Düşmənin ölkəsi viran olacaq
Türkiyə böyüyüb Turan olacaq!
və
Vətən, nə Türkiyədir Türklərə, nə Türküstan
Vətən, böyük və müəbbət (əbədi) bir ölkədir-Turan!
-
kimi siyasi-ideoloji ideya irəli sürmüşdü.
XX əsrin ikinci on illiyindən başlayaraq “Türkçülük” “Turançılığı” doğurmuş, bütün dünyadakı Türk qövmlərini içinə alan böyük bir siyasi cərəyan halına gəlmişdi ki, bu işdə çar Rusiyasındakı Türk aydınları ilə yanaşı Ziya Göyalpın da böyük xidmətləri olmuşdur. Onun sayəsində “Türkçülük” və “Turançılığın” nə olduğu Türk aydinları və zabitlərinə tanıdılmışdı.Trablüs Qərbdə İtalyanlarla savaşın başlanması “Türkçülük ” ideyasını daha da gücləndirmişdi. Gənc zabitlər, xüsusilə yeni yetişdirilməkdə olan ehtiyat zabitlər ordusu məhz “Türkçülük” və “Turançılıq” məfkurəsini mənimsəyərək gərəkərsə bu ideya uğrunda canlarını belə fəda etməkdən çəkinməyəcəklərdi və tarix göstərir ki, çəkinməmişlər də!
Türkiyə, Azərbaycan (Quzeyli və Güneyli- A.M ) və Şimali Qafqazın istiqlalı uğrunda mübarizədə onlarla gənc Türk zabiti şəhit olmuşdu. Ruhları şad olsun.
Ziya Göyalpın “İttihad və Tərəqqi” Partiyasının Mərkəzi İdarə heyətinə üzv qəbul edilməsindən sonra “Türkçülük” Türkiyə hökümətinin rəsmi ideologiyasına çevrilmişdi. Hətta dövlətin hərbi Naziri Ənvər Paşa və Xarici İşlər Naziri Tələt Paşa “Turançılığ”ı dövlətin xarici siyasətinin əsas amili kimi qəbul etmiş və bu yöndə konkret addımlar da atmış, “ Qafqaz Türk İslam Ordusu” yaradaraq Azərbaycan və Şimali Qafqaza göndərmiş, bu ordunun sayəsində Azərbaycanda erməni daşnaklarının Azərbaycan Türklərinə qarşı törətdiyi soyqırımlara son verilmiş, Quzey Azərbaycan və Şimali Qafqaz öz müstəqilliyini əldə etmişdi.
Ziya Göyalp öz fikir və mülahizələrini Proqram şəklinə salaraq sonradan onu “Türkçülüyün əsasları ” adı ilə nəşr etdirmişdir. Bu əsər Ziya Göyalpın qələmindən çıxan ən dəyərli əsərdir. İki hissədən ibarət olan bu əsərin birinci hissəsi “Türkçülüyün mahiyyəti”, ikinci hissəsi isə “Türkçülüyün Proqramı ”adlanır. Əsər bütünlükdə 1968-ci ildə Robert Deveruex tərəfindən ingilis dilinə tərcümə edilmişdir.
Böyük ideoloq və sosyoloq olan Ziya Göyalp özünün məşhur “Türkçülüyün əsasları” əsərinin birinci hissəsində “Türkçülüyün tarixi və mədəniyyəti”, “Türkçülük və Turançılıq”, “Milli kültür (hars) və mədəniyyət (Təhzib)”, “Xalqa doğru”, “Qərbə doğru”, “Tarixi maddəçilik və içtimai məfkurəçilik”, “Milli vicdanı quvvətləndirmək”, “Milli təzanüdü (solidarizmi) qüvvətləndirmək”, “hars və təhzib” kimi məsələləri şərh etmişdir. Müəllif bu hissədə özünəqədərki Türkçülərin xidmətlərindən, irqi, qövmü, coğrafi Türkçülərin, Osmanlıçıların İslam Birliyi tərəfdarlarının fərdiyyətçilərin millət haqqındakı fikir və mülahizələrindən, Türkçülük və Turançılığın mahiyyətindən milli kültürlə (hars) mədəniyyətin (Təhzib) oxşar və fərqli cəhətlərindən, Türkçülüyün əsas saydığı “Xalqa doğru” və “Qərbə doğru” prinsiplərindən geniş bəhs edərək belə bir nəticəyə gəlmişdi ki: “Millət, nə irqi, nə qövmi, nə coğrafi, nə siyasi və nə də iradi bir zümrə deyildir. Millət, dilcə, dincə, əxlaqca və gözəllik duyğusu baxımından müştərək olan, yəni eyni tərbiyəni almış fərdlərdən ibarət olan bir topluluqdur (Ziya Gökalp, Türkçülüyün esasları, İstanbul 1972, səh.22)”.
Osmanlı İmperatorluğunun ən ağır dövrlərində “Müasirləşmək, Osmanlıçılıq və İslam Birliyi” kimi xeyir əvəzinə zərər gətirən üç məşhur ideya arasında ən kəskin mübarizə gedirdi. Tənzimatçılar Osmanlı mədəniyyətini Qərb mədəniyyəti ilə uyğunlaşdırmağa çalışır. Osmanlıçılar xristian və müsəlman xalqlarından ibarət bir “Osmanlı milləti” yaratmağa səy göstərir., İslam Birliyi tərəfdarları da Osmanlı İmperatorluğuna daxil olan bütün müsəlmanlardan bir “İslam milləti” yaratmaq ideyasını irəli sürürdülər. Bu mübahisələrə ilk öncə çox həssas yanaşan Ziya Göyalp hər şeydən öncə bu çatışmaların bir uzlaşmaya dönməsinə səy göstərmiş və özünün məşhur “Üç akım” adlı məqaləsini yazmışdı. Bu yazıda Ziya Göyalp irəli sürdüyü fikir və mülahizələri daha da konkretləşdirərək “Türkçülüyün əsasları” əsərində göstərmişdi ki: “Tənzimatçılar Osmanlı mədəniyyətini Qərb mədəniyyəti ilə uzlaşdırmağa çalışmışdılar. Halbuki iki zidd mədəniyyət yan-yana yaşaya bilməzlər. Sistemləri bir-birindən ayrı olduğu üçün ikisi də bir-birini pozmağa səbəb olar. Məsələn, Qərbin musiqi texnikası ilə Şərqin musiqi texnikası bir-biri ilə uzlaşa bilməz. Qərbin təcrübi məntiqi ilə Şərqin sxolostik məntiqi bir-biri ilə barışa bilməz. Bir millət ya Şərqli olar, ya da Qərbli. İki dinli bir fərd olmadığı kimi, iki mədəniyyətli bir millət də ola bilməz. Tənzimatçılar bu nöqtəni bilmədikləri üçün etdikləri yenilik hərəkatında müvəffəqiyyət qazana bilmədilər... Tənzimatçılar istehsalı modernləşdirmədən öncə... geyim-keçim, yemə-içmə, bina və bəzəmə sistemlərini dəyişdirdikləri üçün milli sənətlərimiz tamamilə çökdü... Yeni tərzdə Avropa sənayesinin çəyirdəyi belə vücuda gələ bilmədi. Buna səbəb kafi dərəcədə elmi incələmə yapmadan, əsaslı bir məfkurə və konkret bir proqram vücuda gətirmədən işə başlamaq və hər işdə yarımçıq olmaq idi... Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə uzlaşdırmağa çalışmaq orta çağı son çağlarda yaşatmaq demək idi... Gerçəkdən məmləkətimizdə istər mədəniyyət, istər tərbiyə baxımından bir-birinə bənzəməyən üç təbəqə vardır: Xalq, mədrəsəlilər, məktəblilər... Millətimizin bir qismi ilk çağlarda, bir qismi orta çağda, bir qismi də son çağda yaşamaqdadır. Bir millətin belə üç üzlü bir həyat yaşaması normal ola bilərmi!” (Ziya Gökalp, Türkçülüyün esasları, İstanbul 1972, səh.45, 65, 67, 68).
“Osmanlıçılıq ideyasını daha kəskin tənqid edən Ziya Göyalp tarixdə “Osmanlı” adında bir millətin olmadığını və ola da bilməyəcəyini göstərərək yazırdı ki: “Tənzimatçılar millətə:” Sən yalnız Osmanlısan. Sakın, başqa millətlərə baxaraq sən də milli bir ad istəmə! Milli bir ad istədiyin anda Osmanlı İmperatorluğunun yıxılmasına səbəb olarsan!” demişdilər. Zavallı Türk: “Vətənimi itirərəm qorxusu ilə” Vallahi, Türk deyiləm, Osmanlılıqdan başqa heç bir zümrəyə mənsub deyiləm” deməyə məcbur edilmişdi” (Ziya Gökalp, Türkçülüyün esasları, səh.49). Bu bəlanı 80 ildir ki, Azərbaycan Türkləri də yaşamaqdadır.
Ziya Göyalp tarixi prosesləri dərindən izləyərək göstərirdi ki: “Fəqət bu Osmanlıçılar heç düşünə bilmədilər ki, hər nə yapsalar da bu yabançı millətlər Osmanlı topluluğundan ayrılmağa çalışacaqlar. Çünki artıq yüzlərcə millətdən ibarət olan süni topluluqların davamına imkan qalmamışdır. Bundan sonra hər millət ayrı bir dövlət olacaq, müstəqil, səmimi, təbii bir cəmiyyət həyatı yaşayacaqdır. Şübhəsiz Avropanın Qərbində beş yüz ildən bəri başlayan bu ictimai inkişaf hərəkatı mütləq Şərqində də başlayacaqdı. I Dünya savaşında Rusiya, Avstriya və Osmanlı İmperatorluğunun yıxılması da göstərdi ki, bu ictimai qiyamət çox yaxın imiş. Əcaba Türklər bu ictimai məhşər meydanına özlərini də Türk adlı bir millət olduqlarını, Osmanlı İmperatorluğu içində özlərinin də xüsusi bir vətənləri və milli haqları bulunduğunu bilməyərək, anlamayaraq çıxmış olsaydılar, şaşqınlıqdan nə yapacaqlardı”... Demək ki, yalnız tək bir kəlmə, müqəddəs və mübarək “Türk” kəlməsidir ki, bu qarışıqlığın içində doğru yolu görməmizə səbəb oldu” (Ziya Gökalp, Türkçülüyün esasları, səh.49).
Beləliklə, Tənzimatçıların “Osmanlı milləti” tuzağına uzun müddət məruz qalan yalnız Türklər olmuşdu.
“İslam Birliyi” məsələsinə gəlincə Ziya Göyalp özündən əvvəlki istər mühafizəkar, istərsə də liberal islamçılardan fərqli olaraq “İslam həm din, həm də millətdir” kimi İslamın təməl prinsiplərindən biri saydıqları “din və millət birdir” görüşlərinin əksinə olaraq göstərirdi ki, “İslam Birliyi” tərəfdarlarına görə Millət, bütün müsəlmanların məcmuu deməkdir. Halbuki eyni dində olan insanların bütününə “Millət” deyil, “Ümmət” adı verilir. Ona görə də müsəlmanların bütünü “Millət” deyil, “Ümmət”dir. (Seçmələr bizimdir-A.M. Bax: Ziya Gökalp, Türkçülüyün esasları, səh-20).
Ziya Gökalp göstərirdi ki, “İslam Birliyi” məfkurəsi bir zamanlar müsəlman xalqların istiqlala qovuşmalarını, ölkələrinin müstəmləkəçilikdən qurtulmasını təmin edən bir ideya sayılırdı. Halbuki praktik təcrübələr göstərirdi ki, “İslam Birliyi” bir tərəfdən teokratik və klerikalizin kimi geri qalmış cərəyanları doğurduğundan digər tərəfdən də İslam dünyasında milliyət məfkurələrinin və milli vicdanların oyanmasına qarşı olduğundan müsəlman qövmlərin irəliləməsinə əngəl olduğu kimi, istiqlallarına da maneçilik törədir. Çünki İslam dünyasında milli vicdanın inkişafını dayandırmaq müsəlman millətlərin istiqlallarına əngəl olmaq deməkdir... Hər şeydən öncə istər məmləkətimizdə, istərsə də digər İslam ölkələrində daima milli şüuru oyandırmağa və gücləndirməyə çalışmalı. Çünki bütün tərəqqilərin qaynağı da yalnız odur (Seçmələr bizimdir – A.M. Bax: Ziya Gökalp, Türkçülüyün esasları, səh.87,88).
Ziya Göyalpa görə: “Bütün müsəlmanların uzaq bir gələcəkdə siyasi bir birlik qurmaları bəlkə də mümkündür. Fəqət hər halda bu məqsədin uzun bir müddət mümkünsüz olacağına şübhə yoxdur. Elə isə bu uzun zaman içərisində İslam xalqları milli bağımsızlıqlarını qorumaqdan məhrummu qalsınlar!” (Bax: Ziya Gökalp, Türkleşmek, İslamlaşmak, Çağdaşlaşmak ve Doğru yol, İstanbul 1976, səh.92).
Müasirləşmək və İslamlaşmağı “Türkçülük” ideyasının əsas sütunları hesab edən Ziya Göyalp hər iki prinsipə Milliyətçilik baxımından yanaşmış və göstərmişdi ki, İslam aləminin son ümidi olan Osmanlı dövlətini yüz ildən bəri parçalayan mənəvi bir “mikrob” var. Bu “mikrob” indiyə qədər Osmanlılığın düşməni idi və İslamlığa böyük zərər verdi. Fəqət bu gün artıq bu “mikrob” İslamların lehinə dönərək yapdığı zərərləri ödəməyə çalışır. Bu “mikrob” Milliyətçilik düşüncəsidir... Bu düçüncə xəstəlik mikrobu deyil, ictimai bir maya idi. Bu yüzilliyin (XX əsr nəzərdə tutulur – A.M) millətlər əsri olduğunu duymadıq. Bu ictimai gücü bir az da İslamlığın, Osmanlılığın çıxarları üçün işlətməyi düşünə bilmədik. Nə isə, olan oldu. Milliyətçilik düşüncəsi İslamlığın əleyhinə nə yapmaq mümkündürsə, yapdı. Artıq bu silahı (Milliyətçilik nəzərdə tutulur-A.M.) işlətməyin sırası İslam aləminə gəldi... Çünki Milliyətçilik düşüncəsi əsarətdə olan bir xalqın müstəmləkəçilikdən qurtulması üçün işlədilən bir silahdır. Artıq İslam hökumətlərinin idarəçiliyi altında müsəlman olmayan millətlər qalmadı. Halbuki bu gün (XX əsrin əvvəlləri nəzərdə tutulur-A.M.) müsəlman xalqların çoxu müstəmləkə və dustaq vəziyyətindədir. İslam millətləri arasında isə hökmranlıq və müstəmləkəçilik bağları olmadığı üçün Milliyətçilik düşüncəsi İslamlar arasında anlaşılmazlıq çıxara bilməz. Əksinə, Milliyətçilik düşüncəsi güc qazandıqca İslamlaşmaq düşüncəsi də var olan mədəniyyət birliyini hökmləndirəcək və sağlamlaşdıracaqdır (Seçmələr bizimdir-A.M. Bax: Ziya Gökalp Türkleşmek, İslamlaşmak, Çağdaşlaşmaq ve Doğru yol, səh.89, 90, 92,93).
Ziya Göyalpa görə “Türk Milliyətçiliyi”nin adı “Türkçülük”dür. Mənalı həyatını “Türkçülük” və “Türk Millətçiliyi” məfkurəsinin həyata keçməsinə həsr edən Ziya Göyalpa görə: Türkçülük Türk Millətini yüksəltmək deməkdir. Türkçülüyün qayəsi bir Türk milli mədəniyyəti (Ziya Göyalp bunu “hars” adlandırır-A.M.) yaratmaqdır. Bu milli mədəniyyət təbii ki, Şərq, Qərb, Şimal və Cənub Türkləri üçün müştərək olacaqdır. O halda Qərb Türklərini (Türkiyə Türkləri nəzərdə tutulur-A.M.) Fransız mədəniyyətinə, Şimal Türklərinin Rus mədəniyyətinə bağlı qalanları ortadan qalxacaq. Türklərin yalnız bir mədəniyyəti olmalı və bu da özlərinin yaratdığı milli mədəniyyət olmalıdır (Ziya Gokalp, Türkçülüyün esasları, səh.16; Sadık Kemal Tural, II Meşrutiyet döneminde Türk edebiyatı, Türk dünyası, III cilt, Ankara 1992, səh.490).
Ziya Göyalp “Türkçülük” və “Turançılıq” məfkurəsini açıqlayarkən göstərmişdi ki, Türkçülükdəki yaxın məfkurəmiz “Oğuz Birliyi” olmalıdır... Oğuz Türkləri bu gün dörd ölkəyə Xarəzm, İran, Azərbaycan və Türkiyəyə yayılmış olmaqla bərabər hamısı bir-biri ilə yaxın qohumdurlar... Bu dörd ölkənin bütününə “Oğuz Eli” (Oğuzustan) adını verə bilərik. Türkçülüyün yaxın hədəfi bu böyük ölkədə yalnız tək bir kültürün hakim olmasıdır.
... Türkçülüyün uzaq məfkurəsi isə Turandır... “Turan” kəlməsi “Turlar”, yəni “Türklər” demək olduğu üçün sadəcə Türkləri içinə alan bir birliyin adıdır. O halda “Turan” kəlməsini bütün Türk boylarını ehtiva edən “Böyük Türküqstan”a aid etməmiz lazım gəlir. Türkçülərin uzaq məfkurəsi “Turan” adı altında birləşən Oğuzları, Tatarları, Qırğızları (Ziya Göyalp Başqurdları Tatar, Qazaxları isə Qırğız hesab edir-A.M.), Özbəkləri, Yakutları dildə, ədəbiyyatda, kültürdə birləşdirməkdir... Türkçülər üçün yüz milyon Türkün (Bu gün dünya Türklərinin ümumi sayı 300 milyondan artıqdır-A.M.) bir millət halında birləşməsi ən güclü bir vəcd qaynağıdır. “Turan” məfkurəsi olmasaydı, “Türkçülük” bu qədər sürətlə yayılmayacaqdı. Bununla bərabər, kim bilir, bəlkə də gələcəkdə “Turan” məfkurəsinin gerçəkləşməsi də mümkün olacaqdır.
... “Turan” məfkurəsi keçmişdə bir xəyal deyil, bir gerçək idi. Eradan 210 il öncə Hun hökmdarı Mətə Hunlar adı altında bütün Türkləri birləşdirdiyi zaman “Turan” məfkurəsi bir gerçək halına gəlmişdi. Hunlardan sonra Avarlar, Avarlardan sonra Göy Türklər, Göy Türklərdən sonra Oğuzlar (Səlcuqlar nəzərdə tutulur-A.M.), bunlardan sonra Qırğız-Qazaxlar, daha sonra Kür Xan, Çingiz Xan və sonuncu olmaq üzrə Teymur “Turan” məfkurəsini gerçəkləşdirmədilərmi”! (Seçmələr bizimdir - A.M. Bax: Ziya Gökalp, Türkçülüyün esasları, səh.25,26,27,28).
“Məfkurə gələcəyin yaradıcısıdır” – deyən Ziya Göyalp sanki bugünü görürdü. Ziya Göyalpın adını çəkdiyi Türk boylarının böyük bir qismi öz müstəqilliklərini əldə edərək dövlətlərini qurmuş, digərləri isə öz istiqlal mübarizələrini davam etdirirlər.
Ey Türk Dünyası! Sən kökündən uzun müddət uzaqlaşıb Çin dənizinə, Vyana qapılarına, Afrika qitəsinə qədər vardığın üçün “zamanın bağ qayçısı” həddən artıq uzanan budaqlarını kəsdi. Kəsdi ki, sən qocalmayıb öz kökün üzərində yenidən qol-budaq atıb böyüyəsən, Özünə dönəsən! Sən özünə qayıdanda böyük olursan. Ziya Göyalpın dediyi kimi: “Türklərin mədəniyyət əsrinə girmələri üçün yalnız keçmişlərinə dönüb baxmaları kifayərdir”.
“Böyük Türk! Sənin böyüklüyünün hüdudu yoxdur” (Atatürk)
Ruhun şad olsun!
Dostları ilə paylaş: |