şey edə bilmədən qaçırlar. Bədəxşanlılar Nasir Mirzəni məğlub edib ona bağlı olanların və yanındakı hər kəsin mallarını yağmalayırlar.
Nasir Mirzə də yanındakılarla birlikdə yenilmiş və yağmalanmış bir halda İşkəmiş və Narin üzərindən Kilagahiyə gəldi. Qızıl-Su sahilindən yuxarıya doğru yürümək surətiylə Ab-Dərə yoluna girərək Şibertu keçidini aşdı və yağmalanıb soyulmuş, ac və çılpaq yetmiş-səksən adamı ilə birlikdə Kabilə gəldi.
Allahın qəribə qüdrətidir ki, bundan iki-üç il əvvəl Nasir Mirzə bütün el və ulusunu köçürdüb sürərək düşmən vəziyyətində Kabildən çıxıb (203 a) Bədəxşana gedərək, dərə və kurqanlarını qapatmaq surətilə bəzi məqsədlər güdmüşdü. Amma indi əvvəlcə etdikləri üzündən başı əyik və xəcil, o şəkildə ayrıldığı üçün peşman və mütəəssirdi. Mən də heç bir surətdə sərt davranmadım və mehribanlıqla hal-əhval tutaraq onu sıxıntıdan qurtardım.
KABİL - 913 (13 MAY 1507 - 2 MAY 1508)
DOQQUZ YÜZ ON ÜÇÜNCÜ İLİN HADİSƏLƏRİ
GİLCİLƏRİN ÜSTÜNƏ AXIN
[Əfqan əşirətlərindən] gilcilərə axın etmək məqsədilə Kabildən atlandıq. Sərdihə enəndə oradan bir ağac məsafədə olan Məst və Sihkanədə çoxlu məhmənədin [başqa bir əfqan qəbiləsi] bizdən xəbərsiz şəkildə oturduqları xəbəri gəldi. Bütün bəylər və igidlər məhmənədlərə axın edilməsinə tərəfdar idı. Amma mən dedim: «Heç rəvadırmı ki, başqa məqsədlə atlandığımız halda öz rəiyyətimizə axın edib geri qayıdaq. Bu, mümkün deyil».
Sərdihədən hərəkət edib Kəttəvaz ovasını gecənin qaranlığında keçdik. Gecə qapqaranlıq, yer də dümdüzdü, nə dağ nə təpə görünür, nə yol, nə də iz bəlli olurdu. Heç kim qılavuzluq edə bilmədi. Axırda mən qılavuzluq elədim. Bir-iki dəfə bu civara gəlmişdim. O zamandan xatırladıqlarımı yada salaraq qütb ulduzunu sağ tərəfimə alıb hərəkət etdim. Allah rast gətirdi və birbaşa Xoca İsmayıl dağlarına, gilcilərin oturduğu Qayaqtu və Ulabatu çayının yanına gəldik. Bu çaydan bir yol çıxırdı. O çaya enib özümüz bir qədər yatdıq, atlar isə (203 b) dincəldi, sonra dan ağararkən yenidən atlandıq.
Günəş çıxmışdı. Bu təpə və dərələrdən ovaya çıxanda gilcilərin qaraltısı və ya tüstüsü göründü. Ya məğrurluqdan, ya da gənclik atəşiylə əsgərin hamısı axına qoyuldu. Bir-iki küruh axın edib adamları və atları oxla vuraraq sürdülər. «Belə dördnala axın edən beş-altı min əsgərin dayandırılması çox çətin olacaq» deyə düşündüm. Allah rast gətirdi, əsgər yatışdı.
Bir şeriyə yaxın irəlilədikdən sonra əfqanlarm qaraltısını görərək təkrar axın etdik. Bu axında çox qoyun ələ keçirildi. Heç bir axında bu qədər çox qoyun ələ keçirilməmişdi. Malı toplayıb bir yerə endikdən sonra əfqanlar hər tərəfdən bölük-bölük gələrək ovaya enib bizi savaşa təhrik etdilər. Bəzi bəy və içkilər o bölüklərdən birinin üstünə yürüyərək hamısını ələ keçirib öldürdülər. Nasir Mirzə də digər bir bölüyə qarşı hərəkətə keçdi və hamısını doğradı. Ölən əfqanlarm başlarından bir minarə quruldu. Adı daha öncə çəkilmiş olan Dost Piyada Kütvalın ayağına bir ox dəydi və Kabilə gələndə öldü.
Xoca İsmayıldan qalxaraq Ulabatuya gəlib endik. Bəzi bəylərə və içkilərə gedib qənimətin beşdə birini diqqətlə almalarını əmr etdim. Qasım bəy ilə digər bəzilərinə hörmət edərək onların payının beşdə birini almadıq. (204 a) Qənimətin dəftərə keçirilən bu beşdə biri on altı min qoyun tutdu ki, bu da səksən minin beşdə biridir. Tələf olan və hörmət edilib alınmamış olanlarla birlikdə, heç şübhəsiz, yüz min qoyun vardı.
BABURUN QATILDIĞI BİR OV
Ertəsi gün oradan qalxıb Kəttəvaz ovasında sürək ovu quruldu. Bu ovanın geyik və qulanı daima ətli və çox olur. Dairənin içərisinə çox qulan və geyik girdi. Xeyli qulan və geyik vurdular.
Ov əsnasında mən də bir qulanı təqib etdim və yaxınlaşaraq bir ox atdım. Bir ox daha atdım, lakin bu yaralar ona yerə yıxacaq dərəcədə təsir etməmiş, yalnızca bu iki yara üzündən qaçması bir az yavaşımışdı. Atımı mahmızladım. Gizlicə yaxınlaşaraq iki qulağı arasından tam ənsəsinə qılıncla vurdum. Başı kəsilib yalnız qırtlağından asılı qaldı, sıçrayıb öldü. Az qala arxa ayağı üzəngimə ilişəcəkdi. Qılıncım çox yaxşı kəsdi. Çox kök bir qulan idi. Bir qarışa yaxın yağı vardı.
Şirim Tağayi və Moğolistan qulanı görmüş olan digər bəziləri də heyrətlə «Biz Moğolistanda bu qədər kök qulan az görmüşük» dedilər.
O gün bir qulan daha vurdum. Bu ovda ələ keçən qulan və geyiklərin çoxu kök idi, lakin heç biri mənim vurduğum qulan qədər yağlı deyildi.
Bu axından dönüb Kabilə gəldik.
ŞEYBANİ XANIN XORASANI ƏLƏ KEÇİRMƏ TƏŞƏBBÜSÜ
Keçən ilnin sonlarında Şeybani xan Xorasanı ələ keçirmək niyyətilə Səmərqənddən qoşun (204 b) çəkmişdi. Əndəxudu əlində tutan namussuz və nankor Şah Mansur Bəxşi Şeybani xanın yanına adamlar göndərib onun gəlməsini sürətləndirmiş və Əndəxud civarına gələndə də bu namussuz hərif «Adam göndərdim» deyə özbəklərə etimad edib bəzənərək və başına lələklər taxaraq, peşkəş və hədiyyələrlə qarşılamağa çıxınca başıboş özbəklər hər tərəfdən hücum edərək bu alçağı, hədiyyələri və yanındakı adamları birlikdə yağmalamışlar.
Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzə, Məhəmməd Burunduq Barlas, Zünnun bəy Arğun hamısı Baba-Xaki civarında qoşunla birlikdə oturmuşdular, nə savaşmaq nə də kurqanı gücləndirmək üçün hazırlıq görməmişdilər. Heç bir işi qərarlaşdırmadan və nə edəcəklərini dəqiq olaraq bilmədən çaşqın bir vəziyyətdə otururdular.
Məhəmməd Burunduq bəy iş bilən adamdı. «Müzəffər Mirzə ilə mən Herat kurqanını gücləndirək, Bədiüzzaman Mirzə ilə Zünnun bəy də Heratın ətrafındakı və civarındakı dağlara gedib Sistandan Sultan Əli Arğunu, Qəndəhar və Zəmindavərdən Şah bəy ilə Müqimi əsgərləri ilə birlikdə özlərinə qatsınlar. Bütün həzarə və nəkdəri əsgərlərini də toplasın, hazırlıq görüb yürüsünlər. Düşmənin dağlara getməsi zor olacaq, həm də dışarıdakı əsgərin qorxusundan kurqanın üstünə də gələ bilməzlər» demiş və çox doğru söyləmişdi, ağlına çox yerində (205 a) bir fikir gəlmişdi.
Zünnun Arğun cəsur olmasına baxmayaraq xəsis və tamahkar, fikir və tədbirdən uzaq, gic və dəlisov bir adamdı. O zaman böyük və kiçık qardaşlar Heratda ortaq bir şəkildə hakim idilər və o da -daha öncə söylədiyim kimi- Bədiüzzaman Mirzənin yanında ixtiyar sahibiydi. Tamahkarlığı üzündən Məhəmməd Burunduqun şəhərdə qalmasına razı olmadı və özünün şəhərdə qalmasını düşündü, lakin bunu da bacarmadı.
Onun axmaqlığına və dəliliyinə bundan daha yaxşı bir dəlil ola bilərmi ki, bir dəstə saxtakar və hiyləgərin yalanlarına və öygülərinə inanaraq özünü rəzil və rüsvay elədi. Bu hadisənin təfsilatı belədir: Heratda bu qədər etibar və iqtidar sahibi olanda bir neçə şeyx və molla onun yanına gəlib deyirlər ki: «Kütub bizimlə münasibətdə bulunur, sənə hizəbrullah [Allahın aslanı] ləqəbi verildi. Sən özbəkləri yenəcəksən». O da bu sözlərə inanaraq, boynuna fitə bağlayıb Allaha şükürlər edirmiş. Bu üzdən də Məhəmməd Burunduqun məqbul fikriylə hərəkət etməmiş, nə kurqanın gücləndirilməsi işiylə, nə də savaş hazırlığıyla maraqlanmış, nə düşmənin yaxınlaşdığını xəbər verəcək önçü və kəşfiyyatçıların yerləşdirilməsiylə, nə də düşmən gəlsə, savaşmaq üçün səflərin düzənlənməsi ilə uğraşmışdı.
Şeybani xan məhərrəm ayında [1507 may-iyun] Mürqabdan keçib Sir-Kay civarına (205 b) yaxınlaşdığında Mirzələrin bundan ancaq xəbəri oldu. Sərsəmləşib heç bir iş görəbilmədilər. Nə qoşunu toplaya bildilər, nə də səfləri qura bildilər. Hər kəs olduğu yerdən qaçmağa qoyuldu. Zünnun Arğun ona söylənən bu sözə uyub qırx-əlli min özbəyin qarşısında yüz-yüz əlli qədər adamıyla birlikdə Qara-Ribatda qalır. Düşmənin izdihamlı əsgəri yaxınlaşınca da üstlərinə cumur. Özbəklər də onu ələ keçirib başını kəsdilər.
ŞEYBANİ XANIN HERATI ALMASI
Mirzələrin anaları, böyük və kiçık bacıları, arvadları və xəzinələrin hamısı Ala-Kurqan deyə məşhur olan Qaleyi-İxtiyarəddində idi. Mirzələr gecə şəhərə çatırlar, atları dincini alana qədər gecə yarısınadək yatırlar və səhər vaxtı şəhəri tərk edirlər. Kurqanı gücləndirməyi belə düşünmürlər. Analarını, böyük və kiçık bacılarını, ailələrini və uşaqlarını yanlarına almadan, onları belə bir zamanda və belə himayəsiz bir vəziyyətdə özbəklərin əsarətinə buraxıb qaçırlar.
Payəndə Sultan bəyim ilə Xədicə bəyim başda olmaq üzrə Sultan Hüseyn Mirzənin arvadları, Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzənin bütün qadın və uşaqları, xəzinələri və ev əşyalarının hamısı Ala-Kurqanın içində idi. Kurqan gərəkdiyi kimi qapalı və qorunaqlı bir hala gətirilmimiş, kurqana yardım üçün göndərilən igidlər də hələ oraya çatmamışdılar.
Məzid bəyin [Arğun] kiçık qardaşı Aşiq Məhəmməd Arğun ordudan piyada qaçıb gələrək kurqana (206 a) girdi. Kurqanda ondan başqa Əmir Ömər oğlu Əli xan, Şeyx Məhəmməd Abdullah Bəkavul, Mirzə bəy Keyxosrovi və Mirək Kurdivan vardı.
Şeybani xan gəldikdən üç gün sonra şeyxülislam və böyüklər əhd və şərt bağlayıb dış kurqanın açarlarını alaraq onun hüzuruna getdilər. Bu Aşiq Məhəmməd kurqanı on altı-on yeddi gün müdafiə etdi. Dışarıdan, Atbazarı tərəfdən dəlik açıb kurqanın bir bürcünü havaya uçurdular. Kurqan əhalisi də çaş-baş qaldı və kurqanı müdafiə etmədən təslim etdi.
Şeybani xan Heratı alınca bu padşahların ailələri ilə pis rəftar etməyə başladı. Yalnız onlara qarşı deyil, bütün xalqa da eyni şəkildə pis davrandı. Bu qaba, görməmiş adam beş günlük fani dünyada belə yaman ad qazandı.
Şeybani xanın Heratda elədiyi uyğunsuz hərəkət və işlərin bəziləri bunlardı:
Bu dünyanın kirli hesabları üçün [Sultan Hüseyn Mirzənin arvadı] Xədicə bəyimi Şah Mansur Bəxşi kimi bir namussuza verərək dürlü-dürlü əzab və işkəncəyə məruz qoydurdu.
Şeyx Puran kimi vəli və əziz bir adamı moğol Əbdülvəhhaba, oğullarının hər birini də ayrı-ayrı adamlara payladı.
Bütün şeir ərbabı və zövq sahiblərini Molla Bənnainin hakimiyyətinə verdi. Xorasan nükdədanlarının buna dair söylədiyi bu qitə çox məşhurdu:
Bə cüz Abdullahi-kirxar imruz,
Nədidə heç şair ruyi-zərra,
Binai zər təmə darəd zi şair,
Məgər xahəd giriftan kiri-xərra1.
Bugün Abdullah Kirxardan başqa
Heç bir şair altın yüzü görməmişdir.
Bənnai şairdən altın umur,
Lakin kirxərdən başqa heç nə almayacaq. (206 b)
Şeybani xan Heratı alan kimi Müzəffər Mirzənin Xanzadə xanım adlı arvadını, iddət müddətinin2 dolmasına baxmadan nikahlayıb aldı.
Heratın məşhur və zövq sahibi mollalarından olan Qazı İxtiyar ilə Mir Məhəmməd Yusifə cahil olmasına baxmayaraq təfsir dərsi verdi.
Molla Sultan Əli Məşhədi ilə Bəhzad Mənsurun yazıları və rəsmləri üzərinə qələm vurub düzəlişlər elədi.
Bir neçə gündə zövqsüz bir beyt söyləyir və onu minbərlərdə oxudub bazarlarda asdıraraq şəhər xalqından hədiyyələr alırdı.
Düzdür, erkən qalxır, beş rükət namazını buraxmır və qiraət elmini yaxşı bilirdi, lakin belə bir sürü gic, əbləhanə və kafiranə əməllər və işlər də görmüşdü.
Heratı aldıqdan on-on beş gün sonra Kəhdistandan Püli-Salara gəlib bütün qoşununu [oğlu] Teymur Sultan və Übeyd Sultanın tabeliyinə verib Məşhəddə qafil oturmaqda olan Əbülmöhsün Mirzə ilə Kibək Mirzənin üstünə göndərdi. Bunlar əvvəlcə qalanı gücləndirməyi düşünürdülər, sonra isə əsgərin gəlməkdə olduğunu eşidərək başqa bir yoldan Şeybani xanın üstünə sürətlə yürümək istəyirlər. Bu çox yaxşı bir fikirdi. Lakin heç birinə qərar verə bilməyərək oturduqları üçün Teymur Sultan ilə Übeyd Sultan qoşunla sürətli bir yürüyüş gerçəkləşdirərək gəlib yetişirlər. Mirzələr də qüvvətlərini düzüb onların qarşısına çıxırlar.
Əbülmöhsün (207 a) Mirzəni dərhal ələ keçirib götürürlər. Kibək Mirzə bir neçə adamıyla böyük qardaşının düşməninə hücum edir, onu da götürürlər. Hər iki qardaşı ələ keçirirlər. İkisini bir araya gətirdiklərində iki qardaş qucaqlaşıb öpüşərək halallaşırlar. Əbülmöhsün Mirzə qorxaqlıq edir, lakin Kibək Mirzə qorxusunu o qədər bəlli etmir. Şeybani xan Püli-Salarda ikən hər iki mirzənin başını kəsib ona göndərirlər.
O günlərdə Şah [Şüca] bəy və kiçık qardaşı Məhəmməd Müqim [Arğun], Şeybani xanın qorxusundan mənə dəfələrlə elçilər və məktublar göndərib bərabər olduqlarını və sədaqətlərini bildirdilər.
Müqim bir məktubunda məni açıqca çağırmışdı. Özbəklərin əyalətləri bu şəkildə ələ keçirdikləri bir zamanda bizim seyrçi qalmamız doğru deyildi. Bu qədər elçilər və məktublar göndərib bizi istədikləri üçün onların gəlib bizə qoşulacaqlarına heç şübhə edilə bilməzdi.
Bütün bəylər və görüş sahibləri ilə danışıb məsləhətləşərək yola çıxmağa və Arğun bəyləri də bizə qoşulduqdan sonra onların da fikirlərini və görüşlərini alaraq Xorasana doğru hərəkət etməyə qərar verdik. Bu niyyətlə də Qəndəhara tərəfə yola çıxdıq.
Daha öncə bəhs etdiyim kimi, yengə deyə xitab etdiyim Həbibə Sultan bəyim, Heratda qərarlaşdırdığımız kimi, qızı Məsumə Sultan bəyimlə birlikdə gəldi. (207 b) Qəznədə görüşdük. Onlarla birlikdə Xosrov Göyəldaş, Sultanqulu Çanaq və Gədayi Bilal da gəlmişdi. Bunlar Heratdan qaçıb öncə İbn Hüseyn Mirzənin, oradan da Əbülmöhsün Mirzənin yanına getmiş, lakin orada da qala bilməyərək bizə gəlmək üçün təkrar yola çıxmışlar.
Bunlarla birlikdə Qəlata çatanda orada ticarət üçün gəlmiş bir çox Hindistan tüccarının olduğunu gördük. Əsgər oraya qəfil yetişdiyi üçün qaça bilməmişdilər. Yanımdakıların çoxu «Savaş zamanında düşmən vilayətinə getməkdə olanları yağmalamaq lazımdır» dedi.
Amma mən razı olmadım və dedim: «Tüccarların nə günahı var, belə xırda-xuruş qazanca baxmadan, Allah rizasını almaq naminə bunlara toxunmasaq, Allah da bunun əvəzini bizə artıqlaması ilə nəsib edəcəkdir. Necə ki keçənlərdə gilcilərə axın üçün hərəkətə keçəndə məhmənd əfqanları qoyun və malları, ailə və uşaqlarıyla əsgərdən bir ağac məsafədə ikən çoxunuz onlara axın etmək fikrindəydiniz. Yenə eyni düşüncəylə mən buna razı olmamışdım və ertəsi gün uca Allah dərhal düşmənlərimiz gilci əfqanlarının malından əsgərə o qədər çox qismət etdi ki, o zamana qədər heç bir axında bu qədər çox qoyun ələ keçməmişdi».
Qəlatdan keçib endik və tüccarlardan hədiyyə olaraq bir az mal alındı.
Kabili aldıqdan sonra Xorasan tərəfinə getməsinə izin verdiyim Mirzə xan ilə Xorasandan (208 a) ayrılanda orada qalmış olan Əbdürrəzzaq Mirzə biz Qəlatdan keçərkən Qəndəhardan qaçıb gəldilər. Bəhar Mirzənin nəvəsi və Cahangir Mirzənin oğlu Pir Məhəmməd Mirzə və onun anası da digər mirzələrlə birlikdə gəlib bizə qoşuldular.
Şah [Şüca] bəy ilə Müqimə məktublar göndərib belə yazdıq: «Sizin sözünüzlə buraya gəldik. Özbək kimi yabancı bir düşmən Xorasanı zəbt etdi. Gəlin dövlətin yaxşılığı üçün nə şəkildə hərəkət etmək lazımsa, sizin iştirakınız və ittifaqınızla bir qərar verək».
Onlarsa məktub yazdıqlarını və bizi istədiklərini inkar edərək qaba və sərt cavablar göndərdilər. Qabalıqlarından biri bu idi: Şah bəy mənə yazdığı məktubunda möhürünü bir bəyin digər bir bəyə, hətta daha böyük dərəcədə olan bir bəyin daha kiçık rütbəli bir bəyə yazdığı məktubda olduğu kimi, məktubun arxasına və kağızın ortasına basıb göndərmişdi. Belə qaba hərəkət etməmiş və bu cür qaba cavablar göndərməmiş olsaydı, iş bu dərəcəyə gəlməzdi. Necə ki bu söz çox doğrudur:
Setizə bəcan rəsanəd süxən,
Ki viran konəd xanədani kuhən.
Çəkışmə sözü elə bir məcraya çəkər ki,
Əski bir xanədanı məhv edər.
Bu anlaşmazlıq və qabalıqları üzündən ocaqlarını və otuz-qırx il ərzində əldə etdikləri qazanclarını itirdilər.
Şəhri-Səfa civarında ikən bir gün yanlış həyəcan siqnalı nəticəsində ordugah içində qarışıqlıq çıxdı. Bütün əsgər silahlanaraq atlara mindi. Mən qüsl və təharətlə məşğul idim. (208 b) Bəylər çox təlaş etdilər. Mən də işimi bitirərək ata mindim, yanlış bir xəbər olduğu üçün bir müddət sonra ortalıq yatışdı.
Oradan qalxıb mənzil-mənzil yürüyərək gəlib Gura endik. Burada da [arğunlarla] bir neçə dəfə danışıb anlaşma yolunu seçdik, amma fayda vermədi, inad və sərkəşlik etdilər.
Ərazini bilən və bizə sadiq olanlar belə dedilər: «Qəndəhara gələn çayların mənbəyi Baba-Həsən-Abdal və Xalişək tərəfidir, o tərəfə keçib Qəndəhara gələn çayların hamısının qabağını kəsmək lazımdır». Buna qərar verib sabah tezdən silahlanaraq, sağ və sol qolları və səfləri düzüb Xalişək tərəfinə yürüdük.
QƏNDƏHAR SAVAŞI
Şah bəylə Müqim Qəndəhar dağının bir daş imarət tikdirdiyim çıxıntısının önündə çadır qurub oturmuşdular. Müqimin adamları tələskənlik edib ağaclar arasından bir az yaxınlaşdılar. Biz Şəhri-Səfa civarında olanda qaçıb bizə gəlmiş olan Tufan Arğun arğunların səflərinə doğru tək başına, həm də gizlicə yaxınlaşlbmış. O əsnada Eşqullah deyilən biri yeddi-səkkiz adamla birlikdə digərlərindən ayrılaraq bir az bəri gəlir. Eşqullah yanındakılardan bir az daha irəli gedir. Tufan Arğun da tək başına qarşısına çıxıb qılıncla vuruşaraq onu atından salır. Mən Səngi-Lahşək qarşısından keçərkən başını kəsib gətirdi. Bunu xeyirli bir əlamət saydıq.
Ərazi məhəlləlik və ağaclıq olduğu üçün belə bir yerdə savaşmağı doğru saymayaraq, dağ ətəyindən keçib Xalişək önündəki çayın Qəndəhar tərəfindəki (209 a) çayırını yurd olaraq seçib enməyə hazırlaşdıq. Tam o əsnada Şirqulu tələsik gəldi və düşmənin [arğunların] döyüş cərgəsində yaxınlaşmaqda olduğunu söylədi.
Qəlatdan keçildikdən bəri əsgər çox açlıq və sıxıntı çəkmiş, Xalişək civarına gələndə isə əsgərin böyük bir qismi qoyun, sığır, ərzaq və saman üzündən Xalişəkin yuxarı vadisi tərəfinə dağılmışdı. Əsgərin toplanmasını gözləmədən atlandıq.
Bizim bütün adamımız iki minə yaxındı. Buraya enəndə, söylədiyim kimi, əsgərin bir çoxu yuxarı vadiyə getmişdi və savaşa vaxtında yetişə bilmədi. Savaşda hazır olanlar min nəfər qədər idi. Gərçi adamlarımız azdı, lakin çox yaxşı nizamlı və qapalı səflər yaradıb paylaşdırmışdım. İndəyə qədər heç bir zaman belə bir tərtib və düzən qurmamışdım.
Əlindən iş gələn bütün igidlər xassə alayına ayrılmışdı. Hamısını on-on və əlli-əlli ayırıb onbaşı və əllibaşıları təyin etmişdim. Hər on və hər əlli nəfərlik bölük sağ və sol qolda duracağı yeri və savaş vaxtında görəcəyi işi bilərək hazır və nazirdi. Baranğar və cavanğar, ön qol və sol qol1, ön yan və sol yan önə və sola hərəkət vaxtı gələndə hər hansı bir zorluq olmadan və xəbərçilərə ehtiyac qalmadan düzənli bir şəkildə hərəkət edə biləcəkdilər. Əsgərin hər bölüyü olduğu yerdən hərəkətə (209 b) keçdi.
Gərçi baranğar, ön qol və ön yan eyni mənaya gəlir, lakin ayırd etmək üçün sözləri dəyişdirərək, bunları ayrı-ayrı mənalarda işlətdim. Ordunun sağ və sol qanadına [ərəbcə] məymənə və məysərə, [türkcə] baranğar və cavanğar deyirlər, bunlar döyüş cərgəsinə girəndə [ərəbcə] qəlb, [türkcə] qol2 deyilən mərkəzə daxil deyildir. Bu növ səfə bu şəkildə baranğar və cavanğar adı verdim.
Mərkəz [qol] isə başqa bir səfdir [yasal]. Ayırd etmək üçün bunun sağına və soluna sağ qol [ön qol] və sol qol dedim. Bir də mərkəzdə [qol] xassə tabını3 vardır. Bunun sağına və soluna isə sağ yan [ön yan] və sol yan dedim. Xassə alayında bir də boy4 vardır. Türkcədə mücərrədə5 də boy deyirlər; burada işlədərkən məqsədim o boyu söyləmək deyildir, yaxın mənasında işlədirəm. Bunun sağına və soluna ön və sol adı verildi.
Sağ qolda Mirzə xan [Sultan Veys Mirzə], Şirim Tağayi, öz qardaşları ilə Yarək Tağayi, Çəlmə Moğol, Əyyub bəy, Məhəmməd bəy, İbrahim bəy [Bəycik Tağayi] və öz moğolları ilə Əli Seyid Moğol, Sultanqulu Çöhrə, Xudabəxş və öz qardaşları ilə birlikdə Əbülhəsən [Qurbəyi];
Sol qolda Əbdürrəzzaq Mirzə, Qasım bəy, Tanrıverdi, Qənbər Əli, Əhməd Elçi Buğa, Quri Barlas, Seyid Hüseyn Əkbər və Mir Şah Koçin;
Önçü bölüyündə Nasir Mirzə, Seyid Qasım eşik-ağa, Mühib Əli Qurçu, Babaoğlu Allahverən Türkmən, qardaşları ilə birlikdə Şirqulu Qaravul Moğol və Məhəmməd Əli [Tağayi];
Mərkəzdə mənim sağ qolumda isə Qasım Göyəldaş, Xosrov Göyəldaş, Sultan Məhəmməd Dulday, Şah Mahmud Pərvanıi Qul Bəyazid Bəkavul (210 a) və Kamal Şərbətçi;
Mərkəzdə mənim sol qolumda Xoca Məhəmməd Əli [Kitabdar], Dost Nasir, Mirim Nasir, Baba Şirzad, Xanqulu, Vəli Xəzinə[çi], Qutlu-Qədəm Qaravul, Maqsud Suçu və Baba Şeyx durmuşdular.
İçkilərin hamısı mərkəzdə idilər. Burada böyük bəylərdən kimsə yox idi. Bu bəhs edilənlərdən heç biri hələ bəylik rütbəsinə çatmamışdı.
Boyda isə Şir bəy [Şirək Arğun], Xatəm Qurbəyi, Kibək, Qulbaba, Əbülhəsən Qurçu, moğollardan Urus Əli Seyid, Dərviş Əli Seyid, Xoşgəldi Çəlmə, Dostgəldi Çəlmə Tağçı, Əməçi Mindi, türkmənlərdən Mansur, böyük və kiçık qardaşlarıyla birgə Rüstəm Əli, Şah Nəzər və Süyündük vardı.
Düşmənin adamları iki qismə ayrıldı. İlk qismi gələcəkdə Şah bəy deyə bəhs edəcəyimiz Şah Şüca Arğun və ikinci qismi də kiçık qardaşı Müqimin komandanlığındaydı. Bu arğunların qaraltısını altı-yeddi min qədər təxmin edirdilər. Ən azı, dörd-beş min silahlı adam olduğuna şübhə yoxdur.
[Şah bəy] mərkəz və sağ qolun qarşısına özü keçdi, Müqim isə sol qolun qarşısındaydı. Müqimin əsgəri böyük qardaşının əsgərindən bir az daha azdı. Bizim sol qolumuzda isə Qasım bəy ilə arxadaşları olurdu və vəziyyətləri də müşküldü. Savaş hələ başlamamışdı, ancaq Qasım bəydən iki-üç dəfə adam gəlib kömək istəmişdi. Bizim önümüzdəki düşmən da qüvvətli olduğu üçün adam ayırıb ona göndərə bilməmişdik.
Vaxt itirmədən düşmənin üstünə cumduq. Bir ox atımı məsafəyə çatanda (210 b) düşmən ilk hücumda bizim önçümüzü vurub zorlayaraq geri oturdub mərkəzə doğru sovurdu. Biz ox atmadan irəliləməyə davam etdik. Qısa bir müddət onlar da ox atmayaraq duran kimi oldular. Qarşı tərəfimdən bir adam əsgərinə qışqıraraq atdan enib ox atmağı əmr etdi. Amma biz durmadan irəliləməkdə olduğumuz üçün bir şey edə bilmədən təkrar ata minib gerilədi. Bu adam Şah bəyin özü imiş.
Savaş əsnasında Piri bəy Türkmən dörd-beş qardaşıyla birlikdə sarıqlarını əllərinə alaraq düşməndən üz çevirib biz tərəfə keçdilər. Bu Piri bəy Şah İsmayıl bayındır sultanlarına müsəllət olaraq İraq vilayətini ələ keçirəndə Əbdülbaqi Mirzə və Murad bəy Bayındırın başçılığı altındakı türkmən bəyləri ilə birlikdə gəlmiş olan türkmənlərdən idi.
Sağ qolumuz düşməni hamıdan əvvəl məğlub edərək irəlilədi, sağ qolun ucu mənim saldırdığım bağa varmışdı.
Sol qolumuzsa Baba-Həsən-Abdaldan xeyli aşağıdakı böyük arxlara vardı. Bizim sol qolun qarşısında öz məiyyətiylə birlikdə Müqim dururdu. Sol qolumuzdakı adamlar qarşısındakı düşmənə, yəni Müqiminkinə nəzərən çox azdı. Amma Allah rast gətirdi ki, Qəndəhar və kəndlərinə gedən üç-dörd böyük arx bizim sol qolla düşmənin arasındaydı. Bu üzdən də keçidin başını tutaraq onları keçməyə qoymadılar. Sol qol adamlarımız az olmalarına baxmayaraq keçidi çox yaxşı müdafiə edib (211a) dirəndilər. Arğunlar tərəfindən Halvaçı Tarxan su içində Qənbər Əli və Tanrıverdi ilə vuruşdu. Qənbər Əli yaralandı. Qasım bəyin alnına ox isabət etdi. Quri Barlasın qaşının üstünə bir ox isabət etdi və yanağının üstündən çıxdı.
Bu əsnada düşməni qaçıraraq bu arxlardan Murğan dağının çıxıntısı tərəfinə keçdik. Arxlardan keçəndə boz ata minmiş bir adam dağ ətəyində o yan-bu yana çaparaq hansı tərəfə gedəcəyinə qərar verə bilmirdi, axıda bir tərəfə doğru getdi. Onu Şah bəyə bənzətdim. Hər halda Şah bəydi.
Düşməni məğlub edincə, bütün əsgərimiz düşməni təqib etməyə və vurab atdan salmağa qoyuldu. Özümlə birlikdə on bir adam qalmışdıq. Bunlardan biri Abdullah Kitabdardı. Müqim hələ yerində müqavimət göstərərək vuruşurdu. Adamlarımın azlığına baxmayaraq və Allaha təvəkkül edib davullar çalaraq düşmənin üzərinə yürüdük.
Köpü [çoxu], azğu [azı] tanrıdır bergücü [verən],
Bu dərgahda yoxdur kişinin gücü.
Kəm min fiətən qəlilətin qələbət fiətən kəsirətən biiznillah1.
Allahın izniylə çox kiçik dəstələr böyük dəstələrə qalib gəlmişdir.
Davul səsini eşidincə bizim hərəkətə keçdiyimizi anlayaraq müqavimətdən vaz keçib qaçmaq yolunu seçdilər.
Allahın köməyi ilə düşməni qaçırdıqdan sonra Qəndəhar tərəfinə hərəkət edib indi heç izi qalmayan Fərruxzad bəyin çarbağına (211 b) gəldik.
Dostları ilə paylaş: |