SƏRPÜL MEYDAN MÜHARİBƏSİ
Mənim Səmərqəndi aldığım zaman yanımda iki yüz qırx təcrübəli adamım (88 a) vardı. Beş-altı ay içində böyük Allahın yardımıyla sayıları o qədər artdı ki, Şeybani xan kimi bir adamla, bir az sonra bəhs edəcəyim kimi, Sərpüldə bir meydan müharibəsi elədik.
Ətrafdakılardan və xandan [Baburun dayısı Sultan Mahmud xan] dörd və ya beş yüzə qədər adamla birlikdə Əyyub Bəycik, Qaşqa Mahmud və barinlər köməyə gəlmişdi. Cahangir Mirzədən yüz və ya iki yüz adamla birlikdə Tənbəlin kiçık qardaşı Xəlil də köməyə gəlmişdi.
Şeybani xanın etdiklərini və davranışlarını ən yaxşı bilən Sultan Hüseyn Mirzə kimi təcrübə sahibi bir padşahdan köməyimə heç kim gəlmədi. Bədiüzzaman Mirzədən də heç kim gəlmədi. Xosrov şah isə qorxudan adam göndərmədi, çünki yuxarıda bəhs edildiyi kimi, o, bu ailəyə çox pisliklər eləmişdi və bizdən möhkəmcə qorxurdu.
Şəvval ayında [=1501 aprel-may] Şeybani xan ilə savaşmaq niyyətilə hərəkət edərək Baği-nova çıxdım. Əsgər toplamaq və hazırlıq üçün burada beş-altı gün qaldım. Oradan hərəkət edib bir neçə dəfə dincəldikdən sonra Sərpüldən keçərək ordugah qurduq. Ordugahın çevrəsini başdan-başa paya (88 b) və xəndəklər vasitəsilə qorunaqlı bir hala gətirdik.
Şeybani xan da digər tərəfdən gəlib Xoca-Kardzən ətrafına endi. Aramız təxminən bir ağacdı. Dörd-beş gün burada oturduq. Bizim adamlarımız və düşmənin adamları hər gün qarşı-qarşıya gəlib oxla vuruşurlardı. Bir gün düşmənin adamı bir az artıq izdihamla gəldi, xeyli müharibə oldu, lakin heç bir tərəf o birinə dov gələ bilmədi. Bizim bir alay qədər adamımız çabucaq qayıdıb xəndəyə girmişdi. Bəziləri bunun Seydi Qara bəyin alayı olduğunu söylədilər. Seyd Qara bəy sözünün əri olsa da, qılıncı bir az zəif idi.
O günlərdə Şeybani xan bir dəfə gəlib gecə basqıni elədi. Əsgərlərin ətrafı ağac maneələr və xəndəklə möhkəmləndirilib qorunaqlı hala gətirilmişdi. Ona görə də düşmən heç nə edə bilmədi. Yalnızca xəndəyin o üzündən qışqıraraq bir az ox atıb geri döndü.
Mən müharibənin sürətləndirilməsini istəyirdim. Qənbər Əli də qeyrət edirdi. Baqi Tarxan min-iki min silahlı adamla Keşə enmiş və bir-iki günə qədər bizə qoşulacaqdı. Seyid Məhəmməd Mirzə Duğlat da xan dayım tərəfindən köməyə gələrək min və ya min beş yüz adamla (89 a) Diyula enmişdi, bizdən dörd ağac məsafədə idi və sabahadək bizə qatılacaqdı. Belə bir durumda müharibəni sürətləndirdik və vuruşduq.
Be tündi səbk dəst bərdən be tiğ,
Be dəndan kəzd pəşt dəst diriğ1.
Hiddətlə əlini dərhal qılınca atan
Peşman olaraq əlinin arxasını dişləyər.
Mənim tələsməyimin səbəbi bu idi: müharibə günündə Zöhrə ulduzu arada idi. O gün sovuşsa, Zöhrə ulduzu2 on üç-on dörd gün qədər düşmənin arxasında olacaqdı. Lakin bu düşüncələr yersiz imiş və lüzumsuz tələskənlik edilmiş.
Bir sabah müharibə niyyətilə silahlanaraq atlarımıza zireh taxdıq, sağ və sol qolları, mərkəz və irəli qol səflərini nizamlayaraq hərəkətə keçdik. Sağ qolda İbrahim Saru, İbrahim Cani, Əbülqasım Kuhbər və digər bəzi bəylər; sol qolda Məhəmməd Məzid Tarxan, İbrahim Tarxan, Səmərqənd bəylərindən Sultan Hüseyn Arğun, Qara Barlas, Pir Əhməd və Xoca Hüseyn, mərkəzdə Qasım bəy və bəzi yaxın içkilər; irəli qolda isə Qənbər Əli Sallax, Bəndə Əli, Xoca Əli, Mirşah Koçin, Seyid Qasım eşik-ağa, Bəndə Əlinin kiçık qardaşı Haldar və Qasım bəyin oğlu Qoç Heydər durmuşdular. Digər mövcud yaxşı igidlərin və içkilərin hamısı də irəli qola daxil edilmişdi.
Bizim səf halında hərəkətə keçməmizlə birlikdə düşmən da qarşı tərəfdən (89 b) səf halında qabağımıza çıxdı. Düşmənin sağ qolunda [Şeybani xanın kiçık qardaşı] Mahmud Sultan, [Şeybani xanın bacısı oğlu] Cani bəy Sultan və [Şeybani xanın oğlu] Teymur Sultan, sol qolunda Həmzə Sultan, Mehdi Sultan və digər bəzi sultanlar dururdular.
Səflər bir-birinə yaxınlaşanda düşmənin sağ qolunun başı bizim arxamıza doğru yürüdü. Mən də üzümü onlara çevirdim. İrəli qolumuz isə -bütün təcrübəli və yaxşı qılınc çalan igidlərimiz irəli qola daxil idi- sağ tərəfimizdə qaldı. Önümüzdə heç adam qalmadı. Buna baxmayaraq bizə doğru gələn adamları vurub çevirərək mərkəzə sıxışdırdıq, iş artıq o dərəcəyə gəldi ki, Şeybani xanın bəzi yaşlı və böyük adamları «yürümək lazımdır, durmaq zamanı keçdi» demişlər, lakin o olduğu yerdə qalmışdı. Düşmənin sağ qolu bizim sol qolumuzu yenərək arxamıza doğru yürüdü. İrəli qol da sağ tərəfimizdə qalınca önümüz açıq qaldı. Düşmən arxadan və öndən sıxışdıraraq ox atmağa başladı.
Köməyə gəlmiş moğol əsgərlərinin savaşmağa heç niyyətləri yoxdu. Savaşmaq bir yana, bizim öz əsgərimizi yağmalayıb atdan salmağa başladılar. Yalnız burada deyil, bədbəxt moğolun (90 a) adəti daima belədir. Qalib gəlsə də qənimət (olca) alır, məğlub da olsa öz elini yağmalayıb qənimət alır.
Önümüzdəkilər neçə dəfə şiddətli şəkildə hücum etsələr də, hər dəfə onları geri oturtduq. Önümüzdən bizi xeyli sıxışdırdılar. Arxamıza keçən adamlarsa gəlib bizim alaya ox atmağa başladılar. İrəlidən və arxadan sıxışdıraraq əsgərimizi bir az sarsdılar. Özbəklərin savaşdakı böyük hünəri bu çevirmə (tolğama) hərəkətidir. Onların heç bir savaşı tolğamasız olmaz. Başqa bir hünərləri də budur ki, irəlidə və arxada bəy və nəfərlərin hamısı ox ataraq dördnala gəlir və döndükləri zaman da toplu halda dördnala geri çəkilirlər.
Mənim yanımda on-on beş adam qalmışdı. Kuhək çayı yaxındı. Sağ qolun bir ucu çaya varmışdı. Biz də çaya doğru yürüdük. Çayın suyunun çəkildiyi günlər idi. Çaya çatınca zirehli bir halda suya girdik. Çayın yarısından çoxunu yürüyərək keçdik. Qalan qismi dərindi. Bir ox atımı qədər yeri atları zirehli halda üzdürərək keçdik. Suyu keçəndən sonra zirehləri atdıq.
Suyun şimal tərəfinə keçincə düşmənin (90 b) təqibindən qurtulduq, lakin burada da dağınıq adamlarımızı atdan salıb soyanlar bu uğursuz moğollardı. İbrahim Tarxanı və başqa bir çox igidi moğollar yağmalayıb, atdan salıb tələf etdilər.
Kuhək çayının şimal tərəfindən gəlib Külbə civarından keçdik, iki namaz arası Şeyxzadə darvazasından girərək ərkə gəldim.
Böyük bəylər, yaxşı igidlər və bir çox adam bu müharibədə tələf oldu. Burası qəribədir ki, bu savaşda İbrahim adlı üç böyük bəy, yəni İbrahim Tarxan, İbrahim Saru və İbrahim Cani həlak oldu. Qasım bəyin böyük oğlu Əbülqasım Kuhbər, Xudaverdi Tuğçu, əvvəlcə də haqqında bir neçə dəfə bəhs edilən Sultan Əhməd Tənbəlin kiçık qardaşı Xəlil də bu savaşda öldü.
Bəylərin bir qismi müxtəlif yönlərə qaçdılar. Bunların arasında Məhəmməd Məzid Tarxan Hisar və Qunduz tərəfinə Xosrov şahın yanına getdi. Qənbər Əli Sallax moğol da çox inayət etdiyimiz bəylərimizdən idi və bu qədər inayət gördüyü halda belə bir zamanda sadiq qalmayıb Səmərqənddən köçünü də alaraq Xosrov şahın yanına getdi. (91 a) İçki və igidlərdən bəziləri də, məsələn, Kərimdad Xudadad Türkmən, Canikə Göyəldaş və Molla Baba Pəşağari Ura-Təpə tərəfinə getdilər. O zamanlar Molla Baba xidmətdə deyildi, yalnızca qonaq olaraq yanımızda idi. Bəziləri bizimlə birlikdə Səmərqəndə girdilər. Bunların arasında Şirim Tağayi və adamları da vardı.
Məsləhətləşərək həyatı və ölümü Səmərqənd kurqanının içində görüb kurqanı gücləndirməyə qərar verdik. Anamla birlikdə böyük və kiçık bacılarım da kurqanda olduqları halda Şirim Tağayi öz köçünü, ailəsini və adamlarını şəhərdən çıxarıb Ura-Təpəyə göndərdi. Özü kurqanda tək başına, yalnızca bir neçə adamıyla qaldı. O, təkcə bu dəfə deyil, belə çətin vəziyyətlərdə həmişə zəiflik və sədaqətsizlik göstərmişdir.
BABURUN SƏMƏRQƏNDDƏ ŞEYBANİ XAN
TƏRƏFİNDƏN MÜHASİRƏYƏ ALINMASI
Ertəsi sabah Xoca Əbülməkarimi, Qasım bəyi, bəyləri, içkiləri və divana çağrılacaq bütün igidləri dəvət etdik, məsləhətləşdik, kurqanı gücləndirməyə, həyatı və ölümü kurqanın içində görməyə qərar verdik. Mən, Qasım bəy, ətrafımdakı içki və igidlər ehtiyat qüvvətləri idik. Onun üçün şəhərin ortasında Uluğbəy Mirzənin mədrəsəsinin damının üstünə (91 b) ağ bir çadır qurduraraq oturdum. Digər bəylərə və igidlərə isə darvazalarda və ətrafdakı divarlarda postlar tapşırıldı.
İki-üç gün sonra Şeybani xan gələrək kurqanın bir az uzağına endi. Məhəllə və kəndlərin avam təbəqəsi bölük-bölük toplanaraq, salavat gətirib mədrəsə qapısına gəlir və çarpışmaya çıxırdılar. Şeybani xan bunlara qarşı hərəkətə keçir, lakin kurqanın yaxınına gələ bilmirdi. Bir neçə gün bu şəkildə keçdi. Ox və qılınc yarası görməyən, nizamlı bir meydan müharibəsinin və qarşılıqlı çarpeşmanın nə olduğunu bilməyən qara camaat bu durumdan cəsarət alaraq daha uzaqlara çıxmağa başladı. Təcrübəli igidlər onların belə faydasız çıxışlarının qabağını almaq istəyəndə onlara həqarət eləməyə başladılar.
Bir gün Şeybani xan Ahənin qapısı tərəfinə hücum etdi. Qara camaat cəsarət aldığı üçün hər zamanki kimi cürətkarlıq göstərərək ona qarşı uzağa çıxdı. Onların arxasından bəzi igidlərlə süvari bölüyü çıxardım. Üşdür-Gərdən tərəfinə göyəldaşlardan və yaxın içkilərdən Noyan Göyəldaş, Qul Nəzər Tağayi, Məzid [Tağayi] və digər bir çoxları da çıxmışdı. Orada bir-iki özbək (92 a) bunların üstünə at sürdü və Qul Nəzər ilə qılınc-qılınca gəldi. Özbəklər atdan endilər, şəhərin qara camaatını sıxşdırıb qovaraq Ahənin darvazasına tıxdılar.
Qoç bəy ilə Mirşah Koçin isə Xoca Xızır məscidinin yanında qaldılar. Piyadalar qovulduqdan sonra düşmənin irəlidəki atlıları Xoca Xızır məscidinə doğru toplu bir həmlə etdilər. Qoç bəy bu irəliləyən özbəklərə qarşı çıxaraq çox yaxşı çarpışdı və böyük şücaət göstərdi. Bütün xalq bunlara baxıb durur, qaçanlar da qaçmağa davam edirdilər. Artıq ox atıb müqavimət etməyin zamanı keçmiş kimiydi. Mən qapının üzərindən navək1 atırdım və yanımdakıların bəziləri də ox atırdılar. Özbəklər yuxarıdan atılan oxlar üzündən Xoca Xızır məscidindən daha irəli gedə bilmədilər və geri qayıtdılar.
Mühasirə boyu kurqan divarı üzərində hər gecə gəzirdik. Bəzən mən, bəzən Qasım bəy, bəzən də bəylərdən və içkilərdən biri dolaşırdı. Firuzə darvazasından Şeyxzadə darvazasına qədər divar üzərində atla da gedilə bilirdi. Digər yerlərdə isə ancaq piyada (92 b) getmək mümkün idi. Bəziləri piyada dolaşırdılar və bir dövrə vurana qədər sabah olurdu.
Bir gün Şeybani xan Ahənin darvazası ilə Şeyxzadə darvazası arasına hücum etdi. Mən ehtiyatdaydım və müharibə orada olduğu üçün oraya gəldim. Qazuristan darvazası ilə Suzəngəran darvazası tərəfindən qorxumuz yox idi. O gün Şeyxzadə darvazası üstündən bir yüz başının atını navək oxuyla dəqiq vurdum, dərhal öldü.
O ara düşmən bizi çox sıxşdırdı və Üşdür-Gərdən tərəfində divarın dibinə qədər gəldi. Biz burada savaşarkən, o tərəfdən tamamən qafil idik. Düşmən iyirmi beş- iyirmi altı nərdivan hazırlamış və hər nərdivanın eni iki-üç adamın yan-yana çıxa biləcəyi qədər imış. Yeddi və ya səkkiz yüz yaxşı igidi də bu nərdivanlarla Qazuristan darvazası ilə Suzəngəran darvazası qarşısında pusquda yerləşdirmiş və sonra da digər tərəfdən hücum etmişlər. Əsgərin hamısı bu tərəfdə çarpışmaqla uğraşarkən o postun boş qaldığı bir əsnada pusqudakılar gizləndikləri yerdən çıxıb (93 a) qaça-qaça bu nərdivanları iki darvaza arasında, Məhəmməd Məzid Tarxanın həyətinin qarşısına tuş gələn divara qoymuşlar. Ora Məhəmmədqulu Koçin ilə digər bəzi bəylərin postu idi və bu bəylər Məhəmməd Məzid Tarxanın həyətində idilər. Suzəngəran darvazası Qara Barlasın postu, Qazuristan darvazası isə Şirim Tağayi ilə böyük və kiçık qardaşlarının və Qutlu Xoca Göyəldaşın postu idi. Çarpışmalar başqa tərəfdə meydana gəldiyi və postdakılar bu işdən xəbərsiz olduqları üçün adamları da işlərini-güclərinə görmək üzrə evlərinə və ya bazara dağılmışdılar. Amma post bəyləri və qara camaatdan bir neçə adam öz yerlərində qalmışdı.
Qoç bəy, Məhəmmədqulu Koçin, Şah Sufi və digər bir igid onlara qarşı çıxıb şücaət göstərdilər. Düşmənlərin bəziləri artıq divar üstünə çıxmışdı, digərləri də çıxmaqdaydı. Bu dörd adam qoşaraq yetişdilər və vuruşaraq düşməni divardan aşağı düşürüb qaçırdılar. Aralarında ən yaxşı Qoç bəy çarpışdı. Qoç bəyin xoşa gələn işlərindən biri də bu idi. Bu mühasirədə onun iki yaxşı əməli göründü.
Qara Barlas da Suzəngəran darvazası qərargahında tək qalmışdı, ancaq möhkəm dayandı. Qutlu Xoca Göyəldaşla Qul Nəzər Mirzə Qazuristan darvazasının yanındakı postda durmuşdular. Onlar da adamlarının az olmasına baxmayaraq düşmənə qarşı yaxşı ox atdılar.
Bir dəfə Qasım bəy igidləri başına yığıb özbəkləri Suzəngəran darvazasından Xoca Kəfşirə qədər sürdü, onlardan bir neçəsini ələ keçirib başlarını kəsərək geri gəldi.
Taxıl yığımı zamanı idi, lakin heç kim yeni məhsulu toplaya bilmirdi. Mühasirə günləri uzandı. Əhali çox sıxıntı çəkdi. İş o həddə çatdı ki, kasıblar və miskinlər it və eşşək əti yeməyə başladılar. Atların yemi də qurtardı. Atlara ağac yarpağı verilirdi. O zaman qazanılan təcrübədən anlaşıldı ki, atlar üçün tut yarpağı ilə qaraağac yarpağı bütün yarpaqlardan daha yaxşıdır. Bəziləri isə quru ağacları rəndələyərək yonqarını suda isladıb atlara verirdilər.
Üç-dörd ay boyunca Şeybani xan kurqana yaxınlaşmadı, uzaqdan ətrafında dolaşıb durdu. Bir gecə heç gözlənməyən bir vaxtda gecə yarısına yaxın Firuzə darvazası tərəfinə gəlib davullar çalaraq savaş nərələri atdılar. Mən mədrəsədə (94 a) olurdum. Fövqəladə bir təlaş və qarışıqlıq oldu. Ondan sonra da hər gecə gəlib davullar çalaraq, savaş nərələri atıb gurultu qoparırdılar.
Mən ətrafa və civara nə qədər elçilər və adamlar göndərsəm də, heç kimdən kömək və yardım gəlmədi. Qüvvətli olduğumuz və heç bir ehtiyacımız olmadığı zamanlarda bizə yardım etməmiş olanlar belə bir zamanda heç köməyə gələrlərmi? Onlardan gələcək yardıma bel bağlayaraq qalanı qorumaq mümkün deyil. Bir atalar sözü vardır: bir kurqanı gücləndirmək üçün bir baş, iki qol və iki ayaq lazımdır. Baş sərkərdə, iki qol iki tərəfdən gələcək imdad və yardım, iki ayaq isə kurqanın suyu və ərzağıdır.
Biz ətrafdakılardan imdad və yardım gözləyirdik, onların hər biri başqa bir fikirdə idi. Sultan Hüseyn Mirzə kimi cəsur və təcrübə sahibi bir padşah belə bizə yardım etmədiyi, hətta mənəvi yardım olaraq tək bir elçi göndərmədiyi halda mühasirə zamanı Şeybani xana elçi olaraq Kəmaləddin Hüseyn Qazürgehini göndərdi.
Tənbəl Əndicandan Beşkənd civarına gəldi. [Sultan Mahmud] xan isə Əhməd bəyi və yanındakılalı Tənbələ qarşı qoydu. Bunlar Ləkləkan (94 b) və Türək çarbağı civarında qarşılaşdılar, lakin çarpışma olmadan ayrıldılar.
Sultan Mahmud xan savaş adamı deyildi. Sipahilikdən tamamən bixəbər idi. Tənbəl ilə qarşılaşdığı zaman xan qorxaq sözlərə və hərəkətlərə yol verir. Əhməd bəy qaba, lakin cəsur və sadiq bir adamdı. Çox sərt danışırdı. O deyir ki: «Bu Tənbəl necə bir adamdır ki, bu qədər təlaş və tərəddüd göstərirsiniz. Gözünüz qorxursa, gözünüzü bağlayıb yürüyək və qarşılaşaq».
FƏRQANƏ - 907 (17 İYUL 1501 - 7 İYUL 1502)
DOQQUZ YÜZ YEDDİNCİ İLİN HADİSƏLƏRİ
Mühasirə uzandı. Heç bir tərəfdən nə ərzaq, nə də kömək gəlmədi. Əsgər və əhali ümidsizliyə düşərək bir-bir, iki-iki kurqanı qoyub qaçmağa başladı. Şeybani xan əhalinin acizliyini anlayaraq gəlib Qari-aşiqan civarında lövbər saldı. Mən də Şeybani xanın qarşısına, Quyi-Payəndə yerləşən Məlik Məhəmməd Mirzənin evinə gəldim.
O günlərdə Uzun Həsənin qardaşı Xoca Hüseyn [bəy] on-on beş adamı ilə birlikdə gəlib kurqana girdi. Daha öncə (95 a) bəhs edildiyi kimi, Cahangir Mirzənin bizə düşmən olmasına və bizim Səmərqənddən çıxmamıza o səbəb olmuşdu. Bu giriş çox cəsuranə bir giriş idi.
Əsgərin və şəhər əhalisinin darlığı və sıxıntısı arttı. Yaxın və mötəbər adamlarımız belə divardan atlılaraq qaçmağa başladılar. Bəylərimizdən, ünlü adamlarımızdan və əski silahdaşlarımızdan təkcə Şeyx Veys ilə Veys Lağari qalmışdı, onlar da qaçdılar. Mən və yanımdakılar ümidlərimizi itirdik. Heç bir tərəfdən ümid qalmadı. Ərzaq və taxıl da azdı, olanı da tükəndi. Heç bir tərəfdən nə ərzaq, nə də taxıl gəlmədi.
BABURUN SƏMƏRQƏNDİ TƏRK ETMƏSİ
Bu sırada Şeybani xan ortaya barış sözünü atdı. Əgər hər hansı bir tərəfdən ümid olsa, ya da taxıl gəlsəydi, barış sözünə kim qulaq asardı. Zərurət hasil oldu və barışa bənzər bir şey bağlayıb gecə yarısı Şeyxzadə darvazasından çıxdıq.
Validəm xanımı yanımda götürdüm. Ondan başqa iki qadın çıxdı, biri Biçkə Xəlifə, digəri Minqli Göyəldaş idi. Böyük bacım Xanzadə bəyim bu çıxışda Şeybani xanın əlinə keçdi.
Qaranlıq gecədə, Soğdun böyük kanalları arasında dolaşaraq yolumuzu itirib min bir əziyyətlə sabah tezdən Xoca-Didardan keçib sübh namazına yaxın (95 b) Qarbuğ dağına dırmandıq. Qarbuğ dağının şimalından və Xudaq kəndinin aşağısından İlanotuna doğru hərəkət etdik.
Yolda gedərkən Qənbər Əli və Qasım bəylərlə at yarışdırdıq. Mənim atım onları keçdi. Onların nə qədər arxada qaldığını görmək üçün geriyə baxdım. Sən demə, tapqır boşalıbşmış. Yəhər çevrildi və başı üstə yerə düşdüm. Düzdür, dərhal qalxıb ata mindim, ancaq axşama qədər özümə gələ bilmədim. Bu dünya və baş verən hadisələr gözümə röya və xəyal kimi görünürdü.
Axşam, namazı vaxtında İlanotunda dayanıb bir at kəsdik və ətini şişə çəkib kabab elədik. Atlara bir az dinclik verib təkrar hərəkət etdik. Dan atmazdan bir az əvvəl Xəliliyyə kəndinə gəldik. Oradan Dizəkə keçdik. O zaman Dizəkdə Hafİz Məhəmməd bəy Duldayın oğlu Tahir Dulday olurdu. Yağlı ətlər, xas çörəklər, şirin qovunlar və yaxşı üzümlər bol idi. O qədər sıxıntıdan belə bolluğa və o qədər fəlakətdən belə rahatlığa qovuşduq.
Vəhmü üsrətdən əmanə tapdıq,
Yeni can, təzə cahanə tapdıq.
Ölüm vəhmi ürəkdən çıxdı, aclığın (96 a) şiddəti boğazımızdan dəf oldu. Həyatımızda heç bu qədər istirahət etməmişdik, rahatlığın və bolluğun dəyərini bu qədər bilməmişdik. Sıxıntılı bir həyatdan sonrakı istirahət və çətinliklərdən sonrakı hüzur daha şirin və daha yaxşı imiş. Daha sonra dörd-beş dəfə daha belə sıxıntıdan rahatlığa, çətinliklərdən hüzura qovuşmuşuq, bu, ilki idi. Beləcə, düşmən bəlasından və aclıq afətindən qurtularaq bolluq və istirahətə çatdıq. Üç-dörd gün Dizəkdə istirahət etdikdən sonra Ura-Təpə tərəfinə hərəkət etdik.
Pəşağar yoldan bir az qıraqda yerləşirdi. Bir müddət orada qaldığım üçün keçərkən gedib kəndi seyr etdim. Burada uzun müddət anam xanımın xidmətində olan Atuna rast gəldim. Biz oradan çıxanda yük heyvanı tapılmadığı üçün Səmərqənddə qalmışdı. Görüşüb hal-əhval tutdum. Səmərqənddən buraya piyada gəldiyini dedi. Anam xanımın kiçık bacısı Xubnigar xanım fani dünyaya vida etmişmiş. Bunu mənə və xanıma Ura-Təpədə xəbər verdilər. Atamın anası da Əndicanda vəfat (96 b) edibmiş, bunu da burada söylədilər. Xanım xan dayımın vəfatından bəri öz anasını, kiçık bacı və qardaşları olan Şah bəyim, Sultan Mahmud xan, Sultan Nigar xanım və Dövlət Sultan xanımları görməmişdi. Onlardan ayrılalı on-üç-on dörd il olmuşdu. Onlan görmək üçün Daşkəndə getdi.
Mən də Məhəmməd Hüseyn Mirzə ilə danışaraq Ura-Təpənin kəndlərindən Dihkət deyilən yerdə qışlamağa qərar verdim. Əşyaları Dihkətdə qoyub bir neçə gün sonra Şah bəyimi, xan dayımı və digər qohumlarımı görmək üçün mən də Daşkəndə yola düşdüm. Gedib Şah bəyim və xan dayımla görüşərək bir neçə gün orada qaldım. Anamın doğma böyük bacısı Mehrinigar xanım da Səmərqənddən gəldi. Anam xanım xəstələndi, çox ağır bir xəstəlikdi və çox böyük təhlükə atlatdı.
[Xoca Übeydullahin böyük oğlu] Xocakə Xoca həzrətləri də Səmərqənddən çıxmışdı və indi Fərkətdə yaşayırdı. Fərkətə gedib Xocanı gördüm.
Xan dayımın mənə diqqət və inayət edərək bir vilayət və ya bir tümən verəcəyini ümid edirdim. Ura-Təpəni vəd etdi, ancaq Məhəmməd Hüseyn Mirzə (97 a) vermədi. Özü vermədi, yoxsa yuxarıdan bir işarəmi oldu, onu anlamadım.
Bir neçə gün sonra Dihkətə gəldik. Dihkət Ura Təpənin dağ ətəklərindəki kəndlərindən biridir və böyük bir dağın ətəyindədir. Bu dağı keçincə Məsiha vilayəti başlayır. Əhalisi sartdır, kəndlərdə yaşayır və türklər kimi at və qoyun sürüləri bəsləyirlər. Dihkətin qoyunlarının qırx min qədər olduğu təxmin edilir.
Bu kənddə kəndlilərin evlərinə yerləşdik. Mən kənd muxtarının evinə düşdüm. Altmış-yetmiş yaşında bir adamdı. Lakin anası hələ sağ idi. Çox yaşlı bir qadındı, yüz on bir yaşındaydı. Teymur bəy Hindistana girdiyi zaman bu qadının qohumlarından biri də o səfərə qatılmışdı, onları xatırlayır və anladırdı. Yalnız Dihkətdə bu qadının özündən doğulan oğlan və qızların, nəvə və nəvələrinin nəvələrindən doxsan altı adam hələ həyatda idi, ölənlərlə birlikdə iki yüz adam sayırdılar. Nəvəsinin nəvələrindən biri iyirmi beş-iyirmi altı yaşlarında şəvəsaqqal bir igid idi.
Dihkətdə olduğum günlərdə ətrafdakı dağları daima piyada gəzəərək seyr edirdim. Çox zaman yalın ayaq (97 b) gəzirdim. Yalın ayaq gəzməkdən ayaqlarım o hala gəlmişdi ki, dağı-daşı hiss eləmirdim. Belə bir gəzinti zamanı bir gün ikindi namazıyla axşam namazı arasında dar bir yoldan bir adam bir öküzlə gedirdi.
«Görəsən, bu yol hara gedir?» dedim.
«Öküzə baxın, yolun hara çıxacağı məlum olana qədər gözlərinizi ondan ayırmadan yürüyün» deyə adam cavab verdi.
Bu sözü eşidən Xoca Əsədullah «Gav güm şavəd, çe kar qunəm?»1 deyə zarafat etdi.
Bu qış sipahilərdən bəziləri qazaxlıqlarda bizimlə ola bilmədilər, Əndicana getmək üçün izin istədilər. Qasım bəy də «Madam ki bu adamlar oraya gedirlər, Cahangir Mirzəyə özəlliklə öz paltarlarınızdan bir şey göndərin» deyə israr etdi. Bir samur sərpuşumu göndərdim. Qasım bəy «Tənbələ də bir şey göndərin, nə olar» deyə təkrar israr etdi. Gərçi buna razı deyildim, lakin Qasım bəyin israrı ilə Noyan Göyəldaşın Səmərqənddə özü üçün düzəltdirdiyi böyük yastı qılıncı alıb Tənbələ göndərdim. Mənim başıma dəyən qılınc bax bu qılıncdı. Gələn ilin hadisələrində bundan bəhs ediləcəkdir.
Bir neçə gün sonra nənəm İsən Dövlət (98 a) bəyim köçü, ailəsi və adamlarıyla birlikdə gəldi. Mən Səmərqənddən çıxanda onlar orada qalmışdılar.
Bu qış ortasında Şeybani xan Xocənd çayını buz üzərindən keçərək Şahruxiyyə və Beşkənd civarına axın etdi. Bunu xəbər alınca adamlarımızın azlığına baxmayaraq onlara qarşı hərəkətə keçdik. Xocəndin aşağısındakı kəndlərin və Həşt-Yəkin qarşısına doğru yürüdük. Şiddətli soyuq vardı. Bu civarda Ha-Dərviş rüzgarı əksik olmaz, daima şiddətli əsər. Soyuq o dərəcədə qüvvətli idi ki, bu iki-üç gün içində burada iki-üç adam soyuqdan ölmüşdü. Mənə qqsl zərurəti hasil oldu. Sahilləri tamamən buz tutmuş, lakin axıntının qüvvəsindən ortası buz tutmamış bir kanal suyu vardı. Bu suya girib qüsl etdim və on altı dəfə suya daldım. Suyun soyuqluğu mənə güclü təsir etdi.
Ertəsi sabah Xocənd çayını Xəslar qarşısında buz üzərindən keçib gecə yarısı Beşkəndə gəldik. Şeybani xan Şahruxiyyə civarına axın edib geri qayıtmışdı.
O vaxt Beşkənd Molla Heydərin oğlu Əbdülmənnanın əlində idi. [Molla Heydərin] ondan daha kiçık, Mömin adında bir oğlu da vardı, işə yaramaz və dərbədər bir adamdı. Mən Səmərqənddə ikən yanıma gəlmişdi və çox inayət etmişdim. Noyan Göyəldaş Səmərqənddə (98 b) ona qarşı necə pis rəftar etmişdisə, bu namussuz ona kin bağlamışdı.
Özbək axınçılarının geri qayıtdığı xəbəri gəlincə, xanın yanına adam göndərərək Beşkənddən qalxıb Ahəngəran kəndlərində üç-dörd gün qaldıq. Səmərqənddəki aşnalığa görə Molla Heydərin oğlu Mömin Noyan Göyəldaş, Əhməd Qasım [Kuhbər] və başqa bir neçə adamı ziyafətə dəvət etdi. Mən Beşkənddən gedəndə bunlar Beşkənddə qaldılar. Mömin bunlara bir uçurumun kənarında ziyafət vermişdi. Biz gəlib Ahəngəran kəndlərindən Sam-Sirək deyilən kənddə dayandıq. Sabah Noyan Göyəldaşın uçurumdan sərxoşluqla düşüb öldüyü xəbəri gəldi. Noyanın öz dayısı Haqnəzəri bir neçə adamla oraya göndərdim. Bunlar gedib Noyanı düşdüyü yerdə axtarıb tapdılar və Beşkənddə dəfn edib geri qayıtdılar. Noyanın ölüsünü ziyafət verilən yerdən bir ox atımı qədər yüksəkdə olan bir uçurumun dibində tapmışlar. Bəziləri Möminin Səmərqənddəki kinini unutmayaraq Noyana qəsd etdiyini düşündülər. Doğrusunu bilən olmadı. Bu mənə çox pis təsir elədi. Çox az adamın ölümünə belə yanmışam. Bir həftə-on gün qədər sürəkli (99 a) ağladım. Ölüm tarixi «Vəfat şod Noyan»1 («Noyan vəfat etdi») şəklində təsbit edildi. Bir neçə gün sonra qayıdıb Dihkətə gəldim.
Yaz gələndə Şeybani xanın Ura-Təpə üzərinə hücum etməsi xəbəri alındı. Dihkət düz yerdə olduğu üçün Abbürdən keçidiylə Məsiha dağlarına çıxdıq. Məsihanın ən aşağıdakı kəndi Abbürdəndir. Bu kənddən bir az aşağıda bir çeşmə, onun da başında bir məzar vardır. Bu çeşmədən yuxarı tərəf Məsihaya, aşağı tərəf isə Pəlğərə aiddir. Bu çeşmənin başındakı və kənarındakı daşı qazaraq bu üç beyti yazdım:
Şenidəm ki, Cəmşidi-fərrux sirişt,
Ba sərçeşmə bər sənge nəvişt:
Bər in çeşmə çün ma bəsa dəm zədənd,
Birəftənd ta çeşm bərhəm zədənd.
Giriftəm aləm be mərdiyü zur,
Və leykən nəburdəm ba xud be gur1.
Eşitdim ki, xoşxasiyyət Cəmşid
Bir çeşmənin başındakı bir daşa bunları yazmış:
«Bu çeşmədə bizdən əvvəl bir çoxları nəfəs aldılar;
Sonra göz açıb yumuncaya qədər köcüb getdilər.
İgidlik və qüvvətlə dünyayı zəbt etdik,
Lakin onu özümüzlə birlikdə gora apara bilmədik.
O dağlıq bölgədə beytlərin və digər şeylərin daşa qazılması bir adətdir.
Biz Məsihada ikən şair Molla Hicri Hisar tərəfindən gəlib mənə sədaqətini bildirdi. Bu mətləni o günlərdə söyləmişdim:
Təkəllüf hər necə surət tutulsa, ondan artıqsan,
Səni can derlər, əmma bitəkəllüf candan artıqsan.
Bir rəsim nə qədər zəhmətlə çəksələr də sən daha gözəlsən,
Sənə can deyirlər, lakin sən, şübhəsiz, candan artıqsan.
Şeybani xan Ura-Təpə civarına gələrək bir az ortalığı qarışdırıb geri döndü. O, Ura-Təpə (99 b) üzərində ikən ailəmi Məsihada qoyub adamlarımızın az və silahsız olmasına baxmayaraq Abbürdən keçidindən aşdıq və sabah axşam yaxında olaq və fürsəti qaçırmayaq deyə Dihkət civarına gəldik. Şeybani xan tələsik geri qayıtdı. Biz də təkrar keçidi aşaraq Məsihaya gəldik.
«Belə dağdan-dağa, işsiz-gücsüz, vilayətsiz və yersiz gəzmək faydasızdır. Xanın yanına Daşkəndə gedəkmi» deyə düşündüm. Qasım bəy buna razı olmadı. O, yuxarıda bəhs etdiyim kimi, nizamı qorumaq və hamıya dərs vermək üçün Qarabulaqda üç-dörd moğolu öldürmüşdü. Ehtimal ki, bu üzdən oraya getməyə tərəddüd etdi. Bir az israr etdik, olmadı. O öz adamlarını, qardaşlarını, köçünü alıb Hisara yollandı.
Biz Abbürdən keçidindən aşaraq xanın yanına Daşkəndə yola düşdük. O sırada [Sultan Əhməd] Tənbəl qoşun çəkib Ahəngəran vadisinə gəldi. Əsgərlərinin arasında Məhəmməd Hisari adı ilə də tanınan Məhəmməd Duğlat kiçık qardaşı Sultan Hüseyn Duğlat və Qənbər Əli Sallax ilə ittifaq edib Tənbələ qəsd etmək fikrinə düşür. Tənbəl bu xəbər alınca orada qalmayaraq qaçıb xanın yanına getdi.
Biz Şahruxiyyəyə gələn gün qurban bayramıydı [=16 iyun 1502], lakin oralarda yubanmadan keçib xanın yanına Daşkəndə getdik.
Bir rübai söyləmişdim. Qafiyəsinə dair tərəddüdüm vardı. O zaman şeir (100 a) sənətini o qədər öyrənməmişdim. Xan təb sahibi bir adamdı, şeir söyləyirdi, gərçi uğurlu qəzəli çox deyildi. Bu rübaini xana söyləyib tərəddüdümü ərz etdim. Lakin könlümün arzu etdiyi biçimdə açıq bir cavab ala bilmədim. Hər halda o da şeir sənətiiı az incələmişdi. O rübai budur:
Yad etməz imiş kişini qürbətdə kişi,
Şad etməz imiş könlünü möhnətdə kişi,
Könlüm bu qəriblikdə şad olmadı, ah,
Qürbətdə sevinməz ərmiş, əlbəttə, kişi.
Sonra öyrəndim ki, türk dilində bəzən t-d, ğ-k və q bir-birinin yerinə işlənir.
Dostları ilə paylaş: |