BABURUN ƏNDİCANI YENİDƏN ƏLƏ KEÇİRMƏSİ
Əndicanın düşmənin üzünə bağlandığı xəbəri gələndə Mərginandan günəş doğarkən dərhal hərəkət edərək günorta vaxtı Əndicana çatdım. Nasir bəyi, oğulları Dost bəy ilə Mirim [Nasir] bəyləri gördüm. Xatirlərini soruşdum, inayət və şəfqət göstərdim. İki il vardı ki, ata vilayəti əldən çıxmışdı (63 b), ancaq 904-cü ilin zilqədə ayında [=1499 iyun-iyul] tanrı təalanın inayəti ilə təkrar geri aldıq.
Sultan Əhməd Tənbəl isə Cahangir Mirzə ilə birlikdə Oşa doğru çəkilmişdi. Oşa girincə orada da xalq ona qarşı üsyan edərək onu Oşdan qovdu və kurqanı bizim üçün qoruyaraq bizə adam göndərdi. Cahangir Mirzə ilə Tənbəl öz tərəfdarlarından bir neçə adamla birlikdə şaşqın bir halda gedib Özgəndə girdilər.
Uzun Həsən də Əndicana girə bilməyincə Axsi tərəfinə getmişdi və Axsi ərkinə girdiyi xəbəri gəldi. Bütün bu fitnələrin başı Uzun Həsən olduğu üçün bu xəbər gələn kimi Əndicanda dörd-beş gündən artıq qalmayaraq Axsiyə hərəkət etdik. Oraya çatanda çarəsiz qalıb aman dilədi və əhd edib kurqanı təhvil verdi.
Bir neçə gün Axsidə qaldım. Axsi, Kasan və o yurdun işlərini sahmanlayıb köməyə gələn moğol bəylərinə izin verdikdən sonra Uzun Həsəni köçü və adamları ilə birlikdə alaraq Əndicana gəldik. Axsinin idarəsini müvəqqəti olaraq Qasım Əcəbə verdim. O, əvvəlcə içki dərəcəsində idi, sonra mənim yanımda bəylik dərəcəsinə yüksəlmişdi.
Uzun Həsənlə əhd bağlandığı üçün canına və malına zərər və ziyan vurulmadan Qara Təkin yoluyla Hisar tərəfinə (64 a) getməsinə izin verildi. Bir neçə adamıyla Hisara getdi. Qalan adamları isə ondan aynlaraq yanımızda qaldılar. O qarışıq günlərdə bizim və Xoca [Mövlana] qazının adamlarını ələ keçirib soyan şəxşlər bunlar idi. Bəzi bəylərlə görüşüldükdən sonra bunlar haqqında bu qərar verildi: «Bütün bu fəsad və fitnələri çıxaran, bizə tabe bunca mömini və müsəlmanı tutub soyanlar bunlardır. Öz bəylərinə nə vəfa etdilər ki, bizə nə sədaqət göstərsinlər. Bunları yaxalayıb mallarını zəbt etdirsək nə olar? Bunların gözümüzün önündə, bizim atlarımıza minib bizim paltarımızı geyib bizim yeməyimizi yemələrinə kim dözə bilər. Onları yaxalayıb mallarını əllərindən almaq yerinə onlara mərhəmət etsək, yalnızca qazaxlıqlarda və möhnətlərdə bizimlə birlikdə olanların mallarını geri almalarına izin versək, bu qədərlə qurtula bildiklərinə şükr etmələri lazımdır».
Nəticədə bu qərar çox məqbul göründü və bu adamların yalnızca özlərinə aid əşyaları almaları əmr edildi. Gərçi bu qərar məqbul və doğru olsa belə bir az tələsik verilmişdi. Cahangir Mirzə kimi bir düşmən yaxınımızda ikən bu adamları (64 b) bu şəkildə ürkütməyin heç bir mənası yoxdu. Məmləkətlər alıb idarə edərkən bəzi işlər görünüşdə məqbul və doğru görünə bilər, lakin qərarların üzərində yüz min dəfə diqqətlə düşünmək lazımdır, yaxşı düşünmədən verdiyimiz bu qərardan çox qarışıqlıq və fitnələr çıxar. Nəticədə Əndicandan ikinci dəfə çıxmamıza düşünmədən verdiyimiz bu qərar səbəb oldu. Bu üzdən də moğollar öz aralarında qarışıqlıq yaradıb qorxuya qapıldılar və iki su arası dedikləri Ribatək-Örçümdən Özgənd tərəflərinə köç edərək Tənbələ adam göndərdilər.
Anamın yanında min beş yüz-iki minə yaxın moğol vardı. Həmzə Sultan, Mehdi Sultan və Məhəmməd Duğlat ilə birlikdə yenə bu miqdarda moğol da Hisardan gəlmişdi. Pislik və xaos daim moğol ulusundan törəmişdir. İndəyə qədər mənimlə beş dəfə düşmən oldular. Düşmən olmalarının səbəbi mənimlə dil tapa bilməmələri deyildi. Öz xanlarına qarşı da bir neçə dəfə eyni şəkildə hərəkət etmişdilər.
Bu xəbəri mənə Sultanqulu Çanaq gətirdi. Bu yaxınlarda vəfat edən atası Xudaverdi Buqaqa (65 a) moğollar içində çox hörmət etmişdim. O, moğollarla birlikdə olurdu. Öz xalqından və ulusundan ayrılaraq mənə bu xəbəri gətirdi. Gərçi bu dəfə yaxşı hərəkət etdi, lakin sonra elə qəbahətlərə yol verdi ki, bunun kimi yüz min xidmət eləsə də onu ört-basdır edə bilməzdi. Bu barədə sonra danışacağam. Sonradan etdiyi qəbahətlər də moğol olmasından qaynaqlanırdı.
Xəbər gəlincə bəyləri toplayıb vəziyyəti müzakirə etdik. Bəylər bunun əhəmiyyətsiz bir məsələ olduğu, padşahın səfərə çıxmasına gərək olmadığı və bütün bəylərin Qasım bəy komandanlığında hərəkət etməsinin kifayət olacağı fikrində həmrəy oldular. Buna qərar verildi. Bunu asan sandılar, lakin bu fikir yanlış imiş. O gün Qasım bəy bəyləri və əsgəri alıb yola çıxdı. Bunlar gedincəyə qədər Tənbəl də gəlib moğollara qoşulubmuş. Ertəsi gün sabah tezdən Aylamış çayının Yastı keçid adlı keçidini aşınca birdən-birə onlarla qarşılaşır və yaxşıca vuruşurlar. Qasım bəy Sultan Məhəmməd Arğun ilə şəxsən qarşılaşaraq iki-üç dəfə qılıncla vuruşduğu halda başa çıxa bilmir. Bir çox igidimiz qılıncla vuruşur, lakin axırda məğlub olurlar. (65 b)
Qasım bəy, Əli Dost Tağayi, İbrahim Saru, Veys Lağari və Seydi Qara ilə bəylərdən və içkilərdən üç-dörd adam qurtuldu. Digər bəy və içkilərin çoxu ələ keçdi. Əli Dərviş bəy, Mirim Lağari, Tuka bəy və [atası] Şirim bəy Tağayi, Məhəmməd Dost, Əli Dost, Mirşah Koçin və Mirim Divan da onların arasındaydı.
Bu müharibədə iki igid qılıncla gözəl vuruşdu. Bizim tərəfdən İbrahim Sarunun kiçık qardaşlarından Səməd adlı biri ilə qarşı tərəfdən Hisar moğollarından Şahsuvar adlı biri qarşılaşır. Şahsuvar elə bir vuruş vurur ki, qılınc dəbilqəni yararaq Səmədin başına işləyir. Səməd yaralı olmasına baxmayaraq Şahsuvarın başına elə bir zərbə endirir ki, qılınc Şahsuvarın başından ovuc qədər bir sümük parçasını alıb götürür. Şahsuvarın dəbilqəsi yox imiş, başını sarıdılar və yaxşı oldu. Səmədin başını sarıyacaq adam yox idi, üç-dörd gün sonra bu yaradan öldü.
Qazaxlıq və fəlakətlərdən qurtularaq vilayəti yenicə aldığımız bir əsnada gerçəkləşən bu məğlubiyyət çox vaxtsız oldu. Mənə böyük bir dəstək olan Qənbər Əli Moğul [Səllah] Əndican alındığı zaman vilayətinə getmiş olduğundan (66 a) burada yox idi. Vəziyyət belə ikən [Sultan Əhməd] Tənbəl də Cahangiri yanına alaraq Əndicanın bir şəri məsafəsində yerləşən Eyş təpəsinin önündəki çayıra gəldi. Bir-iki dəfə Çihil Doxtəran üzərindən əsgərini düzərək Eyş təpəsinin ətəyinə qədər irəlilədi, ancaq bizim igidlər qüvvələrini bir araya gətirib məhəllə və bağların arxasına qədər irəliləyərək onlara qarşı çıxdıqları üçün daha artıq irəli gedə bilmədilər və təpənin ətəyindən geri qayıtdılar.
Tənbəl bu tərəfə gələndə ələ keçirdiyi bəylərdən Mirim Lağari ilə Tukayı öldürdü. Bir aya yaxın bu ətrafda oturdu, lakin heç bir iş edə bilmədən Oş tərəfinə qayıtdı. Oş İbrahim Saruya verilmişdi və orada onun adamı vardı. Oşu Tənbələ qarşı bağladılar.
FƏRQANƏ - 905 (8 AVQUST 1499 - 28 İYUL 1500)
DOQQUZ YÜZ BEŞİNCİ İLİN HADİSƏLƏRİ
Vilayətlərin atlı və piyada əsgərlərinə təcili xəbərçilər və tədarükçülər göndərildi. Qənbər Əliyə və öz vilayətlərinə getmiş olan əsgərlərə də xəbərçilər yollayıb qalxan, qazma, balta və əsgərin silahlandırılmasına lazım olan digər şeylər üçün tədbirli tədarükçülər təyin edildilər. Vilayətdən əsgər ola biləcək atlıları, piyadaları və hər tərəfə işlə bağlı getmiş olan adamları və sipahiləri toplayaraq Tanrıya təvəkküllə məhərrəm ayının (66 b) on səkkizində [=25 avqust 1499] Hafiz bəyin [Məhəmməd Dulday] çarbağına hərəkət etdim. Bir-iki gün çarbagda qalıb çatışmayan paltar və sursatı hazırlayıb tamamladıqdan sonra atlı və piyada əsgərin sağ qol, sol qol, mərkəz və önçü hissələrini düzənləyib səf halında Oş tərəfə müxaliflərin üstünə yürüdük.
Oşa yaxınlaşanda müxaliflərin o civarda dura bilməyərək oranın şimalında yerləşən Ribati-Sərhəng tərəfinə getdikləri xəbəri gəldi. O gecə Latkənd kəndinə endik. Sabah tezdən hərbi bir nizamla Oşdan keçərkən müxaliflərin Əndican tərəfinə getdiyini xəbər aldıq. Biz də Özgənd üzərinə yürüdük və bizdən öncə o civarı yağmalaması üçün axınçı göndərdik.
Əndicana getmiş olan müxaliflər ora çatıb gecə ikən xəndəyə girərək divarlara nərdivan qoyarkən kurqandakılar bunu eşidir, müxaliflər də heç bir şey edə bilmədən geri qayıdırlar. Bizim axınçılarımız da Oş civarını yağmalamaqla birlikdə ciddi bir şey ələ keçirmə bildən dönüb gəldilər.
MADU KURQANININ ALINMASI
Oş vilayətinin kurqanlarından olan Madu kurqanı o zaman öz möhkəmliyi ilə məşhur idi. [Sultan Əhməd] Tənbəl kiçık qardaşı Xəlili iki yüz-iki yüz əlli adamla orada qoymuş (67 a) və Xəlil kurqanı bağlamışdı. Biz gəlib savaşaraq Madu kurqanını almağa çalışdıq.
Madu kurqanı çox sağlam bir kurqandır. Şimal tərəfində bir çay var. Kurqan olduqca yüksəkdə yerləşir. Çaydan ox atılırsa, bəlkə də divarına çatmaz. Su yolu da o tərəfdədir. Bu yolu kurqandan aşağıya doğru küçə şəklində iki tərəfinə divar tikərək nəhrə qədər gətirmişlər. Təpə tərəfləri xəndəkdir.
Çay yaxın olduğu üçün buradakı daşlardan qazan qədər böyük olanları alıb kurqana çıxarmışlar. Madu kurqanından o qədər böyük daşlar atdılar ki, bu qədər kurqan müharibəsi olduğu halda heç bir kurqandan belə daşlar atılmamışdır. Katda bəyin böyük qardaşı Əbdülqüddüs Kuhbər divarın dibinə qədər çıxmışdı. Divardan üzərinə o qədər daş atdılar ki, Əbdülqüddüs heç bir yerə toxunmadan havadan birbaşa uçaraq bu qədər yüksək yerdən kurqan bayırının dibinə qədər yuvarlana-yuvarlana gəldi. Lakin heç bir şey olmadı, dərhal atına minib getdi. Su yolunda Yarəli Bilala bir daş ataraq başını partlatdılar. Bir çox adam bu daşlardan (67 b) öldü.
Sabah tezdən təkrar müharibəyə başlandı və günortada əvvəl su yolu alındı. Savaş axşama qədər davam etdi. Artıq su yolu alındığı üçün bir şey edə bilmədilər və ertəsi sabah aman diləyib kurqandan çıxdılar. Tənbəlin kiçık qardaşı Xəlilin dəstəsindəki yetmiş-səksən və ya yüz adam əsir edilərək, yaxşı mühafizə edilmələri üçün Əndicana göndərildi. Bizim də bəylərimiz, içkilərimiz və yaxşı adamlarımız onların əlinə düşmüşdü. Bu iş yaxşı oldu.
Madu alındıqdan sonra Oş kəndlərindən olan Ünçü-Töbə adlı yerə endik. Digər tərəfdən Tənbəl də Əndicandan dönərək Ribati-Sərhəng kəndlərindən Abi-Xan deyilən yerə gəldi. Bu iki ordunun arasındakı məsafə bir ağac idi. Bu arada Qənbər Əli xəstələnərək Oşa getdi. Bir ay və ya qırx gün qədər orada qaldıq, lakin müharibə olmadı. Yalnız bizim ərzaqçılarla onların ərzaqçılan arasında kiçık çarpışmalar baş verirdi.
Bu müddət ərzində gecələr ordugahın ətrafında çox yaxşı ehtiyat tərtibatı alındı: xəndəklər qazılır və xəndək olmayan yerlərə ağac qazıqlardan əngəllər qoyulur, mövcud sipahilər də tam silahlı olaraq xəndək kənarına çıxarlardı. (68 a) Bu qədər ehtiyatlı davrandığımız halda, hər üç-dörd gündə bir gecələr əsgərlər silah başına çağırılırdı.
Bir gün ərzaqçıların başında Seydi bəy Tağayi getmişdi. Düşmənin adamları üstün qüvvələrlə gələrək ani bir vuruşma əsnasında Seydi bəyi əsir aldılar.
BAYSUNQUR MİRZƏNİN XOSROV ŞAH
TƏRƏFİNDƏN ÖLDÜRÜLMƏSİ
Xosrov şah bu il Bəlx üzərinə yürümək düşüncəsi ilə Baysunqur Mirzəni çağırıb Qunduza gətirtdi və Bəlx üzərinə yürüdü. Uyaca gəldiklərində xain və kafir Xosrov şah səltənət davasıyla -belə insaniyyətsiz, hünərsiz, dəyərsiz, qorxaq, insafsız və ədalətsiz bir adama səltənət nəsib olarmı?- Baysunqur Mirzəni bəyləri ilə birlikdə həbs etdi və onu kirişlə boğdurub məhərrəm ayının onunda [=17 avqust 1499] bu xoş təbiətli, çox fəzilətli, dəyərli və əsil şahzadəni şəhid etdi. Bəylərini və içkilərindən bəzilərini də öldürdü.
BAYSUNQUR MİRZƏ
Doğumu və nəsəbi: Baysunqur Mirzə 882-ci [=1477] ildə Hisar vilayətində doğulmuşdur. [Teymur bəyin nəvəsi Əbu Səid Mirzənin oğlu] Sultan Mahmud Mirzənin ikinci oğludur. Sultan Məsud Mirzədən kiçık, Sultan Əli Mirzə və Sultan Hüseyn ilə Xan Mirzə adıyla bilinən Sultan Veys Mirzədən böyük idi. Anası Pəşşə bəyim idi. (68 b)
Şəkil və görkəmi: böyük gözlü, yuvarlaq üzlü, orta boylu, türkmən çöhrəli və gözəl bir igiddi.
Əxlaqı və xasiyyəti: adil, insaniyyətli, xoş təbiətlı və fəzilətli bir şahzadə idi. Ustadı Seyid Mahmud şiə olduğu üçün Baysunqur Mirzə də şiəliklə ittiham edilirdi. Sonradan anlatdıqlarına görə, Səmərqənddə bu pis etiqadı buraxaraq, təmiz etiqadlı (sünni) olmuşdur. Şəraba çox düşkündü, şərab içmədiyi vaxtlarda namaz qılardı. Cömərdliyi və ehsanı orta dərəcədə idi. Nəstəliq yazısını çox yaxşı yazırdı. Nəqqaşlıq qabiliyyəti də fəna deyildi. Şeiri də yaxşı söylərdi, təxəllüsü Adil idi. Şeiri divan tərtib edəcək qədər deyildi. Bu mətlə onundur:
Sayəvar əz natəvani cabəca miəftəm,
Gər nəgirəm ruyi-divari zi pa miəftəm.
Zəifliyimdən kölgə kimi oraya-buraya düşürəm,
Əgər bir divar tapmasam yıxılaram.
Səmərqənddə Baysunqur Mirzənin qəzəlləri o qədər yayılmışdı ki, Mirzənin şeirləri olmayan ev çox az idi.
Meydan müharibələri: iki meydan müharibəsi elədi. Birincisi Sultan Mahmud xan ilə elədiyi savaşdır. Taxta çıxdığı zaman [moğol xanı] Sultan Mahmud xan Sultan Cüneyd Barlas və digərlərinin öyrətməsiylə Səmərqəndi almaq (69 a) üçün qoşun çəkərək Ağ Kötəldən keçib Ribati-Soğd və Kənbay civarına gəlmişdi. Baysunqur Mirzə də Səmərqənddən ona qarşı çıxdı və Kənbayda vuruşaraq onu möhkəm məğlub etdi. Üç-dörd min moğolun başını kəsdirdi. Xanın işlərini idarə edən Heydər Göyəldaş bu savaşda öldü. İkinci dəfə isə Buxarada [qardaşı] Sultan Əli Mirzə ilə savaşdı və yenildi.
Torpaqları: atası Sultan Mahmud Mirzə ona Buxaranı vermişdi. Atasının ölümündən sonra atasının bəyləri toplanaraq onu ittifaqla Səmərqənddə padşah elan elədilər. Buxara da bir müddət onun divanına daxil idi, ancaq tarxanlarm üsyanından sonra əlindən çıxdı. Mən Səmərqəndi alanda Xosrov şaha sığındı, Xosrov şah da Hisarı alıb ona verdi.
Heç uşağı qalmadı. Xosrov şahın yanına gedəndə əmisi Sultan Xəlil Mirzənin qızı ilə evləndi. Ondan başqa qadını və cariyəsi yox idi. Özü yalnız başına səltənət sürmədiyi üçün heç kimi öz əliylə yetişdirib böyüdərək mötəbər bir bəy edə bilmədi. Bəyləri atasının və əmisinin (69 b) bəyləri idi.
Baysunqur Mirzənin ölümündən sonra Qoç bəyin atası Sultan Əhməd Qaravul, böyük və kiçık qardaşları köçləri və əqrəbaları ilə birlikdə Qara-Təkin vilayətindən çıxaraq bizim yanımıza gəldilər. Oşda xəstə olan Qənbər Əli də xəstəlikdən qalxıb gəlmişdi. Belə bir əsnada gözlənilməyən bir yardım olaraq, Sultan Əhməd Qaravulun adamları ilə birlikdə gəlib bizə qoşulmalarını uğur sayaraq, ertəsi sabah qüvvələrimizi düzənlədik və dərhal düşmən üzərinə yürüdük. Tənbəl isə Abi-Xanda müharibə etmədən yurdundan qalxıb getdi. Çadır, kilim və araba kimi bəzi əşyaları əsgərimizin əlinə keçdi. Biz də gəlib onun yurduna endik.
O axşam Tənbəl [Baburun qardaşı] Cahangiri də yanına alıb sağ tərəfimizə yönələrək Əndican yönündə və bizdən üç ağac məsafədə olan Xuban adlı kəndə gedib girdi. Ertəsi gün biz də sağ qol, sol qol, mərkəz və önçülərimizi müəyyən edib, dava paltarımızı geyib, səflərimizi düzənləyib, qalxanlı piyadaları qabağa sürüb düşmənin üzərinə yürüdük.
Bizim sağ qolda adamlarıyla birlikdə Əli Dost Tağayi, sol qolda isə İbrahim Saru, Veys Lağari, Seydi Qara, Məhəmməd Əli Mübəşşir (Münşi), Xoca (70 a) Kəlan bəyin böyük qardaşı Kiçık bəy və digər bəzi içkilər dururdular. Sultan Əhməd Qaravul və Qoç bəy böyük və kiçık qardaşları ilə birlikdə sol qolda dayanmışdılar. Qasım bəy [Koçin] mərkəzdə mənim yanımda idi. Önçü olaraq da Qənbər Əli və digər bəzi içkilər vardı.
Xubanın cənub-şərqində və ondan bir şəri məsafədə yerləşən Saka adlı kəndə varmışdıq, düşmən də adamlarını nizamlayaraq Xuban kəndindən bizə qarşı çıxdı. Biz daha sürətli yürüdük. Hər ehtimala qarşı qalxanlı piyadalar da düzənlənmişdi, lakin düşmənlə qarşılaşanda onlar çox geridə qalmışdılar. Allahın inayəti ilə onlara heç bir ehtiyac qalmadı.
Ordular qarşılaşınca ilk öncə bizim sol qoldakı adamlarımız onların sağ qolundakılarla çarpışdılar. Xoca Kəlan bəyin böyük qardaşı Kiçık bəy orada yaxşı qılınc çaldı. Ondan sonra Məhəmməd Əli Mübəşşir (Münşi) çarpışdı. Düşmən bu qədərlə yetinərək müqavimət göstərmədən qaçdı. Sağ qol və önçü birliklərimizə üz-üzə savaşma sırası gəlmədi. Bir çox igidlərini əsir edərək gətirdilər. Başlarının kəsilməsi əmr edildi.
Bizim bəylərdən Qasım bəy ilə Əli Dost, bilxassə Əli Dost artıq ehtiyatlı davranaraq təqib qüvvələrinin (70 b) uzağa göndərilməsini uyğun görmədilər və bu üzdən də adamların çoxu ələ keçirilə bilmədi. Biz də Xuban kəndinə endik. Bu mənim elədiyim ilk meydan müharibəsi idi. Tanrı təala öz fəzli və kərəmi ilə bizə zəfər nəsib etdi, bunu uğur saydıq.
Ertəsi gün sabah olar-olmaz anamın nənəsi Şah Sultan bəyim Əndicana gəldi. Niyyəti əgər Cahangir ələ düşmüşsə, rica edib onu qurtarmaq idi.
ORDUNUN İKİ SU ARASI DEYİLƏN YERDƏ QIŞLAMASI
Qış yaxınlaşdığı üçün ovada ərzaq qalmamışdı. Bu üzdən də Özgənd üzərinə yürüməyi uyğun görməyərək Əndicana döndük. Bir neçə gün sonra danışıb buna qərar verildi: Əndicanda qışlamağımızdan düşmənə heç bir zərər və ziyan gəlməz. Bəlkə də oğurluq və qazaxlıq edərək daha da güclənər. Elə bir yerdə qışlamaq lazımdır ki, həm əsgər ərzaqsızlıqdan sıxıntıya düşməsin, həm də düşmən özünü mühasirə olunmuş kimi hiss etsin. Beləcə, iki su arasıı da dedikləri Ribatək-Örçümdə Ərmiyan və Nuşab civarında (7l a) qışlamaq niyyətilə Əndicandan bu kəndlərin civarına gəlib qışlaq düzəltdik.
Oralarda yaxşı ov yerləri var. Aylamış çayının yaxınındakı sıx ormanlarda maral və qaban çoxdur. Kolluqlarda qırqovul və dovşan boldur. Təpəli yerlərdə tülkü çoxdur və deşiklərdə olurlar. Bunlar digər yerlərdəkilərə nəzərən daha sürətlidirlər. Bu qışlaqda ikən hər iki-üç gündə bir ova çıxırdım. Böyük kolluqlarda dolaşıb maral ovlayırdıq, kiçık kolluqlarda dairə yaradaraq hərəkət edir, quş və oxla qırqovul ovlayırdıq. Buranın qırqovulu çox kök olur. Bizim o qışlaqda olduğumuz dönəmdə qırqovul əti çox bol idi.
Bu qışlaqda olduğumuz günlərdə təzəcə bəy rütbəsi verdiyim Xudaverdi Tuğçu iki-üç dəfə hücum edib Tənbəlin çapulçularını yendi və başlarını kəsib gətirdi. Əndican və Oş civarında da bizim çapulçu igidlərimiz hiylə ilə durmadan hücum edib düşmənin atlarını sürüb gətirir, adamlarını öldürürdülər. Əgər bütün qışı o qışlaqda keçirsək (7l b) düşmənin yaza qədər heç bir savaşa girmədən məğlub olma ehtimalı çox yüksək idi.
Tam bu şəkildə düşmənin qüvvəsini qırıb aciz hala saldığımız zaman Qənbər Əli vilayətinə getmək üçün izin istədi. Vəziyyəti nəzərə alaraq nə qədər mane olmağa çalışsaq da daha ziyadə cəhalət göstərdi. Qəribə yüngül və düşüncəsiz bir adam idi. İzin verməyə məcbur olduq. Əvvəlcə vilayəti Xocənddi. Əndican son dəfə alınanda İsfəra ilə Kəndi-Badam da ona verilmişdi. Bizim bəylər arasında ən çox vilayəti və ən çox adamı olan adam Qənbər Əli idi, heç kimin vilayəti və adamı onunku qədər deyildi.
Qırx-əlli gündür o qışlaqda idik. Qənbər Əliyə izin verldiyimiz üçün digər bəzi əsgərlərə də izin verdik. Ən axırda özümüz də Əndicana qayıtdıq.
SULTAN MAHMUD XANIN
ƏHMƏD TƏNBƏLƏ YARDIM GÖNDƏRMƏSİ
Qışlaqda və Əndicanda olduğumuz zaman Tənbəlin adamları durmadan Daşkəndə xanın hüzuruna gedib gəlirdilər. Xanın oğlu Sultan Məhəmmədin [Xanikə] bəy-atakəsi və xanın ən sevimli bəylərindən olan Əhməd bəy Tənbəlin doğma əmisi idı. Xanın eşik ağası olan Bəy Tilbə isə Tənbəlin doğma böyük qardaşı idi. Axırda Tənbələ yardım göndərməsi üçün xanı dilə tutdular. Hələ yardım gəlmədən (72 a) Bəy Tilbə köçünü və ailəsini Daşkənddə qoyub kiçık qardaşı Tənbələ qoşuldu. Bəy Tilbə anadan olandan bəri Moğolistandaydı və moğollar arasında böyümüşdü. Vilayətlərə girmir və vilayətlərin padşahlarına xidmət etmırdı; yalnız xanlara xidmət etmişdi.
Bu zaman qəribə bir hadisə oldu. Qasım Əcəb müvəqqəti olaraq Axsidə idi. Bir dəstə yağmacını təqib edərək onların arxalarından çıxıb Biçrata (Bxirata) üzərindən Xocənd çayını keçərkən təsadüfən Tənbəlin çoxsaylı bir dəstəsinə rast gəldi və ələ keçirildi.
Tənbəl bizim əsgərin dağılmış olduğunu eşidən kimi -zatən böyük qardaşı da xan ilə qərarlaşdıraraq gəlmiş və köməyin gələcəyi də bəlli olmuşdu- Özgənddən hərəkət edib iki su arasına gəldi. Bu əsnada Kasandan gələn xəbərlərə görə, xanın Tənbələ kömək üçün Əhməd bəylə birlikdə Sultanım deyə bilinən oğlu Sultan Məhəmməd Xanikəni göndərdiyi və onlara beş-altı min əsgər verdiyi anlaşıldı. Bunlar Arça-Kənd yoluyla gələrək Kasanı mühasirə etmişdilər.
Biz də uzaqdakı adamlarımızı gözləmədən mövcud adamlarımızla və qışın şiddətli soyuğunda Allaha təvəkkül edərək Əndicandan (72 b) qalxdıq və Bənd-Salar yoluyla dərhal Sultanım ilə Əhməd bəyin üzərinə hərəkət etdik: Gecə boyunca heç bir yerdə durmadan yürüyərək sabah tezdən Axsiyə endik. O axşam elə şiddətli soyuq vardı ki, bəzi adamların əl-ayağı dondu, bir çoxlarının da qulaqları alma kimi qabarmışdı. Axsidə də durmadıq və Qasım Əcəbin yerinə müvəqqəti olaraq Yarək Tağayini qoyub Kasan üzərinə yürüdük. Kasana bir şəri məsafə qalanda Əhməd bəyin gəlişimizi xəbər alaraq Sultanım ilə birlikdə nizamsız şəkildə dərhal geri qayıtdığı barədə xəbər gəldi.
Bu zaman Tənbəl bizim hərəkət etdiyimizi eşitmiş və qardaşına yardım üçün sürətlə gəlirmiş. Axşama doğru Tənbəlin qaraltısı Nevkənd tərəfdən göründü. Qardaşının belə asanca getməsinə və bizim də bu qədər çabuq gəlməmizə şaşırıb qaldı.
Biz «Bunu Allah belə rast gətirdi. Atları çox rulmuşdur. İndi üstünə yürüsək və Allah rast gətirsə, heç biri qurtulmaz» dedik. Amma Veys Lağari və bəziləri «Artıq çox gecdir. Bugün olmasa belə sabah (73 a) haraya gedərlər ki. Sabah tezdən harada olsa taparıq» dedilər və hücum etməyi uyğun görmədilər. Beləcə, qapıya qədər gələn düşmən heç bir zərərə uğramadan qurtuldu. «Qapıdakını qapmasan, qarıyıncaya qədər qayğırarsan (peşman olarsan)» deyə bir atasözü vardır.
Karha ra bavəqti bayəd cust,
Kari bevəqt süst başəd, süst!1
İşləri vaxtında görmək lazımdır,
Vaxtsız görülən iş süst olar,süst.
Düşmən də bu fürsəti qənimət bilib gecə heç bir yerdə dayanmadan çəkilib sabaha qədər Ərxiyan kurqanına girmişdi. Ertəsi gün onların üstünə yürüdük, amma tapa bilmədik, arxalarından gedib Ərxiyan kurqanını yaxından mühasirəyə almağı da uyğun görmədik. Gəlib bir şəri məsafədəki Qəznə-Nəmənqana endik. Beləcə, otuz-qırx gün biz o yurdda, Tənbəl isə Ərxiyan kurqanında qaldı.
Əsgərlər kiçık birliklər halında oraya gedib və ya oradan gəlib ara yolda ox atışaraq geri dönürdülər. Bir dəfə düşmən gecə basqını təşkil elədi və ordugahın dışından bir az ox atıb geri qayıtdı. Ordugah ətrafında xəndək qazıb ağac maneələr qoymaq surətilə ehtiyat tədbirləri alınmışdı. Heç nə edə bilmədilər.
Biz bu yurdda ikən Qənbər Əli iki-üç dəfə (73 b) inciyərək vilayətinə getmək istədi. Hətta bir dəfə özbaşına hərəkətə keçib yola belə çıxmışdı. Bəzi bəyləri göndərərək çətinliklə geri qaytardıq.
Bu əsnada Seyid Yusif Məcəmi Sultan Əhməd Tənbələ adam göndərib onun tərəfinə keçdi. Əndicanın dağ ətəklərində Uyğur və Məcəm deyilən iki dağ ətəyi vardır. Seyid Yusif Məcəmi bunların rəislərindən idi. Sonralar qapımda tanıman1 olmuşdu. İşi rəislikdən keçmişdi, bəylik iddiasındaydı, lakin heç kim onu bəy eləmirdi. Çox münafiq və səbatsız bir hərif idi. Əndicanı alandan bu tarixə qədər iki- üç dəfə mənə qatılaraq Tənbələ düşmən olduğu kimi, iki-üç dəfə də Tənbəllə birləşərək mənə düşmən olmuşdu. Son düşmənliyi də bu idi. Yanında xeyli el, ulus və aymaq vardı. Tənbələ qoşulmasın deyə yolda yaxalamaq üçün hərəkətə keçdik.
Ertəsi gün Bişxaran civarına gəldik. Lakin Bişxaran kurqanına Tənbəlin adamları girmişmiş. Bizim axınçı (ilqar) bəyləri Əli Dərviş bəy ilə böyük və kiçık qardaşlarıyla birlikdə Qoç bəy Bişxaran qapısında onlarla yaxşı döyüşdülər. Bunlar arasında böyük və kiçık qardaşları ilə birlikdə Qoç bəy (74 a) xüsusilə yaxşı döyüşdü; bir çox önəmli işi onlar gördü. Bişxaranın bir şəri məsafəsində yüksək bir yerə endik. Tənbəl də yanına Cahangiri alaraq Bişxaran kurqanının arxasına endi.
Üç-dörd gün sonra bizə müxalif bəylər -Əli Dost, Qənbər Əli Sallax ilə onlara tabe və birlikdə olanlar- sülh barədə danışmağa başladılar. Mənim, nə də mənə candan bağlı adamların bu sülh haqqında nə bilgiləri, nə də xəbərləri vardı və biz buna heç razı deyildik. Amma bu iki hərif bizim iki böyük bəyimiz olduğu üçün bunların sözünə qulaq asmayaraq sülh bağlamayacağımız təqdirdə onlardan nə desən gözləmək mümkündü.
Məcburən belə bir sülh bağlandı: Xocənd çayının Axsi tərəfindəki vilayətlər Cahangirə, Əndican tərəfindəki vilayətlərsə mənə aid olacaq, köçlərini götürdükdən sonra Ozgəndi bizim divana təhvil verəcəklər. Vilayətlər haqqında uzlaşılıb mənimlə Cahangir Mirzə arasında ittifaq bağlandıqdan sonra birlikdə Səmərqənd üzərinə yürüyəcəyik və Səmərqənd taxtı əldə edilincə, Əndican Cahangir Mirzəyə (74 b) veriləcəkdi. Bunlara qərar verildi. Cahangir ilə Tənbəl ertəsi sabah rəcəb ayının [=1500 fevral] sonlarında gəlib mənə bağlılıqlarını bildirdilər. Bu qərar üzərinə əhd və şərtlər bağlandı. Cahangir Mirzənin Axsi tərəfinə getməsinə izin verərək mən də Əndicana qayıtdım.
Əndicana gəldikdən sonra Tənbəlin kiçık qardaşı Xəlil və digər əsirlərin hamısı sərbəst buraxılaraq xələt geydirilib getmələrinə izin verildi. Onlar da öz tərəflərində əsir olan bəy və içkiləri, Tağayi bəy, Məhəmməd Dost, Mirşah Koçin, Seydi bəy, Qasım Əcəb, Mir Veys və Mirim Divan başda olmaq üzərə sərbəst buraxıb göndərdilər.
Əndicana gəldikdən sonra Əli Dostun xasiyyəti tamamilə dəyişdi. Mənimlə birlikdə qazaxlıqlarda və çətinliklərdə olan adamlara pis rəftar etməyə başladı. Öncə Xəlifəni [Nizaməddin Əli Barlas] qovdu. Ondan sonra İbrahim Sarunu və Veys Lağarini günahsız və səbəbsiz yerə tutdurub mallarını yağmalatdırdı və vilayətlərindən uzaqlaşdırdı. Qasım bəylə də öcəşdi. Görünüşdə buna səbəb olaraq İbrahim və Xəlifənin Xoca [Mövlana] qazının tərəfdarları olduğunu və ondan intiqam almaq ehtimalının olduğunu söyləyirdi. Oğlu Məhəmməd Dost da özünü padşah kimi (75 a) aparırdı, söhbət, ziyafət, divan və ehtişamda sultanlar kimi hərəkət etməyə başlamışdı. Bunlar Tənbələ arxalanaraq belə hərəkət etdilər. Məndə isə onların bu məqbul olmayan hərəkətlərinin qarşısını alacaq güc yox idi. Tənbəl kimi bir düşmən bunları himayə etdiyi üçün canları nə istəsə eləyirdilər. Çox həssas bir dövr idi, etiraz etmə imkanı yoxdu. O günlərdə bu ata-oğulun zorbalığından çox əziyyət çəkdik.
Dostları ilə paylaş: |