XOSROV ŞAHIN ÖLÜMÜ
Xosrov şah Əhməd Qasım ilə birlikdə Əcərdən qaçıb Xorasan tərəfinə getmişdi. Yolda Bədiüzzaman Mirzə ilə Zünnun bəyə [Arğun] buluşub görüşərək birlikdə Herata gəlib Sultan Hüseyn [Bayqaral Mirzəyə sədaqətlərini bildirdilər. Bunlar neçə il Mirzəyə düşmənçilik etmişdilər və hər cür ədəbsizlik də bunlardan çıxmışdı. Bunların üzündən Mirzənin könlündə nə yaralar vardı. Bax, bu adamların hamısı mənim üzümdən bu cür aşağılıq və səfil bir halda gedib Mirzəni gördülər.
Xosrov şahı adamlarından ayıraraq belə gücsüz halda qoymasaydım və Kabili Zünnunun oğlu Müqimin əlindən almasaydım, gedib Mirzəni görməzdilər. Bədiüzzaman Mirzə də bunların (155 b) əlində xəmir kimiydi və onların sözündən çıxa bilmirdi. Sultan Hüseyn Mirzə hamısını yaxşı qarşıladı və etmiş olduqları pisləri üzlərinə vurmaq bir yana, onlara ehsanlarda belə bulundu.
Xosrov şah bir müddət sonra «Gitsəm, o vilayətləri tamamilə ələ keçirərəm» deyə düşünərək öz vilayətlərinə getmək üçün izin istədi. Amma silahsız və hesabsız olaraq gəlmiş olduğu üçün bir bəhanə taparaq getməsinə izin vermədilər. Fürsət tapdıqca getmək üçün izin arzusunu təkrarladı. Çox israr edincə, Məhəmməd Burunduq [Barlas] gözəl bir cavab verərək «Otuz min əsgərin və bütün vilayətlərin əlində ikən nə etdin ki, indi beş yüz adamınla özbəklərin nəzarətində olan vilayətlərdə bir şey etmək istəyirsən» dedi. Bir neçə dəfə nəsihət edib məqbul sözlər söylədilər; lakin müqəddəratı təyin edilmiş olduğu üçün təsir etmədi. Çox israr edincə, axırda izin verdilər.
Üç-dörd yüz adamıyla birbaşa Dəhanə sərhəddin gəlib girdi. O zaman Nasir Mirzə dağın o biri tərəfinə keçmişdi. Gəlib Dəhanə civarında Nasir Mirzəni gördü. Bədəxşan əşrəfi yalnız Nasir Mirzəni istiəyir, Xosrov şahı istəmirdi.
Nasir Mirzənin qeyrətinə baxmayaraq Xosrov şah vəziyyəti anlayaraq Kuhistana getməyə razı olmadı. Xosrov şahın niyyəti Mirzəni vasitə (156 a) olaraq birlikdə götürüb vilayəti ələ keçirməkdi. Axırda dil tapa bilməyərək İşkəmiş civarında hər iki tərəf səflər düzüb zirehlər geydilər, az qala vuruşacaqdılar. Sonra bir-birlərindən ayrıldılar; Nasir Mirzə Bədəxşan tərəfinə getdi, Xosrov şah da bir sürü baldırı çılpaq sərsərini toplayıb yaxşı-pis minə yaxın adamla Qunduzu mühasirəyə almaq niyyətilə gəlib şəhərdən bir-iki agac məsafədə yerləşən Xoca Çartağa endi.
Məhəmməd Şeybani xanın Əndicanda Sultan Əhməd Tənbəli də yanına alıb Hisar üzərinə yürüməsi ilə Xosrov şah da vilayətlərini vuruşmadan və qarşı çıxmadan buraxıb çıxmış, Şeybani xan da Hisara gəlmişdi.
Hisarda Şirim Çöhrəylə bərabər bir dəstə yaxşı igid vardı. Bəylərinin vilayətlərini buraxıb getməsinə baxmayaraq bunlar Hisarı təslim etmədilər. Şeybani xan Hisarın mühasirəsini Həmzə Sultan ilə Mehdi Sultana tapşırııb özü Qunduza getdi və Qunduz vilayətini kiçık qardaşı Mahmud Sultana verib orada durmadan Xarəzmə, [Sultan Hüseyn Mirzənin adamı] Çin Sufinin üstünə qoşun çəkdi. Heç Səmərqəndə çatmamışdı ki, kiçık qardaşı Mahmud Sultan Qunduzda vəfat etmiş, buna görə Qunduzu Qənbər Bi Mərviyə vermişdi.
Xosrov şah gələndə Qunduzda Qənbər Bi [Mərvi] vardı. Qənbər Bi Həmzə Sultana və digər sultanlara ard-araa adamlar göndərib (156 b) onlardan yardım istədi.
Həmzə Sultan da Amu-Dərya sahilindəki Saraya gəlib əsgərini oğullarının və bəylərinin komandanlığında Qunduza göndərdi. Bunlar gələr-gəlməz dərhal Xosrov şahın qarşısına çıxdılar. Şişman hərif vuruşa bilmədiyi kimi qaçmağı da bacarmadı. Elə o anda Həmzə Sultanın adamlarının əlinə düşdü. Bacısı oğlu Əhməd Qasımı, Şirim Çöhrəni və digər bəzi yaxşı igidləri öldürdülər. Xosrov şahı Qunduza gətirib boynunu vurdular və başını Xarəzmə Şeybani xanın hüzuruna göndərdilər.
Xosrov şahın dediyi kimi, o Qunduz civarına gələr-gəlməz mənim yanımdakı adamlarımın tövrləri bir az dəyişmişdi. Böyük bir qismi qalxıb Xoca-Rivaca və civarına getdi. Mənim yanımda olanların çoxu onun adamları idı. Moğollar [Xosrov şahı öldürərək] yaxşı hərəkət etdilər. Mənə qarşı birlik olanlar da bu xəbər gələr-gəlməz, oda su tökülmüş kimi sindilər.
KABİL - 911 (4 İYUN 1505 - 24 MAY 1506)
DOQQUZ YÜZ ON BİRİNCİ İLİN HADİSƏLƏRİ
BABURUN ANASININ ÖLÜMÜ VƏ BÖYÜK BİR ZƏLZƏLƏ
Məhərrəm ayında [=1505 iyun] anam Qutlu Nigar xanım qızdırma xəstəliyinə tutuldu. Qan aldılar, bir xeyri olmadı. Seyid Təbib adında xorasanlı bir həkim vardı, Xorasan üsuluna görə qarpız verdi. Əcəli gəlmişdi, altı gün sonra şənbə (157 a) günü Allahın rəhmətinə qovuşdu. [Baburun əmisi] Uluğ bəyin dağ ətəyində saldırdığı Baği-Novruzi adlı bir bağ vardı. Varislərinin iznini alaraq Qasım Göyəldaş ilə birlikdə bazar günü bu bağa gətirərək torpağa tapşırdıq.
Bu matəm əsnasında xan dayım Alaca xan ilə nənəm İsən Dövlət bəyimin də vəfat etdikləri xəbərini gətirdilər. Xanımın ölümünün qırxıncı günü yaxınlaşarkən xanların anası Şah bəyim, mənim xalam və Sultan Əhməd Mirzənin arvadı Mehrinigar xanım və Məhəmməd Hüseyn Gürgan Duğlat Xorasandan gəldilər. Matəmlər təkrar təzələndi və ayrılıq atəşi sonsuz oldu. Matəm mərasimindən sonra fəqirlərə və miskinlərə aş verilib ölülərin ruhuna dualar edildikdən sonra könülləri alıb matəm paltarını çıxardıq.
Bu önəmli işləri gördükdən sonra Baqi Çağanyaninin təkidiylə Qəndəhara qoşun çəkdik. Yola çıxdıqdan sonra Quş-Nadir çayırına gəlib enəndə mənə qızdırma gəldi. Bu, qəribə bir xəstəlikdir. Xeyli əlləşərək məni çətinliklə oyadırdılar, dərhal gözüm təkrar qapanır və yuxuya dalırdım. Dörd-beş gün sonra bir az yaxşılaşdım.
Bu zaman elə bir zəlzələ oldu ki, kurqan və bağ divarlarının böyük qismi yıxıldı. Şəhərdə və kəndlərdə bir çox ev yıxıldı, evlərin və divarların altında qalıb ölənlər çox (157 b) oldu. Pamğan kəndinin evləri tamamən yıxıldı; yetmiş-səksən qədər yaxşı adam divar altında qalaraq öldü.
Pamğan ilə Biqdut arasında bir böyük daş atımı genişliyində olan bir torpaq parşası bir ox atımı qədər aşağıya çökdü, yox olan toprağın yerində bulaqlar ortaya çıxdı. İstərqaçdan Meydana qədər -təxminən altı-yeddi ağac qədər bir məsafədir- torpaq elə yarılmışdı ki, bəzi tərəfində ərazi fil qədər yüksəlmiş və bəzi tərəfində də fil qədər çökmüşdü. Yarılan yerlərə bəzən bir adam sığardı.
Zəlzələ olanda bütün dağların başından toz buludları qopdu. Nurullah tənburçu qarşımda saz çalırdı. Bir sazı da vardı. O sırada hər iki sazını əlinə aldı. O qədər özündən keçdi ki, sazlar bir-birinə çarpdı.
Cahangir Mirzə təpədə, Uluğ bəy Mirzənin tikdirmiş olduğu imarətlərdən birinin üst qatındakı eyvanda idi. Zəlzələ olunca, özünü aşağıya atdı, bir şey olmadı. Cahangir Mirzənin yaxınlarından biri də bu üst qatda idi, üst qatın damı üstünə yıxıldı. Lakin Allah qorudu və heç bir yerinə zərər dəymədi.
Təpədəki evlərin çoxu yerlə bir oldu. O gün yer otuz üç dəfə tərpəndi. Təxminən bir ay hər gecə və hər gündüz yer iki-üç dəfə tərpənirdi. Bəylərə və sipahilərə əmr etdim ki, kurqanın bürc və divarının yıxıq və yarıqlarını təmir etsinlər. (158 a) İyirmi gün və ya bir ay ərzində kurqanın bütün qırıq və çat yerləri ciddiyyət və diqqətlə təmir edilərək tamamlandı.
Əvvəlcə Qəndəhar tərəfinə getmək üçün başladığımız səfər xəstəlik və zəlzələ üzündən bir az gecikmişdi. Xəstəliyi atlatdıqdan və kurqanı yenidən təmir etdirdikdən sonra əvvəlki qərarımıza qayıtdıq.
Qəndəhar tərəfinə getmək, yoxsa axın etmək üçün dağ və ovaları dolaşmaq haqqında hələ bir qərara gəlməmişdik. Şənizin ətəyinə enəndə Cahangir Mirzə və bəyləri toplayıb məsləhətləşərək Qalat üzərinə yürüməyə qərar verdik. Cahangir Mirzə ilə Baqi Çağanyani bu yürüşdə daha artıq israr etdilər.
Yolun yarısına gələndə Şir Əli Çöhrə, Kiçık Baqi Divanə və digər bir neçə adamın qaçmaq niyyətində olduqlarını xəbər aldıq. Bunlar yaxalandı. Şir Əli Çöhrə həm mənim, həm də başqalarının yanında müxtəlif vilayətlərdə bir çox fitnəyə və pis əməllərə qarışdığı üçün edam edildi, digərlərinin isə at və silahlarını aldıqdan sonra sərbəst buraxdıq.
Qalata gələr-gəlməz, xüsusi bir silah və təchizat hazırlığı aparmadan hər tərəfdən hücuma keçdik. Çox şiddətli bir savaş oldu. Xoca Kəlanın böyük qardaşı Kiçık bəy çox cəsur bir igid idi. Əvvəllər də bəhs etdiyim kimi, mənim önümdə bir neçə dəfə qılıncla çarpışmışdı. Qalatın (158 b) cənub-qərb tərəfindəki bürcündən dırmanaraq divarın üstünə çıxanda gözünə nizə sapladılar, Qalatın zəbtindən bir-iki gün sonra bu yara üzündən öldü.
Şir Əli ilə qaçarkən yaxalanan Kiçık Baqi Divanə etdiyi qəbahəti ört-basdır etmək üçün qapıda kurqan divarının dibinə camənda aldığı daş yarasından orada öldü. Onların dışında bir-iki adam daha öldü.
Savaş ikindəyə qədər bu şəkildə davam etdi. İgidlər bir xeyli vuruşub sıxışdırdıqdan sonra süstləşməyə başlayanda içəridəkilər aman diləyib kurqanı təslim etdilər.
Zünnun bəy Arğun Qalatı Müqimə vermişdi, burada Müqimin adamlarından Fərrux Arğun ilə Qara Bulud vardı. Onlar ox qılıflarıyla qılınclarını boyunlarına asaraq gəldilər. Günahlarını bağışladıq. Bu ailəyə əziyyət etmək niyyətində deyildim, çünki özbəklər kimi bir düşmənin yaxınımızda olduğu bir zamanda öz aramızda belə bir şey olsa, bunu uzaqdan və yaxından eşidənlər və görənlər nə deyərdilər.
Bu yürüş Cahangir Mirzə və Baqi bəyin israrları ilə keçirildiyi üçün Qalatı mühafizə vəzifəsini də Mirzənin öhdəsinə buraxdım, lakin o, qəbul etmədi. Baqi də bu xüsusda yaxşı bir cavab verə bilmədi. Beləcə, Qalatı bu qədər müharibə ilə, zorla almağımız heç bir işə yaramadı.
Qalatdan günəyə doğru gedərək Sevasəng, Aladağ (159 a) və o civardakı əfqanların üstünə axın edib Kabilə döndük. Kabilə endiyim axşam mən kurqana getdim, çadır və atlar çarbağda idi. Xırılçı tayfasından bir oğru gəlib mənim zirehli savaş atımı və xas bir xəncərimi çarbağdan oğurlamışdı.
BAQİ ÇAĞANYANİNİN ÖLÜMÜ
Baqi Çağanyaninin Amu sahilində gəlib bizə qoşulmasından bəri yanımızda ondan daha etibarlı və daha nüfuzlu bir adam yoxdu. Hər söz və hər işdə onun rəyi hakim idi. Gərçi onun münasib bir xidməti və layiqli bir insaniyyəti heç bir zaman görünməmiş, tam tərsinə, ondan hər cür ədəbsizlik və pislik çıxmışdı. Xəsis, alçaq, qısqanç, pis qəlbli, dargörüşlü və əxlaqsız bir adamdı. Xəsisliyi o dərəcədə idi ki, Termizi buraxıb köç və malıyla bizə qoşulanda bəlkə də otuz-qırx minə qədər qoyunu vardı. Hər yurdda bu qoyun sürüləri bizim önümüzdən keçdiyi, bizim igid və adamlarımız açlıqdan sıxıntı çəkdikləri halda, bizə tək bir qoyun belə vermədi. Nəhayət, Kahmərdə gələndə əlli qoyun verdi.
Məni padşah olaraq tanıdığı halda nağaranı1 öz qapısında çaldırırdı. Heç kimsə ilə dost deyildi və heç kimsəni sevmirdi. Kabilin bütün gəliri damğa rəsmindəndir. Damğa rəsmi, Kabilin valiliyi, (159 b) Pənchir, Kedi-Həzarə, Quşqaq və eşik ixtiyarlığı tamamən onun əlində idi. Bu qədər etibar gördüyü halda heç məmnun və mütəşəkkir deyildi.
Daha əvvəl də dediyimiz kimi, o qədər pis niyyətləri olduğu halda bunları əsla diqqətə almadıq və etdiklərini üzünə vurmadıq. Daima nazlanıb getmək üçün izin istəyirdi. Lakin nazını çəkib səbəblər göstərərək bundan vaz keçirirdik. Bir-iki gün susur, sonra təkrar izin istəməyə başlayırdı. Axırda nazı və izin istəməsi həddən aşdı, biz də onun əxlaq və hərəkətlərindən bezdik və izin verdik.
İzin istədikdən sonra özü də peşman oldu. Canı sıxılmağa başladı, lakin xeyri olmadı. Mənə adam göndərərək «Doqquz günah işləmədən məni sorğuya çəkməyəcəyini şərt qoşmuşdu» deyə bildirdi. Mən də Molla Baba vasitəsilə on bir günahını tək-tək xatırladaraq cavab verdim. Axırda anladı, köç və malıyla birlikdə Hindistan tərəfinə getməsinə izin verildi.
Özünün bir neçə adamı onu Xeybərdən ötürüb geri gəldi. Baqi də kakiyani karvanına qoşularaq Nilabı keçdi.
O zamanlar Dərya xan oğlu Yar Hüseyn Keçə-Qutda olurdu. Kühetdə bizdən aldığı fərmanları dəstəvuz edərək yanına diləzaq və Yusif-zeyi qəbilələrindən bir dəstə əfqanı, cet və qücur qəbilələrindən bəzilərini də almışdı. Bütün işi-gücü xalqı soymaq və yol kəsməkdi. Baqinin gəldiyi eşidən kimi (160 a) yolunu kəsib Baqi ilə birlikdə gedənlərin hamısını yaxaladı. Baqini öldürdü və arvadını aldı. Düzdür, biz heç bir yamanlıq etmədən Baqini buraxdıq, lakin öz yamanlığını əldən buraxmadı və öz amalına giriftar oldu.
Tu bəd konəndən xudra bərgüzar süpar,
Ki ruzigər tura çakər əst kinə güzar.
Sana pislik edəni qədərə tapşır,
Çünki o sənin intiqam alan nökərindir.
TÜRKMƏN HƏZARƏSİ ÜZƏRİNƏ AXIN
Bu qış qar yağana qədər bir-iki dəfə həmin çarbağda qaldım. Biz Kabilə gələndən sonra türkmən həzarəsi də hər cür ədəbsizlik etmiş, yolları basmışdı. Onların üstünə axın etmək niyyətilə Uluğ bəy Mirzənin Bostan-saray adlı imarətinə gəldik və şaban ayında türkmən həzarəsinə axın etmək üçün oradan yola çıxdıq.
Dəreyi-Xoşun ağzında Cəngliyə axınçılar göndərdik. Bir dəstə həzarəyə qarşı axın edildi. Dəreyi-Xoş yaxınlığında bir mağarada bir dəstə həzarə gizlənmişdi. Şeyx Dərviş Göyəldaş qazaxlıqların çoxunda mənimlə birlikdə olmuşdu və qurbəyilik1 rütbəsi ondaydı. Yayı qüvvətli çəkir, oxu yaxşı atırdı. Qəflət göstərərək bu mağaranın ağzına çox yaxınlaşır və içəridən bir həzarə köksünə ox atır. Elə həmin gün vəfat etdi.
Türkmən həzarəsinin böyük qismi Dəreyi-Xoşda qışlamışdı. Onların üstünə hücum etdik. Dəreyi-Xoş gözəl bir dərədir. Dərənin ağzında yarım küruh qədər bir boğaz var. Yol dağın (l60 b) yamacındadır. Yolun aşağı tərəfi əlli-altmış kari dik qayalıqdır, yuxarı tərəfində isə yol cığırdır. Atlılar bir-bir keçirlər. Bu boğazdan keçərək o gün günorta ilə ikindi arasına qədər yürüyüb adamlara yetişmədən bir yerdə düşərgə saldıq.
Həzarənin kök bir yük dəvəsini tapıb gətirdilər. Onu kəsib ətindən bir qədər kabab elədik, bir azını da güvəcdə bişirib yedik. O qədər ləzzətli dəvə əti heç bir zaman yeməmişdim. Bəziləri qoyun ətindən ayırd edə bilmədilər.
Ertəsi gün erkəndən qalxıb həzarələrin qışladığı yurdun üzərinə yürüdük. Bir pəhər olmuşdu ki, irəlidən bir adam gəlib həzarələrin bir boğazda su keçidini ağac maneələrlə gücləndirərək əsgərin yolunu kəsib vuruşduqlarını söylədi. Bunu eşidincə dərhal hərəkət etdik.
Bir az getdik və həzarələrin yolu kəsib vuruşduqları yerə çatdıq. O qış möhkəm qar yağmışdı. Yolsuz yerdən yerimək çox çətin idi. Çayların sahilləri tamamən buz tutmuşdu. Buz və qar üzündən bu çayı yolsuz yerdən keçmək qeyri-mümkün idi. Həzarələr də çoxlu ağac kəsərək çayın keçid yerini bağlamışdılar. Özləri isə çayın ətrafında atlı (161 a) və piyada olaraq ox atıb vuruşurdular.
Məhəmməd Əli Mübəşşir mənim yeni yüksətdiyim bəylərimdən idi. Çox cəsur, etibarlı və yaxşı bir igid idi. Zirehsiz olduğu halda irəliləyərək ağac maneələrin olduğu yola girdi. Böyründən oxla vurdular və dərhal öldü.
Oraya sürətlə gəldiyimizdən çoxumuzun zirehi yox idi. Bir-iki ox yanımızdan keçib yerə saplandı. Əhməd Yusif həyəcanlı bir şəkildə və sürəkli olaraq «Çılpaq halda belə bir müharibəyə girirsiniz, iki-üç oxun başınızın üstündən keçdiyini gördüm» deyirdi. Mən də ona «Cəsur olun, mənim başımdan belə şeylər çox keçmişdir» dedim.
Bu əsnada sağ qol tərəfdən Qasım bəy suda bir keçid tapıb zirehli halda onların üstlərinə at saldı və həzarələr müqavimət edə bilmədən qaçdılar. Qarşılarında olanlar isə onları atlarından sala-sala arxalarından təqib etdilər.
Qasım bəyə bu iş üçün mükafat olaraq Bəngəş verildi. Hatim qurbəyi də bu səfərdə fəna deyildi, buna görə Şeyx Dərviş Göyəldaşda olan qurbəyi rütbəsi Hatimə ehsan edildi. Kibəqulu Babaya isə bu yürüşdə şücaətlər göstərdiyi üçün bir kənd bağışlandı.
Sultanqulu Çanaq həzarələri təqib edirdi. Qar çox qalın olduğu üçün yoldan çıxmaq mümkün deyildi. Mən də bu igidlərlə birlikdə getdim. (161 b) Həzarələrin qışlaqlarının yaxınlığıında qoyun və at sürülərinə yetişdik. Şəxsən özüm dörd-beş yüzə qədər qoyun və iyirmi-iyirmi beş at yığdım. Civarda Sultanqulu və iki-üç adam daha vardı, bunları aramızda bölüşdürdük.
Axınlara iki dəfə şəxsən iştirak etdim. Biri budur. Bir dəfə də bu türkmən həzarəsi Xorasandan gələndə axınçılarla gedib çoxlu qoyun və at gətirmişdik.
Həzarələrin ailələri və uşaqları piyada halda qarlı təpələrə çıxdılar. Bir az ağır davrandıq. Vaxt da gec olmuşdu, bu səbəbdən geri dönüb həzarələrin evlərinə girdik. Bu qış qar hədsiz dərəcədə çox yağmışdı. Burada yoldan kənarda qar atın tam sağrısına çıxırdı. Gecə növbəyə çıxanlar qarın çoxluğu üzündən sabaha qədər atın üstündə qalırdılar.
Ertəsi gün qayıdıb həzarələrin Dəreyi-Xoşun içindəki qışlağında qaldıq. Oradan qalxıb Cəngliyə gəldik. Yarək Tağayi və bəziləri bir az geridə qalmışdılar. Onlara Şeyx Dərvişi oxla vuran həzarələri ələ keçirmələri əmr edildi. Qanları tutulmuş bu bədbəxtlər bir mağarada idilər. Oraya gedib tüstü buraxaraq yetmiş-səksən həzarəni ələ keçirdilər. Çoxu qılıncdan keçirildi.
Həzarə səfərindən dönüb Nicravdan vergi toplamaq niyyətilə Baranın alt tərəfindəki Aydoğdu civarına gəldik. Biz Aydoğdu civarında olanda Cahangir Mirzə də (162 a) Qəznədən mülazimətə1 gəldi. Bu zaman ramazan ayının on üçündə [=7 fevral 1506] şiddətli bir bel ağrısına tutuldum. O dərəcədə ki, qırx günə qədər məni bir yandan digər yana bir adam çevirirdi.
Nicrav dərələrindən olan Picqan dərəsi və ələlxüsus da bu dərədəki Qeyn kəndinün böyüyü olan Hüseyn Qeyni ilə onun böyük və kiçık qardaşları quldurluq və həyasızlıqla məşhur və məruf idilər. Əsgər Cahangir Mirzənin komandanlığı altında oraya göndərildi. Qasım bəy də onunla birlikdə idi. Gedib təpəyə çıxdılar və quldurların möhkəmləndirdikləri yeri zorla alaraq onları qorxutmaq üçün bir neçəsini edam etdilər.
Bu bel ağrısı üzündən xərək kimi bir şey düzəldib Baran sahilindən şəhərə qədər məni əldə daşıyaraq Bostan saraya gətirdilər. O qış bir neçə gün Bostan sarayda oldum. Bu xəstəlik yaxşılaşmadan üzümün sağ tərəfinə bir çiban çıxdı. Nəştər vurdular. Bu xəstəlik üçün müshil də içdim. Yaxşılaşandan sonra çarbağa çıxdım.
CAHANGİR MİRZƏNİN SƏHV HƏRƏKƏTİ
Cahangir Mirzə ziyarətə gəldi. Əyyubun oğulları Yusif və Bəhlul Mirzənin hüzuruna getdiklərindən bəri onu fitnə-fəsada, şər işlərə sövq edirdilər. Bu dəfə Cahangir Mirzənin əvvəlki kimi olmadığını gördüm.
Bir neçə gün sonra təpədən qalxıb silahlanaraq təcili Qəznəyə getdi. Nani kurqanını alıb bir neçə adamı öldürərək əhalisini tamamən yağmaladı və bütün adamlarını (162 b) da yanında götürərək həzarə arasından Bamyan tərəfinə getdi.
Allah bilir ki, məndən və mənim adamlarımdan belə bir küdurətə səbəb ola biləcək heç bir iş və söz vaqe olmamışdı. Sonradan anlaşıldı ki, getməyə səbəb olaraq bu sözü bəhanə etmiş: Cahangir Mirzə Qəznədən gələrkən Qasım bəy ilə digər bəzi bəylər onu qarşılamağa getmişlər. Mirzə bildirçinin üstünə şahin buraxır. Quş bildirçini pəncələri arasına alarkən bildirçin özünü yerə atır. «Tutdumu, tutdumu?» deyə qışqırırlar. Qasım bəy də «Düşməni belə zəif bir hala gətirdikdən sonra necə buraxar ki, əlbəttə, tutar» deyir və bu söz Mirzəni rəncidə edir. Getməsinin səbəblərindən biri bu idi. Bir də bundan daha kiçık və önəmsiz bir sözü də bəhanə eləmişdi.
Qəznəni o vəziyyətə saldıqdan sonra həzarə arasından aymaqlara getdi. Aymaqlar o zamanlar Nasir Mirzədən ayrılmış, lakin özbəklərə də qoşulmamışdılar, Yay, Əstər-Ab və civardakı yaylalarında olurdular.
Bu zaman Sultan Hüseyn Mirzə Məhəmməd Şeybani xanı dəf etməyi qəti surətdə qərara alaraq bütün oğullarını çağırtmış, Seyid Sultan Əli Həbbinin oğlu Seyid Əftalı göndərərək məni də dəvət etmişdi. Xorasan tərəfinə yürüş bizim üçün bir neçə baxımdan çox gərəkliydi. Bunlardan biri budur: Sultan Hüseyn Mirzə kimi Teymur bəyin (163 a) yerinə keçmiş bir padşah ətrafındakı və civarındakı oğullarını və bəyləri çağırıb toplayaraq Şeybani xan kimi bir düşmənin üstünə hücum niyyətində olanda hər kəs ayaqla getsə, bizim başla getməyimiz, onlar zopayla getsə, bizim daşla getməyimiz lazım idi. Biri də bu idi: Cahangir Mirzə belə düşmənçilik və acıqla getdiyi üçün ya onun küdurətini dəf, ya da zərərlərini rəf etmək lazım idi.
Bu il Şeybani xan Xarəzmdə [Sultan Hüseyn Mirzənin adamı] Çin Sufini on ay mühasirə etdikdən sonra yenərək aldı. Bu mühasirə zamanı çox müharibə oldu. Xarəzm igidləri fövqəladə cəsarət göstərdilər və heç bir xüsusda qüsur etmədilər. Ox atmaqda elə məharət göstərdilər ki, dəfələrlə qalxanı, zirehi və bəzən də ikiqat zirehi oxla dəlmişdilər.
On ay boyunca mühasirə etdilər. Heç bir yerdən ümidləri qalmadı. Bəzi igidləri cəsarətsizlik göstərərək özbəklərlə danışıb bunları kurqana çıxarmışlar. Çin Sufi də bunu xəbər alıb özü şəxsən gəlmiş, kurqana çıxanları vurub aşağı salmışdı. Ancaq öz çöhrəsi tərəfindən kürəyindən oxla vurularaq öldürüldü. Vuruşacaq adam qalmadı və kurqanı aldılar. Çin Sufi -Allah rəhmət eləsin- cəsarətlə ölümün gözünə dik baxmaqda (163 b) bir an belə tərəddüd etməmişdi.
Şeybani xan da Xarəzmi Kibək Biyə verib özü Səmərqəndə gəldi.
Bu ilin sonlarında zilhiccə ayında [=1506 may] Sultan Hüseyn Mirzə Şeybani xanın üzərinə qoşun çəkib Baba-İlahiyə gələndə Allahın rəhmətinə qovuşdu.
SULTAN HÜSEYN MİRZƏ
Doğumu və nəsəbi: 842-ci ildə [=1438] Heratda [Teymur bəyin oğlu] Şahrux Mirzənin hökmdarlığı dönəmində [1405-1447] doğulmuşdu. Əmir Teymur oğlu Ömər Şeyx oğlu Bayqara oğlu Mənsurun oğlu idi. Mənsur Mirzə ilə Bayqara padşahlıq etməmişlər.
Anası Teymur bəyin nəvəsi Firuzə bəyimdi. Sultan Hüseyn Mirzə [ana tərəfindən Teymur bəyin oğlu] Miranşah Mirzənin də nəvəsidir.
Sultan Hüseyn Mirzə ana və ata tərəfindən kərim və soylu bir padşahdı. İki doğma qardaş və iki bacı idilər: Bayqara Mirzə, Sultan Hüseyn Mirzə, Əkə bəyim və Əhməd xanla evli olan Büdəkə bəyim.
Bayqara Mirzə yaşca Sultan Hüseyn Mirzədən böyükdü, amma onun xidmətində idi. Divanda iştirak etməzdi, lakin divandan kənarda olanda eyni döşək üzərində otururdular. Kiçık qardaşı ona Bəlx vilayətini vermişdi, bir neçə il Bəlxdə hökm sürdü. Üç oğlu vardı: Sultan Məhəmməd Mirzə, Sultan Veys Mirzə və Sultan İskəndər Mirzə.
Əkə bəyim (164 a) [Sultan Hüseyn] Mirzənin böyük bacısı idi, onu Miranşah Mirzənin nəvəsi olan Sultan Əhməd Mirzə almışdı. Kiçık Mirzə adlı bir oğlu vardı, əvvəllər dayısına mülazimət edirdi, sonra sipahiliyi buraxıb kitab oxumaqla məşğul oldu, alim olduğunu söyləyirdilər. Kiçık Mirzənin şairliyi də vardı. Bu rübai onundur:
Ömri be səlah məstudəm xudra,
Dər şiveyi zöhd minəmudəm xudra,
Çün eşq aməd qədəm zöhdü, çi səlah,
Əlminnətülillah əz müdam xudra.
Bütün bir ömür özümü salahla öydüm,
Özümü zöhd yolunda göstərdim.
Eşq gəlincə zöhd nə imiş, salah nə imiş,
Allaha şükür olsun, özümü sınadım.
Mollanın [Mövlana Əbdürrəhman Cami] rübaisi ilə təvarüd1 olmuşdur. Sonra həccə də getdi.
Büdəkə bəyim Mirzənin böyük bacısı idı. Qazaxlıqlar zamanı Əhməd xan Hacı Tarxana vermişdi. İki oğlu olmuşdu, onlar Herata gəlib bir müddət Mirzənin mülazimətində bulundular.
Şəkili və görkəmi: çəkik gözlü, şir əndamlı bir adamdı. Belindən aşağısı incəydi. Yaşı çox və saqqalı ağarmış olduğu halda xoş rəngli, qırmızı və yaşıl ipək paltar və qara quzu dərisindən börk, ya da qalpaq geyərdi. Bəzən bayramlarda kiçık sarığını yamyastı və səliqəsiz şəkildə üç dəfə dolayaraq vağ lələyi taxıb namaza gedərdi.
Əxlaqı və xasiyyəti: taxta çıxanda xütbədə on iki imamın adını (164 b) oxutmağı düşünürmüş. Əlişir bəy [Nəvai] və digər bəziləri buna əngəl olmuşlar. Sonralar hər halı və hərəkəti əhli-sünnət və camaat məzhəbinə uyğun idi. Məfsəl xəstəliyi üzündən namaz qıla bilmirdi. Oruc da tutmurdu. Zarafatcıl və xoş təbiətli bir adam idi. Xaraktercə bir az çılğın idi, sözü də məzacı kimiydi. Bəzi xüsuslarda şəriətə fövqəladə riayət edirdi: Bir dəfə oğullarından birini bir adamı öldürdüyü üçün qan davaçılarının əlinə verib məhkəməyə göndərmişdi.
Taxta çıxanda altı-yeddi il tövbəli idi. Ondan sonra özünü içkiyə verdi. Qırx ilə yaxın Xorasanda padşahlıq etdi və günorta namazından sonra içmədiyi heç bir gün yoxdu, lakin sabahlar heç içməzdi. Oğulları, sipahiləri və şəhər əhalisi hamısı bu vəziyyətdəydi. Aşırı dərəcədə işrətə və fisqə düşkün idilər.
Ürəkli və cəsur bir adamdı. Dəfələrlə şəxsən qılınc çalmışdır. Hətta hər müharibədə bir neçə dəfə qılınc çalmışdır. Teymur bəy nəslindən olan və Sultan Hüseyn Mirzə qədər qılınc çalmış heç kim məlum deyildir.
Şairliyi də vardı; bir divan tərtib etmişdi. Şeirlərini türkcə söyləyirdi. Təxəllüsü Hüseyni idi. Bəzi beytləri fəna deyildir, lakin divanı bütünlüklə eyni vəzndədir.
Yaş və səltənət baxımından böyük bir padşah olduğu halda, uşaqlar (165 a) kimi qoç bəsləyir, göyərçin saxlayır və xoruz döyüşdürürdü.
Dostları ilə paylaş: |