ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə33/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

ÇƏNDİRİNİN TƏRİFİ
Çəndiri gözəl bir vilayətdir. Ətrafında və civarında xeyli axarsu vardır. Ərki dağın üstündədir. İçərisində daşdan üç böyük hovuz qazmışlar. Bir bö­yük hovuz da kurqanın zorlanaraq alındığı su yolundaydı.

Aşağı və yüksək təbəqənin evləri bütünlüklə daşdandır. Böyüklərinin evlərini səliqə ilə yonulmuş daşdan tikmişlər, xalqın evləri də daşdandır, la­kin heç yonulmuş deyil. Damın üstünə kirəmit yerinə (335 b) düz və yastı daşlar qoy­muşlar.

Kurqanının önündə üç böyük hovuz var. Ətrafında və civarında əski ha­kimlər bəndlər qurub hovuzlar meydana gətirmişlər. Bir az yüksəkdə Bit­vi deyilən kiçik bir çay axır. Bu çay Çəndiridən üç küruh məsafədədir, özü də dadı və ləzzətiylə məşhurdur; gözəl bir çaydır. Ortasında parça-parça qa­yalar var. Bunlar bina üçün əlverişlidir.

Çəndiri Aqradan güneyə doğru doxsan küruh məsafədədir. Çəndiridə Qütb ulduzunun yüksəkliyi iyirmi-iyirmi beş dərəcədir.

Ertəsi sabah, cümə axşamı günü kurqanın yanından qalxıb Mellu xan hovuzunun kənarına endik. Çəndirinin fəthindən sonra buraya kafir Səlahəd­dinə aid olan Ray-Sing, Bhilsan və Sarəngpur üzərinə yürümək niyyətilə gəl­mişdik. Buraları da zəbt etməmizin ardından Sankanın üzərinə doğru Çi­tura yürüyəcəkdik. Amma o qarışıq xəbərləri alınca, bəyləri çağırdıq və da­nı­şıb məsləhətləşdikdən sonra bu fitnəçilərin və asilərin fitnəsini və fəsadını dəf etmək üçün hərəkətə keçməmiz daha uyğun və münasib sayıldı.

Çəndiri Sultan Nəsirəddinin nəvəsi Əhməd Şaha verildi, yuxarıda on­dan bəhs etmişdim. Çəndiridən əlli lek xassə mülkü üçün ayırdım, şikdarlığı da Mol­la Apağın sərəncamına verdim və o da üç bin türk və hindistanlı ilə birlik­də Əhməd şaha köməkçi olaraq burada qaldı.


ASİLƏRİN ÜSTÜNƏ YÜRÜŞ
Bu işləri həll etdikdən sonra (336 a) bazar günü, cəmadiyüləvvəl ayı­nın on birində [=2 fevral] geri dönmək niyyətilə Mellu xan hovuzundan qal­xıb Burxanpur çayının sahilinə endik. Yekə Xoca ilə Cəfər Xoca Kalpi gə­mi­lərini Kənar keçidinə gətirmələri üçün Bandirdən Yekşənbehiyə göndə­rildilər. Şənbə günü, ayın iyirmi dördündə Kənar keçidinə enərək əsgərin su­yu keçməyə başlamasını əmr etdim.

O günlərdə ilqar gedənlərin, Kanucu da buraxaraq Rabiriyə gəldikləri xəbəri alındı. Şemsabad kurqanını EbülMəhəmməd Nəyzəbaz qapatmış; lakin qalabalık qüvvətlər gəlib kurqanı zorlayaraq zəbt etmişlər.

Əsgər çaydan keçincəyə qədər üç-dörd gün boyunca çayın hər iki tə­rəfində qaldıq. Çaydan keçdikdən sonra Kanuc tərəfinə doğru mənzildən- mənzilə yürüyüb düşməndən xəbər bilmək üçün irəliyə qazax igidləri gön­dərdik. Bunlar da Kanuca iki-üç mənzil qalanda geri dönüb Mərufun oğlu­nun dil yaxalamaq üçün gedənlərin qaraltısını görərək Kanucdan çıxdığı xə­bərini gətirdilər.

Bəyazid ilə Məruf bizim xəbərimizi alaraq Qanqdan keçib Kanucun qarşısında Qanqın şərq tərəfindəki keçidi tutmaq niyyətilə oturmuşlar.

Cümə axşamı günü, cəmadiyülaxır ayının altısında [=27 fevral] Ka­nucdan keçərək Qanqın qərb sahilinə endik. Bizim igidlər gedib düşmənin (336 b) bir neçə gəmisini ələ keçirdilər. Yuxarıdan və aşağıdan böyüklü- ki­çıkli otuz-qırx gəmi gətirdilər.

Mir Məhəmməd Caleban körpü qurmaq üçün uyğun bir yer seçib kör­pü ləvazı­matını hazırlamaq üzrə göndərildi. Ordunun endiyi yerin bir küruh qədər aşağısında bir yer seçib gəldi. Ora yaxşı çavuşlar təyin edildi.

Körpünün salınacağı yerə yaxın bir nöqtəyə də Ustad Əliqulu topu yerləşdirib daş atmaq üzrə yer seçərək daş atmaqla uğraşdı.

Körpünün bağlanacağı yerdən bir az aşağıda isə Mustafa Rumi zərb­zənli arabala­rını bir adaya keçirdi və bu adadan zərbzən atmağa başladı. Kör­­pünün yuxarı tərəfinə sipər qurulmuşdi və tüfəngəndazlar da bu sipərin üzərindən isabətli atışlar gerçəkləşdirdilər.

Bir-iki dəfə Məlik Qasım Moğol və digər igidlər çayı gəmiylə keçə­rək adam­ları çox az olmasına baxmayaraq yaxşı vuruşdular. Baba Sultan və Dərviş bir axşam on-on beş adamla birlikdə cəsarət göstərərək, amma yaxşı hesablamadan çayı gəmiylə keçdi, lakin savaşmadan və heç bir şey edə bil­mədən qayıdıb gəldi. Bunun üçün onu çox danladım.

Axırda Məlik Qasım adamı az olmasına baxmayaraq coşub düşmənə hücum etdi, onu düşərgəyə qədər sürdü, lakin düşmənlər çoxlu adamla və bir fillə hərəkətə keçib bunları qaçmağa məcbur etdilər. Gəmiyə minib hə­rəkət edənə qədər (337 a) fil yetişdi və gəmini batırdı. Məlik Qasım bu sa­vaşda öldü.

Körpü bağlanıncaya qədər keçən bu bir neçə gün içində Ustad Əliqulu çox dəqiq atışlar elədi, ilk günü səkkiz daş, ikinci günü on altı daş atdı. Üç-dörd gün bu şəkildə daş atdı. Bu daşları Qazi topuyla atırdı. Bu, kafir Sanka müharibəsində daş atan top idi, o üzdən də ona Qazi ismi verilmişdi.

Ustad Əliqulu ondan başqa böyük bir top daha tökmüşdü. Bu top yal­nızca bir daş atdı və sonra qırıldı.

Tüfəngəndazlar da bir çox adamı və atı tüfənglə vurdular. Qaçan işçi və yolçular­dan da bir neçə adamı və bir çox atı yerə sərdilər.

Körpünün qurulma işinin tamamlanması yaxınlaşanda çərşənbə günü, cəmadiyülaxırın on doqquzunda hərəkətə keçərək körpünün üzərinə gəl­dik.

Əfqanlar körpünün qurula biləcəyinə ehtimal verməyərək bizə istehza edirdilər. Cümə axşamı günü körpü hazır oldu. Piyadalardan və lahorlular­dan ibarət kiçık bir dəstə qarşıya keçdi və önəmsiz bir çarpışma gerçəkləşdi.

Cümə günü mərkəzdən xassə alayı ilə mərkəzin sağ və sol qol igidləri və tüfəngəndazları piyada olaraq körpüdən keçdilər. Əfqanlarm hamısı si­lah­lanaraq, filləri ilə gəlib onları sıxışdırdılar və bir dəstə sol qol adamını qa­çırtdılar. Amma mərkəz və sağ qol adamları yerlərində qalıb (337 b) düş­məni geri oturtdular.

Düşmənin adamlarından ikisi kütlədən ayrılaraq hücum etdi. Birini dər­hal vurub ələ keçirdilər, digərini isə atıyla birlikdə o qədər çox yerindən vurdular ki, atı şahə qalxaraq geri döndü və öz güruhunun arasında yerə yı­xıldı. O gün yeddi-səkkiz baş gətirdilər. Bir çox adamları ox və tüfəng yara­sı aldı. İkindi vaxtı keçənə qədər çarpışma davam etdi. O axşam körpünü ke­çənlərin hamısı geri qayıtdı. Halbuki adamların hamısı o şənbə axşamı ke­çirilmiş olsaydı, düşmə­nin çoxunun ələ keçirilməsi ehtimali vardı. Lakin ağ­lıma bu gəldi: keçən il çərşənbə axşamı günü, Novruz günü, Sankayla sa­vaşmaq niyyətilə Sikridən hərəkət edib şənbə günü düşməni yenmişdik. Bu il də çərşənbə günü, Nov­ruz günü, bu düşmənlərə qarşı savaşmaq niyyətilə hərəkət etmişdik. Bazar günü düşmənə galib gəlsək bu, qəribə hadisələrdən biri olacaqdı.

Bu üzdən adamlar keçirilmədi. Onlar da şənbə günü çarpışmağa gəl­mədilər və hazır olaraq uzaqda dayandılar. O gün arabalar keçirildi və səhər vaxtı əsgərin keçməsi əmri verildi. Nağara vaxtında bizim avanqarddan düş­mənin qaçıb getmiş olduğu xəbəri gəldi.

Cin-Teymur Sultana əsgəri götürüb düşməni təqib etməsi əmri verildi. Məhəmməd Əli Cəng-Cəng, Hüsaməddin Əli Xəlifə, Mühib Əli Xəlifə, Ku­ki Baba-Qaşqa, (338 a) Dost Məhəmməd Baba-Qaşqa [Dost eşik-ağa], Baqi Daşkəndi və Vəli Qızıl idarəsində olanlar təqibçi təyin edildi. Bunlar Sultan ilə birlikdə olub onun əmrlərinə itaət edəcəkdilər.

Sünnət vaxtında mən də körpünü keçdim. Dəvələrin bir az aşağıda yerləşən keçiddən keçirilmələri əmr edildi. O gün, bazar günü, Bəngərma­vu­­dan bir küruh məsafədə yerləşən durğun su sahilinə endik.

Təqib üçün göndərilmiş olanlar yavaş hərəkət etmişlər, Bəngərmavuya enmişlər və o gün günorta vaxtı oradan hərəkət etmişlər.

Ertəsi gün Bəngərmavunun önündəki gölün kənarına endik. O gün ki­çık xan dayımın oğlu Toxta Buğa Sultan gəlib mülazimət etdi.

Şənbə günü, cəmadiyülaxır ayının iyirmi doqquzunda [=21 mart] Lək­nuyu gəz­dikdən sonra Guy çayından keçərək endik. O gün Guy çayında qüsl etdim. Qula­ğıma su girdi, yoxsa soyuğa verdim, bilmirəm, sağ qulağım eşit­məz oldu, lakin bir neçə gün ağrısı yoxdu.

Uda bir-iki mənzil qala Çin Teymur Sultandan bir adam gəlib düş­mə­nin Saru çayının o biri tərəfində oturmaqda olduğunu bildirərək kömək istə­di. Mərkəzdən minə yaxın igidi Qaraca komandanlığında yardıma ayırdıq.

Şənbə günü, rəcəb ayının yedisində [=28 mart] Uddan iki-üç küruh daha yuxarıda yerləşən Gəgər ilə Sarunun (338 b) birləşdiyi yerə endik.

Şeyx Bəyazid o günə qədər Ud qarşısında və Sarunun o biri tərəfində olu­rmuş və Sultana məktub göndərərək danışıq aparmaq istəyirmiş. Amma onun bu hiylə­sini anlayan Sultan günorta vaxtı Qaracaya adam göndərərək çayı keçməyə qərar verir və Qaraca ona qoşulanda dərhal suyu keçirlər. Düş­mənin əlliyə yaxın atlısı və üç-dörd fili varmış, savaşa bil­mədən qaçırlar. Bir neçə adamını ələ keçirərək başlarını kəsib göndərdilər.

Bixub Sultan, Turdu bəy, Baba Çöhrə, Qoç bəy və Baqi Şiğavul çayı Sul­tandan sonra keçirlər. Bunlar hələ keçmədən ilk keçənlər Şeyx Bəyazidi axşama qədər təqib edirlər. Şeyx Bəyazid özünü cəngəlliyə ataraq qurtulur.

Cin Teymur Sultan gecə Qara su sahilinə enib gecə yarısı təkrar hə­rəkətə keçərək düşməni təqibə başlayır və qırx küruh yol qət edib onun ailə­sinin və həlayiqlərinin ol­duğu yerə çatır, amma düşmənin qaçdığı anlaşılır. Oradan hər tərəfə axınçılar göndərilir. Baqi Şiğavul bir neçə igidlə birlikdə düşmənin arxasından gedib ailəsinə və həla­yiqlərinə yetişərək əfqanların bə­zilə­rini yaxalayıb gətirdi.

Ud və civarını ələ keçirib nizam qurulması üçün orada bir neçə gün qal­­dıq. Uddan yeddi-səkkiz küruh yuxarıda olan Saru çayının sahili ovlaq yeri kimi tərif edildiyi üçün Mir Məhəmməd Caləban oraya gön­dərildi. Gə­gər çayı ilə Saru çayının keçidini (339 a) tədqiq edib gəldi.

Cümə axşamı günü, ayın on ikisində [=2 aprel] ov etmək niyyətilə ora­ya hərəkət ettim1.

HİNDİSTAN - 935 (15 SENTYABR 1528 - 5 SENTYABR 1529)
DOQQUZ YÜZ OTUZ BEŞİNCİ ILİN HADİSƏLƏRİ
Cümə günü, məhərrəm ayının üçündə [=18 sentyabr] Çəndiri səfərinə çıxmazdan bir az öncə Multan işi üçün çağırtmış olduğum Əsgəri [Baburun oğlu] gəlib mənə xəlvətxanada mülazimət etdi.

Ertəsi gün isə Yunus Əlinin yaxın adamlarından olan tarixçi Xandəmir, Möv­lana Şəhab Müəmmai və Mir İbrahim Qanuni -bunlar da mülazimət niy­­­yəti ilə uzun bir müddət öncə Heratdan çıxmışdılar- gəlib mülazimət et­di­lər.

Bazar günü, ayın beşində [=20 sentyabr] ikindi vaxtı kitablarda Galyur şəklində yazılan Güvalyarı gəzmək üçün Cundan keçib Aqra qalasına girə­rək -o iki-üç gün ərzində Kabilə getmək istəyən Fəxricahan bəyim ilə Xə­di­cə Sultan bəyimə yaxşı yol dilədikdən sonra- hərəkət etdim. [Bədiüz­zaman Mirzənin oğ­lu] Məhəmməd Zaman Mirzə izin istəyərək Aqrada qaldı.
BABURUN DULPUR ÜZƏRİNDƏN

GÜVALYARI GƏZMƏYƏ GETMƏSİ
O gecə üç-dörd küruh yol qət edərək bir göl sahilinə enib uyuduq. Na­mazı bir az erkən qılıb atlandıq. Gembir çayının sahilində yemək yedikdən sonra günorta vaxtı oradan qalxıb yolda Molla Rəfinin hazırladığı toz ha­lındakı dərmanı nəşə verməsi üçün buğda əzməsi ilə qarışdırıb içdik. Çox dadsız idi. İkindidən bir az sonra Dulpurdan qərbə doğru bir küruh məsafədə tikilməsini əmr etdiyim bağ ilə binaya (339 b) gəldim.

Bu bağla binanın tikilməsini əmr etdiyim yer bir dağ çıxıntısının ucun­da yerləşir. Bu dağ çıxıntısının ucu yekparə qırmızı inşaat daşı olduğu üçün bu dağı dibinə qədər qazmalarını bina qazıla biləcək böyüklükdə yekparə bir daş çıxsa o daşdan bir bina qazmalarını, o qədər böyük bir daş çıxmasa düz qalan mey­danda yekparə daşdan bir hovuz qazılmasını əmr etmişdim. Am­ma bina qazıla biləcək qədər böyük bir daş çıxmamışdı.

Əmrimə görə daşçı Ustad Şah Məhəmməd yekparə bir meydan olan bu daşın üzərinə üstü qapalı səkkiz guşəli bir hovuzun planını hazırladı. Daşçıların da sürətlə bu işlə məşğul olmalarını əmr etdim.

Həmən yerin şimal tərəfində içində hind gilası, ənbə, camən və hər növ başqa ağaclar olan böyük bir ağaclıq var idi. Bu ağacların arasında bir böyük hovuz salınmasını əmr etmişdim. Bu hovuz tamamlanmaq üzrəydi. Bunun suyu o hovuza gedir.

Bu hovuzun şimal-qərbində Sultan İskəndər bir bənd, bəndin də üstün­də binalar tikdirmişdir. Bəndin yuxarı tərəfində yağmur mövsümündə sular yığılaraq böyük bir göl əmələ gətirir. Bu gölün şətq tərəfləri bağlıqdır.

Gölün bu (340 a) tərəfinə də yekparə daşdan taxtlar oyulmasını və qərb tərəfində bir məscid tikilməsini əmr etdim. Çərşənbə axşamı və çərşə­n­bə günləri bu işlər üzündən Dulpurda qaldım.

Cümə axşamı günü hərəkət edib Çənbəl çayından keçərək günorta na­mazını çay sahi­lində qıldıqdan sonra iki namaz arasında Çənbəl sahilindən yenidən atlanıb axşamla yatsı arasında Kevari çayından keçib dincəldik. Yağmurlardan su yüksəl­mişdi, atlar üzdürüldü və biz də gəmiylə keçdik.

Ertəsi cümə günü aşura idi. Oradan hərəkət edib yoldakı bir kənddə yemək ye­dikdən sonra yatsı vaxtı Güvalyardan şimala doğru bir küruh mə­sa­fədə olan və keçən il salınmasını əmr etdiyim çarbağa gəlib endim. Ertəsi gün günortadan sonra atlanaraq Güvalyarın şimal təpələrini gəzdikdən sonra gəlib Güvalyarin Racə Man-Singin sarayının bitişik olduğu Hati-Pul adlı qa­pısından girdim və ikindi vaxtı Rəhimdadin iqamət etdiyi Racə Bikermacitin sarayına gəlib en­dim.

O gecə qulağımdakı ağrı üzündən acı çəkdiyim üçün tiryək çəkdim - mehtab da buna səbəb oldu. Ertəsi gün tiryəkin yaratdığı baş ağrısı və sər­səmlik çox iztirab verdi. Çox qusdum. Halıma aldırmadan Man-Sing ilə Bi­kermacitin evlərinin hamısıni gəzib baxdım. (340 b)
GUVALYARDA BİR GƏZİNTİ
Parça-parça və ahəngsiz olmalarına baxmayaraq qəribə binalardır. Bu binaların hamısı yonulmuş daşdandır. Man-Singin binaları bütün racə bina­larından daha yaxşı və daha hündürdür. Man-Singin binasının divarının bir yanı şərgə tərəfdır. Bu cəhətinə digərlərinə nəzərən daha artıq diqqət göstər­mişlər. Hündürlüyü təxminən qırx-əlli karidir və bütünlüklə yonulmuş daş­dandır. Üzü kirəclə ağardılmışdır. Bəzi yerləri dörd qatlıdır. Aşağı iki qatı çox qaranlıqdır, bir müddət oturduqdan sonra bir azcıq aydınlıq yaranır. Bu­raları şamla gəzdik. Bu binanın hər yanında beş kümbəz və kümbəzlərin ara­larında da Hindisdan tərzində dördbucaq kiçık kümbəzlər vardır. Bu bö­yük beş kümbəzi altın suyu çəkilmiş mis təbəqələrlə örtmüşlər.

Divarların dış qismi yaşıl çinilərlə qaplanmışdır. Divarlara yaşıl çini ilə banan ağacları rəsm etmişlər. Şərq tərəfindəki bürcündə «hati» vardır. Buralılar filə «hati», qapıya da «pul» deyirlər. Bu qapının çıxışına üzərində iki filçi olan bir fil heykəli qoymuşlar, gerçək fil kimidir, çox bənzətmişlər. Bu üzdən də oraya Hati-Pul deyirlər (34l a).

Dörd qatlı binanın ən aşağı qatının bu fil heykəli tərəfinə baxan bir pən­cərəsi var, buradan fil çox yaxından görünür. Üst qatı isə söz etdiyim kümbəzlərdir. İkinci qatında yaşayış mənzilləri var. Bu mənzillər çuxur­lar­da­dır. Bunlar Hindis­tan tərzində mükəmməl sayılacaq şəkildə tikilmiş ol­maqla birlikdə bir az havasız yerlərdir.

Man-Singin oğlu Bikermacitin [Hindu] binaları isə kurqanın şimal tə­rəfində, ortada yerləşir. Oğlunun binaları atasınınkılar qədər deyil. Tikdiyi böyük kümbəz çox qaranlıqdır və ancaq bir müddət qaldıqdan sonra göz alı­şır. Bu böyük kümbəzin altında ondan bir az kiçık bir bina daha vardır və ona heç bir tərəfdən ışiq düşmür.

Bu böyük kümbəzin üstündə isə Rəhimdad bir az kiçık bir köşk tik­dirmiş, özü də Bikermacitin evlərinə yerləşmişdir.

Bikermacitin bu binalarından atasının binalarına gedən bir yol çəkmiş­lər, dı­şarıdan heç bəlli deyil, içəridən də heç bir yer görünmür. Bəzi yerlə­rindən işıq düşür, qəribə bir yoldur.

Bu binaları gəzdikdən sonra Rəhimdadın tikdirdiyi mədrəsəni və kur­qanın güney tərəfində böyük bir hovuzun kənarında yenə Rəhimdadın sal­dır­dığı bağı gəzdik, gec vaxtda (341 b) ordunun endiyi çarbağa gəldik.

Bu bağa bir çox çiçək əkilmişdi. Parlaq qırmızı kənir bu bağda lap çox idi. Bu tərəflərin kəniri şaftalıçiçəyi rəngindədir. Güvalyarın kəniri isə qıp­qırmızı və parlaqdır. Güvalyardan bir qədər qırmızı kənir gətirtərək Aqra bağlarına əkdir­dim.

Bu bağın cənubunda böyük bir göl var. Yağmur mövsümünün suları burada yığılır. Bu gölün qərbində yüksək bir bütxana yerləşir. Sultan Şəm­səddin Eltutmuş bu bütxananın yanına böyük bir cami tikdirmişdir. Bütxana çox hündürdür, kurqan­da ondan daha hündür bina yoxdur. Dulpur dağından baxanda Güvalyar kurqanı və bu bütxana çox yaxşı görünür. Bu bütxananın daşlarının hamısını oradakı böyük göldən qazıb gətirdiklərini söyləyirlər.

Bu bağda ağacdan bir köşk tikmişlər, bir az alçaq və formasızdır. Ba­ğın qapısında Hindistan tərzində zövqsüz eyvanlar düzəltmişlər.

Ertəsi gün günorta vaxtı Güvalyarın hələ görümədiyimiz yerlərini gəz­mək niyyətilə çıxaraq, Man-Singin kurqan dışındakı Badəlgər adlı binasını gəzdik və Hati-Pul qapısından girib Urva deyilən yerə getdik.

Bu Urva deyilən yer kurqanın qərb tərəfində yerləşən bir vadidir. Bu vadi dağın üstündə tikilən divar bəndinin dışında olsa da, onu çev­rələyən iki sıra hündür divar çəkmişlər. Divarların hündürlüyü otuz-qırx kari qədər var. İç divar bir az daha uzundur. (342 a) Bu divar düzlüyün hər iki tərəfindəki kurqan divarıyla birləşdirilmişdir. Bu divarın ortasında və ondan bir az alçaq bir divar daha çəkmişlər, bu divar başdan-başa çəkilmiş deyil, bunu suya yön vermək üçün çəkmişlər. Bu duvarın içində də su almaq üçün bir vayin [quyu] qazmışlar. On-on beş pillə enərək suya çatırlar. Bu böyük divarın vayinli divara çıxan qapısının üs­tündə bir daşa Sultan Şəmsəddin Eltutmu­şun adını həkk etmişlər, üstündəki tarix «səneyi-səlasinə və sittə miə»dir.1

Bu dış divarın altında, kurqanın dışında, böyük bir göl vardır. Anla­şıl­dığına görə, suyu azalan bir göl deyil. Bunun suyu məcraya axır. Urva de­yilən bu yerin içində iki böyük göl daha vardır. Kurqan əhalisi bu göllərin suyunu digər sulara tərcih edir.

Urvanın üç tərəfi yekparə bir dağdır. Daşının rəngi Biyanə daşları qə­dər qırmızı olmayıb onlardan bir az daha rəngsizdir. Ətrafındakı yekparə qa­yaları qazıb böyük və kiçık bütlər oymuşlar. Güney tərəfində böyük bir büt var ki, hündürlüyü təxminən iyirmi kari qədərdir. Bu bütlərin hamısı çıl­paqdır, ayıb yerləri belə örtü­süzdür, görünür.

Urvanın içindəki (342 b) iki böyük gölün ətrafına iyirmi-iyirmi beş qu­­yu qazmış­lar. Bu quyulardan su çəkib bağbanlıq edərək çiçək və ağaclar ye­tişdirmişlər. Ur­va gözəl bir yerdir. Qüsuru çevrəsin­də­ki bütlərdir. Bütlərin yıxılmasını əmr etdim.

Urvadan çıxıb təkrar kurqana girərək kafirlərin zamanından bəri qa­palı duran Sultan-Pulu gəzdikdən sonra axşam vaxtı Rəhimdadın saldırdığı bağa gəldim və gecəni o bağda keçirdim.

Çərşənbə axşamı günü, ayın on dördündə [=29 sentyabr] Rana San­ka­nın Bikermacit adlı ikinci oğ­lunun yanından adamlar gəldi. Özü anası Ped­mavəti ilə birlikdə Rətənbur qalasında olur­du. Biz Güvalyarı gəzməyə get­mədən öncə Bikermacitin Esuk adlı çox etibarlı nökəri tərəfindən göndərilən adamlar gəlmiş, qulluq və xidmətlərini təqdim edərək yetmiş leklik təxsisat verilmək şərtilə Rətənburu təslim etməyə hazır olduğunu bildirmisti. Biz də onun arzu etdiyi kimi pərgənələr ehsan edib adamlarına izin vermiş və Gü­valyara gəzməyə gedəcəyimiz üçün orada yenidən görüşmək üzrə bəlli bir vaxt təyin etmişdik. Təyin olunan vaxtdan bir neçə gün gecikərək gəldilər.

Esuk deyilən bu hindu Bikermacitin anası Pedmavətinin yaxın qo­hu­mu (343 a) imiş. O, bu vəziyyəti ana ilə oğula izah etmiş, onlar da bu Esuk ilə birlikdə sədaqət və xidmətkarlığı qəbul etmişlər.

Sanka Sultan Mahmudu məğlub edib əlinə keçirəndə tac, küllah ilə al­tın kəmərini alıb özünü sərbəst buraxmışdı. O tac, küllah ilə altın kəmər Bi­kermacitdə imiş. Atasının yerinə rana1 olaraq Çituru hələ əlində tutan bö­yük qardaşı Retensi tac, küllah ilə altın kəməri kiçık qardaşındən istədiyi halda bu vermirmiş. Bu gələn adamlar vasitəsilə tac, küllah ilə altın kəməri mənə verəcəyinə söz vermiş və Rətənbura qarşılıq olaraq Biyanəni istəmişdi. Onları Biyanə sözündən vaz keçirərək Rətənburun əvəzinə Şəmsabadı vəd et­dik. Yenə həmin gün gələn bu adamlara xələtlər geydirilərək doqquz gün içində Biyanəyə gəlmələri söylədik və getmələrinə izin verildi.

Bu bağdan hərəkət edib Guvalyarın bütxanalarını gəzdik. Bütxanaların bəziləri iki, bəziləri da üç qatlı idı. Qatları bir az alçaq və əski tərzdə idı. Ət­raflarına daşdan heykəllər qazmışdılar. Bəzi bütxanalarda -mədrəsələrdə olduğu kimi- taxtında böyük və hündür kümbəzlər ilə mədrəsə hücrələrinə bənzəyən hücrələr vardı. Hər hücrənin üstündə yonulmuş daşdan çoxlu küm­­bəz tikmişlər. Aşağı (343 b) hücrələrində daşdan heykəllər yonmuşlar.

Bu binaları gəzdikdən və Guvalyarin qərb tərəfindəki qapısından çıxıb kurqanın cənub tərəfindən dönərək oranı da gördükdən sonra Hati-Pulun önün­də Rəhimdadın saldırdığı çarbağa gəldim.

Rəhimdad çarbağda bir ziyafət hazırlamışdı. Gözəl yeməklərin ikram edilməsindən sonra bir çox hədiyyə də təqdim etdi. Maldan və nəqddən dörd lek hədiyyə verdi. Sonra da bu çarbağdan hərəkət edərək gec vaxt öz bağıma gəldim.

Çərşənbə günü, ayın on beşində [=30 sentyabr] Guvalyarın cənub-şərq tərəfində olan və ondan altı küruh məsafədə yerləşən şəlaləni görməyə get­dim. Yola bir az gec çıxmışdıq, şəlaləyə günorta vaxtından az sonra vardıq. On beş-on altı urğamçı2 qədər hündür bir qayadan bir dəyirman işlədə bi­lə­cək qədər su şırıltıyla tökülürdü. Töküldüyü yerin bir az aşağısında böyük bir göl yaratmışdı. Bu su şəlaləyə gəlmədən öncə yekparə bir qayanın üs­tün­dən axır. Suyun yatağı yekparə bir daşdır. Müxtəlif yerlərdən tökülərək göl ol­muşdur. Bu suyun kənarlarına da oturulacaq böyüklükdə parça-parça daş­lar düşmüşdür. Lakin bu su daimi deyilmiş.

Şəlalənin yuxarısında oturaraq məcun yedik. Suyun başladığı nöqtəyə qədər yuxarı gedib buraları gəzdikdən sonra dönüb bir təpənin üstündə bir müddət otur­duq. Sazəndələr saz çaldılar, xanəndələr (344 a) də bəzi şeylər oxudular. Hindlərin tindu dediyi abnus ağacı görməyənlərə göstərildi. Ora­dan dönüb dağdan enərək axşamla yatsı arasında yola qoyulduq. İkinci pasa doğru bir yerə gəlib uyuduq. Günün ilk pəhəri olanda da çarbağa gəldik.

Cümə günü, ayın on yeddisində Səlahəddinin doğulduğu Suhcənə de­yi­lən kəndi və kəndin yuxarı tərəfində dağ arasında yerləşən bir vadidəki li­mon və sədafəl bağlarını gəzdikdən sonra ilk pəhərdə gəlib çar­bağa endim.

Bazar günü, ayın on doqquzunda [=4 oktyabr] dan ağarmadan bir az öncə çarbağdan hərəkət edib Kevari çayını keçərək yemək yedik və günorta vaxtı oradan qalxıb günəş batarkən Çənbəl çayından keçmək surətiylə ax­şam ilə yatsı arasında Dulpur kurqanına girdik. Əbülfəthin [Türkmən] tik­dir­miş olduğu hamamı məşəllə gəz­dikdən sonra oradan hərəkət edib yeni çar­bağm salındığı yerə, bənd başına gəlib endik.

Ertəsi gün tikilməsini əmr etdiyim yerləri dolaşdım. Yekparə daşdan ti­kilməsı əmr olunan üstü qapalı hovuzun üzünü bir dəfə belə tam cilala­ma­mışdılar. Daşçıların sayını artıraraq əvvəlcə hovuzun içini tamamən oymala­rını əmr etdim. İkindidən sonra hovuzun içini bir dəfə də tamamən cilaladı­lar. Su doldurmalarını əmr etdim. (344 b) Ətrafını su ilə ölçərək meylliliyi düzəltmək işiylə uğraşdılar. Bir də abdəstxana tikilməsini, onun döşəməsi­nin və içindəki kiçık hovuzun da yekparə daşdan qazılmasını əmr etdim.

Bazar ertəsi günü məcun söhbəti keçirdik. Çərşənbə axşamı gecəsi də orada qaldım. Çərşənbə günü, iftar açaraq bəzi şeylər yedikdən sonra Sikri­yə getmək niyyətilə yola çıxdim. İkinci pəhərə doğru bir yerə enib uyuduq. Qulağım, deyəsən, soyuğun təsiri ilə o gecə yaman ağrıdı, uyuya bilmədim.

Dan ağararkən oradan atlanaraq ilk pəhərdə Sikridə salılan bağa endik. Bağın divarı və quyu arzu etdiyim kimi olmadığı üçün çalışanlar təhdid edil­di və cəzalandırıldı.

Sikridən ikindi ilə axşam arası hərəkət edib Medhakurdən keçərək bir yerə enib uyuduq. Oradan da ilk pəhərə doğru Aqraya gəldim və bəzi işləri üzündən Fəxri-Cahan bəyim ilə birlikdə gedə bilməmiş olan Xədicə Sultan bəyimi qalada ziyarət etdikdən sonra Cunu keçib Həşt-Behişt bağına getdim.

Şənbə günü, səfər ayının üçündə [=17 oktyabr] ikindi ilə axşam ara­sında Tutədən keçib məhəllələrin kənarında, çay sahilinə enmiş olan böyük xalalarımdan üç bəyimi – Gövhərşad bəyim, Bədiülcamal bəyim, Ağ bəyim və kiçık bəyimlərdən Xanzadə bəyim, Sultan Məsud Mirzənin qızı Sultan-bəxt bəyimin qızı və yengə çiçəmin, yəni Zeynəb Sultan bəyimin nəvəsini (345 a) gedib gördüm. Oradan gəmiylə döndüm.

Bazar ertəsi günü, səfər ayının beşində [=19 oktyabr] Bikermacitin ilk və sonraki elçiləri ilə bxirəli hindulardan əski nökərim Divə oğlu Hamusu Rətənburun təslim olub bizə bağlılığının qəbul edilməsi ilə əlaqədar öz üsul və tərzlərinə görə əhd və şərt bağlaması üçün oraya göndərdim. Bizim bu ge­dən adamımız bütün bunları öz gözüylə görüb qənaət gətirdikdən sonra dönəcəkdi. O verdiyi sözü tu­tsa və Allah da rast gətirsə, mən də atasının ye­rinə onu rana təyin edib Çitur taxtına oturdacağımı vəd etdim.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin