ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə23/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

DOST NASİR BƏYİN ÖLÜMÜ
Çərşənbə axşamı günü, ayın beşində [=6 aprel], yolda (234 a) şiddətli bir qızdırmaya tutulmuş olan Dost [Nasır] bəy Allahın rəhmətinə qovuşdu . Buna çox mütəəssir oldum. Dost bəyin nəşini Qəznəyə götürüb Sultan-röv­zəsinin qapısı önünə gömdülər.

Dost bəy çox yaxşı bir igid idi. Bəylikdə hələ yüksəlirdi. Bəy­liyindən öncə içkilik zamanı bir neçə dəfə böyük şücaət göstərmişdi. Bun­lardan biri budur: bir dəfə Əndicandan bir ağaclıq məsafədə yerləşən Ribati-Zövrəqə Sultan Əhməd Tənbəl bir gecə basqın edəndə mən on-on beş nə­fər­lə ona qar­şı yürüyüb axınçı­larını geri oturdaraq mərkəzə çatanda Tənbəl ora­da yü­zə yaxın adamı ilə dururdu. O zaman mənim yanımda üç adam qal­mış­dı. On­lardan biri Dost Nasir, biri Mirzəqulu Göyəldaş, biri də Kərim­dad idi. Mən yalnız yayımı almışdım. Tənbəl də bir adamıyla birlikdə səf­dən bir az irəlidə dururdu. Tənbəl ilə qarşı-qarşıya gəldim. Dəbilqəsinə bir ox vurdum, bir ox da atdım. Bu ox onun qalxanıyla oxdanını dəlib bir-birinə tikdi. Bu­du­ma bir ox isabət etdirdilər. Tənbəl də qılıncıyla başıma vurdu. Başımda də­bilqə vardı və qəribədir ki, tək bir teli belə qırılma­dı, lakin başımda dərin bir yara açıldı. Heç kimdən yardım gəlmədi və yanımda da heç kim qal­madı. Məcbur olaraq atın başını çevirdim. Məndən bir az arxada Dost bəy vardı və məndən sonra o vuruşdu.

Bir də Axsidən (234 b) çıxdığımız vaxt Baqi Hız ilə qılıncla vuruşdu. Ona hız [ibnə, oğlan] deyirlər, lakin qılıncına çox hakimdi. Axsidən çı­xar­kən yanımda səkkiz adamla tək başıma qaldığım zaman da Dost bəy mə­nimlə birlikdəydi və atı vurulan üçüncü adam o idi.

Bəy olduqdan sonra Süyünçük xan sultanlarla birlikdə gəlib Daşkənd­də Əhməd Qasımı [Kuhbər] mühasirə edəndə onları məğlub edib içəriyə gir­di. Mühasirə zamanı da yaxşı çarpışdı. Əhməd Qasım bunlara xəbər ver­mə­dən şəhəri buraxıb çıxanda xanları və sultanları məğlub edib Daşkənddən çıx­mağı bacardı.

Sonra Şirim Tağayi, Məzid Tağayi və onların yanındakılar düşmən ol­duqları zaman Qəznədən iki-üç yüz adamla sürətlə gələrkən bu moğollar üç- dörd yüz yaxşı igidi ona qarşı göndərdilər. Şirukan civarında önünə çıxan­ları möhkəm məğlub edib bir çox adamını atdan salaraq bir çoxunun da ba­şı­nı kəsib gətirdi.

Bəcur kurqanında da Dost bəyin adamları hər kəsdən daha öncə yeti­şərək divara çıxdılar. Piralədə də Dost bəy irəlilədi, Hatiyi məğlub edib qa­çırt­dı və Piralə zəbt edildi.

Dost bəyin ölümündən sonra onun vilayətini kiçık qardaşı Mirim Na­sirə əta etdim.

Cümə günü rəbilülaxır ayının səkkizində [=9 aprel] kurqandan çarba­ğa çıxdım. Çərşənbə axşamı günü, ayın on ikisində [=13 aprel] Sultan Hü­seyn Mirzənin böyük qızı, Məhəmməd Sultan Mirzənin anası Sultanım bə­yim Kabilə gəldi. O, iğtişaş zamanı Xarəzmə getmişdi. Yolbars (235 a) Sul­tanın kiçık qardaşı İsənqulu Sultan bu bəyimin qızını almışdı. İqamət olaraq ona Baği-Xəlvət təyin edildi. Bağa yerləşdikdən sonra gedib onu gör­düm. Böyük bacı olduğu üçün yükündüm. O da yükündü. Yeriyib orta bir yer­də gö­rüşdük. Bundan sonra daima bu üsula riayət etdik.

Bazar günü, ayın on yedisində [=18 aprel] uzun bir müddətdən bəri həbsdə olan nankor Baba Şeyxin günahını bağışlayaraq həbsdən çıxardım və ona xələt ehsan etdim.

Çərşənbə axşamı günü, ayın on doqquzunda [=20 aprel] günortaya doğru Xoca-Seyaran tərəfinə hərəkət etdilm. O gün oruc tutmuşdum. Yunus Əli və digərləri buna təəccüb edərək «Çərşənbə axşamı günü gəzməyə çıx­maq və oruclu olmaq çox qəribədir» dedilər. Bihzadiyə gəlib qazısı evinə en­dik. Gecə bir məclis düzəldi. Qazı «Mənim evində belə şey­lər olmamışdır, lakin padşah hakim­dir» deyə bıldirdi. Məclis ərbabı hazırlanmış ol­duğu hal­da, qazının xatiri üçün süfrəyə içki qoyulmadı.

Çərşənbə günü Xoca-Seyarana getdim.

Cümə axşamı günü, ayın iyirmi birində [=22 aprel] bağ saldırmış ol­duğum dağın çıxıntısına böyük bir yuvarlaq taxt tikdirdim.

Cümə günü körpüdən sala mindik. Ovçuların evlərinin qarşısına gə­lən­də ovçular tutduqları ding deyilən quşu gətirdilər. Bundan öncə ding gör­məmişdim. (235 b) Görünüşü qəribə bir quşdur. Hindistan heyvanla­rın­dan bəhs edəndə onun haqqında məlumat veriləcək.

Şənbə günü, ayın iyirmi üçündə [=24 aprel] bu yuvarlaq taxtın üs­tü­nə çinar budağı və söyüd əkildi. Günorta içki söhbəti quruldu. Səhər vax­tı bu yeni taxtın üstündə səbuhi keçirdik. Günortadan sonra atlara minib Ka­bilə hərəkət etdik. Xoca-Həsənə gələndə bir müd­dət sərxoş yatıb uyuduq. Xo­ca-Həsəndən hərəkət edib gecə yarısı çarbağa gəldik.

Xoca-Həsəndə ikən Abdullah [Kitabdar] sərxoş bir şəkildə özünü pal­tarlı suya atmışdı. Bir az gec hərəkət etdiyi üçün soyuqdan üşüyərək bizimlə gələməyib gecəni Qutlu Xocanın [Göyəldaş] malikanəsində keçirib sabah, keçən gü­nün ifrat sərxoşluğundan dərs alaraq tövbə edib gəldi. «İndilik bu tövbəyə əməl edib-etməməyi özün bilərsən, barı mənim məclisimdən başqa bir yerdə içməməyə tövbə et» dedim. Qəbul etdi və bir neçə ay buna əməl elə­di, amma sonra dözə bilmədi.

Bazar ertəsi, ayın iyirmi beşində Bxirədə və ətraf vilayətlərdə asayiş yaratması ümidiylə orada qoyduğumuz Hindu bəy yanıma gəldi. Biz oradan qayıdan kimi bir çox əfqan və hindistanlı toplaşıb sülh və barışıq haqqında sözləri heçə sayaraq, bizə və sözlərimizə aldırmadan Bxirəyə Hindu bəyin üs­tünə yürümüşlər. Yerli əhali də əfqanlarm tərəfinə keçmiş, Hindu bəy də Bxirədə qalma bilməyərək Hoşaba gedib Dinqut vilayətindən Nilaba, oradan da (236 a) Kabilə gəldi. Siktunun oğlu Divə Hindunu və digər bir hindusu da Bxirədən zəncirə vuraraq gətirtmişdi. Onlar bəzi şeylər verib azad oldu­lar. Bu hinduslara at və paltar əta olunaraq getmələrinə izin verildi.

Cümə günü, ayın iyirmi doqquzunda [=30 aprel] məni qızdırma tutdu. Qan aldırdım. Gün aşırı, bəzən iki, bəzən də üç gündə bir hərarət gəlirdi. Hər hərarət gələndə tərləyirdim. On-on iki gün sonra Molla Haceki nərgizlə qarışdırılmış şərab verdi. Bir-iki dəfə içdim, bir xeyri dəymədi.

Bazar günü, cəmadiyüləvvəl ayının on beşində [=15 may] Xoca Mə­həm­məd Əli [Tağayi] Hastdan gəldi. Bir yəhərli at hədiyyə edib cizyə olaraq ağ axça da gətirdi. Məhəmməd Şərif Münəccim və Hast mirzələri də Xoca Məhəmməd Əli ilə birlikdə gəlib mülazimət etdilər.

Bazar ertəsi günü Molla Kəbir Kaşğardan gəldi. Məlik Şah Mansur Yusif-zeyi Yusif-zeyinin böyüklərindən altı-yeddi adamla birlikdə Sevad­dan gəlib mülazimət etdi.

Bazar ertəsi günü, cəmadiyülaxırın ilk günündə [=31 may] Şah Man­surun başçılı­ğı altında gələn Yusif-zeyi əfqanlarının böyüklərinə xələtlər gey­dirildi. Şah Mansura zireh və düyməsi ilə bir ipək paltar, birinə yeləkli ipək paltar, digər altı adama isə ipək paltar geydirib getmələri üçün izin ver­dik. Əbuhədən yuxarı Sevad vilayətinə müdaxilə etməmələri, bütün rəiyyət­ləri (236 b) aralarından çıxarmaları, Bəcur və Sevadda əkinçi əfqanlarm di­vana altı min eşşək yü­kü azuqə vermələri qərarlaşdırıldı.

Çərşənbə günü, ayın üçündə [=2 iyun] müshil içdim. Sonra təkrar iki gün müshil içdim.

Şənbə günü, ayın altısında qəbz dərmanı içdim.

Bazar ertəsi günü, ayın səkkizində [=7 iyun] Xəlifənin böyük qızına Qasım bəyin kiçık oğlu Həmzənin toy hədiyyəsi gəldi; min şahruhiydi. Bir də yəhərli at hədiyyə etdi.

Çərşənbə axşamı günü Şah Həsən Bəy şərab söhbətinə izin istəyib baş­da Xoca Məhəmməd Əli [Tağayi] olmaq üzərə bəzi bəyləri və içkiləri öz evinə apardı. Yunus Əli və Gədai Tağayi mənim yanımda qaldılar. Mən hə­lə şəraba pəhrizli idim. Mənim ağlım basım­da ikən başqalarının içdiyini və mən ayıq olduğum halda bir qisminin sərxoş ol­duğunu heç görməmiş­dim. «Gəlin, mənim yanımda üçün, bir az baxım. Ağlı başında olanlarla sərxoş­la­rın bir-birilə necə rəftar etdiklərini görüm» dedim. Çarbağın qapısında tik­dir­diyim rəsm salonunun cənub-şərqində bir az kiçık və bəmbəyaz bir çadır qurulmuşdu, bəzən orada otururdum. Məclis orada quruldu. Sonra Masqara Qiyas da gəldi. Bir neçə dəfə zarafatla məclisdən çıxarılmasını əmr etdim. Axırda səs-küy salıb masqaralıqla məclisə daxil oldu. Turdu Məhəmməd Qıp­­çaq ilə Molla Kitabdarı da məclisə çağırdıq. Şah Həsənlə (237 a) onun evindəki məclisdə olanlara bədahətən söylənən bu rübaini yazıb göndərdim:

Əhbab ki, bəzmində gülüstan xasdır,

Bilməm, varmı bəzmində bizə dəstur,

Gər sərdə hüzur birlə cəmiyyət var,

Yüz şükür, bu cəm bihüzur ərməsdir.

Bu rübaini İbrahim Çöhrə vasitəsilə göndərdim. Günortadan sonra bu məclisdəkilər sərxoş olub dağıldılar.

Bu xəstəlik zamanı məni təxti-rəvanla əldə daşıyaraq aparırdılar. Bir neçə gün öncə qarışıq şərab içmişdim, amma bir faydası olmadığı üçün artıq içmırdım. Xəstəliyin axırına doğru talvarlı bağın cənub-qərb yönündə alma ağacı dibində bir məclis düzəldib qarışıq şərab içdim.

Cümə günü, ayın on ikisində [=11 iyun] Bəcurda köməkçi olaraq qoy­duğum Əhməd bəy [Yusif Oğlaqçı] ilə Sultan Məhəmməd Dulday gəldi.

Çərşənbə günü, ayın on yeddisində [=16 iyun] Heydər Tağının bağın­da Tanrıverdi bəzi bəylərə və igidlərə ziyafət verirdi. Mən də o məclisə ge­dib içdim. Yatsı vaxtında oradan qalxıb gəldik və böyük ağ çadırda da içdik.

Cümə axşamı günü, ayın iyirmi beşində [=24 iyun] Molla Mahmudun yanında fıqh dərsi oxunmasına qərar verildi.

Çərşənbə axşamı günü, ayın sonuncu günündə Əbu Müslim Göyəldaş, Şah Şüca Arğunun hüzurundan elçi olaraq gəldi və hədiyyə olaraq cins bir at gətirdi. O gün Yusif Əli Riqabdar Çinar-Bağdakı hovuzda üzərək qulac atıb yüz dəfə dövrə vurdu. Bir dəst paltar, yəhərli bir at və ağ axça ehsan et­dim.

Çərşənbə günü, rəcəb ayının səkkizində [=6 iyul] Şah Həsənin evinə (237 b) gedib içdim. Bəylərin və içkilərin çoxusu orada idi.

Şənbə günü ayın on birində [=9 iyul] məclis vardı, ikindi ilə axşam ara­­sında böyük göyərçinxananın damının üstünə çıxaraq içdik. Bir az gec vaxtda bir neçə atlı Dih-əfqan yolundan şəhərə doğru keçirdi. Araşdırıldı. Dərviş Məhəmməd Sarban imiş, Mirzə xanın [Sultan Veys] hüzurundan elçi olaraq gəlirmiş. Dam üzərindən çağırdıq və «Mərasimlə elçilik eləməyi bu­rax və dərhal gəl» dedik. Dərviş Məhəmməd gəlib söhbətdə oturdu. O za­man tövbəli olduğu üçün iç­mirdi. Sabaha qədər orada içdik. Ertəsi gün mən di­vanda oturanda isə mərasimlə və üsula uyğun olaraq gəlib Mirzə xanın gön­dərdiyi hədiyyələri təqdim etdi.

Keçən il min cür çətinlik və dərd-bəla ilə o tərəfdəki bütün aymaqları Kabilə köçürmüşdük. Kabil dar bir yerdir. Aymaqların və türklərin heyvan­la­rına asanlıqla qışlaq və yaylaq tapılmır. Köçəri xalqı öz xoşuna qoysan heç bir zaman Kabili istəməz. Onlar Qasım bəyə müraciət edərək o tərəfə keç­mək üçün onu minnətçi saldılar. Qasım bəy çox israr etdi və axırda ay­maqlara Qunduz və Bağlan tərəfinə keçmək üçün izin aldı.

Hafiz Mir Katibin böyük qardaşı Səmərqənddən gəlmişdi. Səmər­qən­də getməsinə izin verib Polad Sultana divanımı göndərdim. Divanın arxa­sı­na yalnız bu qi­əni yazdım: (238 a)

Ol sərvin hərəminə gər yetsən, ey səba,

Vergil bu hicr xəstəsindən yad könlünə.

Rəhm eyləyib yad qılmadı Baburu, var ümid,

Sala xuda rəhmi polad könlünə.

Cümə günü, ayın on yeddisində [=15 iyul] Şah Məzid Göyəldaş Mə­həmməd Za­man Mirzənin adından cizyə və hədiyyə olaraq bir at gətirib sə­da­qətini bildirdi. O gün Şah bəyin elçisi Əbu Müslim Göyəldaşa xələt gey­dirlib ehsanlarda bulunularaq getməsinə izin verdim. Xoca Məhəmməd Əli [Tağayi] ilə Tanrıverdiyə də vilayətləri olan Hast ilə Əndəraba getmələrinə o gün izin verildi.

Cümə axşamı, ayın iyirmi üçündə [=21 iyul] Keçə-Qut və Qarluq ci­va­rında qoyaraq o vilayətlərin məsuliyyətini tapşırdığımız Məhəmməd Əli Cəng-Cəng Mirzə Məlvi Qarluqun oğlu Şah Həsən və Hatinin bir adamıyla birlikdə gəldi. O gün köçünü gətirmək üçün Səmərqəndə gedən Molla Əlixan da gəlib bizə qoşuldu.


ƏBDÜRRƏHMAN ƏFQANLARININ ÜSTÜNƏ AXIN
Əbdürrəhman əfqanları Gərdiz sərhəddində yaşayırdılar. Vergi ver­mək­dən və özlərini yaxşı aparmaqdan uzaqdılar. Gedən və gələn karvanlar da onlardan zərər görürdü. Çərşənbə günü, rəcəb ayının iyirmi doqquzunda [=27 iyul] bu əfqanlara axın etmək için hərəkətə keçdik. Təngi-Vağcan ci­varında enib yemək yedik və günortadan bir az sonra oradan hərəkət etdik.

Gecə vaxtı yolu itirərək Pəncab-Şahnənin cənub-şərqindəki təpə və ova­lar­da xeyli avara (238 b) olduq. Bir müddət sonra təkrar yolu taparaq Çeş­­meyi-Pərə keçi­dindən aşıb Gərdiz tərəfinə baxan dərədən çıxdıq və sa­bah vaxtında düzlüyə çatıb axınçılar göndərdik.

Əsgərin bir qismi Gərdizin cənub-şərqində yerləşən Kirmas dağı tərə­finə axın etdi. Axınçıların arxasına Xosrov [Göyəldaş], Mirzəqulu [Göyəl­daş] və Seyid Əli komandanlığında olan mərkəzin sağ qolu göndərildi. Əs­gərin böyük hissəsi isə Gərdizin şərq tərəfinə, dərənin yuxarısına doğru axın etdi. Bu axınçıların arxa­sından da Seyid Qasım eşik-ağa, Mirşah Koçin, Qi­yam bəy Orduşah, Hindu bəy, Qutlu Qədəm və Hüseyn ko­mandanlığındakı əsgərlər göndərildi.

Əsgərin böyük hissəsi dərənin yuxarısına doğru axın etdiyi üçün geri qalanları göndərdikdən sonra mən də onların arxasından getdim. Bu dərənin yuxarı tərəfindəki əhali uzaqda iymiş. Oraya gedən əsgərlərin atı qüvvədən düşdü. Əsgərin əlinə ciddi bir şey keçmədi. Qırx-əlliyə qədər əfqan piyada­sı düzənlikdə göründü. Bu əsgərin arxasından gedənlər onlara doğru hücum edərək mənə adam göndərib xəbər verdilər. Mən də daha sürətlə çapdım.

Mən gələnə qədər Hüseyn Həsən heç bir şeyi hesablamadan tək başına əfqanların içinə girib qılıncını çəkəndə atını oxla vurmuşlar, qalxan kimi də ayağını kəsərək yıxmışlar. Hər tərəfdən bıçaqlaya­raq parça-parça et­mişlər. Bu arada da bizim igidlər sadəcə qarşıdan ba­xıb köməyə gedə bilməmişlər. Bu xəbər gəlincə Gədai Tağayi, Payəndə Mə­həm­məd (239a) Qaplan, Əbül­həsən Qurçu və Mömin Atəkə komandanlığında olan igidləri dördnala irəli göndərib özüm də sürətlə irəlilədim.

Hamısından əvvəl Mömin Atəkə bir əfqanı nizə ilə yıxıb başını kəsib gə­tirdi. Əbülhəsən Qurçu da zirehsız olduğu halda yaxşı hərəkət edib əfqan­ların önünü kəsərək atını sürdü və bir əfqanı vurub başını kəsib gətirdi. Özü üç yerindən, atı da bir yerindən yaralanmışdı. Payəndə Məhəmməd Qaplan da yaxşı hərəkət edib bir əfqanı qılıncla vuraraq başını kəsib gətirdi. Gərçi Əbülhəsən ilə Payəndə Məhəmməd Qaplanın igidlikləri bundan öncə də mə­lum idi, bu dəfə isə hünərlərini da­ha artıq göstərdilər. Bu qırx-əlli əfqanın ha­mısı ox və qılıncla parçalandı. Bunlar kəsildikdən sonra bir otluğa enib bu əfqanların başından bir minarə qurulmasını əmr etdim.

Yolda gələrkən Hüseyn ilə birlikdə olan bəylər gəldilər. Sərt və qəzəb­lə danışaraq belə dedim: «Bu qədər adam qarşıdan baxa-baxa dümdüz bir yer­də belə bir igidi bir neçə piyada əfqana necə qapdırırsınız. Sizin hamını­zın rütbələrini və imti­yazlarını, əlinizdəki pərgənə və vilayətləri alıb saqqal­la­­rı­nızı qırxaraq sizi şəhərlərdə gəzdirmək lazımdır, ta ki hamı belə bir igi­di düşmənin əlində qoyan və dümdüz bir yerdə əlləri qoynunda (239b) durub baxanların cəzasının nə olduğunu bilsin».

Kirmaş tərəfinə gedən əsgər qoyun və qənimət alıb gəldi. Baba Qaşqa Moğol da Kirmaş tərəfinə gedən əsgərlərlə birlikdə getmişdi. Bir əfqan onu qılıncla vurmaq istəyəndə Baba Qaşqa daha cəld tərpənərək oxunu çəkmiş və bu əfqanı vurub yıx­mışdı.

Sabah tezdən qalxıb Kabilə doğru atlandıq. Məhəmməd Bəxşi, Əbdül­əziz Miraxur və Mir Xurd Bəkavula Çeşmeyi-Pərədə qalıb xalqdan qırqovul yığmaları əmr edildi. Mən də bir neçə adamla birlikdə hələ görməmiş oldu­ğum Meydani-Rüstəm yoluyla getdim.

Meydani-Rüstəm dağların arasında yerləşir və dağın təpəsinə yaxın bir yer­dədir. O qədər səfalı bir yer deyildir. İki dağın arasında bir az geniş dərə­­si, cənub tərəfində təpənin ətəyində bir az kiçık bir çeşməsi və böyük-böyük qovaq ağacları vardır. Bu Meydani-Rüstəmin Gərdiz tərəfinə çıxan yolunda da çeşmələr və ağaclardan xeyli var, lakin ağacları bir az daha kiçıkdir. Düz­dür, dərəsi bir az dardır, lakin bu ağacların dibi yamyaşıl gözəl çayırlardır və olduqca səfalı bir dərədir.

Meydani-Rüstəmin cənub tərəfindəki dağa çıxdıq, oradan Kirmaş və Bəngəş dağları ayaq altındakı kimi görünürdu. Kirmaş dağlarının o yanında mövsüm yağışı buludları tək-tük görünürdu. (240 a) Mövsüm yağışı olma­yan bu vilayətlərdə isə bulud heç görünmürdu.

Günorta vaxtında Huniyə gəlib endik. Ertəsi gün Məhəmməd ağa kən­di­nin civarına enib məcun yedik və suya balıq otu atıb bir az balıq tutduq.

Bazar günü, şaban ayının üçündə [=31 iyul] Kabilə gəldik.

Çərşənbə axşamı günü, ayın beşində [=2 avqust] Dərviş Məhəmməd Fəzli ilə Xos­rovun [Göyəldaş] nökərini çağıraraq Hüseyn yaxalandığı za­man­kı alçaqlıq­larının səbəbini soruşub rütbə və imtiyazlarını əllərindən al­dıq. Günorta üstü çinar dibində içki məclisi quruldu. Baba Qaşqa Moğola xə­­lət ehsan edildi.

Cümə günü, ayın səkkizində [=5 avqust] Mirzə xanın [Sultan Veys] yanına getmiş olan Kibək gəldi.

Cümə axşamı günü, ikindi vaxtı Xoca-Seyaran, Baran və Damən-Kuh tə­rəf­lərini seyr etmək üçün getdim. Yatsı vaxtında Mama-xatuna endim.

Ertəsi gün İstalifə gəlib endik. O gün məcun yedik.

Şənbə günü İstafildə içki məclisi quruldu.

Sabah İstafildən hərəkət edib Sincid-dərə arasından keçib Xoca-Se­ya­ranın yaxınına gələndə yoğunluğu bilək qədər və uzunluğu bir qulac olan bö­yük bir ilan öldürüldü. Bu ilanın içindən ondan bir az incə başqa bir ilan çıxdı. Hər halda qısa bir zaman öncə udmuş olmalı, bütün orqanları tamam­dı. İncə ilan o böyük ilandan bir az qısa idi (240 b). Bu incə ilanın içindən də böyük bir siçan çıxdı; o da tamdı və hələ heç bir yerinə zərər gəlməmişdi.

Xoca-Seyarana gəlib içki məclisi qurduq. O gün Kiçkinə Tünqatar va­sitəsilə digər tərəfdəki bəylərə əsgərin toplanacağı yer müəyyənləşdirilərək ordunun hərəkətə keçəcəyi bildirildi və təyin olunan yerə vaxtında gəlib çatmaları əmr edilərək fərmanlar göndərildi.

Sabah hərəkətə keçib məcun yedik və Pərvan çayının qovuşduğu yerə gedib o ci­vardakı əhalinin üsulu ilə Pərvan çayına balıq otu ataraq bir çox balıq tutduq. Mir-Şah bəy bizi yedirib içirdi.

Buradan atlanaraq Gülbahara getdik. Axşamdan sonra içki məclisi qu­ruldu. Bu söhbətlərdə Dərviş Məhəmməd Sarban da vardı. Gərçi igid və si­pa­hiydi, lakin içki içmirdi, tövbəliydi. Qutlu Xoca Göyəldaş uzun zamandan bəri sipahiliyi tərk edib dərviş olmuşdu. Yaşı da xeyli çoxalmış, saqqalı ağ­appaq olmuşdu. Lakin bu hərif bu söhbətlərdə daima içirdi. Dərviş Məhəm­mədə belə dedim: «Qutlu Xocanın saqqalından utan, özü dərviş, ixtiyar və ağ saqqallı oldu­ğu halda daim içki içir. Sənsə sipahi, igid və simsiyah saq­qallı olduğun halda heç bir zaman içmirsən. Bunun səbəbi nədir?» İçməyən adama içki təklif etmək mənim adətim və üsulum deyildi. Beləcə bir zarafat etdik və ona içki təklif etmədik. Sabah səbuhi məclisi keçirdik.

Çərşənbə (24l a) günü Gülbahardan hərəkət etdik. Əbun kəndinə enib yemək ye­dikdən sonra təkrar atlanaraq Bağati-xuma gedib düşərgə qurduq. Günortadan sonra içki söhbəti təşkil etdik.

Ertəsi gün oradan hərəkət edərək Xoca Hand Səidin məzarını ziyarət edib dönərək Çinə kurqanı yanından sala mindik. Pənchir çayının qarışdığı yerdə sal da­ğın çıxıntısına çarpdı və az qalsın batırdı. Ruhdəm, Tanrqulu və Mir Məhəmməd Caləban salın qayaya çarpması nəticəsində suya düşdülər. Ruhdəm ilə Tanrıqulunu zorla çəkib təkrar sala çıxardılar. Çini qədəhim, bir qaşıq və çalğı da suya düşdü. Oradan keçib Səngi-Bəndə doğrusuna gələndə sal suyun ortasındakı bir budağa, ya da bənd üçün çaxılmış bir qazığa çarp­dı. Şah Şüca bəyin oğlu Şah Həsən [Arğun] arxası üstə düşdü və Mirzəqulu Göyəldaşı da özü ilə birlikdə götürdü. Dərviş Məhəmməd Sarban da suya düşdü. Mirzəqulu yaxşı hərəkət etdi, yıxılanda əlində qovun kəsməkdə ol­du­ğu bıçağı sala döşənmiş həsirə sapladı, amma yenə də suya yıxıldı. Mirzə­qulu sala gəlmədən paltarlı şəkildə üzüb çıxdı. Saldan çıxıb o axşam salçı­ların evində qonaq olduq. Dərviş Məhəmməd mənə suya düşən yeddi rəngli qədəhin eynisi olan başqa bir qədəh hədiyyə etdi.

Cümə günü çayın sahilindən hərəkət etdik. İnçkədən aşağıda olan Ku­hi-Beçənin təpəsinə enib öz əlimizlə (241 b) xeyli misvaq yığdıq. Oradan ke­çib xoca-xızırlılarla yemək yeyib təkrar atlandıq. Günorta vaxtı Qutlu Xo­canın ərazisindən Ləmqan kəndinə endik. Qutlu Xoca hazır nə vardısa gə­tir­di, yedik. Oradan qalxıb Kabilə gəldik.

Bazar ertəsi günü, ayın iyirmi beşində [=22 avqust] Dərviş Məhəm­məd Sar­bana xassə xələt və yəhərli bir at əta etdim, o da nökərliyə birlikdə yü­kündü.

Dörd-beş aydır saçımı kəsmirdim. Çərşənbə günü, ayın iyirmi yedisin­də saçı­mı kəsdirdim. O gün içki söhbəti yapıldı.

Cümə günü, ayın iyirmi doqquzunda [=26 avqust] Mir Xurd Bəkavul, Hindalın atəkəliyinə yükündürüldü və min şahruxi hədiyyə verdi.

Çərşənbə günü, ayın beşində [=31 avqust] Tülək Göyəldaşın Barlas Ciki adlı bir nökəri onun məktubunu gətirdi. Özbək axınçısı o civara gəlmiş və Tülək də qarşılarına çıxıb vuruşaraq onları məğlub etmişdi. O qasid əsir bir özbəklə birlikdə digər bir özbəyin də başını gətirdi.

Şənbə axşamı, ayın səkkizində [=3 sentyabr] Qasım bəyin evinə gedib iftar etdik, yəhərli bir at hədiyyə etdi. Bazar axşamı da Xəlifənin evində iftar edildi; o da yəhərli bir at bağışladı.

Ertəsi gün hərbi işlər üçün çağrılmış olan Xoca Məhəmməd Əli ilə Can Nasir vilayətlərindən gəldilər.

Çərşənbə günü, ayın on ikisində [=7 sentyabr] (242 a) daha öncə bəhs etdiyim kimi, mən Hastdan Kabilə gedən il Kaşğara getmiş olan [Baburun oğlu] Kamranın dayısı Sultan Əli [Mirzə Tağayi] gəldi.


ƏFQAN QƏBİLƏLƏRİ ÜSTÜNƏ AXIN
Cümə axşamı günü, ayın on üçündə [=8 sentyabr] Yusif-zey tayfasının cəzalandı­rılması məqsədilə hərəkət edib Dih-Yaqub çayının Kabil tərəfin­də­ki çayıra endik. Ata minəndə Babacan axtaçı (mehtər) atı bir az tərs tutduğu üçün hiddətimdən üzü­nə bir yumruq vurmuş və adsız barmağım dibindən qı­rılmışdı. O zaman o qədər ağrımadı, lakin bu yurda gəlib enəndə çox izti­rab verdi. Bir müddət çox əziyyət çəkdim, yazı yaza bilmırdım. Axırda yax­şılaşdı.

Bu səfərə çıxdığımız yerdə xalam Dövlət Sultan xanımın Qutlu Mə­həmməd Barlas adlı südqardaşı Kaşğardan xanım tərəfdən məktub və xəbər gətirdi. O gün diləzaq əfqanlarmm böyüklərindən Məlik Bu xan ilə Məlik Musa da gəlib hədiyyələr verərək mülazimət etdilər.

Bazar günü, ayın on altısmda [=11 sentyabr] Qoç bəy gəldi.

Çərşənbə günü, ayın on doqquzunda qalxıb Püt-haqdan keçərək bu Püt-haq ir­mağının sahilində hər dəfə endiyimiz yerə endik. Bamyan, Kah­mərd və Quri kimi Qoç bəyə aid vilayətlər özbəklərə yaxın olduğu üçün Qoç bəyi bu yürüşdən azad edib ona öz sardığım yaylıq ilə bir dəst paltar ehsan etdikdən sonra yanımızdan ayrılıb öz vilayətinə getməsinə izin verdim.

Cümə günü, ayın iyirmi birində [=16 sentyabr] Badam-Çeşməyə en­dik. (242 b) Ertəsi gün də Barıq-Aba endik. Özüm Qaratuyu gəzib gəldim. Bu yurdda bir ağacda bal tapıldı.

Mənzildən-mənzilə hərəkət etdik və çərşənbə günü, ayın iyirmi altı­sında [=21 sentyabr] Baği-Vəfaya endik. Cümə axşamı günü də bu bağda qaldım.

Cümə günü qalxıb Sultanpurdan keçib endik. O gün Şah Mir Hüseyn vi­­layətindən gəldi.

Başlarında Məlik Bu xan və Məlik Musa olmaq üzərə diləzaq böyük­lə­ri də o gün gəldilər. Yusif-zeyinin uzaqlaşdırılması üçün Sevad üzərinə yü­­rümək niyyətilə çıxmışdıq. Lakin diləzaq məlikləri «Heşnəgarda əhali də, azuqə də çoxdur» deyərək Heşnəgara yürüş üçün israr etdilər. Danışılıb məs­ləhət etdikdən sonra Heşnəgarda azuqə çox olduğu üçün oradakı əfqanların üstünə axın edilməsinə, Heşnəgar və ya Pərşavər kurqanlarından birindən anbar kimi istifadə edərək bu taxıldan ərzaq hazırlayıb bir dəstə igidlə bir­likdə Şah Mir Hüseynin orada qoyul­ması qərara alındı. Bu iş üçün öz vila­yətinə gedib hazırlığını görüb gəlmək üzərə Şah Mir Hüseynə on beş günlük bir müddət üçün izin verildi.

Ertəsi gün qalxıb Cuyi-Şahiyə gəlib endik. Tanrıverdi ilə Sultan Mə­həm­məd Dulday da sonradan bu yurdda olduğumuz vaxt gəlib yetişdilər. Həmzə də Qunduzdan o gün gəldi.

Bazar günü, ayın sonuncu günü [=25 sentyabr] Cuyi-Şahidən atlana­raq Qırıq-Arxa (243 a) endik. Mən bir neçə yaxın dostla birlikdə salla gəl­dim. Bu yurdda ikən bayram hilalı göründü. Dəreyi-Nurdan bir neçə heyvan yükü şərab gətirmişdilər, axşamdan sonra içki məclisi quruldu. Məc­lisdə Mühib Əli Qurçu, Xoca Məhəmməd Əli Kitabdar, Şah [Şüca] bəyin oğlu Şah Həsən, Sultan Məhəmməd Dulday və Dərviş Məhəmməd Sarban vardı. Dərviş Məhəmməd tövbəliydi. Kiçıklikdən bəri mənim adətim də eyləydi ki, içməyən adamı zorla içirtməzdim. Dərviş Məhəmməd hər zaman söhbətlər­də iştirak edir, amma içməsi üçün heç bir şəkildə israr edilməzdi. Xoca Mə­həmməd Əli bir seçim şansı qoymadan zorla ona şərab içirtdi.

Bazar ertəsi, bayram günü hərəkət etdik. Yolda baş ağrısından qurtul­maq üçün məcun yedik. Məcunun təsiri altında ikən xənzəl1 gətirdilər. Dər­viş Məhəmməd xənzəli heç görməmişdi. Mən bunun Hindistan quvunu ol­du­ğunu söylədim və bir dilim kəsib verdim. İştahla dişlədi və acısı axşama qədər ağzından getmədi.

Gərm-Çeşmənin təpəsinə enib yemək yedikdən sonra xeyli müddətdən bəri öz vilayətində olan Ləngər xan da at və bir xeyli məcun hədiy­yəsi ilə gəlib bizə qoşuldu. Oradan qalxıb Yedəbirə endik. İkindi vaxtında bir neçə yaxın dostla sala minərək bir küruh qədər aşağı gedib çıxdıq.

Ertəsi gün də oradan qalxıb Xeybər keçidinin dibinə (243 b) endik. O gün Sultan Bəyazid bizim xəbərimizi alınca Bare yoluyla Nilabdan keçərək arxamızdan gəldi və belə ərz etdi: «Afridi əfqanları ailə və mallarıyla Baredə otururlar. Çoxlu düyü əkmişlər, tarlalarda düyü yetişmiş, ancaq yığılmamış­dır». Amma biz Heşnəgardakı Yusif-zeyi əfqanlarının üstünə yürümək niy­yə­tilə yola çıxdığımız üçün ona önəm vermədik.

Günorta Xoca Məhəmməd Əlinin [Kitabdar] çadırında şərab məclisi ol­du. Tam bu məclisdəykən Sultan Tərahi vasitəsilə bu tərəflərə gəlməyimi­zin səbəbini açıqla­yaraq Bəcura, Xoca Kəlana məktub göndərdik. Fərmanın haşiyəsinə bu beyti yaz­dım:

Səba, bə lütf bigu an ğəzəli rənara,

Ki sər bə kuhi biyaban to dadeyi-mara.



Ey səba, lütfən, o gözələ söylə:

Bizi dağlara və çöllərə atan sənsən.

Oradan sabah tezdən hərəkət edib keçiddən endik və Xeybər boğa­zın­dan keçərək Əli-Məscidə gəldik. Oradan günorta üstü hərəkət edib müxəllə­fatdan ayrılaraq iki pas sonra Kabil çayının sahilinə gəlib bir az uyuduq. Sə­hər vaxtı bir keçid taparaq sudan keçdik.

Önçülərimiz əfqanlarm xəbər alaraq qaçdıqlarını bildirdi. Yürüyüb Se­vad çayından keçib əfqanlarm əkinləri arasına endik. Deyilənlərin yarısı, hətta dörddə biri qədər belə azuqə yox idi. Heşnəgarı bu azuqə ümidi (244 a) ilə gücləndirmək şəklindəki hesabımız baş tutmadı. Bu səfərə qeyrət et­miş olan diləzaq məliklərinin canları da bu üzdən sıxıldı.

İkindi vaxtı Sevad çayının Kabil tərəfinə keçib endik. Ertəsi gün Se­vad çayından qalxıb Kabil çayından keçərək endik. Toplantıya qatıla biləcək bəylər çağrı­lıb danışıldı və Sultan Bəyazidin dediyi kimi afridi əfqanlarına axın edib onların malları və azuqəsi ilə birlikdə Per­şavər kurqanını hazırla­ya­raq orada əsgər saxlanılmasına qərar verildi. Hindu bəy Koçin və Hast mir­zələri bu mənzildə arxamızdan gəlib yetişdilər.

O gün məcun yedik. Məclisdə Dərviş Məhəmməd Sarban, Məhəm­mə­di Göyəldaş, Gədai Tağayi və Əsəs [Xoca Məhəmməd Əli Tağayi] var­dı. Son­ra Şah Həsəni də dəvət etdik. Yeməkdən sonra ikindi vaxtı sala min­dik. Ləngər xan Niyazini də sala çağırdıq. Axşam vaxtı saldan çıxıb or­duga­ha gəldik.

Verdiyimiz qərara görə, çayın sahilindən səhər vaxtı qalxıb Camdan keçərək Əli-Məscid çayının mənbəyinə endik. Arxamızdan gələn Əbülha­şim Sultan Əli belə dedi: «Ərəfə gecəsi Cuyi-Şahidə Bədəxşandan gələn bir adama birlikdə Cam çayından keçdim. Mənə Sultan Səid xanın Bədəx­şan üs­­­tünə gəldiyini dedi. Mən də bunu padşaha xəbər vermək üçün gəldim». Bəyləri çağıraraq vəziyyəti dəyərləndirdik. Bu xəbər üzündən kurqanı (244 b) hazırlamağı uyğun gör­məyərək Bədəxşana getmək üzrə geri döndük.

Ləngər xana xələt geydirib Məhəmməd Əli Cəng-Cəngə köməkçi tə­yin edərək getməsinə izin verdim. O gecə Xoca Məhəmməd Əlinin [Kitab­dar] çadırın­da içki məclisi quruldu. Sabah tezdən buradan qalxıb Xeybər ke­çidini aşaraq keçidin dibinə endik.

Xızır-xeyl əfqanlarından çox nalayiq hərəkətlər görünmüşdü. Əs­gər ge­dib-gəlirkən geridə qalan və kənara düşən əsgərlərə ox atıb atlarını götü­rürdilər. Onla­ra hədlərini bildirmək və cəzalandırmaq zəruri idi. Bu niyyətlə səhər vaxtı keçidin altından qalxdıq, günorta yeməyini Dih-Gülamanda ye­yib atlara da yem verdikdən sonra günorta təkrar atlandıq.

Kabildə olanların oradakı Xızır-xeyl əfqanlarını həbs etmələri və mal­la­rını müfəssəl siyahıya alıb yazılı xəbər vermələri və Bədəxşandan da hər hansı bir xəbər gəlsə, izah edib bir adam vasitəsilə dərhal göndərmələri üçün Məhəmməd Hüseyn Qurçu təcili Kabilə göndərildi.

O gecə ikinci pasa qədər yürüyüb Sultanpurdan bir az irəlidə endik. Orada bir az uyuduqdan sonra təkrar atlandıq. Xızır-xeyllər Behar və Mih­qramdan Qarasuya qədər olan yerlərdə yaşayırlarmış. Sabaha doğru gedib axınçılar göndərdik. Mallarının və çoluq-çocuqlarının böyük qismi əsgərin əlinə düşdü. Az bir qismi isə dağa yaxın olduğu üçün oraya qaçaraq qur­tul­du.

Sabah tezdən Kılağuya (245 a) endik. Burada qırqovul aldıq. Geridə qalmış olan müxəlləfat da o gün gəlib bizə qoşuldu.

Vəziri əfqanları vergilərini hər zaman nizamlı bir şəkildə vermirdilər. Qorxula­rından üç yüz qoyun hədiyyə gətirdilər.

Barmağım qırılalı heç bir şey yaza bilmirdim. Bu yurdda bazar günü, ayın on dördündə [=9 oktyabr] az bir şey yazdım.

Ertəsi gün xırılçı və səmu-xeyl əfqanlarının böyükləri gəldilər. Dilə­zaq əfqanlarının böyükləri də onların günahlarının bağışlanmasını israrla xa­hiş etdilər. Gü­nahlarını bağışlayıb əsirləri azad elədik. Vergilərini dörd min qoyun olaraq müəyyənləşdirib böyüklərinə xələt geydirərək təhsildarlar tə­yin edib göndərdik.

Bu işi bitirdikdən sonra cümə axşamı günü, ayın on səkkizində [=13 okt­yabr] oradan qalxıb Behara və Mihqrama endik, ertəsi gün də Baği-Vəfa­ya gəldik. Baği-Vəfanın çox gözəl zamanıydı. Meydanlar tamamilə yonca­lıq­dı, nar ağacları saralmışdı. Payız gözəl rəngini almışdı. Ağaclarda narlar qıpqırmızı olmuşdu. Portağal ağacları yaşıl idi və ağaclardakı portağallar hə­lə tam saralmamışdı. Narı bizim vilayətin yaxşı narı qədər olma­sa da yax­şı idi. Baği-Vəfadan ilk dəfə belə bir həzz aldıq. Burada olduğumuz üç-dörd gün ərzində (245 b) bütün əsgərlər doyunca nar yedi.

Bazar günü oradan hərəkət etdik. Mən bir pəhərə qədər bəzi portağal­la­rı payladım. Şah Həsənə iki ağacın portağalı ehsan edildi, bəzi igidlərə bir ağacın portağalı, bəzilərinə iki adama bir ağacın portağalı ehsan edildi. Qı­ş­da Ləmqanı seyr etmək niyyətində olduğum üçün hovuz kənarındakı iyirmi­yə qədər portağal ağacının mənim üçün qorunmasını əmr etdim. O gün Gən­dəməyə, ertəsi gün isə Çiydəliyə endik.

Axşama yaxın şərab məclisi quruldu. İçkilərin çoxu orada idi. Söhbət sona çatarkən Qasım bəyin bacısı oğlu Gədai Behcət xeyli masqaralıq elədi. Sərxoş olunca mənim yanımdakı yastığa söykəndi. Gədai Tağayi onu məc­lis­dən əlində qaldırıb çıxardı.

Sabah tezdən o yurddan qalxdıq. Quru say tərəfindəki Barıq-Abı bir aşağı-bir yuxarı dolaşmağa getdim. Bir neçə sərv ağacı fövqəladə gözəl sa­ral­mışdı. Orada enib yılqıran yeməyi yedik. Payızın şərəfinə şərab içdik. Yoldan qoyun gətirərək kabab çəkməyi əmr etdim. Palıd budaqlarına od vu­rub seyr etdik.

Molla Əbdülməlik Divanə gəlməkdə olduğum xəbərini Kabilə apar­maq üçün izin istədi. Molla Əbdülməlikə bu izin verilərək Kabilə göndəril­di. Həsən Nəbirə də məni görmək üçün Mirzə xanın [Sultan Veys] yanından gəlmişdi, burada gəlib (246 a) mülazimət etdi. Günortaya qədər orada içdik, sonra hərəkət etdik.

Məclisdəkilər çox sərxoş olmuşdular. Seyid Qasım elə sərxoş ol­muşdu ki, iki nökəri onu at üstünə qoyaraq çətinliklə ordugaha götürdü. Dost Mə­həmməd Bağır da elə sərxoş olmuşdu ki, Emin Məhəmməd Tarxan ilə Məsti Çöhrə nə qədər çalışsalar da, onu ata mindirə bilmirlər. Başına su tökürlər, yenə olmur. Bu arada xeyli əfqan ortaya çıxır. Emin Məhəmməd Tarxan şərabın təsiri ilə «Onu bu şəkildə düşmənin əlinə verməkdənsə, başını kəsib aparım» deyə düşünür və min bir çətinliklə atın üstünə qoyub gətirirlər.

Gecə yarısı Kabilə gəldik. Kaşğara Sultan Səid xanın yanına elçi ola­raq getmiş olan Qulu bəy [Arğun] geri qayıtmışdı, sabah divana gəlib müla­zimət etdi. Qulu bəylə birlikdə Bişkə Mirzə İtərçini elçiliyə göndərmişdi, o, vilayətin məhsulundan bir qədər hədiyyə gətirdi.

Çərşənbə günü, zülqədə ayının ilk günü [=25 oktyabr] Kabilin məzarı qar­şısına gedib tək başıma səbuhi içdim. Məclis əhli sonra bir-bir, iki-iki gəl­di. Günəş doğ­andan sonra Baği-Bənövşəyə gedib hovuz kənarında iç­dik. Günortaya doğru uyuduq və günorta təkrar içdik. Bu günorta söhbə­tin­də bun­dan əvvəlki söhbətlərdə şərab təklif edilməyən Tanrıqulu bəylə Mə­hən­diyə (246 b) şərab verdim. Yatsı vaxtı hamama gəldim. O gecəni hamam­da ke­çirdim.

Cümə axşamı günü Yəhya Nuhani başda olmaq üzrə Hindistan tüccar­larına xələtlər ehsan edərək getmələrinə izin verdim. Şənbə günü, ayın dör­dündə isə [=28 oktyabr] Kaşğardan gələn Bişkə Mirzəyə xələt geydirilərək ehsanlarla birlikdə getməsinə izin verdim.

Bazar günü qapı üzərindəki kiçık rəsm salonunda söhbət etdik. Dar bir hücrə olmasına baxmayaraq məclisdə on altı adam vardı.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin