DOQQUZ YÜZ ÜÇÜNCÜ İLİN HADİSƏLƏRİ
Baği-meydanın arxasındakı Külbə çayırında dayandıq. Səmərqəndin sipahilərindən və şəhər əhalisindən lap çox adam Məhəmməd Çəb körpüsünün civarında qarşımıza çıxdı. Bizim əsgər müharibəyə hazır deyildi. (43 a) İgidlər hazırlaşana qədər Sultanqulunu və Babaqulunu ələ keçirərək hisara götürdülər.
Bir neçə gün sonra qalxıb Kuhəkin arxasındakı Külbənin kənarında durduq. Seyid Yusif Bəyi o gün Səmərqənddən çıxardılar, o da oraya gəlib bizə xidmət etməyə hazır olduğunu bildirdi.
Buraya gəldiyimizi görən səmərqənddəkilər elə zənn etdilər ki, biz geri çəkilmişik. Köməkçilər, sipahilər və şəhərlilər Mirzə körpüsünə və Şeyxzadə darvazasından Məhəmməd Çəb körpüsünə qədər çıxdılar. İgidlərə silahlanıb atlara minməyi əmr etdik. Onlar iki tərəfdən – Mirzə körpüsü ilə Məhəmməd Çəb körpüsündən düşməni sıxışdırdılar. Allahın köməyilə düşmən yenildi. Onların ləyaqətli bəylərini və yaxşı igidlərini əsir edib gətirdilər. Bunlardan biri Məhəmməd Miskin Hafiz Dulday idi, onun şəhadət barmağını kəsmişdilər. Ondan başqa, Məhəmməd Qasım Nəbirə, onun kiçık qardaşı Həsən Nəbirə və daha bunlar kimi sipahilər və əhali tərəfindən tanınan igidlərdən xeyli vardı.
Şəhərin yetimlərindən Divanə Caməbəf ilə Kəlqaşığı da gətirdilər; bunlar küçə qovğasında və oğurluqda alt təbəqə (43 b) arasında məşhur idilər. Gari-Aşiqanda ölən piyadaların intiqamının alınması üçün işkəncə ilə öldürülmələri əmr edildi. Bu, Səmərqənd əhalisi üçün qəti bir məğlubiyyət idi. Bundan sonra kurqandan çıxmaları dayandı. İş o dərəcəyə vardı ki, bizimkilər xəndək kənarına qədər gedib əsirlər gətirirdilər.
Günəş tərəzi bürcünə girdi. Soyuqlar başladı. Məsləhət toplantısına qatıla biləcək bəyləri çağıraraq vəziyyəti müzakirə etdik. Bunlara qərar verildi: şəhər əhalisi o qədər aciz qalmışdır ki, Allahın inayətilə şəhəri bugün də, sabah da ala bilərik. Burada soyuqdan əziyyət çəkməkdənsə şəhərin yaxınından qalxıb bir kurqanda qışlaq düzəltmək lazımdır. Əgər getmək lazım gəlsə, oradan daha az tərəddüdlə getmək mümkündür.
Qışlaq üçün Xoca-Didar kurqanı uyğun görüldü. Oradan qalxıb Xoca-Didarın önündəki çayıra getdik. Kurqana girib ev və koma yerlərini müəyyən etdik. Bunları düzəldəcək adamlar ilə təhsildarlar qoyaraq yurda döndük. Qışlaq hazır olana qədər bir neçə gün çayırda qaldıq.
Bu zaman Baysunqur Mirzə Türküstana, Şeybani xana ard-arda adamlar göndərərək kömək istəmiş. Qışlaq hazır oldu və biz kurqana (44 a) girdik. Şeybani xan Türküstandan hücum edərək o gecə bizim yurdumuzun üzərinə doğru gəldi. Bizim əsgərimiz yanımızda deyildi. Qışlak üzündən bəziləri Ribati-Xocaya, bəziləri Qəbilə, bəziləri də Şiraza getmişdi. Buna baxmayaraq əlimizdəki qoşunu toplayıb qarşı çıxdıq. Lakin Şeybani xan müharibəyə girmədən Səmərqəndə doğru geri çəkildi. Şeybani xanla Baysunqur Mirzənin istəkləri üst-üstə düşmədiyi üçün anlaşa bilməmişdilər. Şeybani xan bir neçə gün sonra heç bir şey edə bilmədi və dilxor halda Türküstana qayıtdı.
Baysunqur Mirzə yeddi ay mühasirə altında qaldı. Şeybani xandan kömək ummuş, lakin bu ümidi də boşa çıxmışdı. Axırda iki-üç yüzə qədər ac adamı ilə birlikdə Qunduza, Xosrov şahın yanına getdi. İyulda Amu-Dəryadan keçdiyi zaman Sultan Məsud Mirzənin qohumlarından və etibarlı adamlarından olan Termiz hakimi Seyid Hüseyn Əkbər bunu xəbər alıb Baysunqur Mirzənin üstünə yürüdü. Mirzə çayı keçmişdi, amma Mirim Tarxanı orada su götürdü. Seyid Hüseyn də geridə qalan adamlarını və əşyasını ələ keçirdi. Baysunqur Mirzənin Tahir Məhəmməd adlı çöhrəsi də ələ keçmişdi. Xosrov şah Baysunqur Mirzəni yaxşı qarşıladı (44 b).
Baysunqur Səmərqənddən çıxanda bizə xəbər gəldi. Xoca-Didardan hərəkət edərək Səmərqənd üzərinə yürüdük. Yolda Səmərqəndin böyükləri, bəylər və igidlər birər-birər bizi qarşılayıb təbrik etməyə gəldilər. Rəbiyüləvvəl ayının sonlarına doğru [=1497 noyabr] ərkə girib Bostan-Saraya endim. Tanrı təalanın inayəti ilə Səmərqənd şəhəri və vilayəti zəbt edilib ələ keçirildi.
SƏMƏRQƏNDİN QISA TƏSVİRİ
Səmərqənd qədər gözəl bir şəhər dünyada az tapılar. Beşinci iqlimdədir. Koordinatları 99 dərəcə 56 dəqiqə uzunluq və 30 dərəcə 30 dəqiqə en dairəsidir1. Şəhəri Səmərqənddir, vilayətinə Mavəraünnəhr deyirlər. Heç bir düşmən onu güc və üstünlüklə ələ keçirə bimədiyi üçün «Bəldeyi-məhfuzə2 deyirlər. Səmərqənd əmirəlmöminin həzrəti Osman zamanında islamiyyəti qəbul etmişdir. Səhabədən Qusəm bin Abbas buraya gəlmişdir. Onun məzarı Ahən darvazasının bayırındadır və bugün də Məzari-Şah adıyla məşhurdur.
Səmərqəndi İskəndər [Filkus] qurmuşdur. Moğol və türk ulusları Səmizkənd deyirlər. Teymur bəy buranı paytaxt eləmişdi. Teymur bəydən əvvəl onun kimi böyük bir padşah Səmərqəndi paytaxt eləməmişdi. Qala divarları üzərindən kurqanın uzunluğunun ölçülməsini əmr etdim; ölçdülər, on min altı yüz qədəm çıxdı.
Əhalisi bütünlüklə sünni, pak məzhəb, şəriətə bağlı və dindardır. Həzrəti peyğəmbər zamanından bəri Mavəraünnəhrdə o qədər çox islam imamı yetişmişdir ki, başqa heç bir vilayətdən (45 a) bu qədər çox imam çıxmamışdır. Kəlam imamlarından biri olan Şeyx Əbu Mənsur Səmərqəndin Maturid adlı məhəlləsindəndir.
Kəlam imamları iki qrupa bölünür; birinə maturidiyyə, digərinə əşariyyə deyirlər. Maturidiyyə Şeyx Əbu Mənsur tərəfindən qurulmuşdur. Səhihi-Buxari adlı əsərin müəllifi Xoca İsmayıl da Mavəraünnəhrdəndir. Hidayə adlı əsərin yazarı da Fərqanənin Mərginan adlı vilayətindəndir. İmam Əbu Hənifə məzhəbində Hidayədən daha sayğın bir fiqh kitabı yoxdur. Fərqanə də Mavəraünnəhrə daxil olub məmurənin kənarında yerləşir.
Səmərqəndin şərqində Fərqanə və Kaşğar, qərbində Buxara və Xarəzm, şimalında Daşkənd və Şahruxiyyə (kitablarda Şaş və Bənakət deyə yazılır), cənubunda Bəlx və Termiz yerləşir.
Kuhək çayı Səmərqəndin şimalından axır və ondan iki küruh məsafədədir. Bu çayla Səmərqənd arasında Kuhək deyilən bir təpə vardır və çay bunun ətəyindən axdığı üçün Kuhək çayı deyirlər. Bu sudan böyük bir qol ayrılmışdır. Dərya qədər geniş olan bu qola Dərğəm çayı deyirlər. Səmərqənddən bir şəri məsafədədir və şəhərin cənubundan axır. Səmərqəndin bağları, məhəllələri və bir neçə qəzası bu su sayəsində abad olmuşdur. Buxara və Qara gölə qədər otuz-qırx ağaca yaxın bir bölgənin əkin-biçini və abadlığı Kuhək çayıyla təmin edilir. Bu qədər böyük (45 b) bir çay olduğu halda suyu ziraət və abadlıq üçün ancaq yetir, hətta yayda Buxara üç-dörd ay susuz qalır.
Üzümü, qovunu, alması, narı və digər bütün meyvələri çox yaxşıdır. Lakin Səmərqəndin iki meyvəsi məşhurdur: sibi-Səmərqənd (alma) və sahibi-Səmərqənd (üzüm).
Qar Kabildə olduğu qədər çox yağmasa da, qışı çox soyuqdur. Yayda havası xoşdur, lakin Kabil qədər deyil.
Səmərqənddə və onun məhəllələrində Teymur bəyin və Uluğ bəyin imarət və bağları çoxdur. Teymur bəy Səmərqənd ərkində Göy saray deyə məşhur olan dörd qatlı, fövqəladə böyük bir köşk tikdirmişdir.
Bundan başqa, Ahənin darvazasına yaxın, qalanın içində bir cami də tikdirmişdir. Bu caminin daşlarını əksəriyyəti Hindistandan gətirtilən daşçılar işləmişdir. Caminin kitabəsindəki «Və əz yərfəu İbrahim əl-qəvaidə...»1 ayəsini elə böyük hərflərlə yazmışlar ki, bir küruh məsafədən oxumaq mümkündür. Bu da çox böyük bir binadır.
[Teymur bəy] Səmərqəndin şərqində iki bağ saldırmışdır. Daha uzaqda olan Baği-boldu, digəri isə daha yaxında olan Baği-dilgüşadır. Baği-dilgüşadan Firuzə darvazasına qədər bir yol çəkdirib iki tərəfinə qovaq ağacı əkdirmişdir. Dilgüşada da böyük bir köşk tikdirmişdir. Bu köşkdə (46 a) Teymur bəyin Hindistan müharibələri təsvir edilmişdir. Kuhək təpəsinin ətəyində, Kani-Gilin -abi-rəhmət də deyilən Qara suyun- üst tərəfində Nəqşicahan adında bir bağ saldırmışdır. Mən görən zaman bu bağ artıq xarab olmuş və diqqətədəyər bir şeyi qalmamışdı. Səmərqəndin cənubunda, qalaya yaxın yerdə Baği-çinar, Səmərqəndin aşağı tərəfində Baği-şimal və Baği-behişt vardır.
Teymur bəyin nəvəsi, Cihangir Mirzənin oğlu olan Məhəmməd Sultan Mirzə də Səmərqəndin dış kurqanında – Çəkərdə bir mədrəsə tikdirmişdir. Teymur bəyin və Səmərqənddə padşahlıq edən övladlarının hamısının qəbri buradadır.
Uluğbəy Mirzənin imarətlərindən olan mədrəsə və xanəgah isə Səmərqənd qalasının iç tərəfindədir. Xanəgahın qübbəsi fövqəladə böyükdür, onun qədər böyük bir qübbənin dünyada olmadığını söyləyirlər. Bu mədrəsənin və xanəgahın yanında Mirzə hamamı deyə bilinən gözəl bir hamam tikdirmişdi. Döşəməsi müxtəlif daşlardandır. Xorasanda və Səmərqənddə onun kimi başqa bir hamam yoxdur (46 b).
Bir də mədrəsənin cənubunda Məscidi-Müqətta dedikləri bir məscid tikdirmişdir. Müqətta [kəsilmiş, ayrı] deyilməsinin səbəbi parça-parça ağacların yonulub islami və Çin üsulu naxışlarla işlənməsindəndir. Bütün divarları və damı bu tərzdədir. Bu məscidin qibləsi ilə mədrəsənin qibləsi arasında çox böyük fərq vardır. Hər halda bu məscidin qiblə yönünü ulduzlara görə təyin etmişlər.
Tikdirdiyi digər böyük binalardan biri də Kuhək təpəsinin ətəyində yerləşən və içərisində zic1 yazma aləti olan üç qatlı rəsədxanadır. Uluğ bəy Mirzə bu rəsədxana ilə zici-Gürganini tərtib etmişdir ki, dünyada bu zic digərlərindən daha artıq istifadə olunur. Bundan əvvəl Xoca Nəsir[əddin] Tusinin elxani hakimi Hülakü xan zamanında Marağada tərtib etdiyi zici-Elxani istifadə olunmuşdu. Deyəsən, dünyada yeddi-səkkizdən artıq rəsədxana olmamışdır. Bunlardan birini xəlifə Məmun tikdirmişdir və zici-Məmuni burada tərtib edilmişdir. Bitlimus da bir rəsədxana tikdirmişdir. Hindistanda racə Bikerməcit Hindu zamanında bugün Mandu adıyla tanınan Malva dövlətindəki Ücceyn və Deharda bir rəsədxana var. Hindlərin Hindistanda bugün də istifadə etdikləri zic budur. Bu rəsədxananın tikilməsindən bəri (47 a) 1584 il keçmişdir və bu zic digər ziclərə görə daha naqisdir.
[Uluğ bəy] Kuhək təpəsinin qərb tərəfindəki ətəyində Baği-meydan adlı bir bağ və bu bağın ortasında Çihil sütun dedikləri böyük bir bina tikdirmişdir. İki qatlı və sütunları tamamilə daşdan olan bu binanın dörd küncündə minarəyə bənzər dörd bürc tikilmişdir. Üst qata bu qüllələrdən çıxılır. Digər yerlərdə daş sütunlar vardır. Bunların bəziləri büklümlü, bəziləri holuqludur. Üst mərtəbənin dörd tərəfi eyvanlı olub sütunları daşdır və ortasında dörd qapılı bir otaq vardır. Binanın kürsüsünü başdan-başa daşlarla döşəmişlər.
Binadan Kuhək təpəsinə doğru getdikdə təpənin ətəyində bir bağ da saldırmışdır. Orada da böyük bir saray inşa etdirmiş və onun içinə taxt olaraq böyük bir daş qoydurmuşdur, uzunluğu təxminən on dörd-on beş, eni yeddi-səkkiz, yüksəkliyi isə bir karidir. Bu böyük daşı xeyli uzaq bir yerdən gətirmişlər. Ortasında bir çat vardır və deyilənə görə, bu çat daş buraya gətirildikdən sonra yaranmışdır. Bu bağda dörd qapılı otaq da (47 b) tikilmişdir. Divarları tamamən çini olduğundan ona çinixana deyirlər. Xüsusi adamlar göndərərək bunları Çindən gətirtmişdir.
Səmərqənd qalasının içində Məscidi-ləkləkə deyilən qədim bir bina var. Bunun ortasında yerə ayaqla vuduqda «lək-lək» deyə əks-səda gəlir. Bu, qəribə bir şeydir və sirrini heç kim bilmir.
Sultan Əhməd Mirzə zamanında da bəylər çox bağ və bağça saldılar. Bunlardan Dərviş Məhəmməd Tarxanın çarbağı qədər səfalı, havalı və geniş mənzərəli yer az tapılar. Baği-meydanın bir az aşağısındakı bir yüksəkliyin üstündə Külbə çayırına baxan bir çarbağ daha salınmışdır ki, bütün çayır ayaq altındadır. Burada torpağı qat-qat düzəldərək gözəl qaraağaclar, bəyaz sərvlər və söyüdlər əkmişlər. Çox gözəl bir yerdir. Yeganə qüsuru böyük bir çayının olmamasıdır.
Səmərqənd şəhəri fövqəladə dərəcədə abad şəhərdir. Bu şəhərin digər şəhərlərdə olmayan bir özəlliyi də vardır. Burada hər əsnafın ayrı birər bazarı vardır və beləcə, bir-birləri ilə qarışmırlar. Buna daim əməl edirlər. Yaxşı çörəkçiləri və aşxanaları vardır. Dünyada ən yaxşı kağız Səmərqənddə istehsal olunur, cüvaz kağızı deyilən bu növ kağızın bütün materialı Kani-Gildən gəlir. Kani-Gil isə Qara su kənarındadır. (48 a) bu Qara suya abi-rəhmət də deyirlər. Səmərqəndin qırmızı qədifə qumaşı hər tərəfə ixraç edilir. Ətrafında gözəl çayır-çəmənlər vardır. Ünlü çayırlarından biri Səmərqənd şəhərinin şərqində və bir az cənuba doğru bir ağac məsafədəki Kani-Gil çayırıdır. Abi-rəhmət də dedikləri Qara su Kani-Gilin ortasından axır. Yeddi-səkkiz dəyirman işlədəcək qədər suyu vardır1. Çayın ətrafı tamamilə bataqlıqdır. Bu çayırın əsl adı Kani-Abgirinişdir, lakin tarixlərdə daim Kani-Gil deyə yazırlar. Çox gözəl bir çayırdır. Səmərqənd sultanları bu çayırı iqamətgah edir və hər il buraya çıxıb bir-iki ay yaşayırlar.
Bu çayırın bir az yuxarısında, cənub-şərqə doğru Xan Yurdu adında bir çayır da vardır. Səmərqəndin şərqində şəhərdən bir ağac məsafədədir. Qara Su bu çayırın içindən keçərək Kani-Gilə gedir. Bu Qara Su Xan Yurdunda elə bir şəkildə qıvrılır ki, meydana gətirdiyi çıxıntı (toqqay2) içində bir ordu enəcək qədər yer var. Buranın çıxış ağzı çox dardır və bu yerin əlverişli olduğunu görərərək Səmərqənd mühasirəsi zamanı bir neçə dəfə burada oturmuşdum. Digər çayırlardan biri olan (48 b) Bödənə (bildirçin) qoruğu da Dilgüşa bağı ilə Səmərqənd arasındadır. Göli-Məğaq çayırı isə Səmərqəndin bir az şimalına doğru və iki ağac qədər qərb tərəfindədir. Bura da gözəl bir çayırdır və bir tərəfində böyük bir göl olduğu üçün oraya Göli-Məğaq çayırı da deyilir. Səmərqəndi mühasirə edəndə mən Xan Yurdunda oturduğum zaman bu çayıra da Sultan Əli Mirzə yerləşmişdi.
Çayırlarından biri də Külbə çayırıdır. Bu çayır digərlərinə nəzərən daha kiçıkdir. Şimalında Külbə kəndi və Kuhək çayı, cənubunda Baği-Meydan və Dərviş Tarxanın çarbağı, şərqində isə Kuhək təpəsi yerləşir.
Səmərqəndin gözəl vilayətləri və tümənləri vardır. Ən geniş vilayəti Səmərqəndin tayı olan Buxaradır. Səmərqəndin qərbində və ona iyirmi beş ağac məsafədə yerləşir.
Buxaranın da bir neçə tüməni1 vardır. Şəhər çox gözəldir. Meyvəsi bol və gözəl olur. Qovunu fövqəladə yaxşı olur. Mavəraünnəhrin heç harasında Buxarada olduğu qədər bol və yaxşı qovun tapılmaz. Gərçi Fərqanə vilayətində Axsinin mir-teymuri adlanan qovunu buranınkından daha ləzzətli və daha gözəldir, lakin Buxarada hər növ qovun bol və yaxşıdır. Buxaranm əriyi də məşhurdur. Buxara əriyi kimi ərik heç bir yerdə tapımaz. Qabığını soyub qurudur və nadir mal kimi vilayətdən (49 a) vilayətə göndərirlər. Mülayimət [bağırsaq yumşaqlığı] üçün fövqəladə yaxşı bir dərmandır. Quşu, toyuğu və qazı çoxdur. Mavəraünnəhrdə Buxara şərablarından daha qüvvətli şərab tapılmaz. Mən Səmərqənddə işki içdiyim ilk vaxtlarda Buxara şərablarını içirdim.
Keş vilayəti Səmərqəndin cənubunda, doqquz ağac məsafədədir. Səmərqənd ilə Keş arasında İtmək Dabanı adlı bir dağ vardır. Yontma üçün işlənən daşları bu dağdan gətirirlər. Baharda ova və şəhərin hər yeri çox gözəl bir yaşıllığa büründügü üçün oraya Şəhrisəbz [Yaşil Şəhər] də deyirlər.
Teymur bəy Keşdə doğulduğuna görə bu şəhəri paytaxt etməyə çalışırdı. Keşdə böyük binalar tikdirdi. Divan qurmaq üçün özünə böyük bir qalereya, sağ və sol tərəfinə tavaçı2 bəyləri ilə divan bəylərinin oturması üçün bir az kiçık iki qalereya da tikdirmişdir. Bir də ərizəçilərin oturması üçün bu divanxananın bir tərəfinə kiçık otaqlar inşa etdirmişdir. Bu qədər böyük qalereya dünyada az tapılar və Kisri qalereyasından daha böyük olduğu söylənir.
Bundan başqa, Keşə bir mədrəsə və bir də mavzoley tikdirmişdir. Cahangir Mirzənın və digər bəzi övladlarının qəbrləri (49 b) oradadır. Amma Keşin şəhər kimi inkişaf qabiliyyəti Səmərqənd qədər olmadığı üçün Teymur bəy paytaxt olaraq Səmərqəndi seçmişdir.
Qarşı vilayətinə Nəsəf və Nəxşəb də deyirlər. Qarşı moğolca bir söz olub məzar deməkdir. Ehtimal ki, bu ad buraya Çingiz xan istilasından sonra verilmişdir. Suyu azdır, baharı yaxşı keçir, əkini və qovunu yaxşı olur. Səmərqəndin cənubunda və bir qədər də qərbə doğru on səkkiz ağac məsafədədir. Yalnız qılquyruq1 dedikləri və bağrı-qaraya2 bənzər bir quş vardır ki, Qarşı vilayətində lap çoxdur, o tərəflərdə ona mürğaki-Qarşı [Qarşı quşu] deyirlər.
Vilayətlərindən biri də Xüzar, digəri isə Kərminə olub Səmərqəndlə Buxara arasındadırlar. Digər vilayətlərlə müqayisədə suyu ən bol vilayət olan Qara göl isə Buxaranın şimal-qərbində və yeddi ağac məsafədədir.
Səmərqəndin gözəl tümənləri də vardır, eynən Soğd və ona yaxın digər tümənlər kimi. Yar-yaylaqdan başlayaraq Buxaraya qədər kənd və məmurə olmayan tək bir ağaçlıq məsafə belə yoxdur. Bura elə məşhurdur ki, Teymur bəy: «Mənim bir bağım var ki, uzunluğu otuz ağacdır» demiş və bunu deyərkən də bu tümənləri nəzərdə tutmuşdur.
Bu tümənlərdən biri olan Şavdar Səmərqənd şəhərinə və onun dış məhəllələrinə bitişikdir. Çox yaxşı bir tüməndir. Bir tərəfində Səmərqənd ilə Şəhrisəbz arasındakı dağ (50 a) yerləşir. Kəndlərinin çoxu bu dağın ətəyindədir. Bir tərəfində də Kuhək çayı vardır. Havası xoş, səfalı, suyu bol, meyvəsi çox və fövqəladə gözəl bir tüməndir. Misiri və Şamı görən səyyahlar buraya bənzəyən başqa bir yer görmədiklərini söyləyirlər.
Səmərqəndin bunlardan başqa tümənləri də vardır, lakin onlar yuxarıda bəhs edilənlər qədər [diqqətəlayiq] deyildir. Bu qədərlə kifayətləndik.
Teymur bəy Səmərqəndin idarəsini [ən böyük oğlu] Cahangir Mirzəyə vermişdi və Cahangir Mirzənin ölümündən sonra onun böyük oğlu Məhəmməd Sultan Mirzəyə verdi. [Daha sonra isə Teymur bəyin oğlu] Şahrux Mirzə bütün Mavəraünnəhr vilayətini böyük oğlu Uluğ bəy Mirzəyə vermişdi.
Uluğ bəy Mirzədən isə oğlu Əbdüllətif Mirzə aldı. Bu beş günlük fani dünya üçün elə danişmənd və ixtiyar atasını şəhid etdi.
Uluğ bəy Mirzənin ölüm tarixi bu şəkildə zəbt edilmişdir:
Uluğ bəy ki, bəhri-ülumi-xirəd
Ki, dünyə vü dinra əzu bud poşt,
Zi Abbas şəhdi-şəhadət çəşid,
Şodəş hərfi-tarix «Abbas koşt»3.
Uluğ bəy elmin və ağlın dənizi,
Dünya və dinin dəstəyi idi,
Abbasdan şəhadət balını daddı,
(Abbas tərəfindən öldürüldü).
Tarixi «Abbas öldürdü» oldu.
Gərçi Əbdüllətif Mirzə də beş-altı-aydan artıq səltənət sürmədi. Necə ki bu məşhur beytdə söylənmişdir:
Pədərküş padşahira nəşayəd,
Əgər şayəd bə şeş mahəş nəpayəd.
Atasını öldürən padşahlığa yaraşmaz,
Əgər olsa belə, altı aydan çox səltənət sürməz.
Onun ölüm tarixi də bu şəkildə zəbt edilmişdir:
Əblüllətif kisrəvi-Cəmşid fər ki bud,
Dər silki-bəndəqanəş Fəridun ü Zərdixuşt,
Baba Hüseyn kuşt şəbi-cüməəş bə tir,
Tarixəş in nəvis ki «Baba Hüseyn kuşt»1.
Əbdüllətif Cəmşid kimi həşmətli bir padşahdı, (50 b)
Firidun və Zərdüşd onun bəndələri arasındaydı.
Baba Hüseyn cümə gecəsi onu oxla öldürdü.
Tarixini belə yaz: «Baba Hüseyn öldürdü».
Əbdüllətif Mirzədən sonra Səmərqənd taxtına Şahrux Mirzənin nəvəsi, İbrahim Sultan Mirzənin oğlu və Uluğ bəy Mirzənin kürəkəni olan Abdullah Mirzə keçdi. Bir il yarım-iki il qədər padşahlıq etdi.
Ondan sonra iqdidarı [Şahruxun böyük qardaşı Miranşahın böyük oğlu] Sultan Əbu Səid Mirzə ələ aldı və özü hələ sağ ikən böyük oğlu Sultan Əhməd Mirzəyə verdi. Beləliklə, Sultan Əbu Səid Mirzənin ölümündən sonra Sultan Əhməd Mirzə padşahlıq etdi.
Sultan Əhməd Mirzənin ölümündən sonra Səmərqənd taxtına [qardaşı] Sultan Mahmud Mirzə oturdu. Sultan Mahmud Mirzədən sonra isə [oğlu] Baysunqur Mirzəni padşah etdilər. Tarxanlar üsyanları zamanı Baysunqur Mirzəni həbs edərək, kiçık qardaşı Sultan Əli Mirzəni bir-iki gün üçün taxta keçirdilər. Bu kitabda göstərildiyi kimi, Baysunqur Mirzə taxtı təkrar əldə etdi və Baysunqur Mirzədən də mən aldım. Digər keyfiyyətlər isə bundan sonrakı vəqayede bildiriləcəkdir.
BABURUN SƏMƏRQƏND TAXTINA
ÇIXMASINDAN SONRA YARANAN QARIŞIQLIQ
Səmərqənd taxtına oturduqdan sonra, Səmərqənd bəylərinə əvvəllər olduğu kimi yenə də inayət elədim. Bizimlə olan bəylərə də mövqe və ləyaqətlərinə görə (51 a) ehsan və iltifat göstərdim. Sultan Əhməd Tənbələ isə digərlərindən daha artıq iltifat edildi, içki bəyləri zümrəsində ikən böyük bəylər cərgəsinə keçirildi.
Səmərqəndi yeddi ay mühasirə edib böyük çətinliklərlə almışdıq və Tənbəl bizə qoşulan zaman əsgərin əlinə bəzi qənimətər keçmişdi. Bu arada Səmərqənd dışında bütün digər vilayətlər də mənim, ya da Sultan Əli Mirzənin idarəsinə öz istəkləri ilə girmişdilər. Bu üzdən də zatən bizə tabe olmuş vilayətlər yağmalana bilməzdi. Üstəlik, o günə qədər çox ağır bir yağmaya uğramış bu vilayətlərdən hər hansı bir şey almaq mümkün də deyildi. Əsgərin qəniməti tükəndi. Səmərqəndi alarkən şəhər o qədər xarab bir vəziyyətdə idi ki, hələ bir müddət yardıma, toxuma və özünə gəlməyə möhtac idi, insan oradan necə bir şey ala bilərdi. Bu üzdən əsgər çox sıxıntı çəkdi. Biz də onlara bir şey verə bilmədik. Evləri üçün də darıxdılar və beləliklə, tək-tək, iki-iki qaçmağa başladılar, ilk qaçan adam Xanqulu Bəyanqulu, ardından İbrahim Bəycik [Tağayi] oldu. Moğollar tamamən qaçdılar. Sonra isə Sultan Əhməd Tənbəl belə qaçdı.
Bu iğtişaşın yatışdırılması üçün Xoca [Mövlana] qazını göndərdik. Uzun Həsən (51 b) xoca ilə olduqca səmimiydi və ona güvənirdi. Xoca [Mövlana] qazı Uzun Həsənlə birlikdə bu qaçanların bir qismini cəzalandıracaq və bir qismini də bizim yanımıza göndərəcəkdi. Lakin bu iğtişaşa səbəbiyyət verən və buradan qaçıb gedənləri pisliyə sövq edən adam, sən demə, nankor Uzun Həsənin elə özü imiş. Sultan Əhməd Tənbəlin oraya getməsi ilə hamısının yamanlıqları üzə çıxdı.
Səmərqəndi ələ keçirmək üçün neçə ildir durmadan qoşun çəkirdik. Gərçi [moğol xanı və Baburun dayısı] Sultan Mahmud xanın, hər zaman olduğu kimi, yenə heç bir köməyi dəyməmişdi, amma buna baxmayaraq Səmərqəndin fəthindən sonra Əndicanı istəyirdi. Bu əsnada qoşunun böyük bir qismi və moğollarm hamısı qaçıb Əndicana və Axsiyə getmişdi. Uzun Həsən ilə Tənbəl isə o vilayətlərin [Baburun qardaşı] Cahangir Mirzəyə verilməsini istədilər. Lakin bu vilayətlərin ona verilməsi bir çox səbəbdən mümkün deyildi. Səbəblərdən biri bu idi ki, bu haqda daha əvvəl verilmiş bir söz olmamasına baxmayaraq həmin vilayətləri xan istəyirdi. İndi xan istədiyi halda, bu vilayətləri qalxıb Cahangir Mirzəyə versək, xan ilə bütün münasibətlərimiz pozulardı. İkinci səbəb də o idi ki, bunlar oraları əsgərin qaçaraq o vilayətə getdiyi əsnada və təzyiq yolu ilə istəyirdilər. Əgər daha öncə (52 a) arada belə bir şey qərarlaşdırılmış olsaydı, bəlkə də ola bilərdi. Amma onların təzyiqinə kim boyun əyər ki?
Moğollar və Əndican əsgərləri, bəylərin və içkilərin bir bölümü də Əndicana getmiş, Səmərqənddə mənimlə birlikdə yaxşı-pis minə yaxın adam qalmışdı. İstədiklərini ala bilməyən Uzun Həsən və Tənbəl qaçıb gedən və yersiz qorxulara qapılan adamları da özlərinə qoşdular ki, bu qorxaqlar onsuz da Allahdan belə bir şey istəyirdilər. Beləliklə, Uzun Həsən və Tənbəl Axsi üzərindən Əndicana qoşun çəkərək öz pislik və düşmənliklərini açıq şəkildə biruzə verdilər.
Tulun Xoca barin [əşirətinin] ən cəsur və qazax igidlərindən biri idi. Atam Ömər Şeyx Mirzə ona həmişə diqqət və qayğı göstərmişdi, mən də yetişdirib bəy eləmişdim. Fövqəladə cəsur və qazax bir igid idi, hər cür iltifata layiq idi. Moğollar arasında hörmət və etimad edilən adamımız o idi. Moğol ulusu Səmərqənddən qaçmağa başlayanda əsgərlərə nəsihət edib yersiz qorxuları onların ürəklərindən çıxarmasrı və onları təhlükədən qoruması üçün Tulun Xocanı göndərmişdik. (52 b) Lakin bu fitnəçi və nankor adamlar əsgərləri o hala gətirmişdilər ki, vəd, nəsihət və təhdid heç bir fayda vermirdi.
Tulun Xocanın köçü Ribatək-Örçünü deyilən iki su arasında idi. Uzun Həsən ilə Sultan Əhməd Tənbəl Tulun Xocanın üzərinə bir dəstə axınçı göndərdilər və onu qəfil ovlayaraq ələ keçirib öldürdülər. Sonra da Uzun Həsən və Tənbəl Cahangiri də yanlarına alaraq gəlib Əndicanı mühasirə etdilər.
Dostları ilə paylaş: |