Kərgədan (qurk): bu da nəhəng bir heyvandır. (275 b) Cüssəsi üç camış qədər olar. O tərəflərdə belə bir söz məşhurdur: kərgədan fili buynuzuyla qaldırar. Bu, hər halda, yanlış sözdür. Burnunun üstündə tək bir buynuzu var, uzunluğu da bir qarışdan bir az artıqdır. İki qarış uzunluğunda buynuzu olanı heç görünməmişdir. Böyük bir buynuzdan bir qədəh və bir dənə zər qutusu düzəldildi. Bundan başqa bəlkə də üç-dörd düymə qədər artıq qaldı.
Dərisi fövqəladə qalındır. Sərt bir yay qoltuğa qədər çəkilərək atıldığı təqdirdə və yaxşı saplananda onun bədəninə dörd barmaq qədər işlədiyini söylədilər. Dərisinin bəzi yerlərindən ox daha çox keçirmiş. İki çiyninin və iki budunun üstündə dəri qat-qatdır, uzaqdan bir çul kimi görünür.
Digər heyvanlardan ən çox ata bənzəyir. Atın qarnı böyük olmadığı kimi, bunun da qarnı böyük deyil. Atın aşıq yerində necə bir sümük varsa, bunun da aşıq yerində elə bir sümük var. Bunun ön ayaqlarındakı sümük də atın ön ayaqlarındakı sümüyə bənzəyir.
Bu heyvan fildən daha vəhşidir, onun qədər itaətkar və dinc deyil. Pərşavər və Heşnəgar cəngəlliklərində çox olur. Bir də Sind çayı ilə Bxirə vilayətinin arasındakı cəngəlliklərdə olur. Hindistanda Saru çayının sahilində də çoxdur.
Hindistan (276 a) səfərlərinin çoxunda Pərşavər və Heşnəgar cəngəlliklərində kərgədan ovladıq. Yaxşı buynuz vurur. Bu ovlarda bir çox adamı və atı buynuzuyla vurmuşdur. Bir ovda Maqsud adlı çöhrənin atını buynuzu ilə qaldırıb bir nizə boyu qədər atdı. Bu üzdən Maqsuda Qurk ləqəbi verildi.
Çöl camışı: bu heyvan camışdan xeyli böyükdür. Buynuzu camışın buynuzu kimi arxaya bükük deyil. Çox müzür və yırtıcı bir heyvandır.
Niləgav (mavi öküz): hündürlüyü at qədərdir və atdan bir az incədir. Erkəyinin rəngi mavidir, hər halda buna görə niləgav deyirlər [nilə: mavi, gav: öküz]. Bir az kiçık iki buynuzu var. Boğazında bir qarışdan bir az uzun tükləri var. Dəniz öküzünə bənzəyir. Dırnağı öküz dırnağı kimi haçadır. Dişisi buğu-maral1 rəngindədir. Buynuzu və boğazında tükü yoxdur. Erkəyinə nəzərən cins bir ata bənzəyir.
Gödəkpa: böyüklüyü ağ geyik qədərdir. Bunun qabaq və arxa ayaqları bir az qısadır və bu üzdən gödəkpa deyirlər [gödək: qısa; pa: ayaq]. Buynuzu buğu buynuzu kimi şaxəli və ondan bir az kiçıkdir. Bu da eynən buğu kimi hər il buynuz dəyişdirir. Qaçmaqda bir az zəifdır və onun üçün cəngəllikdən çıxmır.
Kəlhərə: erkəyi hunaya2 bənzəyən bir geyikdir. Beli qara, qarnı ağdır. Bunun buynuzu hunanınkından (276 b) daha uzun və daha şaxəlidir. Hindistanlılar buna kəlhərə deyirlər. Əsli kalahran, yəni «qara geyik»dir, ancaq qısaldaraq kəlhərə (kəlhərn) yazırlar. Dişisinin rəngi ağdır.
Bu kəlhərə ilə geyik ovlayırlar. Kəlhərənin buynuzuna tələnin halqasını və ayağına isə topuqdan bir az böyük bir daş asırlar ki, vəhşi geyik yaxalandıqdan sonra uzağa getməsinə əngəl olsun. Ondan sonra vəhşi bir kəlhərə görününcə onun qarşısına buraxırlar. Bu geyik vuruşmağa çox həvəslidir və dərhal vuruşmağa girişir. Buynuzlarıyla döyüşərək toqquşub irəli-geri gedib gələndə vəhşi geyiyin buynuzu bu geyiyin buynuzuna bağlanmış tələyə ilişir. O qaçmaq istəyəndə isə əhliləşdirilmiş geyik qaçmır, hər halda ayağına bağlanmış olan daş da buna mane olur. Bu üsulla çox geyik ovlayırlar. Ovladıqdan sonra onları əhliləşdirib təkrar geyik ovlamaqda istifadə edirlər. Bu əhliləşmiş geyikləri evdə döyüşdürürlər. Yaxşı döyüşürlər.
Hindistanın dağ ətəklərində daha kiçık bir geyik növü də var. Böyüklüyü arxarqulçanın1 bir yaşındakı balası qədərdir.
Gini öküz: kiçık bir öküzdür. Bizim tərəflərin böyük qoçu qədər olar. Əti olduqca yumşaq və ləzzətlidir.
Meymun: hindistanlılar buna bandər deyirlər. Bunların növü çoxdur. Bunlardan biri bizim tərəflərə gətirdikləri növdür. Kəndirbazlar ona oyun (277 a) öyrədirlər. Dəreyi-Nur dağlarında, Kuhi-Səfidin Xeybər civarındakı ətəklərində və oradan aşağıda, Hindistanın hər yerində olur, daha yuxarıda olmur. Tükü sarı, üzü ağdır. Quyruğu o qədər də nuzun deyildir.
Bir cür meymun da var ki, Bəcur, Sevad və o civarlarda buna təsadüf edilmir. Bizim tərəflərə gətirilən meymunlardan xeyli böyükdür, quyruğu da çox uzundur. Tükü bir az ağ, üz qismində qapqaradır. Bu cür meymun Hindistanın dağlarında və cəngəlliklərində olur, bizim tərəflərdə olmur.
Bir cür meymun da var ki, üzü, tükü və bütün orqanları qapqaradır.
Nul: sincabdan bir az daha kiçıkdir. Ağaca çıxır. Bəziləri buna muşi-xurma deyir və mübarək sayırlar.
Gəlahri: bir siçan növüdür. Amma daim ağaclarda yaşayır. Ağacların üsütündə böyük bir cəldliklə aşağı-yuxarı qaçır.
QUŞLAR
Tovuz: çox rəngli və süslü bir quşdur. Rəng və süs baxımından olmasa da, cüssə baxımından durna boydadır, lakin durna qədər hündür deyildir. Erkək və dişisinin başında iyirmi-otuz tük var, uzunluğu iki-üç barmaq qədərdir. Dişisinin başqa bir süsü və rəngi yoxdur. Erkəyinin başında süslü bir mavi halqa olur. Boynu parlaq mavi rəngdədir. (277 b) Boynundan aşağı arxası sarı, yaşıl, mavi və bənövşəyi rənglərlə naxışlıdır. Beli kiçık xallarla bəzənmişdir. Belindən bir az aşağıda eyni rənglərlə naxışlı iri xallar quyruğunun ucuna qədər gedir.
Bəzi tovuzların quyruğu bir qulaç olur. Bu xallı tüklərinin altında bir az qısa və digər quşların quyruğuna bənzəyən bir quyruğu daha vardır. Bu quyruğu və qanadları qırmızıdır.
Tovuz Bəcur, Sevad və daha aşağıda olur, ondan yuxarıda, Künərdə və Ləmqanatda heç bir yerdə olmur. Uçuşda qırqovuldan daha acizdir, bir- iki dəfədən artıq uça bilmir və bu üzdən dağda, ya da cəngəllikdə olur. Qəribədir ki, tovuzun olduğu cəngəlliklərdə çaqqal çox olur. Bir qulaç quyruğu ilə çaqqaldan zərər görmədən cəngəllikdən-cəngəlliyə necə gəzə bilir? Hindistanlılar ona mor deyirlər.
Əti imam Əbu Hənifə məzhəbində halaldır. Əti dadsız deyil və turac ətinə bənzəyir. Lakin dəvə əti kimi ikrahla yeyilir.
Tutuquşu: bu da Bəcur və aşağısındakı vilayətlərdə olur. Bahar mövsümündə tut yetişəndə Nigənxar və Ləmqanata gəlir, digər zamanlarda orada olmurlar. Müxtəlif növləri var. Biri bizim tərəflərə götürdükləri növdür, ona danışmaq öyrədirlər.
Biri də bu tutuquşundan bir az kiçık (278 a) olur, ona da danışmaq öyrədirlər. Bu növə cəngəli deyirlər. Bu növ Bəcur, Sevad və o civarda fövqəladə çoxdur, o dərəcədə ki beş-altı minlik sürü halında uçurlar. Bu iki növ tutuquşu cüssəcə bir-birindən fərqli, rəngcə eynidir.
Bir növ tutuquşu da var ki, cəngəli tutuquşundan bir az kiçıkdir. Başı qıpqırmızı, qanadlarının üstü də qırmızıdır. Quyruğunun ucunda iki barmaq qədər yeri ağdır. Bu növün bəzilərinin başı mavi olur. Bu növə danışmaq öyrətmək olmur. Buna Kəşmir tutuquşusu deyirlər.
Cəngəli tutuquşuna bənzəyən kiçik bir növ də var, bunun dimdiyi qaradır, boynunda isə böyük qara bir halqa olur. Qanadlarının altı qırmızıdır. Danışmağı yaxşı öyrənir.
Biz belə zənn edirdik ki, tutuquşu və şarek nə öyrədilsə onu söyləyir, lakin özü bir şey düşünüb söyləyəməz. O zamanlar yaxın mülazimlərimdən biri olan Əbülqasım Cəlair qəribə bir şey söylədi. Bu növ bir tutuquşunun qəfəsi bağlı imiş və tutuquşu demiş ki: «Ruyi məra ba kon ki dəmgir şodəm» (üzümü aç, boğuluram). Bir dəfə isə onu daşıyanlar dincəlmək üçün oturarkən yanlarından yolçular keçib gedirmuş; tutuquşu demiş ki: «Mərdom rəftənd, şomayan nəmirəvəd?» (hamı gedir, siz niyə getmirsiniz?).
Vəbalı deyənin boynuna. İnsan öz qulağıyla eşitməsə inanmaz.
Bir növ tutuquşu da var ki, rəngi parlaq və qıpqırmızıdır. Digər bəzi rəngləri isə (278 b) xatirimdə yaxşı qalmadığı üçün bu anda müfəssəl yaza bilmirəm. Qırmızı və fövqəladə göstərişli bir tutuquşudır. Ona danışmaq da öyrədirlərmiş. Qüsuru səsinin qırıq bir çininin mis bir tabağa sürtüldüyü zaman çıxardığı səs kimi pis və sərt olmasıdır.
Şarək: Ləmqanatda və Hindistanın daha aşağılarında lap çox olur. Bu da növ-növdür. Ləmqanatda çox olan bir növün başı qara, qanadları alaca, vücudu sığırçından bir az böyük, ondan daha qabadır. Ona danışmaq öyrədirlər.
Şarəkin bir növünə mina deyirlər. Benqaldan gətirirlər. Tamamən qaradır. Bədəni bu şarəkdən xeyli böyük, ayağı sarıdır. Qulaqlarında sarı dəriləri var, asılıdır. Bunun görünüşü pisdir. Danışmaq öyrədilir, yaxşı və aydın şəkildə danışır.
İlk bəhs edilən şarəkdən bir az incə olan bir növ şarek də var. Gözlərinin ətrafı qırmızıdır. Bu növ danışmağı bacarmır. Buna vin-şarek deyirlər.
Körpü quraraq Qanq çayını keçib düşmənlərı qaçırdığımız zaman Leknur və civarında döşü ağ, başı alaca, beli qara bir şarək növü də gördüm. O günə qədər heç görməmişdim. Bu növ də, deyəsən, danışmağı bacarmır.
Lüçə: bu quşa buqələmun da deyirlər. Başından quyruğuna qədər beş- altı müxtəlif rəngi var və göyərçin boynu kimi parlaqdır. Göyərçin (279 a) boyda olur. Hər halda o da Hindistanın göyərçinidir. Göyərçin dağların təpəsində yaşadığı kimi, o da dağın təpəsində yaşayır.
Kabilin Nicrav vilayətində və daha aşağıdakı dağlarda olur, oradan yuxarıda olmur. Oranın əhalisi qəribə bir şey söylədi. Qış gəlincə, lüçə dagın ətəklərinə enirmiş. Əgər uçursalar, üzüm bağından keçsə belə daha irəli əsla uça bilmir və dərhal yaxalanırmış. Əti yeyilir və olduqca ləzzətlidir.
Turac: bu, Hindistana xas bir quş deyil, isti iqlimə daxil vilayətlərdə olur. Lakin bəzi növləri Hindistandan başqa yerdə olmadığı üçün ondan da bəhs etməyi lazım bildim.
Kəklik boydadır. Erkəyinin beli dişi qırqovulun rənginə bənzəyir. Boynu və döşü qaradır. Bəmbəyaz tükləri var. Gözünün hər iki tərəfində qırmızı çizgi var. Səsi gözəldir, adama elə gəlir ki, qışqırarkən belə deyir: «Şir darəm şəkərək» (şəkər kimi südüm var). Bu zaman «şir» sözünü qısa, «darəm şəkərək» qismini isə aydın tələffüz edir. Əstərabad turacları belə qışrırlar: «Bat məni tutdular» (məni tez yaxaladılar). Ərəbistanın və o civarın turacları isə qışqıraraq belə deyirlər: «Biş-şükri tədumun ən-nəum» (şükr etsən, firavanlıq uzun sürər).
Dişisi qırqovul kimi rənglidir. Bunlar Nicravdan aşağıda olur.
Kəncəl: turac cinsindən olan bir quşdur. Turac boydadır. Səsi kəklik səsinə bənzəyir. Lakin bunun səsi (279 b) çox sərtdir. Erkəyi ilə dişisi arasında fərq azdır. Pərşavərdə, Heşnəgarda və daha aşağıdakı vilayətlərdə olur, oralardan yuxarıda olmur.
Pül-peykər: göyərçin boydadır. Vücudu ev toyuğuna bənzəyir. Rəngi də toyuq rəngindədir. Boğazından döşünə qədər qismi parlaq və qıpqırmızıdır. Pül-peykər Hindistan dağlarında olur.
Vəhşi toyuq: ev toyuğundan fərqi bunun qırqovul kimi uçmasındadır və ev toyuğu kimi hər yeri eyni rəngdə deyildir. Bu toyuq Bəcur dağlarında və daha aşağıdakı dağlarda olur, Bəcurdan yuxarıda olmaz.
Cəlsi: bədəni pül-peykər kimidir, lakin pül-peykarın rəngi daha xoşdur. Bəcur dağlarında olur.
Şam: ev toyuğu boydadır. Qeyri-adi rəngləri var. Bu da Bəcur dağlarında olur.
Bildirçin: Hindistana xas deyil, lakin Hindistana xas olan dörd-beş növ bildirçin var. Biri bizim vilayətlərə gedən bildirçindir. Biri isə bizim tərəflərə gedəndən daha kiçikdir, qanadı və quyruğunun rəngi daha qırmızıdır. Bu növ bildirçin çir1 kimi sürü halında uçur. Bunun başqa bir növü isə bizim tərəflərə gedən bildirçindən bir az kiçıkdir, boğazıyla döşündə qarası daha artıqdır. (280 a). Biri də Kabilə çox az gedən kiçicik bir bildirçindir. Qarçadan bir az böyükdür. Kabildə ona qaratu deyirlər.
Xərçəl: böyüklüyü doğdaq qədərdir. Hər halda o da Hindistanın doğdağı olmalıdır. Əti fövqəladə ləzzətlidir. Bəzi quşların bud əti yaxşı olur, bəzilərinin isə döş əti yaxşı olur, xərçəlin isə hər tərəfi ləzzətlidir.
Çərz: cüssəcə toğdarıdan bir az kiçıkdir. Erkəyinin beli toğdarınınkı kimidir, döşü qaradır. Dişisi bir rəngdədir. Çərzin əti də olduqca ləzzətlidir. Xərçəl necə doğdağa bənzəyirsə, çərz də toğdarıya o cür bənzəyir.
Bağrıqara: Hindistan bağrıqarası bağrıqaradan bir az kiçık və daha incədir. Bağrının qarası da azdır. Səsi də ondan daha incədir.
SUDA VƏ SU KƏNARINDA OLAN QUŞLAR
Bir də suda və su kənarlarında yaşayan quşlar vardır.
Ding: yaxud piri-ding. Böyük cüssəli bir quşdur. Hər qanadı bir qulaçdır. Başının və boynunun tükü yoxdur. Boğazında cib kimi bir şey asılıdır. Beli qara, döşü ağdır. Bəzən Kabilə gedir. Bir il Kabildə bir ding tutub gətirmişdilər. Yaxşıca əhliləşmişdi. Ət atsalar, heç yanılmadan dimdiyi ilə tuturdı. Bir dəfə nalçalı bir ayaqqabı udmuşdu. Bir dəfə isə bütöv bir toyuğu (280 b) qanadları və tükləriylə birlikdə uddu.
Sarəs: Hindistanda yaşayan türklər ona dəvə-durna deyirlər. Bu quş dingdən bir az kiçıkdir. Boyu da onunkundan bir az yüksəkdir. Başı qıpqırmızıdır. Bunu evdə bəsləyirlər və yaxşı əhliləşir.
Mənik: sarəs boydadır. Bədəni bir az kiçıkdir. Leyləkdən xeyli böyükdür. Leyləyə bənzəyir. Dimdiyi leyləyinkindən bir az uzun və qaradır. Başı mavi, boynu ağ, qanadları alacadır. Qanadlarının ucları və dibləri ağ, ortası isə qaradır.
Leylək: boynu ağ, başı və hər tərəfi qaradır. Bizim o tərəflərə gedən leyləkdən bir az kiçıkdir. Bu leyləyə hindistanlılar yek-rəng deyirlər. Bir növü də var ki, rəngi və şəkli bizim tərəflərə gedən leyləklərin eynisidir, lakin dimdiyi daha qara və o tərəflərin leyləyindən xeyli kiçıkdir.
Uqar ilə leyləyə bənzəyən bir quş da var. Dimdiyi uqarınkından bir az daha böyük və uzundur. Cüssəsi leyləkdən daha kiçıkdir.
Böyük büzək: sığırçın boydadır. Qanadlarının arxası ağdır. Yüksək bir səsi vardır.
Ağ büzək: başı və dimdiyi qaradır. Bizim tərəfə gedən büzəkdən xeyli böyük, Hindistan büzəyindən bir az kiçıkdir. (28l a)
Gərmpa: bir ördək növü olub sona-bürçindən1 daha böyükdür. Erkəyi və dişisi eyni rəngdədir. Heşnəgarda olur, bəzən Ləmqanata gedir. Əti olduqca ləzzətlidir.
Şahmürğ: Bir tür ördək olub qazdan bir az kiçıkdir. Dimdiyinin üstündə bir çıxıntı var. Döşü ağ, beli qaradır; əti ləzzətlidir.
Zümməc: şahin boydadır. Rəngi qaradır.
Sar (sığırçın): beli və quyruğu qırmızıdır.
Hindistan alaqarğası: bizim tərəflərin alaqarğasından bir az daha kiçık və incədir. Boynunda bir qədər ağ vardır.
Mürği-cəngəl: qarğa ilə saxsağana bənzəyən bir quşdur. Ləmqanatda buna mürği-cəngəl deyirlər. Başı və döşü qara, qanadları və quyruğu bir az qırmızı, gözləri qıpqırmızıdır. Uça bilmədiyi üçün cəngəldən çıxmaz və bu üzdən ona mürği-cəngəl deyirlər.
Çəmgədər: böyük bir yarasa olub bayquş boydadır. Başı it küçüyünü başına bənzəyir. Ağaca qonmaq istəyəndə bir budağa yapışıb başı aşağı vəziyyətdə durur. Çox qəribədir.
Məta: Hindistan saxsağanıdır, saxsağandan bir az kiçıkdir. Saxsağan ağ alacadır; məta isə alacadır.
Sanduvaç2 böyüklüyündə kiçicik bir quş daha vardır ki, (281 b) rəngi parlaq qırmızıdır, qanadlarında bir azca qarası var.
Kərcə: qaranquşa bənzəyir və ondan xeyli böyükdür. Hər tərəfi qapqaradır.
Kuyəl: kiçık qarğa boydadır, ondan xeyli incədir. Gözəl ötür. Hindistan bülbülü bu imiş. Hindistan əhalisinin gözündə bülbül qədər mötəbərdir. Çox ağaclı bağlarda olur.
Şaqraq kimi ağaclara yapışaraq yürüyən bir quş da var. Şakrak boydadır və tutuquşu kimi yaşıl rəngdədir.
SU HEYVANLARI
Şiri-abi [su aslanı]: yığılmış sularda olur. Timsaha bənzəyir. Deyilənə görə, insanı, hətta camışı belə qapırmış.
Sisar: bu da timsah şəklindədir. Hindistanın bütün çaylarında olur. Bir dəfə yaxalayıb gətirmişdilər, uzunluğu dörd-beş kariyə yaxındı, yoğunluğu isə qoyun qədərdir. Bundan daha böyükləri də varmış. Ağzı yarım karidən bir az daha uzundur. Üst və alt çənələrində sıra-sıra incə-incə dişləri vardır. Su kənarlarına çıxıb yatır.
Xuki-abi [hərfən: su donuzu, əslində: Qanq delfini]: bu da bütün Hindistan çaylarında olur. Sudan birdən-birə çıxar, başı görünər-görünməz təkrar suya dalır və yalnızca quyruğu gözə dəyir. Bunun ağzı da (282 a) sisarın ağzı kimi uzundur, sıra-sıra kiçık dişləri var. Başının digər qismi və gövdəsi balıq kimidir. Suyun içində oynayanda tuluq kimi görünür.
Saru çayındakı xuki-abilər oynayan zaman suyun üstünə çıxırlar. Eynən balıq kimi heç bir zaman sudan dışarı çıxmırlar.
Qaryal: böyükdür, Saru çayında əsgərin bir çoxu onu gördü, insana hücum edir. Saru sahilində olan zaman bir-iki köləni qapmışdı. Qazipur ilə Benares arasında da ordudan üç-dörd adamı qapdı, o civarda qaryali mən də bir az uzaqdan gördüm, lakin yaxşı və müfəssəl şəkildə görə bilmədim.
Kəkkə balığı: iki qulağının önündə iki sümük çıxır, uzunluğu üç barmaq qədərdir. Yaxalananda bu sümükləri oynadır və bundan gözəl bir səs çıxır. Hər halda ona bu səsinə görə bu adı qoymuşlar.
Hindistan balıqlarının əti ləzzətlidir; qılçığı yoxdur. Çox çevik balıqlardır. Bir dəfə adamlarımız bir suyun iki tərəfindən tor atıb gəldilər. Torun hər tərəfi yarım karidən artıq suyun üstündəydi. Balıqların bir çoxu toru bir kari daha yuxarı sıçrayaraq aşdılar.
Hindistanın bəzi sularında kiçik balıqlar var ki, bunlar qüvvətli bir səs və ya gurultu olunca (282 b) birdən-birə sıçrayaraq sudan bir və ya bir yarım kari yuxarı tullanırlar.
Hindistan qurbağaları: bildiyimiz qurbağalar kimidirlər, lakin suyun üstündə yeddi-səkkiz kari qaçırlar.
HİNDİSTANA XAS BİTKİLƏR
Ənbə: Hindistan xalqı be hərfini hərəkəsiz tələffüz edir və bu söyləniş pis səsləndiyi üçün bəziləri ona nəğzək demişlər. Necə ki Xoca Xosrov belə demişdir:
Nəğzəki ma nəğz koni bustan,
Nəğztərin meyveyi-Hindustan.
Ey bizim nəğzəkimiz, bağları bəzərsən,
Sən Hindistanın ən gözəl meyvələrindənsən.
Yaxşısı gözəldir, çox yeyilə bilir, lakin yaxşısı az olur. Əsasən kal ikən yığırlar, evdə dəyir. Kalından yemək üçün gözəl ədviyyat düzəldirlər. Kalından düzələn mürəbbə də gözəl olur. Gerçəkdən də, Hindistanın ən yaxşı meyvəsi budur.
Ağacı çox hündür olur. Bəziləri deyir ki, ənbə qovundan sonra bütün meyvələrdən üstündür. Lakin xalqın təriflədiyi qədər deyil. Şaftalının kərdi növünə bənzəyir. Yağmur mövsümündə dəyir.
İki şəkildə yeyilir: biri sıxıb yumşaldaraq hər tərəfini dəlib əzmək surətiylə suyunu içirlər. Bir də kərdi-şaftalı kimi qabığınu soyaraq yeyirlər. Yarpağı bir az şaftalı yarpağına bənzəyir. Gövdəsi çirkin və biçimsizdir. Benqalda və Quceratda daha yaxşıları olurmuş.
Kilə: ərəblər buna muz [yəni banan] deyirlər. Ağacı o qədər hündür deyil, (283 a) hətta ona ağac demək olmaz, kol ilə ağac arasında bir şeydir. Yarpağı aman-qara yarpağına bənzəyir, amma banan yarpağının uzunluğu iki karidir, eni isə bir kariyə yaxındır.
Ortasından ürəyə bənzəyən bir zoğ çıxar. Qönçəsi bu zoğdadır. Böyük qönçəsi qoyun ürəyi şəklindədir. Qönçəsinin hər yarpağı açıldıqca yarpağın dibində sıra halında altı-yeddi çiçək çıxır. Bu sıra-sıra çiçəklər sonra banan olur. Ürəyə bənzəyən bu zoğ uzandıqca, o böyük qönçənin yarpaqları da açılır və sıra halındakı banan çiçəkləri görünür.
Hər banan ağacı yalnız bir dəfə meyvə verir. Bananın iki gözəl xüsusiyyəti var: qabığı asan soyulur, çəkirdəyi və puşası yoxdur. Badımcandan bir az daha uzun və daha incədir. Çox şirin deyil. Benqal babanı fövqəladə şirin imiş. Olduqca xoş görünən bir ağacı var. Geniş və parlaq yaşıl yarpaqlarının görünüşü çox gözəldir.
Ənbuli: hind xurmasına bu adı verirlər. Kiçicik yarpağı var və ümumən hind quzu (buya) yarpağına bənzəyir, lakin bunun yarpağı hind qozu yarpağından daha kiçikdir. Ağacı çox gözəl görünür. Kölgəsi çox olur. Ağacı olduqca yüksəkdir. Yabanısı da çoxdur.
Mehvə: gül-çikan da deyirlər. Bunun ağacı da olduqca hündürdür. Hindistan əhalisinin evləri (283 b) əksərən mehvə ağacındandır. Mehvənin çiçəyindən şərbət düzəldirlər. Çiçəyini qurudaraq kişmiş kimi yeyirlər. Araq də düzəldirlər. Ümumən kışmişə bənzəyir. Pis bir tadı var. Çiçəyinin təzəsi pis deyil. O da yeyilir. Bunun da yabanısı var. Meyvəsi şirin deyil. Dənəsi bir az böyük, qabığı incədir. İçindən yağ da çəkirlər.
Kirni: ağacı çox hündür olmamaqla birlikdə kiçık də deyil. Meyvəsinin rəngi sarıdır. İnnabdan (çiydə) bir az incədir. Dadı ümumən üzümə bənzəyir. Bir az dadsız olsa da pis deyildir. Fövqəladə çox olur. Dənəsinin qabığı incədir.
Cəman: yarpağı ümumən söyüd yarpağına bənzəyir, ondan daha dəyirmi və daha yaşıldir. Ağacının görünüşü pis deyil. Meyvəsi qara üzümə bənzəyir, bir az turş dadı var. O qədər yaxşı deyildir.
Kəmrək: meyvəsi beş guşəlidir. Şaftalı boydadır, uzunluğu dörd barmaq qədər olar. Dəyəndə saralır. Bunun da çəkirdəyi yoxdur. Kal ikən qoparılanı çox turş olur. Dəymişinin turşuluğu meyxoşdur, pis deyil. Gözəllik ba-xımından o qədər də yaxşı deyildir.
Qədhil: görünüşü və dadı çox pis bir meyvədir. Eynən (284 a) qoyun qarnı kimidir, dolma kimi içi dışına çevrilmişdir. Mədə bulandıran bir dadı var. İçində fındığa bənzəyən çəkirdəkləri olur. Ümumən xurmaya bənzəyir. Bunun çəkirdəkləri uzun deyil, yuvarlaqdır. Bu çəkirdəklərin xurmadan bir az daha yumşaq əti var və onu yeyirlər.
Çox yapışqan olduğu üçün bəziləri onu əllərini və ağızlarını yağlayaraq yeyirlərmiş. Bunlar ağacın həm budağında, həm gövdəsində, həm də kökündə olurmuş. Sanki ağaca dolmalar asmışlar.
Bədhəl: alma boyda olar, ətri pis deyil. Kal ikən çox turş və dadsız bir şeydir. Dəymişi pis deyil, yumşaqdır. Hər hansı bir yerini əllə qoparıb yemək mümkündür. Dadı heyvanın tüklü halındakı dadına çox bənzəyir. Turş və olduqca gözəl bir dadı var.
Bir: farsca künar deyirlərmiş. Bunun bir neçə növü var. Ərikdən azca böyükdür. Hüseyni üzümü şəklində bir növü də var, o qədər də yaxşı olmur.
Bandirdə çox gözəl bir bir gördük. Bunun ağacı günəş səvr və cövza bürcündə ikən yarpaqlarını tökür, sərətan və əsəddə, yəni yağmur mövsümündə təkrar yarpaq açıb yaşıl olur. Meyvəsi dəlv və hutda dəyir.
Gərundə: bizim vilayətin cikəsi1 (284 b) kimi koma-komadır. Cikə dağlarda, bu isə ovalarda bitir. Dadı mərmincana bənzəyir, ondan bir az daha şirin və daha az şirəlidir. Bundan kalyalı aş bişirirlər, çox gözəl olur.
Pənyalə: ərikdən bir az böyükdür. Qızıl almanın kalına bənzəyir. Turş sayaq bir dadı var. Ağacı nar ağacından bir az böyükdür. Yarpağı isə badam yarpağına bənzəyir.
Gülər: meyvəsi ağacın gövdəsindən çıxır. Əncirə bənzəyir və çox dadsız bir meyvədir.
Amilə: bu da beşküncdür. Pambıq qozasına bənzəyir. Qatı və dadsız bir şeydir. Mürəbbəsi pis olmur. Çox faydalı bir meyvədir. Ağacının gözəl görünüşü vardır. Çox kiçık yarpaqlıdır.
Çirunçi: ağacı dağda yetişirmiş. Bizim bağlarda üç-dörd dənə varmış, sonradan öyrəndim. Mehvəyə çox bənzəyir. İçi pis deyil, qoz ləpəsi ilə badam içi arasında bir şeydir. Pis deyil. İçi fıstıq içindən bir az kiçıkdir. Çirunçinin içi yuvarlaqdır. Pəludəyə və halvaya qoyurlar.
Xurma: düzdür, xurma Hindistana xas deyil, lakin bizim tərəflərdə olmadığı üçün burada bəhs etdim. Xurma ağacı Ləmqanatda da var. Budaqları ağacın ucunda bir yerdə olur. Yarpaqları budaqlarının dibindən ucuna qədər iki tərəfindədir. Gövdəsi buruşuq və çirkindir. Meyvəsi isə üzüm (285 a) salxımı kimidir, lakin üzüm salxımından xeyli böyükdür.
Deyilənə görə, bitkilər arasında xurma ağacı iki xüsusda heyvanlara bənzəyir: birincisi, heyvanların başı kəsilincə necə həyatları da bitirsə, xurma ağacı da başı kəsilincə quruyur. İkincisi, heyvanlarda erkəksiz necə bir nəticə hasıl olmursa, xurma ağacı da erkək xurmanın budağı gətirilib toxundurulmasa, yaxşı meyvə vermir. Bu sözün doğru olub-olmadığı bəlli deyil.
Xurmanın yuxarıda bəhs edilən başı bir pendirdən ibarətdir. Xurma pendiri belədir: budaq və yarpağının çıxdığı yer pendir kimi ağdır. Bu ağ pendir kimi şeydən budaq və yarpaq çıxır. Budaq və yarpaq böyüdükcə yaşıllaşır. Bu ağ bölümə xurma pendiri deyirlər. Gözəldir, pis deyil, qoz ləpəsinə çox bənzəyir.
Bu peynirin olduğu yeri dəlirlər və bu dəliyə oradan çıxan suyun üzərindən axa biləcəyi şəkildə xurma yarpağı yerləşdirirlər. Yarpağı bir kuzənin ağzına salıb kuzəni də ağaca bağlayırlar. Dəlikdən çıxan su kuzədə yığılır. Bu su dərhal içilsə şirin bir sudur. Üç-dörd gün sonra içilsə adama kef verir. Bir dəfə Barini seyr etməyə gedən zaman (285 b) Çenbəl çayı sahilində yerləşən kəndləri də görməyə getmişdim. Yolda ovada bu cür xurma suyunu yığanlar bizə təsadüf etdilər. Bu sudan xeyli içdim, lakin təsir etmədi. Təsir etməsi üçün hər halda çox içmək lazımdır.
Dostları ilə paylaş: |