Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Tanrının səsi, könüllər Sultanı Yunus Əmrə



Yüklə 6,61 Mb.
səhifə47/76
tarix02.01.2022
ölçüsü6,61 Mb.
#1659
1   ...   43   44   45   46   47   48   49   50   ...   76
Yunus Əmrə

3.4. Tanrının səsi, könüllər Sultanı Yunus Əmrə
Bəşəriyyət yeni bir çağa qədəm qoyub. Elm və texnologiyanın yüksələn xətt üzrə inkişaf etməkdə olduğu və bütün insanlığın dəyər sistemlərini yenidən yaratdığı indiki dövrdə, robotlar dünyasında İnsanın unudulmamasının yeganə yolu özünə qayıdışda, özünü anlamasında, elm çağının İnsana sevgi çağı ilə birləşməsindədir. Bu anlamda Yunus Əmrə kimi insan qəlbinin sərrafı olan övliyalara böyük ehtiyac duyulur.

Türklərin İslamiyyəti qəbulu ilə orta əsrlərdə yeni bir Türk ədəbiyyatı meydana gəlmişdi ki, bu ədəbiyyatın düşüncə və ideologiyası əsasən İslam dininə əsaslanırdı. Lakin Türklər yeni yaratdıqları ədəbiyyata milli ruhlarını da əlavə edərək yeni bir ədəbiyyat meydana gətirmişdilər. Bu yeni ədəbiyyat üç istiqamətdə fəaliyyət göstərmişdi ki, bunlar: 1) Yüksək zümrə ədəbiyyatı deyilən “Klassik ədəbiyyat” və ya başqa deyimlə “Divan ədəbiyyatı”; 2) Xalq ədəbiyyatı və 3) bunların arasında körpü rolunu oynayan “Təsəvvüf ədəbiyyatı”dır. Təsəvvüfi xalq ədəbiyyatı qoluna “Təkkə ədəbiyyatı” da deyilir. Bu “Təsəvvüfi xalq ədəbiyyatı”nın ən böyük nümayəndələrindən biri də “Türklərin qəlbində əbədi taxt qurmuş” Yunus Əmrədir.

“Türküstan mürşidi” Əhməd Yəsəvinin XII əsrdə Türküstanda başlatdığı təsəvvüfi Türk ədəbiyyatını Anadolu, Azərbaycan və hətta Balkanlarda ən yüksək zirvəyə qaldıran, Türk dili və ədəbiyyatını əbədiləşdirən Yunus Əmrə olmuşdur.

Yunus Əmrənin harada anadan olduğu, harada təhsil aldığı, necə yaşadığı və harada vəfat etdiyi tam bəlli deyil. Yunus Əmrə tədqiqatçılarına görə o, 1240-cı ildə anadan olmuş, 80 il ömür sürmüş, 1320-ci ildə vəfat etmişdir (Sevgi Ayvaz Göydəmir, Yunus Əmrənin həyat və şəxsiyyəti, bax: Yunus Əmrə, Güldəstə, Bakı 1992, səh. 6).

Yunus Əmrə məşhur Tapdıq Dədənin müridi olmuşdur.

Yunus Əmrəni zamanlar arxasından günümüzə çatdıran əsas amil onun böyük bir səmimiyyətlə Tanrıya və İnsana olan eşqi tərənnüm etməsindədir. Bütün dini və təsəvvüfi anlayışa görə Tanrı hər yerdə, “harda çağırsan, ordadır”. Tanrı hər səsdə, hər rəngdədir. Hər şey Ondan bir təzahürdür. Bu dilsiz varlıqlar O Böyük Yaradıcını duyur, bilir, öyür və zikr edərlər, lakin anlada bilməzlər. O Ulu Varlığı anlada bilən yalnız İnsandır. Ancaq hər insan da Tanrını anlatmaq qabiliyyətinə malik deyil. Onu yalnız seçkin insanlar-Peyğəmbərlər və Yunus Əmrə kimi övliyalar anlada bilərlər.


“Mən hayana baxdım isə

Onu gördüm, Onu duydum”


(Yunus Əmrə, Güldəstə, Bakı 1992, səh. 95)

-deyən Yunus Əmrə həm də göstərir ki:


“Hər bir çiçək min naz ilə

Öyər Haqqı niyaz ilə.

Quşlar da xoş avaz ilə

O Yaradanı zikr edər”.


(Yunus Əmrə, Güldəstə, səh. 105)
Və:

“İnsan, mələk, yaxşı, yaman

Sevər Səni hər məxluqat.

Heyran olub hüzurunda

Durmaqdadır, huri, mələk”.

(Yunus Əmrə, Güldəstə, səh. 29).


Güllərdə, çiçəklərdə belə Tanrının ətrini duyan, onlarla söhbət edən ilk şair məhz Yunus Əmrə olmuşdur.
“Sordum sarı çiçəyə

Rəngin nədən sarıdır?

Çiçək dedi, ey dərviş

Ay ilə gün rəngidir.


Yenə sordum çiçəyə

Boynun nədən əyridir?

Çiçək dedi, ey dərviş

Qəlbim Haqqa doğrudur...”

(Güldəstə, səh. 216, 217).
Yunus Əmrənin anlayışında ən vəfalı dost Tanrıdır. Tanrı vəfalı olduğu üçün Yunus vəfalı Dostla oturub-durur və kimsəni özünə dost bilmir.
“Yunus deyər şəksiz bilin,

O, mənimdir, mən də Onun.

Mən nə desəm, o Dost tutar

Dost nə desə, mən tutaram”

(Güldəstə, səh. 58).
Və ya:

“Mən Dost ilən dost olmuşam,

Kimsənə dost olmaz mənə”

(Yunus Əmrə Divanı, İstanbul 1990).


Yunus Əmrə İlahi bir eşq bulağıdır. Eşqə yüksək dəyər verən Yunus göstərir ki:
“Kimdə bir zərrə eşq varsa,

Bil ki, Tanrı da ondadır”

(Güldəstə, səh. 119).
Yaşadığı əsrdə insanların böhran, üsyan və istilalara məruz qalması Yunusu insan könüllərini ictimai romantizm ilə eşqə və Tanrıya yönəltməklə cəmiyyətdə bir ümid, bir huzur və təsəlli yaratmağa sövq etdirmişdi. Yunus Əmrənin fəlsəfəsi “Vəhdəti-vücud” təliminə və “Vəhdəti-şühud” prinsipinə əsaslanır. O, həyat, ölüm və Kainatı “Vəhdəti-vücud” dünyagörüşü ilə izah etmiş, İlahi eşq, varlıq-yoxluq, həyat-ölüm məsələlərini şərh etməyə çalışmış, İnsanı Tanrı varlığının bir zərrəsi hesab etmiş və göstərmişdi ki, bu zərrə Bütünə - Tanrıya qovuşmağa can atır. Yunusa görə maddi aləm yaradılmamışdan əvvəl mənəvi aləmdə-İlahi Varlıqda ruhlar mövcud olub. Sonralar Kainat yaradıldıqdan sonra ruh insan bədəninə daxil edilib. Deməli, ruh əbədi mövcud olub. Ona görə də əsl məhəbbət İlahiyə olan məhəbbətdir. İnsanın öz maddi varlığından və maddi dünyadan ayrılıb Tanrıya qovuşmaq istəyi eşqin mənasını anlamaqla mümkündür. Tanrıya aşiq olanlar Onun dostudur. Şairə görə xoşbəxt o kəsdir ki, İlahi varlığa qovuşur (Bax: Yunus Əmrə Divanı, İstanbul 1990).

Qaramanlı hökmdarı Qaramanoğlu Mehmet Bəyin 1277-ci ildə hakimiyyəti altında olan hər yerdə Türkcə danışılmasını əmr edən fərmanına uyğun olaraq Türkcənin istiqbalı üçün qeyrət kəməri qurşayan Yunus Əmrə də xalq dilinə və sözlü Türk xalq ədəbiyyatı ənənəsinə dayanaraq Türkcəni yeni bir ədəbi dil kimi işlətmiş, onu səlisləşdirmişdi. Yunusun ilahilərində Türkcə ən gözəl şəklini almış, onu ölümsüz bir zəfərə ulaşdırmışdı. Türkün bütün duyğu, həyəcan və düşüncəsini, onun bütün daxili zənginliyini ən gözəl şəkildə, son dərəcə səmimi və milli bir şəkildə əks etdirdiyindən Türk milləti Yunus Əmrədə öz şəxsi dilini və daxili dünyasını tapmışdır (F.K.Teymurtaş).

XIII əsrdə daha geniş vüsət alan və bir daha yerini heç bir yabançı dilə qapdırmayan Türkcənin qəti qələbəsində Yunus Əmrə və onun davamçılarının əvəzsiz xidmətləri olmuşdur. Bu əsrdən başlayaraq yabançı kəlimələr belə Türkcəyə uyğunlaşdırılmış, Türk xalq diliylə birləşdirilmiş, o çağa qədər görünməmiş musiqili bir Türkcə meydana gəlmişdi. Yunus Əmrə və onun kimi Türkcə yazan şairlər sayəsində Türk cəmiyyəti çox zənginləşən dilinin də qüdrət və gözəlliyini anlamış, getdikcə Türk cəmiyyəti siyasi və mədəni intihara uğrayan ərəb və xüsusilə fars dillərində olan ədəbiyyatdan getdikcə uzaqlaşmağa başlamışdı.

Yunus Əmrənin elmə bəlli Türkcə “Divan”ı və məsnəvi şəklində, didaktik mahiyyətdə 573 beytlik “Risalət ün-Nüshiyyə” adlı əsərləri vardır. Təsəvvüfi fikirlərini İlahi eşqin incə və dəruni hisslərlə Türkcə “Divan”ında dahiyanə şəkildə ifadə edən Yunus Əmrə Türklər arasında əsrlərlə Tanrı eşqinin və insanlıq sevgisinin tərcümanı olmuşdur. Onun bu insan sevgisi Tanrıdan İnsana bir nur kimi gələrək bədənləşib bütünləşən bir cövhərdir. Məhz Yunus bu bədənlə nurun birləşdiyi İnsana və bu nuru İnsana bəxş edən Tanrıya aşiqdir.

Yunusun “aydan arı, sudan duru” Türkcəsi insanı Yerdən Haqqın dərgahına qədər ucaldır, onu böyüklüyə, ülvülüyə, ululuğa səsləyir. Bu anlamda Yunus Əmrə qəlblər, könüllər şairi, Haqqın aşiqi, Varlığın, Mütləqin-Tanrının səsi, könüllər Sultanıdır. Varlığın elə bir hücrəsi, insan qəlbinin elə bir sevinci, kədəri yoxdur ki, Yunus Dədə ora baş vurmamış olsun. Onun ilahilərində dumanlı dünyanın ahları, nalələri ilə yanaşı Haqqa ulaşmış ruhların surəti canlanır. Ümumiyyətlə, təsəvvüf fəlsəfəsi Yunusun saf Türkcəsi ilə öz sirlərini daha gözəl açıqlamışdır. Bir sufi şair olmasına baxmayaraq Yunus Əmrə ərəb və fars sufi şairləri kimi zahidliyə və tərki-dünyalığa deyil, dünyanı dərkə çağırır, dərdlər, qəmlər, faciələr dünyasında Haqqa arxalanaraq bir işıq axtarır, insanlığı “Dost elinə”, “Tanrı dərgahına” pak yollanmağa səsləyir. Onun bu səsləyişi xalq tərəfindən Göydən enmiş ilahilər kimi qəbul edilmişdi.

Yunus Əmrənin dünyanın faniliyini bilməsi, digərlərinkinə bənzəmir. O, bu fanilik içərisində bir əbədiyyət işığı görmüşdür ki, bu əbədiyyət işığı Haqqa, Haqqın sönməz günəşinə, insafa, vicdana, ədalətə dayanan işıqdır. Yunus Əmrə insanlara bilmək, görmək və duymaq həqiqətlərini, xəyanəti məhəbbətə, düşməni dosta, pisi yaxşıya, şəri xeyrə çevirmək yollarını göstərmişdir. İnsanlıq və Haqq körpüsündən dünyaya işıq saçan bir “Məşəllə” keçən duyğulu İnsan qəlbinə enən Yunus Əmrə insanları da “Dost dərgahı”nda əbədi məkan qazanmağa, Haqqa qovuşmağa səsləmiş, bütün insanlığın əbədi həyat dərdlərini öz könlündə daşımış, Türkün “İlham atı”nda 770 il yol gələrək İlahi Türkcəsi ilə ölməzlik qazanmış, bəşəriyyətin tərcüman şairi olmuşdur.

Yunus Əmrə Türkün ulu, müqəddəs varlığı kimi Tanrının nuru ilə süslənmiş, böyük və əbədi Türk dünyasının qəlbində əbədi taxt qurmuşdur. Yunus Əmrə o dünyanı bu dünyadan görən, İnkir-Minkirlə sorğu-suala girən, İslam dünyasını öz “İlahi”lərində birləşdirən ulular ulusudur. Haqqın işığını özü ilə bərabər daşıyan, bu işıqdan insanlara təmənnasız pay verən, müxtəlif dinlərə, təriqətlərə bölünmüş insan cəmiyyətini həqiqətə, mərifətə, əsil insanlığa səsləyən Yunus Əmrə göstərmişdi ki:
“Şəriət, təriqət yoldur varana

Həqiqət, Mərifət ondan içərü,

Məni məndən sorma, məndə deyiləm,

Bir mən vardır məndə, məndən içərü.

Deyirlər, Süleyman bildi quş dilin

Süleyman var, Süleymandan içərü

Keçər ikən Yunus tuş gəldi Dosta

Qaldı dərgahında andan içərü”.

(Güldəstə, səh. 20, 21).
Ruhu ilə Haqqa-Yaradana qovuşmaq istəyən, öz dərdini Mələklərə, Tanrıya çatdıran Yunus Əmrənin hər misrası, hər beyti insan könlündə bir Haqq işığı yandırır, insanı Haqq aşiqi olmağa səsləyir.

Müxtəlif dinlərin hakim olduğu ölkələrdə cahan hakimiyyətinə sahib olan Türklərin bu işi əsrlərcə yaşatmasında Yunus Əmrə kimi mütəfəkkirlərin müstəsna xidmətləri olmuşdur. Yetmiş iki millətə eyni gözlə baxan, bütün insanlara dəyər verən, İnsan qəlbinin Tanrıda təcəlli etdiyi üçün İnsanı hər şeydən üstün tutan Yunus Əmrə kamil bir insan olan və İlahi eşqə sadiq qalmaq üçün insanlığa qurban belə olmağı ən ali vəzifə saymış və göstərmişdi ki:


“Bütün xəlq olanlara

Bir göz ilə baxmayan

Xalqa müdərrisdirsə

Həqiqətə asidir”.

(Güldəstə, səh. 156).
Və ya:
“Yetmiş iki millətə qurban ol aşiq isən,

Ta aşiqlər səfində İmam olasan sadiq”.


Türk Oğuz törələrinin yaşamasını öz ilahilərində canlı tutan Yunus Əmrə “Malın yağmalanmasını (Qazan Xanın evinin yağmalanması kimi Oğuz törəsi) da İlahi eşqə bir vasitə və mənəvi bir borc saymış” (Osman Turan, Türk Cihan hakimiyyeti mefkuresi tarihi, Ankara 1969, səh. 106), Oğuz Qobuzu ilə təsəvvüf ilahilərini tərənnüm etmiş, eyni zamanda Türk dünya nizamı və Türk cahan hakimiyyəti məfkurəsini də könüllərdə yerləşdirməyə müvəffəq olmuşdu.

Yunus Əmrə duymuş, düşünmüş, inanmış və bütün bu duyuş, düşünüş və inanışlarını xalqının anlayacağı bir dillə şeirləşdirmiş, ən qapalı məsələləri xalqın asanlıqla anlaya biləcəyi şəkildə anlatmışdır. Təsəvvüfi görüşlərini şəriət ehkamları üzərində bina edən Yunus Əmrə İlahilərində bir çox iman məsələləri, Cənnət, Cəhənnəm, Axirət və s. kimi anlayışlar onun hürr düşüncəsində yeni çalarlar qazanmış, heç bir sufi şairin söyləyə bilməyəcəyi bir açıqlıq ortaya qoymuşdur.

Yunus Əmrə təsəvvüf fəlsəfəsində ən böyük ixtilaf yaradan “Ənəlhəqq” fəlsəfəsini bütünlüklə qəbul etmiş, öz yaradıcılığında yeri gəldikcə bunu şərh etməyə çalışmışdır.

Ətə, kəmiyə büründüm,



Yunus deyə göründüm”
-deyən şair bu məsələni özündən əvvəlki mütəsəvviflərdən daha açıq və qısa şəkildə həll etmişdir. Onun bütün dünyagörüşünün əsasını “Ənəlhəqq” ideyası təşkil edir.
“Əzəldən mənim fikrim,

Ənəlhəqq idi zikrim.

Hənuz daha doğulmadan ”

Ol Mənsuri Bağdadi”

(Yunus Emre Divanı, İstanbul 1990, səh. 155).
Yunusa görə yalnız bir Varlıq mövcuddur, qalan hər şey, Kainat belə onun içindədir. Hər nə varsa, bir Vücudda vəhdətdədir. Yunusa görə “Allahdan başqa İlahi yoxdur” ayəsinin bir mənası da ümumiyyətlə “Allahdan başqa heç nə yoxdur” anlamındadır. Çünki maddi olan hər mövcudat fanidir. Deməli, hər şey bir bütünə daxildir.
“Vücud şəhrini gəzdik

Cümlə Vücudda bulduq.

Dağları, dənizləri

Cümlə Vücudda bulduq.


Göydə yeddi ulduzu

Cümlə Vücudda bulduq.

Göydə Beytül məmuru

Cümlə Vücudda bulduq.


Furkan (Quran-A.M.) ilə Zəburu

Cümlə Vücudda bulduq.

Cümləmiz dedik sadak

Cümlə Vücudda qaldı”

(Yunus Emre Divanı, səh.197-198).
Yunus Əmrə də digər mütəsəvviflər kimi bədənin fani, ruhun isə əbədi olduğunu, Kainatın əsasını təşkil edən dörd ünsürün- torpaq, hava, su və odun da Tanrının hikməti sayəsində yarandığını, İnsanın xarakteri, ədəbi də, onların vəhdəti də bu dörd ünsür sayəsində yarandığını göstərmişdir. Yunusa görə dünyada ruhdan başqa nə varsa yox olur:
“Məna axtar bu yolda

Məna duyan könüllər

Tən fanidir, can ölməz

Ölürsə təklər ölər.


Çeşmələrdə bardağın

Bir anda durur isə

Yaratdı Haqq dünyanı

Dünyaya gələn gedər”

(Yunus Emre Divanı, səh. 200).
Öz şəxsi varlığını İlahi Varlığa qurban verən, “Ənəlhəqq” söyləyən şair “Mən” deyəndə yalnız Tanrını nəzərdə tutmuş, Onun dilindən danışmış və bütün varlığı ilə inanmışdı ki, yerdə, göydə, maddi və mənəvi dünyada nə varsa, hamısı Odur. O, təkdir, şəriki yoxdur. Ondan başqa hər şey, hər kəs fanidir. Yunusa görə “Mənəm” deməyə yalnız Onun-Tanrının haqqı var:
“Bu çarx Mənim əlimdədir,

Üstündə Mən oturmuşam.

Mülk mənimdir, hökm edərəm,

Yandıran Mən, yaxan Mənəm.


Ol Həllaci Mənsur ilə

Söylər idim Ənəlhəqqi,

Yenə onun boynuna dar

Dar Urqanı taxan Mənəm.


Həm batinəm, həm zahirəm,

Həm əvvələm, həm axıram,

Həm mən Oyam, həm O mənəm,

Həm ol Kərim Sübhan Mənəm.


Bu yeri, göyü yaradan,

Bu Ərşi-Kürsü durduran,

Min bir adı vardır Yunus,

Ol sahibi-Quran Mənəm”

(Yunus Emre Divanı, səh. 230).
“Yunus deyil bunu deyən,

Qüdrət dilidir söyləyən.

Kafir olur inanmayan

Əvvəl-axır həmən Mənəm”


-deyən şair üzünü Allaha tutaraq deyir ki, mənə nə istəyirsən et, necə əzab verirsən ver, yenə də Səndən üz döndərmərəm, çünki “Ənəlhəqq” deyilən bir həqiqət var:
“Yüz min cəfa qılsan mənə,

Səndən üzüm döndərməzəm.

Canım dəxi alır isən

Səndən üzüm döndərməzəm.


Səni sevirəm can ilə,

Qul olmuşam qurban ilə,

Qanım töküb qurban eylə

Səndən üzüm döndərməzəm”

(Yunus Emre Divanı, səh.219).
Yunus Əmrənin duyğu və düşüncə aləmini hazırlayan mədəniyyətin təməlində Tanrıya olan iman dayanır. Bu iman dünyanın hər yerində Yunusa qədər təcrübə edilməsinə baxmayaraq ən gözəl meyvəsini Anadoluda, xüsusilə Yunus Əmrə ilahilərində vermişdir. Bir çox İslam təəssübkeşlərinin üzərində durmağa belə cəsarət edə bilmədiyi bir çox imanla bağlı məsələlərdə, Cənnət, Cəhənnəm, Sirat və bu kimi anlayışlar onun zəka və hürr düşüncələrinə mövzu olmuşdur.

Yunus Əmrədə fəlsəfi ünsür özündən əvvəlki Türk mütəsəvviflərindən daha geniş və daha yüksək bir mahiyyət qazanmışdı. Onun ifadələrində təsəvvüf quru mahiyyətdən qurtularaq lirik və canlı bir şəkil almışdır.

Yunus Əmrənin ədəbi məhsulları vəzn və şəkil baxımından aşıq şeiri və divan şeiri ilə ortaqlıq təşkil edir. O, şeirlərində həm heca, həm də əruz vəznindən istifadə edərək aşıq şeiri şəkli ilə klassik şeir vəznini və ya aşıq şeiri vəzni ilə klassik şeir şəklini birləşdirməyə nail olmuşdu.

Yunus Əmrənin “İlahilər”i aşıq şerinə nisbətən daha çox fikri və fəlsəfi, klassik şeirə nisbətən isə daha çox milli və həyatidir. Əsərlərini farsca yazan böyük Türk mütəfəkkiri Mövlana Cəlaləddin Rumidən fərqli olaraq Yunus Əmrənin milli dilə, milli zövqə, milli təfəkkürə yönəlməsi onun Anadoluda və digər Türklər yaşayan ərazilərdə daha geniş yayılmasına və sevilməsinə səbəb olmuşdu. Çünki Yunus Əmrə təsəvvüfü Türk ruhuna, Türk zövqünə uyğunlaşdıraraq onları birləşdirmiş, xalqın zövqünə uyğun bir Türk təsəvvüf ədəbiyyatı vücuda gətirmişdi. Xalqın bütün zümrələrinə xitab edən Yunus Əmrə əsgəri, sənətkarı, köylünü, saray məmurunu, vəziri, vəkili, hətta sultanları belə eyni fikir, hiss və duyğu ətrafında birləşdirməyə müvəffəq olmuşdu ki, bu da onun böyük insan topluluqları arasında tanınmasına, anlanmasına yol açmışdı. Həm xalq şeirinə, “Aşıq ədəbiyyatına”, həm də klassik şeirə-“Divan ədəbiyyatına” bağlılığı Yunus Əmrənin həm xalq arasında, həm də saraylarda sevilməsinə vəsilə olmuşdu. Onun “İlahiləri”ndə Türk millətinin, İslam dininin və Şərq təsəvvüfünün ruhu bütövləşərək bir mükəmməl tam yaratmışdır. Yunus Əmrə “İlahiləri” bu anlamda bütöv bir İslam dünyasının ən nadir incilərindən sayıla bilər.

Yaradılışın əsasını, Varlığın səbəbini eşqdə görən şair dərk etməni də İnsanın Tanrı qarşısındakı borcu saymış, özünü bilməyi elmin təməli saymış, “Özünü tanıyan Tanrısını anlar” fikrini qəbul etmiş və göstərmişdi ki:
“Mən gəlmədim dava üçün,

Mənim işim sevda üçün,

Dostun evi könüllərdir,

Könüllər yapmağa gəldim”

(Güldəstə, səh. 82).
Və ya:
“Elm eli bilməkdir,

Elm özünü bilməkdir.

Sən özünü bilməzsən

Bu necə oxumaqdır?”.

(Güldəstə, səh. 162).
Yunus Əmrənin açdığı cığırdan yüzlərlə Türk təsəvvüf şairi yetişmiş, ondan sonra dini təsəvvüfü Türk xalq ədəbiyyatı onun yolunu təqib etmiş, sonrakı əsrlərdə Səid Əmrə, Qayqusuz Abdal, Hacı Bayram Vəli, Gülşəhri, Aşıq Paşa, Əflaki Dədə, Əlvan Çələbi, Gülşəni, Ümmi Sinan, Qələndər Abdal, Muhiddin Abdal, Yetim Əli Çələbi, Xətayi, Əskəri, Adəm Dədə, Niyazi Misri, Zəlili, Şeyxi, Dədəmoğlu, Qul Nəsimi, Pir Sultan Abdal, Bursalı Şeyx İsmayıl Haqqı, Ərzurumlu İbrahim Haqqı və s. kimi şairlər Türk dili və Türk zövqünü əbədi yaşadan mütəfəkkirlərdən olmuşlar. Bu sənətkarlar Yunus Əmrəyə o qədər vurğun olmuşlar ki, onun dilini “Qeyb dili” (“Lisan ül-Qeyb”) adlandırmışlar.

Yunus Əmrə sənətinə onlarla monoqrafiya, yüzlərlə elmi məqalə həsr edilmişdir. Yunus Əmrə sənətinə yüksək qiymət verən tədqiqatçılar göstərmişlər ki: “Allah eşqini, insan sevgisini, mərhəmət və ehtiram, ölüm və qəriblik duyğularını onun qədər mənalı, duyğulu və dərin bir şəkildə işləyə bilən şair çox azdır” Yunus Əmrə “Tanrısal mövzuları, tanrısal böyük bir qüdrət, milli dil və şəkillər içərisində milli və şəxsi bir üslubla ən gözəl şəkildə ifadə etmək qabiliyyəti göstərmişdir” (Sevgi Ayvaz Göydəmir, Yunus Əmrənin həyatı və şəxsiyyəti, Bax: Yunus Əmrə, Güldəstə, Bakı 1992, səh. 14).

“Qiyməti özündən olan bu qızıl külçəsi- Yunus Əmrə yaradıcılığı ətiylə, qanıyla xalis Türk xəzinəsidir... Mən bir imarət tanıyıram ki, dünya məhvərindən çıxıb yerlə-yeksan olmamış viran olan deyil! Mən bir məbəd tanıyıram ki, hər qülləsində bir Haqq işığı bərq vurur, hər hücrəsində bir qərib dincəlir, yalqız bir ürək uyuyur. Bu, Yunus Əmrə şeiri, Yunus Əmrə yaradıcılığı, Yunus Əmrə kəlamıdır. Yunus Əmrələr olmasaydı, onların insanlıq adından Haqqa qanadlanan yalvarışları olmasaydı bəlkə də dünya çoxdan tarmar olardı” (Müzəffər Şükür Məchul, Haqq aşığı-Haqq işığı, Bax: Yunus Əmrə, Güldəstə, səh. 228, 229).

“Laməkana yetişdim”-deyən Yunus Əmrə doğrudan da “Laməkan” olmuşdur. Hər bir türk eli onun məzarını öz elində bilir. “Bir yerdə dəfn olunduğu halda niyə min yerdə məzarı olduğu” sualına ən yaxşı cavabı böyük Azərbaycanın mərhum şairi Bəxtiyar Vahabzadə (Ruhu şad olsun!) vermişdir:


“Hər gün qazılır çünki könüllərdə məzarı,

Otlarda, çiçəklərdə və güllərdə məzarı,

Əfsanəmi, gerçəkmi, bu insan necə insan?

Varlıq səsidir qopmuş o, Türkün qopuzundan!”.


İnsanlığı sevmək, İnsanı dərk etmək, İnsanın Tanrı qarşısındakı vəzifəsi və borcunu, yaradılışın əsası olan sevgini anlamaq üçün insanlığın Haqq aşığı Yunus Dədə kimi övliyalara daim ehtiyacı olacaq.

Ruhu şad olsun! Amin.





Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin