KANVA SAVAŞININ SONRASI
Düşməni məğlub etdikdən sonra vura-vura təqib etdik. Kafirin düşərgəsindən bizim ordugaha iki küruh qədər məsafə vardı. Ordugahlarına getdik. Məhəmmədi, Əbdüləziz, Əli xan [Fərmüli] və başqa adamlar kafiri arxadan təqib üçün göndərildi. Lakin bir az diqqətsizlik göstərdilər. Gərək bu işi başqasına tapşırmayıb özüm gedəydim. Kafirlərin düşərgəsindən bir küruh qədər irəliləmişdim, lakin artıq gec olduğu üçün dönüb yatsı zamanı ordugaha gəldim.
O qədər uğursuzluq etmiş olan Məhəmməd Şərif Münəccim dərhal təbrik üçün gəldi. Ağzıma gələni deyib içimi boşalttım. Gərçi bu kafir uğursuz, özünü hədsiz bəyənən və çox itaətsiz bir adamdı, lakin əski xidmətləri vardı. Bir lek pul ehsan edib mənim (325 b) məmləkətimi tərk edərək getməsinə izin verdim.
Ertəsi gün də həmin yerdə qaldıq. Məhəmməd Əli Cəng-Cəng, Şeyx Gürən və Əbdülməlik Qurçuya böyük bir qüvvə verdim, Miyan-Duabda üsyan edib Külü alaraq Kiçık Əlini əsir edən İlyas xanın üstünə göndərdim. Bunlar gedəndə düşmən vuruşmadan hər tərəfə dağılır. Mən Aqraya gəldikdən bir neçə gün sonra özünü ələ keçirib gətirdilər. Diri-diri dərisini üzdürdüm.
Ordugahın önündə bir təpə vardı, savaş da bu təpənin önündə cərəyan etmişdi. Bu təpənin üstünə kafirlərin başından bir minarə dikilməsini əmr etdim.
Bu yurddan qalxıb iki dəfə dincəldikdən sonra Biyanəyə gəldik. Biyanəyə, hətta Əlvar və Mivata qədər yerdə yatan kafirlərin və islam dinindən dönənlərin cəsədləri saysız-hesabsızdı. Gedib Biyanəyi gəzdim. Ordugaha dönüb türk və hind əmirlərini çağırdım, bu kafirin vilayətinə qoşun çəkmək haqqında danışıb məsləhətləşdik. Lakin yollarda suyun azlığı və istinin şiddəti üzündən bu səfərdən vaz keçdik.
Mivat vilayəti Dehlinin yaxınındadır və təqribən üç-dörd kürur qədər gəliri var. Həsən xan Mivatinin babaları yüz-iki yüz ilə yaxın bir müddətdən bəri Mivatı müstəqil bir şəkildə idarə etmişlər. Dehli sultanlarına (326 a) bir qədər itaət edirlərmiş. Hind sultanları isə ya öz vilayətlərinin genişliyi, ya imkanlarının darlığı, ya da Mivatın dağlıq olması üzündən bu vilayətin zəbt edilməsinin dalısınca düşməmiş, bu qədər itaəti kafi sayaraq vilayəti onların idarəsində qoymuşdular.
Biz də Hindistanın fəthindən sonra əski sultanların düsturuyla hərəkət edərək Həsən xanın etibarını saymaqda davam etdik. Lakin o, haqq tanımaz kafir və mülhid bizim lütf və inayətimizi heçə sayaraq, ona tərbiyə və etibar göstərməmizə şükr etmədən, daha öncə bəhs etdiyim kimi, bütün fitnələrin başı və bütün pisliklərin səbəbi idi.
Bu səfər tamamlanınca Mivatı zəbt etmək üçün hərəkət etdik. Dörd dəfə dincəldikdən sonra Mivatın mərkəzi olan Əlvar kurqanından altı küruh məsafədə yerləşən Manəsni çayının sahilinə endik.
Həsən xandan əvvəl onun babaları Ticarədə otururlarmış. Mən Hindistana gəlib Pehar xanı məğlub edərək Lahor və Dibalpuru aldığım il [=1524] məndən qorxduğu üçün gələcəyi düşünərək bu kurqanın möhkəmləndirilməilə məşğul olmuşdu.
Həsən xanın Kərmçənd adlı mötəbər bir adamı -oğlu Aqrada ikən də gəlmişdi- yenə oğlunun yanından Əlvardan (326 b) gəlib aman dilədi. Əbdürrəhim Şiğavul vəd fərmanlanyla və onunla birlikdə oraya göndərildi. O da gedib Həsən xanın oğlu Nahir xanı alıb gəldi. Təkrar inayət göstərildi və bir neçə leklik pərgənə təxsisat olaraq verildi.
Xosrovun savaşda yaxşı işlər görmüş olduğunu zənn etdiyim üçün təxsisatını əlli lek edib Əlvara təyin etdik, amma bəxtsizliyi üzündən nazlanaraq qəbul etmədi. Sonradan anlaşıldı ki, işi Cin-Teymur Sultan görübmüş. Mükafat Sultana verilib Mivatin paytaxtı olan Ticarə şəhəri ona ehsan edildi və təxsisatı da əlli lekə çıxarıldı.
Sanka müharibəsində sağ qolun pusquçusu olan Turdukə, digərlərinə nəzərən daha yaxşı vuruşmuşdu, onun təxsisatı on beş lekə çıxarılaraq, özünə də Əlvar kurqanı ehsan edildi. Əlvar kurqanının xəzinələri isə içindəkilərlə birlikdə Hümayuna verildi.
O yurddan rəcəb ayının birinci çərşənbə günü [=3 aprel] qalxıb Əlvarın iki küruh məsafəsinə gəldik. Gedib Əlvar kurqanını gəzdim və o gecəni orada keçirərək ertəsi gün ordugaha gəldim.
HÜMAYUNUN KABİLƏ QAYITMASI
Kafirlərlə savaşın başlamasından bir az əvvəl, bəhs etdiyim kimi, böyüklər və kiçıklər and içəndə (327 a) bu fəthdən sonra heç kimə vəzifə təklif edilməyəcəyi və getmək istəyən hər kəsə izin veriləcəyini də söyləmişdim.
Hümayunun nökərlərinin əksəriyyəti Bədəxşan civarındakı xalqdandı. Daha öncə heç biri bir, ya da iki ay qədər davam edən səfərdə iştirak etməmişdi. Hələ savaş başlamadan taqətsiz düşmüşdülər. Belə bir vəddə bulunduğum və Kabil də boş qaldığı üçün Hümayunun Kabilə qayıtmasına izin verməyi qərarını aldım.
Bu qərarla birlikdə Əlvardan cümə axşamı günü, rəcəb ayının doqquzunda hərəkət edib dörd-beş küruh gedərək Manəsni çayının sahilinə endik. Mehdi Xocanın da çox iztırabı vardı, onun da Kabilə getməsinə izin verildi. Biyanənin şikdarlığı Dost eşik-ağaya verildi. Mehdi Xocaya daha öncə Ətavə verilmişdi. Amma Qütb xan Sərvani Ətavəni buraxıb qaçınca oraya Mehdi Xocanin yerinə oğlu Cəfər Xoca göndərildi.
Hümayuna izin verdiyim üçün iki-üç gün boyunca bu yurdda qaldım. Mömin Əli Tavaçı da bir fəthnaməylə birlikdə bu yurddan Kabilə göndərildi.
FİRUZPUR ÇEŞMƏSİNƏ VƏ KUTİLƏNİN
BÖYÜK GÖLÜNƏ GƏZİNTİ
Firuzpur çeşməsinin və Kutilənin böyük gölünün tərifini eşitmişdim. Həm Hümayunu yola salmaq, həm də bu yerləri gəzmək üçün ordugahı burada qoyub bazar günü (327 b) hərəkət etdim.
O gün Firuzpuru və çeşməsini sey redib məcun yedik. Çeşmənin suyunun gəldiyi dərədə tamamiln kənir çiçəkləri açmışdı. Tərif edildiyi qədər olmasa belə, xoş bir yerdi. Bu dərənin içinə, suyun bir az geniş olduğu bir yerə daşları yontub hövzi-kəbir tikilməsini əmr etdim.
Gecəni o dərədə keçirib ertəsi gün Kutilə gölünü gəzdim. Gölün hər tərəfinə bir dağın ətəyi uzanır. Manəsni çayı bu gölə axır. Olduqca böyük bir göldü. Bir sahilindən digər sahili yaxşı görünmürdu. Gölün ortasında bir yüksəklik, onun ətrafında bir çox kiçık qayıqlar vardı. Civarındakı kəndlilər qarışıq zamanlarda qayıqlara minərək oraya gedib özlərini qurtarırlarmış. Biz gələndə də xeyli adam qayıqlara minib gölün içərisinə doğru getdi.
Gölü seyr etdikdən sonra gedib Hümayunun ordugahına endik. Orada dinclənib yemək yedikdən sonra Mirzəyə və bəylərə xələtlər geydirib yatsı vaxtı Hümayuna vida etdik. Oradan hərəkət etdik və yolda bir yerdə uyuyub təkrar hərəkət edərək dan ağaranda Kühri pərgənəsindən keçib yenə qısa bir müddət uyuduqdan sonra Tudəyə enmiş olan ordugaha döndük.
Tudədən qalxıb Sunkara enəndə Əbdürrəhimə [Şiğavul] təslim edilmiş olan Həsən xan (328 a) Mivatinin oğlu Nahir xan qaçdı.
Oradan qalxıb arada bir dəfə dincəldikdən sonra Büsavər ilə Çusə arasındakı dağın çıxıntısında yerləşən bulağa enib çadırlar qurduraraq məcun yedik. Orduyla birlikdə buradan keçərkən Turdu bəy Xaksar bu bulağı tərif etmişdi, orada gəlmiş və at üstündə seyr edib keçmişdik. Gözəl bir bulaqdır.
Hindistanda axarsu heç yoxdur, bulaq da azdır. Nadir olaraq rastlanan bulaqlar da yerdən sızıntı kimi sızaraq çıxır, bizim tərəflərin bulaqları kimi fışqıraraq çıxmır. Bu bulağın suyu isə bir dəyirmanı işlədəcək suyun yarısı qədər vardı və dağın ətəyindən fışqıraraq çıxırdı. Ətrafı tamamilə çayırdı. Çox xoşuma gəldi. Bulağın üstünə, yonulmuş daşlardan səkkiz guşəli bir hovuz tikilməsini əmr etdim.
Bulağın yanında otururkən məcunun təsiri altında ola Turdu bəy öyünərək, durmadan belə təkrar edirdi: «Çün çaye xoş kərdəəm, name mibayəd mand» (Madam ki bir yeri gözəlləşdirdim, bir ad verilməsi lazımdır). Abdullah [Kitabdar] da dedi ki: «Çeşmeyi-padişahi-Turdu bəy xoşkərdə» (Turdu bəy tərəfindən gözəlləşdirilən padşah bulağı demək lazımdır).
Onun bu sözü xeyli gülüşməyə və zarafata səbəb oldu.
Dost eşik-ağa, Biyanədən gəlib bu bulaq başında mülazimət etdi.
Buradan (328 b) gedib təkrar Biyanəni gəzdim. Oradan da Sirkiyə gələrək salınması əmr edilən bağın yanında iki gün qaldım. Bağa diqqət yetirdikdən sonra, cümə axşamı günü, rəcəb ayının iyirmi üçündə [=25 aprel] səhər vaxtı Aqraya çatdım.
Bəhs etdiyim kimi, düşmənlər bu qarışıqlıq zamanında Çəndvar ilə Rabirini də əllərinə keçirmişdilər. Məhəmməd Əli Cəng-Cəng, Qoç bəy oğlu Turdu bəy, Əbdülməlik Qurçu və dəryaxaniləri ilə birlikdə Hüseyn xan Çəndvar ilə Rabirinin üstünə göndərildilər.
Çəndvara yaxınlaşdıqlarında orada olan Qütb xan Sərvaninin adamı bunların gəldiyini eşidərək qaçıb gedir, bunlar da Çəndvarı zəbt etdikdən sonra Rabiriyə keçirlər.
Hüseyn xan Nuhaninin adamları küçələrə barrikadalar quraraq bir az savaşmaq niyyətilə qarşı çıxırlar, amma bizimkilər üstlərinə yüklənincə qarşı dura bilməyib qaçırlar. Hüseyn xan filə minərək bir neçə adamıyla birlikdə çaya girir və suda boğulur.
Bu xəbəri duyunca, Qütb xan Sərvani də Ətavəni buraxıb bir dəstə adamıyla birlikdə qaçdı. Ətavə öncədən Mehdi Xocaya vəd edilmiş olduğu üçün Ətavəyə onun yerinə oğlu Cəfər Xoca göndərildi.
DİGƏR TƏYİNATLAR
Bəhs etdiyim kimi, kafir Sankanın üsyanında hindistanlılar ilə əfqanların çoxu bizdən üz çevirərək bütün pərgənə və vilayətləri əllərinə keçirmişdilər. Sultan Məhəmməd Dulday Kanucu buraxıb gəlmiş olduğu üçün (329 a) qorxusundan və ya xəcalətindən Kanuca getməyi qəbul etmədi və Kanucun otuz lekini Sihrindin on beş lekinə dəyişdi. Kanuc da Məhəmməd Sultan Mirzəyə ehsan edilib təxsisatı otuz lek oldu.
Bedaunu Qasım Hüseyn Sultana verildi. Onu türk əmirlərindən böyük və kiçık qardaşları və moğollarıyla birlikdə Məlik Qasım Baba-Qaşqa, Əbülməhəmməd Nizəbaz, atasıyla Müəyyəd, dəryaxaniləri ilə və Sultan Məhəmməd Duldayın nökərləri ilə birlikdə Hüseyn xan, hind əmirlərindən Əli xan Fərmüli, Məlikdad Kərərani, Şeyx Məhəmməd Şeyx Nikari, Tatar xan Xani-cahan ilə birlikdə Məhəmməd Sultan Mirzəyə qoşub kafir Sankanın yaratdığı qarışıqliq dönəmində gəlib Ləknuru zəbt etmiş Bibənin üstünə göndərdim. Bu ordu Qanq çayından keçdiyi zaman Bibən onların gəldiyini xəbər alaraq əşyalarını buraxıb qaçdı. Əsgər arxasından Xeyrabada gedib bir neçə gün qaldıqdan sonra, oradan geri qayıtdı.
Xəzinələr bölüşdürülmüşdü. Vilayətlər ilə pərgənələri təqsim edincəyə qədər bu kafir işi araya girmişdi. Kafirlə savaşdan sonra isə vilayət və pərgənələr paylaşdırıldı. (329 b) Yağmur mövsümü yaxınlaşdığı üçün hər kəsin öz pərgənəsinə gedib hazırlığını görməsinə və yağmur mövsümü keçər-keçməz də hərəkətə hazır olmasına qərar verildi.
Bu əsnada Hümayunun Dehliyə gedib oradakı xəzinələrin bir neçəsini icazəsiz zəbt etdiyi xəbəri gəldi. Ondan heç bir zaman belə bir hərəkət gözləmirdim. Bu mənə çox ağır gəldi. Ağır xəbərdarlıq məktubu göndərdim.
İraqa elçi olaraq gedib oradan Süleyman Türkmən ilə birlikdə dönmüş olan Hacəgi Əsəd, cümə axşamı günü, şaban ayının on beşində [=16 may], yenə Süleyman ilə birlikdə və müvafiq hədiyyələrlə şahzadə Təhmasibin yanına elçi olaraq göndərildi.
Turdu bəy Xaksarı dərvişlikdən çıxarıb sipahi eləmişdim. Bir neçə il mülazimətdən sonra, dərvişlik dərdi təkrar oyanaraq izin istədi, izin verib elçi olaraq Kamran [Mirzə]nin yanına göndərildi.
Keçən il Hindistanı tərk edib gedənlər haqqında tək bir qitə yazmışdım. Molla Əlixana xitabən yazılmış bu qitə Turdu bəy vasitəsilə ona göndərildi. O qitə budur:
Ey olar kim, bu hind kişvərindən
Vardınız anlab özgə rəncü sitəm. (330 a)
Kabilə, xoş havasına darıxıb,
Hinddən uzaq getdiniz ol dəm.
Gördünüz, tapdınız ikən onda –
İşrətü eyş bilə nazü neəm.
Biz dəxi ölmədik bihəmdülla,
Gərçi çox rənc yedik, bihəd qəm.
Xətti-nəfsi məşəqqət bədəni,
Sizdən ötdiyü ötdü bizdən həm.
Bu ramazanı Həşt-Behişt bağında keçirdik. Hər təravih qüsl ilə qılındı. On bir yaşımdan bəri iki ramazan bayramını arxa arxaya eyni yerdə keçirməmişdim. Ötən ramazan bayramı Aqrada olduğum zamana təsadüf etmişdi. Bu qaydaya xələl gətirməmək üçün ayın sonuncu bazar günü axşamı bayramı qeyd etmək üzrə Sikriyə getdim.
Sikridə salınan Baği-Fəthin şimal-qərb tərəfindəki daş taxt hazır olmuşdu. O taxtın üzərində ağ çadır qurub bayramı orada qeyd etdik. Aqradan hərəkət etdiyimiz axşam Mir Əli Qurçu da Şah Həsənin yanına Təttəyə göndərildi. Şah Həsənin karta çox düşkün idi, bir dəst istəmişdi, onunla bir dəst də kart göndərdim.
Bazar günü, zülqədə ayının beşində [=4 avqust] xəstələndim, xəstəliyim on yeddi gün davam etdi.
Cümə günü, həmin ayın iyirmi dördündə [=23 avqust] Dulpura gəzməyə getdik. Gecə yarı yolda uyuyub (330 b) sabah tezdən Sultan İskəndərin bəndinə gəlib endim. Bənddən bir az aşağıda, dağın bittiyi yerdə, tikintidə işlənən qırmızı daşdan böyük bir parça düşmüşdü. Ustad Şah Məhəmməd daşçını gətirdib əgər yekparə bir ev düzəltmək mümkünsə yekparə bir ev düzəltməyi, əgər alçaq gəlsə, həmin daşdan yekparə bir hovuz qazmağı əmr etdim.
Dulpurdan Bari tərəfinə getdim. Ertəsi gün Baridən hərəkət edib Bari ilə Çənbəl arasındakı dağı keçərək, Çənbəl çayını seyr etdikdən sonra geri döndüm. Bu aradakı dağda abnus ağacı gördük. Sən demə, bu ağacın bəyazı da olurmuş. Bu dağdakıların çoxu ağ abnus ağacıydı. Baridən gedib Sikrini gəzdikdən sonra çərşənbə günü, ayın iyirmi doqquzunda [=28 avqust] Aqraya gəldim.
O günlərdə Şeyx Bəyazid haqqında çox da yaxşı olmayan xəbərlər söyləyirdilər. Sultan Əli Türk iyirmi günlük möhlət ilə Şeyx Bəyazidin yanına göndərildi.
Cümə günü, zilhiccə ayının ikisində [=30 avqust] qırx bir dəfə oxunan virdə1 başladım.
Yenə o günlərdə
Gözü qaşü sözü telinimi de,
Qəddü xəddü saçü belinimi de
beytimi beş yüz dörd vəzndə təqti etdim2. Bu xüsusda bir risalə yazdım.
O gün təkrar (331 a) xəstələndim və bu dəfə xəstəliyim doqquz gün davam etdi. Cümə axşamı günü, zilhiccə ayının iyirmi doqquzunda [=25 sentyabr] gəzmək üçün Kül və Sənbələ hərəkət etdim.
HİNDİSTAN - 934 (27 SENTYABR 1527 - 15 SENTYABR 1528)
DOQQUZ YÜZ OTUZ DÖRDÜNCÜ İLİN HADİSƏLƏRİ
Məhərrəm ayının birinci şənbə günü [=28 sentyabr] Külə endik.
Hümayun Dərviş Əli ilə Yusifi [Riqabdar] Sənbəldə buraxmışdı, onlar da çaydan keçərək Qütb Sərvani ilə bir neçə racəni möhkəm məğlub etmişlər. Bir çox adamı öldürmüş, xeyli baş və bir də fil göndərmişlər, biz Küldə ikən gətirdilər.
İki gün Külü seyr edib Şeyx Gürənin xahişi ilə onun evinə düşdük. Ziyafət verib hədiyyələr təqdim etdi. Oradan hərəkətlə Ötrüliyə endik. Çərşənbə günü Qanq çayından keçib Sənbəl kəndlərində dincəldik və cümə axşamı günü Sənbələ endik. Sənbəldə iki gün gəzdikdən sonra, şənbə günü, səhər vaxtı geri qayıtdıq.
Bazar günü Sikəndərədə Rav Sirvaninin [Ravuy Sərvani] evinə endik. Yemək verib xidmət etdi. Oradan dan üzü hərəkət etdik. Yolda bir bəhanə ilə məiyyətimdəkilərdən ayrılıb atımı dördnala çaparaq, Aqradan bir küruh məsafəyə qədər təkbaşıma gəldim. Məiyyətimdəkilər sonra arxadan gəlib yetişdilər. Günorta Aqraya endik.
Bazar günü, məhərrəm ayının on altısında [=13 oktyabr] isitdim, titrətdim, xəstəlik iyirmi beş-iyirmi altı gün çəkdi, dərman içdim, axırda yaxşı-laşdım. Yuxusuzluq və susuzluq üzündən çox iztirab çəkdim.
Xəstə olduğum o günlərdə üç-dörd (331 b) rübai söylədim. Onlardan biri də budur:
Cismimdə isitmə gündə möhkəm oladır,
Gözdən uçadır uyğu, çü axşam oladır,
Hər ikisi qəmim bilə səbrim tək
Hey dəyişər; bu artadır, ol kəm oladır.
Şənbə günü, səfər ayının iyirmi səkkizində [=23 noyabr] xalalarım Fəxri-Cahan bəyim ilə Xədicə Sultan bəyim gəldilər. Gəmiylə gedib Sikəndərabaddan bir az yuxarıda mülazimət etdim.
Bazar günü Ustad Əliqulu böyük topla bir daş atdı. Gərçi daşı uzağa getdi, amma top parça-parça oldu. Bir parçası xalqın üstünə düşdü, səkkiz adam həlak oldu.
Bazar ertəsi günü, rəbiüləvvəl ayının yeddisində [=2 dekabr] gəzmək üçün Sikriyə getdim. Gölün içində tikilməsini əmr etdiyim səkkiz guşəli taxt tamamlanmışdı. Gəmiylə oraya gedib çadır qurduraraq məcun yedik.
BABUR ÇƏNDİRİ SƏFƏRİNƏ ÇIXIR
Sikri gəzintisindən sonra bazar günü axşamı, rəbiüləvvəl ayının on dördündə savaşmaq niyyətilə Çəndiri tərəfinə hərəkət edib üç küruha qədər getdikdən sonra Cəlisirə endik. Orada əsgərin hazırlıqlarını tamamlaması üçün iki gün qaldıqdan sonra cümə axşamı günü atlanaraq Ənvara vardıq. Ənvardan gəmiyə minərək Çəndvara çıxdıq. Oradan da mənzil-mənzil irəliləyərək bazar ertəsi günü, ayın iyirmi səkkizində Kənar keçidinə endik.
Cümə axşamı günü, rəbiüləvvəl ayının ikisində [=26 dekabr] çaydan keçdim. Əsgər suyu keçincəyə qədər dörd-beş gün (332 a) orada qaldıq. Bu bir neçə gün içində arxa-arxaya gəmidə məcun yedik. Çənbəl çayının bu nəhrə töküldüyü yer Kənar keçidindən bir-iki küruh daha yuxarıdadır. Cümə günü Çənbəl çayında gəmiyə minib iki çayın birləşdiyi yerdən keçərək ordugaha gəldik.
Gərçi Şeyx Bəyaziddən açıq bir müxalifət görünmürdu, lakin hərəkət və tövründən müxalifət niyyətində olduğu bəlliydi. Bu işlə maraqlanması üçün Məhəmməd Əli Cəng-Cəngi ordudan ayıraraq Kanucdan Məhəmməd Sultan Mirzəni və o civardakı Qasım Hüseyn Sultan, Bixub Sultan, Məlik Qasım, Kuki, Əbülməhəmməd Nizəbaz, böyük və kiçık qardaşları və dəryaxaniləri ilə birlikdə Mənuçöhr xan kimi sultan və əmirləri toplayıb Sərvardakı asi əfqanlarm üsyünə hərəkət etmək üçün göndərdik. Bunlar Şeyx Bəyazidi də çağıracaqdılar. O, səmimiyyətlə gəlib qoşulsa birlikdə gedəcək, gəlməsə əvvəlcə onu bərtərəf edəcəkdilər. Məhəmməd Əli bir neçə fil istədi, ona qədər fil verildi. Məhəmməd Əliyə izin verdikdən sonra Baba Çöhrəyə gedib onlara qoşulması əmr edildi.
Kənardan bir neçə gəmiylə irəlilədik. Çərşənbə günü, rəbiülaxır ayının səkkizində [=l yanvar 1528] Kalpidən bir küruh məsafədə endik. Sultan Səid xanın kiçık qardaşı Sultan Xəlil Sultanın oğlu Baba Sultan bu yurdda ikən gəlib bizə mülazimet etdi. O, keçən il böyük qardaşlarındən qaçıb (332 b) Endərab sınırına gəlincə peşman olmuş və təkrar dönərkən Kaşğara yaxınlaşdığı sırada, xan Heydər Mirzəni göndərib onu geri qaytarmışdı.
Ertəsi gün Kalpidə Aləm xanın [Cəlal xan Cighetin oğlu] evinə endik, Hindistan tərzində yeməklər ikram edib hədiyyələr verdi.
Bazar ertəsi günü, ayın on üçündə [=6 yanvar} Kalpidən hərəkət etdik. Cümə günü İricə, şənbə günü də Bəyazidə endik.
Bazar günü, ayın on doqquzunda Cin-Teymur Sultan komandanlığında altı-yeddi min adam bizdən bir az irəliyə, Çəndiri üstünə göndərildi. Gedən ilqar bəyləri Baqi minbəyi, Turdu bəy, Qoç bəy, Aşiq Bəkavul, Molla Apağ, Möhsün Dulday və Hindistan bəylərindən Şeyx Gürəndi.
Cümə günü, ayın iyirmi dördündə [=17 yanvar] Keçvə sahilinə endik. Keçvə xalqına vədlərdə bulunduq və Keçvə bölgəsi Bədrəddinin oğluna verildi.
KEÇVƏNİN TƏRİFİ
Keçvə olduqca gözəl bir yerdir. Ətrafında kiçık-kiçık təpələr var. Keçvənin cənub-şərqi yönündəki dağ arasına bir bənd düzəltmişlər, böyük bir göl olmuş. Ətrafı beş-altı küruh olar. Bu göl Keçvənin üç tərəfini əhatə edir. Şimal-qərb tərəfində kiçık bir çayır var, şəhərin qapısı da bu tərəfdədır.
Gölün içində üç-dörd adam sığacaq kiçık qayıqlar vardır. Əgər xalq qaçmağa məcbur olsa, bu qayıqlara minib (333 a) suyun içinə doğru gedirmiş.
Keçvəyə qədər yenə iki yerdə dağ arasında belə bənd düzəldib Keçvə gölündən bir az daha kiçık göllər yaratdıqlarını görmüşdük.
Keçvədə bir gün qaldım, arabalar və topun zəhmətsizcə keçə bilməsi üçün yoldakı çuxurları doldurub cəngəllikləri kəsmək üzrə çavuşlar və bir çox istehkamçı təyin edildi.
Keçvədən qalxıb arada bir dincəldikdən sonra Çəndiridən üç küruh məsafədə yerləşən Burxanpur çayını keçib endik.
ÇƏNDİRİ KURQANININ ALINMASI
Çəndirinin ərki dağın üstündə yerləşir. Dış kurqanıla şəhər isə dağ arasındadır. Arabaların keçdiyi düz yol kurqanın dibindən keçir.
Burxanpurdan qalxıb arabalar üzündən Çəndiridən bir küruh aşağıdan gəldik. Bir mənzil sonra çərşənbə axşamı günü, ayın iyirmi səkkizində Bəhçət xan hovuzunun kənarındakı bəndin üstünə endim.
Ertəsi gün hərəkətə keçərək kurqanın ətrafı mərkəzimizlə sağ və sol qollarımız arasında paylaşdırıldı. Ustad Əliqulu daş atmaq üçün bir bağda düz bir yer seçdi. Topları yerləşdirmək üçün yer hazırlamaq üzrə çavuşlar ilə istehkamçılar təyin edildi. Bütün əsgərə qalanın zəbti üçün gərəkli olan qalxanlar, nərdivanlar və nökəri qalxanları hazırlamaları əmr edildi.
Çəndiri əvvəllər (333 b) Mendav padşahlarına aid imiş. Sultan Nəsirəddinin ölümündən sonra hələ Mendavda olan oğullarından Sultan Mahmud Mendava və o civara sahib olur. Məhəmməd şah adlı bir oğlu da Çəndiriyi əlinə keçirərək kömək üçün Sultan İskəndərə müraciət edir. Sultan İskəndər də çox əsgər göndərərək onun hamisi olur. Sultan İskəndərdən sonra Sultan İbrahim zamanında Məhəmməd şah ölür və Əhməd şah adlı kiçık bir oğlu qalır. Amma Sultan İbrahim Əhməd şahı uzaqlaşdırıb oraya öz adamlarını qoyur. Rana Sanka İbrahimin üzərinə qoşun çəkərək Dulpura gələndə isə İbrahimin bəyləri müxalifət edirlər. Çəndiri o vaxt Sankanın əlinə keçir və bu da onu Midni Rav adlı çox etibarlı bir kafirə verir.
İndi o Midni Rav dörd-beş min kafirlə birlikdə Çəndiri kurqanında idi. Arayiş xanın onunla tanışlığı varmış. Arayiş xan ilə Şeyx Gürən oraya göndərilərək inayət və şəfqət sözləri söylənərək ona Çəndiri yerinə Şəmsabad vəd edildi. Etibarlı adamlarından bir-ikisi buna qarşı çıxdı. Bizə etimad etmədi, yoxsa kurqanına güvəndi, bilmirəm, barış təşəbbüsü nəticə vermədi.
Çəndiri kurqanını zorla almaq niyyətilə çərşənbə axşamı günü sabah, cəmadiyüləvvəl ayının altısında [=28 yanvar] Behçet xan hovuzundan atlanıb kurqanın yaxınlığında yerləşən (334 a) ortadakı hovuzun kənarına endik.
O sabah yolda gedərkən Xəlifə bir-iki məktub gətirdi. Məktubda Puraba göndərilmiş əsgərin ehtiyatsız hərəkət edib savaşda yenildiyini və Ləknuyu buraxıb Kanuca gəlmiş olduğu yazılmışdı. Xəlifənin bu üzdən olduqca qərarsız və çox təlaşlı olduğunu gördüm və dedim ki: «Tərəddüd və təlaş yersizdir, Allahın təqdirindən başqa heç bir şey ola bilməz. Madam ki bu iş önümüzdədir, başqa bir şey düşünməmək lazımdır, sabah qalaya hücum edəcəyik və ondan sonra nə olacağını görərik».1
Düşmən ərki gücləndirmiş, lakin dış kurqanda ehtiyatda bir-iki adam qoymuşdu. O axşam bizim əsgər hər tərəfdən dış kurqana çıxdı. Düşmənin orada bir az adamı vardı, gerçək bir savaş belə etmədən qaçıb ərkə çəkildilər.
Çərşənbə günü, cəmadiyüləvvəl ayının yeddisində [=29 yanvar] əsgərin silahlanaraq yerlərinə gedib savaş hazırlıqlarını görməsi, sonra mən nağaralar və bayraqlarla hərəkətə keçəndə hər kəsin olduğu yerdən hücuma keçməsi əmr edildi.
Savaş qızışmağa başlayanda nağara və bayrağı buraxıb Ustad Əliqulunın daş atmasını şəxsən görməyə getdim. Üç-dörd daş atdı. Olduğu yer yamaçsız və qala bəndi (334 b) çox möhkəm və tamamən daşdan olduğu üçün ciddi təsir etmədi.
Söz etdiyim kimi, Çəndirinin ərki dağ üstündə yerləşir. Bir tərəfində su üçün iki yanı divarlı bir yol düzəltmişlər, bunun divarları dağdan aşağıdır. Bizim hücum edəcəyimiz yer bura idi. Mərkəzin sağ və sol qolları ilə xassə alayının payına bura düşmüşdü. Daha çox buradan zorladılar. Kafirlərin yuxarıdan atdığı daşlara və oda aldırmadılar. Axırda Şahım yüzbəyi dış kurqanın divarıyla su yolu divarlarının birləşdiyi yerdən dırmandı, iki-üç yerdən daha igidlər dırmanaraq çıxdılar. Su yolundakı kafirlər qaçıdılar və bura zəbt edildi.
Yuxarıdakı kurqanda isə bu qədər də vuruşmadılar, tez qaçdılar. Bir çox adam dırmanaraq yuxarıdakı kurqana çıxdı. Qısa bir müddət sonra kafirlər tamamən çılpaq bir halda gəlib vuruşmağa başladı. Bir çox əsgəri qovaraq divardan aşağı tökdülər. Bir neçə adamı vurub öldürdülər.
Divarın üzərindən təcili uzaqlaşmalarının səbəbi bu imiş: yeniləcəklərini kəsdirərək, qadınlarını tamamən doğrayıb özləri üçün ölümü gözə alaraq çılpaq bir halda vuruşmağa gəlmişlər.
Axırda bizimkilər hər tərəfdən zorlayaraq (335 a) onları divar üstündən qaçırtdılar. İki-üç yüz kafir Midni Ravin olduğu yerə girdi. Orada çoxu bir-birini öldürmüşlər. Belə etmişlər: birisi əlinə bir qılınc almış, digərləri də bir-bir və özləri istəyərək boyunlarını uzatmışlar. Çoxu bu şəkildə cəhənnəmə getdi.
Allahın inayətilə belə məşhur bir kurqan bayraq və nağara gətirmədən və ciddi bir müharibə belə etmədən iki-üç geri içində [bir saatdan daha qısa bir müddətdə] fəth edildi. Çəndirinin şimal-qərb tərəfindəki dağın üstündə kafirlərin başından bir minarə düzəldildi.
Bu fəthin tarixi üçün «Fəthi-darül-hərb»1 sözünü tarix düşürmüşdülər. Mən də bunu belə bağladım:
Bud çənde məqami Çəndiri
Pür zi küffarü darül-hərb,
Fəth kərdəm bə hərb qəleyi u,
Gəşt tarix «fəthi-darül-hərb».
Bir müddət Çəndirinin olduğu yer
Kafirlər ilə doldu və hərbü zərb sahəsı oldu.
O qalanı hərblə fəth etdim,
«Fəthi-darül-hərb» də bunun tarixi oldu.
Dostları ilə paylaş: |