AQRADA XƏZİNƏNİN BÖLÜŞDÜRÜLMƏSİ
Bazar ertəsi günü, rəcəb ayının iyirmi doqquzunda [=12 may] xəzinəni görmək və bölüşdürmək işiylə məşğul olduq. Hümayuna xəzinədən yetmiş lek verildi, bir də bilinməyən və incələnib sayılmamış olan bir xəzinəni ona ehsan edim. Bəzi bəylərə on lek, bəzilərinə iyirmi, yeddi və altı lek verildi. Orduda olan bütün əfqan, həzarə, ərəb və bəluclara, hər camaata mövqelərinə uyğun şəkildə nəqd ənamlar verildi. Yenə ordu ilə birlikdə olan hər tüccar, elm əhli və digər hər kəs ehsan və bəxşişdən bol-bol qismət və tam nəsib aldı.
Orduda olmayanlara da bu xəzinədən bir çox ehsan və bəxşiş göndərildi. Məsələn, Kamrana [Mirzə] on yeddi lek, Məhəmməd Zaman Mirzəyə on beş lek, Əsgəriyə, Hindala, hətta bütün qohumlara altından, gümüşdən, qumaşdan, cövhərdən və kölədən bir çox şeylər göndərildi. Digər tərəfdəki bəylərə və sipahilərə çox hədiyyələr göndərildi. Səmərqənd, Xorasan, (294 a) Kaşğar və İraqa qohumlar üçün hədiyyələr göndərildi. Səmərqənd və Xorasandakı məşhur şəxslərə və Məkkə ilə Mədinəyə də nəzirlər göndərildi. Kabil vilayəti ilə Vərsək həvalisinə kişi və qadın, kölə və sərbəst, böyük və kiçık hər adam başına birər şahruxi ehsan edildi.
Aqraya ilk gələndə bizimkilərlə yerli xalq arasında çox ayrılıq və soyuqluq vardı. Əsgəri və xalqı bizimkiləri görəndə dörd bir tərəfə qaçırdı. Dehli ilə Aqranın dışında bütün kurqanlı yerlər öz kurqanlarını gücləndirərək itaət edib təslim olmadılar.
Sənbəldə Qasım Sənbəli, Biyanədə Nizam xan, Mivatda isə Həsən xan Mivati olurdu və bu qarışıqlığın səbəbkarı məhz bu dinsiz hərifdi. Dulpurda Məhəmməd Zeytun, Güvalyarda Tatar xan Sarənghani, Rabiridə Nuhani xan oğlu Hüseyn xan, Ətavədə Qütb xan Sərvani və Kalpidə Aləm xan [Cəlal xan Cighetin oğlu] vardı. Kanuc və Qanqın o tərəfi isə Nasir xan Nuhani, Məruf Fərmüli və digər bir çox əmirlər kimi tamamən müxalif əfqanların əlində idi. Biz İbrahimi məğlub etdiyimiz zaman bunlar Kanuc və o tərəfdəki bütün vilayətləri əllərinə keçirərək Kanucdan bir-iki mənzil bu tərəfə gəlib mövqe tutmuşdular. Dərya xanın oğlu Behar xanı (294 b) padşah edib ona Sultan Məhəmməd ləqəbini vermişdilər. Mehavində Mərğubqul hakim idi. Bu qədər yaxınlığımızda olduğu halda uzun zaman gəlmədi.
BƏYLƏR ARASINDAKI NARAZILIQ
Biz Aqraya gələndə isti fəsil idi. Əhali qorxudan tamamilə qaçmışdı. Özümüzə və atlara azuqə və yem tapılmırdı. Kəndlər ayrılıq və aradakı ziddiyyətlər üzündən düşmənliyə, oğruluğa və yol kəsməyə başlamışdılar. Yollardan keçmək mümkün deyildi. Biz də xəzinəni bölüşdürməklə məşğul olduğumuz üçün ayrı-ayrı pərgənələrə və digər yerlərə möhkəm adamlar təyin edə bilməmişdik.
O il çox isti idi. Bir çox adam səmum küləyinin təsiri ilə birdən-birə yıxılıb öldü. Bu üzdən də bəylərin və yaxşı igidlərin bir çoxu buradan soyumuşdu. Hindistanda qalmağa razı deyildilər, hətta getməyə belə üz tutmuşdular. Belə sözləri yaşlı və təcrübəli bəylər söyləsəydilər, ayıb olmazdı, amma onlar bu cür sözləri az söylədilər. Bir adamda bir az ağıl və məntiq olsa, izahatdan sonra doğrunu və əyrini anlayar, pisi və yaxşını ayırd edər. Lakin bir adam düşünüb-daşınıb bir qərara görə hərəkət edərkən, söylənmiş sözlərin təkrarlanmasında nə məna var? Gənclərin və kiçıklərin belə sözləri, belə (295 a) mənasız fikirləri söyləməsinin harası uyğundur? Qəribədir ki, bu dəfə Kabildən hərəkət etəndə bu adamların bir neçəsi hələ yenicə bəy olmuşdu. Mən oda, ya da suya girsəm və çıxsam, bunların da heç çəkinmədən mənimlə girib-çıxacaqlarını və hansı tərəfə üz tutsam, onların da mənimlə birlikdə gələcəklərini ümid edirdim. Mən inanmırdım ki, bunlar mənim niyyətimin əleyhinə çıxacaqlar, hamısı ilə danışıb məsləhətləşdikdən sonra birlikdə qərar verilən bir işə qarşı çıxacaqlar.
Gərçi bunlar pis hərəkət etdilər, lakin Əhmədi Pərvanəçi ilə Vəli Xəzinə[çi] bunlardan da pis hərəkət etdilər. Kabildən çıxıb İbrahimi məğlub edərək Aqranı zəbt edincəyə qədər Xoca Kəlan yaxşı hərəkət etmiş, cəsur sözlər söyləyib faydalı fikirlər irəli sürmüşdü. Lakin Aqranı aldıqdan bir neçə gün sonra bütün düşüncəsi dəyişdi və getməyə çalışanlardan biri də Xoca Kəlan oldu.
Adamlarımın bu tərəddüdünü öyrənincə, bütün bəyləri çağıraraq danışıb məsləhət etdik. Mən dedim ki: «Səltənət və cahangirlik vasitəsiz olmaz, padşahlıq və əmirlik nökərsiz və vilayətsiz mümkün deyil. Neçə ildir qeyrət edir, çətinliklər içində uzaq məsafələr qət edərək əsgərlə yürüyür, özümüzü və əsgəri savaş və ölüm təhlükələrinin (295 b) içinə atırıq. Biz Allahın inayəti ilə bu qədər çoxsaylı düşməni məğlub edib belə geniş məmləkətləri aldıq. İndi isə hansı çətinlik və hansı zərurət üzündən belə zəhmət hesabına zəbt etdiyimiz vilayətləri səbəbsiz yerə buraxmalıyıq. Əgər Kabilə dönsək, təkrar sıxıntıya məruz qalacağıq. Xoş niyyəti olan heç kim bundan sonra belə sözlər söyləməsin. Dayana bilməyib getmək istəyən isə getsin və bir daha geri qayıtmasın».
Belə məqbul və uyğun sözləri xatırladaraq bu sıxıntıları uzaqlaşdırdıq.
XOCA KƏLANIN HİNDİSTANDAN GETMƏSİ
Xoca Kəlanın qalmağa niyyəti olmadığı üçün «Xoca Kəlanın əsgəri çoxdur, hədiyyələri o götürsün. Kabildə və Qəznədə də adam azdır, onları bir nizama salsın» deyə qərar verdik. Qəznə, Gərdiz və Sultan-Məsudi həzarəsini Xoca Kəlana ehsan etdim. Hindistandan da üç-dörd leklik Kühram pərgənəsi verildi.
Xoca Mir Miranın da Kabilə getməsi qərarlaşdırıldı. Hədiyyələr də onun məsuliyyətinə verildi, əmanətçi olaraq da Molla Həsən Sərraf və Tükə Hindu təyin olundu. Xoca Kəlan Hindistanı sevmədiyi üçün gedərkən evinin divarına bu beyti yazdırmışdı: (296 a)
Əgər be xeyri-səlamət güzər zi Sind kunəm,
Siyahru şəvəm, gər həvayi-hind kunəm.
Əgər sağ-salamat keçsəm bu Sindi,
Üzüm qara olsun bir də istəsəm hindi.
Biz Hindistanda ikən belə gülməli bir beyt söyləmək və yazmaq nəzakətsizlikdir. Getməsi üzündən bir buruqluq yaranmışdı, bu beyt bunu bir qat daha artırmışdı. Mən də içimə doğduğu kimi o anda söyləyərək bu rübaini yazıb göndərdim:
Yüz şükr de, Babur ki, kərimü qaffar
Verdi sana Sindü Hindü mülki-bisyar,
İstiliyinə gər sana yoxdur taqət,
Soyuq üzün görək desən, Qəznə var.
Bu əsnada əskidən rütbəsi çox kiçık olan və iki-üç ildən bəri böyük və kiçık qardaşlarını yığıb bir dəstə təşkil edən Molla Apağ oruq-zeyi və Sind sahilindəki bəzi əfqanlara başçı təyin edilərək Külə göndərildi. O civardakı oxçulara və sipahilərə təsəlli fərmanları göndərildi.
Şeyx Gürən etiqad və imanla gəlib bizə qoşuldu və Miyan-Duab oxçularından da iki-üç min sipahi gətirdi.
Yunus Əli Dehli ilə Aqra arasında yolu çaşıb Hümayundan ayrılanda Əli xan Fərmülinin oğullarına və ailəsinə rast gəlir. Bir az vuruşandan sonra onları məğlub edib Əli xanın oğullarını əsir alaraq gətirmişdi. Bu fürsətlə, Dövlət-Qədəm Türkün oğlu Mirzə Moğol vasitəsilə (296 b) Əli xanın əsir oğullarından biriylə birlikdə bu qarışıqlıqda Mivata getmiş olan Əli xana təsəlli fərmanları göndərildi. Mirzə Moğol Əli xan ilə birlikdə qayıtdı. Əli xana hörmət göstərib öz pərgənələrindən iyirmi beş lek verildi.
Sultan İbrahim Mustafa Fərmülini və Firuz xan Sarənghaninin idarəsindəki bir neçə əmiri Purabdakı asi əmirlərin üstünə göndərmişdi. Mustafa bu asi əmirlərlə yaxşı savaşaraq onları bir neçə dəfə möhkəm məğlub etmişdi. Mustafa bu İbrahimin məğlubiyyətindən bir az öncə öldü. Şeyx Bəyazid onun kiçık qardaşı idi, İbrahim vacib işlə məşğul olduğu üçün böyük qardaşının idarəsindəki vilayət və əhalini dərhal o, əlinə almışdı. Firuz xan, Şeyx Bəyazid, Mahmud xan Nuhani və Qazı Ciya qulluğa gəldilər. Bunlara da umduqlarından daha artıq etibar və şəfqət göstərib Firuz xana Cunpurdan bir kürur, qırx altı lek və beş min təngə, Şeyx Bəyazidə Uddan bir kürur, qırx səkkiz lek və əlli min təngə, Mahmud xana Qazipurdan doxsan lek və otuz beş min təngə, Qazı Ciyaya Cunpurdan iyirmi lek ehsan edildi.
SULTAN İBRAHİMİN SARAYINDA KEÇƏN MƏCLİS
Şəvval bayramının üstündən bir neçə gün keçmişdi. Sultan İbrahimin hərəm sarayının ortasındakı daş sütunlu eyvanlı kümbəzdə böyük bir məclis qurduq.
Hümayuna işləməli bir köynək, kəmərli bir qılınc və altın yəhərli bir cins at, Çin Teymur Sultan, Mehdi Xoca və Məhəmməd (297 a) Sultan Mirzəyə işləməli köynək, kəmərli qılınc və kəmərli xəncərlər ehsan edildi. Digər bəylərə və igidlərə də mövqelərinə görə kəmərli qılınc, kəmərli xəncərlər, xələtlər bağışlandı. Hamısının siyahısı burada yazılıdır: yəhərli iki cins at, qəbzəsi qiymətli daşlarla bəzənmiş iyirmi beş ədəd xəncər, yenə qiymətli daşlarla bəzənmiş iki qılınc kəməri, səkkiz qumaş çəkmən, qiymətli daşlarla bəzənmiş on altı ədəd qəmə, altın qəbzəli bir ədəd hind bıçağı, qiymətli daşlarla bəzənmiş iki ədəd geniş ağızlı xəncər və əlli bir parça qumaş.
Bu söhbət günündə olduqca çox yağış yağdı. On üç dəfə yağdı. Bəziləri yer çatmadığı üçün dışarıda oturmuşdular, hamısı islandılar.
Məhəmmədi Göyəldaşa Samanə vilayətini ehsan edib Sənbələ ilqar təyin etdik. Hisari-Firuzə mükafat olaraq Hümayuna verilmişdi, Sənbəli də Hümayuna ehsan etdim.
Hindu bəy Hümayunun yanına təyin edilmişdi,ona görə də Məhəmmədinin yerinə Hindu bəy, Kəttə bəy, böyük və kiçık qardaşları ilə birlikdə Məlik Qasım Baba-Qaşqa, Molla Apağ və Miyan-Duab oxçularıyla birlikdə Şeyx Gürən ilqar olaraq Sənbələ göndərildi.
Qasım Sənbəli üç-dörd dəfə (297 b) «Alçaq Bibən Sənbəli mühasirəyə alıb hücum edir, ora ilqar getsin» deyə adam göndərmişdi. Bibən bizdən qaçdıqdan sonra vaxt itirmədən dağ ətəyindən yürüyərək irəliləmiş və pərən-pərən düşən əfqanları və hindistanlıları yığıb bu qarışıq dönəmdə meydanı boş görərək gedib Sənbəli mühasirəyə almışdı.
Ahar keçidinə çatan Hindu bəy, Kəttə bəy və təyin edilən ilqar qolu suyu keçəndə böyük və kiçık qardaşları ilə birlikdə Məlik Qasım Baba-Qaşqanı irəliyə göndərirlər. Məlik Qasım suyu keçdikdən sonra qardaşları və yüz-yüz əlli igidlə birlikdə sürətlə çapıb günorta vaxtı Sənbələ çatır. Bibən isə adamlarını düzüb ordugahından hərəkət edir. Məlik Qasım sürətlə gedib kurqanı arxasına alır və hücum edir. Bibən müqavimət göstərə bilməyərək qaçır. Məlik Qasım onun xeyli adamının başını kəsib bir neçə fil, bir çox at və qənimət ələ keçirir.
Ertəsi gün digər ilqar bəyləri də yetişirlər. Qasım Sənbəli gəlib onları görür, lakin «kurqanı bunlara təslim etmək yaxşı olmaz» deyə düşünür. Bir gün Şeyx Gürən, Hindu bəy [Koçin] və digərləri ilə danışıb qərarlaşdıraraq bir bəhanəylə Qasım Sənbəliyi bu bəylərin yanına gətirir və bizim adamları Sənbəl kurqanına buraxır. Qasım Sənbəlinin köçünü və ailə üzvlərini sağ- salamat çıxarıb yolladılar.
Qələndər Piyada vasitəsilə Biyanədə bulunan Nizam xana vəd və təhdid fərmanlarıyla (298 a) birlikdə o anda içimdən gəldiyi kimi söylənən bu qitə yazıb göndərdim:
Ba türki siteza məqun, ey miri-Biyanə,
Çalaki-yo mərdanəgine türk əyan əst,
Gər zud nəyaiyü nəsihət naquni quş,
Anca ki əyan əst, çi hacət bə bəyan əst.
Ey miri-Biyanə, türklər ilə oyun oynama,
Türklərin çevikliyi və qəhrəmanlığı əyandır.
Əgər tez gəlməsən və öyüd dinləməsən,
Əyan olanın bəyana nə lüzumu var.
Biyanə kurqanı Hindistanın məşhur qalalarındandır. Axmaq hərif qalasının möhkəmliyinə güvənib başından böyük iddialarda bulunaraq adam göndərmişdi. Göndərdiyi adama yaxşı bir cavab vermədən qala zəbti üçün lazım olan şeylərin hazırlanmasıyla məşğul olduq.
Babaqulu bəy də vəd və təhdid fərmanlarıyla Məhəmməd Zeytunun yanına göndərildi. O da bəzi bəhanələr göstərərək hiylə yoluna sapmışdı.
Rana Sanka kafir biz Kabildə ikən elçisini göndərib sədaqətini açıqlamış və «Əgər padşah o tərəfdən Dehli civarına gəlsə, mən də bu tərəfdən Aqra üstünə yürüyərəm» deyə qərar vermişdi. Mən İbrahimi məğlub edib Dehli və Aqranı aldım. Bugünə qədər bu kafirdən heç bir hərəkət görünməmişdi, amma bir müddət sonra Məkənin Həsən adlı oğlunun olduğu Kəndar kurqanını mühasirəyə aldı. Həsən Məkəndən bir neçə dəfə adamlar gəldi. Məkən özü isə hələ gəlib görünməmişdi. O civardakı (298 b) Ətavə, Dulpur, Güvalyar və Biyanə kimi kurqanlar da hələ ələ keçməmişdi. Şərq tərəfdəki əfqanlar da inadkarlıq və sərkəşlik edirdilər və Kanucdan Aqraya doğru iki-üç mənzillik yerdə əsgərləri ilə mövqe tutmuşdular. Ətrafdaki itaət etməyənlərdən hələ tamamən əmin olmadığımız üçün ona yardıma getməyə adamlar ayıra bilmədik. İki-üç ay sonra Həsən çarəsiz qalıb şərtlə Kəndar kurqanını təslim etdi.
Rabiridəki Hüseyn xan [Nuhani] da qorxusundan Rabirini buraxıb çıxdı. Rabiri Məhəmməd Əli Cəng-Cəngə verildi.
Qütb xan Servani Ətavədə idi. Neçə dəfə ona vəd və təhdid fərmanları göndərildi, nə gəlib bizi gördü, nə də Ətavəni buraxıb çıxdı. Ətavəni Mehdi Xocaya ehsan edib Məhəmməd Sultan Mirzə, Sultan Məhəmməd Dulday, Məhəmməd Əli Cəng-Cəng və Əbdüləziz Miraxur idarəsində olan bəylərdən və içkilərdən bir dəstə adamı yardıma verib Ətavə üzərinə göndərdik.
Kanuc da Sultan Məhəmməd Duldaya verildi. Firuz xan, Mahmud xan Nuhani, Şeyx Bəyazid və Qazı Ciyaya da fövqəladə etibar göstərilib Purab tərəfindən pərgənələr verilmişdi, onlar da Ətavəyə təyin edildilər.
Məhəmməd Zeytun (299 a) Dulpurda olur və hiylə yoluna sapıb gəlmirdi. Dulpuru Sultan Cüneyd Barlasa ehsan edib Adil Sultan, Məhəmmədi Göyəldaş, Şah Mansur Barlas, Qutlu-Qədəm, Abdullah [Kitabdar], Vəli Xəzinə[çi], Can bəy [Can Məhəmmədi], Pirqulu və Şah Hüseyn Yaregi idarəsində olanları Dulpuru zorla alıb Sultan Cüneydə təslim etdikdən sonra Biyanə üzərinə yürümələri üçün təyin etdik. Bu əsgərləri təyin etdikdən sonra türk və hind əmirlərini məşvərətə çağırıb bu sözü təklif etdik:
«Purabdakı asi əmirlər -Nasir xan Nuhani və Məruf Fərmüli- qırx-əlli min adamla Qanqdan keçərək Kanucu ələ keçirmiş və bu tərəfə doğru iki-üç mənzil gəlib mövqe tutmuşlar. Kafir Rana Sanka da Kəndarı alıb fitnə və fəsadla məşğuldur. Yağmur mövsümü də sona yaxınlaşdı. Ya asilərin, ya da kafirlərin üstünə hərəkət etmək gərəkli və labüd görünür. Bu civardakı və ətrafdakı kurqanların işi asandır. Bu böyük düşmənlər dəf edildikdən sonra bunlar nə edə bilərlər? Rana Sankanın belə hərəkət edəcəyi ağla gəlmirdi».
Hamısı da yekdil şəkildə belə dedi: «Rana Sanka bir az uzaqdadır, yaxınlaşa biləcəyi də məlum deyildir. Madam ki, bu düşmənlər bu qədər yaxına gəlmişlər, bunların dəf edilməsi önəmli və zəruridir».
Biz bu düşmənlərin üzərinə hərəkət etməyə qərar verəndə (299 b) Hümayun belə dedi: «Padşahın səfərə çıxmasına lüzum yoxdur, bu işi mən görərəm». Bu, hamının xoşuna gəldi. Türk və hind əmirləri bu fikri bəyəndilər. Hümayun Puraba təyin edildi, Dulpura təyin edilmiş olan əsgərlərin yanına Kabili Əhməd Qasım göndərildi, onların da Çəndvara gələrək Hümayuna qoşulmaları əmr edildi. Mehdi Xoca ilə Məhəmməd Sultan Mirzənin idarəsində Ətavə üzərinə göndərilən əsgərlərə də Hümayuna qatılmaları üçün fərman göndərildi. Cümə axşamı günü, zülqədə ayının on üçündə [=21 avqust] Hümayun səfərə çıxıb Aqradan üç küruh məsafədə yerləşən Cəlisir adlı kiçık bir kəndə endi. Orada bir gün qaldıqdan sonra qalxıb mənzil-mənzil irəlilədi. Cümə axşamı günü, ayın iyirmisində [=28 avqust] Xoca Kəlanın Kabilə getməsinə izin verildi.
BABUR BİR BAĞ SALMAQ İSTƏYİR
Hindistanın böyük bir qüsuru axarsularının olmamasıdır. Yaşanacaq hər yerdə çarxlardan istifadə edərək su çıxarmaqla planlı və müntəzəm bağlar salmaq barədə düşünürdük. Aqraya gəlişimdən bir neçə gün sonra bu məqsədlə Cun çayından keçib bağ salınacaq yerləri araşdırdım. Elə səfasız və xarab yerlərdi ki, oralardan iyrənmə və diksinmə ilə keçdim. Bu yerin (300 a) iyrəncliyi və pisliyi üzündən çarbağ xəyalını ağlımdan çıxardım.
Amma oradan başqa Aqraya bu qədər yaxın olan bir yer də yoxdu. Bir neçə gün sonra istər-istəməz eyni yerdə işə başladıq. Hamamın suyunu təmin edən o böyük quyu qazıldı, ənbəli ağaclarıyla səkkiz guşəli hovuzun olduğu bir yer, onlardan sonra da böyük hovuz və saray tikildi. Daha sonra daş binanın önündəki hovuz və talvar inşa edildi. Sonra xəlvətxana bağı ilə evləri, ondan sonra da hamam tikildi. Beləcə səfasız və nizamsız hinddə gözəl, planlı və müntəzəm bağlar salındı. Hər guşəsi gözəl çəmənliklər və hər çəmənlik də uyğun güllər və nərgizlərlə bəzəndi.
Hindistanın üç şeyindən şikayətçi idik: istisi, küləyi və tozu. Hamam hər üçünün də çarəsi imiş. Toz və külək hamamda nə gəzir, ayrıca hamam, isti havalarda elə sərin olur ki, adam soyuqdan üşüyəcək dərəcəyə gəlir. Hamamın isti hovuzunun olduğu otağı bütünlüklə daşdan tikdilər. Ağ daşdan tikilən fəvvarə dışında bütün döşəmə və tavanı qırmızı Biyanə daşındandır.
Xəlifə, Şeyx Zeyn, Yunus Əli və çay sahilinə yerləşən hər kəs (300 b) düzgün və gözəl planlı bağlar, hovuzlar saldılar. Lahor və Dibalpur üsulu ilə çarxlar qurub su çıxardılar. Hindlər belə planlı və düzgün yer görmədikləri için Cunun bu tərəfindəki gözəl binalı yerlərə «Kabil» adını vermişlər.
BÖYÜK BİR QUYUNUN QAZILMASI
Kurqanın içində İbrahimin imarətiylə divar arasında boş bir yer vardı, oraya da böyük bir vayin, hövzi-kəbir düzəldilməsini əmr etdim. Pilləlı və böyük quyuya hindlər vayin deyirlər. Bu vayin çarbağdan öncə düzəldilmişdi. Həmin yağmur mövsümündə qazmaqla uğraşdılar. Bir neçə dəfə çökdü və işçilər altında qaldı. Rana Sanka müharibəsindən sonra tamamlandı. Tarixinin yazıldığı daşda bunun tamamlanmasının müharibədən sonra [1527 martından sonra] olduğu göstərilmişdir. Gözəl bir vayin oldu.
Bu vayinin içində üç qatlı bir bina, onun ən aşağı qatında üç eyvan var. Quyuya pilləlar vasitəsilə enmək olur. Hər üç eyvana eyni yoldan gedilir. Hər eyvan digərindən üç pillə yüksəkdir. Su çəkildiyi zaman su xətti ən aşağıdakı eyvandan bir pillə alçaq olur. Yağmur mövsümündə su yüksəldi-yi zaman isə su bəzən ən yuxarı eyvana qədər çıxır.
Orta qatda oymalı bir eyvan var. Bu eyvanın yaxınlığıında su çarxını çevirən öküzün olduğu bir kümbəz var. (30l a) Ən üst qatı da eyvandır. Quyunun üzərindəki dış səhndən bu eyvana, beş-altı pillə daha aşağıya hər iki tərəfdən pillələrlə bir yol gedir. Sağ tərəfə gedən yolun qarşısında tarix daşı vardır. Bu quyunun yanına bir quyu daha qazılmışdır. Bunun dibi digərinin ortasından bir az daha yuxarıdadır. Bəhs etdiyim kümbəzdəki öküzün çevirdiyi çarx vasitəsilə su o quyudan bu quyuya keçir. Bu quyuya da bir çarx qoyulmuşdur. Su bu çarxla yer üzünə çıxır və oradan da yuxarıda yeləşən bağa gedir.
Quyu nərdivanının qarşısına daşdan bir bina tikilmişdir. Quyunun ətrafındakı divar dışında isə daş bir məscid vardı, lakin gözəl deyildi və hind tərzində tikilmişdi.
HÜMAYUNUN ÜSYANI YATIRMASI
Hümayun hərəkətə keçəndə Nasir xan Nuhani ilə Məruf Fərmüli komandanlığındakı asi əmirlər toplu bir halda Cacmavuda idilər. Hümayun on- on beş küruh məsafəyə gələndə Mömin Atəkəni xəbər bilmək üzrə göndərir. Amma o daha çox mala axın etmək istəyir və işə yarayan bir xəbər də gətirə bilmir. Mömin Atəkənin gəldiyini xəbər alan asilər qaçıb gedirlər.
Mömin Atəkədən sonra xəbər bilmək üçün Qəsəmtay, Baba Çöhrə və Böçkəni göndərir. Bunlar da düşmənin nizamsız halda qaçdığı xəbərini gətirirlər. Hümayun hərəkətə keçib Cacmavunu aldıqdan sonra oradan keçib Dilmavu (301 b) civarına gəlir və Fəth xan Sərvani gəlib onu görür. Hümayun da Fəth xan Sərvanini Mehdi Xoca və Məhəmməd Sultan Mirzə ilə birlikdə bizim yanımıza göndərdi.
XORASANDA ÖZBƏKLƏRİN MƏRVƏ SALDIRMASI
Bu il Übeyd xan Buxaradan qoşun çəkib Mərv üzərinə gəldi. Mərvin ərkində on-on beş adamlıq rəiyyət varmış, onları öldürüb Mərvin bəndini qırx-əlli gündə bağladıqdan sonra Səraxs üzərinə yürüdü. Səraxsda da otuz- qırx qızılbaş varmış. Bunlar qapını bağlayıb kurqanı təslim etmirlər. Amma kurqanın içindəki xalq üsyan edib qapını açır və özbəklər də girib bu qızılbaşları doğrayır.
Səraxsı aldıqdan sonra Tus və Məşhədə doğru hücuma keçirlər. Məşhəd əhalisi çarəsiz qalıb şəhəri təslim edir. Tusu səkkiz aylıq mühasirədən sonra sülh yoluyla alır. Lakin sözündə durmayaraq bütün kişiləri öldürür, qadınlarını isə əsir edir.
Bu il Sultan Müzəffər Quceratinin Bahadır xan adlı oğlu -indi atasının yerinə Quceratda padşah olmuşdur- atasından şikayətçi olaraq Sultan İbrahimin hüzuruna getmiş, lakin umduğu etibarı görməmişdi. Panipat civarında olduğumuz günlərdə mənə ərzi-halı gəldi. Mən də inayət və şəfqət fərmanları göndərib çağırdım. Gəlmək niyyətində idi, lakin sonra fikrini dəyişdirib İbrahimin ordusundan ayrılaraq Qucerat tərəfinə hərəkət etdi.
Bu zaman atası Sultan Müzəffər vəfat etdi və böyük qardaşı (302 a) İskəndər şah -ki, Sultan Müzəffərin böyük oğludur- atasının yerinə Quceratda padşah oldu. Pis rəftarından dolayı başqalarıyla birləşən İmadülmülk adlı bir qulu İskəndər şahı boğaraq hələ yolda olan Bahadır xanı dəvət edir və onu Bahadır şah ləqəbiylə atasının yerinə oturdur. Amma Bahadır şah da yaxşı hərəkət edir və belə nankorluq edən İmadülmülkü öldürərək cəzasını verir. Əlavə olaraq, atasından qalan bir çox bəyləri də öldürdür. Çox qan tökən və qorxmaz bir igid olduğunu söyləyirlər.
HİNDİSTAN - 933 (8 OKTYABR 1526 - 27 SENTYABR 1527)
DOQQUZ YÜZ OTUZ ÜÇÜNCÜ İLİN HADİSƏLƏRİ
Bəy Veys məhərrəm ayında [=oktyabr 1526] Faruqun doğulduğu xəbərini gətirdi. Gərçi ondan öncə bu xəbəri bir piyada gətirmişdi, lakin Bəy Veys o ay müjdə ilə birlikdə özü də gəldi. Uşaq şənbə günü, şəvval ayının iyirmi üçündə [=2 avqust] doğulmuşdu və ona Faruq adı verildi.
ƏLİQULU BÖYÜK BİR TOP TÖKÜR
Biyanə və tabe olmayan digər bəzi kurqanlar üçün ustad Əliqulıya böyük bir top tökməsi əmr edilmişdi. Ocağı və digər bütün lazım olan şeyləri hazırladıqdan sonra mənə adam göndərdi. Bazar ertəsi günü, məhərrəm ayının on beşində [=22 oktyabr] ustad Əliqulunın top tökməsini görməyə getdik.
Topun töküldüyü yerin ətrafına səkkiz ocaq qazıb metalı əritmişdi. Hər ocağın (302 b) dibindən bu topun qəlibinə bir arx gedirdi. Biz gəlincə ocaqların dəliklərini açdı. Ərimiş metal hər arxdan su kimi şırıltıyla qəlibə axırdı. Amma bir müddət sonra qəlib hələ dolmadan bu ocaqlardan ərimiş melalın axışı bir-bir kəsildi. Ya ocaqda, ya da metalda bir əskiklik varmış. Ustad Əliqulu çox dilxor oldu. Az qala özünü qəlibin içindəki ərimiş misin içinə atacaqdı. Ustad Əliqulunun könlünü alıb xələt geydirərək bu üzüntüdən qurtardıq.
Bir-iki gün gözləyib qəlib soyuduqdan sonra açdılar. Ustad Əliqulu fövqəladə sevincli bir şəkildə «Topun dış qəlibi qüsursuzdur, barıtxanasını tökmək asandır» deyə adam göndərdi. Topun dış qəlibini çıxarıb adamlarına onu təmir etməyi tapşırdı, özü də barıtxanasıni tökməklə məşğul oldu.
Mehdi Xoca Feth xan Sərvanini Hümayunun yanından gətirdi. Onlar Humayundan Dilmavuda ayrılmışlar. Fəth xanı xoş qarşıladım, özünə atası Əzəm Hümayunun pərgənələrini və əlavə olaraq başqa vilayətləri də ehsan etdim. Bir kürur və altmış leklik pərgənə verdim.
Hindistanda çox etibar görən əmirlərə Əzəm Hümayun, Xani-xanan (303 a) və Xani-xanan kimi müəyyən ünvanlar verirlərmiş. Onun atasının unvanı Əzəm Hümayun idi. Öz oğlum Hümayuna görə bu ünvanı bir başqasına vermək yaraşmazdı. Onun üçün də bu ünvanı ləğv etdim və Fəth xan Sərvaniyə Xani-cahan ünvanı verildi.
Çərşənbə günü, səfər ayının səkkizində [=14 noyabr] ənbəli ağaclarının üst tərəfindəki hovuzun kənarında çadırlar qurub məclis keçirdik. Fəth xan Sərvanini içki məclisinə dəvət etdim, ona şərab ikram edib əynimdəki çalma və paltarlarımı ehsan etdim. Bu ehsan və iltifatlardan sonra yanımızdan ayrılıb vilayətinə getməsinə izin verdim. Oğlu Mahmud xan Sərvaninin daima bizimlə qalması qərarlaşdırıldı.
BİYANƏ KURQANININ TƏSLİM OLMASI
Çərşənbə günü, məhərrəm ayının iyirmi dördündə [=31 oktyabr] Məhəmməd Əli Heydər Riqabdar bu təcili mesajla Hümayunun yanına göndərildi: «Həmd olsun ki, Purab asiləri qaçmış, bu gedən adam varır-varmaz, Cunpura bir neçə bəyi təyin etməli, özün isə əsgərini alaraq sürətlə bizə yetişməlisin, çünki kafir Rana Sanka yaxındadır və qapıya gəlmişdir. Onun işini həll edək».
Əsgər Purab tərəfinə getdikdən sonra Biyanə civarına axın etmək və kurqandakıları (303 b) bizə xoşluqla tabe etmək, yoxsa axın və yağma surətilə düşmənə hücum etmək işi Turdu bəy Qoç bəyə və kiçık qardaşı Şir Əfkənə, böyük-kiçık qardaşları və axtacıları ilə Məhəmməd Xəlil Axta bəyə, böyük və kiçık qardaşları ilə Rüstəm Türkmənə və hindistanlılardan Ravuy Sərvaniyə tapşırıldı.
Biyanədəki bu Nizam xanın böyük qardaşlarındən Aləm xan adlı biri də Təhəngər kurqanında olurdu. Bunun adamları dəfələrlə gəlib qulluq və sədaqətlərini bildirmişdilər. Bu Aləm xan «Padşah bir bölük göndərsə, bütün Biyanə oxçularını vədlərlə öz tərəfimizə çəkməyi və Biyanə kurqanını zəbt etməyi bacararam» deyərək işi öhdəsinə almışdı. Bu üzdən də bu iş üçün ayrılmış Turdu bəyin komandanlığındakı ilqar igidlərinə «Aləm xan müttəfiqimiz olduğu üçün bu qulluğu və xidməti öz üstünə alıb, Biyanə işində onun fikri və rəyi ilə hərəkət edin» deyə əmr edildi.
Hindistanlıların bir qismi qılınc oynatmağı bacarsa da, lakin çoxu əsgərlikdən və komandanlıqdan bixəbər və binəsibdir. Bizim ilqar da gedib bu Aləm xana qoşulunca, o da başqa heç kimin sözünə baxmadan, işin yaxşı-pis tərəfini düşünmədən ilqarı Biyanə yaxınlığına aparır.
Bizim oraya gedən ilqarda türklərdən iki yüz əlli-üç yüz, hindistanlılar ilə civardan alınan əsgərdən də iki mindən bir az artıq adam vardı. Nizam xan və Biyanədəki əfqan və sipahi qüvvələri isə dörd mindən artıq, atlı ilə on mindən çox piyadadan ibarət idi.
Nizam xan bizim ilqarı görüb (304 a) sayını öyrənincə, bəhs etdiyim bu atlı və piyada əsgəriylə dərhal bunlara qarşı çıxır. Atlarına minib sürətlə saldıran bu izdiham ilqar adamlarımızı qaçırır və böyük qardaşı Aləm xan Təhəngərini ələ keçirir. Ondan başqa beş-altı adam və bir qədər də sursat ələ keçirirlər.
Bu hərəkətinə baxmayaraq Nizam xana vədlərdə bulunaraq, bundan öncəki günahlarını bağışlayıb fərmanlar göndərdik. Kafir Rana Sankanın yaxınlaşdığı xəbərini alınca çarəsiz qalıb Seyid Rəfini çağıraraq onun vasitəsilə kurqanı bizim adamlara təhvil verməsindən sonra yenə Seyid Rəfi ilə birlikdə gəlib mülazimət şərəfinə nail oldu. Ona Miyan-Duabda iyirmi leklik bir pərgənə ehsan etdim.
Dost eşik-ağa da müvəqqəti olaraq Biyanəyə göndərildi. Bir neçə gün sonraysa Biyanəni Mehdi Xocaya ehsan edib gəlirini yetmiş lekə çıxararaq oraya getməsinə izin verdim.
Dostları ilə paylaş: |