S. C. Pişəvərinin başçılığı ilə Cənubi Azərbaycanda milli hökumət



Yüklə 33,3 Kb.
tarix08.04.2023
ölçüsü33,3 Kb.
#94814
2 5271783416210138549


S.C.Pişəvərinin başçılığı ilə Cənubi Azərbaycanda milli hökumət

1.XX əsrin ikinci yarısında Cənubi Azərbaycanda siyasi vəziyyət


2.Cənubi Azərbaycan Milli Hökumətinin yaradılması
3.Sovet qoşunlarının çıxarılması
4.Dil problemi. Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi
5.Milli hökumətin süqutu

1.1944-cü ilin əvvəllərində beynəlxalq aləmdə və İranda yaranmış vəziyyətlə əlaqədar Sovet İttifaqı yenidən Cənubi Azərbaycan məsələsinə diqqəti artırdı. Sovet İttifaqı Cənubi Azərbaycandakı azadlıq ideallarını və milli prosesi öz təsiri altında saxlamaq istəməsi, İkinci dünya müharibəsinin sonunda buradakı siyasi hadisələrə beynəlxalq aləmdə arzuolunmaz bir münasibət formalaşdırmışdı. SSRİ-nin Mərkəzi və Şərqi Avropadakı ölkələrin bir çoxlarına etdiklərindən sonra, Böyük Britaniya və ABŞ bu hadisələrə milli azadlıq hərəkatından daha çox Sovetlərin İrana ərazi, iqtisadi və ideoloji ekspansiyası kimi baxırdılar. Bunun nəticəsidir ki, 1944-cü il sentyabrın 10-da SSRİ xalq xarici işlər komissarının müavini S.İ.Kavtaradzenin sədrliyi ilə Sovet hökumət komissiyası Tehrana rəsmi səfəri zamanı Şimali İranda - SemnanQorqanMazandaranGilan və Azərbaycanda neft konsessiyası haqqında təkliflərinə müsbət cavab ala bilmədi. Azərbaycan xalqının ictimai – siyasi, milli tələblərini, ehtiyaclarını təmin etmək və demokratik hərəkata lider olmağa qadir siyasi təşkilatın - ADP - nin qurulmasına böyük bir ehtiyac olmuşdu. Pişəvərinin liderliyilə 3 sentyabr 1945- ci il tarixində milli müstəqillik uğrunda demokratik hərəkatın önündə gedən ADP-nin yaradılmasını, onun məqsəd və vəzifələrini elan edən müraciətnamə yayıldı. 7 sentyabr 1945- ci ildə İran Xalq Partiyası Azərbaycan təşkilatının onunla birləşməsi Azərbaycan xalqının həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yaşayan üzvləri tərəfindən tərəfindən rəğbətlə qarşılanmışdı. Əsas vəzifələrdən biri kimi Azərbaycan xalqına daxili azadlıq və muxtariyyət verilməsi, məktəblərdə dərslərin Azərbaycan və fars dilində aparılması tələbi irəli sürüldü. Azərbaycan bölgəsindəki bütün şəhərlərin divarlarına Partiyanın qurulması haqqında Azərbaycan dilində yazılmış elanlar asılmışdı. İran məclisi və hökuməti Azərbaycan xalqının tələblərini eşitmədi. Əyalət və vilayət əncümənlərinin təşkil olunmayacağını rəsmi surətdə elan etdi. Hökumət çoxlu miqdarda ərzağı Azərbaycandan daşıtmaqla orada süni qıtlıq yaratmaq istədi. Azərbaycan tacirlərinin 15 milyon tümənə yaxın pulunu Tehran banklarına köçürməklə, Azərbaycan ticarətində çətinliklər yaratdı. 1945-ci il sentyabrın 10-da Marağa və oktyabrın 20-də Ərdəbil şəhərlərində hərbi vəziyyət elan edildi. Marağada ADP-nin fəal üzvü, şəhər idarəsinin rəisi Məhəmməd Hüseyn Rahvər terror nəticəsində öldürüldü. Azərbaycan xalqının etirazına baxmayaraq, sentyabrın 12-də qatı irticaçı S.M.Fərrux Azərbaycana vali təyin olundu. Hökumət başçısı, hərbi nazir və İran qoşunu Baş qərargahı rəisinin iştirakı ilə keçirilən iclasda ADPnin komitə üzvlərinin Təbrizdə həbs edilərək gizli və təcili Tehrana aparılması qərara alındı. Bu barədə hökumətin Azərbaycandakı diviziya komandanlığına xüsusi əmr də verildi.
2
. İran hakimiyyətinin bəyənatlarından və gördüyü tədbirlərə cavab olaraq Cənubi Azərbaycanda əhali silahlanmağa başlamışdı. 1945-ci il noyabrın 20-21-də Təbrizdə keçiriləcək Azərbaycan Xalq Konqresinə (AXK) Cənubi Azərbaycanın bütün şəhərlərindən nümayəndələrin seçilməsi üzrə kompaniyanın getdiyi bir vaxtda İran qoşununun birinci dəstəsi noyabrın 17-də, ikinci dəstəsi 18-də Tehrandan Qəzvinə tərəf hərəkət etdi. Cənubi Azərbaycanın bütün şəhərlərində toplantılar keçirildiyi kimi, 20-21 noyabrda Təbrizdə çağırılmalı olan Azərbaycan Xalq Konqresinə nümayəndələrin seçilməsi də sürətləndirilmişdi. Xalq Konqresi özünü Qurucular Məclisi elan etmiş, o da Milli Heyət üzvlərini seçmişdi. Azərbaycan Milli Məclisi seçilənə qədər bu heyət Qurucular Məclisnin qərarlarını icra etməli idi. Qurucular Məclisinin qəbul etdiyi, İran şahı Məmmədrza Pəhləviyə, Məclis Başqanı Tabatabaiyə və Baş Nazir İbrahim Həkimiyə göndərilən bəyannamədə İran dövləti daxilində milli muxtariyyət verilməsi tələb olunmuşdu. Beləliklə, 12 dekabr 1945- ci ildə məclisin açıldığı gün Azərbaycan muxtariyyəti qurulmuşdu. Məclis Azərbaycan hakimiyyətini qurmaq vəzifəsini Pişəvəriyə tapşırmışdı.
Ölkədə milli azadlıq hərəkatının ümumi yüksəlişi şəraitində manevr etməklə vaxt qazanmağa çalışan Tehran hökuməti 1946-cı il iyunun 13-də Azərbaycan Milli Məclisini Azərbaycan Əyalət əncüməni kimi tanımağa məcbur oldu.Azərbaycan valisini təyin etmək (Əyalət əncüməninin təklifi ilə) İran hökumətinin səlahiyyətində qaldı.
Milli Hökumət tərəfindən maddi və mənəvi cəhətdən dəstəklənən teatr truppaları 1946-cı ildə Azərbaycanın bütün şəhərlərində fəaliyyət göstərməyə başlamışdı. Azərbaycan dillində qurulan teatr tamaşalırının əsas mövzuları milli vətənpərvərlik, maarifləndirmə, cəhalət və xürafatdan uzaqlaşmaq, əxlaq və mədəniyyət, qadın problemi əsas yer tuturdu. 1946-cı ilin martın 28-də Təbrizdə Azərbaycan Dövlət Dram teatrının açılışı Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə olmuşdu. Azərbaycan teatrı Milli Hökumətin mədəni-maarif proqramının icrasında fəal iştirak etdi.
İlk dəfə olaraq irqçi ideologiyaya cavab olaraq azərbaycanlı ziyalılar tərəfindən tarixi keçmiş haqqında milli konsepsiyanın yaradılmasına cəhd edimişdi. F.İbrahimi 1946-cı ildə Azərbaycanın qədim tarixi haqqında yazdığı kitabda azərbaycanlıları onların mədəni cəhətdən farslardan üstün olması ruhunda tərbiyə etməyə, xalqına qədim azərbaycanlıların müstəqilliyi, özünəməxsusluğu və avtoxtonluğu ideyasını təlqin etməyə çalışırdı.
3. Sovet İttifaqı, Böyük Britaniya və İran arasında bağlanmış 1942-ci il 29 yanvar tarixli ittifaq müqaviləsinə görə, sovet qoşunlarının İranda qalması müddəti 1946-cı il martın 2-də qurtardı. Elə həmin gün Məşhəd, Şahrud, Semnan kimi nisbətən sakit şəhərlərdən sovet qoşunlarının çıxarılmasına başlandı. Ancaq Cənubi Azərbaycandakı hadisələrlə əlaqədar bu iş bir qədər dayandırıldı. ABŞ və Böyük Britaniya dövlətləri BMT-nin 1946-cı ilin yanvarında Londonda keçirilən sessiyasında "İran məsələsi"ni Təhlükəsizlik Şurasının gündəliyinə çıxardılar, lakin SSRİ-nin təkidi ilə bu məsələ təxirə salındı. 1946-cı il martın 18-də "İran məsələsi" ikinci dəfə Təhlükəsizlik Şurasının gündəliyinə çıxarıldı və martın 26-da bu məsələyə baxıldı. Ancaq sovet qoşunlarının martın 24-də yenidən təxliyəsi getdiyi üçün müzakirə İran hökumətinin xahişi ilə dayandırıldı. 1946-cı il aprelin 4-də Moskvada SSRİ və İran hökumətləri qalan qoşunların da çıxarılması haqqında razılığa gəldilər. Həmin tarixdə (4 aprel 1946-cı il) Tehran şəhərində imzalanmış Sovet-İran sazişinin 3-cü maddəsində deyilirdi:
" Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur) məsələsi İranın daxili işi olduğundan mövcud qanunlara görə hökumətlə Azərbaycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda islahat keçirməyin dinic yolu tapılacaqdır. "
1946-cı il aprelin axırından həyata keçirilən sovet qoşunlarının təxliyəsi İranın başqa rayonları kimi, Cənubi Azərbaycanda da mayın 26-da başa çatdırıldı.
Beləliklə, "Azərbaycan məsələsi İranın daxili işi olduğundan" artıq onun taleyi həll edilmişdi. Hələ 1942-ci ilin sonundan İranın bütün silahlı qüvvələrinin ixtiyarını öz əlinə keçirmiş ABŞ hərbi heyətləri 21 Azər hərəkatının əvvəlindən İranın silahlı qüvvələrini Azərbaycana qarşı hücuma hazırlayırdılar. Bununla əlaqədar İran hökuməti ABŞ-dan 20 milyon dollarlıq silah və hərbi sursat almış, əməliyyat zamanı amerikalılar İran qoşununa 40 bombardmançı təyyarə vermişdilər. İngilislər isə 1946-cı ilin avqustunda İran sərhədinə, Bəsrə şəhərinə 5 diviziya gətirmiş, hərbi gəmiləri İranın Xürrəmşəhr və Abadan limanlarına yan almışdı
4. Azərbaycan Milli Hökumətinin 6 yanvar 1946 (16 dey 1324-cü il) tarixli iclasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. On maddədən ibarət bu qərara görə, Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olunurdu. Bütün dövlət orqanları və idarələrdə yazışmalar, məktəblərdə tədris, nəşriyyat işləri türk dilində (Azərbaycan dili) aparılmalı idi. Azərbaycanlı olmayanlara türk dilini öyrənib və əməli fəaliyyətdə ondan istifadə etmək üçün şərait yaradılır və dövlət dilini öyrənmək üçün möhlət qoyulurdu. Cənubi Azərbaycanda olan azlıqlara öz dillərindən tədris və digər sahələrdə sərbəst istifadə etmək hüququ verilir. Bununla birlikdə dövlət dilinin öyrənilməsi vətəndaşlıq borcu kimi onlara həvalə edilirdi. Azərbaycan Milli Hökumətinin Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi, məktəblərdə tədrisin, dövlət idarələrində danışıq və yazışmaların ancaq bu dildəaparılması dövlətin rəsmi göstərişi ilə Maarif Nazirliyinin 1№-li əmri ilə (1946 yanvar) həyata keçirilmişdi.[46]S.C.Pişəvəri ana dilinin məktəbvə tədris müəssisələrində işlədilməsinə, bu sahədə mövcud çətinliklərin tez aradan aparılmasına xüsusi diqqət ayırmışdı. Azərbaycan Milli Hökuməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır.
5. Pişəvəri və Mərkəzi hökumətin təmsilçisi Müzəffər Firuz arasında keçirilən uzun görüşlərin nəticəsində iyunun 13-də saziş imzalanmışdı. Pişəvəri hökuməti 15 maddəlik bu sazişlə dil sahəsindəki tələblərindən bəzilərini 12-ci və 13-cü maddələrdə təsbit etdirə bilmişdi. 12-ci maddədə bölgənin rəsmi dili olaraq fars və Azərbaycan dilləri qəbul edilmiş, ibtidai və orta məktəblərdə iki dilin tədris olunması nəzərdə tutulmuşdu. Eyni zamanda bu müqaviləyə görə, Pişəvəri Azərbaycan Milli Hökumətinin muxtariyyəti və ya müstəqilliyi ideyasından əl çəkiləcəyini, onun nazirlik və komitələrinin ləğv ediləcəyini öhtəsinə götürürdü. Digər maddəyə görə, Azərbaycan Milli Hökumətinin Parlamenti yerli məclis funksiyasinı daşıyacaq və bu İran konstitutsiyası tərəfindən də tanınmalı idi. Solçuların dəstəklədiyi, mərkəz sağ və milliyyətçilərin isə tənqid etdiyi bu saziş yalnız mərkəzi hökumət ordusunun Təbrizə girib demokratik hərəkatın varlığına son qoyduğu dövrə qədər (13 dekabr) qüvvədə qaldı.
1946-cı ilin dekabr ayının 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Beləcə, bir il mövcud olmuş Azərbaycan Milli Hökuməti zor gücünə süqut etdi. Ən azı 500 nəfər Azərbaycan Demokrat Partiya üzvü öldürülmüş və yüzlərləsi həbs edilmişdir.
ABŞ Ali Məhkəməsinin hüquqşünası və siyasətçi Uilyam O. Duqlas ABŞ Ali Məhkəməsinə hesabatında bildirmişdi ki, rus ordusu (SSRİ ordusu nəzərdə tutulur) Azərbaycanda (Cənubi Azərbaycan) olarkən özlərini çox yaxşı və mədəni aparmasına baxmayaraq, İran ordusu buraya gəldikdən sonra əhali ilə əsl işğalçı kimi davranmış, kəndlilərin saqqalını yandırmış, onların arvadlarını və qızlarını zorlamış, bütün heyvanlarını və ərzaqlarını talan etmişdir. İran ordusu ölüm çığırı çəkib və gerisində qalan hər şeyi məhv edir.
Azərbaycan Milli hökumətinin qurucularından bəziləri Seyid Cəfər Pişəvəri başda olmaqla İran ordusu Təbrizə daxil olmamaışdan bir necə dəqiqə əvvəl şəhərdən çıxmışdır. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdur. Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökumətin digər qurucuları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazmışdır.
Azərbaycan Milli Hökumətinin ömrü uzun olmasa da, bu hökumətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökumətidir.

Ədəbiyyat: • 1) Rəhimli (Bije) Ə. Seyid Cəfər Pişəvəri Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine. Bakı: "Nurlar", 2009.


2) XX əsər Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar. (1900–1985-ci illər), Məqalələr məcmuəsi, Bakı, 1990 •
3) Cənubi Azərbaycan tarixi oçerkləri. Bakı,1985.
4) İradə Nuriyeva Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək).Bakı, 2019.
Yüklə 33,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin