Şəhriyar və azad (modernist) şeir “Səhəndiyyə” poeması əsasında



Yüklə 41,06 Kb.
tarix31.01.2017
ölçüsü41,06 Kb.
#7214


Страница




Şəhriyar və azad (modernist) şeir

“Səhəndiyyə” poeması əsasında



Ədəbiyyat həmişə yeni forma və məzmun, yeni bədii ifadə və təsvir vasitələrinin axtarışında olmuşdur. Şairləri ən çox düşündürən yeni, mütərəqqi mövzuları ənənəvi şeir formaları çərçivəsində deyil, yeni poetik qəliblərdə, daha çevik, sadə, əlverişli və münasib formalarda ifadə etmək məsələsi idi. Zaman keçdikcə yeni ictimai məzmun daşıyan mövzular köhnə çərçivələrə, bütün misraların uzunluğunun bərabər olması, hecaların da eyni sayda saxlanması, uzun və qısa hecaların arasında tənasübün gözlənməsini tələb edən poetik qəliblərə sığmırdı. XX əsrin I rübündə Quzey Azərbaycanda M.Ə.Sabir, M.Müşfiq, H.Cavid, Ə.Cavad, R.Rza klassik əruz formalarının sadələşdirilməsi, «azad əruz» yaratmaq yolunda əhəmiyyətli addımlar atmışdılar. R.Rza «azad, sərbəst» şerin yolundakı bütün maneələri, çətinliklə də olsa, aşdı, məhdud çərçivəni dağıtdı, heç bir tənqidə, həmkarlarının əsassız hücumlarına əhəmiyyət vermədən böyük cəsarətlə şeir və poemalarını yeni şeir üslubunda-sərbəst vəzndə qələmə aldı. Güney Azərbaycanda isə “Təcəddüd” (Müasirləşmə-çağdaşlaşma-yeniləşmə) adlanan bu hərəkat bir qədər də əvvəl, ötən əsrin əvvəllərində, yəni, 1915-1920-ci illərdən, modernizm cərəyanının əsasən 1920-ci ildə Qərbi Avropanın bütün dövlətlərində, o cümlədən Amerikada yüksəlişi dövründən başlanmışdı. İran və Güney Azərbaycan ədəbiyyatında, daha dəqiq desək, poeziyasında başlayan Təcəddüd hərəkatının, şeirin forma və məzmu-nunda yeniləşmə prosesinin aparıcı qüvvəsi Cəfər Xamneyi, Şəms Kəsmayi və aktiv inqilabi fəaliyyətilə bərabər misilsiz şairlik təbinə də malik olan gənc Təqi xan Rəfət idi. Mütərəqqi fikirli, müasir düşüncəli Təqi xan Rəfət farsfransız dillərində şeir və poemalar yazır, “Təcəddüd”, “Azadistan” adlı qəzet və dərgilərdə, həmçinin Paris qəzet-lərində əsasən öz imzası, bəzi hallarda isə “Femina” ləqəbi ilə ədəbi və siyasi yönlü məqalələrlə cıxış edir, müasir İran poeziyasının ilk şairi kimi tanınırdı. Mirzə Tağı xan Rəfət Təbrizi olmuşdur. Onun ideya və amallarını, bədii yaradıcılıq yolunu istedadlı tələbəsi Həbib Sahir böyük ehtiram və sədaqətlə davam etdirmişdir. T.Rəfət daha çox sosial və ədəbi sahələri əhatələyən məqalələrin nəşrinə meydan verdiyi “Təcəddüd” qəzetinin redaktoru, Həbib Sahir, Əhməd Xürrəm, Yəhya Ariyanpur, Mirzə Daneş və b. kimi davamçıları olmuş "Rəfət Məktəbi"nin (Rəfət ədəbi məktəbi) də yaradıcısı idi. O, “Modernistlərin Bəyanatı”nı nəşr etdirmiş, ədəbi inqilabın əsas hərəkətverici qüvvəsi olan yenilikçi şairlərin məqsəd və vəzifələrini müəyyənləşdirmişdi: "Əziz yoldaşlar, biz ədəbi inqilabın çətin vaxtlarını yaşayırıq. Bizim istədiklərimiz heç də düşüncə və incəsənət dünyasında, ədəbiyyatda müasir eranı yaratmaqdan az deyil. Köhnəlmiş lakin, hələ də üstün olan statusu dəyişərək yeni müasir status ilə əvəz etmək... Dil insanın fikir və hisslərini ifadə etmək üçün alətdir. Əgər biz iddia edə biləriksə ki, insan fikirləri və hissləri eralar ərzində heç bir dəyişikliyi qəbul etmir, onda dil dəyişikliyi də yararsız ola bilər. Aydındır ki, intellektual və perspektual müasirlik ədəbi müasirliyi tələb edir" (1). O, hətta Türkiyənin Trabzon şəhərindəki Güney Azərbaycan türklərinin təhsil aldığı Naseri məktəbinin rəhbəri olmuş, burada fransız dilindən dərs demişdir. Əməyini yüksək dəyərləndirən Fransa hökumətinin adına göndərdiyi fəxri medalı Trabzondakı fransız konsulluğu ona təqdim etmişdir. Həbib Sahirin “Çağdaş Güney Azərbaycan sərbəst şeirinin atası (H.Düzgün, Məhəmməd Rza Rasipur)” səviyyəsinə yüksəlməsində, modernist-novator şair kimi formalaşmasında böyük təkanverici qüvvə Mirzə Təqi xan Rəfət olmuşdur (Maraqlıdır ki, eynilə bu yol yenilikçi şair, türkoloq alim-doktor Həmid Nitqiyə də şamildir. Onun müəllimi isə Həbib Sahir olmuşdur) və onun çağdaş Güney Azərbaycan şeirinin təşəkkülü və tərəqqisindəki əhəmiyyətli rolu və müstəsna xidmətləri də danılmazdır. Həbib Sahir ustad Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinə yazdığı “Məktəb xatirələri” poemasında fransız dili və ədəbiyyatı müəllimi olmuş Mirzə Təqi xan Rəfətə, qəlbində bu qədim mədəniyyət dilinə, şeirə, poeziyaya, ümumiyyətlə, böyük ədəbiyyata dərin sevgi oyatmış məşhur şair və inqilabçı ustadına yüksək dəyər verir. İran və Cənubi Azərbaycan ədəbiyyatında sərbəst şeir yaradıcılığı yolunda ilk cığır açan novator şairi: “Əski ədəb xərabəykən quru yer, Tərvic etdi o ilk dəfə yeni şeir,” - deyə məhəbbətlə yad edir:

O əkdiyi ağac el oymağında,

Çiçək açır bu gün Şiraz bağında,

Yeni şerin lap güllənən şağında:

Kimsə deməz Təqi Rəfət kim imiş?

Şeir yazan dərin hikmət kim imiş? (2.30).



Fars ədəbiyyatında Nima Yuşic də bu qaydanı, klassik əruz vəzninin ifadə forma-larının sadələşdirilməsi prinsipini əsas götürərək sərbəst vəzndə «Əfsanə» poemasını qələmə almış və fars poeziyasna yenilik gətirmişdir. Şairin 1922-ci ildə nəşr olunmuş «Əfsanə» poemasının vəzni, azad qafiyə sistemi, əsərin dialoq formasında qurulması, əruza nisbətən sadə dili və ifadə tərzi onu klassik şeir nümunələrindən xeyli dərəcədə fərqləndi-rirdi. N.Yuşic və onun tərəfdarlarının başladıqları “Azad şeir” uğrunda hərəkatın əsas məqsədi şeirin formasını məzmununa tabe etmək, şeiri məhdud vəzn və qafiyə çərçivəsin-dən çıxarmaq, fikrin ifadə imkanlarını və hüdudlarını genişləndirmək idi. Ancaq İranda modernizm hərəkatı genişləndikcə ədəbiyyatda böyük canlanma yaranır, sərbəst şeiri qəbul edənlərlə etməyənlər arasında kəskin fikir ayrılığı özünü göstərirdi. Lakin həm fars, həm də türkdilli yaradıcılığında yenilikçi - novator şair mövqeyini apaydın nümayiş etdirən, yeniliyi təkcə şeirin formasında deyil, ideya-məzmun, məna və mövzu yeniliyində, eyni zamanda bu yenilikləri ifadə etmək bacarığında, bütövlükdə sənətkarlıq xüsusiyyətlərində görən Şəhriyar Nima Yuşicin prinsipini təqdir edirdi. Əsərlərində novatorluqla ənənəviçili-yin vəhdətini yarada bilən ustad şair Sədi-Rumi-Xəyyam-Hafiz, eyni zamanda Azərbaycan şifahi xalq ədəbiyyatı və Qətran Təbrizi-Nizami-Xətai-Nəsimi ənənələrinə söykənərək poeziyada yeni üslub, məktəb yaratmış, özünü yenilikçi sənətkar kimi təsdiqləmişdir. Xəlqiliyi, canlı xalq dilində yazıb-yaratmağı novatorluğun əsas təzahürlərindən sayan Şəhri-yar, ümumiyyətlə, yeni və ən yeni İran şeirində bu hərəkatın realizm ədəbi cərəyanının inkişafı, formalaşması prosesi ilə əlaqədar olaraq genişləndiyini, inkişaf mərhələsi keçdiyini göstərmiş, konkret olaraq romantik və ya realist üslubda əsər yaratmaq qəlibini deyil, hər iki cərəyanın vəhdətində ənənəviçilik yolunu novatorcasına getmək prinsipini əsas götürmüşdür. O, ənənəvi, klassik şeir üslublarında, əruz və heca vəzni qəliblərində ən mükəmməl əsərlər yaratsa da, qələmini azad, sərbəst vəzndə də sınayaraq modernizm üslubunda uğurlu əsərlər yazmağa nail olmuşdur. Müasir ədəbiyyatda yeni məna kəsb etməyən, yeni fikir, yeni söz deməyən şeirin qəbul edilməyəcəyinə əmin olan Şəhriyar şeirin yeniliyinin əsas cəhətlərindən biri kimi onun məhz xalq danışıq dilinə yaxın olmasını, sadə insanların da anlayacağı tərzdə yazılmasını qəbul edirdi. «Heydərbabaya salam» poemasını da şair yeni səpkidə, xalq danışıq dilində - Təbriz şivəsində və ənənəvi mövzu-lardan fərqli olaraq yeni mövzu və məzmunda qələmə almış, real həyatın gerçəkliklərini parlaq şəkildə əks etdirmişdir. Güneydə uşaq ədəbiyyatının görkəmli yaradıcılarından olan Səməd Behrəngi də «Heydərbabaya salam»ı Azərbaycan yazılı şerində yeni səhifə kimi qiymətləndirmişdir: «Şəhriyar «Heydərbabaya salam» poeması ilə Azərbaycan yazılı şeirində yeni səhifələr açdı. «Heydərbaba»nın böyük bir hissəsi, sözün əsl mənasında, şeirdir. «Heydərbaba»nın təsiri elə bir səviyyədə oldu ki, çoxları onu təqlid edən əsər yazdılar, hətta onun qafiyəsindən, vəznindən, formasından, şəklindən, bəzən məzmunun-dan da istifadə etdilər» (3.482). Ümumiyyətlə, Şəhriyar ustad bir sənətkar kimi bütün forma və vəznlərdə, istər əruz, istər heca, istərsə də sərbəst vəzndə həqiqi sənət əsərləri yaratmağın mümkünlüyü müddəasını doğru hesab etmiş və yaratdığı əsərlərlə bunu təsdiqləmişdir. «Eynşteynə peyğam (müraciət)», «Mumiyalanmış adam», «Tehran və tehranlı», «Dunay çayının bəşəriyyətə müraciəti», «Şair və yazıçıların qurultayında Ülya Həzrət Şahbanu Fərəhin xitabəsi», «Nəqqaş, yaxud Rəssam», «Qəlbin sayıqlaması», «Alnımın yazısı», «Ey-vay, anam», «Xan nənə», «Səhəndiyyə» əsərlərinin yazılması məhz müasir fars şeirinin qüdrətli nümayəndələri Nima Yuşic, Səyavuş Kəsrai, Əhməd Şamlu, Rza Bərahani və Nader Naderpur, Foruğ Foruğzad kimi azad şeir sənətkarlarının yazıb-yaratdıqları İran-fars poeziyasına xas üslubun təzahürüdür. Şəhriyar XX əsrin poeziya sənətinin dahisi olduğunu bu üslubda yazdığı əsərlərlə, təkcə «Səhəndiyyə» poeması ilə deyil, «Ey-vay, anam», “Mumiyalanmış adam” və «Qəlbin sayıqlaması» ilə bir daha təsdiqləmişdir. Lakin azad şeir üslubunda yazılmış «Səhəndiyyə» heç bir mövcud ədəbi qanun, vəzn qəlibinə sığmır və tamamilə yeni bir poeziya nümunəsi, şeir növüdür. Əsasən əruz, qismən heca vəzninin tələblərinə uyğun yazılmış poemanın qafiyə sistemi klassik formaya uymur və bəzən iki və üç qafiyədən sonra üç, dörd, beş, altı, yeddi və daha çox, hətta «oldu» rədifi ilə on səkkiz misra qafiyələnir. Aşağıdakı parçada doqquz misra bir uyğun sözün rədif qəlibləri, dörd misra isə başqa söz-rədiflərlə uyğun bir ahəngdarlıqla qafiyələnmişdir:

a-Gecə haqqın gözüdür, turu törətmiş ocağında,

a-Əriyib yağtək ürəklərdi yanırlar çırağında,

a-Mey məhəbbətdən içib, lalə bitibdir yanağında,

a-O bir oğlan ki, pərilər su içərlər çanağında,

a-İnci qaynar bulağında,

a-Təbi bir söygülü bülbül ki, oxur gül budağında

a-Sarı sünbül qucağında.

a-Sular əfsanələr söylər onun əfsunlu bağında,

a-Səhərin çənli çağında.

b-Şairin zövqü nə əfsunlu, nə əfsanəli bağlar,

b-Ay nə bağlar ki, «Əlif Leyli»də əfsanə də bağlar.

b-Od yağıb dağları dağlar.

b-Gül gülərsə, bulaq ağlar (2. 55).

Mənzumədən gətirdiyimiz bu parçadan da göründüyü kimi, əsəri qələmə alarkən təbi dağ çayı tək çağlayan Şəhriyar ənənəvi şeir qəliblərindən sıçrayaraq çıxmış, yeni bir şeir növü yaratmışdır ki, bu qəlibsiz əsərdə vəzn, qafiyə, rədif azaddır, misraların qafiyələn-məsi özünü a-a; b-b-b; v-v-v; d-q; d-q; d-q; d-q; c-c-c-c; e-e-e; c-e; c-e-e; j-j-j və daha sonra yenə b-ğ; b-ğ; b-b-b-b-b-b; g-g-g-g-g-g; ç-ç-ç; ş-ş-ş-ş-ş-ş-ş-ş-ş-ş və s. kimi sistem-lərdə göstərir. Beləcə qafiyə sırası 2-3-4-5-6-7-9-11-12, bəzən hətta 18 rədif söz vahidi ilə sıralanır, ancaq bu bənzərsiz sıralanma nə qədər uzansa da yorucu olmur, böyük bir usta-lıqla, incəliklə seçilmiş sözlər sanki əlvan xalının ilmələri tək daxilən bir-birinə bağlanır, toxunur və oxucunun gözləri qarşısında əsrarəngiz bir gözəllik kimi təzahür edir. Çünki əsərdə vəzn də, qafiyə də, rədiflər də şairin sərhədsiz fikirlərinin ifadə olunmasına xidmət edir. «Səhəndiyyə» əruz, heca və sərbəst vəznlərin, klassika ilə müasirliyin, köhnəliklə yeniliyin - çağdaşlığın vəhdətinin ən gözəl nümunəsidir. Çılğın, ehtiraslı dillə yazılan əsə-rin əsasən əruzla olan qəlibində daxili dinamika çağlayır. Lakin «Səhəndiyyə» əruzun rəməl bəhrinin dördbölümlü on altı hecalı (4+4+4+4) “FAilatün FAilatün FAilatün Failatün” şəklində davam etsə də, sərbəst, əruz və heca vəznləri bir-birini çevik şəkildə, çox sürətli templə əvəzləyir, qanadlı fikirlər vəzndən-vəznə daha obrazlı şəkildə ifadə olunur. Orijinallığına, ifadə tərzinə, yeni poetik üslubuna, vəzn azadlığına görə tamamilə fərqlənən «Səhəndiyyə» poeması səviyyəsində ədəbiyyatımızda ikinci bir əsər hələ ki, yaranmayıb.

Şair etiraf edirdi ki, “mən «Do morğ-e behişt-İki behişt quşu» şeirimi Nima Yuşicə həsr etmişəm. Lakin o, «Səhəndiyyə» səviyyəsində deyil. Əslində heç bir dildə «Səhən-diyyə» səviyyəsində əsər yazılmamışdır. Bu əsər heç bir miqyasda və meyarda müqayisə edilə bilməz” (3.58). Şəhriyar Səhəndə xüsusi məhəbbət və ehtiram göstərmiş, onun azad ruhunu, malik olduğu əxlaq və xarakterini çox bəyənmiş, təqdir etmişdir. Şəhriyar azad şeir qəlibində qələmə aldığı «Səhəndiyyə»də həm də insan qüdrətinin çox şeyə qadir olduğunu, özünəinamın həyat üçün vacib meyar sayıldığını qabarıq vermişdir. O, mənzumə boyu təkcə bu meyarları qabartmaqla kifayətlənməmiş, həmçinin oxucunu İnsan-Tanrı-Ərşi-Əla münasibətlərinə inandırmışdır. Bu, şairin bir sənətkar kimi kamilliyinin, arifliyinin təsdiqidir. Müasir fars ədəbiyyatında xüsusi yeri olan, «Əfsanə» poeması ilə fars şerinə yeni təxəyyül və fantaziya, düşüncə tərzi gətirərək klassik şeirlə çağdaş poeziya arasında özündən əvvəlkiləri təkrarlamadan yeni «dəyişikliklər körpüsü salan» Nima Yuşici də yüksək qiymətləndirmiş, novator şairi modernist, sərbəst şeiri qəbul etməyən müxtəlif tənqidçilərin qərəzli hücumlarından qorumuşdur. Doktor Həmid Zərrinkubun: «Nimanın «Əfsanə»si əvvəlcə şairlərin yersiz hücumlarına məruz qalır. Əsrimizin bəzi tanınmış şairləri onu tənqid etməyə başlayırlar. Eşqi, Bahar və Şəhriyar isə «Əfsanə»nin forma və vəznini bəyənir, əsər barəsində fikirlərini özünəməxsus bir dillə ifadə edir, onu təqlid edirdilər. Bu da «Əfsanə»nin dayaqla-rını möhkəmləndirirdi” (5.488) mülahizəsi də fikrimizi təsdiqləyir. Həqiqətən də şair Nima Yuşicə həsr elədiyi «Əfsanə şairi» və «İki behişt quşu» şeirlərində onunla həmfikir, həmdərd olduğunu nəzmə çəkmiş, əsasən də «Əfsanə şairi»ndə öz taleyi ilə Nimanın taleyi, yaşantıları arasında oxşarlıq, eynilik gördüyünü, özünün də Nima kimi əfsanələrdən ilham aldığını, eyni eşq camından mey içdiklərini, hər bir dərdli insanın dərdinə ortaq olduqlarını yazmışdır. Çünki «hər iki şair «mühitin tüstüsündən», əzablarından cana gəlmişdir. Ürəkləri sarsıdan, gözləri alışdıran bu tüstüdən qaçıb yaxa qurtarmaq arzusu hər iki şairin qəlbində özünə yer tapır» (3.141):

Gəl bu hicran dərdini Nima, çəkək bir yerdə biz,

Həmfikir, həmdərd olaq, məskən salarsaq harda biz.

Bu çəkilməz dərdlərə yadlar uzaqdan güldülər,

Dərdmənd olduq fəqət, hər dərdliyə, hər fərdə biz.

Körpə tək vardır gülən, hər kəlməni hədyan sanan,

Gəl ki, bu nadanların dərsin verək şeirdə biz (4.151).

Şairlər sözlə, rəssamlar rənglərin dili ilə danışır, incə və zərif hisslərini, sevgi və nifrət duyğularını bəyan edirlər. Xalqının talesiz övladlarının talan olmuş ömürlərini, yarımçıq qalmış arzularını sərbəst vəzndə daha rahat, azad şəkildə ifadə edə biləcəyini düşünən müdrik şair «Nəqqaş», yaxud «Rəssam» adlı sərbəst vəznli əsərini yazır. O, rəssama üzünü tutaraq hər vərəqi faciələrlə dolacaq bir dəftər yaratmağı tövsiyə edir və hər tükü şair xəyalından toxunan fırçasını götürüb ana təbiətin ruha qida verən, gözoxşayan gözəlliklərini, həyatın eyş-işrətini, naz-nemətini deyil, pərdə arxasını, qaranlıq tərəflərini, əksliklərini nəqş etməyi məsləhət görür. Şair istəyir ki, rəssam o dəftərdə hilal vaxtından bədr olanadək bircə anlıq da olsa, buludların arxasından çıxa bilməyən ayın, rəssamın sinəsində həyata gəlmədən ölən bir tablonun, doğulmadan məhv edilən bir arzunun, şəhla gözləri ilə nə aynaya, nə də suya baxa bilməyən lalənin, ayaqyalın, başaçıq, səfalət içində yaşayan, ömrünü səhralar talayan, günəş altında yanıb lalə tək təndirlər qalayan bir kəndli qızının, bir ömür qayalar arasında çırpınaraq həyata təşnə qalan, yolları bağlanıban sədd çəkilən zümrüdgözlü şəlalənin, memarın səylə yaratdığı, lakin sona çatdırmağa macal tapmadan dağıdılıb xaraba qoyulan abidəni və dadına, imdadına kimsənin yetişə bilmədiyi nalənin rəsmini çəksin. Şəhriyar əmindir ki, əbədiyyətə qovuşacaq, sənət ömrü heç vaxt tükənməyəcək belə bir tablonun insanların ruhunda və ürəklərində izi qalacaqdır:

Əziz rəssam! Keşikçi şallağı altında

Can verən bir məhbusun İman şöləsini çək!

Səmum küləyinə bənzər, İmansızların əzabına dözən, fəqət

Bir kəlmə yalan deməyən Ülvi məhəbbətli şəxsiyyət.

Kimsəyə düşmənçilik etməyən, Lakin dövlətlə döyüşən,

Qələbə kandarına düşən.

Ulduzun işığının söndüyünü, Dan yerinin söküldüyünü,

Günəşin doğduğunu xəbər verən.

O günəşin ki, Əjdaha yuvasını xaraba qoyub

Bu qara ləkədən təmIzləyəcək Yer kürəsini...

Bəli, o günəşin şəfəqləri...

Əziz rəssam!

Bu tablo, inan ki, çox vaxt aparmaz...(4. 423).

İstər fars, istərsə də Azərbaycan ədəbilyyatında XX əsrin 20-30-cu illərindən etibarən pərvəriş tapmış yeni-modernist şerin, yeni formanın köklərinin Məşrutə hərəkatı dövründən qaynaqlandığını, bu üslubda yazmağın o qədər də yeni hadisə olmadığını vurğulayan şair orta çağlarda şeirin bəhri-təvil və müstəzad formalarının mövcudluğun-dan da bəhs etmiş və həm ənənəvi, həm də sərbəst vəznlərdə yazıb-yaratmağı vacib saymışdır.

Dilin və ədəbiyyatın daim qoruyucusu olan, sənətdə baş verən mütərəqqi yenilikləri müdrikliklə qəbul edən və həmin yenilikləri yaradıcılığında novatorluqla yaşadan Şəhriyar bu məsələdə də son dərəcə diqqətli olmağı tövsiyə edərək yazırdı: «Qəzəl, qəsidə, qitə və məsnəvi nəzərdə tutulan mövzunu bəyan etməyə imkan vermədikdə azad şeir formasına müraciət etmək lazımdır. Çünki şeir yazmağın birinci şərti şair olmaq, şeirdə ictimai dərdləri nəzmə çəkməkdir. Həqiqi şair odur ki, fikrində olan mövzunu hansı formada bəyan etməyin mümkünlüyünü əvvəlcədən müəyyənləşdirə bilsin. Bütün şeir qəlibləri ixtiyarında olan kamil şair şeirin hər hansı bir qəlibinə və xüsusi formasına müxalif olmaz və şerin bir, yaxud bir neçə növünə müxalif olanlar bərk yanılırlar. Özləri hansısa bir formada şeir yaza bilmədik-lərinə görə də həmin formaya müxalif olurlar. Belə ki, bu günün yeni şerinin tərəfdarları Sədi, Hafiz, Mövləvi, Nizami, yaxud Sənai kimi qiymətli qəsidə yazanları inkar etməməlidirlər. Çünki Sədi öz zəmanəsinə görə yeni şeir yazmış, Hafiz də Sədidən sonra yeni üslub yaratmışdır və hələ heç kəs onları təqlid edə bilməmişdir. Bu günün yeni şeir üslubunda da çox dəyərli əsərlər yaranmışdır və yenə də yaranacaqdır ki, onlar şüurumuza, təfəkkürümüzə tam sirayət eləyə bilmir, ancaq buna baxmayaraq ənənəvi şerin tərəfdarları, qəzəl qəsidə yazan şairlər yeni şeri gözümçıxdıya salmamalıdırlar. Çünki yeni şeir zamanın hadisəsidir. Zaman isə heç vaxt səhv etmir» (5.118).

Lakin yaradıcılığının bütün mərhələlərində Şəhriyar qəti olaraq ona əminliyini bildirib ki, şeir mütləq vəznli olmalıdır. Əsl şeirin canı onun məna və məzmunundadır. Forma onun yalnız libası, poetik qəlibi, zahiri qılafıdır.. Adətən sözləri vəznli olan yazıçı-ya şair deyirlər. Həqiqi yazıçı isə həm də şairdir. Azad şeir üslubunda yazdığı «Mumi-yalanmış adam», yaxud «Mumiyayi» əsərində şairi söylədikləri bariz ifadəsini tapır. Əsərin məzmunu ilə forması bir-birini tamamlayır, Şəhriyarın məhdud şeir qəlibinə sığmayan sərhədsiz fikirləri sərbəst vəznin çərçivə azadlığında qanad çalır:

Verdiklərini geri aldı bir-bir...

Bu dünya məni uşağa bənzətdi,

Qaqqa göstərdi, vermədi, aldatdı.

Xəstəlik verdi, dərman vermədi.

Əyləncə öyrətdi, əyləndirmədi.

Sonra da quraşdırdıqlarını açıb yığdı bir yerə,

Vurdu qoltuğuna,

«Bir daha qaytarmaram» deyib apardı.

(Daha nə deyəsən buna!)

«Dünya kişi deyil» deyən qadınlar

Min yaşasınlar...(4.270)

Azad şeiri dərin təfəkkürün məhsulu, dövrün, zamanın təbii ehtiyacından doğan ədəbi bir hadisə kimi dəyərləndirən və daim yeni məna, məzmun və forma axtarışında olan ustad Şəhriyar ənənəvi şerə-qəzələ də yeni məzmun, yeni keyfiyyət dəyişiklikləri gətirməyi bacarmışdır. Əfsanə şairi Nima Yuşic də öz növbəsində məsləkdaşının qəzəl janrının yeni meyarlara uyğun inkişafı naminə sərf etdiyi yaradıcı əməyi, bu əməyin məhsulu olan əsərlərini yüksək qiymətləndirirdi: «İnsan Şəhriyarın şeirlərini oxuyanda qəzəldən, ancaq öz üslubumuzda olan qəzəldən gözlədiyi ülviliyin şahidi olur. Bu hal «Qəlbin sayıqlaması» əsərində son dərəcə ali və hərarətlidir. Şeir özü məqsəddir. Şəhriyarın həyatının mənası elə şerin özündədir. Onun dediyi kimi: Əsl işrət dərd və hal əhlinin hicran zamanı dostunun xəyalı ilə baş-başa keçirdiyi anlardır. Söz əhlini həqiqi şair kimi tanıtmaq yalnız bu yolla mümkün olur. «Qəlbin sayıqlaması»ndan göründüyü kimi, o, batinindəki gənclik enerjisi ilə bu yolu çoxdan keçmiş, sonrakı mərhələlərdə isə daha da təkmilləşdirmişdir.

İran poeziyasının məziyyətlərindən biri onun ürfanla qırılmaz bağlı olmasındadır. Şəhriyar bu məziyyəti şeirə təzə paltarda daxil etmiş, şeirə məna bəxş etmişdir. Mən təsəvvür etmirəm ki, yalnız təbiətinin yol tapa biləcəyi bu mövzunu bir başqası ədəbiyyata Şəhriyar kimi daxil edə bilsin. «Qəlbin sayıqlaması» onun fars ədəbiyyatındakı haqqını saxlayan bir vasitədir» (6.267).

Şəhriyarın bütövlükdə Yaxın Şərq və Azərbaycan ədəbiyyatının, xüsusilə də qəzəlin klassik bir janr kimi yaşaması və inkişafı uğrunda göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Köhnəliyi özündə yaşadan bir vasitə kimi mühakimə olunan, meydanlarda çatılmış tonqallarda yandırılan, qəzəl bizim zəmanənin şeri deyil, - deyərək onu bir janr kimi ədəbiyyatdan silmək istəyənlərə uстад шаир əməli işi ilə cavab vermiş, həyatdan götürdüyü mövzularda türkcə və farsca yazdığı qəzəlləri ilə əsrlərdən bəri eşq və məhəbbəti, gülün bülbülə, aşiqin xəyali məşuqəyə olan sevgisini, gözəlin qaşlarının aya, zülflərinin ilana, ləbinin qönçəyə, dilinin şəkərə, yanaqlarının laləyə bənzədiyini izhar edən, eşq dili ilə danışan qədim şeir növünü yeni məna və məzmun zirvəsinə qaldırmışdı. Onun misilsiz xidmətləri, fars ədəbiyyatının və qəzəlin inkişafındakı böyük rolu dövrünün görkəmli söz ustaları, elm xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bəlkə də gətirdiyimiz nümunələr say etibarı ilə oxucuya çox göründü, ancaq bunun bütün ruhu ilə Azərbaycan milli varlığına bağlı olan Şəhriyara və onun tarixi xidmətlərinə fars ədə-biyyatşünaslığının kifayət qədər tanınmış simalarının verdiyi yüksək dəyər olduğunu biləndə düşünürük ki, bizimlə razılaşacaqdır.

Mehrdad Ustad: “Şəhriyarın qəzəlləri, sözüm əsl mənasında, ustadanə yazılmış əsər-lərdir və onların əksəriyyəti keçmiş şairlərin yazdığı qəzəllərdən fərqlidir. Qəzəl və qəsidənin böyük ustadlarından biri mahir sənətkar, şair Əmiri idi. Amma Şəhriyarın qəzəllərində olan yenilik və sıçrayış nə Əmirinin, nə də Rəhinin qəzəllərində yoxdur” (5.148-149).

Doktor Xosrov Fərşidvənd: «Bu günün dili ilə yazılan qəzəl odur ki, onun əsl xeyir-duası qədim dövrə aiddir. Lakin bəzən qəzəldə bu günün sadə zərb-məsəlləri gözə dəyir. Buna görə də Lahuti və Şəhriyarın bəzi qəzəlləri kimi bir növ müasirliklə, yeniliklə çulğalaşmışdır» (5.500).

Məhəmməd Pərvin Qonaqabadi: «Şəhriyar fars qəzəlinin iftixarlarından biridir. Ana dilinin Azəri olmasına baxmayaraq İran şerini (qəzəli - E.F.) bərpa etmək sahəsində çox böyük xidmətlər etmiş, yaratdığı bədii əsərlər və möcüzəli ahəngləri ilə Saibdən sonra fars qəzəlini yeni zirvəyə yüksəltmişdir» (5.482).

Manuçöhr Neyistani: «Şəhriyar həmişə axtarışda olan şairdir. O, bütün kəsə və daşlı-kəsəkli yolları sınaqdan keçirdikdən sonra, nəhayət, qəzələ çatmışdır. O, qəzəldə Saibin incə və zərif xəyallarını, Xaqani qəzəlinin dilinin qüdrət və əyilməzliyini, Sədi şerinin xüsusiyyətlərini, Hafizin ürəklər fəth edən ürfanını bir-biri ilə qovuşdurmuşdur. Cəsarətlə demək olar ki, son illərdə ondan bacarıqlı az yazarımız olmuşdur» (5.502).

Yədulla Röyayi: «Adətən deyirlər ki, türk şairi fars dilində şeir yaza bilməz. Mən bu fikri qəbul etmirəm. İndiki dövrdə buna nümunə Şəhriyardır. Şəhriyar əsil qəzəl yazan sənətkarlardandır. Onun şeri dilimizdə qəzələ doğru keçid qapısı açmışdır. Yəni, insan hələ də ürəyindəki arzunu açıqlamaq istəyəndə qəzəl yazır» (5.487).

Y.Röyayinin fikri rus tənqidşünaslığının patriarxı V.Q.Belinskinin lirik hiss və duyğuların ifadə vasitəsi ilə bağlı yazdığı fikri ilə üst-üstə düşür: «Hər bir normal insanın qəlbində lirik hisslər vardır, ancaq lirik hissləri, lirikanı şairanə ifadə etmək qüdrətinə yalnız sənətkarlar», şair və yazıçılar, bir sözlə, ilham sahibləri malik olurlar. Dünya ədəbiyyatının korifey sənətkarları da tarixən lirikanın ən gözəl nümunələrini yaratmışlar. Azərbaycan ədəbiyyatında dahi Füzuli lirikanın unikal nümunələrini yaratmış, insan qəlbinə hakimlik edən sevgi hisslərinin, eşq-məhəbbət duyğularının ən uğurlu ifadə vasitə-si olan qəzəlləri ilə bütün dünyada qəlb şairi kimi məşhurlaşmışdır:

Qəzəldir səfabəxşi - əhli - nəzər,

Qəzəldir güli - busitani - hünər.

Qəzəl bildirir şairin qüdrətin,

Qəzəl artırır nazimin şöhrətin.

Qəzəl de ki, məşhuri – dövran ola,

Oxumaq da, yazmaq da asan ola!.. ()

Görundüyü kimi, ustad Şəhriyar da yaratdığı bütün əsərlərdə sələfi dahi Füzulinin yaradıcılıq prinsiplərinə sadiqlik göstərmiş, «oxumaq da, yazmaq da asan olan» əsərlər, o cümlədən qəzəllər yazmışdır. Şəhriyar, əsasən «Şeir və hikmət» məsnəvisində, yeri gəldikcə isə digər əsərlərində ədəbi-estetik görüşlərini şərh etmiş, şeir sənətinin məqsəd və vəzifə-lərini, onun idraki, tərbiyəvi əhəmiyyətini müəyyənləşdirərək oxucunun nəzərinə çatdırmağa çalışmışdır. Onun qənaətinə görə, poetik düşüncələrini hansı şeir qəlibində ifadə etməsindən asılı olmayaraq şair-sənətkar öz dövrünün, əsrinin səsi, vicdanı, el-obasının, xalqının dostu, sınmadan, əyilmədən, dünya nemətlərinə aldanmadan mərdanə yaşayanların, məzlumların-əzilənlərin pənahı, dərddaşıdır. Şair yaşadığı cəmiyyətin, bu cəmiyyətin fərdlərinin arzu və istəklərini bəyan edən, hayqıran odlu bir ürəkdir. Bu odlu ürək sahibi yalnız həqiqəti deməli, gerçəkləri söyləməlidir, əgər həqiqətləri çatdıra bilmirsə və bu, mümkün deyilsə, sənət meydanından çəkilməlidir. Şəhriyar azad-sərbəst və klassik şeirin, bütövlükdə şeir sənətinin bədii-estetik dəyərini, idraki, tərbiyəvi əhəmiyyətini çox düzgün qiymətləndirən mütəfəkkir şair obrazlı idrakın xüsusiyyətləri, bədii sözün mənası, bəlağəti və incəliyi, forma ilə məzmunun vəhdəti, şeirin quruluş texnikası, poetik fiqurlar, vəzn və qafiyə sistemi haqqında elmi-ədəbi fikir və mülahizələrini ifadə edir:

Şeir mədəniyyət, incəsənətdir,

İncə ruh, incə zövq, incə sənətdir.

O da musiqi tək qəlbin səsidir,

Həyatın ən böyük möcüzəsidir.

Anadan mehriban dayədir bəlkə

Günəşsiz səmadır şeirsiz ölkə.

Sevincdir, şadlıqdır, qəmdir, kədərdir,

Ən təmiz, ən dərin düşüncələrdir.

Gözə işıq verən xilqətdir şeir,

Ürəkdən qəm silən qüvvətdir şeir.

Kimin güclüdürsə şeiri-sənəti,

Onun əbədidir mədəniyyəti (4.214).

Göründüyü kimi, Şəhriyar real həyati gerçəklikləri, necə varsa, olduğu kimi təsvir və tərənnüm etmək üçün müasir şeirdə dil, forma və qəlib azadlığını, mütərəqqi yenilikləri vacib saymışdır. Şairin novatorluğunun əsas təzahürlərindən biri və ən birincisi, az söz-lə daha dərin fikirlər, geniş və dolğun mənalar ifadə etmək, duyğu və düşüncələrini sa-də, cazibədar, xalqın anlayacağı dillə oxucuya çatdırmaq qüdrətidir.

İstifadə olunmuş ədəbiyyat



  1. Məhəmmədhüseyn Şəhriyar. Divani-türki. B., Azərnəşr, Əlhuda-Sabah, 1993.

  2. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. B., Azərnəşr, 1966.

  3. Əmirov S. Şəhriyar farsdilli ədəbiyyatşünaslıqda, B., Nurlan, 2006.

  4. Şəhriyar M. Seçilmiş əsərləri, B., Elm - 2000.

  5. Elə həmin sadəlikdə və gözəllikdə, Tehran. «Mərkəz» nəşriyyatı.

1995.

6. Esmira Fuad(Şükürova). Söz sərrafı Şəhriyar, Avrasiya-press, B., 2010.



Esmira Fuad (Şükürova)

Filologiya üzrə Fəlsəfə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi
Yüklə 41,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin