BABURUN XƏZAN SEYR ETMƏK ÜÇÜN İSTALİFƏ GETMƏSİ
Çərşənbə axşamı günü xəzan seyr etmək üçün İstalifə getdim. O gün məcun yemişdim. Gecə çox yağış yağdı. Mənimlə birlikdə gələn bəylərin və içkilərin çoxu Baği-Kəlan içində qurulmuş olan çadırıma girdilər.
Ertəsi gün bu bağda şərab məclisi qurduq və axşama qədər içdik. Sabah olanda isə səbuhi elədik. Sərxoş olaraq uyuyub günorta vaxtı İstalifdən hərəkət etdik, yolda məcun yedik. İkindi vaxtına yaxın Bihzadiyə gəldik.
Xəzan fövqəladə gözəl olmuşdu. Xəzan seyri zamanı şəraba meylli olanlar içki istəməyə başladılar. Məcun yemiş olmamıza baxmayaraq xəzan fövqəladə gözəl olduğu üçün xəzana uğrayan ağacların altında oturaraq şərab içdik. Yatsı vaxtına qədər eyni yerdə söhbət etdik. Molla Mahmud Xəlifə gəldi. Onu da söhbətə dəvət etdik. Abdullah [Kitabdar] yaman sərxoşdu. Xəlifənin ağzından bir söz çıxdı, (247 a) Abdullah isə Molla Mahmudun fərqində olmadan bu misranı oxudu:
Bər hər ki bengəri be həmin dağ mübtəla əst.
Kimə baxsan, bu dərdə mübtəladır.
Molla Mahmud ayıqdı, bu misranı oxuduğu üçün Abdullahı zarafatla daşlamağa başladı. Abdullah durumun fərqinə varınca, təlaşlandı və onu yatışdırmaq üçün xeyli şirin söz söylədi.
Cümə axşamı günü xəzanı seyr edib axşamdan sonra çarbağa gəlib endim. Cümə günü, ayın on altısında [=9 noyabr] Baği-Bənövşədə məcun yeyib bəzi yaxın dostlarla gəmiyə mindik. Hümayun ilə Kamran [Mirzə] də bir az sonra gəldilər. Hümayun məharət göstərərək bir ördək vurdu.
Şənbə günü, ayın on səkkizində [=11 noyabr] çarbağdan gecə yarısı hərəkət etdim. Mühafizləri və mehtərləri geri göndərdim. Molla Baba körpüsündən keçib Divrin boğazından çıxaraq Quş-Nadiri və bazarların kəhrizi ni xırsxana arxasından dönərək sabah tezdən Turdu bəy Xaksarın kəhrizinə gəldim. Turdu bəy bunu xəbər alıb təlaşla qoşaraq qarşıma gəldi.
Turdu bəyin kasıblığı məlumdu. Yanımda yüz şahruxi götürmüşdüm. Turdu bəyə verdim və «Şərabı və digər gərəkli şeyləri hazırla, tək və ləvəndanə bir məclis istəyirəm» dedim. Turdu bəy şərab üçün Bihzadi tərəfinə getdi. Atımı Turdu bəyin adamlarından birinə verdim və gedib kəhrizin arxasında bir təpədə oturdum. Bir pas keçmişdi ki, (247 b) Turdu bəy bir kuzə şərab gətirdi. Qarşılıqlı oturub içməyə başladıq.
Turdu bəy şərab gətirdiyi vaxt Məhəmməd Qasım Barlas ilə Şahzadə [Şah İsmayılın oğlu Təhmasib] bunu eşitmişlər. Məndən xəbərləri olmadan Turdu bəyin arxasınca piyada gəldilər. Onları da söhbətə dəvət etdik.
Turdu bəy dedi: «Bülbül İnəkə sizinlə şərab içməyi arzu edir».
«Mən də bir qadının içdiyini heç görmədim, çağırın» dedim.
Şahi adlı bir qələndər ilə kəhrizli bir rübab çalanı da söhbətə dəvət etdik. Axşama qədər kəhrizin arxasındakı təpədə oturub içdik. Ondan sonra da Turdu bəyin evinə gedib yatsı vaxtına qədər şam ışığında içdik. Gözəl və dedi-qodusuz bir məclis oldu. Mən yatdım. Məclisdəkilər təkrar bir evə gedib nağara vaxtına qədər içdilər. Bülbül İnəkə gəlib mənə çox cilvələr etdi. Axırda özümü sərxoşluğa vurub qurtuldum.
O birilər fərqinə varmadan tək başıma İstərğəcə getməyi düşünürdum, amma onlar xəbər tutunca, mümkün olmadı. Axırda nağara vaxtı atlandım. Turdu bəy ilə Şahzadəyə xəbər göndərib üçümüz atlara minərək İstərğəc tərəfinə hərəkət etdik. Fərz vaxtı İstalifin altında olan Xoca-Həsənə vardıq. Bir müddət atlardan enərək məcun yeyib xəzan seyr etdik.
Günəş doğarkən İstalif (248 a) bağına enib üzüm yedik və oradan İstərğəcə tabe olan Xoca-Şəhaba enib uyuduq. Ata Miraxurun evi oralarda imiş. Uyğudan qalxıncaya qədər yemək və bir kuzə şərab hazırlamış.
Xəzan çox gözəldi. Bir neçə qədəh içib hərəkət etdik. Günorta vaxtı İstərğəcda xəzanın ən gözəl olduğu bağa enib söhbət etdik. Qısa bir müddət sonra Xoca Məhəmməd Emin gəldi. Yatsı vaxtına qədər içdik. O gün və gecə Kabildən Abdullah [Kitabdar], Əsəs [Xoca Məhəmməd Əli Tağayi], Nur bəy və Yusif Əli gəldilər. Sabah tezdən yemək yeyib atlandıq, İstərğəcin altındakı Baği-Padişahini seyr etdik.
Bir alma ağacında çox gözəl bir xəzan görüntüsü yaranmışdı. Hər bir budağında beş-altı yarpaq düzgün bir biçimdə qalmışdı, elə gözəldi ki, rəssamlar uğraşsalar belə rəsm edə bilməzdilər.
İstərğəcdən hərəkət edib Xoca-Həsəndə yemək yedikdən sonra axşam üstü Bihzadiyə gəlib Xoca Məhəmməd Eminin İmam Məhəmməd adlı nökərinin evində içdik. Ertəsi çərşənbə axşamı günü Kabil çarbağına gəldim.
Cümə axşamı günü, ayın iyirmi üçündə, oradan qalxıb qalaya girdim.
Cümə günü Məhəmməd Əli Heydər Riqabdar bir ağ şahin tutub hədiyyə etdi.
Şənbə günü, ayın iyirmi beşində Çinar-Bağda məclis quruldu. Yatsı vaxtı hərəkət etdik. Seyid Qasım keçən olaydan dolayı incik idi, gələrkən onun evinə enib bir neçə qədəh içdik.
Cümə axşamı günü, zilhiccə (248 b) ayının ilk günü [=24 noyabr] Qəndəhardan Tacəddin Mahmud gəlib mülazimət etdi.
Bazar ertəsi günü, ayın on doqquzunda [=12 dekabr] Məhəmməd Əli Cəng-Cəng Nilabdan gəldi.
Çərşənbə axşamı günü, ayın iyirmisində Səngər xan Cəncuhə Bxirədən gəlib bizə qoşuldu.
Cümə günü, ayın iyirmi üçündə Əlişir bəyin [Nəvai] dörd divanından gözəlliyinə və vəznlərinə görə ən gözəl qəzəl və beytlərini seçib qurtardım.
Çərşənbə axşamı günü, ayın iyirmi yeddisində [=20 dekabr] ərkdə bir məclis quruldu və burada hər kəsin sərxoş olunca getməsi və bir daha söhbətə qatılmaması əmr edildi.
Cümə günü, zilhiccə ayının axırıncı günü [=22 dekabr] Ləmqanı seyr etmək üçün atlandım.
KABİL-926 (23 DEKABR 1519 - 12 DEKABR 1520)
DOQQUZ YÜZ İYİRMİ ALTINCI İLİN HADİSƏLƏRİ
Şənbə günü, məhərrəm ayının ilk günü [=23 dekabr 1519] Xoca-Seyarana gəldik. Təpə üzərində, yeni açılmış bir arxın kənarında şərab məclisi düzəldi. Sabah qalxıb Xoca-Rigi-Rəvanı seyr edərək Seyid Qasımın Bülbül köşkünə enib söhbət elədik. Sabah oradan qalxıb məcun yeyərək gedib Bilkərə endik. Gecə içdikdən sonra bir də səbuhi məclisi qurduq və günorta gedib Dürnaməyə endik. Şərab məclisi oldu. Sabah da yenə səbuhi məclisi quruldu. Dürnamənin böyüyü olan Haqdad mənə bağıni hədiyyə etdi.
Cümə axşamı günü qalxıb Nicravda taciklərin kəndinə endik.
Cümə günü isə Çihil-Külbə ilə Baran çayı arasındakı dağda ov etdik. Xeyli geyik vurduq. Əlim qırılandan (249 a) bəri ox atmırdım. Çox sərt olmayan bir yayla bir geyiyin baldırına ox atdım, ox tüklü qisminın yarısına qədər batdı. İkindi üstü dönüb Nicrava gəldik.
Ertəsi gün də Nicrav əhalisinin cizyəsi altmış misqal qızıl olaraq təyin olundu.
BABUR LƏMQANI SEYR ETMƏYƏ GEDİR
Bazar ertəsi günü Ləmqanı seyr etmək niyyətilə atlandıq. Bu gəzintidə Hümayunun da bizimlə birlikdə olmasını düşünmüşdüm, amma qalmaq arzusunda olduğunu söylədi və Kürə keçidində geri dönməsinə izin verdim. Gedib Bədrava endik. Oradan Uluğbuya gəldik.
Baran çayında ovçular bir qədər balıq tutdular, ikindi üstü bir sala minərək içki içdik. Axşam vaxtından bir az sonra da saldan çıxıb ağ çadıra gedib içməyə davam etdik. Heydər Ələmdar Davərtin kafirlərinin yanına göndərilmişdi, Badic dibində bu kafirlərin böyükləri bir neçə tuluq şərab gətirib mülazimət etdilər.
Keçiddən enəndə çoxlu çəyirtgə gördük. Ertəsi gün də sala minib məcun yedik və Bulandan bir az aşağıda saldan çıxaraq ordugaha gəldik, iki sal halında gəldik.
Cümə günü qalxıb Məndravərdən bir az aşağıdakı bir dağ ətəyinə endik. Axşam şərab məclisi yapıldı.
Şənbə günü sala minib Dərutə boğazından keçərək Cahannümanın bir az yuxarısında saldan çıxıb Adinapur önündəki Baği-Vəfaya gəldik. Nigənxar tüməninin hakimi Qiyam bəy Orduşah saldan çıxanda gəlib sədaqətini bildirdi.
Bir müddətdir Nilabda olan Ləngər xan (249 b) Niyazi də yolda gəlib mülazimət etdi. Baği-Vəfaya endik. Portağalları gözəl saralmış, səbzələri gözəl yetişmişdi, fövqəladə gözəldi. Beş-altı-gün Baği-Vəfada qaldıq.
Qırx yaşımda içkiyi buraxmaq niyyətində idim və buna da bir ildən az bir müddət qaldığı üçün ifrat dərəcədə içirdim.
Bazar günü, ayın on altısmda [=7 yanvar 1520] səbuhidən sonra ayılaraq məcun yediyimiz vaxt Molla Yarək pəncgahda müxəmməs formasında bəstələdiyi nəqşi çaldı. Gözəl bir nəqş bəstələmişdi. Xeyli zamandır belə işlərlə məşğul olmurdum. Məndə də bir şey bəstələmək arzusu doğdu. Yeri gələndə bəhs edəcəyim üzrə, bu münasibətlə çahargah sövtünü bəstələdim.
Çərşənbə günü səbuhi zamanı zarafatla: «Sartca oxuyan hər kəs bir qədəh içsin» dedi. Bu surətlə çox adam qədəh qaldırdı. Sübh namazı vaxtı çəmən ortasındakı ağacların arasında oturduq və «Türkcə oxuyan hər kəs bir qədəh içsin» dedim. Bu dəfə də çoxlu adam qədəh qaldırdı. Günəş doğunca portağalların dibinə, hovuzun kənarına gedib içdik.
Ertəsi gün Dutədən sala minib Cuyi-Şahidən keçib Ətərə vardıq. Ətərdən qalxıb Dəreyi-Nuru seyr edərək Susan kəndinə qədər getdikdən sonra geri qayıdıb Əmləyə endik.
Xoca Kəlan Bəcuru (250 a) yaxşı idarə edirdi. Mənim müsahibim olduğu üçün onu geri çağıraraq Bəcura Şah Hüseyni hakim təyin etdik. Şənbə günü, ayın iyirmi ikisində [=13 yanvar] Şah Hüseynin getməsinə izin verdim.
O gün də Əmlədə içdik. Ertəsi gün yağmur altında Künərdə Məlikqulunun evinin yerləşdiyi Küləqrama gəldik, onun ortancıl oğlunun portağal sahəsinə baxan evinə endik. Yağmur yüzündən portağallığa getmədən o evdə içdik. Yağmur fövqəladə çox yağdı. Bir tilsim bilirdim, Molla Əli xana öyrətdim. Dörd kağıza yazıb dörd tərəfə asdı. Yağış dərhal dayandı, hava açılmağa başladı.
Sabah bir sala mindik, başqa bir sala da igidlər mindilər. Bəcur, Sevad, Künər və o civarda bir növ boza düzəldirlər. Kim deyilən bir şeydən, ot köklərindən və bəzi ədviyyatdan düzəldirlər. Çörək kimi yuvarlaq edir, qurudaraq saxlayırlar. Bozanın mayası həmən kim maddəsidir. Bəzi bozalar çox ləzzət verir, lakin çox duzlu və dadsız olur. Bu bozadan içmək istədik. Lakin duzluluğu üzündən içəməyərək məcuna üstünlük verdik.
Digər sala minmiş olan Əsəs [Xoca Məhəmməd Əli Tağayi], Həsən İgrək və Məsti Çöhrəyə bu bozadan içmələrini əmr etdim. Həsən İgrək içib sərxoş oldu, özünü nalayiq aparmağa başladı. (250 b) Əsəs də çox sərxoş oldu və bir çox çirkin hərəkətlər elədi. O qədər narahat olduq ki, onu saldan çıxarıb suyun digər tərəfinə keçirməyi düşündüm. Bəziləri rica edərək araya girdilər.
O vaxt Bəcuru Şah Mir Hüseynə əta edərək Xoca Kəlanı da müsahib olduğu üçün yanımıza çağırmışdıq. Onun Bəcurda qalması çox uzadı. Bəcurda işlərin artıq yolunda olduğunu təsəvvür edirdim. Şah Mir Hüseyn Bəcura gedərkən Künər çayının keçidində bizə rast gəldi. Çağırıb şifahi bəzi əmrlər verdikdən sonra bir xassə zireh ehsan edərək getməsinə izin verdim.
Nurgilin qarşısına gələndə bir qoca gəlib sədəqə istədi. Saldakılar ona paltar, sarıq və dəsmal kimi şeylər verdilər, ixtiyar xeyli əşya yığdı. Yarı yolda pis bir yerdə sal təhlükəli bir yerə çarpdı. Çox qoxduq. Düzdür, sal batmadı, lakin Mir Məhəmməd Caləban suya düşdü.
Gecəni Ətərin yaxınlığında keçirdik. Çərşənbə axşamı günü Məndravərə gəldik. Qutlu Qədəm ilə atası Dövlət Qədəm [Qaravul] qalanın içində bir məclis düzəltmişdilər. Düzü, səfasız bir yerdi, lakin onların xatiri üçün bir neçə qədəh içib ikindi üstü ordugaha gəldik.
Çərşənbə günü Kəngdər çeşməsinə gedib seyr etdik. Kəngdər Məndravər tüməninə tabe bir kənddür. Bütün Ləmqanatda yalnızca bu kənddə xurma vardır. Bu kənd dağ ətəyindən bir az yuxarıda (251 a) yerləşir. Xurmalığı şərq tərəfindədir. Bu çeşmə də xurmalığın yanında və maili bir yerdədir. Çeşmə başından altı-yeddi kari aşağıda, daşları yığıb bir araya gətirərək qüsl etmək üçün bir sığınaq düzəltmişlər. Bu sığınağa gələn çayı o şəkildə yüksəltmişlər ki, su qüsl edən adamın başına tökülür. Çeşmənin suyu çox durğundur, qış günləri suyu əvvəlcə bir az soyuq təsir bağışlayır, lakin suda qaldıqca insana xoş gəlir.
Cümə axşamı günü Şir xan Tərkəlani bizi evinə çağırıb ziyafət verdi. Günorta oradan qalxıb bu iş üçün özəl olaraq düzəldilmiş balıqxanalarda balıq tutdular. Balıqxananın necə olduğundan daha əvvəl söz açmışdım.
Cümə günü Xoca Mirmiran kəndinün yaxınına endik. Axşam üstü məclis quruldu.
Şənbə günü Əlişəng ilə Əlingar arasındakı dağda ova çıxdıq. Bir tərəfdən əlingarlılar və bir tərəfdən da əlişənglilər dairə quraraq geyikləri dağdan endirdilər. Çox geyik vurduq. Ovdan dönüb Əlingarda məliklərin bağına enib məclis qurduq.
Qabaq dişimin yarısı qırılıb yarısı qalmışdı və o gün yemək əsnasında bu qalan yarısı da qırıldı.
Ertəsi gün qalxıb balıqlara tor atdırdıq. Günortaya yaxın Əlişəngə gedərək bağda içdik. Ertəsi gün də pis hərəkətlər edib haqsız yerə qan tökmüş olan Əlişəng məliki Həmzə xan qan davacılarına təslim edildi, qisas aldılar.
Çərşənbə axşamı (251 b) günü, əvrad1 oxuduqdan sonra Yanbulaq yoluyla Kabilə doğru hərəkət etdik. İkindi çağı Uluğbudan çayı keçib axşam vaxtı Qaratuya gəldik, atlara yem verildi. Əlimizdə olan şeylərdən yemək hazırlandı. Atlar arpalarını bitirincə hərəkət etdik2.
III. HİNDİSTAN
HİNDİSTAN - 932 (18 OKTYABR 1525 - 8 OKTYABR 1526)
DOQQUZ YÜZ OTUZ İKİNCİ İLİN HADİSƏLƏRİ
932-ci il səfər ayının birində, cümə günü [=17 noyabr 1525] günəş ox-atan bürcündə ikən Hindistan üzərinə yürümək niyyətilə hərəkət etdik, Yek-Ləngə təpəsini aşaraq Dih-Yaqub çayının qərb tərəfindəki çayıra endik.
Biz bu yurdda ikən yeddi-səkkiz ay öncə Sultan Səid xanın hüzuruna elçi olaraq göndərilmiş Əbdülmüluk Qurçu xanın Yengibəy Göyəldaş adlı bir adamıyla birlikdə gəldi, xanımlardan və xandan məktublar və bəzi hədiyyələr gətirdi.
Əsgərin səfərə hazırlaşması üçün bu yurdda iki gün qaldıqdan sonra hərəkət etdik, bir mənzildə dincələrək Badam-Çeşməyə endik. Burada məcun yedik.
Çərşənbə günü Barik-Aba enəndə Xoca Hüseyn Divanın Lahorun gəlirindən göndərmiş olduğu iyirmi min şahruxi dəyərində altın, əşrəfi və təngələri1 Hindistanda qalan Nur bəyin kiçık qardaşlarındən biri gətirdi. Bunun böyük bir qismini Bəlxin işləri üçün Bəlx ərbabından olan Molla Əhmədə göndərdim.
Cümə günü, ayın səkkizində (252 a) Gəndəməkə enəndə şiddətli nəzləyə tutuldum. Həmd olsun ki, asan keçdi.
Şənbə günü Baği-Vəfaya endik. Hümayun Mirzəni və o tərəfin əsgərini gözlədiyimiz üçün bir neçə gün Baği-Vəfada qaldıq. Baği-Vəfanın böyüklüyü, səfası və gözəlliyindən bu əsərdə bir neçə dəfə söz edilmişdir. Olduqca səfalı bir bağdır. Alıcı gözüylə baxan hər kəs onun necə bir yer olduğunu anlayar. Orada olduğumuz bu bir neçə gündə içki və səbuhi məclisləri qurduq, içməyən günlərdə də məcun söhbəti keçirdik. Gecikdiyi üçün Hümayuna çox sərt məktublar və şiddətli xitablar göndərdim.
Bazar günü, səfər ayının on yeddisində səbuhi məclisi keçirdik. Hümayun gəldi. Çox gec gəldiyi üçün onu danladım. Xoca Kəlan da Qəznədən elə o gün gəldi.
O bazar ertəsi axşamı Sultanpur ilə Xoca Rüstəm arasında salınmış Yengi-Bağa [yeni bağ] endik.
Çərşənbə günü də oradan qalxıb sala mindik və Quş Künbəzə qədər şərab içərək gedib Quş Künbəzdə saldan çıxıb ordugaha gəldik.
Ertəsi gün də orduya səfər əmri verib sala minərək məcun yedik. Hər zaman endiyimiz yer Qırx Arx idi. Qırx Arxın qarşısına gələndə ətrafa nə qədər baxsaq da, ordudan (252 b) bir əsər görünmədi. Atlar da meydanda yoxdu. Gərm-Çeşmə yaxın olduğu üçün «bəlkə ordu oraya enmişdir» deyə düşünərək buradan keçib getdik. Gərm-Çeşməyə çatanda gec olmuşdu. Orada da qalmayaraq, gecə boyu yola davam etdik. Bir yerdə salı dayandırıb bir az uyuduq. Sübh çağı Yadabirə çıxdıq. Sabah erkəndən qoşun gəlməyə başladı. Sən demə, ordu Qırx Arx civarına enibmiş, biz görəməmişik.
Salda Şeyx Əbülvəcd, Şeyx Zeyn, Molla Əlixan, Turdu bəy Xaksar kimi şeir oxuyan çox adam vardı. Söhbətdə Məhəmməd Salihin1 bu beyti oxundu:
Məhbubiyi hər işvəkarira çi künəd kəs,
Caye ki tu başe digərira çi künəd kəs.
Hər işvəkarın məhbubluğunu insan nə etsin,
Sən olan yerdə başqa birinə nə lüzum var.
Bu örnəyə dair başqa beytlər söyləmələrini əmr etdim. Şeir yazanlar söyləməyə başladılar. Molla Əlixana çox sataşırdılar. Sataşma qəblindən bu beyt bədahətən ağlıma gəldi:
Manəndi tu mədxuşu qərira çi künəd kəs,
Hər gavquni madə xərira çi kunəd kəs.
Sənin kimi huşsuz bir axmağı insan nə etsin,
Hər öküz doğan dişi eşşəyi insan nə etsin.
Bu vaxta qədər yaxşı və pis, ciddi şəkildə və zarafatla, ağlıma gələn hər şeyi dilxoşluq üçün nəzm edirdim, hər cür çirkin və qaba nəzmi də yazırdım. O zamanlar Mübəyyin2 əsərini nəzmə çəkirdim, halım sıxıntılı idi və həzin könlümə belə bir fikir gəlmişdi: (253 a)
Heyf bulğay ol dildin kim, mundağ əlfəzni dərc qılğay,
Yana fikrini qəbih sözlərgə xərc qılğay,
Dariğ bulğay ol könqüldin kim, mundağ məani zühur etgəy,
Yana zişt xəyallar anda xütur etgəy.
O zamandan bəri də həcv və zarafat vadisində şeir və nəzm söyləməkdən vaz keçmişdim və tövbəli idim. Ona görə də bu beyti söyləyən zaman bunlar heç ağlıma gəlmədi və bu anlam da heç bir vaxt könlümə doğmadı.
Bir-iki gün sonra Biqrama enəndə nəzləyə tutuldum və isitdim. Sonra bu nəzlə öksürəyə çevirdi. Hər öksürəndə qan tüpürürdum. Hərarətim heç aşağı düşmürdu. Birdən bunun haradan gəldiyini və iztirabımın səbəbini anladım: «Kim əhdini pozsa, öz əleyhinə pozmuş olar. Və kim Allaha verdiyi sözə əməl etsə, Allah ona böyük bir mükafat verər»3.
Nə qılayın sənin bilə, ey dil,
Cəhətindən mənim içim qandır.
Neçə yaxşı desən bu həzl ilə şeir
Birisi föhşü, biri yalandır.
Gər desən qoymayın bu cürm bilə,
Cilovunu bu ərsədən yandır (bu yoldan çevir).
Dedilər: «Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə acımasan, mütləq ziyana uğrayanlardan olarıq».1
Bir bir daha bağışlanmağı diləyib tövbə edərək, bu cür batil fikirlərdən və belə nalayiq alışqanlıqlardan könlümü çevirib qələmimi sındırdım. Bu cür tənbehlər asi qullar üçün o dərgahdan gələn böyük bir dövlətdir və bunlar sayəsində ağıllanan hər qul üçün böyük bir xoşbəxtlikdir.
O axşam oradan hərəkət edib Əli-Məscidə endik. Bu yurd (253 b) dar olduğu üçün mən daima bir təpənin üzərinə enirdim, əsgərin hamısı da mənim endiyim təpənin uçurum tərəfinə baxan bir dərəyə enirdi. Gecə olanda əsgərlərin tonqalları çox gözəl bir mənzərə yaradırdı. Buna görə də buraya enəndə mütləq içərdik. Bu dəfə də içdik. Sabah olmadan öncə məcun yedik və atlandıq. O gün oruc da tutdum. Gəlib Biqramın yanında düşərgə qurduq.
Ertəsi gün o yurdda qalaraq kərgədan ovuna çıxdıq. Biqramın önündəki Siyah-Abdan keçib çayın aşağısına doğru bir halqa yaratdıq. Bir müddət getdikdən sonra arxa tərəfdən bir adam gələrək, Biqramın lap yaxınında kiçık bir cəngəlliyə bir kərgədanın girdiyini və ətrafını mühasirəyə aldıqlarını söylədi. Dərhal dördnala oraya getdik. Cəngəllikdə halqa qurub gurultu qoparanda kərgədan dışarı çıxıb ovaya doğru qaçdı. Hümayun və o tərəfdən gələnlərdən heç kim kərgədan görməmişdi. Hamısı doyunca seyr etdi. Bir küruha yaxın qovalayıb çoxlu ox vuraraq yerə sərdilər. Bu kərgədan adama və ata hücum etmədi.
İki kərgədan daha vurdular. «Görəsən, kərgədan bir fillə qarşılaşsa, əcəba, nə edər» deyə daim düşünürdüm. Bu dəfə filçilər filləri gətirirmişlər və bir kərgədan (254 a) da onların tam qarşısına çıxıbmış. Filçilər bir az irəliləyincə kərgədan onlara qarşı dura bilməyib başqa bir tərəfə qaçıbmış.
Biqramda ikən bəzi bəylər və içkilər, bəxşilər və divanlarla birlikdə altı-yeddi qismə ayrılaraq bütün əsgərin adlarını tək-tək yazıb saylarını hesablamaq üçün Nilab keçidində gəmilərə təyin edildilər.
Axşam nəzləyə tutuldum və təkrar isitdim. Bu nəzlə öksürüyə çevirdi. Hər öksürəndə qan tüpürürdum. Çox ağır keçirdim, iki-üç gün sonra keçdi.
Biqramdan qalxıb yağmur altında Kabil çayının sahilinə endik. Hindistandan Dövlət xanla Qazi xanın [Ludi] iyirmi-otuz min əsgər toplayıb Kəlanuru aldıqları və Lahor üzərinə yürümək istədikləri xəbəri gəldi. Oradakılara «Mənzil-mənzil irəliləyirik, biz gələnə qədər müharibə etməsinlər» deyərək, Mömin Əli Tavaçını qasid olaraq göndərdik.
İki mənzildən sonra cümə axşamı günü, ayın iyirmi səkkizində Sind sahilinə endik.
Şənbə günü, rəbiüləvvəl ayının ilk günü [=16 dekabr] Sind və Keçə-Qut sularından keçib çayın sahilinə endik. Gəmilərə minən bəylər, bəxşilər və divanlar səfərə qatılan əsgərin saysını bildirdilər. Böyük və kiçık, yaxşı və pis, nökər və nökər olmayan, hamısı on iki min adam olaraq qeyd edilmişdi.
Bu il buralarda mövsüm yağmuru az, dağ ətəyindəki vilayətlərdə isə (254 b) çox olmuşdu. Azuqə işi üçün dağ ətəyindən Siyal-Qut yoluyla hərəkət etdik.
Hati Kəkərin vilayətinin qarşısına gələndə bir çayın bəzi yerlərində çoxlu su yığıldığını bu suların hamısının donduğunu gördük. Buz o qədər qalın deyildi. Hindistan vilayəti üçün belə bir buz qəribədir. Buzu yalnız burada gördük, Hindistanda olduğumuz bu bir neçə il içində qar və buzdan heç bir əsər-əlamət görünməmişdi.
Sinddən beş mənzil yürüdükdən sonra altıncı mənzildə Cud dağına bitişik olan Balnat-Cugi dağının dibinə, bügiyalların yurdu olan çaya gəlib endik. Əsgərin azuqə alması üçün ertəsi gün də o yurdda qaldıq. O gün mey içdik. Molla Məhəmməd Pərgari çox hekayə danışdı, o qədər çox danışdığı heç olmamışdı. Molla Şəms isə əskidən bəri masqaraçılığı ilə məşhur idi, masqaralığa başlasa, axşama qədər bitirməzdi.
Azuqə üçün gedən qullar, xidmətçilər və digər adamlar ərzaqdan başqa şeylər də axtararaq dağınıq və hesabsız şəkildə cəngəlliyə, dağlara, sarp və yolsuz yerlərə getdikləri üçün onlardan bir neçəsi itdi, Kiçkinə Tünqatar isə orada öldü.
Oradan qalxıb Ciləmdən bir az aşağıdakı keçid üzərindən Bəxət çayını keçdik. Bimrugiri və Əkriya pərgənəsinin hakimi, Siyal-Qut bölgəsinə köməkçi olaraq təyin edilən Vəli Qızıl biz burada ikən gəlib məni gördü. Siyal-Qutu mühafizə etmədiyi (255 a) üçün onu azarladım. «Mən pərgənəyə gəlmişdim. Xosrov Göyəldaş Siyal-Qutdan çıxdığı zaman mənə xəbər dəxi vermədi» deyə söylədi. Bundan xəbərim vardı. «Madam ki Siyal-Qutu mühafizə edə bilmədin, nə üçün gedib Lahorda bəylərə qoşulmadın» dedim. Susmaq məcburiyyətində qaldı, iş zamanı yaxınlaşdığı üçün onun bu qüsuruna göz yumdum.
Bu yurddan Lahordakılara «Müharibə etməyin, Siyal-Qutda və ya Persrurda gəlib bizə qoşulun» xəbərini götürməsi üçün Seyid Tufan ilə Seyid Laçın yedek atlarla birlikdə təcili göndərildi. Hər kəs bu fikirdə idi: Qazi xan otuz-qırx min adam yığmış, Dövlət xan isə qocalığına baxmayaraq belinə iki qılınc bağlamışdır. Bunlar şiddətli bir şəkildə vuruşacaqlar. Bir atalar sözü vardır: «Gah yəzdəh bəh, gah noh» (on dost doqquzdan yaxşıdır). Əldəki vasitələri cəmləmək üçün Lahordakıları da özümüzə qoşub sonra vuruşaq deyə düşündük.
Bəylərə adam göndərib arada bir dəfə dincəldikdə sonra Çanab çayının kənarına endik. Yoldan ayrılıb xassə əmlakdan olan Bəhlulpuru seyr etdik. Kurqanı Çanab çayının kənarında yüksək bir qayalığın üzərində idi, çox xoşuma gəldi. Siyal-Qutu buraya nəql etməyi düşündüm. İnşallah, fürsət olan kimi dərhal buraya nəql ediləcəkdir.
Bəhlulpurdan ordugaha qədər gəmiylə gəldik. (255 b) Məclis quruldu, bəziləri mey, bəziləri boza içdi, bəziləri də məcun yeddi. Yatsı vaxtından bir az gec bir saatda gəmidən çıxıb çadırda da bir az içdik. Bu çayın sahilində bir gün qaldıq ki, atlar dincəlsin.
Cümə günü, rəbiüləvvəl ayının on dördündə [=29 dekabr] Siyal-Quta endik. Hindistana hər səfərimiz zamanı öküzlərimizi və camışlarımızı yağmalamaq üçün dağdan hədsiz-hesabsız sayda cet və gücür aşağı enirdi. Quldurluq və zülm edənlər də bu səfillər idi. Əvvəllər bu vilayətlər düşmən idi və biz onları o qədər möhkəm sıxmırdıq. Bu dəfə isə bu vilayətlərin hamısı bizə tabe olduğu halda yenə belə rəftar etməyə başladılar. Siyal-Qutun ordugaha gələn bu acları və çılpaqları, fəqir və miskinləri birdən qovğaya tutuşub yağmağa girişdilər. Quldurluq edənləri tapdıraraq iki-üçünü parçalatdırdım.
Şahım Nur bəyi Siyal-Qutdan Lahordakı bəylərin yanına göndərdim ki, düşmənin harada olduğunu məlumatlı adamlardan öyrənsin, bəylər bizə harada qoşulacaqlarını bildirsinlər.
Dostları ilə paylaş: |