ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə35/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   31   32   33   34   35   36   37   38   39

BƏLUCLARIN ÜSTÜNƏ YÜRÜŞ
O günlərdə bəluclarm gəlib bəzi yerləri yağ­ma­ladıq­ları haqqında Mə­həmmədi Göyəldaşdan ərzi-hal gəldi. Bu işi Çin Teymur Sultana tapşıra­raq Sihrind və Samanənin o tərəfində olan Adil Sultan, Sultan Məhəmməd Dul­day, Xosrov Göyəldaş, Məhəmməd Əli Cəng-Cəng, Əbdüləziz Miraxur, Se­yid Əli, Vəli Qızıl, Qaraca, Həlahil, Aşiq Bəkavul, Şeyx Əli, Kəttə, Gücür xan, Həsən Əli Səvadi kimi ko­mandanların Cin-Teymur Sultanın ətrafında yığılaraq altı aylıq sursatla bəluc­larm üstünə yürümələri, bu zaman hamının Cin-Teymur Sultanın bütün əmirlərinə tabe olması haqqında fərmanları gö­türməklə də Əbdülqaffar Tavaçıya həvalə olundu.

Verilən qərara görə, o, bu fərmanları öncə Çin Teymur Sultana götü­rəcək və on­dan sonra adı çəkilən bəylərə (356 a) göstərəcəkdi. Bunların hamısının əsgərləri ilə birlikdə Çin Teymur Sul­tan tərəfindən təyin olunacaq toplanma yerinə gəlmələrini təmin edəcəkdi. Əbdülqaffar özü də səfərdə onlarla birlikdə olacaq və hər hansı bir adamda süstlük və səhlənkarlıq gör­sə bizə bildirəcəkdi, qüsur göstərənlər dərəcə və rütbələri alınaraq özləri vila­yət və pərgənələrindən uzaqlaşdırılacaqdı.

Bu fərmanları verib ağızdan söylənəcək sözləri də söyləyərək Əbdül­qaffarı yola saldıq.

Bazar gecəsi, ayın iyirmi səkkizində [=8 yanvar] saat üç pəhər və altı geri olanda Cundan keçərək Dulpurdakı Baği-Nilüfərə hərəkət etdik. Bazar günü, üçüncü pəhərə doğru bağa gəldik. Bağın ətrafında və civarında özlə­ri­nə bina və bağlar saldırma­ları üçün bəy və elçilərə yer və yurd təyin edildi.

Cümə axşamı günü cəmadiyüləvvəl ayının üçündə [=14 yanvar] bağın cənub-qərb tərəfində hamam üçün bir yer seçdik. Hamam tikiləcək yeri dü­zəltdtilər. Bu dü­zəldilmiş yerdə hamamın təməlini qoyduqdan sonra hama­mın inşa edilməsini və bir otağında bir hövzi-kəbir tikilməsini əmr etdim.

O gün Xəlifə Aqradan Qazı Ciya ilə Bir-Sing Divin ərzi-hallarını (356 b) göndər­mişdi: Beharı İskəndərin oğlu Mahmud zəbt etmişdi. Bu xəbər gə­lincə qoşun çəkmək niyyətilə ertəsi cümə günü, altıncı geridə Bağı- Nilufər­dən atlanaraq axşam üstü Aqraya gəldik. Məhəmməd Zaman Mirzə də Dul­pu­ra gedirmiş, yolda bizə rast gəldi. Cin Teymur Sultan da o gün Agraya gəl­mişdi.

Şənbə günü, bəylər məsləhətə dəvət edildi və cümə axşamı gü­nü, ayın onunda [=21 yanvar] Puraba doğru hərəkətə keçilməsinə qərar verildi.

Həmin şənbə günü Kabildən məktub və xəbər gəldi: Hümayun o tərəf­də­­ki əsgəri yığıb Sultan Veysi də yanına alaraq qırx-əlli minə yaxın adamla Sə­mərqəndin üzərinə hərəkətə keçmişdi. Termizdən yürüyüb Qabadiyanı alan Tursun Məhəmməd Sultan kömək istəmişdi. Hümayun da Tülək Gö­yəl­daş ilə Mir Hurdu izdihamlı bir qüvvə və mövcud moğollarla birlikdə Tur­sun Sultana yar­dıma göndərmiş, sonra, özü də arxasından hərəkət et­miş­di.


BABUR ŞƏRQ SƏFƏRİNƏ HAZIRLAŞIR
Cümə axşamı günü, cəmadiyüləvvəl ayının onunda [=21 yanvar] üçün­cü geridən sonra Puraba getmək üzərə yola çıxıb Cəlisir kəndindən bir az yuxarıda (357a) Cundan gəmiylə keçərək Bağı-Zərəfşana gəldim.

Tuğ, nağara, axır və bütün əsgərin bağın qarşısına, suyun digər tərəfi­nə enmələri və hüzura çıxacaq adamların suyu gəmiylə keçərək gəl­mələri əmr edildi.

Şənbə günü benqal elçisi İsmayıl Mita benqalların hədiyyələrini gəti­rib Hindistan tərzində mülazimət etdi. Bir ox atımı yerə qədər gəlib sayğı­la­rını ərz etdikdən sonra geri döndü. Sir-muyinə dedikləri xələti geydirib gə­tirdilər. Bizim tərzdə üç dəfə yükünərək gəlib Nüsrət şahın ərzi-halını verdi və gətir­diyi hədiyyələri təqdim edib geri qayıtdı.

Bazar ertəsi günü Xoca Əbdülhaq gəldi, gəmiylə sudan keçərək Xoca­nın çadırı­na gedib mülazimət etdim. Çərşənbə axşamı günü də Həsən Çələbi gəlib mülazimət etdi.

Əsgərin hazırlıqlarını tamamlamaq üzrə bir neçə gün çarbağda qaldıq. Cümə axşamı günü, ayın on yeddisində [=27 yanvar] üçüncü geridən sonra oradan qalxıb atlandıq. Mən gəmiylə hərəkət etdim. Aqradan yeddi kü­ruh məsafədə yerləşən Ənvar kəndinə endik.

Bazar günü özbək elçilərinə qayıtmaları üçün izin verdim. Küçüm xa­nın elçisi Əmin (357 b) Mirzəyə kəmərli bir xəncər, altın dibalı bir yelək və yetmiş min təngə ehsan edildi. Əbu Səid Sultanın adamı Molla Tağayiyə və Mehriban xanım ilə oğlu Polad Sultanın adamlarına düyməli yeləklər və qu­maş xələtlər geydirildi. Bunlara da vəziyyətlərinə görə pul ehsan olundu.

Ertəsi gün, Xoca Əbdülhaqın Aqrada qalması, özbək xan və sultanla­rı­nın göndərdiyi Xoca Yəhyanın nəvəsi Xoca Kəlanın isə Səmərqəndə getmə­si üçün izin veril­di.

Hümayunun oğlunun doğulmasını və Kamranın evlənməsini təbrik et­mək üçün on min şahruxi hədiyyə ilə birlikdə Mirzə Təbrizi və Mirzə bəy Tağayi göndəril­di. Hər iki Mirzəyə də öz geydiyim paltar və bağladığım kə­mər göndərildi. Hindu Molla Behişti vasitəsilə dəyərli daşlarla işlənmiş kə­mərli bir xəncər, yenə dəyərli daşlarla işlənmiş davat, sədəflə işlənmiş bir qu­tu, öz geydiyim qısa bir paltar, qurşaq, Baburi xəttinin müfrədatı və bu ya­­zıyla yazılmış qitələr göndəril­di. Hümayuna Hindistana gələndən bəri yaz­dığım şeirlər və tərcümələr göndərildi. Hindal ilə Xoca Kəlana da tər­cü­mələr və şeirlər göndərildi. Kamrana da Mirzə bəy Tağayi vasitəsilə tərcü­mə, Hindistana gələndən bəri söylənən şeirlər və Baburi xəttilə yazılan mək­tub örnəkləri göndərildi.

Çərşənbə axşamı günü Kabilə gedəcək adamlara məktublar yazılaraq izin verildikdən sonra Molla Qasım, Ustad Şah Məhəmməd Səngtraş, Mirək, Mir Qiyas, (358 a) Mir Səngtraş və Şah Baba Bildara Aqra və Dulpurda ti­kiləcək binalara dair izahatlar verilərək bu işlər onlara tapşırıldı və getmə­lə­ri­nə izin verildi.

İlk pəhər yaxınlaşmışdı ki, Ənvardan atlandıq. Günorta sonuna doğru Çəndvarın bir küruhunda yerləşən Əbapur adlı kəndə endik.

Cümə axşamı axşamı Əbdülmüluk Qurçunu Həsən Çələbiylə birlikdə şahın [Şahzadə Təhmasib] yanına, [İbrahim] Çapıq isə özbək elçiləri ilə birlikdə xanların və sultanların yanlarına göndərildi. Gecənin bitməsinə dörd geri qala Əbapurdan qalxıb dan ağararkən gəlib Çəndvar qarşısından gəmiyə mindim. Axşam üstü Rabiri önündə gəmidən çıxıb ordugaha gəldim. Ordu Fəthpura enmişdi.

Fəthpurda bir gün qalıb şənbə günü səhər vaxtı abdəst alıb atlanaraq sa­bah namazını Rabirinin yaxınında camaatlə qıldıq. Mövlana Mahmud Fə­rabi imamdı. Günəş doğarkən Rabirinin böyük dirsəyinin aşağı­sından gəmi­yə mindik. O gün tərkib xəttilə yazmaq istədiyim tərcümə üçün on bir sətrlik bir mistar cızdım. O gün vəlilərin sözlərindən könlümə bir ilham doldu.

Rabiri pərgənələrindən olan Cakin adlı pərgənənin qarşısında gəmiləri sahilə çəkib o axşam gəmidə qaldıq. Oradan da sabahdan bir az əvvəl (358 b) gəmiləri hərəkətə keçirib bu arada sabah namazını qıldıq.

Mən gəmidə ikən Sultan Məhəmməd Bəxşi yanıma Xoca Kəlanın ada­mı olan Şəmsəddin Məhəmmədi gətirdi. Məktubdan və sözlərindən Kabildə­ki vəziyyəti tam olaraq öyrəndim. Mehdi Xoca da mən gəmidə ikən gəldi.

Günortadan bir az əvvəl Ətavənin önündəki çayın digər tərəfində olan bağa çıxaraq Cunda qüsl edib günorta namazını qıldım. Namaz qılınan yer­dən bir az Ətavə tərəfinə gələrək həmin bağın ağaclarının kölgəsində çaya baxan bir təpə üstündə oturub igidlərin çalıb-oxumasını dinlədik. Mehdi Xo­canın ikram etdiyi yeməyi burada yedik. Axşam üstü çayı keçib yatsı vax­tı ordugaha gəldim.

Əsgərin yığılması və Şəmsəddin Məhəmməd vasitəsilə Kabildə­kilərə məktublar yazılması üçün o yurdda iki-üç gün qaldıq.

Çərşənbə günü, cəmadiyüləvvəl ayının sonuncu günü [=9 fevral] Əta­vədən hərəkət edib səkkiz küruh getdikdən sonra Muri və Edusəyə endik.

Kabilə gedəcək məktubların qalanlarından bəziləri orada yazıldı. Hü­ma­yuna göndərilən məktubun məzmunu bu idi: əgər indilik uğraşacaq bir iş yoxsa, oğurluğun və çapulçuluğun qarşısı alınmalı, heç kimin asayişi poz­masına yol verilməməli, (359 a) Kabil vilayətini xassə mülkünə daxil etdi­yim üçün uşaqlardan heç kim ona tamah salmamalıdır. Sonra Hindalı da ça­ğırmışdım. Bundan başqa, Kamranın şahzadə ilə yaxşı münasibətlər qurma­ğa çalışması, Multan vilayətinin ona ehsan edildiyi, Kabil vilayətinin xassə mülkü elan oldunğu, ailəmlə saray ağır­lıqlarının buraya gəlməsi yazılmışdı.


XOCA KƏLANA MƏKTUB
Bəzi keyfiyyətlər isə Xoca Kəlana yazılan məktubdan bəlli olacağı üçün o məktubun bir surətini olduğu kimi burada verirəm:

«Xoca Kəlana salam dedikdən sonra söz budur: Şəmsəddin Məhəm­məd biz Ətavədə ikən gəldi. Vəziyyəti öyrəndim. O tərəflərə getmək arzusu sonsuzdur. Hindis­tan işləri də yoluna girməkdədir. Ulu tanrıdan diləyirəm ki, buranın işi tanrı təalanın inayətilə tezliklə sona çatsın. Bu iş bitdikdən sonra Allah nəsib etsə dərhal hərəkət edəcəyim. O vilayətlərin gözəlliyini insan ne­cə unuda bilər? Xüsusilə də belə tövbəli olunca, qovun və üzüm kimi məş­ru zövqləri insan ağlın­dan necə çıxara bilər? Bugünlərdə bir qovun gə­tirmişdilər, kəsib yeyəndə mənə çox təsir etdi. Az qala ağlayacaqdım.

Kabilin heç cür zəbt və rəbt altına alına bilmədiyi (359 b) yazılmışdı. Axırda kö­nül bunda qərar buldu: əgər bir vilayətdə yeddi-səkkiz hakim olsa, ora necə itaətkar və möhkəm olar? Buna görə də böyük bacımı və hərəmləri Hindistana çağırdım.

Kabilin bütün vilayət və qəryələrini xassə mülkü elədim. Hümayun ilə Kamrana da bu xüsusu izah edərək yazdım. Yaxşı bir adam o məktubları mir­zələrə götürsün. Bundan əvvəl də bu xüsusa dair mirzələrə məktub yazıb göndərmişdim. Hər halda məlum olmuşdur. İndi o vilayətin idarəsı və abad­lığı heç bir bəhanə və maneə qalmadı. Bundan sonra, əgər kurqan möhkəm və xalq razı olmasa, azuqə tapılmasa, ya da xəzinə dolmasa, bu vəziyyətin idarə edənin iqtidarsızlığı üzündən olduğu düşünüləcəkdir. Gərəkli olan bəzi işlər yazılacaqdır. Bəzisi üçün fərman da getmişdir. Bu işlərdən artan para, xəzinəyə yatırılsın.

Gərəkli olan işlər bunlardır: öncə kurqanın təmiri, azuqə, gələn-gedən elçilərin məsrəfləri, caminin tikilməsi üçün pulu maldan alaraq sərf etsinlər. Karvansara və hamamların təmiri, ərkdə Ustad Həsən Əlinin bişmiş kərpiclə tikməyə başlayıb yarımçıq qalan binanın tamamlanması işi (360 a) onun özü ilə danışılıb məsləhətləşərək uyğun bir plan içərisində davam etdirilsin. Us­tad Həsən Əlinin çəkdiyi əski layihə uyğunsa, o şə­kildə tamamlansın, yoxsa fikir birliyiylə gözəl bir layihə üzrə tikilsin. Elə ki, onun döşəməsi divanxa­na döşəməsi ilə bir səviyyədə olsun.

Xurd-Kabil bəndi boğazın Xurd-Kabil tərəfinə çıxdığı yerdə Büthaq ça­yına bağlanmalıdır. Qəznə bəndini təmir edin. Baği-Xiıyabana gəlincə, bu bağın suyu azdır, buraya da bir dəyirman işlədə biləcək qədər suyun ta­pılıb gətirilməsi lazım­dır.

Xoca-Bəstənin cənub-qərb tərəfində Tutum-Dərə çayını bir təpə üstü­nə gətir­tərək oraya hovuz tikib fidanlar əkdirmişdim. Güzərgahın qarşısında yerləşdiyi, gözəl və geniş bir mənzərəsi olduğu üçün oraya Nəzərgah adı ve­rilmişdi. Oraya da gözəl fidanlar əkmək və plan daxilində çəmənliklər ya­ra­dıb ətrafına gözəl rəngli, gözəl rayihəli gül və reyhanlar ək­mək lazımdır.

Seyid Qasım da köməkçi dəstənin başçısı təyin edildi.

Tüfəngəndazlarla Ustad Məhəmməd Əmin Cəbəçinin əhvalından qafil o­lmayın.

Bu məktub gələn kimi, dərhal böyük bacımı və hərəmləri yola çıxarıb Nilaba qədər (360 b) qılavuzluq edin. Bu məktub gələn kimi, ən gec bir həf­tə sonra mütləq yola çıxsın­lar. Yoxsa Hindistandan gedən əsgər dar yerdə sı­xıntı çəkər, vilayət də xarab olar.

Sonra, Abdullaha [Kitabdar] yazılan məktubda tövbə işindəki uğurlar haqqında çox mübaliğəyə yol verilmişdi. Bu rübai buna bir az engəl oldu.

Mey tərkini qılalı pərişandır mən,

Bilmən qılar işimiyü heyrandır mən,

El bütün peşiman olub tövbə qılar,

Min tövbə qılıb mənü peşimandır mən.

Bənnainin bir nüktəsi xatırimə gəldi. Bir gün Bənnai Əlişir bəyin [Nə­vai] hüzurunda bir nüktə edir. Əlişir bəy düyməli bir yelək geyibşmiş. Bu üzdən belə deyir: «Nəğz zərafəti kərdi, çəkmənra midadəm, vəli tügmə­ha nə­memand və mane əst» (Gözəl bir nüktə etdin. Sənə yeləyimi verərdim, am­­­ma düymələri buraxmır və mane olur). Bənnai isə belə deyir: «Tügməha çi mane əst, badigəha mane əst» (düymələr mane deyil, ilgəklər manedir).

Vəl üxdətü əlar-ravi (Günahı söyləyənin boynuna). Belə zarafatı mə­zur görün və tanrı xatirinə, inciməyin.

Sonra, o rübaini keçən il söyləmişdim. Gerçəkdən də bu ötən iki il şə­rab məclisinə duyduğum arzu və həsrət sonsuz idi. O dərəcədə ki, şəraba duyduğum həsrətdən bəzən ağlamaq həddinə gəlirdim. Bu il, əlhəmdülillah, o sıxıntı könlümdən ta­mamilə silindi. Hər halda tərcüməni nəzm etməyimin (361 a) isabəti və bərəkətindəndir.

Siz də tövbə edin. Söhbət və şərab həmsöhbət və həmbadə ilə xoşdur ki, söhbət edəsiniz və şərab içəsiniz. Əgər həmsöhbət və həmbadə Şir Əh­mədlə Heydərqulu isə bu tövbə o qədər da ağır olmayacaq. Arzuməndliklə sa­lam.

Cümə axşamı günü, cəmadiyülaxır ayının ilk günündə [=10 fevral] ya­zıldı».

Bu nəsihətamiz sözləri yazdığım zaman mənə fövqəladə təsir etdi. Bu məktubla­rı Şəmsəddin Məhəmmədə təslim edib ağızdan söylənəcək sözləri də söylədikdən sonra cümə gecəsi getməsinə izin verdim.

Cümə günü səkkiz küruh qədər gedib Cüvaməndnaya endik. Kitin-Qa­ra Sultan bir adamını elçi olaraq gələn Kəmaləddin Qıyaq adlı nökərin ya­nı­na göndər­miş, sərhəd bəylərinin necə yaşayıb nələr etdikləri haqqında, oğ­ru və quldurlardan şikayət edən bəzi şeylər yazmışdı. Qıyaq da həmin adamı bu­raya göndərmişdi. Qıyağa gərəkli izin verib sərhəd bəylərinə oğru və qul­dur­ları ram etmək, yaxşı ya­şamaq və hərəkət etmək barədə fərmanlar gön­dərdim. Bu fərmanları Kitin-Qara Sultandan gələn adama təslim etdikdən sonra biz bu yurdda ikən onun getməsinə izin verdik.

Həsən Çələbidən Şahqulu adında bir adam gəlib [özbək-qızılbaş] sa­va­­şı haqqındakı keyfiyyətini ərz etmişdi. (361 b) Şahqulu vasitəsilə şaha [şahzadə Təhmasib] məktub yazaraq Həsən Çələbinin gecikməsini üzrlü sayıb cümə günü, ayın ikisində [=11 fevral] getməsinə izin verildi.

Şənbə günü səkkiz küruh yürüyüb yenə Kalpi pərgənələrindən olan Kəkura və Çeçavəliyə endik.

Bazar günü, ayın dördündə [=13 fevral] doqquz küruh gedib Kalpi pərgənələrindən olan Didəpur adlı pərgənədə başımı qırxdlm. İki aydan bəri başımı qırxmamışdım. Səngər çayında qüsl etdim.

Bazar ertəsi günü on dörd küruh gedib Kalpi pərgənələrindən Çərkə­də­yə endik.

Çərşənbə axşamı günü, ayın altısında Qaraçanın hindistanlı bir köləsi Mahım bəyimin Qaraçaya yazdığı fərmanı gətirdi. Mahım gəlirmiş. Mənim əvvəlcə öz əlimlə yazdığım üslubda pərvanə yazıb Lahor, Bxirə və o civar­dan keçərkən qılavuz istəmişdi. Bu fərmanı cəmadiyüləvvəl ayının yed­di­sində [=17 yanvar] Kabildən yaz­mışdır.

Çərşənbə günü yeddi küruh gedilərək Adəmpur pərgənəsinə endik. O gün, dan ağarmadan tək başıma alanıb günorta üstü Cun çayına vardım. Cun sahilindən aşağıya doğru getdim. Adəmpur qarşısına gələndə bir adada or­du­gahın yaxınlığıın­da çadırlar qurduraraq məcun yedim.

O gün (362 a) Sadiq ilə Külalı gürəşdirdik. Külal iddiayla gəlmiş və Aqrada güləşmək üçün yorğunluğunu göstərərək iyirmi gün vaxt istəmişdi. Artıq qırx-əlli gün keçmiş olduğu üçün güləşməyə məcbur oldu. Sadiq yaxşı güləşdi və onu çox asanca yerə sərdi. Sadiqə on min təngə, yəhərli bir at, bir dəst paltar və düyməli bir yelək ehsan edildi. Kəlali isə məğlub olmasına bax­mayaraq bir dəst paltaryla üç min təngə hədiyyə aldı.

Arabaları və topları gəmilərdən çıxarmağı əmr etdim. Yer düzəldərək, yol çəkərək arabaları və topları çıxarana qədər bu yurdda üç-dörd gün qal­dıq.

Bazar ertəsi günü, ayın on ikisində [=21 fevral] on iki küruh gedib Kür­rəyə endik. O gün təxti-rəvanla getdim. Kürrədən on iki küruh gedib Kər­rə pərgənələrindən Küryəyə endik. Küryədən də səkkiz küruh yürüyərək Saray-Məndaya endik.

Buraya endiyimiz yatsı vaxtında Sultan Cəlaləddin gəlib mülazimət et­di. İki kiçicik oğlunu da özü ilə birlikdə gətirmişdi.

Şənbə günü, ayın on yeddisində [=26 fevral] səkkiz küruh gedib Kərrə pərgənəsindən Qanq sahilində Düydüyüyə endik. Məhəmməd Sultan (362 b) Mirzə, Qasım Hüseyn Sultan, Bixub Sultan və Turdukə biz orada ikən gəl­dilər.

Bazar ertəsi günü, Əsgəri də bu yurdda ikən gəlib mülazimət etdi. Bu g­ələnlərin hamısı Qanqın şərq tərəfindən gəlmişdilər. Əsgərinin adamlarıyla birlikdə Qanqın qarşı sahilindən irəliləməsi və ordu harada güşərgə salsa, onların da tam qarşı tərəfdə düşərgə salmaları əmr edildi.

Biz o civarda ikən irəlidən bir-biri ardına xəbərlər gəlirdi: Sultan Mah­mudun yanında yüz min əfqan toplaşmışdı. Şeyx Bəyazid ilə Bibəni bir çox əsgərlə birlikdə Sərvar tərəfinə göndərib özü və Fəth xan Sərvani də Qanq sahilini təqib edərək Çünar üzərinə gəlirmiş. Keçən il bir çox pərgənə ve­rərək bu civar­da qoyduğumuz Şir xan Sur da əfqanlara qoşulmuşdu. Şir xan ilə digər bir neçə əmiri çayın qarşı tərəfinə keçmişlər. Sultan Cəlaləddinin adamları Benaresi müdafiə etməyərək qaçıb çıxmışlar. Benares kurqanında qüvvə qoyaraq Qanq sahilinə gəlib vuruşacaqlarını söyləyirmişlər.

Düydüyüdən qalxıb altı küruh irəlilədikdən sonra Kərrədən üç-dörd küruh məsafədə yrləşən Küsara endik. Mən gəmiylə gəldim. Sultan (363 a) Cəlaləddinin ziyafəti ilə əlaqədar iki-üç gün bu yurdda qaldıq.

Cümə günü Kərrə qalasının içində Sultan Cəlaləddinin evlərinə endik. Ev sahi­bi sifəti ilə bizə yemək və təam ikram etdi. Yeməkdən sonra özünə və uşaq­larına tikışsiz libaslar geydirildi. Arzusuna uyğun olaraq böyük oğ­luna Sultan Mahmud ünvanı verildi.

Kərrədən hərəkət edərək bir küruh qədər irəlilədikdən sonra Qanq sa­hilinə endik. Orada ikən Mahım bəyim tərəfindən gəlmiş olan Şəhrək bəyə o gün məktub verərək getməsinə izin verdim. Xoca Yəhyanın nəvəsi Xoca Kə­­­lan isə məndən yazmaqda olduğum Vəqayeni istəmişdi. Surətini çıxart­dır­mışdım, onu da Şəhrək vasitəsilə göndərdim.

Şənbə günü qalxıb dörd küruh gedərək dincəldik. Mən yenə gəmiylə getdim. Enəcək yer yaxın imiş, erkən gəldik. Bir müddət sonra gəminin için­də məcun yedik. Xoca Əbdüşşəhid Nur bəyin çadırındaymış, dəvət etdik. Molla Mahmudu da Molla Əlixanın çadırından çağırdıq. Bir müddət otur­duq­dan sonra gəmi ilə qarşı tərəfə keçib güləşçiləri gürəşdirdik. Dost Ya­sinxeyrə pəhlivan (363 b) Sadiqlə deyil, digərləri ilə güləşməsi əmr edildi. Qaydaya zidd olmasına baxmayaraq, onun da­ha qüvvətlilərlə güləşməsi əmr edildi. Səkkiz adamla yaxşı güləşdi.

İkindi çağı Sultan Məhəmməd Bəxşi qayıqla o tərəfdən gəldi və asi­lə­rin Sultan Mahmud dediyi Sultan İskəndər oğlu Mahmud xanın məğlubiyyət xəbərini gətirdi. Günorta üstü buradan gedən casus da asilərin məğlubiyyət xəbərini gətirdi. Günorta ilə ikindi arasında gələn Tac xan Sarənghaninin ər­zi-halı də casusun xəbərinə uyğundu.

Sultan Məhəmməd gəlib təfsilatı nəql etdi. Düşmən gəlib Çünarı mü­ha­sirəyə almış, bir az savaşmış, lakin bizim gəldiyimiz dəqiqləşən kimi ora­dan getmişdir. Benaresə keçən əfqanlar da təlaşla geri dönüb su­yu keçəndə iki gəmi batmış və xeyli adamları boğulmuşdur.

Ertəsi gün altı küruh yürüyərək Piyaq pərgənələrindən Siravəliyə gəl­dik. Mən gəmiylə gəldim. Çin Teymur Sultan ilə Toxta Buğa Sultan yarı yol­da hüzura qəbul edilmək üçün gözləmişdilər. Sultanları da gəmiyə dəvət et­dim. Toxta Buğa Sultan yada daşı ilə sehir etmişdi. Şiddətli bir külək qo­pub yağmur yağmağa başladı. Gözəl bir hava oldu. Bu hava məcun yemə­mizə səbəb oldu. Keçən gün məcun yediyimizə baxmayaraq bugün də yedik. Yurda gedib ertəsi gün də orada qaldıq.

Çərşənbə axşamı günü təkrar atlandıq. Ordugahın qarşısında yaşıl və böyük bir ada vardı. Gəmiylə oraya keçib adayı gəzdikdən sonra ilk pəhərdə təkrar gəmiyə gir­dim.

At üzərində çay kənarında gedərkən bir qayanın üstündən keçdim. At çatlamış qayanın üstünə çıxanda qaya uçdu. Mən dərhal sıçrayaraq özümü kə­nara atdım. At isə uçmadı. Atın üzərində qalmış olsaydım, çox ehtimal ki, atla birlikdə yuvar­la­nacaqdıq.

O gün Qanq çayını qulac ataraq keçdim. Hər qulacı saydım, otuz üç qulacla keçdim və orada dincəlmədən geri üzərək təkrar bu tərəfə keçdim. Bütün çaylari ü­zərək keçmişdim, bircə Qanq çayı qalmışdı.

Axşam üstü Qanq çayının Cun çayı ilə birləşdiyi yerə qədər gedib Pi­yaq tərəfindən gəmini çəkdirərək ilk pəhərin dördüncü gerisində ordugaha gəldim.

Çərşənbə günü, ikinci pəhərdən etibarən əsgər Cun çayından keçməyə başladı. Dörd yüz iyirmi gəmi vardı.

Cümə günü, rəcəb ayının ilk günü [=11 mart] suyu keçdim.

Bazar ertəsi günü, ayın dördündə [=14 mart] Behara getmək niyyətilə Cun sahilindən hərəkət etdik və beş küruh gedib Ləvayinə endik. Mən gə­miylə getdim. O günə qədər əsgərlər hələ sudan keçirdi. Adəmpurda gəmi­lər­dən çıxarılmış olan zərbzənli arabaları Piyaqda təkrar gəmilərə qoyub gə­miylə gətirmələri əmr edildi.

Endiyimiz yurdda güləşçiləri gürəşdirdik. Pəhlivan Lahori Kəşdiban ilə Dost Yasinxeyr güləşdilər. Xeyli mücadilədən sonra Dost qələbə qazandı. Hərəsinə bir dəst paltar ehsan edildi.

İrəlidə bataklıq və çamurlı pis bir çay varmdı, ona Tus çayı deyir­di­lər. Keçid aramaq və yol tapmaq üçün burada iki gün qaldıq. Bir az yuxarıda at və dəvələr üçün bir keçid tapıldı. Yüklü arabalar o keçidin uyğun olma­yan daşları üzündən keçə bilməzmiş. Yüklü arabaları da (364 a) oradan keçir­mə­yi əmr etdim.

Cümə axşamı günü oradan hərəkət edərək Tus çayının birləşdiyi yerə qədər gəmiylə gəldim. Suyun birləşdiyi yerdə gəmidən çıxıb Tus çayından yuxarıya doğru gedərək ikindi üstü suyu keçib enmiş olan ordugaha gəldim. O gün altı küruh yürüdük. Ertəsi gün orada qaldıq.

Şənbə günü on iki küruh yürüdükdən sonra kəndin yuxarı tərəfinə en­dik. Oradan da yeddi küruh gedərək Nanupura endik. Biz bu yurdda ikən Çü­nardan oğulla­rıyla birlikdə Tac xan gəlib mülazimət etdi. O günlərdə Mə­həmməd Bəxşinın ərzi-halı də gəldi: ailə və saray ağırlıqları Kabildən dəqiq olaraq gəlirmiş.

Çərşənbə günü oradan qalxıb Çünar kurqanını gəzdikdən sonra Çünar­dan bir küruh qədər keçərək endik.

Piyaqdan hərəkət etdiyimiz günlərdə bədənimdə qan çibanı çıxmışdı. Bu yurdda ikən Rumdan gələn bir səyyah yeni kəşf edilən bir tədavi tətbiq etdi. Qarabi­bəri gil qazanda qaynatdı və yaranı onun isti buxarına tutdum. Bu­xar azalınca da isti su ilə yudum. Təqribən iki saata qədər dindi.

Yenə biz bu yurdda ikən bir nəfər ordugahın yanındakı adada aslan və kərgədan gör­düyünü söylədi. Sabah (364 b) o adayı mühasirə etdik. Fillər də gətirilmişdi. Aslan və kərgədan çıxmadı, çıxa-çıxa bir çöl camışı çıxdı.

O gün şiddətli rüzgar qopdu və toz-torpaq çox iztirab verdi. Gəmiyə mi­nərək ordugaha gəldim.

Ordu Benaresdən iki küruh daha yuxarıya enmişdi. Çünar civarındakı cəngəlliklərdə çox fil varmış. Oraya gedib fil ovlamaq niyyətində idim. Tac xan mənə Mahmud xanın [Ludi] Sun çayının yanında olduğu xəbərini gə­tirdi. Bəy­lər dəvət edildi və düşmən üzərinə sürətlə yürümək barədə danışıb məsləhət etdik. Axırda uzun mənzillə və gecikmədən yürümək qərara alındı. Oradan qalxıb doqquz kü­ruh gedərək Bəlvə keçidinə endik.

Burada bazar ertəsi günü axşam, ayın on səkkizində [=28 martl Tahir, Aqraya göndərildi və Kabildən gəlməkdə olanlara xərclik kimi ehsan edilən pulların baratını götürdü.

O gün gəmiylə gəldim. Sabahdan bir az öncə gəmiyə minmişdim. Guy çayının birləşdiyi Cunpur çayına qədər və oradan da Guy çayının bir az yu­xa­rısına gedərək təkrar döndüm. Daracıq bir çay olmasına baxmayaraq (365 a) keçidi yoxdu. O tərəfdəki əsgər gəmi, sal və atla üzərək keçirdi.

Cunpur çayının birləşdiyi yerdən bir küruh daha aşağıya gedib keçən il Cunpura getdiyimiz zaman qaldığımız yurdu gəzdim. Çayın yuxarısından səmt küləyi əsdi. Benqal gəmisinin yelkənini açıb böyük gəmini ona bağla­dılar və xeyli sürətlə gəldi. Benaresdən bir küruh daha yuxarıya enmiş olan ordugahdan buraya günün iki gerisi qalanda gəldik. Heç bir yerdə durmadan arxamızdan gələn gəmilərin ən sürətlisi isə yatsı vaxtında gəldi.

Moğol bəyə Çünardan başlayaraq hər yürüşdə ölçü ipiylə doğru yolu, Lütfi bəyə isə gəmiyə minəndə çay sahilini ölçməsi əmr edilmişdi. Doğru yol on bir, su sahili də on səkkiz küruh imiş.

Ertəsi gün o yurdda qaldıq. Çərşənbə günü də gəmi ilə Qazipurdan bir küruh daha aşağıya endik. Cümə axşamı günü biz o yurdda ikən Mahmud xan Nuhani gəlib mülazimət etdi. O gün Behar xan Beharinin oğlu Cəlal xan, Nasir xan oğlu Fərid xan, Şir xan Sur, Adil xan Sur və digər bir neçə əfqan əmirinin ərzi-halları (365 b) gəldi.

Eyni gün Əbdüləziz Miraxurun da ərzi-halı gəldi. Lahordan cəmadi­yül­əvvəl ayının iyirmisində [=29 fevral] yazılmışdı. Bu ərzi-hal yazıldığı gün Kalpi civarından Qaraçanın göndərdiyi hindistanlı bir nökəri də Lahora varmışdı. Əbdüləzizin ərzi-halında bunlar yazılmışdı: Əbdüləziz və digər təyin edilənlər cəmadiyülaxır ayının doqquzunda [=18 fevral] Nilabda ailəni qarşılamağa gedirlər. Əbdüləziz Çanaba qədər birlikdə gəlib oradan ayrıla­raq bir az öncə Lahora getmiş və bu ərzi-halı göndərmişdi.

Cümə günü hərəkət etdik. Mən yenə gəmiylə gedib Çüsənin qarşısın­da keçən il günəşin tutulduğu və oruclu olduğumuz yurdu gəzdikdən sonra tək­rar gəmiyə mindim. Məhəmməd Zaman Mirzə də gəmiylə gəldi. Mirzənin təşviqi ilə məcun yedik.

Ordu Kərmnas çayının sahilinə enmişdi. Hindular bu Kərmnas çayın­dan çox çəkinirdilər, ona görə də bunlar bu sudan keçməyərək gəmiyə minib bu suyun qarşısındakı Qanq çayından keçdilər, etiqadlarına görə, bu su in­sana dəysə, onun ibadəti batil olurmuş. Bu adın verilməsinin səbəbini də buna uyğun şəkildə açıqladılar.

Kərmnas çayının bir az yuxarı tərəfinə gedib təkrar döndükdən sonra Qanqın (366 a) şimal tərəfinə keçdik və suyun sahilində gəmiləri durdurduq. İgidlər bir az əyləndilər və güləşdilər. Saki Möhsün dörd-beş adamla güləşə biləcəyini iddia etdi. Bir adamla güləşdi, az qala yıxılırdi, ikincisi Şadiyandı və Möh­sünü yıxdı. Məhcub və mütəəssir oldu. Pəhlivanlar gəlib güləşdilər.

Şənbə günü Kərmnas çayının keçidini aramaq üzrə adam göndəril­diyi üçün ilk pəhərə doğru hərəkət etdik. Mən ata minib keçidə doğru bir küruh qədər çayın yuxarı tərəfinə getdim. Keçid uzaq olduğu üçün təkrar geri dö­nərək gəmiylə endiyimiz yerə gəldim.

Ordu Çusədən bir küruh daha irəlidə düşərgə salmışdı. O gün təkrar qarabibər dərmanı düzəltdim. Bir az isti oldu, bədənim qabardı və çox iz­tirab çəkdim. İrəlidə bataqlı kiçık bir çay vardı; yol salmaq üçün ertəsi gün də orada qaldıq.

Bazar axşamı Əbdüləziz tərəfindən gələn hindistanlı piyadanın gətir­di­yi məktuba cavab yazıb göndərdim. Bazar ertəsi sabahı gəmiylə gəldim. Külək üzündən gəmiləri çəkərək gətirdilər. Keçən il uzun müddət qaldığı­mız Bəksər önündəki yurdun qarşısına gəlib (366 b) suyu keçərək buranı gəz­dim.

Çay sahilinə enmək üçün pillələr düzəldilmişdi, qırxdan artıq, əllidən az olardı. Yalnız üstdəki pillə qalmış, digər pillələri su yuyub aparmışdı.

Gəmiyə minib məcun yedik. Ordugahın bir az yuxarısında bir adada gə­mini dayandıraraq pəhlivanları gürəşdirdik. Yatsı vaxtı ordugaha gəldik. Keçən il ordunun endiyi bu yurdda Qanq çayını özüm üzərək keçmişdim. Bəziləri at, bəziləri da dəvə üs­tündə olduqları halda buraya gələrək gəzmiş­dik. O gün tiryək qəbul etmişdim.

Çərşənbə axşamı günü Kərimverdi, Məhəmməd Əli Heydər Riqabdar və Baba Şeyx iki yüzə qədər yaxşı igidlə birlikdə düşmənlərdən xəbər bil­mək üçün göndərildilər.

Buradan Benqal elçisinə bəhs edilmiş üç maddəni ərz etməsi əmr edildi.

Çərşənbə günü Yunus Əli Behara dair müsbət bəzi şeylər öyrənmək üçün Behardakı Məhəmməd Zaman Mirzənin yanına göndərildi. Bir az süst cavab gətirdi. Behar şeyxzadələrinin adamı ərzi-halla birlikdə Beharı bura­xıb çıxdıqları xəbərini gətirmişdi.

Cümə axşamı günü Turdu Məhəmmədlə Məhəmməd Əli Cəng-Cəngə türk və hind əmirlərindən və oxçularından iki minə yaxın adam veril­di. Behar əhalisinə (367a) vəd fərmanları yazılıb getmələrinə izin verildi. Xoca Mürşid İraqini də Be­har sərkarına divan təyin edib Turdu Məhəmməd ilə bir­likdə göndərdik. Ertəsi gün də Məhəmməd Zaman Mirzə Behara getməyi qəbul edərək Şeyx Zeyn və Yunus Əli vasitəsilə bəzi şeylər ərz edib kömək üçün bir dəstə adam istəmişdi. Bəzi igidləri Məhəmməd Zaman Mirzəyə köməkçi təyin edib bəzilərini da xidmətinə verdik.

Şaban ayının birinci şənbə günü [=9 aprel] üç-dörd gündür oturduğu­muz bu yurddan hərəkət etdik. Mən o gün ata minib Bucpur ilə Bihiyəni gəz­dikdən sonra ordugaha döndüm.

Xəbər bilmək üçün Məhəmməd Əlinin komandanlığında göndərilənlər bir dəstə kafiri məğlub edib Sultan Mahmudun [Ludi] oturduğu yerə varır­lar. Sultan Mahmudun iki minə yaxın adamı varmış, bizim avanqardın xəbərini alınca vahiməyə düşmüş və iki filini öldürüb getmişdir. Bir filini də önçü­ləri ilə qoyubmuş. Bu igidlərdən iyirmiyə yaxın adam önçülərə yetişir, onlar da müqavimət göstərmədən qaçırlar. Bizimkilər bir neçə adamı öldürdükdən son­ra birinin başını kəsib, bir-iki adamı da diri olaraq yaxala­yıb gətirdilər.

Ertəsi gün hərəkət edib gəmiylə getdim. Bu arada Məhəmməd Zaman Mirzə də çaydan keçdi. Mirzənin keçməsini gözləmək üçün iki-üç gün (367 b) ora­da qaldıq. Çərşənbə axşamı günü, ayın dördündə, Mə­həmməd Zaman Mirzəyə bir dəst xas paltar, kəmərli bir qılınc, cins bir at və şəmsiyyə [çətir] inayət edərək Behar vilayətini ehsan etdim. Behar sərkarından bir kürur iyirmi beş lek xassə mülkü elan edildi, divanlığı da Xoca Mürşid İraqinin öh­dəsinə verildi.

Cümə axşamı günü o yurddan gəmiylə hərəkət etdim. Mən gəlincə bü­tün gəmiləri dayandırdım. Sonra onları üzdürərək səf halında bir-birinə bağ­la­malarını əmr etdim. Bütün gəmilər yığılmamış olduğu halda çayın ge­niş­liyindən çox artıq idi. Bəzi yerin dayaz, bəzisinin dərin, bəzi yerin axıntılı və bəzi yerin də sakit olması üzün­dən bu şəkildə çox gedilə bilmədi.

Gəmilərin səfində bir timsah görünür. Bir balıq timsahdan qorxaraq elə hündürə sıçrayır ki, bir gəminin içinə düşür, tutub gətirdilər.

Yurda gəldiyim zaman gəmilərə ad qoydum. Aqrada Sanka savaşın­dan bir az öncə tamamlanmış olan əski əməkdar böyük gəmiyə Asayiş adı ver­ildi. Bu il səfərə çıxmadan bir az əvvəl (368 a) Arayiş xan bir gəmi dü­zəltdirib hədiyyə etmişdi. Bu dəfə ona da bir talvar düzəltdirdim və bu gə­miyə Arayiş adı verildi. Sultan Cəlaləddin də hədiyyə etdiyi gəmiyə bir az böyük bir talvar düzəltdirmişdi, onun üzərinə bir talar da düzəldilməsi əmr edildi. Bu gəmiyə Güncayiş adı verildi. Bir də ön qismi qıvrıq kiçık bir qa­yıq vardı və hər cür iş üçün o göndərilirdi, bu qayığa da Fərmayiş adı verildi.

Ertəsi sabah cümə günü hərəkət etmədik. Məhəmməd Zaman Mirzə Behara getmək niyyətilə hazırlığını bitirərək ordudan bir-iki küruh aralıda düşərgə salmışdı. O gün gəlib izin aldı.

Benqal əsgərindən iki casus gəlib Məxdum Aləm komandanlığındakı benqaların Qanq çayının sahilini iyirmi dörd hissəyə bölərək sipər qazmaq­da olduqlarını, Sultan Məhəmməd komandanlığında olan və ailələrini və köç­lərini keçirmək istəyən əfqanları keçməyə qoymayaraq özlərinə qatdıq­la­rını söylədilər. Bu xəbəri alınca sa­vaş ehtimali olduğu üçün Məhəm­məd Za­man Mirzənin getməsinə engəl olduq. Şah İskəndər üç-dörd yüz adamla bir­likdə Behara göndərdik.

Şənbə günü Dudunun və onun oğlu (368 b) Cəlal xan Behar xanın ada­mı gəldi. Benqallar bunları göz bəbəkləri kimi qoruyurlarmış. Mənə qa­tılmaq üçün benqallarla vuruşub zorla ayrılaraq suyu keçmiş və Behar civa­rına gəlmiş­lər. Mülazimət üçün gəlirlərmış.

Həmin gün benqal elçisi İsmayıl Mitaya belə bir əmr verildi: əvvəlcə gön­dərdiyimiz üç mad­dənin cava­bı gecikir. Onlara yazın ki, əgər səmimi bir şəkildə anlaş­maq istəyirlərsə, bizə tez cavab versinlər.

Bazar günü axşam üstü Turdu Məhəmməd ilə Cəng-Cəngin bir adamı gəldi. Bunların önçüləri çərşənbə günü, şaban ayının beşində [=13 aprel] sa­bah tezdən bu tərəfdən yaxınlaşınca, Behar şikdarı da digər qapıdan çıxıb qaçmışdı.

Bazar günü o yurddan qalxıb Ari pərgənəsinə endik. Burada ikən Xa­rid əsgərinin yüz-yüz əlli gəmiylə gəlib Saru ilə Qanqın birləşdiyi yerə, Saru çayının digər sahi­linə yerləşdiyi xəbəri çatdı.. Benqallar ilə sülhə bənzər bir şey bağlanmış olduğu için belə işlərdə daima uğurlu sayıldığı üçün sülh yolu tərcih edilmişdir. Ədəbsizlik edərək gəlib yolumun üstündə yerləşmiş olma­larına baxmayaraq əski qaydaya uyaraq və əvvəlki üç sözü söyləyərək Molla Məhəmməd Məzhəb ilə birlikdə benqal elçisi İsmayıl Mitanın (369 a) getməsinə izin verilməsi qərarlaşdırıldı.

Bazar ertəsi günü benqal elçisi mülazimətə gəlmişdi, getməsinə izin ve­rildiyi söylətdirildi və deyildi ki: düşməni dəf etmək üzrə oraya-buraya hə­­rəkət etməkdəyik. Sizlərə aid yer və suya zərər və ziyan dəyməyəcəkdir, ne­cə ki üç şərtin biri də bu i­di: Xarid əsgərinə söylə, yolumuzdan çəkilib Xa­ridə gəlsin. Türkdən bir neçə adamı ona verək. Xarid əhalisinə vədlərdə bu­­luna­raq onları yerlərinə götürsünlər. Keçid üzərindən getməz və bu qəribə iddia­dan vaz keçməzlərsə başlarına gələcək hər yamanlığı və önlərinə çı­xacaq hər bəlanı özlərindən və sözlərindən bilsinlər.

Çərşənbə günü, adət olduğu üzrə, benqal elçisi İsmayıl Mitaya bir xə­lət geydirilərək ehsanlarla getməsinə izin verildi.

Cümə axşamı günü Şeyx Camal da vəd fərmanları və inayət sözləri ilə Dudu ilə oğ­lu Cəlal xanın yanına göndərildi. O gün Mahım bəyimin adamı gəldi, o, Baği-Səfanın digər tərəfindən məktublar gətirdi.

Şənbə günü İraq elçisi Murad Qurçu Qacarı qəbul etdim.

Bazar günü, adət olduğu üzrə, Molla Məhəmməd Məzhəbə hədiyyələr təqdim edilərək getməsinə izin verildi.

Bazar ertəsi günü Xəlifə (369 b) ilə bəzi bəylər çayın keçilə biləcək ye­rini təsbit etməyə göndərildi. Çərşənbə günü Xəlifə iki suyun arasındakı bölgəni tədqiq etməsi üçün təkrar göndərildi.

Cənub tərəfdə Ari pərgənəsinin yaxınlığında yerləşən nilufər çiçək­li­yini gəzməyə getdim. Gəzinti əsnasında Şeyx Gürən nilufərin təzə toxum­la­rından gətirdi. Fıstı­ğa çox bənzəyir və olduqca gözəl bir şeydir. Onun çi­çə­yi­nə, yəni nilufərə hindistan­lılar kəvəl-kəkri, toxumuna isə dudə deyirlər.

Sunun oradan yaxın olduğunu söylədilər, gedib seyr etdik. Sun çayı­nın aşağı tərəfində çoxlu ağac gördüm. Oranın Münir olduğunu və Şeyx Şə­ra­fəddin Münirinin atası Şeyx Yəhyanın məzarının orada oldu­ğunu söylə­di­lər. Bu qədər yaxını­na gəlmiş olduğumuz üçün Sunu keçərək, Sundan aşağı iki-üç küruh gedib Müniri seyr etdik və bağlarının arasından keçib məzarı zi­­yarət etdikdən sonra Sun sahilinə gəlib qüsl etdik və günorta namazını da bir az erkən qılıb ordugaha doğru hərəkət etdik.

Atlar kök olduğu üçün bir neçə at geridə qaldı, bir neçə at isə yorul­muş­du. Bir neçə adamı orada qoyub xəstələnən atları yığaraq su və yem ve­rib yavaş-yavaş gətir­mələrini əmr etdim. Əks təqdirdə, bir çox at tələf olardı.

Münirdən dönərkən, bir adama Sunun sahilindən ordugaha qədər atı­nın hər addımını saymasını tapşırdım. İyirmi üç min yüz (370 a) addım say­mış ki, bu da qırx altı min iki yüz qədəm, yaxud on bir yarım küruh edir. Mü­nirdən Suna da yarım küruh qədər olar. Dönüşdə beləcə on iki küruh qət etmiş olduq. Gedərkən hər tərəf seyr edilərək gedildiyi üçün on beş-on altı küruh qədər olmuşdur. Bu surətlə o gün otuz küruha yaxın gəzdik. Gecənin ilk pəhərindən altı geri keçəndə ordugaha gəldik.

Ertəsi cümə axşamı günü Cunpurdan Sultan Cüneyd Barlas ilə Cun­pur­dakı igid­lər gəldilər. Gecikdikləri üçün onları bir az danlayaraq görüş­mə­dim. Qazı Ciyayı çağırıb söhbət etdim.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin