ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12


II. KABİL KABİL - 910 (14 İYUN 1504 - 4 İYUN 1505) DOQQUZ YÜZ ONUNCU İLİN HADİSƏLƏRİ



Yüklə 3,76 Mb.
səhifə13/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

II. KABİL

KABİL - 910 (14 İYUN 1504 - 4 İYUN 1505)


DOQQUZ YÜZ ONUNCU İLİN HADİSƏLƏRİ
Məhərrəm ayında [=1504 iyun-iyul] Xorasana getmək niyyətilə Fər­qanə vi­layətindən çıxıb Hisar vilayətinin yaylalarından olan İlək yaylasına endim. Orada iyirmi üç yaşıma girərkən ilk dəfə təraş oldum.

Hər hansı bir ümidə qapılaraq mənimlə birlikdə gələnlərin sayı böyük-kiçık iki yüzdən bir az artıq, üç yüzdən bir az azdı. Çoxu piyadə idi. Əllərində zopa, ayaq­larında çarıq və üstlərində çuldan başqa heç bir şeyləri yox idi. Səfalət o dərəcə idi ki, yalnızca iki çadırımız vardı. Mənim çadırım validəmə təxsis edilmişdi. Mənə isə hər getdiyimiz yerdə bir alaçıq qururdu­lar və mən bu alaçıqda otururdum.

Gərçi Xorasana getmək niyyətilə yola çıxmışdıq, lakin bu vəziyyətdə bu vilayətdən və Xosrov şahın adamlarından ümidlənirdik. Hər neçə gündən bir bir adam gəlib vilayət və xalqdan xəbər gətirir, biz də ümidə qapılırdıq.

Bu əsnada Xosrov şahın yanına elçi olaraq göndərilən Molla Baba Pə­şağari gəl­di. Xosrov şahdan qəlbəyatan bir söz gətirməsə də əhali­dən gə­tir­di­yi sözlər (120 b) ümidverici idi.

İləkdən ayrılıb üç-dörd mənzildə gecələdikdən sonra Hisar civarında Xo­caimad deyilən yerdə düşərgə qurduq. Orada ikən Mühib Əli Qurçu Xos­rov şahın elçi olaraq gəldi. Xosrov şah kərəmi və səxavəti ilə məşhur idi, an­caq iki dəfə onun vilayətindən keçdiyimiz halda başqalarına elədiyi insaniy­yəti bi­zə göstərmədi. Amma əhalidən və vilayətdən ümidvar olduğumuza görə hər mənzildə bir müddət qalırdıq.

O zaman ən böyqk adamımız Şirim Tağayi idi, onun da Xorasana get­mək istə­məyərək bizdən ayrılmaq niyyəti vardı. Sərpüldə məğlub olaraq Sə­mərqəndə döndüyüm zamanda da ailəsini uzaqlaşdırmış və qalanın müdafiə­sində yalnız özü qalmışdı. Çox alçaq bir adamdı. Daha öncə də bir neçə dəfə belə hərəkətlərdə bulun­muşdu.

Qabadiyana gələndə Çağanyanı, Şəhri-Səfanı və Termizi əlində tutan, Xos­rov şahın kiçık qardaşı Baqi Çağanyani Qarşı xatibini göndərib mənə öz səda­qəti­ni bildirərək bizə qoşulmaq istədi və Amu çayını [Amu-Dərya] Ubaç keçidindən keçən zaman gəlib bizə qoşuldu.

Baqinin xahişi ilə Termiz qarşısına gəldik və sonrasında bütün köç­lərini Amudan keçirib bizimkilərə qatılmasının ardından da Xosrov şahın qardaşı oğlu, Baqinin oğlu Əhməd Qasımın idarəsindəki Kahmərd və Bam­yan tərəflərinə hərəkət etdik. Niyyətimiz Kahmərdin Əcər adlı dərə kurqa­nın­da ailə və adamlarımızın (121 a) təhlükəsizliyini təmin etmək, sonra da və­ziyyətə görə hərəkət etmək idi.

Aybəkə gələndə əvvəlcə mənim yanımda olan, yaxşı qılınc çalan və bu qarışıqlıqda məndən ayrılıb Xosrov şahın yanına gedən Yarəli Bilal bir neçə igidlə birlikdə qaçıb gəldi və Xosrov şahın moğollarından da sədaqət sö­zləri gətir­di.

Dəreyi-Zindana gələndə isə Sallax dedikləri Qənbər Əli bəy də qa­çıb gəldi. Üç-dörd mənzildə dayandıqdan sonra Kahmərdə gəldik. Ev və ailələri Əcər kurqanı­na yerləşdirdik.

Əcərdə ikən Cahangir Mirzə ilə Sultan Mahmud Mirzənin Xanzadə bə­­­yimdən olan qızının nikahları kəsildi. Cahangir Mirzə onu əvvəlcə hələ mir­zələr sağ­kən istəmişdi.

Bu sırada Baqi Bəy mənə dəfələrcə dedi ki, bir vilayətə eyni anda iki padşah və bir əsgərə iki komandan qarışıqlığa və xarablığa səbəb olur, fitnə və pərişanlığa aparıır, necə ki demişlər:

Dəh dərviş dər kilime bexoftənd,

Dü padşah dər iqlime nəqoncənd,

Nim nane gər xurənd mərdi-xuda,

Bəzli dərvişan konəd nimi-digər,

Mülki-iqlime bigərəd padşah

Həmçinin dər bəndi iqlimi-digər.


On dərviş bir kilim üstündə yatar,

Lakin iki padşah bir iqlimə sığmaz.

Dindar adam bir çörəyin yarısını öz yesə

Digər yarısını kasıblara verər.

Bir iqlim mülkünü tutan padşah

Digərlərini də zəbt etmək fikrinə düşər.1

Elə ümid edirdik ki, bugün-sabah Xosrov şahın yanında bulunan bütün adamları gəlib padşahın xidmətinə girəcəklər. Lakin orada Əyyubun [Bəy­cik] oğul­ları və digərləri kimi (121 b) bir çox fəsadçılar vardı ki, onlar bizim mirzələrin arasın­da daima pislik və fitnənin səbəbkarı və təhrikçiləri idilər. İndi bu zaman Cahangir Mirzənin Xorasan tərəfinə getməsinə xoşluq və gö­zəlliklə izin verilməli idi ki, gələcəkdə təəssüf və peşmanlığa səbəb olmasın.

Lakin qohum-qardaşdan bəzi qəbahətlər görsəm də, onların mənim üzümdən zərərə uğramalarını istəmək mənim təbiətimə xas deyildi. Düzdür, Cahangir Mirzə ilə aramız­da əvvəlcə mülk, səltənət və adamlar üzündən in­ciklik, qovğa və gurultu çox ol­muşdu, lakin bu dəfə o, vilayətdən mənimlə birlikdə gəlmişdi, qardaş və xidmətçi vəziyyətində idi, bugünlərdə də ondan incikliyə səbəb olacaq heç bir şey görmürdüm. Ona görə də Baqi bəy o sözü

təkrar-təkrar söyləsə də, mən qəbul etmədim. Axırda Baqi Bəyin dediyi ki­mi, Yusif Əyyub və Bəhlul Əyyub kimi fitnəkarlar mənim yanımdan qaçıb Cahangir Mirzənin yanına getdilər, pisliklə, fitnə ilə uğraşaraq Cahangir Mir­­­zəni məndən ayırıb Xorasana apardılar.


SULTAN HÜSEYN MİRZƏDƏN GƏLƏN MƏKTUBLAR
O zaman Sultan Hüseyn [Bayqara] Mirzədən [oğlu] Bədiüzzaman Mir­zəyə, mənə, Xosrov şaha və Zünnuna [bəy Arğun] eyni məzmunda uzun (122 a) məktublar gəldi. O məktublar hələ də məndədir.

Məktublarda belə deyilirdi: [Əbu Səid Mirzənin oğulları] Sultan Əh-məd Mirzə, Sultan Mahmud Mirzə və Uluğ bəy Mirzə qardaşlar birləşib mə­nim üstümə hücum çəkəndə Murqab sahilini gücləndirmişdim. Mirzələr də yaxınlaşdıqları halda heç bir şey edə bilmədən geri qayıtmışdılar. İndi əgər özbəklər hərəkətə keçsələr mən yenə Murqab sahilini tutum, Bədiüz­zaman Mirzə isə Bəlx, Şaburqan və Əndəhud kurqanlarına inanılmış adam­larını qo­yub özü Gürzüvan, Dəreyi-Zəng və o dağlıq bölgəni tutsun. Mənim də bu ci­­vara gələndən xəbərdar olmuş, «sən də Kahmərd, Əcər və civardakı dağ ətəklərini tut» deyə yazmışdı. Xosrov şah da Hisar və Qunduz kur­qan­la­rına inanılmış adamlarını qoyub kiçık qardaşı Vəli ilə birlikdə Bədəxşan və Xut­lan dağlarını tutsunlar. Onda özbəklər heç bir şey edə bilmədən geri qa­yı­da­caqlar.

Sultan Hüseyn Mirzədən gələn bu məktublar ümidsizliyə səbəb oldu, çünki Teymur bəyin yur­dun­da o dönəmdə yaş, vilayət və əsgər baxımından ondan daha böyük bir padşah yoxdu. Mən gözləyirdim ki, onun elçiləri və qasidləri dalbadal dələrək belə əmrlər gətirəcəklər: «Termiz, Kilif və Kərki keçidlərində (l22 b) gəmiləri belə düzəldin, körpü materialını bu miqdarda hazırlayın, yuxarıdakı Doqquz-Ölüm keçidlərini möhkəm qoruma altına alın ki, neçə ildən bəri özbəklər üzündən cəsarətini itirmiş olan xalqın könlünə qüvvət gəlib ümidvar olsun».

Teymur bəyin taxtında oturan Sultan Hüseyn Mirzə kimi böyük bir pad­şah düşmən üzərinə yürüməyi düşünmədən yalnız müdafiə olunma lü­zumundan bəhs e­dirsə, daha xalqda necə bir ümid qala bilərdi.

Bizimlə birlikdə gələn ac adamların ailələrini, Baqi Çağanyani və oğ­lu Məhəmməd Qasımın mövcud sipahi və aymaqlarının köç və mallarının ha­mısını Əcərdə qoyub əsgərləri götürüb çıxdıq.

Xosrov şahın yanındakı moğollardan «Bütün moğol ulusu olaraq pad­şahın tərəfini tuturuq, Talikandan köç edib İşkəmiş və Fülul tərəflərinə do­ğru hərəkət edirik, qoy padşah da çalışıb tez gəlsin, Xos­rov şahın adam­la­rının çoxu padşahın xidmətinə girəcəkdir» şəklində xəbərlər gətirən adamlar gəlməyə başladı.

Bu zaman Şeybani xanın Əndicanı alıb Hisar və Qunduz üzərinə qo­şun çəkməsi xəbəri gəldi. Xosrov şah bu xəbəri eşidincə Qunduzda qalma­ya­­raq bütün adamını alıb (123 a) Kabilə doğru getdi. Xosrov şah Qunduzu qoyub çıxar-çıxmaz, Molla Məhəmməd Türküstani adında çox etibar etdiyi köhnə bir adamı da Qunduzu Şeybani xana qarşı gücləndirdi.

Biz Səmtu yoluyla Qızılsu tərəfinə gələndə Xosrov şaha tabe olan, Hi­sar və Qunduzda bulunan moğol ulusu köçləri ilə birlikdə gəlib bizə qoşul­du. Daha əvvəl də haqqında dəfələrlə söz açdığım Qənbər Əli moğol [Sal­lax] gəvəzə bir adamdı. Xasiyyəti Baqi bəylə [Çağanyani] tutmadı və Baqi bəyin xatiri üçün getməsinə izin verdim. [Qənbər Əlinin] oğlu Əbdüşşükür isə o zamandan bəri Cahangir Mirzənin xidmətində qaldı.


XOSROV ŞAHIN BABURUN

XİDMƏTİNƏ GİRMƏSİ
Xosrov şah moğol ulusunun bizə qoşulduğunu eşidəndə çox heyrət elə­­­miş­di. Ancaq bir çarə tapmayınca kürəkənı Yaqub Əyyubu elçi olaraq gön­dərdi. Əhd bağlandığı təqdirdə qulluq və sədaqətini göstərib xidməti­mi­zə gələcəyini bildirdi. Baqi Çağanyani nüfuz sahibiydi. Bizə sadiq olsa da, öz bö­yük qardaşının tərəfini verməzdi. O, araya girdi və bu şəkildə bir əhd bağ­­landı: onun həyatına toxunulmayacaq, malına da öz istədiyi kimi sərən­cam verəcək, ona heç bir təzyiq göstərilməyəcək. Yaqubun getməsinə izin ver­dik­dən sonra Qızılsuyu keçib Əndərab çayının birləşdiyi yerə yaxın bir yer­də (123 b) düşərgə saldıq.

Ertəsi gün, rəbiüləvvəl ayının ortalarında [=avqust ayının sonunda] bir neçə adamla Əndərab çayını keçib Duşi civarında böyük bir çinarın altında otur­dum. Qarşı tərəfdən Xosrov şah əzəmət, ehtişam və izdihamlı məiyyəti ilə gəldi. Təş­rifat qaydalarına müvafiq olaraq uzaqda atından düşdü və gəlib görüşər­ək üç dəfə, geri çəkilərək yenə üç dəfə, kef-hal soruşanda və hə­diyyə təqdim edəndə birər dəfə yükündü. Cahangir Mirzə ilə Mirzə xana [Ba­burun əmisinın oğ­lu Sultan Veys Mirzə] də eyni şəkildə yükündü. Qoca və təmbəl hərif ne­­çə ildir öz istə­diyi kimi hərəkət edir və yalnızca öz adına xütbə oxut­ma dışında səltənət sürürdü. Bu şəkildə iyirmi beş-iyirmi altı dəfə ard-arda yükündü, getib gəldi. Yorğunluqdan az qala yıxılacaqdı. Neçə ildir sürdüyü bəyliyi və səltənəti tamamən burnundan gəldi.

Görüşüb hədiyyə təqdim etdikdən sonra oturmasını buyurdum. Bir-iki qari1 otu­rub oradan-buradan danışdıq. Alçaqlığı və nankorluğu ilə bərabər boş və zövq­süz bir danışığı da vardı. Etimad göstərdiyi, etibarlı adamları gö­zünün qabağında dəstə-dəstə gəlib mənim xidmətimə girirdilər. Onun işi o də­rəcədə pozulmuşdu ki, padşahlıq etməkdə olan bu hərif bu cür həqir bir və­ziyyətdə çar-naçar gəlib mənimlə görüşmüşdü.

Belə bir zamanda (124 a) iki qəribə söz söyləyib məni lap şaşırtdı. Bi­ri budur: nökərlərinin yanından ayrılması üzündən ona təsəlli verəndə belə cavab verdi: «Bu adam dörd dəfə məndən ayrılmış və təkrar gəlmişdir».

Biri də budur: kiçık qardaşı Vəli haqqında «O nə zaman gələcək və Amu-Dəryanın hansı keçidindən keçəcək?» deyə soruşanda o dedi: «Əgər keçid tapılsa, tez gələr, amma sular yüksəlincə keçidlər dəyişir. Bir məsəl vardır: «An güzərra ab burd»2. Dövləti və adam­ları onun əlindən gedən za­man söylədiyi bu sözü onun dilinə Allah gətirdi.

Bir-iki qaridən sonra mən ata minib qərargaha gəldim, o da öz düşər­gə­­­­sinə getdi. O gündən etibarən böyük-kiçık, yaxşı-pis bəyləri və igidləri ailələri və malları ilə birlikdə ondan ayrılıb dəstə-dəstə bizim yanımıza gəl­məyə başla­dılar. Ertəsi gün günorta və ikindi namazına qədər onun yanında heç kim qal­madı.

«De ki: «Allahım, (ey) mülkün sahibi, sən istədiyinə mülkü verirsin, is­tədiyindən də mülkü alırsan, dilədiyini yüksəldirsin, dilədiyini alçaldırsan. Xeyir sənin əlindədir. Sən hər şeyə qadirsən».3

Allahın içinə bax! Bir adam ki, iyirmi-otuz min nökər sa­hibiydi, Dər­bəndi-Ahənin deyə də bilinən Kahluqdan Hinduquş dağına qədər [Babu­run əmisi] Sultan Mahmud Mirzəyə aid olan vilayətlər tamamən onun hakimiy­yə­­ti altında idı, (124 b) onun Həsən Barlas adlı bir təhsildarı, ixtiyar bir hə­rif, İləkdən Ubaca qədər qaba bir şəkildə təhsildarlıq edərək bizim köçümü­zü oradan buraya qovurdu, işə bax ki, bir yarım gündə heç bir müharibə və ya mübarizə olmadan, bi­zim kimi fəqir və yenilmiş iki yüz-iki yüz əlli ada­mın önündə elə səfil, həqir və aciz bir vəziyyətə düşmüşdü ki, nə adam­la­rı­na, nə malına, nə də canına yetəcək qüdrəti qalmamışdı.

Xosrov şah ilə görüşüb qayıtdığım gecə Mirzə xan hüzuruma gəlib bö­yük qardaşlarının qanını istədi. Bizim aramızda olanların bir qismi də eyni fikirdə i­di. Gerçəkdən də, şəriətə və törəyə görə belə insanların cəzalarını alması doğru idi, lakin əhd bağlanmışdı.

Buna görə də Xosrov şahın götürə bildiyi hər şeyi alıb yanında götür­məsinə iradə və fərman çıxdı. Üç-dörd qatar qatır və dəvəyə mövcud cəva­hiratını, altın, gü­müş və qiymətli əşyasını yükləyib götürdü. Şirim Tağayini Xosrov şaha müşayiətçi təyin etdik ki, onu Quri və Dəhanə yoluyla Xorasan tərəfinə göndərdikdən sonra Gahmərdə gedib köçümüzü arxamızdan Kabilə gətirsin.

O yurddan Kabilə getmək niyyətilə hərəkət etdik və Xoca-Zeydə gəlib endik. O gün Həmzə Bi Məngit komandanlığındakı özbək axınçısı gəlib Du­şi civarına axın etdi. Seyid Qasım eşik-Ağa ilə Əhməd Qasım Kuhbər (125 a) də bəzi igidlərlə birlikdə on­lara qarşı göndərildi. Bunlar gedib axın­çıları tar-mar edərək bir neçə baş kəsib gətirdilər.

Bu yurdda ikən Xosrov şahın cəbbəxanasındakı silahlar da paylandı. Yeddi-səkkiz yüzə qədər zireh və yəhər vardı. Xosrov şahdan yalnız bunlar qal­mışdı. Bir xeyli də çini ələ keçdi. Bunlardan başqa, gözə dəyən bir şeyi yox idi.

Xoca-Zeyddən qalxıb dörd-beş mənzildən sonra Gur-Bəndə gəldik. Üş­­­dür şəhərində dayananda eşitdik ki, [Zünnun bəy Arğunun oğlu] Müqi­min ixtiyar bə­yi olan Şikək Arğun bizdən bixəbər əsgərlə gəlib Baran çayı sahilində dayanmışdır. O, Pənchir yoluyla Əbdürrəzzaq Mir­zənin yanına get­­­mək istəyən adamları buraxmır. Mirzə o zaman Kabildən qa­çaraq Ləm­qan civarında tərkəlani əfqanlarının arasında idi. Bu xəbəri alınca günor­ta­dan sonra qalxıb gecə boyu at sürürək sübh çağı Xubiyan keçidini aş­dıq.

O günə qədər Süheyl ulduzunu heç görməmişdim. Keçidə çıxar-çıx­maz, cənub tərəfdə bir az aşağıda parlaq bir ulduz göründü. «Bu, Süheyl ol­masın» dedim. «Süheyl­dir» dedilər.

Baqi Çağanyani isə bu beyti oxudu:

Tu Süheyli ta koca tabiyu koca tuli şəvi,

Çeşmi tu bər hər ki, miəftad nişani-dövlət əst.

Sən Süheyl ulduzusan, harada parlayıb ışiq saçsan,

Gözün nəyə sataşsa, o, dövlət nişanıdır.

Günəş bir nizə boyu qədər yüksələndə Sincid dərəsinin ətəyinə endik. Bi­zim irəli (125 b) gedən önçülərimiz və digər bəzi igidlər Qarabağın ətə­yin­də Əyri-Yar civarında olan Şirkəklə qarşılaşan kimi dərhal savaşa gir­miş­lər. Şirək bir az müqavimət edən kimi olur, lakin önçülərimiz yaxınla­şan­da geri çəkilir. Şirkəki və yetmiş-səksən, ya da yüz yaxşı igidini yaxa­la­yıb gətirdilər. Şirkənin qanı­nı bağışlayıb özünü xidmətimizə aldıq.

Xosrov şah öz xalqının qayğısına qalmadan Kabilə getmək niyyətilə Qun­duzdan çıxanda ona tabe olan el və ulus beş-altı qismə ayrılmışdı.

Bədəxşandakıların bir qismi Şeydim Əli Dərbanın başçılığı altında olub Rüstə həzarəsində idi. Onlar Pənchir yoluyla aşıb bu yurdda ikən gəlib bizə qoşuldular.

Bir qismi isə Yusif Əyyubla Bəhlul Əyyubun başçılığı altında idi, on­lar da bu yurdda gəlib bizim xidmətimizə girdilər.

Bir qismi isə kiçık qardaşı Vəlinin başçılığı altında Xutlanda və digəri də İlan­cıq, Nəkdəri, Kakşal və Qunduz vilayətində yaşayan aymaqlardan iba­rət idi. Bunlar Əndərab və Sərab yoluyla gəlib Pənchiri aşmaq niyyətində idilər. Ay­maqlar daha öncə Səraba gəlmişdilər. Onların arxasından da Vəli gəldi. Aymaqlar yolu tutub müharibədə onu məğlub etdilər. Vəli qaçıb öz­bək­­lərə pənah apardı, Şeybani xan da Səmərqənd bazarında onun boynunu vurdurdu. Digər nökərləri və adamları isə yağ­malanmış bir vəziyyətdə ay­maqlarla birlikdə bu yurdda bizə qulluğa gəldilər. Seyid Yusif Oğlaqçı da (126 a) aymaqlarla birlikdə gəldi.


BABURUN KABİLİ ALMASI
Bu yurddan qalxıb Qarabağ yanındakı Ağsaray çaynıa endik. Xosrov şahın adamları zülm və sərkəşliyə alışmış olduqları üçün əhaliyə zülm et­məyə başladılar.

Axırda Şeydim Əli Dərbanın hörmətli bir adamını birinin bir ça­naq yağı­nı zorla aldığı üçün qapıya gətirdib şallaqlatdırdım. Şallaq altın­da canı çıx­­­dı. Bu siyasətdən sonra hamısı yola gəldi.

Bu yurdda ikən Kabil üzərinə dərhal yürüyüb-yürüməyəcəyimiz mü­za­kirə edildi. Seyid Yusif [Oğlaqçı] və bəzilərinin fikri belə idi: qış yaxın­laş­mış­dır, dərhal Ləmğana getməli və oradan vəziyyətə uyğun olaraq hərə­kət edilməlidir. Baqi Çağanyani və digərləri isə Kabil üzərinə yürüməyi tək­lif edirdilər. Axırda bu so­nuncusuna qərar verildi və buradan qalxıb Aba qo­ruğuna gəldik.

Biz burada ikən validəm xanım ilə Kahmərddə qalan uruğum1 bir çox çətinlik və təhlükələr keçirib gələrək bizə qoşuldu. Təfsilatı belədir: Şirim Ta­ğayi Xosrov şahı Xorasan tərəfə ötürdükdən sonra, gedib mənim uruğu­mu gətirməli idi. Dəhanəyə çatanda Şirim iradəsini ititrir və Xosrov şahla birlikdə Kahmərdə gedir. Xosrov şahın bacısı oğlu Əhməd Qasım bu­rada olurdu. Xosrov şah (126 b) Əhməd Qasımla sözü bir yerə qoyaraq mə­nim uruğuma pislik etmək fikrinə düşürlər. Baqi Çağanyaninin bir çox moğol xidmətçisi də uruğun yanında Kahmərddə idi. Bunlar gizlicə Şirimlə qərar­laşdı­raraq Xosrov şahla Əhməd Qasımı yaxalamaq istəyirlər. Xosrov şahla Əh­məd Qasım Əcər dərəsinin yanındakı yolla qaçıb Xorasana gedirlər. Mo­ğolların bu tərəf­girlikdəki məqsədi özlərini onlardan ayırmaq imiş. Uru­ğun yanında olanlar beləcə Xosrov şah təhlükəsindən qurtularaq Əcərdən çıxıb Kahmərdə gələndə iskançı qəbiləsi üsyan edib yolu tutmuş və uruğun önəm­li bir qisminı və Baqi bəyə mənsub el və ulusu yağma etmişdir. Qul-Bəya­zidin oğlu Tizək hələ kiçık idi, orada ələ keçirildi və üç-dörd il sonra Kabil­də bizə qoşuldu. Uruk yağmalandıqdan sonra bizim keçdiyimiz Qıpçaq yo­lu­nu aşaraq Aba qoruğunda gəlib bizə qoşuldu. Oradan qalxıb bir mənzil­dən sonra Çalaq çayırına endik.

Məsləhət-məşvərət edərək Kabili mühasirəyə almağa qərar verdik. Mən bütün mərkəzi qüvvələrlə birlikdə Heydər Tağının bağı ilə Qul Bəya­zid Bəkavulun məzarının arasına endim. Cahangir Mirzə sağ qol adamla­rıyla bi­zim böyük çarbağa, Nasir Mirzə isə sol qol adamlarıyla Qutlu Qədə­min mə­zarının arxasındakı çayıra endi. (127a)

Adamlarımız hər zaman gedib Müqim [Arğun] ilə danışırdılar. O da bə­zən üzr istəyir, bəzən də yumşaq sözlər söyləyirdi. Bizim Şirəki ələ ke­çir­məyimizdən sonra atasına [Zünnun bəy Arğun] və böyük qardaşına [Şah Şü­ca Arğun] adam göndərmiş, onlardan yardım gələcəyini ümid etdiyi üçün işi uzadırdı.

Bir gün mərkəz, sağ və sol qollara zirehlərini geyib, atlara da zireh ör­tüb həm öz silahlarını göstərmək və həm də içəridəki əhalini də bir az qor­xut­maq üçün daha yaxına getmələri əmr e­dildi. Cahangir Mirzə sağ qolun ol­duğu yerin qarşısından Küçə-bağ yolu ilə irəlilədi. Mərkəzin önündə su ol­duğu üçün mən də mərkəzlə birlikdə Qutlu Qədəmin məzarı tərəfindən gə­lib irəlidə yerləşən ikinci təpənin üstünə çıxdım. Önçülər indi Qutlu Qə­dəmin körpüsünün olduğu yerə doluşdular, o zamanlar bu körpü yox idi.

Qoçaq igidlər hiss etdirmədən dəriçilər qapısına qədər irəlilədi. İçəri­dən çıxan bir dəstə adam savaşmadan qaçıb kurqana girdi. Ərkin divarının dibi yüksək idi və Kabilin izdihamlı əhalisi də seyr etmək üçün oraya çıx­mış­dı. Əsgərin qaçma­sıyla onlar da tez enib geri qayıtdılar.

Körpü ilə qapı arasındakı yüksək təpənin üzərinə və yolun ortasına çoxlu çuxur qazıb (127 b) üstlərini örtmüşdülər. Sultanqulu Çanaq və bəzi igidlər hücum edəndə oraya düşdülər. Sağ qol tərəfindən bir-iki igid Küçə-bağ arasında, kurqandan çıxanlarlarla bir-iki dəfə qılıncla vuruşdular. Savaş əmri verilməmiş oldu­ğu üçün bu qədərlə kifayətlənərək geri döndülər.

Kurqanın içindəkilər möhkəm vahiməyə düşmüşdülər. Müqim bəyləri vasitəçı edərək qulluğa gəlib Kabili təslim etmək istədi. Baqi Çağanyaninin vasitəsilə gəlib sədaqətini bildirdi. Biz də inayət və şəfqət göstərib təlaş və qorxunu ağlından çıxar­dıq. Ertəsi gün mövcud adamları, malı və əşyasıyla çıxıb kurqanı təslim etməsi qərarlaşdırıldı.

Xosrov şaha mənsub olan adamlar sərkəşliyə və yağmacılığa alışmış adamlar idi. Buna görə də Müqimi və Müqimə mənsub adamları mal və əş­yasıyla birlikdə Ka­bildən çıxarmaq işi Cahangir Mirzə, Nasir Mirzə və digər böyük bəylərlə içkilərə tapşırıldı. Müqimə yurd olaraq Tibəni göstərdik.

Sabah tezdən mirzələr və bəylər kurqanın qapılara gedib xalqın çox hə­yəcanlı olduğunu görərək: «Siz gəlmədən bu xalqı heç kim dayandıra bil­məz» deyə adam göndərdilər.

Axırda özüm getdim. Dörd-beş adamı oxla vurdurdum, bir-iki adamı da (128 a) parçalatdırdım. İğtişaş yatdı. Müqim adamlarıyla birlikdə sağ-sa­lim gedib Tibəyə çatdı.

Rəbiüləvvəl ayının sonlarında [=sentyabr] tanrı təalanın fəzl və kərəmi ilə Kabil və Qəznə vilayətinin fəthi müharibə və mübarizə olmadan asanca gerçəkləşdirildi.


KABİL VİLAYƏTİNİN TƏRİFİ
Kabil vilayəti dördüncü iqlimdədir və məmurənin ortasında yerləşir. Şər­qi Ləmqanat, Pərşavər, Həşnəgar və digər hind vilayətləridir. Qərbi Kər­nud və Gurun yerləşdiyi dağlıq bölgədir. İndi həzarə və nəkdəri qövmlərinin sığınağı və məskəni bu dağlardır. Şimalı Qunduz və Əndərab vilayətləridir, Hinduquş dağı bunların ortasındadır. Cənubu Fərmül, Negar, Bennu və Əf­qa­nıs­tandır.

Kiçık, lakin uzun bir vilayətdir. Şərqdən qərbə doğru uzanır. Ət­rafı ta­mamən dağlıqdır. Qalası dağa bitişikdir.

Qalanin cənub-qərbində bir az kiçık bir dağ var və dağın başın­da [şə­hərin banisi] Şah Kabil bir saray tikdirdiyi üçün bu dağa Şah Kabil deyirlər. Bu dağ Divrin boğazından başlayır və Dəh-Yaqub boğazında sona çatır. Ət­rafında iki şeri qədər yer var və bu dağın ətəyi tamamən bağdır. Əmim Uluğ bəy Mirzə zamanında Mirzənin atəkəsi Veys Atəkə bu dağın ətəyində bir arx qazdırmışdır və ətəyindəki bütün bağlar bu arxla suvarılır.

Kanalın alt tərəfində Külkinə adlı bir məhəllə vardır, kimsəsiz bir yer­dir. Orada bir çox dəfə ədəbsiz işlər görülmüşdür. Bəzən zarafatla (128 b) Xoca Hafizin beytini dəyişdirərək belə oxuyurdular:

Ey xoş an vəqt ki, bepavi sər əyyami çənd,

Sakini Gülkinə budim be bədnami çənd.



Kəllə-mayallaq idik, necə xoş əyyam idi,

Gülkinədə oturan bir neçə bədnam idi.

Qalanın cənubunda və Şah Kabilin şərqində böyük bir göl var. Ətrafı bir şeri qədərdir. Şah Kabil dağından Kabilə doğru üç kiçik çeşmə çıxır, onlardan ikisi Gülkinə ətrafındadır. Bir çeşmənin başında Xoca-Şemu (Xoca Əhməd Şəmsəddin Cambaz) adlı bir məzar və digərində də Xoca Xızırın ayaq izi [qədəmgah] vardır. Bu iki yer Kabil əhalisinin gəzinti yeridir. Bir çeşmə də Xoca Ruşənayi də dedikləri Xoca Əbdüssəmədin qarşısındadır.

Şah Kabil dağından Üqabeyn dedikləri bir çıxıntı ayrılmışdır. Ondan başqa yenə kiçicik bir dağ var və Kabil qalasının ərki bu dağın üzərində­dir. Böyük kurqan ərkin şimal tərəfindədir. Bu ərk çox hündür və yaxşı havalı bir yerdədir. Böyük bir göl ilə Siyah səng, Səng kurqan və Çalaq adlarını da­şıyan üç çayırın yanındadır. Hamısı də ayaq altındadır. Çayırlar yaşıllıq za­­manında fövqəladə gözəl görünür.

Kabildə yaz mövsümü gələndə pərvan yeli dedikləri bir şimal rüzgarı sürəkli əsir. Ərkdə pəncərələri şimala açılan evlər fövqəladə havalıdır. Mol­la Məhəmməd Təbib Müəmmai Kabil ərkini (129 a) təsvir edərkən, bir beyti Bədiüzzaman Mirzə adına bağlayıb oxuyurdu:

Bixor dər ərki-Kabil mey, bigərdan kasə peydərpey,

Ki həm kuh əstü həm dərya, həm şəhr əstü həm səhra.



Kabil ərkində mey iç, durmadan peydərpey iç,

Çünki ora həm dağdır, həm dərya, həm şəhərdir, həm səhra.

Ərəblər ərəbdən başqa hamıya əcəm dediklər kimi, hindlilər də özlə­rindən baş­qasına Xorasan deyirlər. Hindistan ilə Xorasan arasındakı yolun üzərində iki ticarət mərkəzi var. Bunların biri Kabil, digəri isə Qəndəhardır. Fərqanə, Türküstan, Səmərqənd, Buxara, Bəlx, Hisar və Bədəxşandan kar­vanlar Kabilə gəlir; Xorasandan da Qəndəhara gedirlər. Hindistan ilə Xora­san arasındakı yol bu vilayətdən keçir.

Fövqəladə yaxşı bir ticarət yeridir. Tüccarlar Çinə və ya Ruma getsə­lər belə ancaq bu qədər ticarət edə bilərlər. Kabilə hər il yeddi-səkkiz və ya on min at gəlir, aşağı Hindistandan da on-on beş və ya iyirmi min karvan gə­lir. Hindistandan ağ parça, şəkər, qənd və ədviyyat gətirirlər. Tüccarların çoxu ona qarşı otuz, ya da qırx qazanca razı olmaz. Kabildə Xorasan, İraq, Rum və Çin malla­rı tapılır və bura Hindistanın əsil bazarıdır.

Kabilin isti və soyuq yerləri yaxındır. Kabildən bir gün yol getsən heç bir zaman qar yağmayan bir yerə çatarsan, təxminən iki saatlıq yolda da kari heç bir zaman əskik olmayan bir yerə getmək olar, yalnızca ara-sıra kari tam əridəcək qədər isti yay gəlir. (129 b)

İsti və soyuq iqlimlərin meyvələri Kabilə bağlı olan yerlərə həm ya­xın, həm də çoxdur. Kabil və kəndlərində soyuq iqlim meyvələrindən üzüm, nar, qay­sı, alma, heyva, ar­mud, şaftalı, ərik, innab, badam və qoz boldur. Mən viş­nə fidanı gətirib əkdir­dim, yaxşı vişnələr yetişdi və ağaclar hələ bö­yü­­yür­lər. İsti iqlim meyvələrindən portağal, turunc, əmlük1 və şəkər qamışı­nı Ləmğandan gətirirlər. Şəkər qamışı gətirib əkdirmişdim. Çilgüzəni2 Nic­rav­dan gətirirlər.

Kabilin ətrafındakı dağlıq bölgələrdən çox bal gəlir. Arı pətəkləri var. Yal­nız Qəznə tərəfindəki dağlardan bal gəlmir. Kabilin rivacı3 yaxşıdır. Hey­va­sı ilə əriyi də pis deyil, badrəngi4 də yaxşı olur.

Abi-əngur dedikləri bir tür üzüm vardır, çox yaxşı üzümdür və ondan qüvvətli şərablar düzəldirlər. Xoca-Xavənd Səid dağının ətəkləri şərabının sərt­liyi ilə məşhur­dur. Gərçi başqasını təqlidlə deyirlər ki:

Ləzzəti-mey məst danəd, huşyaran ra çe həzz.



Şərabın ləzzətini sərxoş bilər, ağlı başında olan ondan nə həzz alar.

Taxılı yaxşı deyil. Əgər Xorasan toxumu olsa, o zaman ümumən pis ol­maz. Qovunu da yaxşı deyildir.

Fövqəladə gözəl bir havası var. Dünyada Kabil qədər havalı başqa bir yer məlum deyil. Yayda gecələr rğansız yatmaq olmaz. Düzdür, qışda qar çox olur, amma sərt şaxtası yoxdur. Səmərqənd və Təbriz də yaxşı havasıyla (l 30 a) məşhurdur, amma oranın soyuğu sərtdir.

Şəhərin ətrafında dörd gözəl çayır var. Şimal-şərqində Sonaq-kur­qan çayırı var. Kabildən təxminən iki küruh uzaqdadır və yaxşı bir çayırdır, otu ata yaxşı gəlir, milçəyi az olur. Şimal-qərbində Çalaq çayırı yerləşir. Ka­bil­dən bir küruh uzaqda və geniş bir ça­yırdır, yayda miçəyi atı narahat edir. Qərbində Divrin çayırı var. Bunlar eyni təpənin iki çayırıdır.

Bir də Quş-Nadir çayırı vardır və bu hesabla beş çayır olur. Bu son iki çayır Kabildən bir şeri məsafədədir. Kiçık çayır olsalar da otu ata fövqəladə yaxşı gəlir və miçəyi yoxdur, Kabil çayırları arasında bu çayırlar kimi çayır yoxdur. Şərqində Siyah səng çayırı var. Dəriçirlər qapısıyla bu çayırın or­ta­sında Qutlu Qədəmin məzarı yerləşir. Yayda miçəyi çox olduğu üçün bu çayıra rəğbət azdır. Bir də bu çayıra bitişik Kəməri çayırı vardır ki, onunla birlikdə Kabilin ətrafında altı çayır olur, lakin bunların dördü məşhurdur.

Kabil vilayəti qorunaqlı bir vilayətdir, düşmənin bu vilayətə girməsi çətindir. Bəlx, Qunduz və Bədəxşan ilə Kabil arasında Hinduquş dağı yer­ləşir. Bu dağ üzərindən yeddi yol aşır.

Bu yollardan üçü Pənchirdədir. Bir az yuxarıda Cavaq keçidi, on­dan bir az aşağıda Tul və ondan daha aşağıda Bazarək keçidləri vardır. Bu üç ke­­çiddən (130 b) ən yaxşısı Tul keçididir, lakin yolu bir az daha uzundur. Eh­timal ki, bu üzdən ona Tul [uzun] deyirlər. Ən doğru olanı Bazarəkdir. Tul və Bazarək Səraba gedir. Bazarək keçidi Parəndi adlı bir kəndə endiyi üçün Sərab əhalisi ona Parəndi keçi­di deyir.

Yollardan biri də Pərvan yoludur. Böyük keçid ilə Pərvan çayının ara­sında yeddi keçid olduğu üçün ona Həft-beçə [yeddi uşaq] deyirlər. Əndərab tərəfindən iki yol gəlib bu keçiddə birləşərək, Həft-Beçə ilə Pərvana uzanır. Fövqəladə əziyyətli bir yoldur.

Yolların üçü isə Gur-Bənddədir. Pərvan yoluna daha yaxın olanı Yen­gi yol keçididir; Vəliyan ilə Hincana enir. Yolların biri də Qıpçaq keçidi­dir, Əndərab çayı ilə Qızıl suyun birləşdiyi yerə enir, bu da yaxşı bir yoldur. Üçüncüsü is Şibertu keçididir. Yayda sular artanda Şibertu keçidindən aşıb Bamyan və Sayqan üzərindən, qışda isə Ab-dərə üzərindən gedirlər.

Qışda dörd-beş ay boyu Şibertu yolundan başqa bütün yollar bağlanır və o za­man da bu keçiddən aşıb Ab-dərə üzərindən gedirlər. Yayda sular daşanda isə bu yollar qışda olduğu kimidir, çünki su kənarındakı yollardan su yüksəldikdən sonra keçmək mümkün olmur, bu yollardan keçməyərək dağdan keçmək çox çətin olur. Bu keçidlər yalnız qarın az olduğu və suların çəkildiyi üç-dörd ay içində (131 a) keçilə bilən yerlərdir. Dağlar və boğaz­larda yol kəsən kafirlər azdır.

Xorasan tərəfindən gələn yol Qəndəhardan keçir. Bu yol dümdüzdür və keçid yoxdur.

Hindistan tərəfindən dörd yol çıxır: biri Lemqanat üzərindən gəlir ki, bu yolda Xeybər dağlarında kiçik bir keçid vardır; biri Bəngəş üzərindən gəlir, biri Nəgar üzərindən, biri isə Fərmul üzərindən gəlir.

Bu yollarda bir neçə keçid vardır və bu yollarla gələnlər Sind çayı­nın üç keçidindən keçirlər: Nilab keçidindən keçənlər Ləmqanat üzərindən gəlir. Qışda Kabil çayı ilə Sind çayının birləşdiyi yerin bir az yuxarısında, hər iki çay da keçid üzərindən keçilir.

Mən Hindistan səfərləriində əksərən bu keçidlərdən keçirdim. Bir sə­fə­rində Sultan İbrahimi [Ludi] yenib Hindistanı fəth etdiyim zaman Nilab keçidindən gəmiylə keçdim. Nilab keçidinin dışında Sind çayının heç bir ye­rindən gəmisiz keçmək mümkün deyil.

Dinqut keçidindən keçənlər Bəngəş üzərindən gəlirlər. Çuparə keçi­din­dən keçən­lər Fərmül üzərindən gəlirlərsə Qəznəyə, Dəst üzərindən gəlir­lərsə Qəndəhara gedirlər.

Kabil vilayətində müxtəlif tayfalar yaşayır. Dərə və ovalarda türklər, aymaqlar və ərəblər, şəhərində və bəzi kəndlərində sartlar, bəzi (131 b) kənd­­lərində və vilayətində isə peşayi, pəraci, tacik, bərəki və əfqanlar, Qəz­nə dağlarında da həzarə və nikdərilər yaşayır. Həzarə və nikdərilər arasında bəzi qəbilələr moğolca danışırlar. Şimal-şərqindəki Kəttur və Gəbrək kimi dağlıq ərazi Kafiristan, cənubu isə Əfqanıs­tandır.

Kabil vilayətində on bir-on iki dil danışılır: ərəbcə, farsca, türkcə, mo­ğolca, hindcə, əfqanca, peşayicə, pəracicə, gəbəricə, bərəkicə və ləm­ğan­ca. Heç bir vilayətdə bu qədər müxtəlif qövmün yaşadığı və bu qədər müxtəlif dilin danışıldığı görünməmişdir.

Vilayət on dörd tüməndən ibarətdir. Səmərqənddə, Buxarada və civa­rındakı böyük bir vilayətə bağlı olan kiçık vilayətlərə tümən deyilir. Əndi­can, Kaşğar və civarında ürçün, Hindistanda isə pərgənə deyirlər. Bəcur, Se­vad, Pərşavər və Həşnəgar əskidən Kabilə tabe imiş, indi isə əfqan qövmü üzündən bəziləri xarab olmuş, bəziləri də əfqan idarəsinə girdikləri üçün vi­layətlikləri qalmamışdır.

Şərq tərəfi Ləmqanatdır. Bu vilayət beş tüməndən və iki bölükdən iba­rətdir. Bu tümənlərin ən irisi Nigənxardır, bəzi tarix kitabların­da Nigərxar deyə yazılmışdır. Bu tümənin mərkəzi Adinapurdur və Kabildən şərqə doğ­ru on üç ağac məsafədədir. Nigənxar ilə Kabilin arası fövqəladə çətin və pis bir yoldur. Üç-dörd yerdə kiçık-kiçık (132 a) keçidləri və iki-üç yerdə də bo­ğazları vardır. Xırılçılar və bütün digər yolkəsən əfqanlar üzündən bu yol təhlükəsiz deyildi və bu iki şəhər arasında məmurə yoxdu. Quru sayın alt tə­rəfindəki Qaratuyu mən saldırdım və bu sayədə yol əmin bir hala gəldi.

İsti iqlimlə soyuq iqlim arasındakı sərhəd Badam-Çeşmə keçididir. Bu keçidin Kabil tərəfində qar yağır, Quru say və Ləmqanat tərəfində isə qar yağ­­mır. Bu keçiddən enincə insan özünü başqa bir aləmdə zənn edir, ağac­lar, otlar, heyvanlar, əhalisinin adət-ənənələri tamamilə başqadır.

Nigənxarda doqquz çay vardır. Düyüsü və buğdası yaxşı olur. Porta­ğal, turunc və narı fövqəladə bol və yaxşıdır.

Adinapur kurqanının altında və cənub tərəfindəki bir yüksəklikdə 914-cü (=1508/09) ildə Baği-Vəfa adında bir çarbağ saldırdım. Kurqanla bağ ara­­­sın­dan axan suya baxır. Portağal, turunc və narı fövqəladə çoxdur. Pəhar xanı məğlub edib Lahor və Dibalpuru fəth etdiyim il [=1524] banan gətirdib əkdirmişdim, yaxşı tutmuşdu. Ondan əvvəlki il də şəkər qamışı əkilmiş və yaxşı yetişmiş, onlardan Bədəxşana və Buxaraya göndərilmişdi. Yeri yük­sək­­dir, suyu qurumur, havası qışda da mülayimdir. Bağın ortasında kiçık bir (132 b) təpə var. Bir dəyirman işlədə biləcək gücdə bir çay bağın ortasın­dan və bağın içindəki təpənin üzərindən fasiləsiz bir şəkildə axır, bağın or­ta­sındakı böyük çəmənlik bu təpənin üzərindədir.

Bağın cənub-qərbində böyük bir hovuz vardır və ətrafı tamamən por­tağal ağaçlarıyla əhatə edilmişdir. Nar ağacları da vardır. Bu hovuzun ətrafı bütünlüklə çəmənlə örtülüdür və bağın ən gözəl yeri oradır. Portağalların sa­raldığı günlərdə olduqca gözəl görünür. Gerçəkdən də gözəl bir bağdır.

Kuhi-Səfid dağı Nigənxarın cənubundadır. Bəngəş ilə Nigənxarı bu dağ ayırır. Atlı bir adam buradan asanlıqla keçə bilməz. Bu dağdan doqquz çay axar. Bu dağda qar heç bir zaman əskik olmur. Bəlkə də bu üzdən ona Ku­hi-Səfid [ağ dağ] demişlər. Aşağıdakı dərədə isə heç bir zaman qar yağ­mır. İkisinin arası ya­rım günlük yoldur. Bu dağın ətəklərində havalı yerlər var­. Suları so­yuq­dur və buza ehtiyac yoxdur.

Adinapur kurqanının güney tərəfi isə Surx-rud çayıdır. Kurqanı yük­sək bir yerdədir. Çay tərəfində isə qırx-əlli kari yüksəkliyində sarp bir dağ vardır. Kurqanın şimalında də dağın bir qismi bulunur. Olduqca qorunaqlı bir kurqandır. Bu dağ Nigənxar ilə Ləmqanat arasındadır. Kabilə qar yağan za­­man bu dağın təpəsinə qar düşür, Ləmqan əhalisi (133 a) onda bilir ki, Kabilə qar yağmışdır.

Kabildən Ləmqanata gedərkən Quru say üzərindən gedənlər Dibri ke­çidini aşıb Bulanda Baran çayından keçirlər. Bir digər yol isə Quru saydan aşağıya, Qaratudan aşıb Uluğ-Nurda Baran çayını keçib Badic keçidindən Ləmqana gedir. Nicrav üzərindən gedənlər isə Bedrav və Qaranrıqdan ke­çib Badic keçidinə gedirlər.

Nigənxar Ləmqanın beş tümənindən biridir, lakin yalnız üç tümənə Ləmqanat adını verirlər. Bu üç tüməndən biri Əlişəng tümənidir O, Hindu­quş dağına bitişik, qarlı, böyük və sarp dağları əhatə edir. Bu dağlar bütün­lük­lə Kafiristana aiddir. Kafiristanın Əlişəngə bir az yaxın olan qismi Mil­dir. Əlişəng çayı öz mənbəyini Mildən alır. Həzrəti Nuh peyğəmbərin atası Mehtər La­­mın qəbri Əlişəng tümənindədir. Bəzi tarix kitabların­da Mehtər Lama Ləmk və ya Ləmkan da deyirlər. Buranın əhalisi bəzən kaf yerinə ğəyn tə­ləf­füz edir. Bəlkə bu vilayətə bu üzdən Ləmğan demişlər.

Ləmqanat tümənlərindən biri də Əlinqardır. Kafiristanın Əlinqara ən ya­xın olan qismi Gevardır. Əlinqar çayı Gevardan başlayır. Bu iki çay Əli­şəng ilə Əlinqardan keçib birləşərək tümənlərdən biri olan Məndravərin (133 b) bir az aşağısında Baran çayına tökülür.

Ləmqanatın iki bölüyündən biri Dəreyi-Nurdur və misilsiz bir yerdir. Kurqanı dərənin önündə iki tərəfindən su ilə çevrilən bir çıxıntının üstün­də­dir. Düyü tarlaları çoxdur. Oraya yol olmayan yerdən getmək mümkün de­yil. Portağal, turunc və digər isti iqlim meyvələri, bir az da xurma ağacı var. Kurqanın iki tərəfindəki suyun sahilləri tamamən ağaclıqdır. Çoxu əmlük ağacıdır. Bu meyvəyə bəzi türklər qarayemiş deyirlər, Dəreyi-Nurda çox olur, başqa yerdə bu meyvəyə rast gəlmək olmaz.

Üzümü də olur. Üzümün hamısı ağaclara sarmaşıb yuxarı çıxır. Ləm­qa­natda Dəreyi-Nur şərabı məşhurdur. Ərrə daşı və suxan daşı adlanan iki növ şərabları var. Ərrə daşı sarımtıraqdır, suxan daşı isə gözəl rəngli və qıp­qırmızı olur. Düzdür, hər ikisinin də keyfiyyəti şöhrətləri qədər deyildir, la­kin ərrə daşı adama daha çox keyf verir.

Yuxarıdakı dərələrdə limon yetişir. Buradan aşağıdakı Hindistan tərəf­lə­rində də limon yetişir. Lakin buradan yuxarıda limon olmur. Buranın əha­lisi əvvəllər donuz saxlayırdı, lakin bizim zamanımızda bundan vaz keçdi.

Ləmqanatın üç tümənindən biri də Künər və Nurgil tümənidir. Bu tü­mən Ləmqanatdan bir az fərqlidir. Kafiristanın içindədir və vilayətin sərhəd­dini təşkil edir. Gərçi böyüklüyü Ləmqan tümənləri qədər vardır, lakin məh­sulu az olduğu üçün (134 a) daha az vergi verirlər. Çağan saray çayı şimal-şərqdən Kafi­ris­tanın içindən başlayır və bu vilayətin içindən keçərək Kamə bölüyündə Baran çayı i­lə birləşib şərqə doğru axır. Bu çayın qərb tərəfi Nur­gil, şərq tərəfi isə Künərdir.

Mir Seyid Əli Həmədani -Allah ona rəhmət eləsin- səyahət edərkən bura­ya gəlib Künərdən bir şeri məsafə daha yuxarıda vəfat etmişdir. Mü­rid­ləri onu bura­dan alıb Xutlana götürmüşlər. Vəfat etdiyi yerdə bir mə­zar var. 925-ci ildə [=1519] gəlib Çağan sarayı alanda ziyarət etmişdim.

Portağal, turunc və düyü çox olur. Qüvvətli şərabları da Kafiristandan gətirir­lər.

Buradakı əhali qəribə bir şey danışır, inanılmaz kimidir, lakin bu xə­bəri dəfələrlə eşitdim. Bu tümənin aşağı qisminə Ləmətə-Öz deyirlər və ora­dan aşağıda olan yerlər Dəreyi-Nura və Ətərə tabedir. Bu hadisə Ləmətə kəndinin yuxarısına, Künər, Nurgil, Bəcur, Səvad və civarındakı bütün bu Ku­histana yayılmışdır: ölən hər qadını bir xərəyə qoyub dörd tərəfindən tu­taraq yuxarı qaldı­rırlar. Əgər qadın pis işlər görmüşsə, onu qaldıranları o qə­dər sarsır ki, bütün səylərə baxmayaraq ölü xərəkdən yerə düşür. Əgər pislik etməmişsə, tərpənmir. Bunu yalnız oranın əhalisi deyil, Bəcur, Səvad və bü­tün Kuhistan əhalisi birağızdan (l 34 b) söyləyirdi.

Heydər Əli Bəcuri Bəcur sultanıydı və o vilayətdə çox yaxşı qayda ya­ratmışdı. Anası öləndə ağlamamış, matəm tutmamış, qaralar geyməmiş, «Ge­­­­din, xərəyə qo­yun, qımıldamasa yandıracağam» demişdir. Xərəyə qo­yur­­lar və ölüdə belə bir hərəkət görünür. Bunu eşidincə, qaralar geyib ma­təm tutur.

Bölüklərdən biri Çağan saraydır. Kafiristanın başlanğıcında kiçık bir kənddir. Əhalisi kafirlərlə qarışıq olduğu üçün müsəlman olduqları halda ka­­fir adətlərinə uyurlar. Çağan saray çayı deyə məşhur olan böyük irmaq Çağan sarayın şimal tərəfindən və Bəcurun arxasından axır. Qərb tərəfin­dən Pih adlı daha kiçık bir çay Kafiristandan gəlib bu çayla birləşir.

Çağan sarayın sarımtıraq və qüvvətli şərabları var, lakin Dəreyi-Nur şərabıyla əsla müqayisə oluna bilməz. Oranın üzümü və bağı yoxdur, suyun üst tərəfindəki Kafiristan ilə Pih Kafiristanından gətirirlər. Mən Çağan sa­rayı alanda [=1514/5] Pih kafirləri bu xalqa yardım üçün gəlmişdilər. Şərab o tərəfdə o qədər yayılmışdır ki, hər kafirin boynunda bir tuluq şərab olur və su yerinə şərab içirlər.

Kamə ayrı bir yer olmayıb Nigənxara tabe olsa da, oraya da bölük de­yirlər.

Tümənlərdən biri (135 a) Nicrav tümənidir. Kabilin şimal-şərqində Ku­his­tan­da yerləşir. Arxasındakı dağların hamısı Kafiristandır. Uzaq bir gu­şədir. Üzüm və meyvəsi fövqəladə çox, şərabı da bol olur. Ancaq şərabı qay­­nadırlar. Qışda çox toyuq bəsləyirlər. Əhalisi əyyaş, namaz qılmaz, Al­lahdan qorxmaz və kafirə bənzər bir xalqdır.

Dağlarında şam, palıd və saqqız ağacı çoxdur. Çam, çilgüzə və palıd ağacları oradan aşağıda da bitir, lakin Nicravdan yuxarıda heç bitmir. Bun­lar Hindis­tan ağaclarındandır. Bu Kuhistan xalqının çırağı çilgüzə ağacın­dandır və şam kimi yanır. Bu çox qəribədir.

Nicrav dağlarında rübeyi-pəran olur. Rübeyi-pəran bir heyvandır, sin­cabdan bir az böyükdür və iki qoluyla iki budunun arası yarasa qanadı kimi pərdəlidir. Hər zaman tutub gətirirdilər. Deyirlər ki, ağacdan-ağaca, aşağıya doğru bir ox atımı qədər uçur. Mən özüm uçduğunu görməmişdim. Bir ağa­ca qoyduq və dərhal dırmanaraq çıxdı. Oradan qovladılar və qanadını aça­raq uçan kimi elədi, lakin ehmalca yerə düşdü.

Bu dağlarda luçə quşu da olur. Bu quşa buqələmun deyirlər, başından quyruğuna qədər beş-altı fərqli rəngi var və boynu göyərçin boynu kimi par­laq­dır. Böyüklüyü cins kəklik qədərdir. Bu, hər halda, Hindistanın cins kək­li­yi olmalıdır. Onun haqqında bölgə əhalisi qəribə şeylər söylədi: qış gə­lincə dağın ətəklərinə enərək uçursalar belə (135 b) üzüm bağından o yana uça bil­məz, sonra onları təkrar tutarmışlar.

Nicravda müşk siçanı deyilərn bir siçan varmış, ondan müşk qoxu­su gə­lirmiş. Özüm şəxsən görmədim.

Tümənlərdən biri Pənchir tümənidir və Pənchir yolu üzərində yerləşir. Kafiristan ona çox yaxındır. Yolkəsən kafirlərin yolu Pənchir üzərindəndir. Ka­firlərə yaxın olduğu üçün bu tüməndən də vergi alırlar. Mən gə­lib Hin­dis­tanı fəth etəndə [=1526] kafirlər də gəlib Pənchirdə bir çox adamı öldü­rə­rək hər yanı dağıtmışdılar.

Tümənlərdən biri Gur-Bənd tümənidir. O vilayətlərdə keçidə bənd de­yir­lər. Gür tərəfinə bu keçiddən gedirlər və hər halda buna görə ona Gur-Bənd demişlər. Dərə baş­larını həzarələr işgal etmişdilər. Bir neçə kənddən ibarət və məhsulu az bir yer­dir. Gur-Bənd dağlarında gümüş və lacivərd mə­dən­ləri olduğunu söyləyirlər.

Dağ ətəyində yerləşən kəndlər başda Mitə-Kəcə və Pərvan ilə axırda Dür­namə olmaq üzərə on iki-on üç kənddən ibarətdir. Meyvəsi bol olan kənd­­lərdir və şərabları da digər yerlərinkinə nisbətən daha qüvvətlidir. Bu kəndlərin hamısı dağlarda və dağ ətəklərində yerləşdikləri üçün vergilərini ödəyirlər, lakin xəraca bağlı deyillər. Bu kəndlərin aşağısında dağ ətəyində və dağ ilə Baran çayı arasında Kürreyi-Taziyan və Dəşti-Şeyx dedikləri iki düz ovalıq var. Yayda çikin-tala1 otu (136 a) fövqəladə yaxşı olur. Aymaq­lar və türklər yayda buraya gəlirlər.

Bu dağ ətəyində rəngbərəng hər cür lalə var. Bir dəfə saydırdım və otuz iki-otuz üç növ nadir lalə çıxdı. Bu lalələrin bir növündən bir az qırmızı gül qoxusu gəlir, ona laleyi-gülbuy adını verdik. O, Dəşti-Şeyxdə də mü­əy­yən bir yerdə olur, başqa yerdə olmur. Eyni dağın ətəyində və Pərvanın bir az aşağısında sədbərg (yüz yarpaq) lalə olur. O da yalnız müəyyən bir yerdə, Gur-Bənd boğazının sonunda yetişir.

Bu iki ovanın arasında kiçık bir dağ var. Bu dağda və dağın başın­dan ətəyinə qədər Xoca-Rigi-Rəvan deyilən qumlu bir sahə var. Bu qumluqdan yay­­­da nağara və davul səsləri gəldiyini söyləyirlər.

Bunlardan başqa, Kabilə bağlı olan daha bir çox kənd vardır. Kabilin cənub-qərbində və ondan üç şeri məsafədə hər zaman qarla örtülü böyük bir dağ vardır; bir ilin kari ikinci ilin qarına qədər qalır və nadir illərdə qar o biri qara çatmır. Kabil buzçuları­nın buzları qurtaranda bu dağdan qar gə­ti­rərək buzlu su düzəldib içirlər. Bu dağ ilə Bam­yan dağı sarp dağlardır. Hər­mənd, Sind, Duqabə və Bəlxab çayları öz mənbəyini bu dağdan alır ki, bir gündə dörd çayın dördünün də suyundan içmək mümkündür.

Oradakı kəndlərin çoxu bu dağın ətəyində yerləşir. Bağların üzü­mü çox və hər növ meyvəsi bol olur. Bu kəndlərin arasında İstalif və Əstərqaça bənzəyən başqa kənd yoxdur. Uluğ bəy Mirzə bu kənd­lərə (136 b) Xora­san və Səmərqənd deyirmiş.

Ləmqan da bu kəndlərin arasındadır. Djğrudur, üzümü və meyvəsi o kənd­­lərinki qədər deyil, lakin havası onlarla əsla müqayisə edilə bilməz. Ləmqan dağı qarlı dağdır.

İstafil kimi bir kəndə hər yerdə rast gəlmək mümkün deyil. Kəndin için­­dən böyük bir çay axır və çayın hər iki tərəfi bağdır. Yaşıl və olduqca sə­­­­­falı bağları var. Suyu soyuqdur, buzlu suya ehtiyac yoxdur; əksərən şəf­faf­dır. Bu kənddə Uluğ bəy Mirzənin sahibindən zorla aldığı Baği-Kəlan adlı bir bağı var. Mən sahiblərindən satın aldım. Bağın dışında böyük çinar­lar var, çinarların altı yaşıl, kölgəli və səfalı bir yerdir. Bağın ortasından bir də­yir­man işlədə biləcək qədər su heç dayanmadan axır. Bu suyun sahilində çi­narlar və digər ağaclar bitir. Bu arx əvvəllər əyri-üyrü və düzənsizdi, am­ma mənim əmrimlə doğru-düzgün bir şəkildə qazdı­lar, fövqəladə gözəl bir yer oldu.

Bu kəndlərin bir az aşağısında və ovadan yuxarıya doğru bir və ya bir yarım küruh məsafədəki dağ ətəyində Xoca-Seyaran dedikləri bir çeşmə var.

Bu çeşmədə və çeşmənin ətrafında üç cür ağac əkilmişdir. Çeşmənin ortasında xeyli çinar ağacı və onların lətif kölgəsi var. Çeşmənin iki tə­rə­fin­də dağ ətəyindəki təpələrdə çoxlu palıd ağacı var. Bu (137a) iki palıdlı­q is­tisna olmaqla Kabilin qərb tərəfindəki dağlarda heç palıd ağacı bitmir. Çeş­­mənin qabağındakı ova tərəfində isə böyük bir ərğuvan qoruğu var, bu vila­yətdə oradan başqa heç bir ərğu­van qoruğu yoxdur.

Bu üç ağacın üç müqəddəsin kəraməti olduğunu deyirlər, seyaran [se yaran, üç yaran] adının verilməsinin səbəbi də bu imiş. Mən də bu çeşmənin ətrafını daşla hördürdüm, çeşməni kirəc və gipslə suvadaraq böyük hovuz dü­zəltdirdim. Çeşmənin ətrafı çox gözəl oldu. Hər tərəfi ərğuvan qoruğuna baxır. Ərğuvan gül açan günlərdə belə bir yer dünyada tapılmaz. Sarı ərğu­vanı da çox olur. Sarı ərğuvan ilə qırmızı ərğuvan dağ ətəyində birdən açılır.

Bu çeşmənin cənub-qərbində bir dəyirman işlədə biləcək çayın yarısı qədər su fasiləsiz olaraq axır. Mən bir arx açdırıb bu suyu Seyaranın cə­nub-qər­bindəki təpənin üstünə gətirtdim. Təpənin üstünə böyük yuvarlaq bir taxt düzəltdirdim. Onun ətrafına başdan-başa söyüd əkdirdim, çox gözəl bir yer oldu.Bu taxtın bir az yuxarısına, təpənin yanında bir də üzüm bağı saldır­dım. Bu arxın tarixi «cuyi-xoş»1 şəklində zəbt edildi.

Tümənlərdən biri də Ləhugər tümənidir. Ən böyük kəndi Çərx kəndi­dir. Mol­la Yaqub həzrətləri bu kənddəndir, Mollazadə Molla Osman da (137 b) çərxlidir. Secavənd də Ləhugərin kəndlərindən biridir. Xoca Əhməd ilə Xo­ca Yunus Secavənd kəndindəndir. Çərxin bağları çoxdur. Ləhugərin di­gər kənd­­­lərində bağ olmur. Ləhugərin əhalisinə əfqan-şal deyirlər. Bu ad Ka­bil­də çox yayılmışdır. Hər halda, bunun doğrusu əfqan-şiardır ki, sonra­dan əf­qan-şal demişlər.

Biri Qəznə vilayətidir. Bəziləri ona tümən də deyirlər. Səbük-Təkin ilə [Hin­distan fatihi] Sultan Mahmudun [Qəznəvi] və oğlunun paytaxtı Qəznə imiş. Bəziləri Gəznin deyə də yazmışlar. Sultan Şəhabəddin Qurinin də pay­taxtı ora imiş. Bu Sultan Şəhabəddini [Quri] Təbəqati-Nasiridə və bəzi hind tarixlərində Müizzəddin kimi yazmışlar.

Qəznə üçüncü iqlimdədir. Ona Zabil də deyirlər. Zabilistan bu vilayət­dən ibarətdir. Bəziləri Qəndəharı da Zabilistana daxil edirlər. Kabildən qər­bə doğru on dörd ağac məsafədədir. Bu yolu gedənlər dan ağararkən Qəznə­dən hərəkət edib iki namaz arasında və ya ikindi namazı vaxtında Kabilə ça­tır. Adinapur isə on üç ağac məsafədədir, lakin yolunun pis olması üzündən oraya heç bir vaxt bir gün ərzində gedib çata bilməmişlər.

Kiçık bir vilayətdir. Çayının dörd-beş dəyirman işlədəcək qədər suyu var. Qəznə şəhəri və dörd-beş kəndi bu suyla, dörd-beş kəndi də kəhrizlə suvarılır. Qəznənin üzümü Kabilinkindən daha yaxşıdır. Qovunu da Ka­bil qo­vunundan da­ha yaxşıdır. Alması da yaxşı (138 a) olur, onu Hindistana ix­rac edirlər. Taxılı fövqəladə əziyyətlə becərilir, əkdikləri hər sahənin üstü­nü hər il bütüblüklə yeni torpaqla örtürlər. Lakin oranın əkininin məhsulu Ka­bilinkindən daha artıqdır. Boyaqotu əkir və Hindistanın hər tərəfinə ixrac edirlər. Bu əhalinin ən yaxşı məhsulu boyaqotudur.

Köçəriləri həzarələr və əgqanlardır. Qəznə Kabilə nisbətən daima ucuz­dur. Əhalisi hənəfi məzhəbli, təmiz etiqadlı və müsəlman bir xalqdır. Üç ay oruç tutanları çoxdur. Ailə və qadınları çox mühafizəkar və qapalıdır.

Molla Əbdürrəhman Qəznənin ən böyük adamlarındandır. Alim adam­dı və daima dərs verirdi. Fövqəladə dindar, Allahdan qorxan və pəhrizkar bir adamdı. Nasir Mirzə ölən il [=1515] vəfat etdi.

Sultan Mahmudun qəbri Qəznə civarındakı məhəllələrin birindədir və sultanın qəbri orada olduğu üçün buraya rövzə deyirlər. Qəznənin yaxşı üzü­mü rövzədə yetişir. Oğulları Sultan Məsud ilə Sultan İbrahimin qəbri də Qəz­nədədir. Belə mübarək məzarlar Qəznədə çoxdur.

Kabil və Qəznəni zəbt etdiyim il [=1505] Kühət, Bennu ovası və Əf­qanıstanı yağmalayıb bir çox insan öldürdükdən sonra Düki üzərindən keçib Abi-İstadənin sa­hili ilə Qəznəyə gəldim. Qəznə kəndlərinin birində bir mə­zar olduğunu və salavat oxuyunca yırğalandığını söylədilər. Gedib gör­düm və qəbrin yırğalandığı (138 b) hiss edildi. Sonra anlaşıldı ki, bu, müca­vir­lərin bir hiyləsi imiş. Onlar qəbrin üstünə tavan kimi bir şey düzəltmişlər. Ona toxu­nan­da o, yırğalanır və bu zaman adamda qəbr hərəkət edirmiş hissi oya­nır. Necə ki, gəmiyə heç minməmiş bir adam gəmiyə minincə sahilin hə­rəkət et­diyini hissinə qapılır. Mücavirlərin qəbrdən uzaq durmalarını əmr et­dim. Bir neçə salavat oxudular, lakin qəbrdə heç bir hərəkət hiss edilmədi. Ta­vanı söküb qəbrin üstünə künbəz tikilməsini əmr etdim. Mücavirlərə isə təh­didlə bir də belə hərəkət etmələri qadağan edildi.

Qəznə çox əhəmiyyətsiz bir yerdir. Hindistan və Xorasanı öz hakimiy­yəti altına alan padşahların, ələlxüsus xorasanlıların belə həqir bir yeri necə paytaxt elədiklərinə heyrət etməmək olmur.

Sultan (Mahmud) zamanında [=998-1030] Qəznənin üç-dörd bəndi var­mış. Bənd­lərdən biri Qəznə çayında, Qəznədən şimala doğru üç ağac məsafədə və suyun yuxarı tərəfindədir. Burada Sultan (Mahmud) böyük bir bənd tikdirmişdir. bu bəndin yüksəkliyi qırx-əlli kari, uzunluğu isə təxminən üç yüz kari qədərdir. Suyu oraya toplayıb eh­tiyaca görə əkinlərə verirlərmiş. Əlaəddin Cahansuz Guri bu vilayətə müsəllət olanda bəndi dağıtmış, sul­ta­nın övladlarından çoxunun qəbirlərini də təxrib et­miş, Qəznə şəhərini yax­mış, əhalisini öldürüb mallarını yağmalamış, qətliamın və dağıntının (139 a) ardından geridə görünəcək heç bir şey qoymamışdır. Bax, bu bənd də o za­man­dan bəri xarabdır. Hindistanı fəth etdiyim il bu bəndi təmir et­mək üçün Xo­ca Kəlan ilə pul göndərdim. Allahın inayətiylə bu bəndin təkrar inşa edi­ləcəyinə ümid vardır.

Bəndlərdən biri də Sixandır. Qəznənin şərqində və ondan iki-üç ağac məsafədə olan bu bənd də o zamandan bəri xarabdır. Təmir ediləcək vəziy­yətdə deyil. Bəndlərdən digəri də Sərdihə bəndidir ki, bu bənd abaddır.

Kitablarda yazıldığına görə, Qəznədə bir çeşmə varmış və bu çeşməyə zibil atsalar, o zaman dalğa, daşqın, yağmur və boran olarmış. Bir tarix kita­bında yazıldığına görə, hind padşahlarından biri [Sultan Mahmudun atası] Səbük-Təkini Qəznədə mühasirəyə alanda Səbük-Təkinin əmriylə bu çeş­məyə zibal atılır, dalğa, daşqın, yağmur və boran olur və bu şəkildə düşməni dəf edir. Mən Qəznədə nə qədər araşdırdımsa da, heç kim bu çeşmənin yeri haqqında məlumat verə bilmədi.

İraqeyn və Azərbaycanda Sultaniyə ilə Təbriz soyuqluğu ilə məşhur olduğu kimi, bu vilayətlər arasında da Qəznə ilə Xarəzm soyuqluğu ilə məş­hurdur.

Tümənlərdən biri də Zürmət tümənidir; Kabilin cənubunda, Qəznənin cə­nub-şərqindədir. Kabildən on iki-on üç, Qəznədən isə yeddi-səkkiz ağac məsafədədir və səkkiz kənddən ibarətdir. Vilayət mərkəzi Gərdizdir. Gərdiz kurqanının içindəki evlər əksərən üç və ya dörd qatlıdır. (139 b) Gərdiz ol­duq­ca möhkəm bir yer­dir. Bu şəhər Nasir Mirzə ilə düşmən olub Mirzəyə xey­li problem yaratmışdı.

Zürmət əhalisi əfqan-şaldır, onlar əkinçilik və kənd təsərrüfatı ilə məş­ğul olurlar. Ağacları, bağ və bağçaları yoxdur.

Bu tümənin cənubunda Bərəkistan dedikləri bir dağ, onun ətəyində də yüksək bir yerdə bir çeşmə var. Şeyx Məhəmməd Müsəlmanın qəbri burada­dır.

Tümənlərdən biri də Fərmül tümənidir. Önəmsiz bir yerdir. Alması pis de­yil­dir, Multana və Hindistana ixrac edilir. Hindistanda əfqanlar zama­nın­da etibar görən Şeyx Məhəmməd Müsəlmanın övladları olan Şeyxzadələr Fərmüldəndir.

Tümənlərdən biri də Bəngəş tümənidir. Hər tərəfi yolkəsən əfqanlarla dolu­dur. Hugiyani, xırılcı, turi və ləndər qəbilələri kənarda yaşadıqları üçün vergilərini könüllü verməzlər. Qəndəhar, Bəlx, Bədəxşan və Hindistanın fət­hi kimi böyük işlər araya girdiyindən Bəngəşin zəbti üçün fürsətim olmadı. Allah rast gətirsə və fürsət versə, Bəngəşin yolkəsənləri ilə və şəhərin zəbti ilə uğraş­maya qərar verdim.

Kabilin bölüklərindən biri də Ala say bölüyüdür; Nicravdan iki-üç şeri qədər məsafədədir. Şərqə doğru Nicrav tərəfindən yol dümdüz gəlir və Kürə deyilən yerə çatar-çatmaz Ala saya doğru bir az kiçık bir keçid enir. Bu tə­rəfin isti iqlimiylə soyuq iqliminin ayrıldığı yer Kürə keçididir. Bu Kürə keçidi ilkbaharda quşların keçdiyi bir yerdir. Nicrava tabe olan Piçgan əha­li­si bu keçiddə çox (140 a) quş tutur. Keçidin sonunda hər yerə daş sığınaqlar tikmişlər. Quş tutan adamlar bu sığınaq­larda oturub torun bir ucunu beş-altı kari qədər uzaq bir yerə bağlayır və bir tərəfini yerə daşla bərkidir, digər tə­rəfinə də torun yarısına qədər uzaqda və üç-dörd kari uzunluğunda bir ağac bağlayırlar. Ağacın bir ucunu sığınaqda oturan adam əlində tutur və sığına­ğın dəliklərindən bayırı müşahidə edir. Quşlar yaxınlaşınca toru dərhal yu­xa­rı qaldırır və quşlar hamısı tora düşürlər. Bu şəkildə o qədər çox quş tu­turlar ki, kəsməyə vaxt tapmırlar.

O vilayətdə Ala sayın narından daha yaxşı nar tapılmaz və bu narı Hindistanın hər tərəfinə ixrac edirlər. Üzümü də pis deyil. Ala sayın şərab­ları Nicrav şərablarına görə daha qüvvətli, rəngi də daha gözəldir.

Bölüklərdən biri də Bedrav bölüyüdür və Ala sayın yanındadır. Bu­ra­da meyvə olmur. Əhalisi kafirdir və əkin-biçinlə məşğul olur. Xorasan və Sə­mərqəndin köçəriləri türklər və aymaqlar olduğu kimi, bu vilayətin köçə­ri­ləri də həzarələr və əfqanlardır. Həzarələr arasında ən çoxsaylısı Sul­tan Mə­sudi həzarəsi, əfqan­lar arasında isə məhmənd əfqanlarıdır.

Kabilin gəliri torpaq, gömrük və köçərilərdən alman vergilərlə birlik­də səkkiz lek1 şahruxi2 tutdu. (140 b)

Kabil vilayətinin şərq tərəfindəki dağları iki, qərb tərəfindəki dağları da iki cürdür. Əndərab, Hast və Bədəxşan dağları başdan-başa arçan ilə ör­tü­lü, bol sulu və yumşaq təpəli dağlardır.

Dağ, təpə və dərələrinin otu birbirinin eynidir və yaxşıdır. Çox yerində bütəkə otu bitir və ata fövqəladə yaxşı gəlir. Əndican vilayətində də bu ota bü­təkə deyirlər, lakin nə üçün elə deyildiyi bilinmir. Bu vilayətlərdə anlaşıl­dı ki, bu ot dəmət-dəmət çıxdığı üçün bütəkə deyirlər. Hisar, Xutlan, Səmər­qənd, Fərqanə və Moğolistan yaylalarının hamısı bu cür yaylalardır. Gərçi Fərqanə ilə Moğolistan yaylaları bu yaylalarla müqayisə edilə bilməz, lakin bunlara bənzər dağ və yaylalardır.

Nicrav, Ləmqanat, Bəcur və Sevad dağları isə sıx şam, çilgüzə, palıd, zeytun və saqqız ağaclarıyla örtülüdür. Otu digər dağların otuna bənzəməz; çox və yüksək ol­masına baxmayaraq işə yaramır, ata və qoyuna xoş gəlmir. Düzdür, o dağlar qədər yüksək deyillər və gözə kiçık görünürlər, lakin çox sarp dağlardır. Düz təpələrmiş kimi görünürlər, lakin bütün təpə və dağları sarpdır, daşlıdır və hər yerindən at­la keçilməz. Bu dağlarda Hindistan quş­ları və heyvanları (141 a) lap çox olur. Tutuquşu, şarək, tovuz, lucə (nuha), mey­mun, nilqav, qısaayaq maral və bunlar­dan başqa da növ-növ elə quş və heyvanlar var ki, Hindistanda belə bu heyvanlar haqda heç nə eşitməmişlər.

Qərb tərəfindəki dağlardan Dəreyi-Zindan, Dəreyi-Suf, Gürzüvan və Garcistan dağları da bu cür dağlardır. Otlaqları əksərən dərələrindədir. Dağ və təpələrdə, o dağlardakı kimi hər yerdə ot olmaz, o qədər bol ağacı və ar­ça­­­nı da yoxdur, lakin otu ata və qoyuna yaxşı gəlir. Bu dağların üstü hər yer­­­də at çapacaq qədər düzdür. Əkin yerləri də orada yerləşir. Bu dağlarda geyik çoxdur. Yalnız su­ları sarp dərələrdədir. Çox yeri qayalıqdır, hər yer­dən enmək mümkün deyil. Qəribədir ki, bütün dağların sarp yerləri yüksək­lik­lərdə olduğu halda, bu dağların sarp yerləri aşağı tərəflərindədir.

Gür, Gəzyu və Həzarə dağları da buna bənzər dağlardır. Otlaqları də­rə­­lərdədir, dağlarında ağacı azdır, arçan ağacı heç bitməz. Otu ata və qo­yuna yaxşı gəlir. Geyiyi boldur. Yuxarıda sözü edilən dağların sarp yerləri aşağı tərəf­lərində yerləşir, bu dağlarsa elə deyildir.

Xoca İsmail, Dəşt, Düki və Əfqanistan dağları bu cür dağlardır. Ümu­mən alçaq, otu az, suyu az, ağacsız, görünüşü çirkin və şoran (141 b) dağlar­dır. Dağla­rı əhalisinə uyğundur. Necə ki, «dəng olmayan tuş olmaz» demiş­lər. Dünyada belə şoran dağlar az tapılar.

Düzdür, Kabildə qışda qar çox yağır, lakin yaxşı odunları var və yaxı­nın­dadır. Bir gündə gedib gətirilə bilər. Odunları saqqız ağacı, palıd, acıba­dam və kərkənddir. Bunların ən yaxşısı saqqız ağacıdır, parlayaraq yanır, tüstüsünün iyi yaxşı olur, istiliyi davamlıdır, hətta yaşı da yanır.

Palıd da yaxşı odundur. Düzdür, bir az yavaş yanır, lakin yaxşı yanır və istisi davamlı­dır. Palıd ağacının qəribə bir özəlliyi var, yaşıl yarpaqlı bu­daqlarına od vurulsa, qəribə bir çıtırtı ilə yanır. Bir ucundan o biri ucuna qə­dər çıtırdayaraq birdən ya­nır. Bu ağacın yanması çox gözəl bir əyləncədir.

Acıbadam hamısından daha artıqdır və daha çox yayılmışdır.

Kərkənd bir tür qısatikanlı çalıdır. Yaşı da, qurusu da eyni şəkildə ya­nır, bü­tün Qəznə əhalisinin odunu budur.

Kabil vilayəti dağların arasındadır.Yonca sıraları kimi dağlar var, dağ­la­rın arasında düz dərələr yerləşir və məmur yerləri bu aralıqlardadır. Geyiyi və ovu çox deyildir. Yaz və payız mövsümlərində qızıl geyik, yəni arxar­qul­çanın qışlaq və yaylağa keçərkən izlədiyi müəyyən boğazlar var. Köpəkləri və quşları olan həvəsli igidlər bu boğazları (142 a) tutaraq geyik ovlayırlar.

Xurd-Kabil və Sürxab tərəflərində qulan da olur. Lakin ağ geyik heç ol­­maz. Qəznənin isə ağ geyiyi və qulanı var. Qəznənin ağ geyiyi qədər kök ge­yik az yerdə tapılar.

Yazda Kabilin quş ovlayacaq yeri çoxdur. Quşların keçdiyi əsas yer Baran sahilidir. Çünki Kabilin şərq və qərb tərəfi dağlıqdır, Baran sahilinin qarşısı yalnızca böyük Hinduquş keçididir və bundan başqa bir keçid yox­dur, bu üzdən bü­tün quşlar buradan keçir. Külək və ya Hinduquş keçi­di üzə­rində bir az bulud olsa, quşlar keçə bilmir və hamısı Baran ovasına enir. Bax o za­man civardakı əhali çox quş tutur. Baran sahilində qışın sonlarında ördək çox, həm də fövqəladə kök olur. Ondan başqa, durna, qarqara və digər bö­yük quşlar saysız-hesabsızdır.

Baran sahilində ip ataraq çox durna tuturlar. Leylək, qızılqaz və dur­na­ları iplə tuturlar. Bu şəkildə quş tutmaq buraya məxsusdur. Bu ovun təf­silatı belədir: bir ox atımı uzunluğunda incə bir ipi bükürlər. Bu ipin bir ucu­na ox, o biri ucuna da budaqdan düzəldilmiş bir halqa bağlayırlar. Bilək yo­ğun­luğunda (142 b) və bir qarış uzunluğunda bir ağac alırlar. Bu ipi sonuna qədər oxun bağlı olan ucundan başlayaraq bu ağaca sarıyırlar. İp bu şəkildə ta­mamilə sarıldıqdan sonra halqanı bağlayırlar. Ondan sonra bilək yoğunlu­ğun­da olan bu ağacı ipin içindən çəkirlər. İp sarılmış bir biçimdə və içi boş olaraq qalır. Halqanı ələ alıb gəlməkdə olan quşun önünə oxu atırlar. Qana­dına və ya boynuna toxunanda, quş ipə sarılaraq düşür. Bütün Baran əhalisi bu üsulla çoxlu quş tutur.

Lakin bu quş ovu olduqca əziyyətli bir işdir. Bunun üçün yağmurlu və qaranlıq gecələr lazımdır. Belə gecələrdə quşlar yırtıcı heyvanlar üzündən sabaha qədər dur­ub-dincəlmədən və eyni zamanda çox alçaqdan uçurlar. Qa­­ranlıq gecələrdə quşların yolu axan sudur, çünki su qaranlıqda bəyaz gö­rü­nür. Qorxudan su üzərində yuxarı-aşağı sabaha qədər gedib-gəlirlər. Bax, ipi bu zaman atırlar. Mən də bir dəfə gecə ip atdım. İp qopdu və quş da ta­pılmadı. Ertəsi sabah quşu qop­muş iplə birlikdə tapıb gətirdilər. Bu üsulla Baran əhalisi çox quş tutur.

Lələk durnadan əldə edilir. Kabildən İraqa və Xorasana ixrac edilən mad­dələrdən biri də bu lələkdir.

Əhalidən başqa, bir də ayrıca ovçular da vardır. Bunlar iki-üç yüz ailə qədərdir. Teymur bəyin övladlarından biri bunları Multan civarından (143 a) buraya gətirdib yerləşdirmişdir. Bütün işləri-gücləri quş tutmaqdır. Bun­lar gölməçələr düzəldib bir çox budaqlar dikərək, suyun ortasında torlar qu­raraq hər cür quş tuturlar. Yalnız ovçular deyil, bütün Baran əhalisi ip atıb tələ qu­ra­raq müxtəlif üsullarla çoxlu və hər cür quş tuturlar.

Bu mövsüm Baran çayından balıqların keçdiyi zamandır. Torla və ya sə­bət bağla­yıb çox balıq tuturlar. Bir də payızda qulanquyruğu otundan on- on iki yük, göy şibək otundan isə iyirmi-otuz yükə qədər su yanına gətirib əzə­rək suya tökürlər və dərhal suya girib sərxoş olan balıqları tutmağa baş­layırlar.

Bir az aşağıda və uyğun bir yerdə səbət bağlayırlar. Səbət bağlamaq bu şəkildə olur: barmaq yoğunluqda qələmələri tor zənbil kimi hörürlər. Bu toru suyun töküldüyü yerə qoyub ətrafına daş yığırlar. Belə ki, su çağlayaraq bu torun üzərinə tökülür və aşağıya gedir. Su aşağıya gedincə balıq da torun üstündə qalır. Sərxoş olan balıqları yuxarıdan yığa-yığa gəlirlər. Bu səbətlə çox balıq tuturlar. Gülbahar, Pərvan və İstalif sularında bu şəkildə balıq ov­la­­yırlar.

Qışda Ləmqanatda qəribə bir şəkildə (143 b) balıq tuturlar. Suyun tö­küldüyü məkanda yeri bir ev qədər qazaraq çuxurlar düzəldir və ocaq daşı boyda daşları bu çuxurlara qoyub üstünə daş yığırlar. Bu yerlərdə su altın­dan bir dəlik buraxır­lar. Daşları o şəkildə yerləşdirirlər ki, bu dəlikdən başqa heç bir yerdən balıq nə girə, nə də çıxa bilir. Su bu yığılmış daş üzərindən axır. Bu, bir balıq yuvası vəzifəsini yerinə yetirir. Qışda nə zaman balıq la­zım olsa, bu çuxurların birini açıb qırx-əlli balığı birdən gətirirlər.

Bunları bu şəkildə açırlar: çuxuru müəyyən bir yerdə düzəldir və çu­xu­run dəliyindən başqa hər tərəfinə düyü samanı, onun da üstünə daş qoyur­lar. Dəliyinə tor kimi bir şey toxuyub iki başını bir yerə birləşdirərək bağla­yırlar. Onun içində yenə bir parça yeri torla bağlayırlar. Elə ki, ağzı bu torla birlikdə və uzunluğu da əvvəlki torun yarı­sı qədər olur, iç ağzını dar edirlər. Bu daxili torun iç ağzından girən balıqlar böyük torun içinə gedirlər. Böyük torun alt tərəfindəki ağzını elə düzəldirlər ki, onun yuxarı tərəfindəki ağzın­dan girən balıq daxili (144 a) ağzından bir-bir keçir. Bu iç tərəfdəki ağızın ağaclarının uclarını birləşdirirlər.

Balıqlar bu ağızdan keçib böyük torun içi­nə girirlər. Çıxılacaq ağzı bağlı olduğundan balıq çıxa bilmir. Geri dö­nsə bu kiçık torun daxili ağzının şişləri üzündən keçə bilmir. Bu toru həmin o buraxmış ol­duqları dəliyə qo­yurlar. Ba­lıq yuvasının üstünü açırlar. Ətrafı da düyü sa­manıyla bağlıdır. Bu çuxurda ələ nə keçsə yaxalayırlar. Balıq qaçsa belə, dəlik bir dənə oldu­ğu üçün o tora düşür və orada tuturlar. Bu cür bir balıq ovu başqa yerdə görün­məmişdir.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin