Doqquzuncu mühazirə
YUXUGÖRMƏNİN SENZURASI
Dəyərli xanımlar və bəylər! Biz uşaqların yuxugörmələrini öyrənərək
yuxugörmənin yaranması, mahiyyəti və funksiyası ilə tanış olduq. Yuxugörmə
yuxunu pozmağa çalışan psixi qıcıqların aradan qaldırılması üçün yaranan və onların
yerini tutan qarabasmalı (hallüsinasiyalı) görüntülərdir. Düzdür, biz burada yaşlı
insanların yuxugörmələrindən yalnız bir bölümünü, körpələşmək (infantillik) adlanan
tipləri aydınlaşdıra bildik. Başqa yuxugörmələrlə bağlı işlərin nə yerdə olduğunu hələ
yetərincə bilmirik və onları başa düşmürük. İndilikdə biz bəlli sonuclara gəlib
çıxmışıq, ancaq onları gərək olduğundan artıq dəyərləndirməyi də istəmirik. Gəlib
çıxdığımız bu sonuclara görə, yuxugörmənin anlaşıqlı olduğu bütün durumlarda o,
istəklərin qarabasmalı görüntülər kimi gerçəkləşməsidir. Belə çoxsaylı üst-üstə
düşmələrə isə təsadüfi və dəyərsiz faktlar kimi yanaşmaq düzgün olmazdı.
Bir sıra düşüncələrimizə və yuxugörmələrlə yanlış davranışların bir sıra
uyğunluqlarına dayaqlanaraq, yozumu aydın olmayan yuxugörmələrin bizə bəlli
olmayan gerçək bir məzmunun korlanmasından yaranıb, özü gizli qalan bu məzmunun
əvəzedicisi olduğunu da demişdik və bu yuxugörmələrin anlaşılmasının dediyimiz o
gizli qalan gerçək məzmunun aydınlaşdırılmasından asılı olduğunu bildirmişdik.
Yuxugörmələrdəki bu korlanmanın araşdırılması və anlaşılması bizim görmək
istədiyimiz ən başlıca işlərdən biridir.
Yuxugörmədəki korlanma onu bizim üçün qəribə və anlaşılmaz eləyir. Ona görə
də bizim bu korlanma ilə bağlı çoxsaylı sorğularımız yaranır: birincisi, o necə yaranır
və inkişaf eləyir, ikincisi, o nə iş görür, üçüncüsü, o öz işini necə yerinə yetirir? Biz
yuxugörmənin korlanmasını elə yuxugörmənin özünün törətdiyini də düşünə bilərik.
Elə ona görə də yuxugörmənin gördüyü işi aydınlaşdırmaq və buradakı təsiredici
qüvvələri ayırd eləmək istəyirik.
İndi isə bir yuxugörmə örnəyinə baxaq. Onu bizim elmi çevrəmizdən olan bir
xanım (doktor fon Huq-Helmut) yazıya almışdır. Onun deməsinə görə, bu, çox sayğılı
və yüksək təhsilli yaşlı bir qadının yuxugörməsidir. Bu yuxugörmə araşdırılmamışdır.
Xanım fon Huq-Helmutun deməsinə görə, bu yuxugörməni yozmaq üçün
psixoanalitikadan yararlanmağa gərək yoxdur. Yuxugörənin özü yuxusunu yozmaqla
bağlı heç nə deməsə də, onun danışığından elə görünürmüş ki, sanasan, o bu
yuxugörməsini yoza bilərmiş. O öz yuxugörməsi ilə bağlı belə bir söz də demişdi:
görürsünüz, gecə-gündüz öz oğlunun qayğısını çəkməkdən başqa bir düşüncəsi
olmayan 50 yaşlı qadının yuxusuna necə iyrənc anlamazlıqlar girə bilərmiş.
Beləliklə də, yaşlı və sayğılı bir xanımın “sevişmək qulluğu göstərməklə” bağlı
olan yuxusu belədir: “O, hərbi qarnizonun bir nömrəli hospitalına gedir, qapıda
dayanan keşikçiyə hospitalın baş həkimi ilə (bu zaman o, öncədən tanımadığı
hospitalın baş həkiminin adını da çəkir) burada qulluğa girmək üçün danışmaq
istədiyini deyir. O burada “qulluq” sözünü bəlli bir vurğu ilə dediyindən, keşikdə
dayanan kiçik zabit onun “sevişmək qulluğundan” danışdığını zənn edir. Zabit onun
qoca olduğunu görüb bir az tərəddüd eləsə də, sonra onu içəriyə buraxır. Ancaq o
birbaşa baş həkimin yanına getməkdənsə, nədənsə, birdən adamların bir çoxunun ayaq
üstə dayandığı, bir başqalarının da böyük bir stolun arxasında oturduğu alaqaranlıq bir
otağa gəlib çıxır. O buradakı yüksək hərbi rütbə daşıyan həkimlərdən birinə üz tutub
nə istədiyini deməyə başlayır, bu həkim isə onun bir neçə sözündən nə demək
istədiyini anlayır. Onun bu həkimə dediyi sözlər, olduğu kimi belə imiş: “Vyananın
çoxlu qadınları, gənc qızları da mənim kimi düşünür, sıravi əsgərlərdən tutmuş
zabitlərəcən, fərq qoymadan...”. Yuxugörmənin bu yerində onun dedikləri anlaşılmaz
mızıltılara çevrilmişdi. Ancaq yan-yörədəki zabitlərin birilərinin çaşqınlığından, o
birilərinin bic-bic qımışmalarından onun dediklərini bütünlüklə anladıqları görünürdü.
Yaşlı xanım yuxugörməsində öz danışığına davam eləyir: “Mən bizim bu qərarımızın
qəribə göründüyünü anlayıram, ancaq biz düşünüb-daşınaraq bu qərara gəlmişik. Axı
əsgərlərdən də savaş meydanında ölmək istəyib-istəmədiyini soruşmurlar”. Bir anlıq
ortalığa çox ağır bir susqunluq çökür. Bir az keçmiş onun üz tutduğu yüksək hərbi
rütbəli həkim yaxınlaşıb bu xanımın belini qucaqlayır və deyir: “Çox dəyərli xanım
həzrətləri, bir anlıq düşünün, indi biz sizinlə bu işə başlasaq... (burada onun danışığı
anlaşılmaz mızıltıya çevrilir)”. Qadın dartınıb onun qolları arasından çıxır, ürəyində
“onların elə hamısı bir bezin qırağıdır” deyə düşünür və bərkdən deyir: “İlahi, mən
yaşlı bir qadınam, ola bilsin, mən heç bu qulluğa yaramayım. Ancaq bizim bir
şərtimiz də var, gərək burada yaş nisbəti gözlənilsin: yaşlı bir qadın büsbütün gənc
olan birisi ilə... (burada yenə onun danışığı anlaşılmaz mızıltıya çevrilir); yoxsa bu lap
dəhşətli bir iş olardı”. Həkim ona deyir: “Mən sizi çox gözəl başa düşürəm”.
Zabitlərdən bir neçəsi (onların arasında ona gənclikdə evlənmək təklifi eləyən birisi
də var) bərkdən gülüşürlər və xanım bu işi yoluna qoymaq üçün onu baş həkimin
yanına aparmalarını xahiş eləyir. Bu anda o birdən baş həkimin adını unutduğunu
duyaraq bərk çaşqınlığa qapılır. Onun danışdığı həkim isə çox böyük sayğı ilə ona
binanın yuxarı qatına qalxan, spiralvari, dar dəmir pilləkənlə yuxarı qalxmağı təklif
eləyir. Yuxarı qalxmağa başlayanda bu xanım zabitlərdən birinin belə dediyini eşidir:
“Bu çox düzgün bir qərardır, yaşlı, yoxsa gənc olmağından asılı olmayaraq, gərək hər
bir kəs öz borcunu ödəsin”. Yaşlı xanım, öz borcunu yerinə yetirdiyinə sevinərək
yuxarıya doğru ucalan sonsuz pilləkənlərlə qalxmağa başlayır”.
Bu xanımın deməsinə görə, o bu yuxunu bir neçə həftə, ardıcıl olaraq,
dəyişilmədən görmüş, yalnız iki dəfə onun bu yuxusunda kiçicik və önəmsiz
dəyişikliklər baş vermişdir.
Bu yuxugörmə gündüzlər insan düşüncəsində yaranan fantaziyalara çox oxşayır:
burada baş verən olayın gedişində qırılmalar yoxdur, onun məzmununun bir çox
yerlərini yuxugörən xanımı sorğulamaqla aydınlaşdırmaq da olardı, ancaq bildiyiniz
kimi, bunu eləyən olmamışdır. Bu yuxugörmədə bizim üçün ən qəribə olan, onun
gedişində bir neçə yerin buraxılmasıdır, özü də bu buraxılmış yerlər yuxugörmədəki
olaylarla yox, oradakı danışıqların məzmunu ilə bağlıdır. Üç yerdə, elə bil, danışılan
məzmunun bir bölümü pozulmuşdur; danışığın pozulan yerlərində anlaşılmaz
mızıltılar eşidilir. Burada psixoanalitik araşdırmalar aparılmadığından, bizim bu
yuxugörmənin hansı anlam daşıdığı ilə bağlı söz deməyə də haqqımız çatmır. Düzdür,
burada gözəçarpan bir sıra eyhamlara görə hansısa sonuclara gəlib çıxmaq olar,
“sevişmə qulluğu göstərmək” deyimi buna örnək ola bilər, ancaq danışığın mızıltılarla
kəsilən bölümlərini bu “sevişmə qulluğu göstərmək” fantaziyasına arxalanaraq bərpa
eləməyə çalışsaq, onda bu boşluqları doldurmaqla yalnız bir düşüncəyə gəlib çıxmaq
olar. Bu düşüncəyə görə, yuxugörən xanım çox yurdsevər olduğundan və orduda
qulluq eləyən əsgər və zabitlərin seksual istəklərini ödəmək baxımından sıxıntılar
içində yaşadığını bildiyindən, öz bədəni ilə onların bu istəklərini ödəməyə hazırdır.
Bu isə, sözsüz, çox iyrənc və kirli bir fantaziyadan törəyə bilər, ancaq ən qəribəsi,
yuxugörmədə bu fantaziyanın doğurduğu istəklərin gerçəkləşməsi yoxdur. Harada
olayların gedişi bu istəklərin gerçəkləşməsinə yaxınlaşırsa, oradaca anlaşılmaz
mızıltılar araya girib bu istəkləri sıxışdırır, yuxugörmənin məzmununu isə
anlaşılmazlığa uğratmağa başlayırlar.
Elə bilirəm, yuxugörmənin bu yerlərinin ədəbsiz olduğu üçün belə sıxışdırıldığı
ilə bağlı mənim düşüncələrimə siz də qatılırsınız. Elə isə, yaranmış bu duruma uyğun
gələn gerçək faktları harada axtarmalı? Bugünkü yaşamımızda belə faktları tapmaq
üçün çox da uzun bir axtarış aparmağa gərək yoxdur. İstənilən siyasi qəzeti götürüb
baxın, siz orada mətnin bir sıra bölümlərinin pozulduğunu və qəzetin bu yerlərinin ağ
buraxıldığını görəcəksiniz. Bunun isə qəzetlərin senzuraya uğradığına görə belə
olduğunu da bilməmiş deyilsiniz. Mətndə boş qalan yerlərdə nə isə hakimiyyətin
senzorlarının bəyənmədiyi düşüncələr yer aldığından, onları pozmuşlar. Siz isə bu
mətnin pozulan yerlərinə baxıb düşünürsünüz: Ah, nə yazıq! Ola bilsin, bu pozulan
yerlər mətnin ən maraqlı, “ən yaxşı yerləri” imiş.
Başqa durumlarda senzuranın təsiri özünü hələ yazıya alınmamış mətnlərdə də
göstərir. Yazar onun yazısında hansı düşüncələrin senzuradan keçməyəcəyini bil-
diyindən, belə kəskin düşüncələrini yumşaldır, onları yüngülcə dəyişir, yaxud da
onları eyhamlar və üstüörtülü sözlərlə yazıya alır. Qəzetlərdə senzuranın pozduğu belə
ağ yerlər gözə dəyməyəndə və yazarın ortaya çıxardığı mətndə ilk baxışda anlaşılmaz
görünən belə üstüörtülü və eyhamlı sözləri düşüncənizi gücə salmaqla anlayanda siz
senzuranın təsiri ilə bu yazıların necə korlandığını da anlaya bilirsiniz.
Bu bənzətməni apardığımız araşdırmaya tətbiq eləyəcəyik. Bizim inamımıza
görə, baxdığımız yuxugörmədə buraxılan, anlaşılmaz mızıltılarla əvəz olunan sözlər
yuxugörmədə özünü göstərən senzuraya görə baş vermişdir. Biz burada birbaşa
yuxugörmənin senzurası terminini işlədərək, onun yuxugörmələrin korlanmasında
böyük rol oynadığını irəli sürürük. Bütün yuxugörmələrin harasındasa boşluq,
buraxılan yerlər varsa, bunlar hamısı yuxugörmənin senzurasının suçudur. Mənə elə
gəlir, biz bir az da irəliyə gedib yuxugörmələrdə sonradan yaxşı xatırlaya
bilmədiyimiz, onun başqa daha aydın olan elementlərindən qat-qat az anlaşılan və
şübhəli görünən bütün elementlərinin də yuxugörmənin senzurasına uğradığı üçün
belə korlandığını deyə bilərik. Ancaq yuxugörmənin senzurası heç də həmişə
“sevişmə qulluğu göstərməklə” bağlı olan yuxudakı kimi aydın olmur, necə deyərlər,
bütün açıq-saçıqlığı ilə görünmür. Yuxugörmənin senzurası daha çox özünü yuxarıda
dediyimiz ikinci tipdə gerçəkləşdirir, bəyənmədiklərini yumşaldır, üstüörtülü şəklə
salır.
Yuxugörmənin senzurasının üçüncü tipi də var, ancaq onu qəzet senzurası ilə
tutuşdurmaq olmur; mən onu bir az öncə baxdığımız bir yuxugörmə örnəyinin köməyi
ilə sizə göstərə bilərəm. “1 fl. 50 kr. pul ödəyib teatra üç pis bilet almaqla” bağlı
yuxugörməni xatırlayın. Bu yuxugörmənin gizli anlamında ilk yerdə tələsmək, çox tez
başlamaq kimi davranışlar dayanırdı. Bu isə aşağıdakı anlamı bildirirdi: belə tez ərə
getmək anlamazlıq idi, teatra öncədən, tələsərək bilet almaq anlamsızlıq idi,
adaxlısının verdiyi pulu belə tələsik qızıl bəzəklərə xərcləmək gülünclük idi. Ancaq
göründüyü kimi, yuxugörmənin gizli qalan bu başlıca elementlərindən heç biri onun
görünən açıq məzmununda yoxdur; bu elementlərin gerçək ağırlıq mərkəzi yerini
dəyişərək teatra getməklə tələsik bilet almağın üstünə keçmişdir. Belə bir qarışıqlığın
təsiri ilə yuxugörmənin özülündə dayanan bu elementlər qrupu çox böyük dəyişikliyə
uğradığından, onlar görülən yuxunun aydın məzmununda büsbütün özlərinə
oxşamayan şəkillərə düşürlər və biz yuxugörməni araşdırmağa başlayanda onların bu
elementlərinin arxasında nələrin dayana biləcəyini heç ağlımıza belə gətirmirik.
Yuxugörmənin gerçək məzmununun belə qarışıq-dolaşıq biçim alması
yuxugörmələrin korlanmasının başlıca vasitəsidir və onun yuxugörmələrə gətirdiyi bu
qəribəliyə görə də yuxugörən kimsələr onların öz psixikalarından törəndiyinə inanmaq
istəmirlər.
Boşluq yaratma, dəyişikliyə uğratma və elementlərin yenidən qruplaşdırılması
yuxugörmənin senzurasının təsiri ilə yaranır və bunlar yuxugörmələri korlamaq üçün
başlıca vasitələrdir. Yuxugörmənin senzurası bizim araşdırmağa çalışdığımız
yuxugörmələri ya birbaşa korlayır, ya da onu korlayan elementlərdən biri olaraq bu
işdə iştirak edir. Burada adını çəkdiyimiz dəyişikliyə uğrama və elementlərin yenidən
qruplaşmasını biz qarışdırma (Verschiebunq) adlandırmağa öyrəşmişik.
Yuxugörmənin senzurasının fəaliyyəti ilə bağlı qeydlərimizdən sonra bu
senzuranın dinamizmi (hərəkət tərzi) ilə bağlı soruya da diqqət yetirməyə dəyər.
Mənim inamıma görə, siz buradakı yuxugörmənin senzurasının dinamizmi ilə bağlı
deyilənləri insaniləşdirmirsiniz və yuxugörmənin senzurasının fəaliyyətini,
yuxugörməni öz ciddi nəzarət altında saxlayan hansısa çox kiçik bir insanın, yaxud da
beynin qırışlarında özünə yer eləyən bir ruhun gördüyü iş kimi qavramırsınız, habelə
bu olayları haradasa, kənarda yerləşən bir “beyin mərkəzi”nin senzura fəaliyyəti də
saymırsınız və bu deyilən “mərkəz”in işinin pozulması, yaxud da onun aradan
qaldırılması ilə bu senzuranın aradan qalxacağını da düşünmürsünüz. Hələlik
baxdığımız olayların dinamik bağlılıqlarını göstərə bilmək üçün bu, ən əlverişli bir
termin sayıla bildiyi üçün biz ondan yararlanırıq. Yuxugörmənin senzurası
adlandırdığımız bu termin yuxugörmənin hansı elementinin və hansı meyillərinin bu
korlanmalara gətirib çıxardığını araşdırmağımıza yardımçı olur və keçmişdə üzləşib
ancaq aydınlaşdıra bilmədiyimiz bir çox durumların da elə bu senzuradan yarandığını
üzə çıxarır.
Biz, doğrudan da, indiyədək belə senzuraların olduğunu bilməsək də, onların
təsiri ilə yaranan olaylarla üzləşmişik. Bizim yuxuyozma texnikamızın tətbiqində
başlıca yeri tutan, yuxugörən kimsənin sorğulanması zamanı onun ağlına ilk gələn
sərbəst düşüncələri ilə bağlı qarşılaşdığımız sarsıdıcı faktları, elə bilirəm,
unutmamısınız. Biz onda yuxugörmənin elementindən onun gerçək anlamının
gizləndiyi şüurdışına keçmək istəyəndə şüurun dirənişləri ilə üzləşmişdik. Biz bu
dirənişlərin duruma görə dəyişdiyini, birində çox güclü, bir başqasında isə çox zəif
olduğunu da demişdik. Dirənişlərin zəif olduğu durumlarda yuxugörməni yozmaq da
çox yüngülləşirdi və bir neçə aralıq əlaqələndiricilərin tapılması ilə baş tuturdu, ancaq
bu dirənişin güclü olduğu durumlarda biz gərək yuxugörmənin elementindən asılı
olan əlaqələndiricilərin uzun bir sırasını tapaydıq, ondan çox uzaqlara gedib çıxaydıq
və bu əlaqələndiricilərin özünü də saf-çürük eləmək üçün çoxlu çətinlikləri
adlayaydıq. Yuxuyozmalarda qarşılaşdığımız bu dirənişlər onun senzurasının
yaratdığı çətinliklərlə bağlıdır. Yuxuyozmalara qarşı olan dirənişlər yuxugörmənin
senzurasının obyektivləşməsi deməkdir. Bununla da o, yuxugörmənin senzurasının
yuxugörməni korlayandan sonra da öz gücünü itirmədiyini, yenə də qaldığını və var
gücü ilə korladığı yuxugörmə elementini necə varsa elə də saxlamağa çalışdığını
göstərir. Yuxugörmənin ayrı-ayrı elementlərinin yozulmasında özünü göstərən
dirənişlərin güclü və zəif olması da yuxugörmənin bu elementlərin korlanmasına
göstərdiyi təsirin güclü və zəif olmasından asılı olur. Yuxugörmənin açıq məzmunu
ilə onun şüurdışındakı gizli qalan anlamını tutuşdursaq, onda onun gizli qalan
anlamındakı bir çox elementlərin yuxugörmədə bütünlüklə olmadığını (pozulduğunu,
buraxıldığını), bir başqa elementlərinin az, ya çox dəyişikliklərə uğradığını, üçüncü
tip elementlərinin isə dəyişikliyə uğramadan, bir sıra hallarda isə daha da qabardılaraq
yuxugörmənin açıq məzmununda yer tutduğu gözə çarpır.
Ancaq biz bu senzuranın hansı meyillərdən törəndiyini və onun özünün hansı
meyillərə qarşı yönəldiyini araşdırmağı qarşımıza məqsəd qoymuşuq. Yuxugörməni,
ola bilsin, elə bütün insan yaşamını da anlamaq üçün olduqca dəyərli olan bu sorğuya
bir sıra yozulmuş yuxugörmələrə göz gəzdirəndə çox asanlıqla cavab tapmaq olar.
Yuxugörmənin senzurasını törədən meyillər elə yuxugörən kimsənin ayıqlıqda
razılaşdığı və əməl elədiyi meyillərdir. Ona görə də birdən siz gördüyünüz yuxunun
düzgün yozumu ilə razılaşmaqdan boyun qaçırırsınızsa, sizin burada arxalandığınız
səbəb elə yuxugörmənin senzurasının törənmə səbəbi ilə eynidir və elə bu səbəbdən
də yuxugörməniz belə korlanır və onun yozulması gərəkliyi yaranır. Yuxarıda
baxdığımız örnəkdəki 50 yaşlı xanımın yuxugörməsini xatırlayın. Yuxugörməsini
yozmamışdan da bu xanım yuxuda gördüklərinin çox iyrənc olduğunu düşünür. İndi
birdən doktor fon Huq-Helmut onun yuxugörməsinin yozumu ilə bağlı gerçəkləri
açıqlamağa başlasaydı, onda bu xanım bir az da çox sarsılardı, ancaq elə onun ayıqlıq
çağında yürütdüyü belə mülahizələrindən də yuxugörməsindəki bu anlaşılmaz
mızıltılar yaranmışdır.
Biz gərək burada yuxugörmənin senzurasının qarşı çıxdığı meyillərin də
necəliyini aydınlaşdıraq. Onlarla bağlı bunu demək olar: bu meyillər daşıyıcısı
olduqları özəlliklərinə görə qınanmağa layiqdirlər, habelə etik, estetik və sosial
münasibətlər baxımından ədəbsizdirlər. İnsanlar bu meyillərlə bağlı düşünməyə belə
ürək eləmirlər, ya da onlarla bağlı düşünəndə bunu iyrənərək eləyirlər. Yuxugörmənin
senzurasının rədd etdiyi və yuxugörmədə korlanmış şəkildə üzə çıxan istəklər insanın
amansız və məhdudiyyət tanımaq istəməyən eqoizmindən doğulurlar. Doğrudan da,
istənilən yuxugörmədə insanın fərdi MƏNİ birbaşa iştirak eləyir və burada başlıca rol
oynayır, ancaq çoxlu durumlarda onun oynadığı bu rol yuxugörmənin açıq
məzmununda birbaşa yox, üstüörtülü şəkildə iştirak eləyir. Yuxugörmədə üzə çıxan
bu “sacro egoismo”
2
yuxugörmənin quruluşu ilə bağlıdır və bu zaman bütün ətraf
dünyaya olan marağın itməsi belə bir eqoizmin oyanmasının başlıca səbəbi olur.
Dünyaya olan maraqlarını söndürməklə bütün etik bağlardan da azad olan MƏN
cinsi ehtiraslarla bağlı qoyulmuş bütün yasaqlara qarşı çıxır. O bu ehtiraslarla bağlı
insanlığın çoxdan estetik və etik baxımdan bəyənmədiyi nə varsa onların hamısına
meyil salmağa yönəlir. Şəhvətdən həzz almağa yönəlmiş meyillər (biz elmi dildə buna
libido deyirik) heç bir ölçü-biçi gözləmədən öz ehtiraslarını ödəyə biləcəyi obyektləri
seçməyə başlayır və çox vaxt da bunu yasaqlanmış obyektlərin arasında arayır. Bu
zaman o təkcə başqasının arvadını yox, öz anasını və bacısını da seksual həzz alacağı
obyekt kimi seçə bilər, yaxud o qadındırsa, seksual həzz alacağı obyekti təkcə başqa
kişilərdə yox, habelə öz atasında və qardaşında da axtarmağa başlayır (Yuxarıda
yuxugörməsinə baxdığımız 50 yaşlı qadının da yuxusunda belə yasaqları pozmağa
yönələn meyillər var və onun cinsi ehtirasları, sözsüz, öz oğluna doğru yönəlmişdir).
Bizim insan ruhuna yad saydığımız şəhvət duyğusu, əslində, yuxugörmələr doğuracaq
qədər güclüdür. İnsanın acıq və öfkələrinin də yuxugörmələrdə özünün bütün aşırılığı
ilə üzə çıxdığı durumlar çox olur. O sıradan yuxugörmələrdə ən doğma və sevimli
adamların ölümünü arzulamaqla bağlı olan elementlərlə də sıx-sıx qarşılaşmaq olur,
bunlar ata-analar, qardaş-bacılar, ər, yaxud da arvad ola bilər. Yuxugörmənin
senzurasının rədd elədiyi bu istəklər, elə bil cəhənnəmdən çıxıb yuxugörmələrə
soxulmağa çalışırlar; ancaq ayıldıqdan sonra bu yuxular yozulanda yuxugörmə
senzurasının onlara təsirinin ciddi olmadığı da bəlli olur.
Ancaq siz gəlin bu qorxunc məzmunların yaranmasının suçunu yuxugörmələrin
üzərinə atmayın. Yuxugörmənin zərərsiz, hələ desən yararlı bir iş gördüyünü, onun
bizim yuxumuzu pozmaq istəyən qıcıqları aradan qaldırdığını unutmayın. Bu alçaq
istəklər yuxugörmənin mahiyyətindən doğulmur. Bunu da bilməmiş deyilsiniz:
yuxugörmələr insanların dincliyinə qulluq eləyir və onların çoxlu könül istəklərini
gerçəkləşdirməyə yönəlik olur. Ancaq bildiyiniz kimi, elə bu yaxşı məzmunlu yuxu-
görmələrdə korlanmalar da olmur; onların buna gərəyi olmur, onlar insan MƏNİNİN
etik və estetik meyillərini aşağılamadan özlərinin insana yarayan işlərini yerinə
yetirirlər. Yuxugörmələrin korlanmasının iki faktordan asılı olduğunu da unutmayın.
Yuxugörmənin senzurasının sıxışdırıb uzaqlaşdırmaq istədiyi istəklər nə qədər
pisdirsə, yuxugörmə bir o qədər korlanmaya uğrayır, ikincisi isə, insanların gerçək
yaşamında belə istəklərə qarşı olan senzura nə qədər güclüdürsə, yuxugörmə də o
qədər çox korlanır. Elə buna görə də gördüyü aşırı ciddi tərbiyədən vasvası olmuş
gənc bir xanımın yuxugörmədə gerçəkləşmək istəyən seksual istəkləri qarşısıalınmaz
bir senzurayla üzləşib onun yuxusunu korlayır. Biz həkimlərin bu yaşda və durumda
olan insanlar üçün zərərsiz olduğunu saydığımız şəhvətli duyğuları bu gənc xanım
qorxunc bir olay kimi qarşılayır.
Ancaq elə bilirəm, bizim yozumlarımızın belə sonuclara gəlib çıxmasına görə
darılmağa da dəyməz. Mənə elə gəlir, biz hələ bu yozumları yetərincə anlaya bilmirik;
ancaq yenə də bizim qarşımızda dayanan başlıca məqsəd onu bəlli və yersiz
basqılardan qorumaqdır. Bu işi başlamaq üçün əlverişli durumu tapmaq heç də çətin
deyildir. Bizim yuxugörmələri yozmağa başlamağımız onların bəlli anlamlarının
olması fərziyyəsi üzərində qurulmuşdur, bu düşüncəmizə görə, şüurdışı ilə bağlı psixi
proseslər yalnız hipnozla bağlı olaylarda yox, habelə adi insan yuxularında da baş
verir və yuxudan ayıldıqdan sonra yuxugörmə ilə bağlı yaranan bütün düşüncələr də
səbəbsiz deyildir. Biz bu fərziyyələrimizə arxalanaraq yuxugörmənin yozulmasında
anlaşıqlı və doğru saydığımız sonuclara gəlib çıxdığımızdan, öncədən irəli
sürdüyümüz fərziyyələri də doğru saya bilərik. Ancaq yuxugörmələrin yozumundan
indiki kimi çox qorxunc görünən sonuclar alındığı durumlarda nə etməliyik? Yoxsa
bu durumlarda belə deyilməlidir: bunlar mümkün olmayan, anlamsız sonuclardır, bu
heç vaxt belə ola bilməz, deməli, bizim yuxugörmələri yozmaqla bağlı irəli
sürdüyümüz fərziyyələrdə də nə isə bir sıra yanlışlıqlar vardır. Yoxsa yuxugörmə
psixi fenomen deyil, ya da insanın normal durumlarında şüurdışının ona təsiri olmur?
Yaxud bizim yuxugörməni yozmaq üçün yararlandığımız texnika özü yarımçıqdır?
Bizim yuxugörmələri yozmaqla gəldiyimiz bu çox iyrənc sonucları qəbul
eləməkdənsə, yuxugörmələri yozmaq üçün işlətdiyimiz texnikanın yanlış olduğunu
deməyimiz daha sadə və canqurtarıcı olmazdımı?
İkisi də ola bilər! Sadəliyə və canqurtarıcılığa da yönələ bilərik, ancaq bu,
problemdən çıxış yolu olmayacaqdır. Gəlin tələsməyək, baxdığımız sual hələ sonacan
açıqlanmayıb. İlk öncə biz yuxuyozma texnikamıza bir az da tənqidi yanaşa bilərik.
Onun gəldiyi sonucların belə xoşagəlməz və ürəkbulandırıcı olması hələ ən pisi
deyildir. Bu durumda bizim işimizi əngəlləyən ən güclü arqument yuxugörən
kimsənin, bizim yuxuyozma texnikamıza arxalanaraq, onun adına yazdığımız
istəklərinin olmasını var gücü ilə və əsaslandıraraq danmasıdır. Onlardan biri belə
deyir: “Necə? Siz gördüyüm yuxuya görə mənim bacımın cehizi, qardaşımın oxuması
üçün pula qıymadığımı sübut eləmək istəyirsiniz? Bu heç cür ola bilməz; mən yalnız
elə onlar üçün çalışıram, mənim bu yaşamda onlar qarşısında olan borcumu yerinə
yetirməkdən başqa bir diləyim yoxdur. Bir böyük qardaş kimi mərhum anama onlar
üçün əlimdən gələni edəcəyimə söz vermişəm”. Yaxud yuxugörməsini yozduğumuz
bir xanım deyir: “Necə-necə? Mən ərimin ölməsini istəyirəm? Bu nə ürəkbulandıran
yalandır belə, danışırsınız? Ola bilsin, siz mənə inanmazsınız, bizim onunla
evliliyimizin ikimiz üçün də böyük bir xoşbəxtlik olmağı bir yana qalsın, onun ölümü
mənim belə gözəl yaşamaq üçün olan nəyim varsa, hamısının əlimdən çıxması demək
olardı”. Üçüncü birisi bizə belə etiraz eləyir: “Deyirsiniz mən bacıma şəhvətlə
yanaşıram? Çox gülünc söz danışırsınız; mən onu lap çoxdan saya salmıram, bizim
aramız çoxdan dəyib, neçə illərdir küsülüyük”. Biz yuxugörən kimsənin, yuxuyozma
texnikamızdan yararlanaraq, onun istəkləri ilə bağlı gəldiyimiz sonucları qəbul
etməməsini, onları var gücü ilə danmasını düzgün saya bilərik; biz onun bu
istəklərinin olmasından baş açmadığını, onlarla bağlı heç nə bilmədiyini də deyə
bilərik. Bundan başqa da, bu yuxugörən kimsələr bizim yuxuyozma texnikamızın
onların adına çıxdığı istəklərin özlərinə yad olduğunu deməklə yanaşı, özlərinin
yaşam tərzini açıqlamaqla bunun, doğrudan da, onlar dediyi kimi olduğunu sübut
eləyə də bilərlər, bax bu yerdə biz dalana dirənmiş oluruq. Halbuki belə bayağı və
anlamsız sonuclara gətirib çıxaran yuxuyozma texnikasını bir qırağa tullamaq daha
yaxşı olmazdımı?
Yox, gəlin bir az da gözləyək. Yuxugörənin ilk baxışdan çox güclü görünən
arqumentinə tənqidi yanaşsaq, çox keçmədən onun inandırıcı olmadığını görəcəyik.
İnsanın ruhi yaşamında şüurdışında qalan meyillərin olması heç də ona əks olan
meyillərin hamısının yalnız elə şüurda olması demək deyildir. Ola bilər, insanın
ruhani yaşamında bir-birinə əks olan, biri o birini danan meyillər yanaşı da
yerləşsinlər; eləcə də, ruhani yaşamda hansısa bir motivin üstünlük qazanaraq üzə
çıxması şüurdışında ona əks olan başqa bir meylin olmasına görə də baş verə bilər.
Beləliklə də, yuxugörmələrin yozumlarının sadə olmadığı və çox xoşagəlməz
sonuclara gətirib çıxardığı ilə bağlı başlanğıcda bildirdiyimiz etirazlar hələ də öz
yerində qalır. Bunlardan birincisinə qarşı biz öz etirazımızı belə bildirə bilərik: sadəlik
axtarışına uymaqla siz yuxugörmənin heç bir problemini həll edə bilməzsiniz; siz
burada təklif olunan yanaşmanın mürəkkəbliyi ilə barışmalısınız. İkinci etirazınıza
gəlincə, siz burada elmi mühakimələr yürütməyi nəyi bəyənib nəyi bəyənməməyiniz
üzərində qurmaqla açıq-aydın yanılırsınız. Yuxugörmənin yozulmasından belə
xoşagəlməz, lap biabırçı və iyrənc sonuclar alınırsa, bunun bizim elmi
araşdırmalarımıza nə qarışacağı var? Mən gənc bir həkim olduğum çağlarda belə
durumlarla üzləşəndə müəllimim Şarko deyərdi: Ça nempeche pas dexister
3
.
Yaşadığın dünyanın gerçəklərini doğru-düzgün anlamaq istəyirsənsə, onda gərək
bəyəndiklərinlə bəyənmədiklərini barışdırmağa çalışasan. Birdən hansısa bir fizik
yaxın gələcəkdə dünyada yaşamın bitəcəyini sübut eləsə siz onun sözlərini danaraq
“bu ola bilməz, bu çox xoşagəlməz iş olardı” deməyə ürək eləyərdinizmi? Mənə elə
gəlir, siz susardınız, yaxud da başqa bir fizikin ortaya çıxıb birinci fizikin dediklərini
və hesablamalarını yalana çıxarmasını gözləyərdiniz. Siz bəyənmədiyiniz şeyləri
anlayıb mənimsəmək yerinə, onları özünüzdən uzaqlaşdırıb qovursunuzsa, onda elə
yuxugörmənin yaranma mexanizminə uyğun davranırsınız.
Yoxsa siz yuxugörmə senzurasının rədd elədiyi iyrənc istəkləri danmağı insanın
varlığında bu qədər yamanlıqların ola bilməyəcəyi ilə əsaslandırmaq istəyirsiniz?
Ancaq sizin yaşamda keçdiyiniz çoxsaylı sınaqlar bunu deməyə əsas verirmi? Sizin
özünüzü necə bir insan saymağınızla mənim işim yoxdur, ancaq deyin görüm, siz öz
rəisinizdən və rəqiblərinizdən çoxmu yaxşılıqlar görmüsünüz, öz düşmənlərinizdə
çoxmu kişilik görmüsünüz, yaşadığınız toplumda azmı gözü götürməzliklərlə
üzləşmişsiniz və bunları bilərək siz, doğrudanmı, insan təbiətində kök salmış eqoistik
yamanlıqların olması ilə bağlı deyilənlərə qarşı çıxmağı, bunu danmağı özünüzün
borcunuz sayırsınız? Yoxsa siz orta səviyyəli insanın seksual yaşamla bağlı olan
oblastda özünə necə pis yiyəlik elədiyini və necə etibarsız olduğunu bilmirsiniz?
Olmaya siz bizim yalnız gecələr yuxularımızda törədə bildiyimiz yamanlıqlarla
zorakılıqları bir çoxlarının gündəlik, gündüz çağı və açıq aydın şəkildə törətdiklərini
də bilmirsiniz? Bu durumda psixoanaliz yalnız Platonun uzaq keçmişdə dediyi bu
sözlərin doğruluğunu təsdiqləyir: “Yaxşı insanlar pis adamların gerçəklikdə
elədiklərini yalnız öz yuxugörmələrində eləməklə kifayətlənən kimsələrdir”.
İndi isə diqqətinizi fərdlərdən ayırıb, Avropanı uçurub dağıdan, onun insanlarını
qırıb-tökən bugünkü qanlı savaşa yönəldin, daha sonra dünyanın mədəni adlanan
bölümündə geniş yayılmış sayagəlməz amansızlıqlar, yırtıcılıqlar, yalanlar ilə bağlı
düşünün. Siz, doğrudanmı, bütün bu yamanlıqları bir yığın vicdansız mənsəb düşkün-
lərinin və insanları yoldan çıxarmağı bacaran fırıldaqçıların törətdiyini düşünürsünüz,
bu başçıların arxasınca gedib bu yamanlıqların gerçəkləşməsinə qatılan milyonların da
elə bu cinayətlərdə onlarla ortaq olduğunu bilmirsiniz? Bütün bu deyilənlərdən sonra
da siz insanın ruhunda yamanlıqların kök salması ilə bağlı deyilənlərə qarşı çıxıb, söz
güləşdirməkdə davam edəcəksinizmi?
Siz mənim savaşa birtərəfli yanaşdığımı deyib etiraz eləyə bilərsiniz; savaşların
insanları yamanlıqlara qarşı dirəniş üçün birləşdirdiyini, onlarda igidliyi, özündən
keçməyi, habelə bu kimi çoxlu yaxşı özəllikləri ortaya çıxardığını da deyə bilərsiniz.
Qoy siz deyən kimi olsun, ancaq siz də gəlin psixoanalizə qarşı belə ədalətsizlik
eləməyin, onu nələrisə danmaqla başqa bir nələri doğrultmaq istəməkdə qınamayın.
Biz psixoanalitiklər heç vaxt insan təbiətinin yaxşılıqsevərliyə yönəlik olduğunu
danmırıq və onun bu özəlliklərini əskiltmək və dəyərdən salmaq üçün çalışmırıq.
Əksinə, mən sizə yalnız yuxugörmənin senzurasının rədd elədiyi iyrənc istəkləri
göstərməklə kifayətlənmirəm, həm də onları sıxışdıran, basıb əzən, tanınmaz bir
duruma salan senzuranın özünü də göstərməyə çalışıram. Biz insanda olan
yamanlıqları göstərməklə, bunların olmadığını deyənlərə qarşı çıxırıq, onların bu
davranışı heç də insanın ruh aləmini yaxşılaşdırmır, əksinə, onu anlaşılmaz eləyir. Biz
insana yanaşmada başlıca yeri tutan birtərəfli etik dəyərləndirmə metodundan əl
çəksək, onda insan təbiətində olan yamanlıqlarla yaxşılıqların qarşılıqlı nisbətlərini
dəyərləndirməyin daha düzgün formasını da tapa bilərik.
Beləliklə də, hər şeyi olduğu kimi saxlayırıq. Yuxugörmələrin yozulması ilə bağlı
gördüyümüz işlər bizə çox qəribə görünən sonuclara gəlib çıxsa da, biz onlardan əl
çəkmirik. Ancaq bunu da unutmayaq: yuxugörmənin korlanması onun bəlli
tendensiyalara yönəlik olan senzuraya uğramasından yaranır. Mən bizi gecələr
yuxugörmələrimizdə yerimizdən oynadan ədəbsiz duyğuların yaranmasına qarşıyam.
Ancaq bu sualdan da qaçmaq olmur: onlar nə üçün gecələr yaranır və bu yaramaz
istəklər necə doğulur? Burada çoxlu anlaşılmazlıqlar var və onları araşdırıb
aydınlaşdırmaq gərəkdir.
Ancaq buradakı araşdırmalarımızdan ortaya çıxan başqa sonucları yetərincə
dəyərləndirməməyimiz də düzgün olmazdı. Yuxugörmənin yuxularımızı pozan
istəkləri bizə bəlli deyildir, biz yalnız yuxugörmələri yozmaqla onların varlığını
öyrənirik; ona görə də onları hələlik, yuxarıda dediyimiz anlama uyğun olaraq,
şüurdışı istəklər adlandırmaq olar. Biz onların varlığını yuxugörmələri yozmaqla
tapsaq da, bildiyiniz kimi, çoxlu durumlarda yuxugörən kimsələr belə istəklərinin
olduğunu danırlar. Yuxarıda söz yanılmalarını yozanda “aufstoben” yanlışı ilə bağlı
üzləşdiyimiz durumla burada yenidən qarşılaşırıq, unutmamısınızsa, orada da yanılan
kimsə özündən çıxaraq heç vaxt öz rəisinə qarşı sayğısızlıq bəsləmədiyini demişdi.
Biz onda da onun bu sözlərinə inanmamışdıq və yanılan söz yiyəsinin özünün də
rəisinə qarşı sayğısızlığı olduğunu bilmədiyini fərz eləmişdik. İndi isə bu durum, çox
güclü korlanmış yuxugörmələri yozanda təkrarlanır və beləliklə də, bizim
fərziyyəmizin doğruluğunu təsdiq eləmək üçün bunun çox böyük önəmi vardır. Bizə
elə gəlir, insanın psixi yaşamında onun özünün də bilmədiyi proseslər və
tendensiyalar vardır, insan bunlarla bağlı çoxdandır heç nə bilmir və ola bilsin, heç
vaxt da heç nə bilməmişdir. Bütün bunlara görə də şüurdışı anlayışı bizim üçün yeni
bir anlam daşımağa başlayır; bu çağacan onun mahiyyətinə bağlanılan “hələlik”,
yaxud “keçicilik” özəllikləri yoxa çıxır və onun mahiyyətindən “indiki zamanda gizli
qalan bilgilər” anlayışı itərək öz yerini “şüurdışının uzun müddətli bilgilər”inə verir.
Bununla bağlı olaraq, başqa bir vaxt daha geniş danışmalı olacağıq.
2 sacro egoismo” – müqəddəs eqoizm
3 Ça nempeche pas dexister – fransızcadan çevirməsi: Sizin istəyiniz onu öz
yolundan döndərə bilməz.
|