ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə30/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

RƏHİMDADIN GÜVALYARI ALMASI
Güvalyarda olan Tatar xan Sarənghaninin adamı da gəlib qulluq və sə­daqətini bildirmişdi. Kafir [Rana Sanka] Kəndarı alıb Biyanəyə yaxınlaşan­da isə Güvalyar racələrindən Dərmənket ilə Xani-cahan adlı kafirlər Gü­val­yar civarına gəlib qalanı ələ keçirmək ümidiylə qarışıqlıq çıxarmağa baş­la­dılar.

Tatar xanın adamı gəlib Güvalyarı təslim edəcəklərini söylədi. Bəy­lərin, içkilərin və yaxşı igidlərin böyük bir qismi səfərlərə və hər tərəfə il­qara getmişdi. (304 b) Böyük və kiçık qardaşları ilə birlikdə Həstiçi Tün­qa­tar, bir neçə bxirəli və lahorlu adamla birlikdə Rəhimdad pərgənələri Güval­yarda olmaq üzərə oraya göndərildi. Molla Apağ ilə Şeyx Gürən də Rəhim­dadı Güvalyarda yer­ləşdirib qayıtmaq üzrə göndərildi.

Bunlar Güvalyara yaxınlaşanda Tatar xanın fikri dəyişmiş və bunları kurqana buraxmamışdı. O zaman dünya ləzzətlərindən əl çəkməsilə tanın­mış, müridi və dostları çox bir dərviş olan Şeyx Məhəmməd Qövs Güvalyar kurqanının içindən Rəhimdada adam göndərərək «Nəyin bahasına olsa kur­qana girin, çünki bu adamın fikri dəyişmişdir. Pis niyyətləri vardır» deyir.

Rəhimdad bu xəbəri alınca «Dışarısı kafirlər üzündən təhlükəlidir, mən bir neçə adamla kurqana girim, digərləri dışarıda qalsın» deyə xəbər göndərir və israr edir, Tatar xan da buna razı olur. Bir neçə adamıyla içəri gi­rincə də «Bu qapıda bi­zim adamlar dursun» deyə Hati-Pülə öz adamlarını qoyur və o gecə bütün adam­larını Hati-Püldən içəri buraxır. Ertəsi gün də Tatar xan çarəsiz qalıb kurqanı istər-istəməz təslim edir. Sonra da gəlib Aq­rada bizə qoşuldu. Onun təxsisatı Biyanə pərgənəsindən iyirmi lek olaraq müəyyənləşdirildi.

Məhəmməd Zeytun da çarəsiz qalarq Dulpuru (305 a) təslim edərək gəlib mülazimət etdi. Ona bir neçə leklik pərgənə ehsan edildi. Dulpur xas­sə əmlak siyahısına alındı və şikdarlığı Əbülfəth Türkmənə ehsan edilərək oraya göndərildi.

Hisari-Firuzə civarındakı Həmid xan Sarənghani də pani əfqanlarının bir qismiylə o tərəfdəki əfqanlardan üç-dörd min adamı yığıb fitnə və fəsad çı­xarmaqla uğraşırdı. Çərşənbə günü, səfər ayının on beşində [=21 noyabr] Əhmədi Pərvançı, Əbülfəth Türkmən, Məlikdad Kərani (Kərərani) və Mü­cahid xan Multani idarəsində olanlarla birlikdə Cin-Teymur Sultana bu əf­qanlara hücum etməyi tapşırdım. Bun­lar gedib öndən sürətlə yürüyərək bu əf­qanları möhkəm məğlub etdikdən sonra adamla­rından çoxunu öldürüb bir çox baş kəsib gətirdilər.

Səfər ayının sonlarında İraqa, şahzadə Təhmasibin yanına elçiliyə get­miş olan Hacəgi Əsəd yanında Süleyman adında bir türkmənlə birlikdə gəlib hədiyyə gətirdi. Bunlar arasında iki çərkəz qızı da vardı.
BABURU ZƏHƏRLƏMƏ TƏŞƏBBÜSÜ
Cümə günü, rəbiüləvvəl ayının on altısında [=21 dekabr] qəribə bir ha­disə oldu. Bunu Kabilə göndərilmiş olan məktubda ətraflıca anlatmışam, nə artıq, nə də əskik olaraq burada da eynən verirəm. O məktub budur:

«Cümə günü, rəbiüləvvəl ayının on altısında, doqquz yüz otuz üçüncü il­də mey­dana gələn böyük olayın təfsilatı belədir: İbrahimin [Sultan İbrahim Ludi] anası, bu bədbəxt qadın mənim (305 b) hinduların əliylə bişirilən yeməkləri yediyimi eşidir.

Bu hekayə də bundan ibarətdir: bundan üç-dörd ay əvvəl Hindistan ye­məklərini görməmiş olduğum üçün İbrahimin aşçılarını (bavurçu) gətir­mə­lə­rini söylədim. Əlli-altmış qədər aşçıdan dördünü yanıma aldım. O da bunu eşidərək Ətavəyə adam göndərib dördə qatlanmış bir kağız içində gə­tirtdiyi bir tülə zəhəri bir cariyənin casitəsilə Əhməd Çeşnigirə -hind eli bə­qavula çeşnigir deyir- verir, tülə iki misqaldan bir az artıqdır.

Əhməd də bizim aşxanadakı hindistanlı aşçıya dörd pərgənə verəcə­yini vəd edib mənim yeməyimə hər hansı bir şəkildə qatması üçün zəhəri ve­rir. Zəhəri Əhməd Çeşnigirə aparan cariyənin arxasından digər bir cariyə də gönrərir ki, bunu verib-vermədiyini öyrənsin.

Yaxşı ki, aşçı zəhəri qazana deyil, boşqaba qoyur. Qazana qoyma­ma­sı­nın səbəbi bu idi: bəkavullara hindular yemək bişirəndə daima orada olma­larım möhkəm-möhkəm əmr etmişdim və onlar da yemək bişiriləndə yemə­yi aşçılara daddırırdılar.

Yeməyi daddıqları zaman bizim bədbəxt bəkavullar qəflətə düşürlər. Aşçı çini boşqab üzərinə çörək dilimini qoyanda, dilimin üzərinə o kağızda­kı zəhərin ya­rısından bir qədər azını səpir. Zəhərin üstünə yağda qızardıl­mış əti qoyur. (306 a) Zəhəri ət üzərinə səpsə, ya da qazana töksəydi, pis olardı. Çaşqınlıqla zəhərin yarısından artığını ocağa atır.

Cümə günü, axşam üstü, ikindi vaxtında yemək verdilər. Dovşan ye­mə­yindən xeyli yedim. Qızardılmış yerkökü də yedim. Bu zəhərli hind ye­məyindən bir-iki loxma aldım, qızardılmış ət də yedim. Dadından heç bir şey bəlli deyildi. Qurudulmuş ətdən bir-iki tikə aldım. Midəm bulandı. Ke­çən gün qurudulmuş ət yediyim vaxt dadı pis idi. Mədə bulantısının ondan ol­duğunu zənn etdim. Təkrar mədəm bulandı. Süfrədə iki-üç dəfə mədəm bu­landı. Az qala qusurdum. Axırda gördüm ki ol­mur, yerimdən qalxdım. Ayaq yoluna gedincəyə qədər yolda da az qala qqsur­dum. Ayaq yolu önünə gedib çox qusdum. Yeməkdən sonra heç qusduğum olmamışdı, hətta içdi­yim zaman da qusmazdım.

İçimə şübhə girdi. Aşçını mühafizə altına alaraq, o qusmuğu köpəyə ve­rib köpəyi də nəzarət altına almalarını əmr etdim. Ertəsi gün bir pəhərə yaxın köpək bir az xəstələnib qarnı şişən kimi oldu. Nə qədər ətrafını çevirib daşla vursalar da qımıldanmadı. Bu halı günortaya qədər davam etdi. Ondan sonra qalxdı. Ölmədi.

Bir-iki çöhrə də bu yeməkdən yemişdi. Ertəsi gün onlar da çox qusdu­lar. (306 b) İçlərindən birinin halı xarabdı. Axırda hamısı qurtuldu.

«Rəsidə bud bəlayi, vəli bəxeyr güzəşt» (bir bəla yetişdi, lakin xeyrlə keçdi). Allah mənə təkrar can verdi. O dünyadan qayıtdım, sanki yenidən doğuldum, can qədrini, billah, indi bildim.

Sultan Məhəmməd Bəxşiyə aşçını nəzarət altına almasını əmr etdim. Aşçı işkən­cə nəticəsində sizə söylədiyim şeyləri tək-tək uzun-uzadıya anlat­dı. Bazar günü di­van günüydü. Əkabirrin və əşrafin, üməra və vüzəranın di­vanda iştirak etmələrini, iki kişi ilə iki qadını gətirib sorğuya çəkmələrini əmr etdim. Hadisənin necə olduğunu bütün təfsilatı ilə danışdılar.

O çeşnigiri parçalatdırdım. Aşçının da diri-diri dərisini soydurdum. Qa­dınlar­dan birini filin altına atdırdım, birini güllələtdim. Birini mühafizə al­tına aldır­dım, o da öz etdiyinə giriftar olub cəzasını çəkəcəkdir.

Şənbə günü bir fincan süd içdim. Bazar günü də bir fincan süd içdim. Gili-məxdumla1 güvvətli tiryəki əzib içdim. Süd içimi təmizlədi. İlk gün öd ki­mi qara-qara şeylər çıxdı. Şükür ki, artıq heç bir sıxıntım yoxdur.

Can belə əziz bir şeymiş, bu qədər əziz olduğunu bilməzdim. Bir mis­ra var:

Kim ölər həlakətə yetsə, ol bilir can qədrini.

Bu qorxunç hadisəni nə zaman xatırlasam, istəmədən ağlım başımdan (307 a) çıxır. Tanrı təala öz inayəti ilə mənə yenidən can bağışladı. Bunun şükrünü hansı dillə ifadə edim. Ağlınızda bir tərəddüd qalmasın deyə ger­çək­ləşən hər şeyi bütün təfərrüatı ilə yazdım. Gərçi dilə və ağıza sığmaya­caq qorxunc bir hadisə idi. Allaha şükür ki, əcəlim gəlməmişdi, axırı xeyir oldu.

Ağlınıza heç bir sıxıntı və tərəddüd gətirməyin deyə çərşənbə axşamı günü, rəbiüləvvəl ayı­nın iyirmisində [=25 dekabr] çarbağda ikən yazıldı».

Bunlardan qurtulunca yazılan bu məktubu Kabilə göndərdim.

O bədbəxt qadından belə böyük bir günah zühur etdiyi üçün sahib ol­duğu əmlak Yunus Əli ilə Hacəgi Əsəde yağmalatdırıldı. Nəqd, əşya, qul və cariyələri alındıqdan sonra, özü də nəzarət altında saxlanmaq üzrə Əbdür­rəhim Şiğavula təhvil verildi. Onun nəvəsi, yəni İbrahimin oğluna çox sayğı və hörmətlə davranılırdu. Lakin belə bir qəsd bu ailədən ortaya çıxdığı üçün onun da burada qalması uyğun görülməyərək, cümə axşamı günü, rəbiül­əv­vəl ayının iyirmi doqquzunda [=3 yanvar 1527] Kamranın yanından bəzi işlərin həlli üçün gəlmiş olan Molla Sərsan ilə birlikdə Kamrana göndərildi.
YENİDƏN HÜMAYUNUN SƏFƏRİ HAQQINDA
Hümayun Purabdakı asilərin üzərinə getmişdi. Cunpuru (307 b) fəth et­dikdən sonra sürətlə Qazipura, Nasir xanın üstünə yürüdü. Nasir xan da bu­­­nu xəbər alaraq Qanq çayını keçdi. Buna görə də Hümayun Qazipurdan Harid üzərinə doğru yürüdü. Oradakı əfqanlar da bunu eşidib Saru çayını keç­dilər. Əsgər Haridi yağmaladıqdan sonra oradan geri döndü.

Daha öncədən müəyyən etdiyim şəkildə Şah Mir Hüseyn ilə Sultan Cüneyd bir dəstə yaxşı igidlə birlikdə Cunpurda qaldı. Qazı Ciya da onların yanına təyin edildi. Uda isə Şeyx Bəyazid təyin edildi. Bu işləri düzənləyib tamamlayandan sonra Hümayun da Kərrə-Manikpur civarından Qanqı ke­çə­rək Kalpi yoluyla hərəkət edir.

Cəlal xan Cighetin oğlu Aləm xan Kalpidə olurdu. Ərzi-halı gəlir, la­kin özü gəlmirdi. Hümayun Kalpi qarşısına gedin onun qorxusunu kön­lün­dən çıxarıb özü ilə birlikdə gətirdi. Hümayun bazar günü, rəbiülaxır ayının üçündə [=6 yanvar] Həşt-Be­hişt bağında gəlib mülazimət etdi. O gün Xoca Dost Xavənd də Kabildən gəldi.
RANA SANKA HƏRƏKƏTƏ KEÇİR
O günlərdə Mehdi Xocanın adamları da tez-tez bu barədə xəbər gəti­rirdilər: «Rana Sankanın hərəkətə keçəcəyi məlum oldu. Həsən xan Mivati də Ranaya qoşulmaq fikrindədir. Bunların işini həll etmək lazımdır. Əs­gərdən bir az əvvəl Biyanəyə bir az kömək gəlsə, daha (308 a) yaxşı olar».

Qoşun çəkməyə qərar verib ordunun hərəkətə keçməsindən bir az əv­vəl Məhəmməd Sultan Mirzə, Yunus Əli, Şah Mansur Barlas, Kəttə bəy, Qəsəmtay və Böçkə idarəsində olanlar Biyanəyə ilqar olaraq göndərildi.

Həsən xan Mivatinin Nahir xan adlı oğlu İbrahimlə müharibədə mənə əsir düşmüşdü, onu girov olaraq saxlamışdım. Bu üzdən də atası Həsən xan zahi­rən mənimlə münasibət saxlayır və oğlunu daim geri istəyirdi. Bəziləri «Həsən xanı bu tərəfə çəkmək üçün oğlu göndərilirsə, ona daha çox təsir edər və vəzifəsini daha yaxşı ifa edər» fikrini irəli sürdülər. Həsən xanın oğlu Nahir xana xələt geydirilib atasına vədlərdə bulunaraq getməsinə izin verildi. Bu münafiq hərif isə oğlunun izin ala bilməsi üçün hərəkətsiz du­rurmuş, oğluna izin verildiyini xəbər alar-almaz, da­ha oğlu oraya çatmadan Əlvardan çıxıb Tudəyə gedib Rana Sankaya qoşuldu. Onun oğluna o zaman izin vermək doğru bir iş deyilmiş.

O arada çox yağış yağırdı. Daima söhbət məclisləri qurulur və Hüma­yun da bu söhbətlərdə iştirak edirdi. İçkidən uzaq dursa da, bu bir neçə gün içdi.


BƏLXİN ÖZBƏKLƏRİN ƏLİNƏ KEÇMƏŞİ
O günlərdə baş verən qəribə hadisələrdən biri də budur: Hümayun Qa­leyi-Zəfərdən Hindistan səfərinə gəldiyi vaxt (308 b) yolda Molla Baba Pə­şağari və onun kiçık qardaşı Baba Şeyx qaçıb Kitin-Qara Sultanın yanına getmişdilər. Bəlxdəkilər də aciz qaldılar və Bəlx Kitin-Qara Sultanın əlinə keçdi. Bu boş adam kiçık qardaşları ilə birlikdə bu civarın idarəsini öz üzə­rinə alaraq Aybək, Xürrəm və Sarbağ civarına gəlir. Şah İskəndər də Bəlxin istilasından qorxub Quri qalasını özbəklərə təslim edir. Molla Baba ilə Şeyx bir neçə özbəklə birlikdə Quri kurqanına gəlib girirlər.

Mir Həmə kurqanı yaxın olduğu üçün başqa çarə tapmayaraq o da öz­bəklərə tabe olur. Bir neçə gün sonra Mir Həməni adamlarıyla birlikdə kö­çürdüb Bəlx tərəfinə götürmək işini həll etmək üçün Baba Şeyx bir neçə öz­bəklə birlikdə Mir Dərhalin kurqanına gəlir. Mir Həmə Baba Şeyxi kur­qan­da endirir və digərlərinə ayrı-ayrı yerlərdə otaq verir, Baba Şeyx ilə çar­pışır və bir neçə adamıyla birlikdə onu da yaxa­layıb həbs edir; sonra Tanrıver­diyə, Qunduza adam göndərir. Tanrıverdi də bir neçə yaxşı adamla birlikdə Yarəli ilə Əbdüllətifi [Bəxşi] oraya göndərir.

Bunlar yetişincəyə qədər Molla Baba özbəklərlə birlikdə Mir Dər­ha­lin kurqanına gəlib savaşmaq istəyir, lakin heç bir şey edə bilmir. Tanrıverdinin adamlarıyla bir­likdə Qunduza gəlirlər. Baba Şeyxin yarası ağırmış, onun üçün Mir Həmə o günlərdə onun başını kəsib gətirdi. (309 a) Ehsan və şəf­qətlərlə onun mövqeyini yüksəldərək tay-tuşları arasında seçkin qıldım.

Baqi Şiğavul geən zaman bu iki əski bədbəxtin hər birinin başı üçün bir ser altın vəd etmişdim. Amma indi bu ehsanların dışında, belə bir vəddə bulunduğum üçün o bir ser1 altın da Mir Həməyə verildi.

Bu sıralarda Biyanəyə ilqar kimi göndərilən Qəsəmtay ilə Böçkə bir neçə qazax igidlə birlikdə dil yaxalamaq üçün gedəndə kafirin iki bölük axınçısını məğlub edib yetmiş-səksən qədər adamını ələ keçirirlər. Həsən xan Mivatinin dəqiq olaraq gəlib düşmənə qoşulduğı xəbərini Qəsəmtay gə­tirdi.

Bazar günü, ayın səkkizində [=10 fevral] Ustad Əliqulunun topla daş atmasını seyr et­məyə getdim. Əvvəlcə tökdüyü böyük topun lüləsin heç bir nöqsan yoxdu və barut­xanasını də sonradan tökərək tamamlamışdı, ikindi vaxtı daş atdı, daş min altı yüz qədəm məsafəyə getdi. Ustada kəmərli bir xəncər, xələt və cins bir at ehsan etdim.


RANA SANKA ÜZƏRİNƏ SƏFƏR HAZIRLIĞI
Bazar ertəsi günü, cəmadiyüləvvəl ayının doqquzunda [=11 fevral] müharibə üçün yola çıxaraq məhəllələrin dışındakı ovaya endik. Əsgər yığ­maq və əsgərin təchizatını tamamlamaq üçün burada üç-dörd gün qaldıq.

İnanmadığımız üçün hindu əmirləri çeşitli yerlərə ilqar təyin etdik. Aləm xan [Təhəngəri] (309 b) Rəhimdada köməkçi olaraq Güvalyara ilqar göndərildi. Məkən, Qasım bəy Sənbəli, Məhəmməd Zeytun, böyük və kiçık qardaşları ilə Həmid [xan Sarənghani] də Sənbələ ilqar təyin edildilər.

Bu yurdda alınan xəbərlərə görə, Rana Sanka bütün əsgəriylə Biyanə­nin yaxınına qədər axın edir. Önçülüyə gedənlər xəbər verə bilməmiş, hətta kurqana belə girə bilməmişlər. Kurqandakılar da düşmənə qarşı kurqandan bir az uzağa, həm də bir az ehtiyatsız davranaraq çıxmışlar. Düşmən daha qüvvətli olduğu üçün bunları məğlub edərək qaçırmış.

Səngər xan Cəncuhə orada şəhid oldu. Döyüşün qaynar çağında Kəttə bəy zirehsız olduğu halda qoşaraq irəli çıxır. Bir kafiri atından salıb tam ələ keçirəcəyi əsnada o kafir Kəttə bəyin qılıncını qapıb Kəttə bəyin düz çiy­ninə vurur. Kəttə bəy çox iztirab çəkdi və Rana Sanka ilə savaşa gələ bilmədi. Bir müddət sonra bir az yaxşılaşdı, lakin şikəst qaldı.

Qəsəmtay, Şah Mansur Barlas və Biyanədən gələn digər hər kəs qorx­duqları üçünmü, yoxsa xalqı qorxutmaq istədiklərindənmi, bilmirəm, kafirin əsgərini cürət və cəsarət baxımından möhkəm öydülər.

Səfərə çıxdığımız yurddan Medhakur pərgənəsində ordunun enəcəyi ye­rə qədər bir çox quyunun qazılması üçün istehkamçılarla birlikdə Qasım Miraxur göndərilmişdi. Şənbə günü, cəmadiyüləvvəl ayının on dördündə [=16 fevral] Aqra civarından qalxıb quyuların qazıldığı yurda gəlib endik. (310 a)

Ertəsi gün də oradan qalxıb bu civarda suyu bol olan və orduya yetərli gələcək yerin Sikri olduğunu, lakin oranın kafir tərəfindən zəbt edilmiş ola biləcəyini düşünərək sağ və sol qollarımızı və mərkəz səflərimizi döyüş ni­za­mına salaraq hərəkət etdik.

Dərviş Məhəmməd Sarban ilə Qəsəmtay Biyanəyə gedib gəlmiş ol­duq­­ları üçün ərazini tanıyırdılar. Onlar Sikri gölünün sahilində düşərgə yeri tapmaq üçün irəli göndərildilər. Gedib o yurda enər-enməz, Mehdi Xoca və Biyanədəkilərə dərhal gəlib bizə qoşulmaları üçün çapar göndərdik.

Hümayunun nökəri Bəy Mirək Moğol kafirdən xəbər bilmək üçün bir neçə igid­lə birlikdə irəli göndərildi. Gecə getdilər və sabah düşmənin Bü­sa­vərdən bir küruh daha irəliyə enmiş olduğu xəbərini gətirdilər. O gün Mehdi Xoca, Məhəmməd Sultan Mirzə və Biyanədəki ilqar gəlib bizə qoşul­du.

Bəylər növbə ilə önçülüyə təyin edildilər. Əbdüləziz [Miraxur] önçü­lük növbəsində irəlini-gerini düşünmədən birbaşa Sikridən beş küruh mə­sa­fədə yerləşən Qanvahəyə getmişdi. Kafir bir az irəliyə köç etmiş imiş. Bun­ların belə dördnala irəlilədiklərini öyrənərək dörd-beş min düşmən gəlib ye­tişirlər. Əbdüləziz ilə Molla Apağın yanında min-min beş yüzə qədər adam vardı. (310 b) Düşmənin sayını nəzərə almadan bunlar da savaşa girirlər, la­kin izdihamlı əsgər hücuma keçincə qaçırlar.

Bu xəbəri alınca nökərləri ilə birlikdə Mühib Əli Xəlifəni dərhal oraya göndər­dik. Molla Hüseyni və digər bəzilərini də arxa-arxaya bunlara kö­məkçi göndərdik. Sonra Məhəmməd Əli Cəng-Cəng də göndərildi.

Amma kafirlər Mühib Əli yetişincəyə qədər Əbdüləziz və yanında­kı­ları qaçıraraq bayrağını alıb Molla Nemət, Molla Davud, Molla Apağın ki­çık qardaşı və digər bir neçə adamı yaxalayıb şəhid edirlər. Bizimkilər də yetişir və Mühib Əlinin dayısı Tahir Təbəri dərhal hücum edir. Lakin digər yardım gücləri hələ yetişmədiyi üçün kafirlər Tahiri də orada ələ keçirirlər. Mühib Əli də savaş zamanı yerə düşür, amma Baltu yandan girərək Mühib Əlini qurtarır. Kafirlər bir küruh məsafəyə qədər bizimkiləri təqib edir və Məhəmməd Əli Cəng-Cəngin qaraltısı görününcə dayanırlar.

Bizə düşmənin yaxınlaşdığı xəbərləri ard-arda gəlirdi. Zireh geyib, at­la­ra da zireh örtüb silahlanaraq sürətlə hərəkət etdik. Top arabalarını çəkib gətir­mə­lərini əmr etdim. Bir küruh qədər irəlilədik. Düşmənin adamları geri dön­müşdü.

Yaxınımızda böyük bir göl vardı. Su üçün oraya endik. Arabaları ön tərəfdən qorunaqlı bir hala gətirib onları zəncirlərlə bir-birinə bağladıq. Hər iki arabanın ara­sı yeddi-səkkiz kari qədərdı və buraya zəncir çəkilirdi. Mus­tafa Rumi rum (311 a) tərzində arabalar düzəltmişdi. Çox yüngül, funksio­nal və gözəl arabalardı.

Ustad Əliqulu ilə yola getmədiyi üçün Mustafa sağ qola, Hümayunun yanına təyin edildi. Araba yetişməyən yerlərə xorasanlı və hindistanlı isteh­kamçılara xəndəklər qazdırıldı.

Kafirin bu qədər tez gəlməs, Biyanədəki savaş, Şah Mansur, Qəsəm­tay və Biyanədən gələn digərlərinin anlatdıqları və öygüləri üzündən əs­gərlərin cəsarəti qırıl­mışdı. Əbdüləzizin yenilgisi də bunu büsbütün artırdı. Xalqın əndişəsini azaltmaq və əsgərin istehkam hazırlığı üçün arabaların ye­tişmədiyi yerlərə ağacdan səhpa kimi şeylər qoyuldu, yeddi-səkkiz kari olan hər səhpanın arası da öküz dərisindən düzəldilmiş qayışlarla bir-birinə möh­kəmcə bağlandı.

Bu hazırlıq tamamlanıncadək iyirmi-iyirmi beş gün keçdi.

O əsnada Kabildən Sultan Hüseyn Mirzənin qızının oğlu olan Qasım Hüseyn Sultan, Seyid Yusifun oğlu Əhməd Yusif, Qivam bəy Orduşah və oradan-buradan yığılmış beşbyüzə qədər adam daha gəldi.

Məhəmməd Şərif Münəccim uğursuz da bunlarla birlikdə gəldi. Şərab gətirmək üzrə Kabilə getmiş olan Baba Dost Suçu da Qəznənin məqbul şə­rablarından üç qatar (311 b) dəvə yüküylə bunlarla birlikdə gəldi.

Söylədiyim kimi, meydana gələn olaylar və durumlar, saçma sözlər və dedi-qodular üzündən əsgərin təlaşının və qorxusunun artdığı bir zamanda bu uğursuz Məhəmməd Şərif Münəccim də -gərçi mənə söyləyəcək faydalı bir sözü yoxdu- rast gəldiyi hər kəsə sürəkli olaraq bugünlərdə Mərrixin qərb tərəfində olduğu­nu və bu tərəfdə savaşan hər kəsin məğlub olacağını söy­lə­yirdi. Bunu belə bir uğursuzdan kim xəbər almış ki. Bu vəziyyət cəsa­rətsiz xalqın gözünü daha artıq qırdı. Onun bu saçma sözlərinə qulaq vermə­dən, görəcəyimiz işləri dayandırmadan savaş ha­zır­lığı ilə uğraşaraq səfləri nizamlamağa qeyrət etdik.

Bazar günü, ayın iyirmi ikisində [=24 fevral] Şeyx Cəmalini, Miyan-Duab oxçula­rını və Dehlidən yığa bildiyi qədər əsgər yığıb bunları digər tə­rəfdən düşmənə narahatlıq yaratmaq üzrə Mivat kəndlərinə axın etmələri və əllərindən gələn hər şeyi etmələri üçün göndərdik. Kabildən gəlməkdə olan Molla Türk Əliyə də Şeyx Cəmaliyə qoşu­laraq Mivata axın etməsi və düş­mə­ni vahiməyə çalışması əmr edil­di. Məğfur Divana da eyni əmr verildi.

Bunlar da gedib Mivatın bir neçə kə­nar kəndlərinə axın edərək yağma­la­mış və əsirlər almışlar. Lakin bu surətlə düşmən umduğumuz qədər da na­rahat olmadı.


BABURUN İÇKİYƏ TÖVBƏ ETMƏSİ
Bazar ertəsi günü, cəmadiyüləvvəl ayının iyirmi üçündə [=25 fevral] (312 a) bir az gəz­mək üçün ata mindim. Gəzinti əsnasında [içkiyə] tövbə et­mə sıxıntısını düşünür­dum və məşru olmayan bir işi görməyə davam etdi­yim üçün sürəkli vicdan əzabı du­yurdum. Dedim ki: «Ey nəfs,

Çənd başi zi məasi məzəkəş,

Tövbə həm biməzə nist bi çəş1.
Necə üsyan2 ilə aludəliyin,

Necə hirman3 ara asudəliyin,


Necə nəfsinə olursan tabe,

Necə ömrünü qılırsan zaye?


Niyyəti-qəzv4 ilə kim, yürübsən,

Ölməyini özünə görübsən,


Kim ki, ölmək özünə cəzm1 edər,

Uşbu halətdə bilirsənmi nedər?


Dur2 edər bütün mənahidən3 özün,

Arıdar cümlə günahından özün,


Xoş qılıb öznü bu keçməklikdən,

Tövbə qıldım çaxır içməklikdən,


Altunü nüqrə,4 sürahiyü əyağ5,

Məclis aləti tamamın ol çağ


Hazır edib, hamısın sındırdım,

Tərk edib meyi, könül dindirdim.

Bu qırılmış altın və gümüş sürahilər və taqımlar ehtiyacı olanlara və dər­vişlərə paylandı. Bu tövbədə məni dəstəkləyən ilk adam Əsəs oldu. Saq­qal buraxmağa da razı olmuşdu6.

O gecə və ertəsi sabah bəylər, içkilər, sipahi və sipahi olmayanlardan üç yüzə (312 b) yaxın adam tövbə etdi. Əldəki şərabları tökdürdüm və Ba­ba Dostun gətirdiyi şərablara da duz qoyub sirkə düzəltməyi əmr etdim.

Şərabların töküldüyü yerdə böyük bir vayin qazdırıldı. Bu vayini daşla hördürərək yanına imarət tikilməsinə qərar verdim. Doqquz yüz otuz beşin­ci ilin məhərrəm ayında [=sentyabr 1528] gedib Güvalyarı seyr edərək dönən­də Dulpurdan Sikriyə getmişdim və bu vayin də bitirilmişdi.

Daha əvvəl kafir Sankaya qalib gəlsəm, müsəlmanları damğa (göm­rük) vergisindən azad etməyi qərara almışdım. Tövbə əsnasında Dərviş Mə­həmməd Sarvan ilə Şeyx Zeyn damğanı bağışlama vədini də xatırlatdılar. «Yaxşı xatırlatdınız» dedim və əlimizdə olan vilayətlərdəki müsəlmanlar dam­ğa vergisindən azad edildi.

Katibləri çağırıb gerçəkləşən bu iki böyük hadisənin bildirilməsi üçün fərmanlar yazılmasını əmr etdim. Şeyx Zeynin inşası ilə fərmanlar yazılaraq bütün məmləkətə göndərildi. Bu inşa budur:
ZƏHİRƏDDİN MƏHƏMMƏD BABURUN FƏRMANIDIR1
Tövbə edənləri və təmizləri sevən tövbə qəbulediciyə həmd edirik. Gü­­nahkarlara doğru yolu göstərən və məğfirət istəyənlərin diləyini yerinə ye­tirən bağışlayıcıya şükr edirik. Xəlq olunmuşların ən xeyirlisi Məhə­m­mə­də, alihi-teyyibinə və tahir əshabına Allahdan rəhmət diləyirik2.

Ağıl sahiblərinin, əsbabın surətlərinin məkəsi və sədaqət ilə doğruluq inciləri­nin məxzəni olan fikir aynaları bu fikrin parlaq cövhərlərinin (313 a) süsünü qəbul edəcəkdir, insanın təbiəti yaradılış icabı nəfsani ləzzətlərə ma­­ildir. Şübhəli şeylərə qarşı olan istəyi tərk etmək isə Allahın yardımına və səmavi bir dəstəyə bağlı­dır. İnsan pisliyə meyl etməkdən uzaq deyildir.



Nəfsimi təmizə çıxarmıram. Çünki nəfis daima pis şeyləri əmr edir3 və ondan saqınmaq yalnızca bağışlayıcı padşahın inayəti ilə mümkündür.

Bu, Allahın dilədiyinə verəcəyi lütfdür. Allah böyük lütf sahi­bi­dir.4

Bu yazını yazmaqdan və bu sözləri söyləməkdən murad budur:

İnsanlığın icabı, padşahlıq mərasimləri və gərəkli olan şeylərin yerinə yetirilməsi, şah və sipahilərdən mövqe sahiblərinin adətləri dolayısıyla insan gənc­­lik anlarında bəzi günahlar işləyir və bir sıra boş işlərlə məşğul olur. Bir neçə gün son­ra tamamən həsrət və peşmanlıq gəlincə, bütün bu işlənən gü­nahlar bir-bir tərk edilir və dönüş qapısı saf bir tövbə ilə örtülürdu. Amma bu məqsəd yolunda istənilən şeylərin ən önəmlisi və hiss edilən ehtiyacların ən şiddətlisi olan şərab tövbəsi «işlər vaxtlarına bağlıdır» pərdəsi ilə örtülü qalmışdı.

Əskiksiz bir çalışma ilə cihad ehramını bağladığımız və islam əsaslı əsgərlə bir­likdə kafirlərə qarşı savaşa girişdiyimiz bu uğurlu anlarda, gözlə görünməyənin verdiyi ilham sayəsində şübhədən arınmış çağırıçıdan gələn



İnananlar üçün hələ vaxt gəlmədimi ki, qəlbləri Allahın zikrinə və enən haqqa sayğı duysun 5 kimi incə sözü eşidərək, günah səbəblərini kökündən qaz­maq üçün tam bir qeyrət göstərərək tövbə qapılarını çaldıq. Müqəddəs köməyin bələdçi olan bir qapını çalmaqda inad edən içəri girər (313 b) sö­zü­nün gərəyincə iqbal qapısını açdı və bu cihada başlamaqla birlikdə nəf­sə mü­­xalifətdən ibarət olan ən böyük cihadı da əmr etdi. Qısaca desək, Rəb­bi­miz, biz özümüzə zülm etdik6 ayəsini könüldən bağlılıq dilinə gətirə­rək, Sən ulusan, sənə tövbə etdim, mən inananların ilkiyəm 1 ilə könül lövhəsini süs­lədik. Könüldə gizli bir istək olan şərab tövbəsini niyyətdən əmələ ke­çir­dik.

Zəfər ehtişamlı xadimələr sonu uğurlu olan bu hökm gərəyincə çoxluq və ziynət baxımından ulu səmanın ulduzlarına bənzəyən gözəl məclisin bə­zəyi olan sü­rahiləri, qədəhləri, digər altın və gümüş alət və şüşələri şəriətin ucalığı üçün alçaqlığın və xor görmənin toprağına çarparaq –inşallah, qır­ma­ğı bacaracağımız bütlər kimi- parça-parça etdilər və hər bir parçasını da bir yoxsula və bir çarəsizə verdilər.

Bu qəbulu yaxın tövbənin uğuruyla yaxınlarımın çoxu Xalq padşa­hının dinindədir sözünə uyğun olaraq, eyni məclisdə tövbə şərəfinə çatıb şə­rab içmə həvəsindən tamamən vaz keçdilər. Beləcə saatdan-saata əmr və ya­sağa baş əyənlər bölük-bölük bu səadətə yetişdilər.

Xeyrə yol göstərən xeyir işləyən kimidir sözünə uyğun olaraq bu işlə­rin səvabının falı uğurlu olan nəvvabımızın padşahlığı zamanına aid olması və bu səadətin uğurluluğuyla fəthlərin və uğurun gündən-günə artması ümid edil­məkdədir.

Bu niyyətin tamamlanmasının və bu əmniyyətin alınmasının ardından mühafizə­miz altındakı məmləkətlərdə -Allah buraları fəlakət (314 a) və bə­lalardan qorusun- heç bir canlı fərdin şərab içməməsi, onu əldə etməyə ça­lış­maması, şərab düzəldib sat­maması və dəxi satın almaması, götürüb gətir­məməsi, hətta evində belə saxlamamasını və Bunlardan qaçının ki, qurtulu­şa çatasınız2 anlamını da ehiva edən aləmin boyun əydiyi fərman əmr edildi.

Bu fəthlərə təşəkkür və bu saf tövbənin qəbulunun sədəqəsi olaraq ve­rilmək üzrə padşahın cömərtlik dənizi hərəkətə keçərək, cahanın abad­lı­ğı­na sə­bəb olan və adəmoğullarının üzünü ağardan lütf dalğaları ortaya çıx­dı. Bü­tün məmləkətlərin, öncəki padşahların almaqda bir an belə gecik­mə­dik­ləri həddən və hesabdan artıq vergilərini peyğəmbərlərin əfəndisinin yo­lu­na zidd olduğu üçün müsəlmanlardan qaldırdı, heç bir şəhər, qəsəbə, yol, keçid, uğraq və limandan vergi alınmaması, bu əmrin qaydalarını dəyişdir­mək və başqalaşdırmaq kimi qanunsuzluqlara yol verilməmə­si xüsusunda Kim eşitdikdən sonra vəsiyyətini dəyişdirsə, günahı onu dəyişdirənlərin boy­nu­nadır3 mənasını ehtiva edən fərman çıxdı.

Türk, tacik, tatar, ərəb, əcəm, hindu, fars sipahi, rəiyyət və bütün mil­lətlər ilə padşahın lütfünün kölgəsində əmin olaraq yaşamaq istəyən adəm­oğulları bu əbədi ümidə bel və ümid bağlayaraq əbədi dövlətin duasıyla məş­­ğul olsunlar, bu hökmlərin gərəkdirdiyi şeylərdən ayrılmayıb başqa tə­rəfə sapmasınlar. Bu fərmanın gərəklərinə görə hərəkət edib hökmlərini ye­rinə yetirərək yüksək və şərəfli möhrünün olduğunu görüncə mütləq güvən­sinlər.

Doqquz yüz otuz üçüncü ilin cəmadiyüləvvəl (314 b) ayının iyirmi dördündə [=26 fevral 1527] onun ulu əmri ilə yazıldı. Tanrı təala onu yük­səltsin və nüfuzunu əbədi qılsın».


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin