PANİPAT SAVAŞI
Cümə günü, rəcəb ayının səkkizində [=20 aprel] fərz vaxtı önçülərimizdən düşmənin səf halında irəliləməkdə olduğu xəbəri gəldi. Biz də zireh geyib silahlanaraq atlara mindik.
Sağ qol alayında Hümayun, Xoca Kəlan, Sultan Məhəmməd Dulday, Hindu bəy, Vəli Xəzinə[çi], Pirqulu Sistani, sol qol alayında Məhəmməd Sultan Mirzə, Mehdi Xoca, Adil Sultan, Şah Mir Hüseyn, Sultan Cüneyd Barlas, Qutlu-Qədəm, Can, Məhəmməd Bəxşi və Şah Hüseyn Yaregi Moğol Qançı, mərkəzin sağ qolunda Çin Teymur Sultan, Süleyman Mirzə, Məhəmmədi Göyəldaş, Şah Mansur Barlas, Yunus Əli, Dərviş Məhəmməd Sarban və Abdullah Kitabdar, mərkəzin sol qolunda Xəlifə, Xoca Mir Miran, Əhmədi Pərvançı, Turdu bəy, Qoç bəy, Mühib Əli Xəlifə və Mirzə bəy Tarxan, önçü qolunda Xosrov Göyəldaş və Məhəmməd Əli Cəng-Cəng vardı. Əbdüləziz Miraxuru ehtiyatda saxlamışdıq. Sağ qol alayının bir ucunda Vəli Qızıl və moğollarıyla birlikdə Məlik Qasım Baba-Qaşqa, sol qol alayının bir ucunda da Qara Quzu, Əbülməhəmməd Nizəbaz, Şeyx Camalın oğlu Şeyx Əli Barin, Mehdi və Tanrıqulu Pışqı Moğolu mühasirə bölüyü üçün ayırdıq. Bu mühasirə bölüyündəki iki qitə düşmən yaxınlaşınca, sağ və sol qoldan irəliləyərək düşməni arxadan mühasirə edəcəkdi. (266 b)
Düşmənin qaraltısı görünəndə daha çox sağ qol alayı tərəfinə doğru ağırlıq verdikləri anlaşıldı və bu üzdən də ehtiyatda saxlanan Əbdüləziz sağ qol alayına köməkçi göndərildi. Sultan İbrahimin qaraltısı uzaqdan göründüyü andan etibarən heç bir yerdə durmadan sürətlə gəlirdi. Bir az irəliləyincə bizim qaraltımız da onlara göründü. Bizim savaş düzənini və səflərimizi gördükdə sıxılmış bir vəziyyətdə «Duraqmı, durmayaqmı, gedəkmi, getməyəkmi?» dermiş kimi, nə dura bildilər, nə də əvvəlki kimi heç durmadan üstümüzə yürüyə bildilər.
Mühasirə bölüyünə sağ və sol qoldan düşmənin arxasına keçib ox ataraq savaşa girməsi, sağ və sol qol alaylarının da yürüyərək düşmənə hücum etməsi əmr edildi. Mühasirə alayı düşmənin arxasına keçib ox atmağa başladı. Sol qol alayından Mehdi Xoca daha əvvəl hücum etdi. Mehdi Xocanın qarşısına yanlarında bir fili olan bir dəstə irəlilədi, bunlar da o dəstəni ox yağmuru altında qoyaraq geri qaytardılar.
Sol qol alayına mərkəzdən Əhmədi Pərvançı, Turdu bəy, Qoç bəy və Mühib Əli Xəlifə köməkçi olaraq göndərildi. Sağ qol alayı da savaşa girdi. Məhəmmədi Göyəldaş, Şah Mansur Barlas, Yunus Əli və Abdullaha mərkəzin önündən qarşıya yürüyüb hərəkətə keçmələri əmr edildi. Ustad Əliqulu da mərkəzin önündən bir neçə dəfə firəngi topuyla yaxşı mərmi atdı. Mustafa Topçu [Rumi] də mərkəzin sol qolundan araba üzərindəki (267 a) zərbzən toplarıyla yaxşı mərmi atdı. Sağ və sol qol alayları, mərkəz və mühasirə alayındakılar düşmənin ətrafını çevirib ox yağmuruna tutaraq şiddətlə savaşdılar.
Düşmən bizim sağ və sol qol alaylarımız tərəfinə bir-iki dəfə qısa-qısa hücumlar etdi. Bizim adamlarımız da ox atıb ox yağmuruyla onları təkrar mərkəzlərinə qaytardılar. Düşmənin sağ və sol qol alayları hamısı bir yerdə toplanaraq elə bir şəkildə tıxandılar ki, nə irəli gələ bildilər, nə də qaçmaq üçün yol tapa bildilər. Savaş başladığında günəş bir nizə boyu qədər yüksəlmişdi, günortaya qədər şiddətli savaş davam etdi. Günorta vaxtı düşmənlər qəhr olub məğlub edilərkən dostlar da sevindilər.
Tanrı təala öz fəzl və kərəmiylə bu qədər zor bir işi asanlaşdırdı. İzdihamlı bir ordunu yarım gündə yerlə bir etdi. Beş-altı min adam İbrahimin tam yaxınında bir yerdə vurulmuşdu. Bu savaşda bütün cəbhədə ölənlərin sayını on beş-on altı min qədər təxmin edirdik. Sonradan Aqraya gələndə Hindistan xalqının söylədiyinə görə bu savaş meydanında qırx-əlli min adamın ölmüş olduğu anlaşıldı.
Düşməni məğlub etdikdən sonra vura-vura təqib etdik. Qarşı tərəfdən ələ keçirilən əmirləri və bəyləri gətirməyə başladılar. Filçilər filləri sürülər halında gətirib hədiyyə etdilər. Düşməni (267 b) təqib edərkən İbrahimi şəhərdən çıxmış zənn edərək xassə alayından Qəsəmtay Mirzə, Baba Çöhrə və Böçkə komandanlığındakı adamlara İbrahim Aqraya varmadan sürətlə yürüyüb onu ələ keçirmələri üçün təqibçi olaraq vəzifə verdik.
İbrahimin ordugahının içərindən keçərək otaqları və çadırlarını seyr edib Qarasuyun kənarına endik. İkindəyə yaxın Xəlifənin kiçık qaynı Tahir Təbəri Sultan İbrahimin cəsədini bu qədər ölünün içindən tanıyıb başını kəsib gətirdi.
O gün dərhal Hümayun Mirzə, Xoca Kəlan, Məhəmmədi, Şah Mansur Barlas, Yunus Əli, Abdullah [Kitabdar] və Vəli Xəzinə[çi]yə yüksüz olaraq sürətlə yürüyüb Aqrayı ələ keçirmək və xəzinələri zəbt etmək tapşırıldı. Mehdi Xoca, Məhəmməd Sultan Mirzə, Adil Sultan, Sultan Cüneyd Barlas və Qutlu-Qədəmi də yüksüz olaraq sürətlə hərəkət edib Dehli kurqanına girərək xəzinələri mühafizə etmələri üçün ayırdıq.
BABURUN DEHLİYƏ GİRMƏSİ
Ertəsi gün qalxıb bir küruh məsafə gəldikdən sonra atlar üçün Cun sahilinə endik. Arada iki dəfə dincəlib çərşənbə axşamı günü Şeyx Nizam Övliyanın məzarını ziyarət edərək Dehlinin qarşısına Cun sahilinə endik.
Çərşənbə günü Dehli kurqanını seyr edib gecəni orada keçirdikdən sonra ertəsi cümə axşamı günü Xoca Qutbəddinin məzarını ziyarət edib Sultan Qiyasəddin Balban və Sultan Əlaəddin Xilçinin qəbrlərini, imarətlərini, (268 a) minarəni, hövzi-şəmsi və hövzi-xası, Sultan Bəhlul ilə Sultan İskəndərin qəbr və bağlarını seyr etdikdən sonra ordugaha gələrək gəmiyə minib mey içdik. Dehlinin şikdarlığını Vəli Qızıla ehsan edib Dostu [eşik-ağa] Dehli vilayətinə divan təyin etdik. Mövcud xəzinələri möhürləyib bunların məsuliyyətinə verdik.
Cümə axşamı günü oradan qalxıb Tuğluqabad qarşısında Cun sahilinə endik. Cümə gününü orada keçirdik. Mövlana Mahmud Fərabi ilə Şeyx Zeyn gedib Dehlidə cümə namazını qılıb mənim adıma xütbə oxutdular; fəqir və miskinlərə bir qədər ağ axça paylayaraq orduya gəldilər.
Şənbə oradan qalxıb Aqraya doğru mənzil-mənzil hərəkət etdik. Mən gedib Tuğluqabadı seyr etdikdən sonra təkrar ordugaha gəldim.
Cümə günü, rəcəb ayının iyirmi ikisində [=4 may] Aqranın məhəllələri içində olan Süleyman Şeyxzadə Fərmülinin imarətinə endik. Bu yer kurqandan xeyli uzaqda olduğu üçün ertəsi gün qalxıb Cəlal xan Cighətin imarətinə gəldik. Hümayun bir az öncə gəlmişdi. Kurqandakılar bəhanə irəli sürərək hiyləyə əl atmışlar. Bunlar da əhalinin başsızlığını düşünüb «Birdən xəzinələrə əl uzadarlar» deyə biz gəlincəyə qədər dışarı çıxılacaq yolları qoruma altına almışdılar.
Bikermacit Hindu Güvalyar racəsi idi və babaları yüz ildən artıq Güvalyar vilayətində (268 b) səltənət sürmüşdülər. İskəndər Güvalyarı almaq üçün bir neçə il Aqrada oturdu. Sonra İbrahim zamanında da Əzəm Hümayun Servani bir neçə dəfə buranı şiddətli bir şəkildə mühasirəyə almış və axırda [=1518] barış yoluyla ələ keçirib yerinə Şəmsabadı vermişdi.
Bikermacit də biz Sultan İbrahimi yendiyimiz zaman cəhənnəmə vasil olmuşdu. Ev əhli və uşaqları Aqradaydı. Hümayun Aqraya gələndə Bikermacitin ev əhlinin qaçma niyyəti varmış. Hümayun getmələrinə izin verməmiş. Bir çox cəvahiri və qiymətli daşı Hümayuna könüllü hədiyyə etmişlər. Bunlar arasında Sultan Əlaəddinin [Xilçi] gətirmiş olduğu məşhur bir almas vardı. Elə məşhurdu ki, bir mütəxəssis bunun qiyməti haqqında «Bütün dünyanın iki yarım günlük məsrəfi» demişdir. Deyəsən, səkkiz misqaldır. Mən gələndə Hümayun onu mənə peşkəş etdi, mən də Hümayuna bağışladım.
Kurqandakı sipahilər arasında məşhur adamlardan Məlikdad Kərani, Məlik Süruk və Firuz xan Mivati də vardı. Bunlardan bəzi hiyləgərlik gördük və cəzaları nə isə verdik. Məlikdad Kəranini göndərərək bəzi istəklərdə bulundular. Bir qərara bağlanıncaya qədər gedə-gələ dörd-beş gün vaxt keçdi. Axırda onlara istədikləri kimi inayət və şəfqət göstərib bütün mallarını özlərinə verdik. İbrahimin atasını da xidmətçiləri ilə birlikdə çıxarıb Aqradan bir küruh məsafədə və suyun aşağısında yeddi leklik bir yurd (269 a) verdik. Digər bəylərə də ayrıca pərgənələr verildi.
Cümə axşamı günü, rəcəb ayının iyirmi səkkizində [=10 may] ikindi vaxtı Aqraya girərək Sultan İbrahimin sarayına endik.
Doqquz yüz onuncu ildə [=1504/5] Kabil vilayətinin zəbt edilməsindən bəri daim Hindistana yürümək arzusunda idik. Bəzən bəylərin dargörüşlülüyündən, bəzən də qardaşlarımın müxalifətindən Hindistan səfəri gerçəkləşmir və məmləkətləri də ələ keçirilə bilmirdı. Axırda əngəllər ortadan qalxdı. Böyük və kiçık bəylərdən heç kim məqsədə zidd söz söyləmədi.
Doqquzyüz iyirmi beşinci ildə [=1519] qoşun çəkib Bəcuru zorlayaraq iki-üç geridə [otuz ilə qırx beş dəqiqə arasında] zəbt edib əhalisini qılıncdan keçirdikdən sonra Bxirəyə gəlmişdik. Buranı yağmalamadan əhalisinə bir qurtuluş fidyəsi təyin edib nəqd və ya mal olaraq dörd lek şahruxi alıb əsgərin sayına görə paylaşdırdıqdan sonra Kabilə geri dönmüşdük.
O tarixdən doqquz yüz otuz ikinci ilə [=1525/6] qədər də Hindistana əsgər yeritməyi sürdürmüşdük. Bu səfərlərin beşincisində də tanrı təala öz fəzl və inayətiylə Sultan İbrahim kimi bir düşməni qəhr və pərişan edərək Hindistan kimi məmləkəti ələ keçirməmizi asanlaşdırdı.
Həzrəti peyğəmber zamanından bu tarixə qədər Hindistan vilayətlərini dışarı padşahlardan üç adam ələ keçirərək orada səltənət sürmüşdür.
Biri Sultan Mahmud Qazi [Qəznəvi] və övladlarıdır, Hindistan məmləkətində uzun müddət hökmdarlıq taxtında oturmuşlar1.
İkincisi Sultan Şahabəddin (269 b) Quri ilə qulları və xidmətində olan şəxslərdir, çox illər bu məmləkətlərdə padşahlıq sürmüşlər2.
Üçüncüsü də mənəm, lakin mənim işim o padşahlarınkına bənzəmir, çünki Sultan Mahmud Hindistanı zəbt edəndə Xorasan taxtı onda idi, Xarəzm və Darülmürz sultanları ona itaət edərək boyun əymişdilər. Səmərqənd padşahı da onun himayəsindəydi. Əsgəri iki lek olmasa da, bir lekdən heç az deyildi. Düşmənləri də racələrdi və bütün Hindistan tək bir padşahın idarəsində deyildi. Hər bir racə öz başına bir vilayətdə padşahlıq edirdi.
Sultan Şəhabəddin Quriyə gəlincə, Xorasan səltənəti onda deyil, böyük qardaşı Qiyasəddin Quridə idi. Təbəqəti-Nasirdə yazıldığına görə, Hindistana bir səfərində bir lek və iyirmi min zirehli sipahi sövq etmişdir. Onun düşmənləri də ray və racələrdi, bütün Hindistan yalnızca tək bir adamın əlində deyildi.
Bxirəyə gələndə mənim min beş yüz, ən çoxu iki min adamım vardı. Beşinci dəfə gəlib Sultan İbrahimi yenərək Hindistanı fəth etdim. Heç bir zaman Hindistana bu qədər az əsgərlə gəlməmişlər. Əsgər, tüccar və xidmətçilər daxil olmaq üzrə orduyla birlikdə olanların hamısı on iki min adam olaraq qeyd edildi. Mənə bağlı vilayətlərsə (270 a) Bədəxşan, Qunduz, Kabil və Qəndəhardan ibarətdi. Lakin bu vilayətlərdən də önəmli bir yardım gəlmirdi. Tam tərsinə, düşmənə yaxın olduqları üçün bəzi vilayətlərə heç durmadan yardım etmək lazım gəlirdi. Bütün Mavəraünnəhr vilayətləri özbək xanlarının və sultanlarının idarəsindəydi. Onların yüz minə yaxın əsgəri vardı və əski bir düşmən idilər.
Hindistan məmləkəti isə Bxirədən Behara qədər əfqan idarəsindəydi, padşahı da Sultan İbrahimdi. Vilayət hesabıyla beş lek əsgəri olmalı idi. O günlərdə əmirləri özünə müxalif etdiyi üçün mövcud əsgərini bir lek qədər təxmin edirdilər. Özünün və əmirlərinin əlində minə yaxın fil olduğu söylənirdi.
Bu vəziyyətdə və bu qədər bir qüvvə ilə təvəkkül edib yüz min adamlıq bir qüvvəyə sahib olan özbəklər kimi əski bir düşməni arxada qoyaraq, Sultan İbrahim kimi çox əsgərli və geniş məmləkətli bir padşahla qarşılaşdıq. Bu təvəkkülümüz nisbətində tanrı təala əziyyət və zəhmətimizi boşa çıxarmayıb belə güclü bir düşməni məğlub edərək Hindistan kimi geniş bir məmləkəti fəth etdirdi. Bu dövlətə öz güc və qüvvətimizdən deyil, sırf Allahın lütf və şəfqətindən, bu xoşbəxtliyə isə öz qeyrət və səylərimizdən deyil, Allahın eyni kərəm və inayəti sayəsində çatdıq deyə bilərik.
HİNDİSTANIN TƏRİFİ
Hindistan, məmləkətləri geniş, xalqı və məhsulu çox olan bir ölkədir. (270 b) Şərqi, cənubu və hətta qərbi də Hind dənizinə qədər uzanır. Şimali dağlıq olub Hinduquş, Kafiristan və Kəşmir dağlarıyla bitişikdir. Yenə şimalında Kabil, Qəznə və Qəndəhar yerləşir.
Bütün Hindistan vilayətlərinin paytaxtı Dehli sayılır. Sultan Şəhabəddin Quridən sonra Sultan Firuz şahın son günlərinə qədər Hindistanın böyük bir qismi Dehli sultanlarının idarəsi altmdaymış. Mənim Hindistanı fəth etdiyim dönəmdə beş müsəlman və iki kafir Hindistanda səltənət sürürdu. Dağlarda və cəngəlliklərdə böyüklü-kiçıkli xeyli ray və racə də vardı, lakin etibarlı və müstəqil olanları bunlardı.
Bunlardan biri əfqanlar olub paytaxt Dehli onlarda idi. Bxirədən Behara qədər olan yerlər onların idarəsindəydi. Əfqanlardan əvvəl isə Cunpur Sultan Hüseyn Şərqinin idarəsindəydi1. Bu sülaləyə Purebi deyirlər, bunların ataları Sultan Firuz şah və soyunun yanında saqi imiş, Firuz şahdan sonra Cunpur məmləkətini əllərinə keçirmişlər.
Dehli isə Sultan Əlaəddinin əlindəydi və bu sülalə də seyidlərdəndir1. Teymur bəy Dehlini aldığı zaman [=1398 dekabr] Dehlinin idarəsini bunların atalarına vermişdi. Sultan Bəhlul Ludi Əfqan və oğlu Sultan İskəndər paytaxt Dehli ilə paytaxt Cunpuru əllərinə keçirdilər və beləcə hər iki paytaxta tək bir padşah oturdu.
İkincisi Quceratdakı Sultan Müzəffərdi2. Sultan İbrahimin məğlubiyyətə uğramasından bir neçə gün öncə dünyadan (27l a) köçdü. Şəriətə fövqəladə vaqif bir padşah idi. Elmlə uğraşır, hədis oxuyur və durmadan Quran yazaraq çoxaldırdı. Bunların sülaləsinə Tank deyirlər. Bunların ataları da Sultan Firuz və soyunun şərabdarlarıymış, Firuz şahdan sonra Qucerat vilayətini əllərinə keçirmişlər.
Üçüncüsü Dəkkəndəki Bəhmənilərdir3. Lakin bu dövrdə Dəkkən sultanlarının gücləri və iqtidarları qalmamışdı, bütün vilayətlərini böyük bəylər əllərinə almışdılar. Bir şeyə möhtac olunca bəylərindən diləyirdilər.
Dördüncüsü Mendav da dedikləri Malvə vilayətindəki Sultan Mahmuddur4. Bu sülaləyə xilçi deyirlər. Rana Sanka adlı kafir onu məğlub edib vilayətinin böyük bölümünü əlinə keçirmiş, o da zəif düşmüşdü. Bunların ataları da Firuz şahın yetişdirdiyi adamlardanmış. Onun ölümündən sonra Malvə vilayətini əllərinə keçirmişlər.
Beşincisi isə Benqal vilayətindəki Nüsrət şahdır. Atası Benqal vilayətində padşah olmuşdu və seyidlərdəndi. Sultan Əlaəddin ləqəbini daşıyırdı. Səltənət ona mirasla keçmişdi.
Qəribə bir adətdir ki, Benqalda mirasla səltənət çox az olur. Padşahın müəyyən bir taxtı, əmirlər, vəzirlər və digər məqam sahiblərinin hər birinin müəyyən yerləri vardır. Benqal xalqının gözündə mötəbər olan taxtdır. Hər birinin özünə tabe olan və itaət edən əsgərlərinin və xidmətçilərinin hamısı özəl və sadiqdir. Padşah birini təyin etmək və ya əzl etmək (271 b) istəsə və o məqama hər hansı bir adamı təyin etsə, o məqama bağlı olub itaət edən əsgərlərin və qulluqçuların hamısı o adamın olur. Hətta padşahlıqda da belədir. Kim padşahı öldürərək taxta keçmək imkanını tapsa, padşah olur, əmirlərin və vəzirlərin, sipahilərin və xalqın hamısı ona itaət edərək boyun əyir. Onu eynən əski padşah kimi padşah olaraq tanıyır və əmirlərinə itaət edirlər.
Benqal əhalisinin sözü şudur: «Biz taxtın kölələriyik, taxta keçən hər kəsə itaət edirik». Necə ki Nüsrət şahın atası Sultan Əlaəddindən öncə bir həbəş padşahı öldürərək taxta keçdi və bir müddət səltənət sürdü1. Sultan Əlaəddin də həbəşi öldürmək surətilə taxta keçmişdi. Sultan Əlaəddindən sonra da miras yoluyla oğlu padşah olmuşdur2.
Benqalda bir də bu adət vardır: bir adam padşah oldumu onun əvvəlki padşahların xəzinələrini sərf edib və xərcləməsi çox ayıb və utanılacaq bir şey sayılır. Padşah olan hər kəs yenidən xəzinə yığmalıdır. Xəzinə yığmaq o əhalinin gözündə iftixar və sevinc vəsiləsidir.
Adətlərindən biri də budur: Xəzinə, axır, hətta sultanlarının bütün binalarının əskidən bəri qərarlaşdırılmış və müəyyənləşdirilmiş gəlirləri və pərgənələri vardır, bunlar başqa yerlərə heç bir şəkildə xərclənə bilməz.
Müsəlmanlar arasında böyük və mötəbər olan, çox əsgərə və çox vilayətə sahib olan padşahlar burada bəhs etdiklərimdir.
Kafirlər arasında isə vilayət və əsgər baxımından böyük olanlardan biri (272 a) Bicangər racəsidir3.
Bir də bu yaxınlarda özünün cürəti və qılıncıyla böyümüş olan Rana Sanka vardır. Əsl vilayəti Çiturdu. Mendav sultanlarının səltənəti yıxılanda Mendava bağlı olan Rətənbur, Sarəngpur, Bhilsan və Çəndiri kimi bir çox vilayəti ələ keçirdi. Doqquz yüz on dördüncü ildə [=1528] Allahın inayəti ilə neçə ildir savaş alanı olan Çəndirini -Rana Sankanın Midni Rav adlı böyük və etibarlı bir adamı dörd-beş min kafirlə birlikdə orada olurdu- bir-iki geridə [yarım saat içində] zorla aldım və kafirləri qılıncdan keçirərək oranı islam yurdu elədim. Təfsilatı irəlidə söylənəcəkdir.
Hindistanın ətrafında və civarında bir çox ray və racə vardır. Bunların bəziləri islama itaət etmişdi. Bəziləri isə uzaqda olduqlarından, ya da yerlərinin qorunaqlı olması üzündən müsəlman padşahlara itaət etmirdi.
Hindistan birinci, ikinci və üçüncü iqlimdədir. Hindistan dördüncü iqlimə daxil deyil. Qəribə bir ölkədir. Bizim vilayətlərlə müqayisədə başqa bir aləmdir. Dağları, suyu, cəngəllikləri, ovası, toprağı, vilayəti, heyvanları, bitkiləri, xalqı, dili, yağmuru, rüzgarı, hamısı tamamən başqadır. Kabilə bağlı isti ölkələr bəzi xüsuslarda Hindistana bənzəyir, bəzi xüsuslarda isə bənzəmir. Sind çayını keçincə yer və su, ağac və daş, el və ulus, adət və örf (272 b) tamamən Hindistandakı kimidir.
Söyləndiyi kimi, şimal yönündəki dağlar və bu dağların Sind çayının o biri tərəfində yerləşən vilayətləri Kəşmirə tabedir. Hal-hazırda Pekli və Şəhməng kimi bu dağdakı vilayətlərin çoxu Kəşmirə itaət etməsə də, əskidən Kəşmirə daxil imiş.
Kəşmirdən keçdikdən sonra bu dağda sayısız el və ulus, pərgənə və vilayət vardır. Benqala, hətta Hind dənizi sahilinə qədər bu dağda sıx bir xalq kütləsi yaşayır. Hindistan xalqı bütün araşdırma və incələmələrə baxmayaraq bu qəbilələr haqqında dəqiq məlumat verə bilmədi, yalnızca bu dağın xalqına Kas dediklərini söylədilər. Hindistanlılar «ş»ni «s» şəklində tələffüz etdikləri və bu dağda ən böyük şəhər Kəşmir olduğu və Kəşmirdən başqa o dağda digər bir şəhərin varlığı da bilinmədiyi üçün bəlkə bu üzdən Kəşmir demiş ola bilərlər deyə düşündüm.
Bu dağ əhalisinin ticarət malı müşk, kutasi-bəhri (dəniz öküzü), zəfəran, qurğuşun və misdir. Hindistan əhalisi bu dağa Seva-Lek-Perpet deyir. Hind dilində seva «dörddə bir», lek «yüz min», perpet isə «dağ» deməkdir. Yəni dörddə bir və yüz min dağ ki, yüz iyirmi beş min dağ edir. Bu dağlarda qar heç əskik olmaz, bu dağların qarla örtülü bəyaz zirvələri Hindistanın Lahor, Sihrind və Sənbəl kimi bəzi vilayətlərindən də görünür. Bu dağlar Kabildə Hinduquş adıyla anılır və Kabildən bir qədər günəyə meyl edərək şərqə doğru uzanır. Güney tərəfi tamamən Hindistandır. Bu dağların (273 a) və Kas dedikləri bu məchul qəbilələrin şimali Tibet vilayətidir.
Bu dağlardan bir çox çay çıxaraq Hindistanın içindən keçir. Sihrinddən şimala doğru Sind, Bəxət, Çanab, Ravi, Biyah və Setlücdən ibarət olan altı çay bu dağdan çıxaraq Multan civarında bir yerdə birləşir. Hamısı bir yerdə birləşəndə ona Sind deyirlər. Qərbə doğru axan bu çay Tatta vilayətinin içindən keçdikdən sonra ümman ilə birləşir. Bu altı çaydan başqa Cun, Qanq, Rəhəb, Qumti, Gəgər, Sem və Gəndək kimi bir çox digər çaylar da vardır. Bunların hamısı Qanq çayıyla birləşir və Qanq adıyla şərqə doğru axaraq Benqal vilayətinin içindən keçmək surətiylə axırda dənizə tökülür. Hamısının qaynağı bu Seva-Lek-Perpet dağıdır.
Çənbəl, Bənas, Bitvi və Sun kimi bəzi çaylar da Hindistandakı digər dağlardan çıxır, amma bu dağlarda qar heç olmur və bu çaylar da Qanq çayı ilə birləşir.
Hindistanda da dağlar vardır. Bunlardan biri şimaldən cənuba doğru uzanan bir dağdır. Bu dağ Dehli vilayətində və [Sultan] Firuz şahın kiçık və qayalıq bir dağın üstündə tikdirdiyi Cahannüma adlı imarətindən başlayır. Buradan keçincə Dehli civarında parça-parça, ufaq-ufaq və ara-sıra qayalıqlı kiçık dağlar ortaya çıxır. Mivat vilayətinə varınca bu dağlar bir az daha böyüyür və Mivatdan keçib (273 b) Biyanə vilayətinə uzanırlar. Sikri, Barı və Dulpurun dağları da bitişik olmamalarına baxmayaraq bu dağ silsiləsindəndir. Kalpur dedikləri Güvalyarın dağları da bu dağla bağlantılıdır. Bundan başqa, Rətənbur, Çitur, Mendav və Çəndiri dağları da bu dağın qollarındandır. Bəzi yerlərdə araları yeddi-səkkiz küruh qədər kəsikdir. Bu dağlar alçaq, sarp, qayalı və cəngəllikli dağlardır. Bu dağlara qar heç yağmaz. Hindistandakı bəzi çayların mənbəyi bu dağlardadır.
Hindistan vilayətlərinin çoxu düz yerdir. Bunca şəhər və vilayətlərin heç birində axarsu yoxdur. Tək axarsu böyük çaylardır. Bəzi yerlərdə yığılmış sular vardır. Bəzi şəhərlərdə arx açaraq su çıxarmaq mümükün olduğu halda bunu etmirlər. Bunun üçün bir neçə səbəb ola bilər. Biri əkin və bağları üçün suya heç ehtiyacları yoxdur: payız məhsulu mövsüm yağmuruyla yetişir və bu qəribədir ki, yaz məhsulu yağmur olmasa da yetişir. Ağacların fidanına bir-iki il su daşıyır, ya da çarx və dəsti ilə su verirlər. Ondan sonra su verməyə gərək qalmır. Bəzi səbzələrə su verirlər. Lahor, Dibalpur, Sihrind və o civarlarda su çarxla verilir. Quyu dərinliyində iki ipin uclarını bağlayaraq halqa düzəldir, bu iki ipin arasına ağaclar və bu ağaclara da dəstilər bağlayırlar. Bu vedrələrin bağlandığı (274 a) ipi quyunun üstündəki çarxa qoyur və onun yanında mili dik duran ikinci bir çarx daha düzəldirlər. Öküz bu ikinci çarxı çevirəndə onun dişləri dəstilərin bağlandığı birinci çarxın dişlərinə girib onu döndərir. Suyun töküldüyü yerə holuq qoyurlar və bu holuqdan suyu hər tərəfə aparırlar.
Aqra, Çəndvar, Biyanə və o civarlarda suyu vedrə ilə verirlər. Bu məşəqqətli və çirkli bir işdir. Quyunun kənarına bir çəngəl ağac dikir və çəngəlin dişləri arasına diyircək yerləşdirirlər. Vedrəni uzun bir ipə bağlayıb bu diyircək üzərinə qoyur və ipin bir ucunu da öküzə bağlayırlar. Bir adamın öküzü sürməsi və birinin də vedrədəki suyu boşaltması lazımdır. Bu öküz bu ipi çəkıb təkrar geriyə döndüyü zaman hər dəfə ip öküzün sidiyi və axbunu ilə kirlənmiş olan yolun üzərinə sürtünüb təkrar quyuya düşür.
Bəzi əkin sahələrində əgər su lazım olsa, kişi və qadın su daşıyaraq suvarırlar.
Hindistanın şəhər və vilayətləri fövqəladə səfasız yerlərdir. Bütün şəhər və ərazi birbirindən fərqsizdir. Bağlarında divar yoxdur. Ərazi əsasən dümdüzdür. Bəzi çay və çayırlarının sahilləri mövsüm yağmurları üzündən su altında qalır (274 b) və hər yerdən keçmək mümkün olmur. Bəzi yerlərdə tikanlı cəngəllikləri var, pərgənələrin əhalisi bu cəngəlliklərdə gizlənərək inad edib vergilərini vermirlər.
Hindistanda çaylardan başqa axarsu azdır. Bəzi yerlərdə yığılmış sulara nadir hallarda təsadüf edilir. Bunca şəhər və vilayətlər quyu, ya da mövsüm yağmurundan yığılmış olan hovuz suyu ilə keçinir.
Hindistanda binaların və kəndlərin, hətta şəhərlərin dağılması və tikilməsi bir anda baş verir. Hətta böyük şəhərlərdə illərcə yaşayan əhali əgər qaçsa, elə qaçır ki, bir, ya da bir yarım gündə ortada o şəhərdən nə bir əsər, nə də bir əlamət qalır. Tikmək istədikləri vaxt isə arx qazmağa və bənd düzəltməyə lüzum yoxdur, əkinləri daim yağmurla suvarılır. Əhali də fövqəladə çoxdur, hamısı yığılaraq bir hovuz düzəldir, ya da bir quyu qazır. Ev tikmək və ya divar çəkmək də yoxdur. Qamış və ağac boldur, buna görə də koma düzəldirlər. Dərhal bir kənd, ya da bir şəhər olur.
HİNDİSTANA XAS VƏHŞİ HEYVANLAR
Fil: hindistanlılar ona hati deyirlər. Fil Kalpi vilayətinin sınırlarında olur. Oradan yuxarıya və şərqə doğru getdikcə daha çox vəhşi filə təsadüf edilir. O tərəflərdən fil tutub gətirirlər. Kərrə və Manikpurda otuz-qırx kəndin işi (275 a) fil tutmaqdır. Vergilərini də fillə ödəyirlər.
Fil nəhəng və çox ağıllı bir heyvandır. Nə söylənsə anlayır, nə əmr edilsə yerinə yetirir. Qiyməti böyüklüyü ilə düz mütənasibdir və onu ölçüsünə görə satırlar. Nə qədər böyük olsa, qiyməti də o qədər artıq olur. Deyilənə görə, bəzi adalarda on kari böyüklüyündə fil varmış. Buralarda isə dörd-beş karidən daha yüksək olanlara təsadüf edilmir.
Fil xortumu vasitəsilə yeyib-içir. Xortumu olmasa, yaşaya bilməz. Xortumun iki tərəfində üst çənəsində iki böyük dişi var, bu dişləri vasitəsilə divarları və ağacları zorlayıb yıxır. Dişləri ilə vuruşur, hər hansı çətin bir işi də bu dişləri ilə görür. Bu dişlərə ac deyirlər. Bu dişlər Hindistan əhalisinin gözündə çox qiymətlidir. Filin tükü yoxdur.
Hindistanda filin etibarı çox böyükdür. Hər hərbi hissədə mütləq bir neçə fil olur. Filin bəzi yaxşı məziyyətləri var: böyük, dərin və it axanı sulardan çoxlu yüklə asanca keçir, dörd-beş yüz adamın çəkdiyi top arabasını üç-dörd fil asanlıqla çəkib aparır. Lakin fil üçün çox yem lazımdır, tək bir fil iki qatar dəvənin yemi qədər yem yeyir.
Dostları ilə paylaş: |