ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə2/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   2   3   4   5   6   7   8   9   ...   39

Ramiz ƏSKƏR.

Bakı, 24 mart 2011-ci il.

I. FƏRQANƏ

FƏRQANƏ - 899 (12 OKTYABR 1493 - 2 OKTYABR 1494)


SƏKKİZ YÜZ DOXSAN DOQQUZUNCU İLİN HADİSƏLƏRİ
(1 b) Tanrı-təalanın inayəti, həzrəti-sərvəri-kainatın şəfaəti və çahar­ya­ri-ba­sə­faların him­məti ilə1 899-cu il ramazan ayının 5-də2 (=10 iyun 1494) çərşənbə axşamı on iki yaşında Fərqanə vilayətində padşah ol­dum.

FƏRQANƏ VİLAYƏTİNİN TƏSVİRİ
F ə r q a n ə vilayəti3 beşinci iqlimdədir4 və məmurənin kənarın­da­dır. Şərqi Kaşğar, qərbi Səmərqənd, cənubu isə Bədəxşanın sərhəddi olan dağ­lar­­dır. Şima­lında əvvəllər Almalıq, Almatu və Yengi (kitablarda Otrar kimi ya­zı­lır) kimi şə­hərlər var­mış, lakin onlar moğol və özbəklər tərə­fin­dən xa­rab edil­miş və bugün artıq heç bir abad­lığı qalmamışdır. Kiçık bir vilayət­dir. Ta­xılı və mey­vəsi boldur.

Ətrafı dağlıqdır, yalnız Səmərqənd və Xocəndin yerləşdiyi qərb tə­rə­fin­­­də dağ yox­dur. Qışda o tərəfdən başqa heç bir yerdən düşmən gələ bil­məz. Xo­cənd çayı adı ilə də bilinən Seyhun çayı (2 a) bu ölkənin şi­mal-şər­qindən gəlir və için­dən keçərək qərbə tərəf axır; Xocəndin şima­lından və bu­gün Şah­ruxiyyə5 adı ilə bilinən Fənakətin cənubundan keçib təkrar şimala dö­nərək Tür­küstana doğru ge­dir. Türküstandan xey­li aşa­ğı­da bu çay heç bir çaya qa­rış­­madan qumlar arasında tamamilə itir.

Fərqanə vilayətinin beşi Seyhun çayının cənubunda, ikisi də şimalında olmaqla yeddi şəhəri vardır.

Ə n d i c a n güney tərəfdəki şəhərlərdən biri olub mərkəzdədir. Bu şə­hər Fər­qanə vilayətinin paytaxtıdır. Taxılı çoxdur, meyvəsi boldur, qo­vu­nu və üzü­mü yaxşıdır. Qovun yetişən mövsümdə bostandan qovun sat­maq adəti yoxdur. Əndi­can naşpati­sin­dən daha yaxşı naşpati1 tapıl­maz.

Bütün Mavəraünnəhr bölgəsində Səmərqənd və Keş kurqanlarını çıx­maqla Ən­dican kurqanından daha böyük kurqan2 yoxdur. Üç qapı­sı vardır. Ərki3 güney tərəfindədir. Maraqlıdır ki, buraya doqquz tarnov­dan4 su girdiyi halda heç bir yer­dən çıxmır. Qalanın ətrafındakı xəndəyin kənarında daş dö­şən­miş böyük bir yol var. Qalanın ətrafı məhəllələrlə çev­rilmişdir. Bu mə­həl­­­lə­lər qaladan bu xəndək və onun yanından keçən bö­yük yolla ayrılır.

Ov quşu çoxdur. Qırqovulu (2 b) hədsiz ətli olur. Rəvayət edirlər ki, bir qır­qovulu dörd adam yeyib qurtara bilmirmiş.

Əhalisi türkdür. Şəhərdə və bazarda türkcə bilməyən yoxdur. Xal­qın da­­­­nı­şıq dili yazı dilinə uyğundur. Bu səbəblə Mir Əlişir Nəvai Herat­da nəş­vü nü­ma tapdığı halda, əsərlərini bu dillə yazmışdır. Camaatın dili poetikdir. Əha­­lisi ara­sında gö­zəllər çoxdur. Musiqidə məşhur olan Xoca Yusif əndi­can­­­lıdır. Hava­sı rütubətli ol­duğu üçün səhhətə zərərlidir, payız­da qızdırma­ya tu­tulanlar çox olur.

O ş şəhəri Əndicanın cənub-şərqindədir. Şərqə doğru Əndicandan dörd ağac5 mə­sa­fə­dədir. Havası gözəl və suyu boldur. Baharı çox gözəl olur. Oşun gözəl­li­yi­nə dair bir çox rəvayət vardır.

Kurqanının cənub-şərqində təbiətlə ahəng içində olan bir dağ var­dır. Bə­­ra­kuh adlı bu dağın təpəsində [Baburun dayısı, moğol xanı] Sultan Mah­mud xan bir köşk tikdir­miş­dir. Bu köşkdən bir az aşağıda, dağın çı­xın­tılı, dik bir yerində 902-ci ildə (=1496/97) mən də eyvanlı bir köşk tik­dirdim. Onun köşkü mənim­kindən daha yüksəkdə olsa da, mənimki daha gözəl bir yerdədir; bü­tün şəhər və məhəllələr ayaq altındadır (3 a).

Əndican çayı Oş məhəllələrinin içindən keçərək Əndicana axır. Bu ça­yın iki tərəfi boyu bağlar uzanıb gedir. Buranın bənövşəsi çox lətafət­li­dir. Axar suları var­dır. Baharı çox gözəl olur; bir çox lalə və gül açır.

Bərakuh dağının ətəyində, çay ilə bağların arasında Cövza adlı kiçık bir cami var. Caminin dağ tərəfindən böyük bir çay axır. Bu caminin lətif yon­­­ca­larla örtülü bayır həyəti bir az meylli, hər tərəfi kölgəli və sə­falı bir mey­dan­­dır. Hər gələn qo­naq və yolçu burada istirahət edir. Oş ca­maatının qə­­­ribə bir adəti var: əgər bir adam burada yatıb qalsa, o çaydan su alıb üs­tü­nə tö­kür­lər.

[Teymur bəyin oğlu] Ömər Şeyx Mirzənin son zamanlarında bu dağ­da qır­mızı və ağ dal­ğalı bir daş tapılmışdı. Bıçaq sapı, kəmər toqqası və digər bə­­­zi şey­lərin emalı üçün istifadə olunan çox gözəl bir daşdır. Fərqanə vila­yə­­tində Oş qədər səfalı və ha­valı bir şəhər yoxdur.

M ə r g i n a n Əndicanın qərbində və ondan yeddi ağac məsafədə gözəl bir şəhər­dir. Neməti çox, narı və əriyi fövqəladə gözəldir. Danəkə­lan dedikləri bir növ narı vardır ki, şirinlikdə və meyxoşluqda Səmnan nar­larına (3 b) tərcih edilə bilər. Çəkirdə­yini çıxardıqdan sonra içinə ba­dam qoyub qurutduqları və sübhani dedik­ləri bir əriyi də çox ləzzətlidir.

Ovu və quşu çoxdur; civarında ağ geyiklər olur. Əhalisi sartdır1. Bun­lar yum­­ruq yarışında mahir və davakar insanlardır. Yumruq yarışı Ma­vəra­ün­­nəhr­də çox bilinən bir adətdir. Səmərqənd və Buxarada bu sa­hədə şöhrət qa­za­­nan­ların çoxu mərginanlıdır. Hidayə adlı əsərin müəllifi Şeyx Bür­ha­nəd­din Əli Mərginanın Rəş­dan kəndindəndir.

İ s f ə r a dağ ətəyində salınmış, axar suları və şaftalı bağları olan bir şə­hər­dır. Mərginanın cənub-qərbində və ondan doqquz ağac uzaqlıqda yer­ləşir. Meyvə ağacları hədsiz çoxdur; lakin bağlarında badam ağacı üs­tünlük təşkil edir. Əhalisi tamamən sart və dağlıdır.

Cənubundakı təpələrin arasında daş-ayna dedikləri bir daş par­çası var, uzun­luğu təxminən on karidir2. Yüksəkliyi bəzi yer­lərində insan boyu qə­dər­dir, alçaq qis­mi isə bəzi yerlərində insan belinə ça­tır. Ayna kimi hər şeyi əks etdirir.

İsfəra vilayəti İsfəra, Varux, Sux və Huşyar olmaq üzrə dörd dağ ətə­yindən ibarətdir. Məhəmməd Şeybani xan [Baburun dayıları] Sultan Mah­mud xan ilə Alaca xanı məğlub edərək Daşkənd və Şahruxiyyəni al­anda mən də bu Sux (4 a) və Huşyar dağlarının ətəklərinə gəlmiş və sı­xıntı içində orada bir ilə yaxın qaldıqdan sonra Kabilə getmişdim.

X o c ə n d Əndicandan qərbə doğru iyirmi beş ağac məsafədə bir şə­hərdir. Xocənd ilə Səmərqəndin arası da iyirmi beş ağacdır. Qədim şə­hər­lərdəndir. Şeyx Məslə­hət (Müslihəddin) və Xoca Kamal xocəndlidir.

Meyvəsi bol və çox gözəl olur. Narı xüsusilə məşhurdur; sibi-Sə­mər­qənd (Sə­­mər­qənd alması) və ənari-Xocənd (Xocənd narı) adla deyilir. An­caq indilərdə Mərgi­nanın narı daha yaxşıdır.

Kurqanı yüksək bir yerdədir. Seyhun çayı cənubdan axır və kur­qan­dan təx­mi­­nən bir ox atımı məsafədən keçir. Kurqan ilə çayın şima­lın­dakı Mu­tu­gil adlı dağda firuzə mədənləri və digər yataqlar var. Bu dağda ilan yaman çox­dur.

Xocəndin ovlaq və quşlaqları çox yaxşıdır. Ağ geyik, geyik, qırqo­vul və dov­şanı çox­dur. Havası sağlamlıq üçün çox zərərlidir və payızda qız­dır­maya tutulan çox olur. Rəvayətə görə, burada sərçəni də qızdırma tu­turmuş. Havasının pisliyinə şimaldakı bağların səbəb olduğu söylənir.

Xocəndə tabe olan K ə n d i – B a d a m bir şəhər olmasa da, kiçık və gö­­­zəl bir şəhərcikdir. Badamı yaxşı olduğundan (4 b) bu ad verilmişdir. Hür­müzə və Hindistana oranın badamı gedir. Xocənddən beş-altı ağac şər­q­dədir.

Xocənd ilə Kəndi-Badam arasında Ha-Dərviş adlı bir çöl var. Bu çöl dai­m kü­ləkli­dir, orada tez-tez qasırğalar olur. Çölün şərqində yerləşən Mər­gi­nanla qərbin­də olan Xocəndə buradan sürəkli küləklər əsir. Rəva­yətə görə, bir ne­çə dərviş bu çöldə qasırğaya tutulmuş və bir-birlərini ta­pa bilmədən «ha, dərviş, ha, dərviş!» deyərək öl­müşlər. O zamandan bəri bu çölə Ha-Də­rviş de­yirlər.

Axsi Seyhun çayının şimal tərəfindəki şəhərlərdən biridir. Kitab­larda Axsi-kət deyə yazılır. Şair Əsirəddinə də Əsirəddin Axsikəti de­yirlər. Fərqa­nə­də Əndicandan sonra ondan böyük şəhər yoxdur. Əndi­ca­nın qərbində və doq­quz ağac məsafədədir. Ömər Şeyx Mirzə buranı pay­taxt eləmişdi.

Seyhun çayı kurqanın altından axır. Kurqan yüksək bir uçurumun üzə­rində­dir və xəndək yerinə bu dərin uçurum vardır. Buranı mərkəz edən Ömər Şeyx Mirzə bir-iki qədəmə kənardan təkrar çuxurlar qazdır­mışdır. Fər­­­qanədə onun qə­dər möhkəm başqa bir kurqan yoxdur (5 a). Şə­­hərin mə­həllələri isə kurqandan bir şeri1 uzaqdadır. «Deh koca və də­rəxtan koca»2 mə­səlini, de­yə­­sən, Axsi üçün söy­lə­mişlər.

Qovunu yaxşı olur. Mir-teymuri dedikləri bir qovun növü var ki, be­lə qo­vun bütün dünyada yoxdur. Buxara qovunu da məşhurdur. Səmər­qənd alı­nan zaman Axsidən və Buxaradan qovun gətirdib bir məclisdə kəs­­dirmiş­dim. Lakin Axsi qovunu ilə heç müqayisə­yə gələ bilməz. Ov heyvanı və qu­şu çox­­dur. Sey­hun çayının Axsi tərəfi çöldür. Buralarda ağ geyik olduqca çox­dur. Ən­dican tə­rəfi isə meşəlikdir. Geyiyi, qırqovulu və dovşanı bol və çox kök olur.

Kasan Axsinin şimalında yerləşir və olduqca kiçık bir şəhərdir. Ən­dican çayı Oşdan axdığı kimi, Axsi çayı da Kasandan axır. Gözəl və ha­valı bir yerdir. Səfalı bağları var və bunların hamısı dərə kənarında ol­duğu üçün buraya «quzu dərisindən kürk» deyirlər. Oşun və Kasanın əha­lisi səfa və ha­va baxımın­dan öz şəhərlərinin daha gözəl olduğunu iddia edirlər.

Fərqanə vilayətinin ətrafındakı dağlarda gözəl yaylalar vardır. Qızıl sö­yüd (tubulğu) ağacı yalnız bu dağlarda bitir, başqa yerlərdə bitmir. Tu­bul­ğu qa­bığı qır­mızı bir ağacdır. Ondan əsa, (5 b) qamçı sapı və quş qə­fə­si dü­zəl­dirlər, yonub ox da qayırırlar. Olduqca yaxşı bir ağacdır. Hə­diyyə olaraq uzaq yer­lərə də aparırlar.

Bəzi kitablarda yəbrüh üs-sənəmin1 bu dağlarda bitdiyi yazılıdır. La­kin bu dövrdə belə bir şey heç eşitmədim. Yalnız Yeddi-kəndin dağla­rın­da xal­­­qın ayı otu dediyi və mehri-giyahın özəlliklərinə sahib bir ot ol­du­­ğu mə­lum­dur. Bu ot, deyə­sən, mehri-giyahdır və oranın əhalisi ona bu adı vermiş­dir. Bu dağ­larda firuzə və dəmir mədənləri də vardır.

Adil bir şəkildə idarə edildiyi təqdirdə Fərqanə vilayətinin gəliri ilə üç-dörd min əsgər bəsləmək mümkündür.


ÖMƏR ŞEYX MİRZƏ
[Baburun atası] Ömər Şeyx Mirzə yüksək düşüncəli və böyük iddi­alı bir padşah ol­duğu üçün daima ölkəsini genişləndirmək barədə fikir­lə­şirdi. Də­fələrlə Səmərqəndə qoşun çəkdi. Bəzən məğlub oldu, bəzən də məq­sə­di­nə çat­madan geri qayıtdı.

Qaynatası Yunus xan Çingiz xanın ikinci oğlu Çağatay xanın nəs­lin­­dən­­­­dir. Mənim də babam olan Yunus xan o günlərdə Çağatay xanın yur­dun­da mo­ğol ulu­sunun xanı idi. Ömər Şeyx Mirzə onu dəfələrlə xa­hiş-min­nətlə də­vət edir və hər gəlişində ona vilayətlər verirdi. Ancaq işlər Ömər Şeyx (6 a) Mir­zənin istə­diyi ki­mi olmurdu. Gah Ömər Şeyx Mir­zə­nin pis hərəkət­lə­rindən, gah moğol ulu­sunun müqaviməti üzündən Yunus xan vila­yət­də qala bilmə­yib tək­rar Moğolistana ge­dir­di. Ən son dəvətində Ömər Şeyx Mirzə o zamanlar öz idarəsində olan Daşkənd vi­layətini ona verdi. Bunu ki­tablarda Şaş, bəzən də Çaç deyə yazırlar ki, çaç yayı ora­dan gəlir. O ta­rix­dən 908-ci ilə (=l503) qədər Daşkənd və Şah­ru­xiyyə vilayəti ça­ğatay xan­larının idarə­sində qaldı. Bu dövrdə moğol ulu­su­nun xan­lığı Yunus xanın bö­yük oğlu və mənim anamın böyük qar­daşı olan Sultan Mahmud xanda idi.

Ömər Şeyx Mirzənin böyük qardaşı Səmərqənd padşahı Sultan Əh­məd Mirzə və mo­ğol ulusunun xanı Sultan Mahmud xan Ömər Şeyx Mirzə­nin pis hərə­kətlərindən rəncidə olduq­ları üçün bir-birləri ilə ittifaq etdilər. Sultan Əhməd Mir­zə Sul­tan Mahmud xanı özünə kürəkən edərək həmin ta­rixdə Sul­tan Əhməd Mirzə Xocənd çayının cənubundan, Sultan Mahmud xan isə şimalından Ömər Şeyx Mir­zənin üstünə qoşun çəkdilər. Bu zaman qəribə bir hadisə oldu. Əvvəlcə də bəhs et­diyimiz kimi, (6 b) Axsi qalası yüksək bir uçurum üzərində qurulmuşdur və onun binaları da bu uçurumun kənarında yer­ləşir. Bu tarixdə ramazan ayının dör­düncü ba­zar ertəsi günü (=9 iyun 1494) Ömər Şeyx Mirzə bu uçurumdan gö­yərçin və göyərçinxana ilə düşərək öldü. Otuz doqquz ya­şın­da idi.

Doğumu və nəsəbi: Ömər Şeyx Mirzə 860-cı ildə (=1456) Səmər­qənd­də do­ğul­muşdu. Sultan Əbu Səid Mirzənin dördüncü oğluydu. Qar­daş­ları Sultan Əh­məd Mirzə, Sul­tan Məhəm­məd Mirzə və Sultan Mah­mud Mir­zə­dən kiçık­dir. Sul­tan Əbu Səid Mirzə isə Sultan Məhəm­məd Mir­zənin oğ­lu, Sultan Mə­həmməd Mir­zə Mi­ranşah Mirzə­nin oğlu, Mi­ranşah Mirzə isə Teymur bəyin üçüncü oğluydu. Mi­ranşah Mirzə Ömər Şeyx ilə Cahangir Mir­zədən kiçık, Şahrux Mirzədən isə bö­yükdü.

Sultan Əbu Səid Mirzə Ömər Şeyx Mirzəyə ilk öncə Kabili vermiş və Baba Kabilini ona bəy-atəkə1 təyin edib oraya göndərmişdi. Lakin mir­zə­lə­rin sün­nət dü­yünü səbəbilə Dəreyi-Gəzdən qaytarıb Səmərqəndə gətirt­di. Dü­yün­dən sonra -Tey­mur bəy böyük Ömər Şeyx Mirzəyə Fərqanə vilayətini verdiyi üçün- o da öz oğlu Ömər Şeyx Mirzəyə Əndican vilayə­tini verib Xu­daverdi Tuğ­çu Timurdaşı bəy-atəkə təyin edərək oraya gön­dərdi.



Xarici görkəmi: qısa boylu, topsaqqal, şişman üzlü, tombul bir adam i­di (7 a). Çox dar paltar geyirdi. Qurşaq bağladarkən qarnını içəri çə­kir və bağ­lan­dıq­dan sonra özünü bu­raxanda çox zaman qurşaq qopurdu. Geyimə və ye­məyə çox əhəmiyyət ver­mir­di. Çal­ma­sını dəstar-piç sarı­yırdı. Çalma­lar o za­man çar-piç2 idi və sadə sarılıb quyruq buraxılırdı. Ya­zda di­van xa­ri­cin­də ba­şına əksərən moğol bi­çi­mi börk qoyurdu.

Əxlaqı və xasiyyəti: hənəfi məzhəbindən olub təmiz etiqadlı bir adam i­di. Beş rü­kət namazını buraxmazdı. Qəzaya qalanları da həyatda ikən tama­mən qıl­mışdır. Çox za­man yük­sək səslə Quran oxuyurdu. Xoca Übey­dullah həz­rətlərinin müridi idi və dəfə­lər­lə onun söh­bətləri ilə şərəf­lən­di­ril­mişdir. Xoca həzrətləri ona «oğlum» deyə xitab edir­di. Oxuyub yaz­mağı yax­şı bilir­di. Xəmsəteyni, tarix kitab­larını və Məsnəvini oxuyub incə­ləmişdi, tez-tez Şah­na­mə oxuyurdu. Şeirə istedadı vardı, lakin buna əhəmiyyət ver­mirdi.

Ədalətinin nə qədər yüksək olduğu bu əhvalatdan da məlumdur: min adam­­lıq bir Xı­tay karvanı yolda gedərkən Əndican tərəfindəki dağ­ların ətə­yində qar al­tın­da qalmış və ancaq iki adam xilas olmuşdu. Bunu eşidən kimi mə­murlar gön­dərib kar­vanın bütün malını (7 b) zəbt etdirdi. Orada varislər olmadığı və özünün də ehtiyacı olduğu halda bu malları qorudu. Bir-iki il sonra varisləri Səmərqənd və Xorasandan axtarıb tapdı­ra­raq mal­­larını əskik­siz olaraq təslim etdi.

Çox cömərd və cömərd olduğu qədər da xoşxasiyyət idi; yaxşı tə­bi­ətli, gözəl və şi­rin­dil bir adamdı. Cəsur və mərddi. Bir dəfə Axsi qapı­sında və bir dəfə də Şah­ruxiyyə qapısında olmaq üzrə iki dəfə bütün igidlərdən1 daha yax­şı qılınc çaldı. Oxu orta dərəcə­də atırdı. Yumruğu çox qüvvətli idi, onun yumruğundan yıxıl­ma­yan yoxdu. Ölkəsini geniş­ləndirmək eh­tirası üzündən bir çox sülh müqaviləsi sa­vaşa, dost­luqlar isə düşmənçi­liyə çevrildi.

Əvvəllər çox içirdi. Sonralar yalnızca həftədə bir-iki dəfə məclis qur­du. Xoş­­söhbət bir adamdı, yerində və gözəl beytlər oxuyurdu. Son­ra­lar daha zi­ya­də mə­cun atmağa başla­mışdı, məcun atanda özündən ge­dirdi. Zəngin ol­maqla birlik­də təvazökardı. Həmişə nərd, bəzən də qumar oynayırdı.



Meydan müharibələri: üç meydan müharibəsi elədi. Birincisi [öz qay­­­­­na­ta­sı] Yunus xan ilə Əndicanın şimal (8 a) tərəfində və Seyhun çayı sa­hilin­dəki Tə­kə-Səkritgü adlı yerdə elə­diyi müharibədir. Bu çay dağ ətə­yində çox dardır, rəva­yətə görə, buradan bir təkə atlamış və bu ad da bu­nun üçün ve­ril­mişdir. Bu mü­haribədə ye­nildi və yaxalandı, ancaq Yunus xan yax­­şılıq edib onu buraxdı. Mü­h­aribə burada olduğu üçün Təkə-Sə­kritgü mü­hari­bəsi bu vi­la­yət­­də bir tarix ol­muş­dur.

İkincisi Türküstanda, Araş (Urs) çayının sahilində Səmərqənd ət­rafını yağ­malayan özbəklərlə elədiyi müharibədir. Araş çayını buz üzərin­dən ke­çə­rək onları möhkəm əzişdirdi, əsirlərini və mallarını geri alıb ha­mısını sa­hib­­lərinə qaytardı. Özü heç bir şeyə ta­mah salmadı.

Üçüncüsü isə [böyük qardaşı] Sultan Əhməd Mirzə ilə Şahruxiyyə və Ura-Təpə ara­sın­dakı Xas adlı kənddə etdiyi və yenildiyi müharibədir.

Torpaqları: atası ona Fərqanə vilayətini vermişdi. Bir müddət Daş­­kənd və Sayram da onun əlində idi. Buraları ona böyük qardaşı Sultan Əh­məd Mirzə ver­mişdi. Şahruxiyyəni də hiylə ilə alaraq bir müddət əlin­də sax­ladı. Son za­manla­rın­da Daşkənd və Şahruxiyyə əlin­dən çıx­mışdı. Fərqanə vi­layəti, Xo­cənd və Ura-Təpə -əsil adı Usruşnadır, amma Usruş da deyir­lər- əlində idi. Xo­cəndi bəziləri Fərqanə (8 b) hesab etmir. Sultan Əh­məd Mirzə Daşkəndə mo­ğol üzərinə qoşun çəkib Çir ça­yının sahilində məğlub olmuşdu və Ura-Tə­pədə Hafiz [Mə­həm­məd] bəy Dulday var­dı, buranı Ömər Şeyx Mir­zəyə verdi və o za­mandan bəri Usruşna onun idarə­sində idi.

Uşaqları: üç oğlu və beş qızı qalmışdı. Bütün oğullarının ən böyü­yü mən Zə­hirəd­din Məhəmməd Baburam. Anam Qutlu(ğ) Nigar xanım­dır.

Digər bir oğlu, məndən iki yaş kiçık olan Cahangir Mirzədir, amma onun ana­sı moğol­ların tümən bəylərindən Fatma Sultan [ağa]dır.

Digər bir oğlu da məndən dörd yaş kiçık olan Nasir Mirzədir, anası ən­­­di­can­lı Ümid ad­­lı bir cariyədir.

Qızlarının ən böyüyü mənim doğma bacım olan Xanzadə bəyimdir. Mən­­dən beş yaş böyükdür. Səmərqəndi ikinci dəfə aldığım zaman [=1501] Sərpüldə ye­nil­məyimə baxmayaraq gə­lib qalanı beş ay müdafiə elədim. An­caq ətrafdakı pad­şah və bəylərdən heç bir kömək gəl­mə­diyi üçün çarə­siz qa­lıb çıx­dım. O fət­rətdə Xanzadə bəyim Məhəmməd Şeybani xanın əli­nə düş­müş­dü. Ondan Xür­rəm şah adlı bir oğlu oldu. Yaxşı oğlan idi. Ata­sı Mə­həm­­məd Şeybani xan Bəlx vila­yətini ona vermişdi. (9 a) Atası öldükdən bir-iki il sonra o da Allahın rəh­mətinə qovuşdu. Şah İsmayıl öz­bəkləri Mərvdə yenəndə Xan­zadə bəyim də ora­daydı. Mə­nim sayəm­də xoş rəftar edib gön­dərdilər və Qunduzda gəlib mənə qo­şuldu. Bir-birimizi gör­mə­yəli on il ol­muş­­du. Onları gör­məyə mən və Məhəm­məd Göyəldaş get­dik. [Xan­zadə] bə­yim və ya­nın­dakılar məni tanıma­dılar, ancaq adı­mı söylə­dikdən sonra tanı­ya bildilər. Ömər Şeyx Mirzənin qızlarının ikincisi Na­sir Mir­zənin doğma ba­cısı və mən­dən iki yaş böyük olan Me­hribanu bəyim­dir.

Şəhribanu bəyim də Nasir Mirzənin doğma bacısıdır və məndən sək­kiz yaş kiçık­dir. Di­gər bir qızı Yadigar Sultan bəyimdi, onun anası Ağa Sul­tan adlı bir ca­riyədir. Digəri isə Qara­göz bəyim deyilən Ruqiyyə Sultan bə­yimdir, onun anası Məx­dumə Sultan bəyimdir. Hər ikisi Mirzənin ölü­mün­dən sonra dünya­ya gəl­mişlər. Yadigar Sultan bəyimi nənəm İsən Dövlət bə­yim böyüt­müşdü. Şeybani xan Əndican və Axsini alanda Ya­digar Sultan bə­yim Həmzə Sulta­nın Əb­düllətif Sultan adlı oğ­lunun əlinə düşmüşdü. Mən Həmzə Sultan komandanlığındakı sul­tan­ları Xutlan vilayə­tində yenərək Hi­sarı alanda [=1511/12] mənə qoşuldu. Fətrət dövrün­də isə Ruqiyyə Sultan bəyim Canibəy Sultanın əlinə düş­dü. (9 b) Bir-iki oğlu oldu, amma yaşama­dı­lar. İndi özünün isə Allahın rəh­mətinə qovuşduğu xə­bəri gəldi.

Qadınları və cariyələri: Qutlu Nigar xanım Yunus xanın ikinci qızı və Sul­tan Mah­mud xanla Sultan Əhməd xanın böyük bacısıydı. Yunus xan isə Çingiz xa­nın ikinci oğlu Çağatay xanın nəslindəndir: Yu­nus xan, Veys xan, Şirəli Oğlan, Mə­­həmməd xan, Xızır Xoca xan, Tuğlu Tey­mur xan, İsən Buğa xan, Duva xan, Ba­raq xan, Yisün Təvə, Mö­tügən, Ça­ğa­tay xan, Çingiz xan. Yeri gəlmişkən, xanların əhvalından da qısaca bəhs edək.
ÇAĞATAY XANLARI HAQQINDA QISA MƏLUMAT
Yunus xan və İsən Buğa xan Veys xanın oğulları idi. Yunus xanın ana­­sı Tür­küstanlı qıp­çaq bəylərindən olan və Teymur bəyin qoruduğu Şeyx Nu­rəd­­din bəyin qızı və ya nəvə­sidir. Veys xanın ölümündən sonra moğol ulu­­su bir qismi Yunus xan, əksə­riy­yəti İsən Buğa xan tərəfində olmaq üzrə ikiyə ay­rıldı.

Daha öncə [Teymur bəyin oğlu Şahrux Mirzənin oğlu] Uluğ bəy Mir­zə Yu­nus xanın böyük bacısını [oğlu] Əbdüləziz Mirzəyə almışdı. Bu səbəb­lə barin tü­məninin bəylərindən İrzen və Çıras (Hırmas) (10 a) tü­məninin bəy­lərindən Mi­rək Türkmən üç-dörd min ailəlik moğol ulusuyla birlikdə Yu­­nus xa­nı Uluğ bəy Mir­zənin yanına gətirdilər; məqsədləri on­dan kömək alıb mo­ğol ulusunu təkrar ələ ke­çirmək idi. Amma Mirzə qəd­darlıq göstərdi, onların bir qismini əsir etdi, digər­lə­rini isə başqa vila­yətlərə dağıtdı. İrzen iğ­tişaşı mo­ğol ulusunda bir tarix olmuş­dur.

Yunus xanı İraq tərəfinə göndərdilər, xan oraya gedib bir ildən artıq Təb­­rizdə qaldı. O zamanlar Təbriz padşahı Qaraqoyunlu Cahan Şah Ba­ra­­ni i­di. Son­ra Yu­nus xan oradan Şiraza keçdi. Şirazda Şahrux Mirzənin ikinci oğ­lu İb­ra­him Sul­tan Mirzə hakim idi. Beş-altı ay sonra İbrahim Sultan Mirzə və­fat edincə yerinə [oğlu] Abdullah Mirzə keçdi. Abdullah Mirzənin xidmə­tinə gi­rən Yunus xan on yeddi-on səkkiz il Şirazda və o tərəfdəki vi­la­yətlərdə qal­dı.

Uluğ bəy Mirzə və oğullarının arasındakı qovğa zamanı İsən Buğa xan für­­sət taparaq Fərqanə vilayətinə hücum etdi, Kənd-Badama qədər gəldi və Əndi­canı alıb əhalisini tamamən əsir etdi. Amma qovğaların ardın­dan [Ba­burun ba­ba­sı] Sultan Əbu Səid Mirzə taxta keçdikdən sonra qo­şun çə­kərək Yenginin o tə­rəfində olan İs­fərada və Moğolistanda (10 b) İsən Buğa xanı tar-mar etdi. Bundan sonra bu qa­rışıqlığı ortadan qaldır­maq üçün Sul­tan Əbu Səid Mirzə əv­vəl­cə Əbdüləziz Mirzə ilə evli olan [Yu­nus xanın] böyük bacısı Xanım ilə evlənməsi münasibətilə Yunus xa­nı İraq və Xora­sandan gətirtdi. Düyünlər edib dost ol­dular və Yunus xanı mo­ğol ulusuna xan təyin edib göndərdi.

Tam bu əsnada Sağarıçı tüməninin bəyləri İsən Buğa xandan şika­yətlə Mo­ğolistana gəlmişdilər. O zamanlar Sağarıçı bəylərinin böyüyü Şir Hacı bəy­­ idi. Yu­­nus xan bunların ara­sına getdi və Şir Hacı Bəyin qızı İsən Dövlət bə­yim­lə ev­lən­di. Moğol adətincə Yunus xan ilə İsən Dövlət bəyi­mi ağ keçə üzə­rində yu­xarı qal­dırıb xan elan etdilər.

Yunus xanın İsən Dövlət bəyimdən üç qızı oldu; bunların ən böyü­yü Meh­rinigar xanımdır. Sultan Əbu Səid Mirzə onu ən böyük oğlu Sultan Əh­məd Mirzəyə almışdı. Mirzədən heç uşağı olmadı. Sonra fətrət döv­rün­­də Şey­bani xa­nın əlinə düş­müşdü. Mən Kabilə gəldi­yim zaman Şah bəyimlə birlikdə o da Sə­mərqənddən Xorasana, oradan da Kabilə gəldi. Şeybani xan Qəndəharda [Ba­burun kiçık qar­daşı] Nasir Mirzəni müha­si­rəyə alanda mən də Ləmğana get­dim. Xan Mirzə [Sul­tan Veys Mirzə] də Şah bəyim və Meh­rinigar xa­nımla bir­likdə Bədəxşana getdi. Müba­rək şah (11 a) Xan Mirzəni Qaleyi-Zəfərə çağıranda Əba Bə­kr Kaş­ğarinin axınçı­larına rast gəldilər. Şah bəyim, Meh­rinigar və onlarla bir­likdə olan­ların ailə­ləri əsir düşərək o mər­hə­mətsizin əsa­rə­tində fani dünyaya vida et­dilər.

[Yunus xan və İsən Dövlət bəyimin] ikinci qızı mənim anam Qutlu Ni­­gar xa­nımdı. Qazaxlıq və fətrət zamanlarında əsasən mənimlə birlik­də i­di. Kabili al­dıq­dan beş-altı ay sonra, 911-ci ildə [=1505] Allahın rəh­mə­tinə qo­vuşdu.

Üçüncü qızları Xub Nigar xanımdı, onu Məhəmməd Hüseyn Gür­­­gan Duğ­la­ta vermişdilər. Ondan bir qızı və bir oğlu olmuşdu. Qızını Übeyd xan al­­mışdı, son­­ra mən Buxa­ra və Səmərqəndi alanda o qız bir ye­rə gedə bil­mə­yib ora­da qal­mış­dı. Sultan Səid xanın əmisi Seyid Məhəm­məd Mirzə Sultan Səid xan adı­ndan Sə­mərqəndə mənə elçi olaraq gəldiyi zaman onunla birlik­də Kaş­ğara getdi və ora­da Sultan Səid xanla evləndi. Oğlu Heydər Mirzə idi. Atası öz­bəklər tərəfindən öl­dürüldükdən sonra gə­lib üç-dörd il mənim xid­mətimdə oldu. Sonra izin istə­yərək Kaşğara xa­nın yanına getdi.

Baz gərdəd be əsli xud həmə çiz,

Zəri-safiyu nüqreyi-ərziz.



Hər şey, istər saf altın, istər gümüş,

istər qalay olsun, axırda öz əslinə dönər.

Deyilənə görə, indi tövbə etmiş və yaxşı yola girmişdir. Əlindən ya­zı yaz­maq, rəsm çəkmək, ox, mizraq və yay atmaq kimi hər şey gəlir. Şe­ir yaz­maq qabi­liy­yəti (11 b) də var. Mənə bir ərizəsi gəlmişdi, inşası da pis de­yil.

[Yunus] xanın qadınlarından biri də Şah bəyimdi. Başqa qadınları olsa da, uşaq­larının anaları bu ikisi idi. Şah bəyim Bədəxşan şahı Şah Sul­tan Mə­həmmədin qızı idi. Dediklərinə görə, bu Bədəxşan şahlarının soy­ları İs­kən­dər Filkusa [Make­doniyalı İskəndər] çatırmış. Bu şahın digər bir qızını -ki, Şah bəyimin böyük ba­cı­sıdır- Sultan Əbu Səid Mirzə almış və ondan Əba Bəkr Mirzə doğulmuşdur.

[Yunus] xanın Şah bəyimdən iki oğlu və iki qızı olmuşdu: Sultan Mah­­­mud xan, digər üçündən böyük və daha əvvəl haqqında danışılan [İsən Dövlət bə­yim­dən olan] üç qızdan kiçıkdir. Səmərqənd və o ətrafda ona bə­zən Xanikə xan de­yirlər. Digər oğlu olan və Alaca xan adıyla şöh­rət qa­za­nan Sul­tan Əhməd xan isə Sultan Mahmud xandan kiçıkdir. Alaca adının ve­­ril­məsinə səbəb budur: kalmık və moğol dilində qatilə alaçı deyirlər. Kal­mıkları bir neçə dəfə məğlub edib bir çox adamla­rını öldür­dü­­yü üçün alaçı demişlər və çox işlənə-işlə­nə alaca olmuşdur. İrəlidə bu xanlardan sıra ilə təkrar bəhs edi­ləcək, baş­larına gələnlər haqqında danı­şı­lacaq.

[Yunus xanın Şah bəyimdən olan qızı] Sultan Nigar xanım digərlə­rin­dən kiçık və bir qızından böyükdü. (12 a) Onu [Baburun əmisi] Sultan Mah­mud Mir­zəyə vermişlər və ondan Sultan Veys adlı bir oğlu olmuşdu və [bu Mir­zədən] yeri gələndə bəhs ediləcəkdir. Sultan Mahmud Mirzə öldükdən sonra [Sultan Nigar xanım] oğlunu da alıb heç kimə xəbər ver­mə­dən Daş­kəndə, bö­yük qarda­şının ya­nına get­mişdi. Bir neçə il sonra onu Çingiz xanın bö­yük oğlu Çuçinin nəslindən və qa­zax sultanlarından olan Ədik Sultana verdilər. Şeybani xan xan­ları məğlub edib Daşkənd və Şahruxiyyəni alanda isə Sultan Nigar xa­nım xid­mətində çalışan on iki moğoluyla birlikdə qaçıb Ədik Sultanın yanına get­mişdi. Ədik Sultandan iki qızı oldu, birini Şeyban sultanlarından birinə, digə­rini isə Sultan Səid xanın oğlu Rəşid Sul­tana ver­dilər. Ədik Sultandan son­ra Sultan Ni­gar xa­nımı qazax ulusunun xanı Qa­sım xanın aldığını söylə­yirlər. Qa­zax xan­la­rın və sultanlarının arasında heç kim o ulusu Qasım xan kimi haki­miy­­yəti altına ala bilməmişdir. Əsgərinin sayını üç yüz min olaraq təxmin edirdi­lər. Qasım xan öldükdən sonra Sultan Nigar xa­nım da Kaşğara, Sul­tan Sə­­id xanın yanına gəldi.

[Yunus xanın Şah bəyimdən olan digər qızı] Dövlət Sultan xanım ha­­­­mı­sından kiçıkdi. Daşkənd savaşında Şeybani xanın oğlu Teymur Sul­tanın (12 b) əlinə düş­müş və ondan bir qızı olmuşdu. Səmərqənddən mə­nim­lə bir­likdə çıx­mışdı. Üç-dörd il Bədəxşan vilayətində qaldı. Sonra isə Kaş­­ğara Sul­­tan Səid xa­nın yanına getdi.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin