Vüqar Haqverdiyev
“Elektron Azərbaycan”: vətəndaş hüquqlarını reallaşdıran virtual məkan
İKT-dən istifadə etməklə dövlətin texnoloji sisteminin dəyişdirilməsi və onun müasir tələblərə uyğun formalaşdırılması zamanın tələbidir. Artıq bu gün bizim gözlərimiz qarşısında bütün dünyanı əhatə edən, qlobal informasiya-telekommunikasiya şəbəkələrinin yaradılması və inkişafı ilə əlaqədar yeni növbəti informasiya inqilabı baş verir. Bu yeni sosial-texniki inqilab bəzən elektron inqilab da adlandırılır. Bununla əlaqədar məqalədə elektron inqilabın hansı zərurətdən doğulduğu, informasiya cəmiyyəti quruculuğu ilə əlaqədar keçirilən beynəlxalq tədbirlər, inkişaf edən ölkələrin nə üçün bu yolu seçdiyi, Azərbaycanda elektron hökumətin yaradılması ilə bağlı görülən işlər, e-hökumətin üstünlükləri, bu sahədə olan problemlər və onların həlli yolları barədə oxuculara ətraflı məlumat verilir.
“Elektron Azərbaycan”: vətəndaş hüquqlarını reallaşdıran virtual məkan
XX əsrin sonunda bir çox ölkələr müasir dövrün çağırışına adekvat olmayan klassik dövlət idarəçiliyinin qayda və modellərinə yenidən baxmaq zərurəti ilə qarşılaşdılar. Hətta inkişaf etmiş ölkələrin rəhbərləri də dövlət idarəçiliyində bürokratiyanın rolunun aradan qaldırmaq mümkün olmadığını görərək onun qarşısının alınması üçün yeni nəzarət formalarını axtarmağa başladılar. İnformasiya kommunikasiya texnologiyalarının (İKT) sürətlə inkişaf etdiyi və internetin geniş yayılmağa başladığı bir dövrdə bu problemin həlli üçün əsas addımlardan biri İKT-dən istifadə etməklə dövlətin texnoloji sisteminin dəyişdirilməsi və onun müasir tələblərə uyğun formalaşdırılması oldu. Texnoloji sistemin radikal dəyişiklikləri isə ictimai fəaliyyətin bütün sahələrinə mədəniyyətə, siyasətə, sənayeyə, kənd təsərrüfatına və s. əhəmiyyətli təsir göstərir. Belə təsirlər tarixin bəzi mərhələlərində elə güclü olub ki, onları texnoloji inqilab kimi qiymətləndirirlər. Hər texnoloji inqilabın kökündə isə Rusiya alimi A.İ.Rakitova fikrincə, bir informasiya inqilabı durur ki, o da öz növbəsində, cəmiyyətin keyfiyyətcə yeni texnoloji inkişaf səviyyəsinə keçməsinə zəruri şərait yaradır. Ona görə də sivilizasiyalı inkişafın bu və ya digər mərhələsinin əsas fərqləndirici əlaməti dövlət quruluşunun növü ilə deyil, məhz dövlətin texnoloji sistemi ilə müəyyənləşdirilir.
Artıq bu gün bizim gözlərimiz qarşısında bütün dünyanı əhatə edən, qlobal informasiya-telekommunikasiya şəbəkələrinin yaradılması və inkişafı ilə əlaqədar yeni növbəti informasiya inqilabı baş verir. Bu yeni sosial-texniki inqilab bəzən elektron inqilab da adlandırılır. Əvvəlki bütün elmi-texniki inqilablar kimi, cəmiyyətin həyatında köklü dəyişiklər edən bu inqilaba ilk yaxın olan ölkələr, o vaxtlar əhalisinin 30-50%-i internet istifadəçisi olan ABŞ, Fransa, İngiltərə, İtaliya, Sinqapur, Avstraliya, Almaniya və digər inkişaf etmiş ölkələr oldular. Onlar vətəndaşların marağını nəzərə alaraq dövlət idarəçiliyi sistemində və hökumət orqanlarında islahatlara başladılar. İslahatların əsasını mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsi, dövlət məsuliyyətinin artırılması, vəsaitlərin idarə edilməsinin təkmilləşdirilməsi, bazar münasibəti elementlərinin tətbiqi təşkil edirdi. Bu tədbirlərlə yanaşı dövlət idarəetmə sisteminin elektron infrastrukturunun inkişaf etdirilməsi, inzibati idarə etmə fəaliyyətinin bir hissəsinin avtomatlaşdırılması, yəni onun “kağız dünyasından” rəqəmsal məkana keçirilməsi də həyata keçirilirdi. “Elektron hökumət (e-hökumət)” və ya “elektron idarəetmə” adlanan bu mərhələni, sadə şəkildə, yeni informasiya texnologiyalarından istifadə etməklə dövlət təşkilatları və vətəndaşların qarşılıqlı əlaqəsini təmin edən müəyyən kommunikasiya infrastrukturunu yaratmaq kimi izah etmək olar.
Bunların nəticəsi olaraq 1993-cü ildə ABŞ hökuməti milli informasiya infrastrukturunun inkişaf etdirilməsi planı ilə bağlı məruzə hazırladı. (Agenda for Action) və bu məsələ ilə əlaqədar problemləri öyrənmək üçün İnformasiya İnfrastrukturu üzrə İşçi Qrupu (İnformation İnfrastructure Task Force) yaradıldı. 1995-ci ildə ABŞ-da “Kağız sənəd dövriyyəsinin azaldılması haqqında” qanun qüvvəyə mindi. 1996-cı ildə isə “İnformasiya azadlığı haqqında” qanuna əhəmiyyətli dəyişikliklər edildi. 1994-cü ildə Avropa Cəmiyyəti Komissiyası “İnformasiya cəmiyyətinə Avropa yolu” iş planı, 2000-ci ildə isə yeni “Elektron Avropa” 10 illik Proqramı qəbul etdi. 1995-ci ildə Finlandiyada “İnformasiya cəmiyyətinə Finlandiya yolu”, 1996-cı ildə isə Almaniyada “İnformasiya cəmiyyətinə Almaniya yolu” hökumət Proqramları hazırlandı. 1999-cu illərdə Böyük Britaniya hökuməti tərəfindən ölkənin beş milyon dövlət qulluqçusunu əhatə edən “Dövlət hakimiyyətinin modernləşdirilməsi”strateji proqramı qəbul edildi və elə həmin il Sinqapurda böyük hökumət portalı eCitizen Centre (www.ecitizen.gov.sg) yaradıldı. Sinqapur eCitizen Centre portalı elektron hökumətlə bağlı faktiki dünyada həyata keçirilən ilk böyük layihələrdən biri oldu. 2000-ci ilin iyul ayında Okinavada keçirilən "Böyük səkkizlik" (İngiltərə, Almaniya, İtaliya, Kanada, Rusiya, ABŞ, Fransa, Yaponiya) ölkələrinin sammitində "Qlobal İnformasiya Cəmiyyətinin Xartiyası” (Okinawa Charter on Global Information Society) qəbul edildi. Xartiyada belə bir fikir təsbit olundu ki, informasiya cəmiyyəti istiqamətində atılan addımlar insan sivilizasiyasının gələcəyinə aparır. Sammitdə “Böyük səkkizliyə” daxil olan dövlət rəhbərləri öz ölkələrində informasiya cəmiyyətinin inkişafına və informasiya bərabərsizliyinin aradan qaldırılmasına yönəlmiş proqramların həyata keçirilməsinə hazır olduqlarını ifadə etmişdilər.
Analoji fəaliyyətlər digər beynəlxalq birliklər tərəfindən də aparılırdı. BMT-nin himayəsi altında 2003-cü ilin dekabrında İsveçrənin Cenevrə şəhərində, 2005-ci ilin noyabrında isə Tunisdə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitləri keçirildi. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrə Sammitinə xüsusi olaraq dəvət olunmuş və dövlət başçısı Sammitin açılışında çıxış edərək informasiya cəmiyyəti ideyasını dəstəklədiyini, Azərbaycanın elmi potensialının, əldə etdiyi texnoloji nailiyyətlərin biliklərə əsaslanan cəmiyyətin bərqərar edilməsi üçün tam kifayət etdiyini, informasiya, bilik bazarının formalaşdırılmasına, onun inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsinə Azərbaycanda böyük diqqət yetirildiyini xüsusi qeyd edərək, hazırda elektron hökumətdən elektron iqtisadiyyata qədər çox sayda konkret layihələri əhatə edən “Elektron Azərbaycan” dövlət proqramı üzərində iş getdiyini bildirmişdir.
Dövlət başçısının Cenevrə Sammitində söylədiyi fikirlər bu gün artıq reallığa çevrilmişdir. İnformasiya cəmiyyətinin qurulması dövlət siyasətinin prioritetlərindən biri kimi qəbul olunub, Azərbaycanın inkişafı naminə 2003-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə qəbul olunmuş Milli Strategiya uğurla həyata keçirilir və bu Strategiyanın davamı olaraq dövlət başçısının sərəncamları ilə 2004-cü ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, 2005-2008-ci illər üçün rabitə və informasiya texnologiyalarının (“Elektron Azərbaycan”) inkişafı və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramları təsdiq edilmişdir. "Elektron imza və elektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”, “Elektron kargüzarlıq”, “Azərbaycan dilinin informasiya məkanında işlədilməsi”, “Milli informasiya resurslarının yaradılması”, “İKT sahəsində kadr hazırlığı”, “Rəqəmli bərabərsizliyin ləğvi” kimi müxtəlif layihələr yerinə yetirilmiş, “Elektron elm”, “Elektron kitabxana”, Elektron ticarət”, “Milli elektron sağlamlıq kartı sistemi” və digər layihələrin həyata keçirilməsi üzrə işlər isə bu gün uğurla davam etdirilir.
BMT Baş Assambleyasının 2006-cı ildən etibarən 17 may tarixini Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan etməsi ilə əlaqədar artıq 3-cü ildir ki, bu əlamətdar gün ölkəmizdə yüksək səviyyədə qeyd olunur. İnformasiya Cəmiyyəti Gününün keçən ilki mövzusu əlil insanların informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması olmuşdur. Tədbirdə respublikamızın alim və mütəxəssisləri bir araya gələrək xalqımızın inkişafına xidmət edəcək informasiya cəmiyyətinin qurulması prosesində əlil insanların iştirakının, məhdud imkanlı vətəndaşlarımızın informasiya texnologiyalarının imkanlarından yararlanmasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparmış, “Təhsildə qiymətləndirmə işinin avtomatlaşdırılmasının proqram təminatı”nın və “On-layn ödəmə sistemi”nin təqdimatları keçirilmişdir.
Ümumiyyətlə, "e-hökumət" layihəsi ölkəmizdə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu işdə ümumdünya internet şəbəkəsinin imkanlarından uğurla istifadə edilir. İnternet vasitəsi ilə abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, dövlət qurumlarının saytlarının yaradılması, orda bu təşkilatlar barədə ətraflı məlumatın, onların əsasnamələrinin və strukturlarının yerləşdirilməsi, hazırlanan qanunların, sənədlərin həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planın layihələrinin xalqın müzakirəsinə çıxarılması, internet vasitəsi ilə vətəndaşların suallarına cavab verilməsi, şikayət və ərizələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi, bəzi kommunal borcların online rejimində öyrənilməsi, elektron seçkilərin keçirilməsi və s. misal ola bilər. Bunlardan əlavə virtual kitabxanaların yaradılması, qəzet və jurnalların elektron variantlarının internetdə verilməsi oxucuları evdən çölə çıxmadan kitabxana xidmətindən yararlanmağa, gündəlik xəbərlərlə, ölkədə baş verən hadisələrlə tanış olmağa imkan verir.
Beynəlxalq standartlara görə elektron hökumətin əsas funksiyaları hökumətin biznes (G2B “government-to-business”), hökumət orqanları (G2G “government-to- government”) və vətəndaşlar (G2C “government-to-citizen”) ilə qarşılıqlı əlaqəsini təmin etməkdir. Bu funksiyalar əsasən ölkə daxilindəki tələbatları ödəməyə yönəlmişdir. Lakin Azərbaycanın sürətli iqtisadi inkişaf yolunda olduğunu, beynəlxalq aləmdə nüfuzunun durmadan artdığını, regionda xarici şirkətlər və investorlar üçün əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini və internetin geniş imkanlarını nəzərə alsaq, onda aydın olar ki, ölkəmizə gəlmək istəyən, müştərək iş birliyi yaratmaq və yaxud, sadəcə respublikamızla maraqlanan xarici ölkə təşkilatları və vətəndaşları da elektron hökumətin xidmətlərinə müraciət edə bilər. Bu proses dövlət başçısının 4 mart 2009-cu il tarixində imzaladığı “Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında” fərmanından sonra daha da sürətlənəcəyini nəzərə alsaq e-hökumət funksiyalarına hökumət və əcnəbilər (G2F “government-to-foreigner”) da əlavə olunması məqsədəuyğun olar. Bu problemin həllinə isə hökumət internet saytlarında məlumat və xəbərlərin ana dilimizdən əlavə rus və ingilis dilində verilməsi kömək edə bilər. Düzdür, bu məsələ dövlət qurumlarının saytları yaradılarkən nəzərdə tutulur, ancaq sonradan onun həlli istiqamətində işlər ya zəifləyir, ya da tamam unudulur. Bir çox saytların ingilis dili bölməsinə daxil olduqda, “Qurulmaqdadır (Under construction)” ifadəsi ilə rastlaşırıq.
Məlumdur ki, hər yeni keyfiyyətə keçid bir sıra problemlər və çətinliklərlə üzləşir, bəzən isə ciddi krizislərlə müşayiət olunur. Çətinliklərə və mənfi fəsadlara rast gəlməmək üçün dövlətdən yeni mərhələyə keçid yollarını müəyyənləşdirən strategiyalar, proqramlar və onların uğurla həyata keçirilməsi üçün dəqiq tədbirlər planı hazırlamaq tələb olunur. E-hökumət dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələsi olduğu üçün onun qurulması da problemsiz ola bilməz. Belə problemlərdən biri e-hökumət sisteminin qurulmasının və saxlanılmasının çox baha başa gəlməsidir. Çünki müasir İKT vasitələrinin qiyməti çox yüksəkdir, köhnələrin isə almağa dəyməz. Həm də burda söhbət təkcə İKT avadanlığının alınmasından getmir. Bu avadanlığın quraşdırılmasına, şəbəkədə əlaqənin yaradılmasına, onlara xidmət və nəzarət edən işçi qrupuna əmək haqqı verilməsinə xeyli maliyyə vəsaiti tələb olunur. Bu vəsaitlərin də demək olar ki, hamısının dövlət büdcəsindən ödəniləcəyini nəzərə alsaq, onda bütün dünyanı bürüyən iqtisadi böhran şəraitində bunun nə qədər çətin olduğunu başa düşmək olar. Ona görə də dövlət büdcəsinin səmərəli sərf olunması və çəkilən xərclərin özünü tam doğrultması üçün atılacaq addımlar qabaqcadan planlaşdırılmalı və iqtisadi cəhətdən əsaslandırılmalıdır. E-hökumətin mahiyyətini, dövlət, vətəndaş, biznes münasibətlərində əldə olunacaq nailiyyətləri nəzərə alsaq, onun qurulmasına çəkilən xərclərin özünü tam doğrultacağına inam yaranır. Çünki səlahiyyətli orqanlarla ünsiyyətdə, sənədləşdirmə, qeydiyyata alma, arayış vermə və digər proseslərdə maneçilik olmayanda, şəffaflıq və rahatçılıq olanda, biznesin, vətəndaşın işinin keyfiyyəti, gəliri və onlara müvafiq olaraq dövlət büdcəsinə daxil olan vergilərin həcmi də artır. Bundan əlavə, e-hökumətin bəzi xidmətlərini pullu etmək olar. Məsələn, müəlliflərlə şərtləri razılaşdırılmış şəkildə, intellektual mülkiyyət məhsulları olan elektron kitablar, proqramlar, audio, video fayllar və digər materiallardan ibarət iri verilənlər bazası yaradıla bilər və vətəndaş müəyyən məbləğdə pul ödəməklə istədiyi materialı elektron formada öz kompyuterinə yükləyə bilər.
İkinci problem kadrlarla bağlıdır. İKT vasitələrinin hər hansı bir sahəyə tətbiqi həm də bu vasitələrdən düzgün istifadə etməyi bacaran mütəxəssislər tələb edir. E-hökumət özü bir texnoloji sistem olduğu üçün və onun mühafizəsini, etibarlığını, dayanıqlığını və vaxtaşırı təkmilləşdirilməsini təmin edən yüksəkixtisaslı kadrların yetişdirilməsi əsas məsələlərdən biridir. Bu məsələlərin həllinə orta məktəblərdə informatika fənnindən keçirilən dərslərin sayının və keyfiyyətinin artırılması, ali təhsil məktəblərində güclü proqramçıların hazırlanması üçün İKT-nin həm texniki, həm də nəzəri problemlərini öyrədən əlavə fənlərin daxil edilməsi, xarici ölkələrin İKT ilə bağlı elmi və istehsalat müəssisələrində təhsil və staj keçmə kurslarının təşkili köməklik edə bilər. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə ABŞ, İsveç və digər ölkələrin informasiya texnologiyaları üzrə tanınmış müəssisələri ilə əldə edilmiş razılaşmaya əsasən, hazırda həmin təşkilatlarda azərbaycanlı gənclər təhsil alır və mütəxəssislər üçün vaxtaşırı ixtisasartırma kursları keçirilir.
Üçüncü problem bürokratizmin müqavimətidir. Bu problemin həlli üçün, bəzi dövlət təşkilatlarının idarəyə yönlü fəaliyyətindən vətəndaşların ehtiyac və problemlərinin həllinə yönəlmiş fəaliyyətə keçidi zəruridir. Yəni dövlət məmurları öz fəaliyyətlərində yalnız öz daxili idarə maraqlarını deyil, həm də vətəndaşların və biznesin maraqlarını nəzərə almalı, onlara hökumət xidmətlərinin istifadəçisi kimi baxmalı, özlərinə sərf etməyən hər işə maneçilik törətməməli, zəruri olmayan iş və arayış üçün onları get-gələ salmamalı, aylarla gözlətməməlidirlər. Ümumiyyətlə, bəzən idarəçiliyinin problemi ayrı-ayrı adamlarda (bürokratlarda) deyil, bürokratik sistemin özündə olur. Hamıya məlumdur ki, bəzi arayış və ya sənədləri almaq necə müşkül məsələyə çevrilir. Gərək bir ay qabaqcadan növbəyə yazılasan, növbə vaxtı çatandan sonra isə təzədən bir ay da alacağın sənədi gözləyəsən. İnformasiya əsri olan XXI əsrdə bir günlük iş üçün iki-üç ay gözləmək dövrlə heç cür uzlaşmır. Bu müddət ərzində həm vətəndaşın işi, həm də əsəbləri pozula bilər. Belə vəziyyət həm də korrupsiyaya, rüşvətxorluğa əlverişli şərait yaradır. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin «Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» 25 oktyabr 2007-ci il tarixli sərəncamına əsasən respublikamızda biznesmenlər, sahibkarlar, vergi ödəyiciləri üçün tətbiq edilən “vahid pəncərə” sistemi bürokratiyaya qarşı mübarizədə nümunəvi misal ola bilər. Əsas məlumatları bir mərkəzdə cəmləşdirən, qeydiyyat üçün lazım olan proseduraların sayını azaldan və lisenziyaları mərkəzləşdirilmiş qaydada verən bu sistem vətəndaşların məmurlardan asılılığını minimuma yendirməyə, sahibkarların işini xeyli yüngülləşdirməyə, onların vaxtına və puluna qənaət etməyə xidmət edir. Bundan əlavə dövlət başçısının tapşırığına əsasən ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, nazirliklərdə aparılan islahatlar, icra hakimiyyəti orqanlarının Mərkəzləşdirilmiş İnformasiya Təminatı Sisteminin yaradılması bürokratiyanın aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.
Dördüncü problem dövlət qulluqçularının İKT ilə işləməyə sosial-psixoloji və professional cəhətdən adaptasiyasındadır. E-hökumətdə sənəd və məlumatların kompyuterdə hazırlanması, təşkilatlar arasında əlaqələrin, yazışmaların əksəriyyətinin internet vasitəsilə həyata keçirilməsi ilə bağlı olduğu üçün məmurların informasiya texnikaları ilə işləmək bacarıqlarının olması olduqca vacib şərtdir. Artıq heç kimə sirr deyil ki, kompyuter savadı olmayan və internetdə işləməyi bacarmayan şəxsin yaxşı vəzifə tapmaq şansı sıfıra bərabərdir. Hətta Rusiyada dövlət başçısı tərəfindən kompyuterdə işləməyi bacarmayan vəzifəli şəxslərin işdən azad edilməsi barədə təklif irəli sürülmüşdür. Çünki, informasiya texnikasından istifadə edə bilməyən, informasiyalaşdırma proseslərinin mahiyyətini baş düşməyən məmur, bu proseslərdə öz rolunu da çətin ki, başa düşə bilər. Belə məmurlar ya innovasiyanı qəbul edib, onların aktiv tətbiqinə çalışmalı, ya da ki, öz yerlərini innovativ ideyaları dərk edən daha perspektivli kadrlara verməlidirlər.
Beşinci problem vətəndaş iştirakının zəif olmasıdır. Hər bir vətəndaş imkan dərəcəsində yaşadığı ölkənin həyatında aktivlik göstərməlidir. Dövlət hiss etməlidir ki, vətəndaşlar hökumətin fəaliyyətini izləyir, onunla maraqlanır, dövlətə inanır və ona böyük ümidlər bağlayır. E-hökumət özü vətəndaşların marağına, onların həyatının yaxşılaşdırılmasına hesablanmış, eyni zamanda hələ tam sınaqdan çıxmamış bir qədər yeni mexanizmdir. Hər yeni sistemin, mexanizmin, proqramın mənfi və müsbət cəhətləri isə onlardan istifadə prosesində daha aydın üzə çıxır. Çünki, ən mükəmməl hesab edilən sistem istifadə zamanı gözlənilməz çatlar verə bilər. Bir çox müəlliflər öz məhsulları barədə, onlardan istifadə edənlərdən öz rəy və təkliflərini verməyi xahiş edirlər və onların əsasında həmin məhsulları daha da təkmilləşdirirlər. Əgər vətəndaşlar aktivlik göstərib dövlət qurumlarının e-hökumət xidmətlərindən daima istifadə etsələr, öz rəy və təkliflərini həmin təşkilatlara bildirsələr, əlbəttə ki, bu qeydlər nəzərə alınar, onların əsasında e-hökumət sistemində təkmilləşdirilmə işləri daha səmərəli aparılar. Yox əgər vətəndaşlar e-hökumətə biganəlik göstərsə, onun xidmətlərindən istifadə etməsə, onda bu sistem öz əhəmiyyətini itirər və iflasa uğrayar. Bu problemin həlli üçün hökumət öz növbəsində vətəndaş iştirakının stimullaşdırılmasına səy göstərməli, informasiya cəmiyyətinin üstünlüklərini əhaliyə çatdıran tədbirlər həyata keçirməli və müxtəlif layihələr hazırlananda vətəndaşların mənafeyini nəzərə almalıdır. RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin respublika səviyyəsində birgə keçirdikləri “İnformasiya cəmiyyətinin jurnalisti” müsabiqəsi, İctimai TV-də hər həftə yayımlanan, RİTN-nin dəstəyi ilə keçirilən “Virtual rinq” intellektual oyunu, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun təşkil etdiyi “İnformasiya cəmiyyəti” televiziya proqramı kimi digər tədbirlərin həyata keçirilməsi informasiya cəmiyyəti inkişafının stimullaşdırılmasında, əhalinin, xüsusən gənclərin maarifləndirilməsində, onların İKT ilə bağlı biliklərinin artırılmasında, vətəndaşların e-hökumət quruculuğunda iştirakının aktivləşdirilməsində mühüm rol oynaya bilər.
Altıncı problem dövriyyədə və arxivdə olan sənədlərin kağız üzərindən elektron şəklinə salınması, onlara hüquqi statusun verilməsi, verilənlər bazasının yaradılması, hər təşkilatın özünün “elektron imzasının” təsdiq edilməsi və tanınmasıdır. Baxmayaraq ki, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib, Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi qaydaları təsdiq edilib və bir sıra digər tədbirlər həyata keçirilib, hələ ki, bu mexanizm tam qüvvəsi ilə işə düşməyib. Bunlardan əlavə ümumi, məxfi, idarələrarası, mütəxəssislər, məhkəmə və hüquq orqanları üçün nəzərdə tutulmuş sənədlər müəyyənləşdirilməli, onların istifadəyə verilmə qaydaları dəqiqləşdirilməlidir. Bununla da vətəndaşlar üçün ən böyük problemlərdən biri olan dövlət idarələrindən sənəd alınması prosesini xeyli yüngülləşdirmək olar.
Yeddinci problem informasiya təhlükəsizliyinin təmin edilməsidir. Respublikamızda dövlət qurumlarının informasiya sistemləri formalaşdıqca, verilənlər bazası yaradıldıqca onların təhlükəsizliyini təmin etmək, hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyinin əsas şərtlərindən biridir. Dövlət informasiyasının təhlükəsizliyi və məxfiliyi fiziki, texniki, təşkilati, struktur, həmçinin heyəti seçimlə və digər təhlükəsizlik tədbirləri ilə təmin edilməlidir. Xüsusi informasiyalar müvafiq olaraq iş ehtiyacı, qanunverici və siyasi tələbatlarla əlaqədar yalnız qeydiyyata alınmış təşkilatlar və istifadəçilər üçün açıq olmalıdır. Xüsusi informasiyalara giriş şərtləri müəyyənləşdirilməli və onlara icazə yalnız bu şərtlərə uyğunluq yoxlanıldıqdan sonra müstəqil komissiya tərəfindən verilməlidir. Hər elektron mübadilə olunan xüsusi informasiyanın sonradan qanunsuz istifadə olunduğu halda onun kim tərəfindən və nə vaxt alındığını müəyyənləşdirmək üçün onların mütləq qeydiyyatı aparılmalıdır. Bunlardan əlavə dövlət əhəmiyyətli məlumatların şəbəkə vasitəsilə düşmən qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər. Belə mənfi fəsadların baş verməməsi və qarşısının vaxtında alınması üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir tipli müdafiə sistemləri quraşdırılmalı, internet saytları xüsusi filtrlərdən keçirilməli, xalqımızın milli və mənəvi dəyərlərinə zidd saytlar bloklanmalıdır. Belə təhlükələrin qarşısının alınması beynəlxalq səviyyədə də birgə tədbirlərin görülməsini tələb edir. Avropa Şurasının 2001-ci ildə qəbul etdiyi “Kibercinayətkarlıq haqqında Konvensiya”, 2003-cü ildə isə kompyuter informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə olunan protokol məhz dövlətlərin informasiya təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan da 2008-ci il həmin Konvensiyaya qoşulmağa dair sənəd imzalamışdır.
Səkkizinci problem informasiya bərabərsizliyidir. İnternet şəbəkəsinin regionlar üzrə bərabər yayılmaması, rayonlarda, ucqar kəndlərdə internet şəbəkəsinin iri şəhərlərə nisbətən zəif inkişaf etdirilməsi, orda yaşayan əhalinin qlobal şəbəkənin geniş imkanlarından tam yaralanmağa imkan vermir. Elektron hökumətin əsas prinsiplərindən biri vətəndaşlara ölkənin hər nöqtəsindən internetə girişi təmin etməkdir. Ona görə də bütün respublika ərazisinin informasiya infrastrukturunun inkişaf etdirilməsi, internet provayderlərə, serverlərə hər bölgədə xidmət göstərməyə əlverişli şəraitin yaradılması informasiya bərabərsizliyini aradan qaldırılmasında əsas rol oynaya bilər. Qeyd edək ki, informasiya bərabərsizliyi problemi o qədər ciddidir ki, BMT onu yoxsulluqla mübarizə kontekstində həll edir. Çünki, yoxsul adamın pulu yalnız yemək içməyinə güclə çatdığı üçün, onun istədiyi digər şeyləri, o cümlədən İKT vasitələri almağa və internetdən istifadə etməyə imkanı olmur. Ona görə də yoxsulluğun azaldılması elə rəqəmli bərabərsizliyin də aradan götürülməsinə səbəb ola bilər. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilmiş respublikamızda yoxsulluğun azaldılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və yuxarıda adı çəkilən təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramları ölkəmizdə informasiya bərabərsizliyinin aradan qaldırılmasında çox mühüm əhəmiyyətə malikdir. Bu işdə internetdən istifadə qiymətlərinin aşağı salınması və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan “Xalq kompyuter” layihəsi də mühüm rol oynaya bilər. Respublika ərazisinin hər yerində informasiya bərabərsizliyinin aradan götürülməsi həm də kəndlərdən şəhərə kompyuter biliyi tələb edən işlər axtarmaq məqsədilə gələn insan axınının qarşısını müəyyən mənada ala bilər.
Yuxarıda göstərilənlərdən əlavə, onlardan da daha böyük bir problem olan ermənilərin torpaqlarımıza təcavüz etməsi, bir milyondan çox azərbaycanlının qaçqın və köçkün düşməsi, ölkəmizin bir hissəsinin işğal altında olması e-hökumət şəbəkəsinin bütün respublika ərazisinə tam tətbiq etməyə imkan vermir. Göründüyü kimi problemlər az deyil, ancaq bu problemlərin hamısını birdən həll etmək də qeyri-mümkündür. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycanda e-hökumət sistemi işə salınıb, hazırda əsas məsələ odur ki, o daha da inkişaf etdirilsin, yuxarıda qeyd olunan və digər mümkün problemlər isə dövlətimizin siyasi-iqtisadi gücü və beynəlxalq aləmdə qazandığı böyük nüfuzun hesabına tədricən öz müsbət həllini tapacaq.
Dünya təcrübəsi göstərir ki, hansı ölkələr ki, informasiya texnologiyalarının inkişafı, tətbiqi və istifadəsi sahəsində irəlidə gedir, həmin ölkələrdə iqtisadi artım, əhalinin əmək məhsuldarlığı, həyat və yaşayış səviyyəsi də yüksəkdir. Ona görə də respublikamızda bütün fəaliyyət sahələrində İKT-nin geniş tətbiqi dövlət orqanlarında işin keyfiyyətinin və şəffaflığının artırılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılmasına xidmət etməklə bərabər, həm də ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyasına, respublikamızın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişləndirilməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə şərait yaradacaq və Azərbaycan bütün dünyana qarşısında həqiqətən vətəndaşların konstitusiya hüquqlarını gerçəkləşdirən demokratik bir məkan olduğunu bir daha sübut edəcək.
Vüqar Haqverdiyev
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti
Elmi-Təşkilat Şöbəsinin rəis müavini
İş telefonu: 492-65-31
Ev telefonu:471-43-98
Mobil: 050 6112142
e-mail: hagverdiev@box.az
Dostları ilə paylaş: |