BABURUN ADAMLARINI CƏSARƏTLƏNDİRMƏSİ
O günlərdə, bəhs etdiyim kimi, meydana gələn olaylar üzündən böyüklərdə və kiçıklərdə sıxıntı və təlaş çox idi. Heç kimdən mərdanə bir söz, cəsur bir rəy eşidilmirdi. Hekayət deyən vəzirlərin və vilayət deyən əmirlərin nə sözləri mərdanə idi, nə tədbirləri, nə özləri himmət sahibi idi, nə təqrirləri. Amma Xəlifə bu səfər əsnasında da yaxşı hərəkət etdi, zəbt və istehkam xüsusunda qeyrət və diqqət göstərməkdə qüsur etmədi.
Elin belə cəsarətsizliyini və bu cür süstlüyünü görəndə, nəhayət, ağlıma bir tədbir gəldi. Bütün bəyləri və igidləri çağıraraq onlara dedim ki:
«Ey bəylər və igidlər!
Hər ki aməd be cahan, əhli-fəna xahəd bud,
An ki payəndeyi-baqist, xuda xahəd bud.
Dünyaya gələn hər kəs əhli-fənadır, öləcək,
Qalan və əbədi olan yalnız Allahdır.
Həyat məclisinə girən hər kəs axırda əcəl qədəhindən içəcəkdir, dirilik mənzilinə gələn hər kəs, nəhayət, dünya deyilən bu qəm evindən keçəcəkdir. Yaman adla yaşamaqdansa, yaxşı adla ölmək daha yaxşıdır.
Bə nami nikü gər bemirəm rəvast,
Məra nam bayəd ki tən mərgrast1.
Yaxşı adla ölsəm, mənə yetər,
Mənə nam lazımdır, çünki tən ölərgidir.
Tanrı təala bizə elə bir səadət nəsib etmiş və elə bir dövlət vermişdir ki, ölən şəhid və öldürən qazidir. Hamımızın Allahın kəlamıyla (315 a) and içməmiz lazımdıri, heç kimsə bu savaşdan üz çevirməyi düşünməsin və canı bədənindən ayrılıncaya qədər bu döyüşdən ayrılmasın».
Bəylərin və nökərlərin, böyüklərin və kiçıklərin hamısı bu sözlərimə sayğı göstərib əllərinə Quranı alaraq bu şəkildə and içib yəmin etdilər. Gözəl bir tədbir idi. Yaxından və uzaqdan, dostların və düşmənin görməsi və eşitməsi üçün yaxşı oldu.
HƏR TƏRƏFDƏ FİTNƏ VƏ FƏSAD ÇIXIR
O günlərdə hər tərəfdə fitnə və fəsad hakim idi. Hüseyn xan Nuhani gəlib Rabirini zəbt etdi. Qütb xan Sərvaninin adamı Çəndvarı aldı. Rüstəm xan deyilən bir hərif Miyan-Duabdakı oxçuları toplayaraq gəlib Külü aldı və Kiçık Əlini əsir etdi. Zahid Xoca Sənbəli buraxıb çıxdı. Sultan Məhəmməd Dulday Kanucu buraxıb qayıtdı. Güvalyarlı kafirlər gəlib Güvalyarı mühasirə etdilər. Güvalyara yardıma göndərilmiş olan Aləm xan da oraya getmədən öz vilayətinə getdi.
Hər gün hər tərəfdən yaman bir xəbər gəlirdi. Bəzi hindistanlılar əsgərlikdən qaçmağa başladılar. Heybət xan Görkəndaz qaçıb Sənbələ getdi, Həsən xan Barival qaçıb kafirlərin tərəfinə keçdi.
Bunlara baxmayaraq irəliləməyə davam etdik, arabalar, təkərli səhpalar və hazırlanmış digər texnika ilə birlikdə çərşənbə axşamı günü, (315 b) cəmadiyülaxır ayının doqquzunda [=13 mart] Novruz günü hərəkətə keçdik.
Sağ qol, sol qol və mərkəz səflərini nizamlayıb önümüzə arabaları və təkərli səhpaları aldıq, bunların arxasında da bütün tüfəngəndazlara Ustad Əliqulu başçı təyin edildi. Piyadalar bir-birlərindən ayrılmadan arabaların arxasında səf halında yürüməli idilər.
Səflər öz yerlərinin aldıqdan sonra bütün səflərə doğru sürətlə at çapıb sağ və sol qollar və mərkəzdəki bəylərə, igidlərə və sipahilərə yetişərək onlara cəsarət verdım, hər bölüyün harada duracağını, nə şəkildə yürüyəcəyini göstərib vəzifələrini bildirərək, bu nizam və cərgə ilə bir küruh qədər məsafə gət edib düşərgə saldıq.
Kafirlər də bu durumdan xəbərdar olaraq bölük-bölük düzənlənmiş bir şəkildə qarşı tərəfdən gəldilər.
Düşərgə saldıqdan sonra ordugah və ordugahın önü arabalarla və xəndəklərlə dəstəklənib qorunaqlı bir hala gətirildi.
O gün savaşmaq niyyətimiz olmadığı üçün bir dəstə igid irəli gedib düşmənla çarpışaraq bəxtini sınadı. Bir neçə kafiri ələ keçirib başlarını kəsib gətirdilər. Məlik Qasım [Baba-Qaşqa] da bir neçə baş kəsib gətirdi. Məlik Qasım yaxşı hərəkət etmişdi, beləcə əsgərin mənəviyyatı çox yüksəldi və özünə inamı qüvvətləndi.
Orduda ruh yüksəkliyi yarandı. Ertəsi sabah qalxıb savaşmağı düşünürdük. Lakin Xəlifə və digər sadiq dostlar (316 a) gediləcək yurd yaxın olduğu üçün əvvəlcə oranı xəndəklərlə qorunaqlı bir hala gətirdikdən sonra getməyin daha doğru olacağını bildirdilər. Xəndək işi üçün Xəlifə oraya gedib xəndək yerlərini istehkamçılara göstərərək çavuşlar təyin edib gəldi.
RANA SANKA İLƏ KANVA SAVAŞI
Şənbə günü, cəmadiyülaxır ayının on üçündə [=17 mart] arabaları önümüzdən çəkdirərək sağ və sol qollarla mərkəzimiz bir küruha yaxın məsafəni səf halında yürüyüb müəyyən edilmiş yurda endik. Bəzi çadırlar qurulmuş və bəziləri də qurulmaqda ikən düşmən səflərinin göründüyü xəbərini gətirdilər. Dərhal atlara minilib sağ və sol qolların öz yerlərinə gedərək arabalarla səfləri yaradıb düzənləmələri əmr edildi.
İslam əsgərinin vəziyyəti və kafirlər sürüsünün özəllikləri, səflərin vəziyyəti və müsəlmanlarla kafirlərin savaşının tamamən bilinməsi üçün Şeyx Zeyn tərəfindən qələmə alınan bu fəthnamə eynən buraya alındı.
ZAHİRƏDDİN MƏHƏMMƏD BABUR
QAZİNİN FƏRMANIDIR
Hər cür həmd vədinə sadiq, quluna köməkçi olub və əsgərinə arxa çıxaraq düşmənlərini təkbaşına aşağılayan və hər şeyin onun sayəsində ayaqda durduğu Allaha məxsusdur. Doğru yola girmiş vəlilərinin yardımıyla islamın sütunlarını yüksəldən, bütlərin ayaqlarını asi (316 b) düşmənlərini qəhr edərək alçaldan, zülm edənlərin kökünü qıran Allahım, yardım səndəndir. Aləmlərin rəbbi Allaha həmd olsun!1
Allahın səlat və səlamı qiyamətə qədər yaratdıqlarının ən xeyirlisi, qazilərin və cihad savaşçılarının əfəndisi Məhəmmədin, soyunun və yol göstərici əshabının üzərinə olsun.
Allahın nemətərinin danışılaraq ağızdan-ağıza yayılması şükür və öygüsünün çoxaldılmasına səbəb olur. Şükür və öygüsünün çoxaldılması da nemətərinin danışılaraq ağızdan-ağıza yayımasını labüd edir. Hər bir nemət bir şükrü vacib qılır və hər bir şükürdən sonra da bir nemət qərarlaşdırılmışdır. Lakin şükrün vacib qıldığı şeyləri yerinə yetirmək insanın qüdrətinin dışındadır, iqdidar sahibləri onun mərasimini yerinə yetirməkdən acizdirlər. Özəlliklə də bir nemətə qarşılıq verilməsi lazım gələn şükrdən böyük dünyada nə bir dövlət var, nə də axirətdə ondan böyük bir xoşbəxtlik görünür. Bax, bu nemət Onlar kafirlər, haqdan sapanlardır2 ayetində söyləndiyi kimi, əmsalları haqqında nazil olan kafirlərin qüvvətliləri üstündə üstünlük tapmaq və günahkar zənginləri istila etməkdən başqa bir şey deyildir. Ağıl sahiblərinin dəlib keçən düşüncələrində bundan daha gözəl bir xoşbəxtlik görülə bilməz. Minnət Allahadır ki, bu böyük səadət və ulu ehsan beşikdən bu vaxta qədər xeyir düşünən qəlbin və doğru hökm edən ağlın soylu istəyi və yeganə məqsədidir.
Bu mübarək günlərdə hər şeyi bilən padşahın xeyirxahlığı üz göstərdi. Minnətsiz nemət qapılarını açan və illətsiz bilgi bəxş edən Allah bilgi qapılarının fəthinin açarıyla böyüklüyü uğurun sığındığı nəvvabımızın əməllərinə açdı. Gülərüzlülük sahibi qövmümüzün məşhur isimlərini kərəm sahibi qazilərin dəftərinə keçirdi. İslamm bayrağı zəfər sahibi əsgərlərimizin yardımıyla (317a) ucalığın zirvəsinə çatdı.
Bu dövlətin ortaya çıxımasın və bu xoşbəxtliyin gerçəkləşməsi belə olmuşdur: islamiyyəti qoruyan əsgərlərimizin qılınclarının işıqları Hindistan məmləkətlərini fəth etməsi və zəfər nurlarının işıqlarıyla -əvvəlki fethnamələrdə yazıldığı kimi- aydınladtılmış qılınca, müqəddəs yardım, zəfər nişanəsi olan bayraqlarımızı Dehli, Aqra, Cunpur, Harid, Behar v.s. məmləkətlərində dalğalandırdı. Müsəlman və kafir olan qövimlərin böyük hissəsi gələcəyi qutlu nəvvabımıza itaət edib baş əyməyi seçərək doğruluq və səmimiyyət addımlarıyla qulluq yolunu tutdular. Lakin daha əvvəl uğurlu nəvvabımıza itaət etməkdən dəm vuran (Rana Sanka) kafiri indi Dirəndi, kibrləndi, nankorlardan oldu1 sözünə uyğun olaraq iş işləyib şeytan kimi baş qaldırdı. Zamanə əsgərinin komandanı və tərk edilmiş orduların bələdçisi halına gələrək bəzilərinin gərdanlarında lənət boyunduruğu olan zünnarı, bəzilərinin də ətəklərində islam dinindən ayrılma kədərinin tikanı olan güruhların bir araya toplanmasına səbəb oldu.
O məlun kafirin -qiyamət günündə rəzil olsun- Hindistan vilayətindəki istilası o dərəcəyə vardı ki, padşahlıq dövləti günəşinin doğmasından və şahlar şahı xəlifəliyi nurunun parlamasından əvvəl bu vuruşmada onun fərmanına boyun əyən əsl racələr, raylar bu müharibədə hökmü altında bulunub islam dinindən ayrılaraq din dəyişdirən hakim, (317 b) rəhbər və böyüklər onu göz önündə tutub heç bir müharibədə ona baş əyməmiş və bəlkə də uzlaşmamışlar, heç bir səfərdə onun söhbət və arxadaşlığı yolunu tutmamışlar.
Bu geniş diyarın, Dehli sultanı, Qucerat sultanı, Mandu sultanı vəsair bütün sultanları, digər kafirlərin aralarında bir uzlaşma olmadığı üçün o pis gedişli adama müqavimət etməkdən aciz qalmışlar və dürlü-dürlü hiylələri ilə üzə gülərək dost kimi görünürlər. Dinsizliyin bayrağı təxminən iki yüz islam şəhərində dalğalanmışdı. Tapınaqları və məscidləri təxrib edərək, o şəhər və məmləkətlərin müsəlmanlarının uşaqlarını və qadınlarını əsir etmişdi. Qüdrəti və qüvvəti o dərəcəyə varmışdı ki, hindin davam edib gələn və bir lek gəliri olan vilayəti yüz atlı, bir küruru isə on min atlı olaraq saymaqdan ibarət olan qaydası göz önünə alındıqda bu kafir başbuğu hərifin ələ keçirdiyi məmləkəti on kürura çatmışdı, bu da bir lek [yüz min] süvarilik yer edir. Bu zamana gəldiyində isə daha öncə heç bir savaşda ona yardım etməyən məşhur kafirlərin çoxu islam əsgərinə olan düşmənlikləri üzündən bu kafirin işləri-gücləri qldurluq olan əsgərinə qoşuldular.
İş o dərəcəyə vardı ki, on müstəqil hakim hər biri dikbaşlılıq davasında bulundular və hər biri bir qitədə kafir kütlələrindən birinə komandan olaraq o pis huylu kafirə xalxal və zəncir kimi yapışdılar. (318 a) Əşəreyi- mübəşşirənin1 tərsinə, quldurluğu artıran, Onlara acı bir əzabı müjdələ2 bayrağını çəkən bu on kafir izdihamlı qullara, əsgərlərə və geniş pərgənələrə sahibdilər.
Bunlardan Səlahəddin otuz min süvarinin başbuğuydu. Ravəl Udi Sing Bageri on iki min, Midni Rav on iki min, Həsən xan Mivati on iki min, Barməl İdəri dörd min, Nərpət Harə yeddi min, Sətərvi Keçi altı min, Dirim-Div dörd min, Bir-Sing Div dörd min atlıya sahibdilər. Sultan İskəndərin oğlu Mahmud xan da vilayət və pərgənəsi olmamasına baxmayaraq sərdarlıq ümidiylə təxminən on min atlı yığmışdı. Bu səlamət və əmniyyət vadisindən ayrılmış olanların cəmi hind vilayət və pərgənə qaydasına görə iki lek və min atlı idi [ikiyüz bir mini].
Nəticə olaraq, iç üzündə məğrur və görünüşdə kor olan bu kafir, günləri qara kafirlərin qisvətli gönüllərini Bir-biri üstünə yığılmış qaranlıqlar3 kimi birbirlərinə bağlayıb müxalifet edərək və insanların əfəndisinin –Allahın salat və səlamı üzərinə olsun- şəriətinin təməlini yıxmağı qəsd edərək müsəlmanlarla savaşmağa gəldi.
Padşahın din üçün savaşan savaşçıları Allahın yazğısı kimi o tək gözlü dəccalın4 başına üşüşərək, Qəza gəlincə, göz kor olur cümləsini bəsirət sahiblərinin nəzərlərinə ərz etdilər və Kim cihad edərsə, ancaq öz yararına cihad edər5 (318 b) ayətini göz önündə tutaraq, itaət edilməsi gərəkli olan Kafirlərə və münafiqlərə qarşı cihad et6 hökmünü tətbiq etdilər. Doqquz yüz otuz üçünca ilin cəmadiyülaxır ayının on üçüncü şənbə günü [=17 mart 1527] -ki, Allah şənbə günlərinizi mübarək etmişdir, o günün mübarəkliyinin bir nişanəsidir- Biyanəyə bağlı olan Kanva mövqeyi civarında olan və iki tərəfi din düşmənləriylə dolu olan dağlıq ərazi əncamları uğur olan islam əsgərlərinin çadır qurduqları yer oldu. İslam əsgərinin ululuğu və ehtişamı din düşmənlərinin və məlun kafirlərin qulağına çatanda isə əshabi-fil1 kimi əhli-islamm Kəbəsini yıxmaq istəyən, Məhəmməd ümmətinin müxalifləri dağ görünüşlü, ifritə üzlü filləri özlərinə sipər etdilər.Hamısı də müttəfiq və yekdil olaraq, işləri quldurluq olan əsgərlərini bölük-bölük ayırdılar.
Bə an filha hinduvani zəlil,
Şodənd qürrə manəndi «əshabi-fil».
Çü şami-əcəl cümlə məkruhu şum,
Siyahtər zi şəb, biştər əz nücum.
Həmə həmçü atəş, vəlekin çü dud,
Kəşidə sər əz kin bə çərxi kəbud,
Çü mür amədənd əz yəminü yəsar,
Süvarü piyadə həzəran həzar.
Bu aşağılıq, zəlil hindular
Əshabi-fil kimi məğrur oldular.
Hamısı əcəl gecəsi kimi ikrah doğurur,
Gecədən qara, ulduzdan çoxdular.
Hamısı atəş kimiydi, duman kimi,
Başlarını mavi göy üzünə qaldırdılar.
Qarışqa kimi sağdan və soldan,
Atlı və piyada min-min saldırdılar.
Üzlərini vuruşmaq və savaşmaq niyyətilə şüarı qələbə olan orduya çevirdilər. İgidlik bağının ağacları olan islam qaziləri şam fıstığı ağacları kimi səflər bağlayaraq (319 a) günəş kimi parlayan sanəvbər heybətli nizələrini Allah yoluna cihad edənlərin qəlbləri kimi yüksəkliyin zirvəsinə çıxardılar. İskəndərin səddi kimi dəmir rəngli bir səf və peyğəmbərin şəriətinin yolu kimi doğruluq və əminlik baxımından dayanıqlı bir sığınaq meydana gətirdilər.
Öz yolunda kənətlənmiş binalar kimi1 bunun möhkəmliyinə bir işarə, qurtuluş və zəfər, Onlar rəblərinin inayətiylə hidayət üzrə olub fəlah bulmuşların ta özləriydi2 gərəyincə, o xalqa xas bir sifətdir.
Qitə:
Dər an rəxnə ni əz təbayü vəhim,
Çü rəyi şahənşahü dini-qəvim.
Ələmhayi u fərşi fərşa həmə,
Əlifhayi «İnnə fətəhna»3 həmə.
Bu səfdə nə rəxnə, nə qorxu var,
Çünkü şahlar şahı qərarlı və din kimi güvənlidir.
Onun səmanı süpürən bayraqları
İnnə fətəhnanın əlifləridir.
Nəhayət, tədbirli davranmağı göz önünə alaraq, rum qaziləri kimi, ordunun önündə olan tüfəngçi və radəndazları4 qoruması üçün arabalarla bir sıra yaradılaraq bir-birlərinə zəncirlə bağlandı. Nəticədə islam əsgərləri elə bir nizam və güclü sipərlər yaratdılar ki, qoca ağıl və çərxi-əsr bunun tədbirini alan və nizamlayan kişiyə afərin oxudu. Bu nizam, güclü sipərlər, möhkəmlik və düzgünlük xüsusunda o sultanın yaxınlarından və dövləti-xaqaniyyənin dayağı Nizaməddin Əli Xəlifə xeyli çalışqanlıq və bacarıq göstərdi, gördüyü bütün tədbirlər təqdirə layiqdi, rəisliyi və uğurları da parlaq ağlın zövqünə uyğun idi.
Padşahın ali məqamı mərkəzdə idi. (319 b)
Mərkəzin sağında izzətli, yetkin, bəxtiyavər bəradər və hər kəsin yardımını istədiyi padşahın qarşılıq gözləmədən göstərdiyi sevgiylə sivrilən Çin Teymur Sultan, izzətli, rəşid, Allahü təalanın təvəccüh nəzərinə məzhər olan məxdum Süleyman şah [Baburun dayısının nəvəsi], hidayətin sığınağı və vəliliyin müntəsibi Xoca Kəmaləddin Dost Xavənd, səltənəti-aliyyənin dayağı və padşahın sarayının əmini, ixtisas sahiblərinin ən seçkini və xas yaxın Camaləddin Yunus Əli, xasların dəstəyi və ixtisası tam Cəlaləddin şah Mansur Barlas, xasların dəstəyi və ixtisas sahiblərinin ən seçkini Nizaməddin Dərviş Məhəmməd Sarban; xasların dəstəyi və sevgisi həqiqi Şəhabəddin Abdullah Kitabdar və Nizaməddin Dost eşik-ağa yerlərini almışdılar.
Mərkəzin solunda isə səltənətin sığınağı, xilafətin müntəsibi və hər kəsin yardımını istədiyi padşahın qarşılıq gözləmədən göstərdiyi sevgiylə sivrilən Sultan Bəhlul Ludi oğlu Sultan Əlaəddin Aləm xan, müşarünileyh sultan həzrətlərinin yaxını, insanlar arasındakı vəzirlərin ən böyüyü, xalqın sığınağı və islamiyyətin qüvvətləndirəni Şeyx Zeyn Hafi, müşarünileyh sultan həzrətlərinin yaxınının oğlu, xasların dəstəyi və səmimiyyəti tam Kəmaləddin Mühib Əli, mərhum Qoç Əhmədin qardaşı və xasların dəstəyi Nizaməddin Turdu bəy, (320 a) böyüklərin və irəli gələnlərin dəstəyi və mərhum Qoç bəyin oğlu Arayiş xan, millətlər arasındakı vəzirlərin böyüyü və arslan qıran Qoca Kəmaləddin Hüseyn və divan məmurlarının bir qismi müəyyənləşdirilmiş yerlərinə yerləşmişdilər.
Sağ qanadda isə bəxtiyavər, səadət sahibi, arzularına çatmış, yaradıcı Allahın inayət nəzərinə məzhər, səltənət və arzu bürcünün ulduzu, hökmdarlıq və xilafət səmasının günəşi, kölələrin və hürlərin lisanıyla mədh edilmiş, səltənət və xilafətin əziz qıldığı, yetkin məxdum Məhəmməd Hümayun Bahadır yer almışdı.
Onun səadətə yaxın olan sağında isə səltənət sığınağı həzrətlərinin məxdumu və mükafatlar bəxş edən padşahın qarşılıq gözləmədən göstərdiyi sevgiylə sivrilən Qasım Hüseyn Sultan, xasların dəstəyi Nizaməddin Əhməd Yusif Oğlaqçı, mülkün dayağı, sevgisi tam Cəlaləddin Hindu bəy Koçin, mülkün dayağı, sevgisində sadiq Cəlaləddin Xosrov Göyəldaş, mülkün dayağı Qıvam bəy Orduşah, xasların güvənəcəyi kişi, bağlılığı və sevgisi kamil Vəli Xəzinə[çi] Qaraquzu, xasların dəstəyi Nizaməddin Pirqulu Sistani, millətlər arasındakı vəzirlərin dəstəyi Xoca Kəmaləddin Pəhlivan Bədəxşi, xasların dayağı Nizaməddin Əbdüşşükur, əyanların dəstəyi, İraq elçisi Süleyman ağa ilə (320 b) Sistan elçisi Hüseyn ağa bulunurdular.
Onun zəfərlə dolu olan soluna isə müşarünileyhin istək sahibi oğlu, səltənətin sığınağı, alicənab və həzrəti-mürtəzaya müntəsib Mir Həmə, xasların dirəyi və ixtisası kamil Şəmsəddin Məhəmmədi Göyəldaş ilə Nizaməddin Hacəgi Əsəd Candar təyin edilmişdilər.
Sağ qanaddakı hind əmirləri arasında mülkün dəstəyi, xanlar xanı Dilavər xan, əyanların dəstəyi Məlikdad Kərkərani və əyanların dayağı, şeyxlər şeyxi Şeyx Gürən də özlərinə fərman buyurulan yerlərini almışdılar.
Şüarı islamiyyət olan ordunun sol qanadında isə mövqeyi uca, naqibliyin sığınağı, yüksəkliyin dəstəyi, Təha və Yasin ailəsinin iftixar qaynağı, rəsullar əfəndisinin oğullarının örnəyi Seyid Mehdi Xoca, kam sahibi, əziz, yetkin və xaliq həzrətlərinin inayət nəzərlərinə məzhər olmuş bəradər Məhəmməd Sultan Mirzə, səltənətin sığınağı, xilafətə müntəsib və özündən yardım istənilən padşahın qarşılıq gözləmədən göstərdiyi sevgiyə məzhər olan Mehdi Sultan oğlu Adil Sultan, mülkün dayağı və sevgisi kamil Müizzəddin Əbdüləziz Miraxur, mülkün dayağı Şəmsəddin Məhəmməd Əli Cəng-Cəng; xasların dayağı və sevgisi kamil Cəlaləddin Qutlu-Qədəm Qaravul, xasların dayağı və sevgisi kamil Cəlaləddin şah Hüseyn Yarəgi, Moğol Qançı və Nizaməddin Can Məhəmməd bəy-atəkə səf bağlamışdılar.
Sol qanadda olan hind əmirləri arasında sultanların nəsli və məzkur Sultan Əlaəddinin oğullarından Kamal xan və Cəlal xan (32l a), əyanların dayağı Əli xan Şeyxzadə Fərmüli, əyanların dayanı Nizam xan Biyanə təyin edilmişdilər.
Ehtiyat qüvvələri olaraq da xasların dayağı və sevgisi Kamil Turdukə və Baba-Qaşqanın qardaşı Məlik Qasım Baba-Qaşqa bir dəstə moğolla sağ qanada, xasların dayağı, sevgisi həqiqi Mömin Atəkə ilə xasların dayağı Rüstəm Türkmən də bir dəstə xas mühafizlə birlikdə sol qanada göndərildilər.
İxtisas sahiblərinin seçkini, xasların dəstəyi və ixtisası kamil Nizaməddin Sultan Məhəmməd Bəxşi islam qazilərinin irəli gələnlərini və rəislərini qərarlaşdırılmış yerlərinə və mövqelərinə yerləşdirmişdi və özü də veriləcək əmrlərimizi eşitmək üçün hazır durur, tavaçı və yasavulları1 ətrafa və yanlara göndərərək piyadaların və süvarilərin nizamı və idarəolunması barədəki itaət edilməsi qəti olan əmrlərimizi böyük sultanlara, kərim əmirlərə və digər ehtiram sahibi qazilərə çatdırırdı.
Ordunun təməl dirəkləri dikilib hər kəs öz yerinə qoşunca, heç kimin olduğu yerdən qımıldanmaması və izinsiz bir şəkildə müharibəyə başlamaması barədə əməl və itaət edilməsi şərt olan bir fərman çıxarıldı.
Bəhs etdiyim o gündən bir pas keçmişdi ki, qarşılıqlı iki firqə qarşı- qarşıya gələrək savaşmağa və vuruşmağa başladı. İki tərəfin əsgərlərinin mərkəzləri (321 b) işıq və qaranlıq kimi qarşı-qarşıya gəlmiş bir vəziyyətdə ikən sağ və sol qanadlarda elə böyük bir boğuşma başladı ki, yeri zəlzələ, uca göyü də bir vəlvələ bürüdü.
Əsərləri quldurluq olan kafirlərin sol qanadı şüarı islamiyyət olan əsgərlərin meymənət örtülü sağ qanadının üstünə yürüyüncə başda Xosrov Göyəldaş və Baba-Qaşqanın qardaşı Məlik Qasım olmaq üzrə irəliyə həmlə etdilər. Əziz qardaş Çin Teymur Sultan fərmana uyğun olaraq onların yardımına qoşaraq cəsuranə döyüşməyə başladı və kafirləri yerlərindən qoparıb mərkəzlərinə qədər sürdü. Bu əziz bəradərə gərəkli mükafat verildi.
Əsrimizin yeganəsi Mustafa Rumi isə arabaları -əmr edən və yasaqlayan padşahın inayət nəzərlərinə məzhər olmuş əziz və kam sahibi oğlu- Məhəmməd Hümayun Bahadırın mərkəzindən irəli sürərək, kafir əsgərinin səflərini tüfəng və zərbzənlərlə öz qəlbləri kimi qırmışdı. Savaş zamanı əziz və rəşid bəradər Qasım Hüseyn Sultan, xasların dəstəyi Nizaməddin Əhməd Yusif və Qivam bəy Orduşah da əmr alaraq onların yardımına qoşdular.
Kafir bölükləri də zaman-zaman və arxa-arxaya öz adamlarının yardımına gəlirdilər. Biz də mülkün dayağı Cəlaləddin Hindu bəyi, onun arxasından xasların dəstəyi Məhəmmədi Göyəldaşı, Hacəgi Əsəd Candarı, ondan sonra da (322 a) ulu sultanın dayağı, yüksək eşiyin güvənilən kişisi və xas yaxınlardan Cəmaləddin Yunus Əlini, xasların dayağı və sevgisi tam Cəlaləddin şah Mansur Barlası, xasların dəstəyi Şəhabəddin Abdullah Kitabdarı, onların arxasından xasların dəstəyi Dost eşik-ağa və Şəmsəddin Məhəmməd Xəlil axta-bəyini yardıma göndərdik.
Kafirlərin sağ qanadındakılar islam əsgərinin sol qanadının üstünə təkrar-təkrar hücum etdilər və özlərini salamat olmuş qazilərə çatdırdılar. Lakin hər həmlələrində böyük qazilər nəticəsi zəfər olan oxlarının yarasıyla onların bir qisminı Yanacaqları cəhənnəmə (götürdülər). Nə pis bir yerdir o1, hüsran evinə göndərib bir qismini da qaçırdılar.
Belə olduqda xasların dayağı Mömin Atəkə və Rüstəm Türkmən də quldurluğun sığınağı olan kafirlərin qaranlığın dəzgahı olan əsgərlərinin arxasından hücum etdilər. Xasların dayağı, sevgisi həqiqi və nökərlərin başı Xoca Mahmud Əli Atəkə və sultan həzrətlərinin yaxını, dövlətin dayağı Nizaməddin Xəlifəni də onların yardımına göndərdik.
Əziz və rəşid qardaş Məhəmməd Sultan Mirzə, səltənətin sığınağı Adil Sultan, mülkün dayağı Müizzəddin Əbdüləziz Miraxur, Cəlaləddin Qutlu-Qədəm Qaravul, Şəmsəddin Məhəmməd Əli Cəng-Cəng və xasların dəstəyi Şah Hüseyn Yarəgi və Moğol Qançı da inamla savaşa girdilər. Millətlər arasındakı vəzirlərin ən böyüyü Xoca Kəmaləddin Hüseyni divanilərdən (322 b) bir dəstə ilə birlikdə onlara yardıma göndərdik.
Bütün cihad əhli ən yüksək səy və qeyrətlə vuruşmağa rəğbət göstərərək De ki: «Bizə yalnız iki yaxşılıqdan (ya qazilik, ya da şəhidlik) birini gözətmirsinizmi?»2 ayəti-kəriməsini göz önündə tutdular. Canlarını fəda etməyi gözə alaraq, can alma bayrağını yüksəltdilər.
Savaş və vuruşma uzanınca arabaların arxasında zəncirlənmiş aslanlar kimi duran, padşahın xassə əsgərlərindəki müharib igidlərin və birlik ormanı aslanlarının mərkəzin sağ və solundan dışarı çıxmalarına və tüfəngçiləri ortaya alaraq savaşa girmələrinə dair müvafiq fərman çıxarıldı. Bunlar da dan yeri ağarmasının üfüqdə üz göstərişi kimi arabaların arxasından dışarı cumdular. Meymənətsiz kafirlərin şəfəq rəngli qanlarını dönən göy üzünə bənzəyən savaş meydanına tökərək neçə itaətsizin başlarını ulduz kimi vücud göyündən ayırdılar.
Adamlarıyla birlikdə mərkəzin önündə duran əsrin nadir şəxsiyyəti Ustad Əliqulu da igidliklər göstərərək kafirlərin dəmir qapılı hasara bənzəyən səflərinə elə ağır daşlar atırdı ki, o daşların birini əməllər tərəzisinin bir gözünə qoysalar sahibi Kimlərin (əməllərinin) çəkisi ağır gəlsə, onlar xilas olanlardır1 sirrinə məzhər olardı və ya daşları mətanətli və uca bir dağa atsa, ...atılmış rəngli yun kimi...2 onu sovurardı. Daş, tüfəng və zərbzən ataraq kafir cəsədlərinin binalarından çoxunu yıxdı. (323 a)
Mərkəz tüfəngçiləri də fərmana uyğun arabalardan ayrılaraq döyüş meydanına girib hər biri bir çox kafirə ölüm zəhəri daddırdı. Piyada olaraq böyük təhlükə məhəllinə gəlib adlarını qəhrəmanlıq ormanı aslanları və igidlik meydanı qəhrəmanları arasında göstərdilər.
Bu əsnada xaqan həzrətlərinin mərkəzdəki arabaların irəli sürülməsini əmr edən fərmanı çıxarıldı. Şəxsən padşah sağında fəth və dövlət, solunda tale və uğur olduğu halda kafir əsgərinə doğru irəlilədi.
Zəfər mənqibəli ordu bunu görüncə şüarı qələbə olan əsgərin yaratdığı coşqun dəniz böyük bir dalğalanma göstərərək bu dənizin timsahlarının ürəkliliyini düşüncədən əmələ keçirdi. Toz bir sis halında bütün savaş meydanını qara bir bulud kimi tutdu. Kəsici qılıncların parıltısının şimşəyi ildırım parlamasını keçdi. Qalxan toz günəşin üzünü eynən bir aynanın arxası kimi işıqdan məhrum elədi. Qalib və məğlub, vuran və vurulan bir-birinə qarışaraq fərqlər gözə görünməz oldu. Zamanın sehrbazı gözlər önünə elə bir gecə gətirdi ki, hərəkətli səyyarələr oxdan, hərəkətsiz ulduzlar isə atların ayaqlarından qopan qığılcımdan başqa bir şey deyildi.
Füru rəftü bər rəft ruzi nəbərd,
Nəmi xun bə mahiyu bər mah gərd,
Zi sümmi süturan dər an nahi dəşt,
Zəmin şeş şodü asiman gəşt xəşt.
Müharibə günü qan balığa çatdı,
Toz isə aya qədər yüksəldi. (323 b)
O geniş meydanda atların toynaqlarından
Yer altı qat oldu, göy isə səkkiz qat.1
Baş və can oynatmaqda olan qazi mücahitlər görünməyən çağırıçıdan gələn Süstləşməyin, üzülməyin, əgər inanırsınızsa, mütləq siz üstün gələcəksiniz2 müjdəsini eşidib gözə görünməyənin xəbərcisindən Allahdan bir zəfər və yaxın bir fəth (var)... Möminləri müjdələ3 müjdəsini dinləyirdilər. O dərəcədə şövqlə savaşırdılar ki, yüksək ruhların qütsilərindən qulaqlarına əhsən sədaları gəlir və Allaha yaxın olan mələklər başlarının üstündə pərvanələr kimi dönürdülər. İki namaz arasında savaşın atəşi o dərəcə tutuşdu ki, alovları göklərə doğru yüksəldi. İslam əsgərinin sağ və sol qanadları sonları bərbad kafirlərin sağ və sol qanadlarını mərkəzləri ilə eyni yerdə topladı.
Məşhur mücahidlərin qalibiyyət əsərləri və islam bayrağının yüksəlişi açıqça görünməyə başlayınca o kafir qovulmuşlar, o şərir dinsizlər bir saat qədər çaşqın bir halda qaldıqdan sonra canlarından vaz keçərək mərkəzin sağ və soluna hücum etdilər. Sol tərəfə çox yüklənərək yaxınlara qədər gəldilər. Lakin igidlik əlamətli qazilər, səvab meyvəsini göz önündə tutaraq hər birinin köks torpağına ox fidanları dikdilər və hamısını qara bəxtləri kimi geri oturtdular. Bu əsnada tale və qələbə rüzgarları nəvvabımızın dövlət çəmənlərində əsdi. (324 a)
Biz sənə apaçıq bir fəth verdik4 müjdəsini gətirdilər. Fəth dilbəri dünyanı süsləyən Və Allah sənə şanlı bir zəfər versin5 pərçəmiylə süslənmiş və gizlilik pərdəsi arxasında olan tale və xoşbəxtlik ona yar olmuş bir vəziyyətdə ortaya çıxanda batil hindular durumlarının güclüyünü anlayıb ...atılmış yun kimi... dağılaraq yayılmış pərvanələr kimi6 təlaşa qapıldılar. Çoxu savaş meydanında öldü. Bir qismi də başlarından keçərək sərsərilik çölünə düşdülər, qarğalara və çaylaqlara yem oldular. Ölülərdən təpələr yüksəldi və başlardan minarələr tikildi.
Həsən xan Mivati bir tüfəng zərbəsi ilə ölüm yoluna girmişdi. Qövmün irəli gələnləri arasındakı doğru yoldan sapma əlamətli o üsyançıların böyük hissəsinin həyat günləri ox və tüfəng zərbəsi ilə beləcə sona çatmışdı. Bunlar arasında bilxassə Udeypur vilayəti valisi və on iki min atlı sahibi Ravəl Udi Sing Bagəri, dörd min atlı sahibi Rav Çəndərban Çuhan, altı min atlı sahibi daha əvvəllər bəhs edilmiş Səlahəddinin oğlu Çəndiri hakimi Pupet Rav, Manikçənd Çuxan və dörd min atlı sahibi Dilpet Rav, Gəngü və Kərm-Sing, üç min atlı sahibi Rav Dənkusi və hər biri bir (324 b) camaatın böyüyü, şövkət və səltənət sahibi bir güruhun başbuğu olan digər bir qrup da cəhənnəm yolunu tutmuşdular. Bu çamur dünyasından cəhənnəmin ən dibinə köçmüşdülər.
Savaş meydanının yolu yolda ölmüş yaralılar üzündən cəhənnəm kimi doldu. Cəhənnəmin ən dibi cəhənnəm malikinə can vermiş münafiqlərla dolub-daşdı. İslam əsgəri hansı tərəfə səyirtsə, hər addımda bir xotkarı ölüsünü görürdü. Şöhrətli ordu bundan sonra nə qədər uzağa köç etsə möhtəşəm bir şəxsin yıpranmış vücudundan xali bir yer tapa bilmirdi.
Həmə hinduvan küştə zarü zəlil,
Bə səngü tüfək həmçü əchabi-fil.
Zi tənha bəsi kuhha şod əyan,
Bə hər kuh əz an çeşmeyi-xun rəvan.
Zi səhmi-sihami safi pürşükuh,
Güzəran-güzəran bə hər dəştü kuh.
Bütün hindular zarü zəlil olmuşdular
Əshabi-fil kimi tüfəng daşından.
Cəsədlər üzündən hər birindən
Qan çeşməsi axan dağlar yarandı.
Şövkətli səflərin oxlarının qorxusundan
Hər çöldə, dağda donuzlar (və ya bahadırlar) qaçışırdılar.
...Arxalarına dönüb qaçırlar... Allahın əmri olub-bitmiş bir şeydir1
Bilən və eşidən Allaha həmd edirik. Yardım yalnızca əziz və hakim olan Allahdandır.
Doqquz yüz otuz üçüncü il cəmadiyülaxır ayının iyirmi beşində [=29 mart 1527] yazıldı.
Bu fəthdən sonra tuğrama Qazi yazıldı. Fəthnamədə tuğramın altına bu rübaini yazdım:
İslam üçün avareyi-yazi1 oldum,
Küffarü2 hünud3 hərbsazi oldum4,
Cəzm eylər idim özüm şəhid olmağa,
Əl-minnətillah ki, qazi oldum.
Şeyx Zeyn bu fəthə Fəthi-padşahi-islam5 sözünü tarix düşürmüşdü. Kabildən gələn adamlar vasitəsilə Mir Gisu də bu sözü tarix düşürərək bir rübai yazıb mənə göndərmişdi.
Beləcə, təvarüd olmuşdu, həm Şeyx Zeyn, həm də Mir Gisu öz rübailərində tapdıqları tarix çox yaxşı oldu, həm də eyni söz alındı. Yenə bir dəfə Dibalpur fəthində Şeyx Zeyn Vəsəti-şəhri-rəbiüləvvəl6 sözünü tarix düşürmüşdü. Mir Gisu də həmin sözü tapmışdı.
Dostları ilə paylaş: |