Az Book Library Ziqmund Freyd



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix04.01.2020
ölçüsü1,25 Mb.
#30042
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Ziqmund Freyd - Psixoanalizlə ilkin tanışlıq


Onuncu mühazirə
YUXUGÖRMƏNİN SİMVOLLARI
Dəyərli xanımlar və bəylər! Biz yuxarıdakı danışığımızda əxlaqa uyğun olmayan
şüurdışı istəklərə qarşı çıxan senzuranın yuxugörmələri korlayıb, onu bizim üçün
anlaşılmaz elədiyini özümüz üçün aydınlaşdıra bildik. Bununla yanaşı olaraq,
yuxugörməni təkcə elə bu senzuranın korladığını da demək olmaz, doğrudan da, bir az
sonra biz bu korlanmanı doğuran başqa faktorların olduğunu da görəcəyik. Belə çıxır,
biz birdən yuxugörmənin senzurasını aradan qaldıra bilsəydik də,
yuxugörmələrimizdəki anlaşılmazlıqlar yenə də qalacaqdı, bir sözlə, yuxugörmənin
məzmunu heç vaxt onun gizli qalan anlamı ilə üst-üstə düşməyəcəkdi.
Biz yuxuyozma texnikamızın çatışmazlıqlarını araşdırmağa çalışsaq, onda
yuxugörməni korlayan bu yeni faktorun nə demək olduğunu da aydınlaşdıra bilərik.
Yuxugörməsini yozduğumuz kimsələrin sorğulanması zamanı onların
yuxugörmələrindəki bir sıra elementlərlə bağlı ağıllarına heç bir düşüncənin
gəlmədiyini deyib durduqlarını mən artıq sizə demişəm. Düzdür, bu çox vaxt heç də
onların düşündükləri kimi olmur; belə durumların çoxunda biz öz sorğulamağımızda
inadcıllıq göstərəndə onların ağlına hansısa düşüncələr də gəlir. Ancaq doğrudan da,
bir sıra durumlarda onların ağlına öz yuxugörmələrinin hansısa elementi ilə bağlı heç
bir düşüncə gəlmir, onları belə bir düşüncəyə gəlib çıxmağa sürükləyəndə isə
ağıllarına gələnlərin işimizə yaramadığı bəlli olur. Birdən bu durum psixoanaliz
metodu ilə sağaltmaq istədiyimiz xəstəni sorğulayanda baş verirsə, onda biz
psixoanalitiklər buna çox böyük önəm veririk, ancaq mən indi bununla bağlı
danışmağa gərək duymuram. İş burasındadır ki, belə bir durum sağlam adamların, elə
özümüzün yuxugörmələrimizi yozanda da baş verir. Belə durumlarda inadcıllığın
köməyi olmayanda birdən bu arzuolunmaz təsadüflərin çox vaxt yuxugörmə
elementlərinin hamısı ilə deyil, yalnız onların bəlli bir tipləri ilə bağlı olduğunu
görürsən və bundan öncə bizim yuxuyozma texnikamızın işə yaramadığını
düşündüyümüz yuxugörmə elementləri ilə bağlı yeni bir qanunauyğunluğun olduğunu
da anlamağa başlayırsan.
Belə durumlarda bu “lal” yuxugörmə elementlərini öz düşüncələrinə uyğun
olaraq yozmaq, onları öz bildiyin kimi “çevirmək” üçün şirnikirsən. Doğrudan da, bu
yolla irəliləyib, hər dəfə anlamı bəlli olmayan yuxugörmə elementi üçün özümüz
ağlabatan yozumlar tapa biləndə yuxugörmənin özü də bütövlükdə anlaşıqlı olur; bu
addımı atmayana kimi yuxugörmə anlaşılmaz olaraq qalır və onun ayrı-ayrı
elementlərinin bir-biri ilə bağlılığı pozulur. Apardığımız çoxsaylı sınaqlarla
tapdığımız bu bir-birinə olduqca uyğun gələn durumları tutuşdurmaqla biz öncə
çəkingənliklə başladığımız bu işə daha da ürəklə girişməyə başlayırıq.
Mən indi bir az sxematik danışıram, ancaq bu, yeni bir nəsnəni öyrətmək üçün
gərəkli bir yoldur və mən burada özümdən nəsə uydurmuram, yalnız baxdığımız
mövzunu bir az sadələşdirməklə daha da anlaşıqlı eləmək istəyirəm.
Beləliklə də, apardığın bu sınaqlarla bir-birinə oxşar olan bir sıra yuxugörmə
elementləri üçün üst-üstə düşən “çevirmələr (tərcümələr)” alınır, bu isə bir az, çağdaş

günümüzdə düzənlənən qondarma yuxugörmə yozumları kitabçalarında olduğu kimi,
yuxuya girən hər bir nəsnə (əşya) üçün hazır yozumların verilməsinə bənzəyir.
Unutmamısınızsa bizim yuxugörmə texnikamızda yararlandığımız yuxugörən
kimsənin sorğulanmasının gedişində yuxugörmə elementlərinin tapdığımız
əvəzedicilərinin bu cür təkrarlanması ilə qarşılaşmamışdıq.
Sizin indi dediklərimə qarşı çıxacağınızı mənim bu yeni yuxuyozma metodumun
bundan öncəki sərbəst düşüncələrin yaranmasına arxalanan sorğulama metoduna
baxanda daha az inandırıcı və mübahisəli olduğunu deyəcəyinizi bilirəm. Ancaq
mənim indiyədək dediklərimə bir sıra artırmalarım da vardır. Aparılan sınaqların
gedişində araşdırdığımız ayrı-ayrı elementlərin hər biri ilə bağlı belə ayrıca və üst-üstə
düşən, dəyişməz əvəzedicilər üzə çıxanda onda öz bildiklərinə arxalanaraq belə bir
yozumlar aparmağın da doğru olduğunu anlayırsan və bir sıra yuxugörmə
elementlərinin psixoanalitik araşdırmalar olmadan da yozula biləcəyinə inanırsan. Bu
yuxugörmə elementlərinin anlamlarının necə tapılacağını isə biz aşağıda
açıqlayacağıq.
Belə durumlarda yuxugörmənin araşdırdığımız elementi ilə onun çevirməsinin
(tərcüməsinin) belə dəyişməz bağlılığını biz simvolik asılılıq (symbolische), yuxugör-
mənin bu elementini isə onun şüurdışındakı gerçək anlamının simvolu (Symbol)
adlandıracağıq. Bir az öncə mən yuxugörmənin elementi ilə onun şüurdışındakı gizli
anlamı arasındakı asılılığın üç tipini ayırmışdım: yuxugörmənin elementi hansısa
bütövün bir kəsimi olaraq ortaya çıxır, bu elementdə həmişə bir üstüörtülük olur və o,
gerçək anlamın obrazlı görünüşü kimi gerçəkləşir. Mən onda bu asılılığın dördüncü
bir tipi də olduğunu deyib onunla bağlı danışmağı sonraya saxlamışdım. Bu, olduqca
qəribə asılılıq tipindən danışmazdan öncə biz simvollarla bağlı bir sıra özəl
baxışlarımızı açıqlayacağıq. Mənə elə gəlir, simvollar yuxugörmə ilə bağlı
nəzəriyyənin ən başlıca bölümünə çevrilə bilər və elə buna görə də onları bir az da
dərindən öyrənməyə dəyər.
Öncədən diqqətinizə bunları da çatdırmaq istərdim: simvolların çoxunun artıq
qabaqcadan bəlli olan çevirmələri (tərcümələri) olduğundan, onlar yuxugörmənin
antik və bugünkü – elmilikdən uzaq olan populyar yozumları üçün çox xarakterikdir
və bildiyiniz kimi, biz özümüzün yuxuyozma texnikamızı yaratmaqla belə
yuxuyozmalarla öz yolumuzu çoxdan ayırmışıq. Bu simvollar bir sıra durumlarda
yuxugörən kimsəni sorğulamadan onun yuxusunu yozmağımıza imkan yaradır. Onsuz
da onu sorğulasaq da, yuxugörən kimsənin bu simvollarla bağlı heç nə bilmədiyini
görəcəyik. Yuxugörmədə özünü göstərən simvolları bilməklə, yuxugörən kimsəni
yaxından tanımaqla, onun yaşadığı durumu və yuxugörmədən öncə aldığı təəssüratları
öyrənməklə biz çox vaxt çətinlik çəkmədən onun gördüyü yuxunu simvolları
anladığımız dilə “çevirməklə” yoza bilərik. Belə bir “fokus” yuxuyozanı sevindirir,
yuxusu yozulan isə bunu vurğunluqla qarşılayır; sözsüz, yuxunun belə asanlıqla
yozulması bizim yuxuyozmada yararlandığımız yorucu sorğulama texnikasına
baxanda çox əlverişli görünür. Ancaq bu sizi çaşdırmasın. Biz qarşımıza fokus
göstərmək kimi bir məqsəd qoymamışıq. Simvolları bilməyə arxalanaraq yuxunun
yozulması yuxuyozma texnikası deyil, habelə bizim yuxugörənin sərbəst
düşüncələrinin yaranması üçün yararlandığımız yuxuyozma texnikasının yerini tuta,
onunla eynigüclü sayıla da bilməz. Yuxugörməni simvollara görə yozmaq bizim
yuxuyozma texnikamıza bir əlavədir və o yalnız bizim yararlandığımız texnika ilə

birgə işləyəndə hansısa dəyərli bilgilər verə bilir. Yuxugörən kimsənin yaşadığı psixi
durumu öyrənməyə gəlincə, mən burada sizin diqqətinizi belə bir problemə yönəltmək
istərdim, yuxusunu yozmağa çalışdığınız insanlar heç də həmişə sizin yaxından
tanıdığınız kimsələr olmayacaqdır və deməli, siz onların yuxugörməsini doğuran
qıcıqların gündəlik yaşamlarındakı olaylarla bağlılığını da bilməyəcəksiniz, ona görə
də ancaq yuxugörən kimsələri sorğulamaqla və onların ağlına gələn sərbəst
düşüncələri araşdırmaqla bu insanların psixi durumlarını öyrənə biləcəksiniz.
Bir az sonra açıqlayacağımız durumun yaranması ilə bağlı olaraq, yuxugörmə ilə
şüurdışı arasında simvolik bir bağlılığın olduğunun tanınması çox böyük bir hay-küyə
gətirib çıxardı. Öz mühakimələrində heç nədən çəkinməyən, habelə psixoanalizin
keçdiyi yolda onunla uzun bir müddət üçün yoldaşlıq eləyən bir çox kimsələr də
yuxugörmədəki simvolu qəbul etməkdən boyun qaçırdılar. Onların bu yanaşması iki
baxımdan çox böyük təəccüb doğururdu: birincisi, simvolların varlığı təkcə
yuxugörmənin özəlliyi deyildir və yalnız onun üçün xarakterik sayıla bilməz, ikincisi,
yuxugörmədə simvolların olmasının tapılması heç də psixoanalitiklərin işi deyildir.
Biz bunu irəli sürənlərin ən sonuncusunu arasaq, onda o bizim çağdaşımız sayıla
biləcək, yuxugörmədəki simvollarla bağlı araşdırmalarını sistemləşdirib 1861-ci ildə
kitab şəklinə salmış filosof K.A.Şerner olacaqdır. Psixoanaliz isə yalnız Şernerin bu
tapıntısını tanımış və sözün düzünə qalsa, onu anlamca yox, bir az görünüşcə
dəyişikliyə uğradaraq öz işində yararlanmağa başlamışdır.
Elə bilirəm, siz indi yuxugörmədəki simvolların mahiyyəti ilə bağlı tutarlı sözlər
eşitmək və onunla örnəklərin araçılığı ilə tanış olmaq istəyirsiniz. Bəri başdan bu
mövzu ilə bağlı almaq istədiyimiz biliklərin yetərli olmadığını sizlərə bildirməkdən də
çəkinmirəm.
Simvolik asılılığın başlıca mahiyyəti tutuşdurmalarla bağlı olsa da, burada
istənilən tutuşdurma işə yaramır. Düşünüldüyünə görə, bir sıra obyektlərin belə tutuş-
durmalara uğrayaraq simvollar yaratmasının özəl səbəbləri var, ancaq bu səbəblərin
nə olduğu da bizə sonacan bəlli deyildir. Eləcə də, bizim başqası ilə tutuşdura
biləcəyimiz predmetlərin və proseslərin heç də hamısı simvol olaraq yuxugörməyə
qatılmır. Başqa bir yandan da, yuxugörmə ancaq simvollar üzərində qurulmur, o
yalnız yuxugörmənin bir sıra anlamı gizli qalan bəlli elementlərini simvollaşdırır.
Beləliklə də, burada hər iki tərəflə bağlı olan məhdudiyyət vardır. Habelə simvol
anlayışının nə demək olduğu konkret olaraq aydınlaşdırılmadıqca, o da yuxugörmənin
gizli qalan gerçək anlamının əvəzedicilərinə qarışır və beləliklə də, üstüörtülü işartılar
kimi ortaya çıxır. Simvolların yaranmasının özülündə dayanan tutuşdurmaların
anlamları bir sıra durumlarda açıq-aydın görünür. Ancaq belə simvollarla yanaşı,
başqaları da vardır və onları araşdıranda belə tutuşdurmaların anlamları ilk baxışdan
görünmür və buna görə də Tertium comparationis
4
tapılmasına gərək duyulur. Bizim
bu axtarışımız isə ya çox keçmədən gərəkən obyektin tapılması ilə, ya da onun bizim
üçün hələlik gizli qalması ilə sonuclanır. Ən qəribəsi isə, simvollar tutuşdurmalar yolu
ilə yaransa da, yuxugörən kimsəni sorğulayanda onun araşdırılan yuxugörmə elementi
ilə bağlı ağlına gələn əvəzedici düşüncələrinin köməyi ilə gəlib bu simvolların üstünə
çıxmaq olmur, yuxugörən kimsə öz yuxugörməsində belə bir tutuşdurmadan
yararlansa da, onunla bağlı heç nə bilmir. Bu azmış kimi, bu tutuşdurmadan yaranan
simvolu yuxugörən kimsəyə açıqlayanda o, yuxusunda belə tutuşdurmaya qapıldığını
da danmağa çalışır. Beləliklə də, gördüyünüz kimi, simvolik münasibətlər

tutuşdurmaların büsbütün fərqli bir tipidir və bunun nədən belə olduğu isə bizə
sonacan aydın deyildir. Ola bilsin, bunu aydınlaşdırmaq üçün bilgiləri biz sonrakı
araşdırmalarımızda öyrənə biləcəyik.
Yuxugörmədə özünü simvollar kimi göstərən predmetlər elə də çoxsaylı deyildir.
İnsan bədəni bütövlükdə, valideynlər, uşaqlar, qardaş-bacılar, doğuluş, ölüm, bədənin
çılpaqlığı və daha bir neçə belə şeylər simvollara çevrilib yuxugörmədə iştirak
eləyirlər. Yuxugörmələrdə insanın bədənini simvollaşdıran ən tipik görüntü evdir,
bunu ilk olaraq göstərən də yuxarıda adını çəkdiyimiz filosof Şerner olmuş və o bu
simvolu şişirdərək onu olduğundan artıq göstərməyə, yuxugörmənin ən başlıca
simvolu kimi tanıtmağa da çalışmışdır. Bəlli olduğu kimi, yuxugörmələrdə çox sıx-sıx
evin divarı ilə üzüaşağı sürüşməklə qarşılaşılır, özü də bu sürüşmə durumların birində
yuxugörənə sevinc, o birində qorxu aşılayır. Yuxugörmədə divarları bütünlüklə hamar
olan evlər kişiləri simvollaşdırır; eyvanı, balkonu olan evlər, yəni sürüşərkən nədənsə
tutmağın mümkün olduğu evlər isə qadınları simvollaşdırır. Valideynlər
yuxugörmələrdə çox vaxt imperatorlar və krallar kimi, yaxud da yüksək görəvli
kimsələr olaraq ortaya çıxırlar və belə yuxugörmələrdə bu, yüksəkdə dayanan
kimsələrə sayğı ilə yanaşılır. Yuxugörmədə uşaqlara, qardaş-bacılara incə duyğularla
yanaşılır: onlar kiçik vəhşi heyvan yavruları, yaxud da parazitlər kimi obrazlaşırlar.
Doğulma, demək olar, bütün durumlarda, necəsə su ilə bağlanır, burada ya suya
tullanırlar, ya da sudan çıxırlar, yaxud da kimisə suda batmaqdan qurtarırlar, ya da
yuxugörənin özünü suda batmaqdan qurtarırlar, bütün bunlar isə hamılıqla ana bətni
ilə bağlıdır. Canvermə – ayrılıq, dəmir yolu ilə yola çıxmaq kimi, ölüm isə çoxlu
üstüörtülü və aydın olmayan eyhamlarla, çılpaqlıq – əyninə paltar, yaxud da hansısa
uniforma geyinməklə əvəz olunur. Gördüyünüz kimi, burada simvollarla
yuxugörmədə özünü göstərən eyhamlardan doğan obrazlar az qala bir-biri ilə
eyniləşirlər.
Yuxugörmələrdə indicə sadaladığımız simvollaşan obyektlərə göz yetirəndə
burada bir oblastdan olan obyektlərin daha çox simvollaşdığı mütləq gözə çarpır. Bu
isə seksual yaşamla bağlı oblastın cinsi orqanlar, cinsi proseslər, cinsi münasibətlər
kimi obyektləridir. Yuxugörmənin simvolları arasında seksual simvolların sayı
olduqca çoxdur. Burada isə çox böyük bir uyğunsuzluq özünü göstərməkdədir.
Seksuallıqla bağlı məzmunlar azsaylı olsa da, onlarla bağlı olan simvollar çoxsaylıdır,
beləliklə də, yuxugörmələrdə özünü göstərən belə üstüörtülü seksual məzmunlardan
hər biri çoxsaylı və eynigüclü olan ayrı-ayrı simvollarla ifadə olunur. Ona görə də
belə simvollarla bağlı olan yuxuların yozulmasından çox böyük qarmaqarışıqlıqlar
yaranır. Burada yuxugörmənin çox geniş bir çevrədə baş verən və çoxsaylı olan
elementlərinin simvollardan asılılığı və onların köməkliyi ilə yozulması çox dar bir
çevrəyə qapanmaqla baş verir və olduqca monoton görünür. Belə yuxuyozmaları isə
heç də hamı bəyənmir, ancaq nə etməli, olan budur və burada bizim əlimizdən başqa
heç nə gəlmir!
Biz bu mühazirələrimizdə ilk dəfə olaraq seksual məsələlərdən danışmağa
başladığımızdan, mən ilk öncə, bu mövzu ilə bağlı sizinlə necə danışmaq istədiyimi
açıqlamaq istəyirəm. Psixoanaliz bu çox önəmli mövzunun araşdırılmasının gedişində
üstüörtülü və utancaqlıqla danışmağı yersiz sayır, burada hər şeyi olduğu kimi, doğru-
düzgün adı ilə çağırmağa çalışır və beləliklə də, konkret sonuclara gəlib çıxacağına
inanır. Burada mənim danışdığım auditoriyada hər iki cinsdən olan insanların olması

da durumu dəyişmir. Elmin kimlər üçünsə qəbulolunan formaya salınması
yolverilməz olduğu kimi, yeniyetmə qızlara öyrədilmək üçün də ayrıca bir elm yoxdur
və bu auditoriyada qadınların da olması onların elm öyrənməkdə kişilərlə bir sırada
dayanmaq istəyinin göstəricisidir.
Beləliklə də, yuxugörmə kişi cinsiyyət orqanını bir neçə simvolun köməyi ilə
göstərir və bu simvolik görünüşlərin gerçək cinsi orqanla tutuşdurulmasından,
doğrudan da, çox aydın bir bənzəyişin olduğu da görünməkdədir. Kişi cinsiyyət
orqanı ilə bağlı olan ən önəmli simvol müqəddəs 3 rəqəmi sayılır. Kişi cinsiyyət
orqanının ən gözəgəlimli və hər iki cins üçün maraqlı olan başlıca hissəsi
yuxugörmələrdə aşağıdakı kimi simvollarla əvəz olunur: ən çox ona formaca oxşayan
cisimlər şəklində, daha doğrusu, yuxarıdan sallanan uzun bir predmet kimi görünür,
örnək üçün, çubuq, çətir, dirək, ağac, habelə bunun kimi nəsnələr şəklində olur.
Burada kişi cinsiyyət orqanının daha bir simvollaşması bədənə batan, onu yaralaya
bilən predmetlər olur, daha doğrusu, istənilən itiuclu yaraqlar, bıçaq, xəncər, nizə,
qılınc, habelə, odlu silahlardan: tüfəng, tapança, formaca kişi cinsiyyət orqanına çox
oxşayan revolver yuxugörmələrdə kişi cinsiyyət orqanının simvolu kimi üzə çıxır.
Bəlli olduğu kimi, gənc qızların ən qorxulu yuxugörmələrində çox vaxt onları əlində
bıçaq, yaxud odlu silah olan kişilər izləyirlər. Dediyimiz bu örnək, yuxugörmələrdə ən
çox üzləşilən və simvolik anlamını sizin də çox asanlıqla anlaya bildiyiniz
durumlardan biridir. Kişi cinsiyyət orqanının simvolu olaraq içindən su tökülən
predmetlərin götürülməsi də anlaşılandır, bunlara örnək olaraq, su kranını, susəpəni,
fontanı göstərmək olar, bundan başqa da, uzanıb qısala bilən predmetlərdən, tutalım,
asma lampa, uzanıb sonra içinə yığılan karandaş kimi fiqurlar da belə simvollara
çevrilə bilirlər. Bəlli oxşarlıqlara görə, karandaşlar, qələmlər, dırnaq üçün yeyələr,
çəkiclər və başqa bir sıra alətlər də kişi cinsiyyət orqanının simvolu kimi özünü
göstərə bilir.
Kişi cinsiyyət üzvünün çox gözəçarpacaq bir özəlliyi onun qalxaraq lazımi yönü
tutması və geriyə dartına bilməsi (bu, cinsi orqanın ereksiyası, yəni cinsi əlaqəyə
canatması zamanı olur) bu günümüzdə onun hava şarı, aeroplan, ən son dönəmdə isə
dirijablla simvollaşdırılmasına da gətirib çıxarmışdır. Ancaq yuxugörmə ereksiyanı
başqa cür, daha qabarıq formada simvollaşdıra da bilir. O, insanın özünü cinsi orqanı
ilə eyniləşdirir və bundan sonra insanı yuxuda uçmağa məcbur eləyir. Siz eşitdiyiniz
bu yeniliyi ürəyinizə salıb üzülməyin, ancaq hamımıza bəlli olan bu, insanların
uçduğu yuxugörmələr, doğrudan da, cinsi ehtirasların coşması, ereksiyanın başlaması
kimi yozulmalıdır. Araşdırıcı-psixoanalitiklərdən P.Federn 1914-cü ildə çap elədiyi
yazılarında belə bir yozumun tam doğru olduğunu sübut eləmişdir, habelə elmi
araşdırmalarında ən kiçik detallara kimi varmağı ilə seçilən Mourli Vold,
psixoanalitika ilə bağlı heç bir bilgisi olmadan, yuxugörmələrlə bağlı çoxlu sınaqlar
aparmış, yuxugörmədə əl və ayaqların gözəçarpan görüntüləri ilə bağlı apardığı
yozumların sonunda yuxugörmə zamanı uçmağın biz dediyimiz yozumuna gəlib
çıxmışdır. Siz burada mənim dediklərimi danmaq üçün qadınların da yuxuda
uçduqlarını deyə bilərsiniz. Elə isə, yuxugörmələrin insan istəklərinin
gerçəkləşməsindən yarandığını bir də yadınıza salıram və elmi araşdırmalarla
qadınların çox vaxt şüurlu və ya şüurdışındakı istəklərində kişi olmaq arzusunun yer
aldığının sübut olunduğunu da artıq bəlli bir fakt kimi diqqətinizə çatdırıram. İnsanın
anatomiyasını yaxşı öyrənən kimsələrin bildiyi kimi, qadınların da öz seksual

istəklərini kişilər sayağı yerinə yetirə bilmək imkanları vardır. Qadınların cinsiyyət
üzvlərində də kişi cinsiyyət orqanına oxşar, klitor adlanan bir orqan vardır, bu kiçik
orqan qadınlar uşaqlıq yaşlarında olanda və cinsi yetkinlik yaşına yaxınlaşanda
kişilərin cinsi orqanlarının oynadığı rolu oynaya bilir.
Kişilərin cinsi orqanlarının sürünənlərin və balıqların, ən çox da ilanların
örnəyində simvollaşması anlaşılmaz görünür. Eləcə də, şlyapa ilə paltonun kişi
cinsiyyət orqanının simvolu olduğu sübut olunsa da, bunun nədən belə olduğu çətin
anlaşılır. Bu araşdırmaların gedişində belə bir sual da yaranır: yuxugörmədə kişi
cinsiyyət orqanı başqa orqanlarla, tutalım, əllə, yaxud ayaqla simvollaşa bilərmi?
Mənim düşüncəmə görə, yuxugörmənin gedişinin araşdırılması və qadınların
yuxugörmələrində üzləşdiyimiz uyğunluqlar bizi istər-istəməz bunu təsdiqləməyə
gətirib çıxarır.
Qadınların cinsi orqanları fəza hissəsinin məhdudlaşdırılmasından yaranan və
içərisinə nəyisə qəbul eləmək özəlliyi olan predmetlərin köməyi ilə simvollaşdırılır.
Bunlara örnək olaraq, mədən şaxtası, çuxur, mağara, habelə qab, butulka, qutu,
tütünqabı, çamadan, banka, yeşik, paltarın cibi kimi predmetləri göstərmək olar. Gəmi
və qayıqlar da bu sıradandır. Bu simvolların çoxu qadının cinsi orqanı ilə yox, uşaqlıq
borusu ilə bağlı olur, bunlara örnək olaraq şkafı, sobanı və ən başlıcası otağı
göstərmək olar. Otağın simvollaşması evin simvollaşması ilə uyğunlaşır, buradakı
qapı və darvaza cinsiyyət orqanının deşiyini simvollaşdırır. Müxtəlif materiallar da
qadınlıq simvolu ola bilər, ağac, kağız və ya onlardan düzəldilmiş stol və kitab kimi
predmetlər bu sıradandır. Canlılardan ilbiz və molyusklar qadınlığı simvollaşdırırlar;
insanın bədənində ağız cinsi orqandakı deşiyə uyğun sayılaraq simvollaşır, tikililərdən
kilsə və kiçik məbədlər də qadın cinsi orqanını simvollaşdırır. Gördüyünüz kimi, bu
simvolların heç də hamısı, ilk baxışdan, eyni dərəcədə aydın deyildir.
Qadının döşləri və yanbızları da cinsi orqan kimi qavranıldığından, onların da
yuxugörmədəki simvollarına diqqət yetirməyə dəyər, bu orqanlar burada alma, şaftalı
və bu kimi meyvələrin köməyi ilə təsvir olunub simvollaşdırılır. İstər qadının, istərsə
də kişinin cinsi orqanlarındakı tüklər yuxugörmələrdə meşə və kolluq kimi tanıdılır
(təsvir olunur). Qadının cinsi orqanlarının yerləşməsində özünü göstərən mürəkkəblik
çox vaxt onun yuxugörmələrdə qayalıq yer, meşəlik və bataqlıq kimi simvollaşmasına
gətirib çıxarır. Kişilərin cinsi orqanlarının işləmə mexanizmindəki cəlbedicilik isə
onların çətin idarə olunan mürəkkəb maşınlar kimi təsviri ilə sonuclanır.
Qadın cinsi orqanlarının simvollarından bəzək şeyləri yığılan mücrünü də
xatırlamağa dəyər; bununla yanaşı olaraq, yuxugörmədə daş-qaş və xəzinə sevgili
qadının üzünü; şirin şeylər cinsi əlaqədən alınan ləzzəti simvollaşdırır. Cinsi
duyğularının ödənilməsindən alınan həzz isə müxtəlif əyləncəli oyunlarla təsvir
olunur, bunlardan biri də fortepianoda çalmaqdır. Onanizmin yuxugörmələrdəki tipik
təsviri sürüşmək və yumbalanmaq, habelə ağacın budağını sındırmaq kimi olur. Bu
olayla bağlı gözəçarpan simvollardan biri də dişin düşməsi və ya çıxarılmasıdır. Bu
isə onanizmin cinsi gücsüzlüyə gətirib çıxaracağı ilə bağlı aşılanan düşüncələrdən
qaynaqlanır və onanizmin axtalanmaqla cəzalandırılması anlamına gəlir. Cinsi
orqanlarla bağlı belə çoxsaylı simvolların olmasına baxmayaraq, cinsi əlaqənin özünü
simvollaşdıran təsvirlər yuxugörmədə olduqca azsaylıdır. Cinsi əlaqəni simvollaşdıran
təsvirlərə örnək olaraq, ritmik hərəkətləri, tutalım, rəqs eləməyi, yorğalayan at
üstündə gəzməyi, yoxuşa qalxmağı, habelə zorakılıqla üzləşməyi, tutalım, nəyinsə

altında qalıb əzilməyi göstərmək olar. Buraya sənətkarlıqla bağlı işlər və silahla
qorxudulma da daxildir.
Siz yuxugörmələrdə bu simvollardan yararlanmanın və sonradan onların gerçək
anlamlarının yozularaq tapılmasının çox da sadə bir iş olduğunu düşünməyin.
Buradakı proseslərdə istənilən təsadüflər də ola və bizim gözləntilərimizin əksi də baş
verə bilər. Örnək üçün, necə inanılmaz görünsə də, bu simvolik təsvirlərdə çox vaxt
cinsi fərqlər bir-birindən kəskin ayrılmır. Elə simvollar da var, onlar qadın, yoxsa kişi
cinsi orqanı olmasına fərq qoymadan, ümumilikdə cinsi orqanları simvollaşdırır,
bunlara örnək olaraq, körpə uşaq, kiçik oğlan və ya qız uşaqlarını göstərmək olar.
Başqa bir durumda isə kişi cinsi orqanı üçün xarakterik olan simvol qadın cinsi
orqanının simvoluna çevrilə bilər və bunun tərsi də ola bilər. Bütün bunları
yuxugörməsini araşdırdığımız insanların seksual özəlliklərini dərindən bilmədən ayırd
eləmək olmur. Bir sıra durumlarda isə simvolların belə ikili anlam daşıması bizə
yanlış olaraq belə görünür; araşdırmaların göstərdiyi kimi, cinsi orqanlarla bağlı ən
gözəçarpan simvollardan silah, cib və yeşik kimi təsvirlər heç vaxt biseksual
(ikicinsli) özəlliyi olan adamların yuxugörmələrində cinsi simvollar kimi özünü
göstərmir.
Mən indi yuxugörmədəki təsvirlərin hansı simvollardan necə asılı olduğundan
deyil, simvolların bu təsvirlərin yaranmasına göstərdiyi təsirlərdən danışmaq
istəyirəm, beləliklə də, seksual simvolların ən çox götürüldüyü oblastlara göz
gəzdirməklə, necə yarandığı sonacan bəlli olmayan bir sıra seksual simvollara diqqət
yetirmək istəyirəm. Belə qaranlıq qalan simvollardan biri şlyapa, ümumilikdə
götürsək, kişi papağıdır, bir sıra durumlarda qadın papaqları da bura aid ola bilir. Elə
bunun kimi, palto da həmişə kişiliyi (ancaq təkcə seksual baxımdan yox!)
simvollaşdırır. Siz bunun niyə belə olduğunu ürəyiniz istədiyi qədər sorğulaya
bilərsiniz, ancaq bu sorğunuza hansı cavabı alacağınızı öncədən demək çətindir.
Qadınların taxmadığı, boyundan üzüaşağı sallanan qalstuk açıq-aydın kişilik
simvoludur. Alt paltar, kətan parça qadınlığı simvollaşdırır; paltarın, uniformanın
çılpaqlığın, bədənin formasının, ayaqqabı ilə çəkmənin isə qadın cinsi orqanının
simvolu olduğunu artıq eşitmisiniz. İstənilən pilləkən və nərdivanlar, habelə onlarla
qalxmaq, sözsüz olaraq, cinsi əlaqədə olmağın simvoludur. Bir az düşünsək, doğrudan
da, pilləkən və nərdivanla qalxmağın, habelə bu zaman aradabir dayanıb nəfəs
dərməyin, cinsi ehtirasın artıb coşması və cinsi əlaqənin baş verdiyi zaman yaranan
ritmik hərəkətliliyin arasında oxşarlığın olduğunu görmək olar.
Biz artıq yuxugörmədəki alçaq-hündürlüyü ilə gözə çarpan yer səthinin
(landşaftın) qadın cinsi orqanını simvollaşdırdığını demişdik. Dağ və qaya isə kişi
cinsi orqanının simvoludur; yuxugörmədə sıx-sıx rast gəlinən bağ qadın cinsi
orqanının simvoludur. Meyvə isə doğulan uşağın yox, qadının döşlərinin simvoludur.
Yırtıcı heyvanlar isə cinsi ehtirası coşmuş insanların, habelə başqa qaba istəklərə
qapılmış kimsələrin simvoludur. Çiçəkləmə və çiçək qadın cinsi orqanının
simvoludur, bir sıra durumlarda isə bu, bakirəliyi simvollaşdırır. Burada çiçəklərin,
doğrudan da, bitkilərin cinsi orqanları olduğunu xatırlamağa dəyər.
Otağın nəyin simvolu olduğu artıq bizə bəllidir. Burada daha kiçik detallara da
varmaq olar: pəncərələr və başqa giriş-çıxış üçün olan yerlər insan bədənində olan
deşiklərin simvoludur. Burada otağın qapısının bağlı, yoxsa açıq olması da bir
simvoldur və bu zaman qapını açan açar kişilik simvoludur.

Yuxugörmənin simvolları ilə bağlı əlimizdə olan materiallar indilik bunlardır.
Bunlar hələlik yarımçıqdır, onları dərinləşdirməyə və genişləndirməyə gərək duyulur.
Ancaq mənə elə gəlir, tanış olduğunuz materiallar da sizin üçün yetərlidir və ola
bilsin, onların sadalanması artıq sizi bezdirmişdir. Siz bu materiallarla tanış olandan
sonra özünüzdən soruşacaqsınız: doğrudanmı, mən burada deyildiyi kimi, seksual
simvolların arasında yaşayıram? Doğrudanmı, yan-yörəmdəki bu predmetlər – əynimə
geyindiyim paltarlar, əlimdə tutduğum şeylər hamısı seksual simvollardan başqa bir
şey deyilmiş? Anlaşılmazlıqdan doğan belə soruların ortaya çıxması təbiidir və bu
sorğulardan, elə bilirəm, ən önəmlisi belə olacaqdır: yuxugörənin özü bu simvollarla
bağlı heç nə bilmirsə və ya sorğulananda bunlarla bağlı olduqca az bir bilgi verə
bilirsə, onda yuxugörmənin simvollarının daşıdığı bu anlamlar bizə haradan və necə
bəllidir?
Bu sorğunuza mənim cavabım belədir: bunlar bizə çoxlu qaynaqlardan bəllidir.
Bunların sırasında: nağıllar və mifləri, folklorda qarşılaşdığımız zarafatları və
lətifələri, habelə əxlaqla bağlı deyimləri, atalar sözlərini, xalq mahnılarını, poetik və
gündəlik danışıq dilindəki deyimləri göstərmək olar. Burada yuxarıda danışdığımız
simvollar ilə addımbaşı qarşılaşırıq və onları çox vaxt çətinlik çəkmədən anlayırıq.
Biz birdən dediyimiz bu qaynaqları dərindən öyrənib araşdırsaq, onda burada
yuxugörmənin simvolları ilə olduqca çoxlu paralellər tapacaq və bununla da,
yozumlarımızın doğruluğuna bir daha inanacağıq.
Biz Şernerin araşdırmalarına dayaqlanaraq, yuxugörmələrdə insan bədəninin evlə
simvollaşdırıldığını demişdik. Bu təsvirlərə bir az da dərindən baxsaq, onda pəncərə,
qapı, darvaza kimi təsvirlərin insan bədənində olan daxilə yönəlik dəliklərin
simvolları olduğunu aydınlaşdıra bilərik, burada, habelə evin çöl divarları ya
bütünlüklə hamar, ya da yapışıb dayana bilmək üçün olan eyvanlı və ya balkonlu olur.
Belə simvollar bizim danışıq dilimizdə də sıx işlənir, örnək üçün, loru danışıqda biz
köhnə tanışımızı altes Haus (köhnə xarabalıq) deyə çağırırıq, yaxud kimisə vurmağa
aus Dachl (günbəzinə) daş çalmaq deyirik və ya başı pozulmuş adamla bağlı
Oberstübchen (evinin damı uçulub) söyləyirik. Anatomiyada isə, bildiyiniz kimi,
bədənin dəlikləri birbaşa Leibespforten (bədənin qapıları) adlanır.
Valideynlərin yuxugörmələrdə imperatorla, imperator xanımı, yaxud da kralla,
kral xanımı kimi görünməsi ilk baxışda təəccüblü görünür. Ancaq nağıllarda buna
uyğun gələn oxşarlıqlar çoxdur. Nağılların bir çoxunun başlanğıcında deyilən: biri
vardı, biri yoxdu, bir kralla onun xanımı vardı deyimi çox vaxt bizim
düşüncələrimizdə: biri vardı, biri yoxdu, bir ata ilə ana vardı kimi qavranılmırmı?
Ailədə zarafatla uşaqları prins adlandırmaq da, böyük uşağa isə Kronprinz (vəliəhd)
demək də bu sıradandır. Bəlli olduğu kimi, krallar da elə özlərini xalqın atası
adlandırırlar. Nağıllarda kiçikyaşlı uşaqların soxulcana oxşadılmasını da xatırlamaq
yerinə düşərdi, birdən öz uşağının hansısa durumuna acıyan valideynlərin onu
“mənim yazıq soxulcanım” deyə çağırmaları da olur.
Gəlin yenidən ev simvolunun üzərinə qayıdaq. Evin çöl divarı ilə sürüşüb, sonra
onun eyvan və ya balkon kimi çıxıntılarından yapışıb dayanmaq kimi yuxugörmələri
ananda, bu sizə, xalq içində iri döşləri olan qadınlarla bağlı deyilən “bunun yapışıb
dayanmağa nəyisə var” sözünü xatırlatmırmı? Xalq arasında ətli-canlı qadınlarla bağlı
başqa bir deyim də vardır: Sie hat viel Holz vor dem Haus (bu qadının evinin

qarşısında çoxlu oduncağı var). Gördüyünüz kimi, bu xalq deyimi də ağacın qadınlıq-
analıq simvolu olması ilə bağlı dediyimiz sözün doğruluğunu göstərir.
Ağacla bağlı bir-iki söz də demək istəyirəm. Ağacın qadınlıq-analıq simvoluna
necə çevrilməsi bizim üçün aydın deyildir. Ona görə də, gəlin, filoloji-tutuşdurma
metoduna üz tutaq. Almancadakı Holz (ağac) sözü əski yunan dilindəki “material”,
“xammal” anlamı verən sözdən yaranmışdır. Burada biz çoxluğun onun geniş
yayılmış bir elementi ilə tanıdılması durumu ilə üzləşirik, beləliklə də, baxdığımız
durumda material kimi çoxanlamlı bir nəsnə, onun bir elementi olan ağac adı altında
qavranılır. Okeanda Madeyra adında bir ada vardır. Bu adanı tapan portuqallar, sıx
meşəliklə örtüldüyünə görə, bu adanı belə adlandırmışlar. Madeira portuqalcada meşə
deməkdir. Ancaq bu madeira sözünün latıncadakı materiya sözünün yüngülcə
dəyişikliyə uğramasından yarandığını və material sözünü anlatdığını sezmək, məncə,
sizin üçün çox da çətin deyildir. Materiya sözü isə, bəlli olduğu kimi, mater – ana
sözündən törənmişdir. Göründüyü kimi, burada material ondan düzəldilən
predmetlərin anası kimi qavranılır. Beləliklə də, əski çağ insanlarının düşüncəsində
özünə yer eləmiş bu qavrayış indi də öz varlığını sürdürməkdədir.
Doğuluş yuxugörmələrdə həmişə su ilə bağlanır: suya atılmaq və ya sudan
çıxmağın anlamı doğmaq və doğulmaqdır. Bu simvol insanlığın inkişaf tarixinin
gedişinə baxanda özünü ikiqat doğruldur. Bəlli olduğu kimi, bütün məməlilərin, o
sıradan insanın da soykökündə dayanan heyvanlar öz başlanğıclarını suda yaşayan
heyvanlardan götürmüşlər, ona görə də bu simvol ilk öncə bu gerçəyi özündə əks
etdirir, daha sonra insan embrionunun ana bətnində maye mühitdə böyüməsi və
doğulanda bu mayedən çıxması da bu simvolda öz əksini tapır. Mən yuxugörənin
bütün bu elmi baxışlarla tanış olduğunu sanmıram, əksinə, onun belə bir biliyi
olmadan da bu sayaq yuxular görə biləcəyini düşünürəm. Onun yuxugörməsində belə
bir simvolun yaranması isə, görünür, ona uşaqlıqda danışılan bir miflə bağlıdır, mən
indi o mifi burada xatırladacağam. Ola bilsin, bu yuxugörən kimsəyə uşaqlıqda
körpələri leyləklərin gətirib gəldiyini danışmışdılar və onda belə bir sorğu da
yaranmışdı: leylək onları haradan tapıb gətirir? Bu sorğuya cavab olaraq, çox vaxt
böyüklər leyləyin bu körpələri quyudan, yaxud da nohurdan tapıb gətirdiyini deyirlər.
Mənim xəstələrimdən birinin dediyinə görə, uşaqlıq çağında ona bu mifi danışandan
sonra o, evdən qaçıb yaxınlıqdakı nohura getmiş, bir neçə saat üzünü suya dayayaraq
orada körpə uşaqları axtarmışdı, sonra böyüklər onu güclə axtarıb taparaq evə
aparmışdılar.
Qəhrəmanların doğulması ilə bağlı bu günümüzə gəlib çatan miflərdən ən
birincisi bizim eradan 2800 il öncəyə gedib çıxan Aqadanın çarı Sarqonla bağlıdır. Bu
miflər O.Rank tərəfindən tutuşdurma yolu ilə araşdırılmış və buradakı durumların
çoxunda qəhrəmanların doğulmasının suya atılma və sudan çıxarılma ilə
simvollaşdırıldığı bəlli olmuşdur. Rank bu araşdırmalarında yuxugörmədəki doğma və
doğulmanın da buna uyğun olaraq simvollaşdırıldığını sübut eləyə bilmişdir. Kimsə
yuxugörmədə birisini sudan çıxarırsa özünü onun anası kimi qavrayır; miflərdə
uşaqları sudan çıxaran kimsələr də onların gerçək anaları sayılırlar. Çoxunuzun
eşitdiyi bəlli lətifədə çoxbilmiş yəhudi oğlan uşağından Musanın anasının kimliyini
soruşurlar. O düşünmədən Musanın anasının fironun qızı olduğunu deyir. Soruşanlar
deyirlər: axı fironun qızı onu yalnız sudan çıxarmışdı. Uşaq deyir: yoxsa

düşünürsünüz, fironun qızı bic doğduğunu boynuna alacaqdı? Beləliklə də, xalq
uşağın dili ilə mifin gerçək anlamını açıqlayır.
Yola çıxmaq yuxugörmələrdə canvermə ilə ölümü bildirir. Bildiyiniz kimi,
kiminsə ölümünü uşaqlardan gizlətmək üçün onlara ölən kimsənin uzaqlara getdiyini
deyirlər. Bir çoxları yuxugörmələrdə ölümün uzaq yola çıxmaq kimi
simvollaşdırılmasının uşaqların başını aldatmaq üçün düşünülmüş bu üsuldan
qaynaqlandığını düşünürlər, ancaq mən bu düşüncənin kökündən yanlış olduğunu
sanıram. Baxın, şairlər də eyni ilə bu simvolikadan yararlanır, o dünya ilə bağlı
yazanda onu heç bir yolçunun gedib-qayıtmadığı bir ölkə kimi təsvir eləyirlər.
Gündəlik yaşamımızda biz də ölümə sonuncu yola çıxmaq deyirik. Əski çağların
adətlərinin biliciləri bunu yaxşı bilirlər: uzaq keçmişlərdə yaşayan insanlar ölənləri
hansısa ölülər ölkəsinə yola saldıqlarını düşünür, onların qəbirlərinə yola çıxmaq üçün
lazım olan sursatları gen-bol qoymağa çalışırdılar. Bunun ən parlaq örnəklərini əski
Misir dəfn mərasimlərində görmək mümkündür. Əski Misirin inanclarından danışan
“Ölülər kitabı” adlı yazıların bizə gəlib çatan parçalarında mumiyaların uzaq yola
çıxdıqları və onların yoluna qoyulmalı olan şeylər geniş təsvir olunur. İnsanlığın
tarixində haçandan ölüləri öz evlərində deyil, ayrıca qəbiristanlıqlarda basdırmağa
başlamışlarsa, elə o çağlardan da başlayaraq ölən kimsələrin basdırılması onların
sonuncu yola çıxmaları sayılmağa başlamışdır.
Cinsi orqanların simvollaşması da yalnız elə yuxugörmələrin özəlliyi deyildir.
Sizin istənilən birinizin özündən çıxıb hansısa qadını alte Schachted (köhnə kalafa)
adlandırdığınız anlar olur, dediyiniz bu sözün cinsi orqanla bağlı olan simvol
olduğunu isə çox vaxt bilmirsiniz. İncildə isə cinsi orqanın simvollaşması ilə bağlı
belə bir söz var: qadın kövrək saxsı qabdır. Yəhudilərin müqəddəs kitabları poetik bir
dillə yazıldığından, burada çoxlu seksual simvollardan da yararlanmışlar və belə
deyimlər sonradan çox vaxt düzgün anlaşılmadığından, bu kitabların yozumunda
çoxlu yanlışlıqlara yol verilməsinə gətirib çıxarmışdır. Elə “Mahnılar mahnısı”
adlanan kitabın bizim çağa gəlib çıxmış nüsxəsindəki çoxlu anlaşılmazlıqlar da buna
görədir. Yəhudilərin daha sonrakı kitablarında qadının ev kimi təsvir olunması çox
geniş yayılmış, evin qapısı isə onun cinsi orqanının dəliyi kimi simvollaşmışdır. Belə
kitablarda birdən ərə gedən qız bakirə deyilsə, onunla evlənən kişi belə gileylənir:
evimə gəlib qapının açıq olduğunu gördüm. Bu kitablarda qadının stolla
simvollaşdırılması ilə də üzləşilir. Örnək üçün, qadın öz əri ilə bağlı deyir: mən onun
üçün stol açmışdım, o isə götürüb stolu çevirdi. Bu kitablarda topal uşaqların
doğulmasını da kişilərin sekslə düzgün məşğul olmayıb, stolu ağzı üstə çevirməsi ilə
bağlayırlar. Dediyim bu faktları mən Bryunnlu L.Levinin 1914-cü ildə çap olunmuş
“Bibliya və Talmudda seksual simvolikalar” kitabından götürmüşəm.
Gəmi və qayıqların qadını simvollaşdırması da bu sözlərin əski çağlardakı
deyilişinin etimologiyasından bəlli olur. İlk gəmiləri (Schiff) gil qablar
adlandırmışdılar, bu isə həm də şişək – dişi qoyun (Schaff) anlamında işlənmişdir.
Korinfli Periandr və onun xanımı Melisse ilə bağlı əski çağ yunan mifində qadın və
onun uşaqlığı (matka) peçlə simvollaşdırılır. Herodotun yazdığına görə, Periandr
qısqanclığa uyub öldürdüyü sevimli xanımının Ölülər dünyasındakı kölgəsini çağırıb
ondan bir sıra bilgilər almaq istəyəndə Melissanın kölgəsi yalnız onunla ərinə bəlli
olan bir olaya eyham vurub deyir: sən, Periandr, mənimlə yaşayanda öz çörək
kündələrini yanmayan sobada bişirmək istəmişdin. F.S.Kraussun çap elətdirdiyi

“Anthropophyteia” toplusunda müxtəlif xalqların cinsi yaşamları ilə bağlı olduqca
dəyərli bilgilər yer almışdır; bu kitabın bir yerində, Almaniyanın bir bölgəsində uşaq
ziyan eləmiş qadınla bağlı belə bir deyimin olduğu göstərilir: Onun sobası uçulub
dağıldı. Ocaq qalamaq və onunla bağlı olan çoxlu işlərin seksual simvollarla qırılmaz
bağlılığı vardır. Burada ocağın alovu kişinin, ocağın özü isə qadının cinsi orqanı
olaraq simvollaşdırılmışdır.
Yuxugörmələrdə çox vaxt qadın cinsi orqanının torpaq landşaftı kimi verilməsi
sizə anlaşılmaz görünürsə, onda mifologiyaya üz tutaraq, əski çağ mədəniyyətlərində
yerin anaya bənzədilməsi və əkinçilikdə torpağın da qadın kimi, törəyişin qaynağı
olması ilə bağlı saysız təsvirlərə göz yetirib, bu mövzunu özünüz üçün aydınlaşdıra
bilərsiniz. Yuxugörmədə otağın (Zimmer) qadını (Fraunzimmer) simvollaşdırmasını
aydınlaşdırmaq üçün siz dilimizdə Frau yerinə bu Frauenzimmer sözünün də
işlənməsinə baxa bilərsiniz. Göründüyü kimi, burada insan kimliyi onun yaşadığı
sığınacaqla eyniləşdirilmişdir. Elə bunun kimi də, biz türk sultanının sarayını Böyük
Liman adlandırırıq, eləcə də, əski Misir dilində firon sözü “böyük həyət” anlamı
vermişdir (Əski çağ Yunanıstanında insanların toplaşma yeri bazar meydanları
olmuşsa da, Əski çağ Şərq ölkələrində bu yer üçün ikiqat qapısı olan böyük saray
həyəti seçilmişdir). Mənə elə gəlir, bu mövzuya bir az dərindən yanaşmaqla çoxlu
ağlabatan sonuclara gəlib çıxmaq olar. Məncə, otağın öz içində insanı saxlaya bilməsi
özəlliyi onun insanları öz bətnində saxlayaraq dünyaya gətirən qadının simvoluna
çevrilməsinə gətirib çıxarmışdır. Bildiyimiz kimi, çox keçmişlərdən “ev” sözü qadın
anlamlı simvola çevrilmişdir; ancaq mifologiya və poetik deyimlərdən biz qadını
simvollaşdıran: şəhər, qəsr, saray, qala kimi terminləri də görürük. Bu məsələni
dərinliyinədək araşdıra bilmək və qadınlıqla bağlı olan simvolların birbaşa qadınlıq
anlamı bildirən sözlər kimi işlənməsinin başqa dillərdə hansı durumda olduğunu
öyrənmək üçün biz gərək almanca bilməyən və anlamayan kimsələrin
yuxugörmələrini də araşdıraq. Mən son illər çoxlu sayda alman dilini bilməyən xarici
vətəndaşları müalicə eləmişəm və onların dilində almancada olduğu kimi simvolun
birbaşa dilə keçidi ilə bağlı nəsə tapa bilməmişəm. Ancaq bunun tərsi də olur və bir
çox simvolların bir-birinə yad olan başqa-başqa dillərdə eyni olması ilə bağlı örnəklər
də vardır. Belə faktları yuxugörmənin keçmiş araşdırıcılarından Şubert 1814-cü ildə
çap elətdirdiyi kitabında göstərmişdir. Mən isə xarici vətəndaşlar olan çoxsaylı
xəstələrimin danışdığı dillərdə işlənən simvolların bizim dilimizdəki simvollar
arasında uyğunluqlar tapa bilmədiyimi deyə bilərəm və görünür, bu məsələni sonacan
aydınlaşdıra bilmək üçün başqa dillərdə danışan xalqların arasında yayılmış belə
simvolları toplayıb bu yöndə araşdırmalar aparmaq psixoanalitiklərin görməli olduğu
önəmli işlərdən biri sayılmalıdır.
Kişi cinsi orqanının simvollarından, demək olar, hamısı zarafat içində, loru dildə
və əski çağ şairlərinin şeirlərində poetik dillə işlənmişdir. Onların arasında
yuxugörmədə rast gəlinən simvollardan başqaları da vardır, örnək üçün, folklorda və
poetik deyimlərdə kişi cinsiyyət orqanını müxtəlif əmək alətləri ilə, ən çox da kotanla
simvollaşdırmışlar. Bir sözlə, kişiliyin simvollaşdırılması ilə bağlı oblast çox genişdir
və burada qızğın söz dartışmalarına gətirib çıxaran durumlar da olduqca çoxdur,
ancaq biz vaxt qıtlığına görə bu məqamlara diqqət yetirməkdən çəkinməli olacağıq.
Ancaq yenə də bu simvollardan qopub ayrılan birisi, “üç” simvolu ilə bağlı bir-iki söz
demədən keçmək istəmirəm. Bu ədədin müqəddəslik statusu qazanmasının onun

seksual simvol olması ilə bağlı olub-olmadığı hələlik sonacan aydınlaşdırılmamışdır.
Ancaq sözsüz, təbiətdə olan başqa üçbölümlü bitkilərin, örnək üçün, üçyarpaq
yoncanın gerb və emblem kimi işlədilməsində “üç” rəqəminin seksual simvol
olmasının təsiri duyulmaqdadır. Gerblərdə və emblemlərdə geniş yer alan fransız
zanbağı da üçbölümlüdür, ən ilginci isə bir-birindən çox uzaqda yerləşən Siciliya ilə
Men adalarının ikisinin də gerbinin eyni olmasıdır. Bu gerblərdə təsvir olan Trisreles
(bir nöqtədən çıxan üç yarımbükülü ayaq) də, görünür, kişi cinsi orqanına oxşadılaraq
yaranmışdır. Uzaq keçmişlərdə insanlar kişi cinsi orqanına oxşar tilsimləri
boyunlarından asar və onların yaman güclərdən qoruyan ən kəsərli vasitə olduğuna
inanardılar. Elə bugünkü tilsimli sayılan belə amuletlərdə də cinsi orqana oxşarlıqlar
tapmaq mümkündür. Bu günümüzdə insanların üstlərində gəzdirdiyi belə amuletlərdə
dördyarpaqlı yonca, donuz, göbələk, nal, nərdivanla gəzən buxarıtəmizləyən təsvir
olunur. Dördyarpaqlı yonca özlüyündə elə üçyarpaq yoncanın abstraktlaşmış
təsviridir; donuz törəyib artmanın ən əski simvollarından sayılır; göbələk isə birbaşa
kişi cinsi orqanının simvoludur. Göbələklər arasında kişi cinsi orqanına çox bənzəyən
bir növü bioloqlar elə bu orqanın adı ilə, Phallus impudicus adlandırmışlar; nal qadın
cinsi orqanının dəliyinə bənzədilir; nərdivan gəzdirən buxarıtəmizləyənə gəlincə, xalq
arasında işlənən loru dildə onun gördüyü işin cinsi əlaqəyə oxşadılması bəllidir. Onun
gəzdirdiyi nərdivana seksual simvol kimi baxılmasını isə biz bir az öncə demişdik:
bunun niyə belə olduğunu anlamaqda bizə alman dilində seksual anlam daşıyan
steigen (qalxmaq) sözü yardım eləyə bilər. Alman dilindəki Den Frauen nachsteigen
(qadına sarmaşmaq) və qadın düşkünü anlamında işlənən ein alter Steiger (arxasınca
sürünmək) deyimlərindəki “sarılmaq” və “asılmaq” anlamı verən sözlər də nərdivan
simvolunun seksuallığına aydınlıq gətirə bilər. Fransız dilində pilləkənə la marche
deyirlər, qadın və əyləncə düşkünləri üçün anlamca pilləkənlə bağlanan un vieux
marchuer sözü işlədilir. Bütün bu qalxmaqla bağlı sözlərin seksual simvollarda
işlənməsi, görünür, cinsi əlaqə zamanı erkəklərin dişilərin üzərinə qalxması (steigen,
besneigen) ilə bağlı olaraq yaranmışdır.
Onanizmin budağın qırılması ilə simvollaşdırılması təkcə elə loru dildə işlənən
bir söz olaraq qalmır, habelə bu deyimin kökü çox uzaq mifik baxışlara gedib çıxır.
Bəlli olduğu kimi, keçmişlərdə yeniyetmələri onanizmdən çəkindirmək üçün
onanizmin kişilik gücünü itirməyə gətirib çıxardığını demiş, bu işə qoşulanları
axtalamaqla qorxutmuşlar, habelə onanizmlə məşğul olanların dişlərinin düşməsi və
ya çıxarılması ilə bağlı danışıqlar da folklorda özünü göstərmişdir, yuxuda dişinin
düşdüyünü görməyi də onanizmlə bağlamışlar. Mənə elə gəlir, bir sıra xalqlar
arasında yayılmış sünnət eləmək ayini də elə bu “axtalamaq” ayininin formal olaraq
yerinə yetirilməsi deməkdir. Bu dediklərimizi doğruldacaq bir örnək demək istəyirəm.
Avstraliyada geriçilik içində yaşayan bir oymaqda oğlan uşaqları yetkinlik yaşına
çatanda onları sünnət eləyirlər, onlarla qonşuluqda yaşayan başqa bir geriçi oymaqda
isə cinsi yetkinlik yaşına çatan oğlan uşaqlarının bir dişini çıxarırlar.
Elə bilirəm, düşüncələrimi örnəklərlə aydınlaşdırmaq üçün bu dediklərim
yetərlidir. Ona görə də örnəklərin yardımına üz tutmağı dayandırmaq istəyirəm.
Düzünə qalsa, bunlar yalnız elə örnəklərdir; biz isə onların aydınlaşdırdığından da çox
şeylər bilirik. Bir anlığına düşünün: birdən bu örnəkləri toplamağa bizim kimi bu
işdən az baş açan kimsələr yox, mifologiya, antropologiya, dilçilik və folklor üzrə
bilicilər qoşulsaydı, onların topladıqları belə örnəklər necə də dərin anlamlı və

maraqlı olardı. İndi isə, mənə elə gəlir, bura qədər dediklərimizdən çıxan və bizə
düşünmək üçün təpər verən bir sıra sonuclara baxmağa dəyər.
Birincisi, biz belə bir fakt qarşısında qalmışıq: yuxugörən kimsə yuxusunda
simvollarla bağlı olan görüntülərlə üzləşir və o özü bunların istər yuxuda, istərsə də
ayıqlıqda nə demək olduğunu bilmir. Bu isə bizi çox sarsıdıcı bir duruma salmış olur,
birdən siz Bohemiyanın bir kəndində doğulmuş, öz ana dilindən başqa heç bir dili
bilməyən qulluqçunuzun sanskrit dilini bildiyini eşitsəydiniz, onda da belə
sarsılardınız. Bizim psixoloji dəlillərimizlə bu faktı aydınlaşdırmaq çox çətindir. Bu
durumla bağlı deyə biləcəyimiz yalnız bir söz var: yuxugörən kimsə özünün
simvolikliyi ilə bağlı bilgilərindən xəbərsizdir, bu bilgilər onun şüurdışında yerləşən
və ondan gizli qalan bilgilərdir. Ancaq belə bir fərziyyə irəli sürməklə biz görmək
istədiyimiz işi irəli apara bilmək üçün heç nə qazanmırıq. İndiyədək bizə belə bir
fərziyyəyə arxalanmaq gərək olmuşdu: insan ruhunda şüurdışı istəklər var, onlar ya
bir müddət üçün, ya da həmişəlik bizim üçün gizli qalır. İndi isə şuürdışı biliklərdən,
şüurdışında olan bilgilərin arasında məntiqi ilişkilərin olmasından və burada çoxsaylı
obyektlərin bir-biri ilə tutuşdurularaq onların arasından birinin başqa birilərinin
əvəzedicisi kimi dayanıqlı bir duruma keçməsindən söz açılır. Özü də bu
tutuşdurmalar hər dəfə ortaya çıxan yeni durumların gedişində yaranmır, onlar artıq
işlək bir durumdadırlar, həmişəlik və dəyişməz olaraq şüurdışında öz yerlərini
tutmuşlar; obyektlərin tutuşdurulması yolu ilə seçilən əvəzedicilər isə insanların
hamısı üçün eynidir və burada dil ayrılıqları da böyük rol oynamır.
Elə isə bu simvolik münasibətlərlə bağlı biliklər haradandır? Onların yalnız çox
az bir bölümünün danışıq dilindəki sözlərin ilişkilərindən yarandığı bəllidir. Ancaq
başqa oblastlarla bağlı olan çoxsaylı simvolların yaranması yuxugörənin özünə də
bəlli deyildir; bizim onların necə yarandığını tapmağımızın isə necə çətinliklərlə başa
gəldiyini özünüz də gördünüz.
İkincisi, bu simvolik ilişkilər təkcə elə yuxugörənlər üçün və yuxugörmənin baş
verməsi üçün işə yarayan özəlliklər deyildir. Bildiyiniz kimi, biz öz
araşdırmalarımızla belə simvollaşdırmanın mif və nağıllarda, atalar sözlərində, xalq
mahnılarında, loru danışıq dilində və poetik fantaziyalarda da olduğunu
aydınlaşdırdıq. Simvollaşmanın baş verdiyi oblastlar olduqca çoxdur, yuxugörmənin
simvolları bu oblastların az bir kəsimindən yararlanırlar və elə buna görə də
simvollaşmanı yalnız yuxugörmə ilə bağlayıb öyrənməyə çalışmaq da böyük yanlışlıq
olardı. Başqa oblastlarda çox geniş işlənən simvollar ya yuxugörmədə yoxdurlar, ya
da burada çox təkəmseyrək işlənən simvollar sırasındadırlar, habelə yuxugörmədə
bütün oblastlardan olan simvollar deyil, ancaq bir sıra oblastlardan olan simvollar
işlənir. Yuxugörmədə simvollardan belə yararlanmanı əski çağlardan qalma, yalnız
azacıq qalıqları bu günə gəlib çıxmış təsvirlərə bənzətmək olar. Bu təsvirlərdə əski
çağ yaşamının müxtəlif oblastlarının görüntüləri olsa da, bu oblastlardan qırıq-qırıq
təsvirlər baxımlı və anlaşılan durumda qalmışdır. Mən burada bir psixi xəstənin çox
maraqlı fantaziyasını xatırlayıram. Onun bu fantaziyasına görə, haçansa yalnız bir
“başlanğıc dil” olmuşdur və indi işlənən simvollar da o dilin qalıqlarıdır.
Üçüncüsü, elə bilirəm, sizin də gözünüzə belə bir özəllik çarpmamış deyildir:
digər oblastlarda seksual simvollardan başqa da çoxsaylı simvollar vardır, ancaq
yuxugörmədəki simvolların az qala hamısı seksual obyektlərlə və seksual ilişkilərlə
bağlıdır. Bunun nə üçün belə olduğunu aydınlaşdırmaq isə asan deyildir. Yoxsa

simvollar ilk öncə yalnız seksual anlamlar daşımış, sonradan isə başqa oblastlarda
işlənməyə başlayaraq yeni anlamlar qazanmışlar və simvolik təsvirlərin əks
elətdirdikləri növlərdən birindən o birinə keçidi də bununlamı bağlıdır? Yalnız
yuxugörmənin simvollarını araşdırmaqla bu sorğunun cavabını tapmaq olmaz. Burada
ən ağlabatan fərziyyə isə gerçək simvollarla seksuallıq arasında sıx ilişkilərin varlığını
düşünmək olardı.
Bununla bağlı biz son illər çox önəmli bir qaynaq da əldə edə bilmişik.
Psixoanalitiklə elmi baxımdan heç bir ilişkisi olmayan filoloq Q.Şperber apardığı
araşdırmaları ilə bağlı 1912-ci ildə çap elətdirdiyi kitabında danışıq dilinin yaranması
və sonrakı inkişafında seksual ehtiyacların çox önəmli bir rolu olduğunu göstərir.
Şperberin araşdırmalarına görə, ilkin insanların çıxardığı səslər, öncə, seksual
istəklərini bildirmək üçün olan çağırışlardan ibarət olmuşdur; sonra bu seksuallıq
bildirən səslərin kökü üzərində ibtidai insanların gördükləri işlərlə bağlı davranışlarını
bildirən sözlər yaranmağa başlamışdır. Bu işlər birlikdə görülürdü və onları görərkən
insanlar görülən işin özəlliyinə uyğun gələn ritmik və təkrarlanan səslər çıxarırdılar.
Bununla da, onların seksual maraqlarla bağlı olan sözləri ilə, gördükləri işlərlə bağlı
yararlandıqları sözlər arasında bir uyğunluq yaranmağa başlayırdı. Beləliklə də,
psixoloji baxımdan yanaşanda ilk öncələr cinsi əlaqədən həzz alan insan daha sonra
gördüyü işlərdən də buna bənzər həzz almağa keçirdi. Bununla da, onların iş
görməklə bağlı yararlandıqları sözlər iki anlam daşıyırdı, bu sözlər həm cinsi əlaqə,
həm də onunla ekvivalent sayılan əməklə bağlı olurdu. Zaman keçdikcə bu sözlər
seksual anlamlarını itirərək yalnız əməklə bağlı olan sözlərə çevrilirdilər. İnsanların
sonra gələn nəsilləri də bu sözlərlə eyni cür davranmaqda davam eləyirdilər, onların
da yararlandığı bir sıra sözlər seksual anlam daşımaqla yanaşı, əməklə bağlı
davranışlarını da bildirirdi. Beləliklə də, kökü seksuallıqla bağlı olan çoxlu sözlər
yarandı və sonradan onlar öz seksual anlamlarını itirərək gündəlik işlərlə bağlı
anlamların daşıyıcısı olan sözlərə çevrildilər. Şperberin irəli sürdüyü bu baxışlar
doğrudursa, onda bizim qarşımızda yuxugörmənin simvollarını aydınlaşdırmaq üçün
geniş imkanlar açılır. Bu baxışlara arxalanarsaq, onda çox əski çağlarda insanların
arasında olan ilişkilərin nə üçün yuxugörmədə belə çoxsaylı simvollar kimi işləndiyini
də, əmək alətlərinin nədən kişi cinsi orqanı kimi simvollaşdığını, bu alətlərlə işlənilən
material və xammalların isə qadın cinsi orqanının simvoluna çevrildiyini də anlaya
bilərik. Elə isə, simvolik anlayışlar sözlərin çox-çox əski çağlarda daşıdığı anlamların
qalıqlarını özündə yaşadır; elə bunun kimi də, o çağlarda adları cinsi orqanlarla bağlı
olaraq yaranan predmetlər yuxugörmələrdə özlərinin ilkin seksual adlarına qayıdırlar.
Yuxugörmənin simvolları ilə başqa oblastlardan olan simvollar arasında belə
paralelləri axtarıb tapmasını siz psixoanalizin önəmli özəlliklərindən biri kimi də
dəyərləndirə bilərsiniz, elə bu cür özəlliklərinə görə də psixoanalitik psixologiya ilə
psixiatriyanın bacarmadığı bir işi görə bilir və insanların çox geniş çevrəsini
maraqlandıra biləcək bir elm sahəsinə çevrilir. Psixoanalitik öz işində humanitar
elmlər, mifologiya, dilçilik, folklor, xalqların psixologiyası və ilahiyyatçılıq kimi
sahələrlə ilişkilər qurmaqla, onların verdiyi bilgilərdən yararlanmaqla dəyərli
sonuclara gəlib çıxa bilir. Bütün bunları biləndən sonra Hans Saksla Otto Rankın
1912-ci ildən yayınlamağa başladıqları və psixoanalitik baxışların yayılmasına qulluq
eləyən “İmago” dərgisinin məramı da sizin üçün aydınlaşacaqdır. Bəlli olduğu kimi,
bu dərgi psixoanalitika ilə sadaladığımız elm və başqa sahələr arasında körpü salmaq

üçün çalışır. Başqa sahələrlə bağlı bu ilişkilərində psixoanalitik ilk çağlarda onlardan
aldığından daha çox, onların işinə yarayacaq bilgilər verirdi. Elə bunun özü də
psixoanalizin qazancı idi, axı onun gəldiyi sonucların başqa sahələrdə özünü
doğrultması insanların ona olan inamını möhkəmlədirdi, doğrudan da,
psixoanalitikanın təklif elədiyi metodların tətbiqi onun ilişkilərdə olduğu başqa
oblastlarda da çoxsaylı və olduqca gərəkli sonucların alınmasına gətirib çıxarmışdı.
Ayrıca götürülmüş bir insanın ruhi yaşamında olan gizlinləri psixoanalitikanın köməyi
ilə öyrənməklə biz insan kütlələrinin içində olan çoxlu gizli qalan problemləri həll
edə, ən azından işıqlandıra bilərik.
Mən sizə bundan sonrakı araşdırmalarımızı necə dərinləşdirəcəyimizi, “başlanğıc
dil” dediyimiz anlayışla bağlı düyünlərin açılmasında konkret olaraq hansı oblastdan
daha çox yararlana biləcəyimizi deməmişəm. Bunu bilməyənədək siz bizim
araşdırdığımız mövzunu da dəyərləndirə bilməyəcəksiniz. Bizim öz işlərimizi irəli
aparmaq üçün yararlanacağımız oblastın adı nevrotikdir (sinir xəstəlikləri), onun
bizim araşdırmalarımız üçün yararlı materialları isə nevrotik simptomlar və
əlamətlərdir. Elə psixoanalitika da bunları aydınlaşdırmaq və sağaltmaq üçün
yaradılmışdır.
Baxdığımız sorğuya dördüncü baxımdan yanaşanda, biz yenidən başlanğıca
qayıtmalı oluruq və başladığımız yolun ardını getməyə yönəlirik. Biz, yuxugörmənin
senzurası olmasa belə, yuxugörmələrin bizim üçün anlaşılmaz qalacağını demişdik,
doğrudan da, istənilən durumda yuxugörmələrdə qarşılaşdığımız simvolları bizim ayıq
olanda anladığımız dilə çevirmək kimi çox çətin bir sual dayanır. Beləliklə də,
yuxugörmələrdə qarşılaşdığımız simvollar senzuradan sonra yuxugörməni korlayan və
bu senzuradan asılı olmayan ikinci özgür faktor sayılmalıdır. Habelə senzuranın
özünün də simvollardan yararlanmağa yönəlik olduğu bəllidir, axı onların ikisinin də
amacı yuxugörməni anlaşılmaz və qarmaqarışıq duruma salmaqdır.
Başladığımız bu işə davam etdikcə biz yuxugörmələri pozan yeni faktorların
olub-olmaması sorusuna da aydınlıq gətirə biləcəyik. Mən yuxugörmənin simvolları
ilə bağlı məsələni qapatmazdan öncə yetərincə aydın düşüncəli insanların da nədənsə
bu simvollarla bağlı deyilənlərə qarşı var gücü ilə çıxıb onları danmalarını, bir də
diqqətinizə çatdırmaq istərdim. Simvolların miflərdə, dinlərdə, incəsənətdə və dildə
geniş yayıldığı bəllidirsə, onda onun yuxugörmələrdə də ola bilməsi niyə belə
qısqanclıqla qarşılanmalıdır? Yoxsa bu danmanın kökündə onların seksual anlamlar
daşıması dayanır?
4 Tertium comparationis – iki tutuşdurulan obyektin bənzəyişlərini təsdiqləyən
üçüncü obyekt anlamındadır.
Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin