Az Book Library Ziqmund Freyd



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix04.01.2020
ölçüsü1,25 Mb.
#30042
1   2   3   4   5   6   7   8   9   ...   15
Ziqmund Freyd - Psixoanalizlə ilkin tanışlıq


İkinci bölmə
Yuxugörmə
1916 [1915-16]
Beşinci mühazirə
QARŞIYA ÇIXAN ANLAŞILMAZLIQLAR VƏ ONLARI ADLAMAQ ÜÇÜN
İLKİN ÇALIŞMALAR
Dəyərli xanımlar və bəylər! Haçansa araşdırmaların gedişində əsəb xəstəliyinə
tutulanların bir çoxunda özünü göstərən xəstəlik əlamətlərinin bəlli anlamlar daşıdığı
aydın olmuşdu. Elə buna əsaslanaraq da belə xəstəliklərin sağaldılmasının
psixoanalitik metodları yaranmışdı. Belə xəstəliklərin sağaldılmasının gedişində
xəstəlik əlamətlərinin bir çoxunun yuxugörmələr şəklində üzə çıxması da bəlli
olmuşdu. Elə bütün bunlara görə sonradan yuxuların da bəlli anlamlarının olduğu
düşüncəsi ortaya çıxmışdı.
Ancaq biz indi keçmişdən gəlib bu günə çıxan yola davam etməyəcəyik, tərsinə,
bu yolla arxaya qayıtmağa çalışacağıq. Biz yuxugörmələrin anlamı olduğunu

göstərməklə buradan nevrozları öyrənməyə gəlib çıxacağıq. Belə bir yolun doğru
olduğu artıq bəllidir, daha doğrusu, yuxugörmənin öyrənilməsi təkcə elə nevrozların
araşdırılmasına aparan yolu açmır. Yuxugörmənin özü də nevrotik simptomlardan biri
olduğundan və yuxugörmələr sağlam adamlarda da özünü göstərdiyindən, onun
öyrənilməsi bizə öz araşdırmalarımızda çox dəyərli bir üstünlük qazandırır. Birdən
bütün insanlar sağlam olsaydılar və bununla yanaşı olaraq, onların yuxugörməsi də
qalsaydı, onda bu yuxugörmələri araşdırmaqla biz elə nevrozları öyrənməkdən
aldığımız sonuclara gəlib çıxardıq.
Beləliklə də, gəlin yuxugörməni psixoanalitik yolla araşdırmağa başlayaq.
Bununla biz yenə də, yanlış davranışlarla olduğu kimi, elmi çevrələrdə adi, önəmsiz
sayılan bir fenomenlə qarşılaşırıq. Bu fenomen, yanlış davranışlarda olduğu kimi,
özünü sağlam adamlarda da göstərir. Yanlış davranışlarla üzdən görünən bu
oxşarlığına baxmayaraq, yuxugörmələr qalan bütün hallarda araşdırılmaq üçün
olduqca əlverişsizdir. Psixoanalitik araşdırmalar aparılmayanadək elm yanlış
davranışları yetərincə öyrənə və gərəyincə dəyərləndirə bilməmişdi; bundan başqa,
onların öyrənilməsində elmə başıaşağılıq gətirən heç nə yoxdur. Düzdür, biz
yanılmalar üzrə araşdırmalara başlayanda ortalıqda onlardan daha çox önəmli
nəsnələrin olduğunu da deyirdilər, ancaq sonradan onların araşdırılmasından hansısa
önəmli sonuclara gəlib çıxıldığını da gördük. Ancaq yuxugörmələri elmi baxımdan
araşdırmağa qoşulmaq təkcə elə praktiki olmayan və artıq bir iş kimi görünmür, hətta
bu, elmə başıaşağılıq gətirən bir iş sayılır; bu işə qoşulanları elmi olmayan bir yol
tutmaqda qınayır və belə kimsələrin mistizmə qapıldığını düşünürlər. Nevropatologiya
ilə psixiatriyanın öyrənməli olduğu bunca önəmli xəstəliklər olduğu yerdə hansısa
həkimin durub yuxugörmələri araşdırmasına nə ad vermək olar? Axı ortalıqda beyni
basıb əzən alma böyüklüyündə şişi, insan ruhunu yaşadan orqanları, qansızmanı,
insanın hüceyrələrində baş verən dəyişikliklərə kimi gətirib çıxardığını mikroskopla
görmək olan xroniki soyuqdəymələri araşdırmaq varsa, belə önəmsiz bir işə baş
qoşmağa dəyərdimi?! Yuxugörməni araşdırmaq, sadaladığımız bu problemləri
araşdırmağın yanında çox kiçik və lazımsız bir iş deyilmi?
Bundan başqa, burada dəqiq elmin araşdırılma aparılmasını əngəlləyən bir özəllik
də vardır. Bəlli olduğu kimi, yuxugörməni araşdıranda yuxugörən obyektin verdiyi
bilgiyə sonacan inanmaq belə mümkün deyildir. Dəli olmuş birisinin beynində
yaranan hansısa yalançı ideyaları onun dilindən, özü də hamının yanında eşitmək olur.
Məsələn, o, uca səslə deyir: “Mən Çin imperatoruyam”. Yuxugörmədə necə? Axı
onlar çox vaxt heç başqalarına danışılası da olmur. Bu, bir yana, yuxugörənin özü
gördüyü yuxunu olduğu kimi danışdığına arxayındırmı? O, yuxusunu danışdıqca
yadından çıxan nələrinsə yerinə özündən nəsə düşünüb artıra, beləliklə də, yuxuda
gördüklərini başqalarına dəyişikliklərlə çatdıra bilməzmi? Bundan başqa da, görülən
yuxuların çoxu yuxudan ayılandan sonra büsbütün unudulur, sonradan onların ən
kiçik detallarını belə xatırlamaq olmur. Burada belə bir sual da yaranır:
yuxugörmələrlə bağlı toplanmış materialların araşdırılmasına elmi-psixoloji üsulla,
yoxsa xəstəliyin sağaldılması üsulu ilə yanaşmaq gərəkdir?
Baxılan mövzunu aşırı dəyərləndirmək bizdə istər-istəməz çaşqınlıq yarada bilər.
Ancaq yuxugörmələrin araşdırılmasına qarşı çıxmaq da, bizi gerçəkliyə doğru-düzgün
yanaşmaqdan yayındırmaqla yanaşı, elmi dünyagörüşdən uzaqlaşmağa gətirib çıxarır.
Hansısa mövzunun öyrənilməsinin önəmsiz olması ilə bağlı deyilənlərin çox vaxt

yerinə düşmədiyini də biz yanılmalarla bağlı apardığımız araşdırmalarda yetərincə
görmüşdük. Biz onda böyük nəsnələrin öz varlığını çoxlu kiçik nəsnələrlə üzə
çıxardığı düşüncəsinə gəlib çıxmışdıq. Yuxugörmələrdə özünü göstərən qeyri-
müəyyənliyə gəlincə, bütün bunlara yuxugörməni başqa olaylardan seçib ayıran
özəlliklər kimi yanaşmaq düzgün sayılmalıdır; heç bir olay üçün özümüzdən hansısa
özəlliklər uydura bilmədiyimiz, məncə, aydın olmalıdır, ona görə də yuxugörmənin
özəlliklərinin də yalnız elə onun özündən doğulduğunu dəyərləndirməyə çalışmalıyıq.
Bundan başqa, axı olduqca aydın və bəlli bir şəkildə baş verən yuxugörmələrin
olduğunu da danmaq olmaz. Psixiatriyada belə, qeyri-müəyyən özəlliyi olan obyektlər
heç də az deyildir. Bunlara örnək olaraq, insanların, öz istəklərinin əksinə olaraq,
hansısa işlərə qapılmasını göstərmək olar, ən başlıcası isə, çox tanınmış və adlı-sanlı
psixiatrlar insanın belə davranışlarını öyrənməyə vaxt ayırmağı düzgün sayırlar.
Burada, həkimlik təcrübəmdə qarşılaşdığım bir olayı xatırlayıram. Xəstələrimdən
birisi mənə belə demişdi: “Nədənsə mənə elə gəlir, hansısa canlı varlığa qarşı böyük
bir yamanlıq eləmişəm, ya da eləmək istəyirəm: elə bil bu hansısa körpəyə qarşıdır,
yox, deyəsən, bu, bir itə qarşı yönələn yamanlıqdır; ola bilsin, mən onu hündür bir
körpüdən aşağı tullamışam, ya da buna oxşar bir qansızlıq eləmişəm”. Biz görülən
yuxunun bir sıra yerlərinin unudulması ilə bağlı ortaya çıxan əyər-əskikləri aradan
qaldıra bilərik, bunun üçün isə gərək yuxu görmüş kimsənin öz yuxusu ilə bağlı
danışdıqları ilə kifayətlənək, ondan bundan artığını gözləməyək, onun unutduğu və
danışığının gedişində dəyişdirdiyi məqamlara önəm verməyək. Necə olursa olsun,
ortaya qoyulan bu yuxugörmələrə dəyərsiz bir olay kimi yanaşaraq, onları anlamsız
saymaq düzgün deyildir. Bizə özəl yaşamımızdan da çox yaxşı bəllidir:
yuxugörmədən yaranan ovqat çox vaxt bütün günü bizi tərk eləməyə də bilir;
həkimlərin təcrübəsinin də göstərdiyi kimi, bir sıra durumlarda ruhi xəstəliklər və
hansısa düşkünlüyə qapılmalar elə öz başlanğıcını hansısa yuxugörmələrdən də götürə
bilir; yuxugörmənin olduqca böyük işlər görməyə yönəltdiyi çox böyük insanların
olduğunu da bilməmiş deyilsiniz. Ona görə də istər-istəməz belə bir sual yaranır: elmi
çevrələrdə yuxugörməyə belə yuxarıdan aşağıya baxmaq nə üçündür?
Mənə elə gəlir, bunun başlıca səbəbi, uzaq keçmişlərdən başlayaraq, insanların
yuxugörməni gərək olduğundan qat-qat artıq dəyərləndirməsi olmuşdur. Uzaq
keçmişlərdəki olayların necə baş verdiyini yerli-yataqlı öyrənə bilməyin necə çətin
olduğu hamıya bəllidir, ancaq məni bu zarafatıma görə qınamayın, mənə elə gəlir,
bizim ulu babalarımız 3000 il bundan qabaq, hətta ondan öncə də yuxunu elə bizim
gördüyümüz kimi görürdülər. Ancaq bütün əski çağ xalqlarının yuxugörməyə çox
böyük önəm verdikləri, onları yozaraq gördüyü yuxuların hamısının anlamı olduğunu
düşündüklərini də biz yaxşı bilirik. Onlar bu yuxuların gələcəkdən soraq verdiyini
düşünərək, onlarda hansısa əlamətləri ayırd eləməklə öz gələcəklərini öyrənməyə
çalışırdılar. Əski yunanlarda, eləcə də Yaxın və Orta Doğunun əski xalqları arasında
da savaşla bağlı olan yürüşlər yuxu yozucularına gənəşilmədən başlanmazdı, bu olayı
bugünkü savaşların havadan kəşfiyyat aparılmadan başlanmaması ilə tutuşdurmaq
olar. Makedoniyalı İsgəndər özünün basqınçı yürüşlərinə başlayanda onun ən yaxın
çevrəsindəki insanların arasında o çağın ən adlı-sanlı yuxuyozanları da var idi. O
çağlar hələ adada yerləşən Tir şəhəri İsgəndərin basqısına qarşı çox böyük qızğınlıqla
dirəniş göstərdiyindən, o bu şəhəri tutmaqdan daşınmaq istəmişdi. Ancaq döyüşdən əl
çəkmək istədiyi bu günlərin birində Makedoniyalı İsgəndər yuxuda mifik varlıqlar

olan satirlərin rəqs elədiyini görmüş, yuxuyozanlar isə bu yuxunu belə yozmuşdular: o
ən yaxın günlərdə Tir şəhərini tuta biləcəkdir. İsgəndər bunu eşidən kimi qoşuna
basqın əmri vermiş və Tir şəhərini tuta bilmişdi. Gələcəyi öyrənmək üçün etrusklarla
romalılar başqa üsullardan da yararlanırdılar, ancaq Yunan-Roma dönəmi adlanan
bütün çağlarda yuxu yozmaq peşəsi çox geniş yayılmışdı və bu yozumlar çox yüksək
dəyərləndirilirdi. Yuxuyozmalarla bağlı bizə gəlib çatan kitab imperator Adrianın
çağında yaşamış Daldisli Artemidorun əsəridir. Ancaq sonradan yoxuyozmalarla bağlı
peşənin aradan qalxması və yuxugörmələrə qarşı inamsızlığın yaranmasının nə üçün
baş verdiyini bilmədiyimdən, bununla bağlı sizlərə nəsə deyə bilmirəm. Burada
toplumda getdikcə genişlənməkdə olan maarifçiliyin hansısa böyük rol oynadığını da
demək olmaz. Bildiyimiz kimi, orta yüzilliklərin qaranlıq-bulanıq düşüncələrində
antik çağlardan qalma yuxuyozmalardan da qat-qat artıq bayağı baxışlar yer ala
bilmişdi. Ola bilsin, yuxuyozmalarla bağlı baxışlar getdikcə mövhumat sayılaraq
yalnız oxumamış kütlənin içində qalmışdı. Yuxuyozmalardan yaramaz işlərdə
yararlanmağın sonuncu örnəklərinə bizim yaşadığımız çağlarda, lotoda uduşlu
nömrəni tapmaq üçün əl atıldığını da bilirsiniz. Bunun əksinə olaraq, çağdaş dəqiq
elmlər yenidən yuxugörmələri araşdırmağa başlamışdır və bununla da,
yuxugörmələrdə özlərinin fizioloji nəzəriyyələrini yoxlamağa çalışırlar. Həkimlər,
sözsüz, yuxugörməni psixi akt saymırlar, onun da fizioloji proseslərin insan ruhunda
yaratdığı qıcıqlardan biri olduğunu düşünürlər. Örnək üçün, bununla bağlı araşdırma
aparan Bints 1878-ci ildə yuxugörmələrlə bağlı yazırdı: “Yuxugörmə fiziki bir
prosesdir və bütün durumlarda yararsız sayıla bilər. Çoxlu durumlarda o, xəstəlik kimi
yaranır və dünyanı idarə edən ruh və ölümsüzlük ondan yerlə göy qədər aralıdır”.
Başqa bir araşdırmaçı Mori yenə də 1878-ci ildə yazırdı: “Müqəddəs Vittanın
qarmaqarışıq bədən səyritmələri normal insan rəqslərindən necə seçilirsə,
yuxugörmələr də eləcə şüurun normal işləməsindən seçilirlər; başqa bir araşdırmaçı
Strümpell isə yuxugörmənin anlamı ilə musiqi çalınması arasında tutuşdurma
apararaq yuxugörməni: “çalmaq bilməyən birisinin bütün on barmağını musiqi aləti
üzərində gəzdirməsinə bənzədirdi”.
Nəyisə yozmaq onun gizli olan anlamını tapmaq deməkdir; yuxugörmənin bu cür
dəyərləndirilməsində isə bununla bağlı söz açılmır. Gəlin yuxugörmənin tanıdılması
ilə bağlı Vundtun (1874-cü ildə), Yodlun (1896-cı ildə) və daha sonra gələn başqa
filosofların yazılarına baxaq; onlar hamısı bir səslə, yuxugörmələri gözdən salmaq
üçün, yuxugörmədə və ayıqlıqda baş verən düşüncələr arasında olan fərqləri sadalayır,
insanın yuxugörmə anlarında duyğularının korşalmasını, götür-qoyluğunu itirməsini,
gerçək yaşamda bildiklərinin bir çoxunu unutmasını və psixikasının zəifləməsini
örnək olaraq göstərirlər. Dəqiq elmlərin yuxugörməni anlamaq üçün verə bildiyi
dəyərli faktlara gəlincə, bunlara örnək olaraq, yalnız fiziki qıcıqların yuxuya və
yuxugörmənin məzmununa təsiri ilə bağlı aparılan araşdırmaları göstərmək olar. Bu
yaxınlarda ölmüş Norveçli alim C.Mourli Voldun yuxugörmənin təcrübi yolla
araşdırılması üzrə yazdığı iki çox qalın cildli kitabında xarici qıcıqlardan yaranan
yuxugörmə ilə bağlı olduqca maraqlı bilgilər verilmişdir. Bugünkü elm isə, dediyimiz
kitabda verilən belə sınaqlarla bağlı bildirişləri yuxugörmənin araşdırılması üzrə
özünün ən böyük uğurları sayaraq öyünməkdədir. Bizim indi yuxugörmənin anlamını
tapmaq istədiyimizi eşidəndə bu dəqiq elmlərin çevrəsindən olan alimlərin buna necə
bir kəskinliklə yanaşacağını, bizə hansı aşağılayıcı sözlər deyəcəklərini təsəvvür

eləyirsinizmi? Ola bilsin, onlar bu sözlərini artıq deyiblər də. Ancaq bunlar bizi
qorxudub çəkindirə bilməz. Yanlış davranışların çoxunun bəlli anlamı varsa, deməli,
yuxugörmələrin də anlamı ola bilər, bundan başqa, yanılmaların bu anlamları çox vaxt
dəqiq elmlərin araşdırma metodlarından yayına da bilir. Gəlin bir anlığa özümüzü əski
çağların və bugünkü sadə xalqın geriçiliyinə qoşulmuş sanaraq, antik çağların yuxu
yozucularının açdığı yolla getməyə çalışaq.
Baxdığımız problemi həll edə bilmək üçün biz, ilk öncə, yuxugörmənin bütün
oblastı boyunca yönələcəyimiz hədəfləri tapmalı və bu oblasta bütün genişliyi ilə
baxmağa çalışmalıyıq. Yuxugörmə (Traum) nə deməkdir? Doğrusuna qalsa, onun nə
demək olduğunu bir cümlə ilə demək çox çətindir. Sözsüz, biz burada hamıya bəlli
olduğu bilinən hansısa anlayışa yenidən tərif vermək istəmirik. Ancaq buna
baxmayaraq, biz gərək yuxugörməni, mahiyyətcə, başqa olaylardan ayırmağa və
dəyərləndirməyə çalışaq. Yuxugörmənin mahiyyəti nədir? Bu axtarış oblastımızda az
qala bütün xətlər boyunca ağlagəlməz müxtəlifliklər olduğunu gözdən qaçırmadan,
biz burada mahiyyət deyəndə bütün yuxugörmələr üçün eyni olan özəllikləri başa
düşəcəyik.
Belə demək olarsa, bütün yuxugörmələri birləşdirən ilkin özəllik, bizim
yuxugörmə zamanı yatmağımızdır. Yatıb (Schlaf) yuxu görməyin (Traume) bizim
ruhi yaşamımızla bağlı olduğu da aydındır, hətta bu yuxugörməmizdə bizim ayıq olan
anlarımızla bəlli uyğunluqlar da çoxdur, ancaq burada baş verənlərlə ayıqlıq
durumundakı olaylar arasında çox kəskin fərqlər də vardır. Yuxugörmə ilə bağlı belə
bir tərifi Aristotel vermişdir. Ola bilər, yatmaqla yuxugörmə arasında daha sıx ilişkilər
də vardır. Yuxugörmə insanı yuxudan oyada da bilər. Bir çox durumlarda isə yatanın
yuxusunu pozmağa yönəlmiş olan hansısa güclü qıcıq, o andaca yuxugörmənin
yaranmasına gətirib çıxarır. Beləliklə də, görünür, yuxugörmə yatma ilə ayıqlıq
arasındakı aralıq bir durumdur. Onda biz gərək, ilk öncə, yuxunu araşdırmaqdan
başlayaq. Yuxu nə deməkdir?
Yuxu fizioloji və bioloji bir problem sayılır və onunla bağlı mübahisəli qalan bir
sıra sorular bu günə qədər də çözülməmişdir. Biz də burada yuxu ilə bağlı son sözün
yiyəsi deyilik, ancaq məncə, biz yuxunun psixoloji xarakterini dəyərləndirməyə çalışa
bilərik. Yuxu – mənim xarici aləmlə bağlı heç nə bilmək istəmədiyim bir
durumumdur, bu anlarımda yan-yörəmdə olan bütün başqa nəsnələr mənim üçün öz
marağını itirir. Mən ətraf aləmdən ayrılaraq, onun bütün qıcıqlarından yayınaraq
yuxuya dalıram. Ətraf aləm məni yoranda da mən yuxuya dala bilərəm. Mən yatmağa
başlarkən, sanasan, ətraf aləmə deyirəm: “Əl çək mənim yaxamdan, mən yatmaq
istəyirəm”. Ancaq uşaqlar çox vaxt bunun tərsini deyirlər: “Mən indi yatmaq
istəmirəm, mən hələ yorulmamışam, bir az da oynamaq istəyirəm”. Beləliklə də,
yuxunun bioloji anlamı dincəlmək, onun psixoloji göstəricisi isə dünyaya olan
marağın itməsidir. Görünür, bizim öz xoşumuzla gəlmədiyimiz bu dünyayla
ilişkilərimiz arasıkəsilmədən davam edə bilmədiyindən, biz bu ağırlığa dözə
bilmədiyimizdən, aradabir bu ilişkiləri dayandırıb yuxuya dalmalı oluruq. Bununla da
biz zaman-zaman dünyaya gəlməmişdən əvvəlki duruma qayıdırıq, bir az da
doğrusunu desək, ana bətnində olduğumuz duruma dönürük. Bunun üçün biz, demək
olar, ana bətninə çox bənzəyən bir durum yaradırıq, yatdığımız yerin qaranlıq, isti
olmasına və burada bizi qıcıqlandıran nəsnələrin olmamasına çalışırıq. Bir sıra
insanlar isə büzüşüb yatmaqla bədənlərini birbaşa ana bətnində olduğu duruma

salırlar. Qıraqdan baxanda insan ömrü belə görünür: onun üçdən ikisi doğulmuş və
yaşamaqdadır, üçdən biri isə hələ də doğulmamışdır və insan yuxuda öz ömrünün o
doğulmamış kəsimini yaşayır. Hər gün səhər yuxudan oyanmaq elə bil dünyaya
yenidən doğulmağa oxşayır. Bir sıra durumlarda biz yuxudan ayılanda deyirik: elə bil
anadan yenicə doğulmuşam; ancaq mənə elə gəlir, bu durumu yeni doğulmuş
körpənin durumuna oxşatmaq çox da elə uğurlu bənzətmə deyildir. Ola bilsin, çağalar
dünyaya yeni gələndə özlərini bu dünyada çox da rahat hiss eləmirlər.
Unutmamısınızsa, uşağın doğulmasına biz işıqlı dünyaya göz açmaq da deyirik.
Yuxulamağa bu baxımdan yanaşanda, belə çıxır, yuxugörmə heç bir halda onun
məqsədi sayıla bilməz, daha doğrusu, bu onun üçün arzuolunmaz bir durum
sayılmalıdır. Elə biz özümüz də yuxu görmədən yatmağın dincəlmək üçün ən yaxşı
olduğunu düşünürük. Gərək yuxuda heç bir ruhi fəaliyyət olmasın; yox, birdən bu
olursa, deməli, biz yuxuda yetərincə dincələ bilmirik; beləliklə də, ruhi
fəaliyyətimizin qalıqlarından sonacan qurtula da bilmirik. Görünür, elə bu qalıqlar da
yuxugörməni yaradır. Yuxugörməyə belə yanaşanda, adama elə gəlir, doğrudan da,
yuxugörmədə hansısa anlam axtarmağa da dəyməz. Yanılmalarda işlər başqa cür idi;
onlar insanın ayıqlıq durumunda baş verən olaylarla bağlı olaraq yaranırdı. Mən
yatıramsa, bununla özümün ruhi fəaliyyətimi dayandırmaq istəyirəmsə, ancaq onu
bütünlüklə fəaliyyət göstərməkdən saxlaya bilmədiyimdən ruhumun hansısa kiçik bir
bölümü işləməkdə davam edirsə, onda belə çıxır, ruhun işləməkdə davam eləyən bu
qalıqlarında anlam axtarmağa da dəyməz. Mənim ruhani yaşamım bütünlüklə yuxuya
dalaraq dincəlmək istəyirsə, onda ruhumun belə bir yararlı işə uymaq istəməyən şıltaq
bölümlərinin gördüyü işlərin nə anlamı ola bilər? Burada söhbət, olsa-olsa, fiziki
qıcıqlardan yaranan psixi çırpınmalar və səyrimələrdən gedə bilər. Onda belə çıxır,
yuxugörmələr, insanın dincəlməsi üçün ruhi yaşamın daldığı yuxu anlarında ruhun bir
sıra bölümlərinin bunu əngəlləməsindən yaranır və o, psixoanaliz üçün araşdırma
mövzusu ola bilməz.
Bütün bu deyilənlərə baxmayaraq, yuxugörmə gərəksiz bir nəsnə kimi görünsə
belə, o, bir gerçəklikdir və biz onun nə üçün baş verdiyini anlamaq üçün çalışa bilərik.
Nə üçün insan yuxuya gedəndə onun psixi yaşamı öz işini bütünlüklə dayandırmır?
Görünür, burada nə isə insan ruhuna dinclik verməyən bir səbəb vardır. İnsanın
ruhunu nələrsə qıcıqlandırır və o da bu qıcıqlara qarşı təpki göstərməyə başlayır.
Beləliklə də, yuxugörmə ruhun, yuxuya daldığı anlarda ona qarşı yönələn qıcıqlara
qarşı göstərdiyi təpkidir (reaksiyadır). İndi artıq bizim yuxugörmələri anlamaq üçün
konkret yanaşmamız vardır. Çoxsaylı yuxugörmə örnəklərini araşdırmaqla biz insanın
yuxugörmə anlarında reaksiya verdiyi bu xarici qıcıqları da araya bilərik. Bununla da,
biz bütün yuxugörmələr üçün eyni olan ilk özəlliyi ayırd eləyə bildik.
Görəsən, yuxugörmələrin hamısı üçün eyni olan başqa özəlliklər də varmı?
Elədir, bunlar vardır, ancaq onları anlamaq və anlatmaq olduqca çətindir. Ruhi
proseslər yuxuda, ayıqlıqda olduğundan büsbütün fərqli özəlliklər daşıyır.
Yuxugörmədə çoxlu anlar yaşayırsan, sıxıntılar keçirirsən, bunların hamısına da
inanırsan, ancaq bunların hamısı gerçəkdən baş vermir, yalnız yuxunu əngəlləyən
hansısa qıcıqlardan törəyir. Yuxugörmədə yaşadıqlarımız ən çox görüntülərin araçılığı
ilə baş verir; düzdür, bu anlarda hansısa duyğular və düşüncələr də yarana bilər, başqa
duyğu orqanları da işləyə bilər, ancaq burada başlıca yeri görüntülər (obrazlar) tutur.
Bax elə bu görüntülərin sonradan sözlə anladılması da görünən yuxunun

danışılmasında böyük çətinliklər yaradır. Çox vaxt yuxugörən kimsədən belə sözlər də
eşidirsiniz: mən bu yuxuda gördüklərimin şəklini olduğu kimi çəkə bilərdim, ancaq
onları sözlə anlatmağa gücüm çatmır. Bu deyilənlər heç də yuxugörmənin insan
psixikasını gücsüzləşdirdiyi anlamına gəlmir və yuxuda qarşılaşdığımız bu durumu
hansısa gerizəkalılığın dahiliklə tutuşdurulmasına bənzətmək də doğru deyildir; bu nə
isə büsbütün başqa bir durumdur, ancaq onun insanın ayıqlıqdakı ruhi durumundan
konkret olaraq necə fərqləndiyini demək də çox çətindir. Bu yöndə araşdırma aparan
Q.T.Fexnerin düşüncəsinə görə, insan ruhunda yuxugörmənin yarandığı yerlə onun
ayıq olduğu anlardakı təsəvvürlərinin yarandığı yerlər başqa-başqadır. Düzdür, bu
deyilənləri dərindən anlamasaq da, onunla bağlı hansı sonuca gəlməyi müəyyən edə
bilməsək də, yuxugörmədəki təsəvvürlərin ayıq vaxtlarımızdakı təsəvvürlərlə yadlığı
da gözəçarpacaq bir gerçəklikdir. Burada yuxugörmənin, yuxarıdakı örnəkdə olduğu
kimi, çalmağı bilməyən birisinin barmaqlarını çalğı alətinin dilləri üzərində
gəzdirməsi ilə tutuşdurulması da düşüncələrimizin aydınlaşmasına yardım eləyə
bilmir. Doğrudan da, istər çalmağı bacaran, istərsə də bacarmayan olsun, pianinonun
dillərinə toxunanda o, eyni səsləri çıxarır. Burada çalmağı bacaranın tək üstünlüyü bu
səsləri melodiyaya çevirməyi bacarmaqdır. Yuxugörmənin bu ikinci özəlliyi, bir az da
doğrusunu desək, yuxugörmələrdəki təsəvvürlərlə ayıqlıqdakı təsəvvürlərin bütün
durumlarda uyuşmaz olduğu bizim üçün necə anlaşılmaz olsa da, onu bütün
yuxugörmələr üçün eyni olan bir özəllik kimi yadda saxlayaq.
Yuxugörmələr üçün eyni olan başqa özəlliklər də varmı? Mən bu dediklərimdən
başqa, bütün yuxugörmələr üçün eyni sayıla biləcək ayrı bir özəllik görmürəm, onları
bir-birindən seçib ayıran özəlliklər isə olduqca çoxdur, bunlara örnək olaraq,
yuxugörmələrin başvermə vaxtının uzun-qısalığını, onların aydın və qarmaqarışıq
olmalarını, həyəcan, qorxu doğurub-doğurmamasını, ayılandan sonra unudulub-
unudulmamasını, habelə bu kimi çoxlu fərqli özəlliklərini göstərmək olar. Daha
doğrusu, xarici qıcıqların ruhun fəaliyyətində əks olunan çırpıntıları, səyrimələri heç
də həmişə bizim gözlədiyimiz kimi baş vermir, düşüncələrimizin alışdığı məntiqə
sığmır. Yuxugörmənin uzun-qısalığına gəlincə, birdən bu yuxugörmələr olduqca qısa
olur, bir, yaxud bir-iki ötəri görüntü, yalnız bir düşüncə, hətta bir söz bütün
yuxugörmənin məzmununu təşkil edir; ancaq başqa yuxugörmələrin məzmunu
ağlagəlməz dərəcədə zəngin olur, burada az qala bir romanlıq olaylar baş verir və
görünür, belə yuxugörmələr çox uzun çəkir. Gerçəkliyə olduqca çox oxşayan
yuxugörmələr də vardır, burada baş verən olaylar olduqca aydın və inandırıcı
olduğundan, biz yuxudan ayılandan sonra da uzun bir müddət baş verənlərin yuxu
olduğuna inanmaq istəmirik, başqa yuxugörmələr isə olduqca zəif, dağınıq,
qarmaqarışıq, kölgə kimi qaranlıq olur; habelə eyni bir yuxuda olduqca aydın yerlər
olduğu kimi qaranlıq, anlaşılmaz olan yerlər də ola bilər. Bir sıra yuxugörmələrdə
anlamlı, məntiqli, habelə olduqca ağlabatan və insanı heyran eləyən olaylar baş verə
bilər; başqalarında isə qarmaqarışıq, axmaq, bayağı, olduqca anlamsız olaylar görmək
olar. Bir sıra yuxugörmələrə soyuqqanlılıqla yanaşsaq da, bir başqaları bizi çılğınlığa
çatdıracaq qədər duyğulandırır, gözyaşı tökdürəcək qədər qəmləndirir, yuxudan
oyadacaq qədər qorxudur, təəccüb, vurğunluq, habelə bu kimi başqa fərqli duyğular
yarada bilir. Bir sıra yuxugörmələr oyanan kimi də unudulur, başqası isə bütün günü
unudulmur, ancaq axşamtərəfi yavaş-yavaş unudulmağa başlayır, gecə keçdikcə daha
da zəif və qırıq-qırıq xatırlanmağa başlayır; başqa yuxugörmələr isə, örnək üçün,

uşaqlıq çağındakı yuxugörmələr kimi, yaddaşda çox yaxşı qorunub saxlanılır,
üstündən otuz il keçəndən sonra da yaddan çıxmır və bütün detalları ilə xatırlanır.
Yuxugörmələr də fərdlər kimi, ola bilsin, ancaq bir dəfə görünüb bir də gözə
dəyməsin və ya necə varsa eləcə, dönə-dönə görülsün, ya da azacıq dəyişikliklərlə
təkrarlansın. Bir sözlə, ruhun bu gecə fəaliyyətinin repertuarı çox genişdir, insanın
ruhu gündüzlər elədiyi nə varsa, onlara oxşar olan saysız olayları gecələr də eləyə
bilir, ancaq bu, hər halda gündüz baş verənlərdən nə iləsə fərqlənən nəsnələrdir.
Yuxugörmədəki bu çoxçalarlılığı yuxu ilə ayıqlıq arasındakı müxtəlif intervallara
uyğunluqla, yuxunun dərin, ya da üzdən olması ilə yozmağa çalışmaq olar. Belə
olardısa, onda gərək insanın oyanana yaxın gördüyü yuxugörmələr daha aydın və
anlamlı olaydı və bu getdikcə artaydı, özlüyündə isə bunun tərsi baş verir və birdən
çox aydın, anlamlı yuxugörmənin ardı qarmaqarışıq və anlaşılmaz bir yuxugörməyə
gəlib çıxır. Habelə insan psixikasının özü də yuxunun dərinliyini belə tez bir zamanda
dəyişə bilməzdi. Beləliklə də, bu yozumlar araşdırdığımız mövzuya aydınlıq gətirə
bilmir; görünür, məsələ biz düşündüyümüz qədər də sadə deyildir.
Gəlin yuxugörmələrin anlamlı olması ilə bağlı sorunu hələlik bir qırağa qoyub,
onların hamısı üçün eyni olan özəlliklərə arxalanaraq, yuxugörmənin nə demək
olduğunu bacardıqca dərindən anlamağa çalışaq. Yuxugörmə ilə yuxunun arasındakı
ilişkilərdən danışarkən biz yuxugörmənin yuxunu əngəlləyən qıcıqlardan yarandığı
sonucuna gəlib çıxmışdıq. Bildiyimiz kimi, bayaqdan sadaladıqlarımızdan yalnız
dediyimiz bu sonuncu an dəqiq eksperimental psixologiyanın yuxugörmələri
araşdırmasına yol açır; onun araşdırmaları isə, doğrudan da, yuxuda olan insana qarşı
yönələn qıcıqların onda yuxugörmələr yaratdığını sınaqlar yolu ilə sübut eləyə bilir.
Yuxarıda adını çəkdiyimiz Mourli Voldom çoxlu belə sınaqlar keçirmişdir; bizim hər
birimiz onun gəldiyi sonucları öz şəxsi müşahidələrimizlə təsdiq eləyə bilərik. Mən
burada onun artıq köhnəlmiş sayılan sınaqlarından seçdiyim örnəkləri göstərəcəyəm.
Onu da deyim ki, Mourli bu sınaqları öz üzərində aparmışdı. Yuxuda ona odekolon
iylətmişdilər. Bu zaman o, yuxuda Qahirədə İohann Mariya Farinin dükanında
olduğunu görmüş, bunun ardınca onun başına ağlagəlməz macəralar gəlmişdi
(İ.M.Farin italyan ətriyyatçısı olub odekolonun yaradıcısıdır). Sonra yuxuda yüngülcə
onun boynunun ardına toxunmuşdular, o isə bu zaman uşaqlıqda onu müalicə eləyən
həkimin boynundakı yaraya plastır qoyduğunu görmüşdü. Alnına bir damcı su
tökəndə isə o, yuxuda İtaliyaya gedib çıxmış, orada bərk istiləyib tər tökdüyünü və
Orvieto adlanan ağ çaxır içdiyini görmüşdü.
Sadaladığımız bu sınaqlar yolu ilə törənmiş yuxugörmələri başqa yuxugörmələrlə
tutuşduranda, onlarda bizim üçün ən aydın olan bu yuxugörmələrin yalnız elə
qabaqcadan düşünülmüş xarici qıcıqlarla yaranmasıdır. Gəlin indi də özünün dərin
ağlı ilə seçilən araşdırıcı Hidebrantın üçü də zəngli saatla bağlı olan yuxugörmələri ilə
tanış olaq.
“Bir yaz səhəri mən qonşu kənddə yaşıl otlarla örtülmüş çöllükdə gəzirəm. Bu
kəndin çoxsaylı insanlarının bayram geyimlərində, əllərində dua kitabları tutaraq,
kilsəyə getdiyini görürəm. Hə, bu gün bazar günüdür, deyə düşünürəm, ona görə də
birgə səhər duası oxunacaqdır. Mən də onların bu ibadətinə qatılmaq istəyirəm, ancaq
istidən bir az təntidiyimdən, öncə kilsənin ətrafındakı qəbiristanlıqda gəzişib özümə
gəlmək istəyirəm. Burada gəzişərək qəbir daşlarının üstündəki yazıları oxuyuram və
bu vaxt zəngçalanın zəng qülləsinə qalxdığı gözümə sataşır, yuxarıda kiçik bir kilsə

zənginin asıldığını görürəm. Bu zəng çalınan kimi səhər ibadəti başlanacaqdır. Kilsə
zəngi bir ara tərpənməz dayanır, sonra hərəkətə gəlir, birdən onun kəskin səsi
eşidilməyə başlayır. Bu kilsə zəngi olduqca qulaqbatırıcı bir səs çıxarır və mən bu
səsə yuxudan ayılıram. Zəng səsini çıxaran isə zəngli saatdır”.
“İkinci yuxugörmə. Buludsuz qış günü; küçələrdə iri qar qalaqları vardır. Mənə at
qoşulmuş xizəklə gəzmək təklif olunub və mən bununla razılaşmışam, ancaq çoxdan
dayanıb xizəyin haçan bizim qapıya gəlib çıxacağını gözləyirəm. Mən xizəyə oturmaq
üçün hazırlaşmağa başlayıram, qalın kürkümü geyirəm, ayağımı örtmək üçün içi
yunla dolu kisələri götürürəm, sonra xizəyə minirəm. Ancaq yola düşməyimiz gecikir,
nədənsə sürücü yerindən tərpənmək istəməyən atları qamçılamır. Budur, atlar yerlə-
rindən tərpənirlər; onların boyunlarından asılmış zınqırovlar güclü bir səslə yeniçəri
havası üstə dillənir, ancaq melodiya çox güclü səsləndiyindən, mən bu hay-küyə
yuxudan oyanıram. Bu səs isə yenə də zəngli saatın kəskin səsindən başqa bir nəsnə
deyildir”.
“Üçüncü örnək! Mən yuxumda qabyuyan qulluqçunu görürəm. O, əlində üst-üstə
yığılmış çoxsaylı boşqablar tutaraq dəhlizdən keçib mətbəxə sarı gedir. Mənə elə
gəlir, indicə onun əlindəki üst-üstə qalanmış çini qablar sürüşüb yerə töküləcəkdir.
Ona üz tutub deyirəm: bax, ehtiyatlı ol, yoxsa indicə qablar əlindən düşüb sınacaqdır.
O da deməyə alışdığı sözü dilinə gətirir: mən artıq qabları belə daşımağa alışmışam,
heç nə olmaz. Ancaq mən gözümü ondan çəkmirəm. Birdən o, doğrudan da, mətbəxin
kandarında büdrəyir və kövrək çini qablar cingiltili bir səslə döşəməyə səpələnir.
Ancaq nədənsə sınan qabların cingiltili səsləri kəsilmək bilmir, bunlar cingiltidən
dönüb zəng səsinə çevrilirlər və mən yuxudan ayılıb bunun zəngli saatın səsi
olduğunu görürəm”.
Danışılan bu yuxugörmələr yetərincə düşündürücü, bütünlüklə anlamlıdır. Adi
yuxugörmələrdə sıx-sıx özünü göstərən bir-biri ilə ilişkisi olmayan anlamsız olaylar
burada yoxdur. Ona görə də bu yuxugörmələrlə bağlı bizim düşüncələrimizdə hansısa
haçalanmalar da olmayacaqdır. Onların hamısı üçün eyni olan özəllik burada özünü
göstərən səs-küydür və yuxudan ayılınca bu səs-küyü zəngli saatın doğurduğu da bəlli
olur. Biz burada yuxugörmənin necə yaranmasını görməkdən başqa da bir sıra
yeniliklər öyrənə bilirik. Yuxugörmə zəngli saatın varlığını görə bilmir, doğrudan da,
zəngli saat yuxugörmədəki olayların içində yoxdur, ancaq bu yuxugörmə zəngli saatın
səsini başqa bir səslə əvəz eləyir, o, yuxunu pozmağa yönələn qıcığı yozmağa çalışır
və bu qıcığı hər dəfə başqa cür yozur. Bu niyə belədir? Buradakı olaylar məntiqi bir
asılılıq olmadan, özbaşına baş verdiyindən, bu sorunun da cavabı yoxdur. Birdən biz
yuxugörmənin nədən və necə baş verdiyini bilsəydik, onda qıcıq yaradan zəngli saatın
səsinin yerinə nə üçün başqa bir səsin yox, yalnız bu səsin seçildiyini də anlaya
bilərdik. Elə buna uyğun olaraq Mourlinin də sınaqlarına qarşı çıxa bilərik: burada da
yuxugörməni yaratdığını dediyimiz qıcığın yuxugörmədə nə üçün başqa bir formada
yox, yalnız elə bu formada üzə çıxdığı sorğusuna məntiqi bir cavab tapa bilmirik və
görünür, burada baş verənlər heç də bütünlüklə yuxugörməni yaratdığını dediyimiz
qıcıqdan asılı deyildir. Bundan əlavə, Mourlinin sınaqlarında qıcıqlandırıcının
yuxugörmədə yaratdığı birbaşa olaydan başqa da yuxugörmədə bu qıcıqlardan heç bir
asılılığı olmayan çoxsaylı olaylar baş verir. Örnək üçün, onun odekolonla bağlı
apardığı sınaqda yuxugörmədə özünü göstərən çoxsaylı ağlagəlməz macəralar bu

sıradandır və onların bu yuxugörməni törədən qıcıqla necə asılı olduqlarının anlaşıqlı
yozumu yoxdur.
Ancaq burası da vardır, qıcıqlandırma yolu ilə yaranan yuxugörmələrin
öyrənilməsi üzrə aparılan sınaqlar bizə bu prosesi dərindən anlamaq üçün əlverişli
durumlar yarada bilir. Başqa araşdırma yollarından belə dərin bilgilər almaq qat-qat
çətin başa gəlir. Bütün yuxugörmələr bitən kimi o andaca yuxudan ayılmırlarsa və
yalnız səhər yuxudan oyanandan sonra gecəki yuxugörməni xatırlayırlarsa, onda gecə
yuxunu pozub yuxugörmə yaradan qıcığın nə olduğunu necə öyrənmək olar? Günlərin
birində mən gördüyüm yuxunun belə bir qıcıqlandırıcı səslə bağlı olduğunu sonradan
öyrənə bilmişdim, ancaq bu, əlverişli bir durum yarandığı üçün mümkün olmuşdu.
Dağlıq Tirol şəhərciyində səhər yuxudan oyanıb indicə yuxumda Roma papasının
öldüyünü gördüyümü xatırladım. Mən nə üçün belə bir yuxu gördüyümü özüm üçün
aydınlaşdıra bilmədim, bir az sonra xanımım mənə dedi: “Sən səhərə yaxın
qulaqbatırıcı kilsə zənglərinin səsini eşitdinmi? Nəyə görəsə səhərə yaxın şəhərin
bütün kilsələrinin zəngi ara vermədən çalınmağa başlamışdı”. Yox, mən heç nə
eşitməmişdim, ancaq xanımımın dediyi bu sözlərə görə mənim bu yuxugörməmi hansı
qıcığın doğurduğunu öyrənə bilmişdim. Görəsən, yuxugörənin onun yuxugörmələrini
törədən belə qıcıqları bilmədiyi durumlar çoxmu olur? Ola bilsin, belə durumlar çox
olur, ola bilsin də çox az. Yuxugörməni yaradan qıcıqlanmanın olduğunu sübut eləyə
bilmiriksə, onda onun olduğuna inanmaq da yersiz görünür. Biz, onsuz da, belə
qıcıqların yuxugörmələrin hamısını yox, yalnız onların bir hissəsini törətdiyini
biləndən sonra yuxunu pozaraq yuxugörmə yaradan bu qıcıqlara böyük önəm
verməkdən özümüzü çəkindirməyə başlamışdıq.
Ancaq bütün baxdığımız durumlara göz yetirəndən sonra yuxugörməni yaradan
qıcıqlarla bağlı nəzəriyyədən bütünlüklə əl çəkməyi də düzgün saymaq olmaz. Ola
bilsin, bu nəzəriyyəni gələcəkdə genişləndirmək və araşdırmalarımız üçün daha da
yararlı eləyə bilmək də mümkün olsun. Bizim araşdırmalarımız üçün yuxunun nədən
pozulması çox da önəmli deyil, başlıcası yuxugörmənin baş verməsidir. Özü də bu
qıcıqlar kənardan yaranan təsirlərin yaratdığı duyğular şəklində olmaya da bilər, belə
qıcıqları insanın daxili orqanları da yarada bilər, bir az da doğrusunu desək, belə
qıcıqlar üzvi qıcıqlanmalar da ola bilər. Bizim sonuncu mülahizəmiz öz-özlüyündə də
aydındır və o, yuxugörmənin yaranmasının səbəbi ilə bağlı deyilənlərlə uyuşur. Elə
bilirəm, sizin çoxunuz yuxugörmənin yaranmasının mədənin durumu ilə bağlı
olduğunu çox eşitmisiniz. Ancaq yazıqlar olsun, bu duruma uyğun deyilənlər də
ehtimal olaraq qalır, çox vaxt oyandıqdan sonra daxili orqanlarımızda belə bir
gərginliyin olması öz təsdiqini tapmır və beləliklə də, onların yuxugörməyə göstərdiyi
təsirlər də sübut oluna bilmir. Ancaq olduqca çoxlu inandırıcı izləmələrin daxili
orqanlarda yaranan gərginliyin doğurduğu qıcıqların yuxugörmə törətdiyini sübut
eləməsini də gözdən qaçırmaq olmaz. Bir sözlə, daxili orqanların durumu
yuxugörməyə təsir göstərə bilər. Bir sıra yuxugörmələrin məzmununun yuxuda sidik
kisəsinin dolub daşması, yaxud da cinsi orqanın ehtirasa gəlməsi ilə ilişkiləri çox
aydın göründüyündən, bu durumlarda insanın daxili orqanları ilə yuxugörmələr
arasında asılılıq olduğu danılmazdır. Yuxugörmə ilə bağlı belə aydın olan
durumlardan başqalarına da keçmək olar, yəni bir sıra məzmunu daxili orqanların
qıcığından yarandığını bildiyimiz yuxugörmələri andıran başqa yuxugörmələri də bu
yolla az-çox aydınlaşdırmaq olar. Yuxugörmələr üzrə araşdırıcı Şerner

yuxugörmələrin daxili orqanların yaratdığı qıcıqlara görə baş verməsini onların
başlıca səbəbi olaraq götürmüş və bununla bağlı çox tutarlı örnəklər də göstərmişdir.
Yatan kimsə yuxusunda bir-birinin üstünə atılmaq üçün iki sıraya düzülüb, qarşı-
qarşıya dayanan sarışın saçlı gözəl oğlan uşaqlarını görür, bir az sonra onlar bir-biri
ilə tutaşırlar, sonra bir-birindən aralanıb yenə də sıraya düzülür, az sonra yenidən
tutaşırlar. Şerner buradakı oğlan uşaqlarını dişlərə oxşadır və doğrudan da, bu yuxunu
görən kimsənin səhərisi gün çənəsindəki qabaq dişlərdən birinin düşməsi onun bu
yozumunu büsbütün doğruldur. “Uzun, dar, əyri-üyrü yolla keçib getmək”, onun
yozumunda bağırsaqlarda baş verən gərginlikdən yaranan yuxugörmədir və Şernerin
doğru olaraq göstərdiyi kimi, burada yuxugörmə onu doğuran qıcıqlandırıcı orqana
bənzəyən predmetin görünüşünü yaratmağa çalışır.
Beləliklə də, biz yuxugörməyə insanın daxili orqanlarının qıcıqlanmasının da ona
kənardan göstərilən qıcıqlar qədər təsirinin olduğu düşüncəsinə gəlib çıxırıq. Ancaq
yazıqlar olsun, onların da yuxugörmədə gördüyü işin dəyərləndirilməsi ilə bağlı
düşüncələr haçalanır. Buradakı durumların çoxunda daxili orqanların yaratdığı
qıcıqların yuxugörməyə göstərdiyi təsirin aydınlaşdırılması sonacan inandırıcı olmur,
ya da yetərincə sübut oluna bilmir, yalnız bir sıra yuxugörmələrin belə qıcıqlardan
yarandığını aydınlaşdırmaq olur və eləcə də kənardan göstərilən qıcıqlarla olduğu
kimi, burada da yuxugörmənin bütövlükdə yox, ancaq bəlli bir bölməsinin birbaşa bu
qıcıqların təsirindən yarandığı görünür. Yuxugörmənin qalan bölmələrinin necə
yaranması isə bəlli olmur.
Buradaca qıcıqlanmaların təsirindən yaranan yuxugörmələrin araşdırılmasında
onların üzə çıxan bir sıra özünəməxsusluqlarını da qeyd eləmək yerinə düşərdi. Yuxu-
görmə qıcıqlanmanı birbaşa insan ruhuna ötürmür, onu üzərində işləyərək dəyişir, ona
eyham vurur, hansısa olaylar sırası yaradaraq bu qıcıqla bağlı olayı da burada
yerləşdirir, habelə onu necəsə başqa bir uyğun duyğuya çevirir. Bu, yuxugörmənin
gördüyü işin yalnız bir tərəfidir, onun bu özəlliyi bizi yuxugörmənin mahiyyətini
aydınlaşdırmağa yaxınlaşdıra biləcəyinə görə maraq doğurur: kimsə yuxugörmədə
hansısa qıcığa görə nəsə eləyirsə, burada baş verənlər təkcə elə bu qıcıqla bağlanıb
qalmır, daha geniş çevrəni əhatə edir. Örnək üçün, üç ölkəni öz hakimiyyəti altında
birləşdirməyi bacarmış bir kralın taxta çıxması Şekspirin “Maqbet” pyesinin
yazılmasına gətirib çıxarmışdı. Ancaq bu pyesdə yalnız elə bu tarixi fakt açıqlanmır,
əsərin öz içinə aldığı geniş dramatik olaylar bu pyesi böyük və möcüzəli bir sənət
əsərinə çevirir. Ola bilsin, yatan birisinə təsir göstərən xarici və daxili qıcıqlar da
yalnız elə yuxugörməni doğurur, ancaq bu qıcıqların yuxugörmənin mahiyyəti ilə heç
bir ilişkisi yoxdur.
Yuxugörmələrin başqa bir özəlliyi, onların özünü ələ verməyi sevməyən və
gələcək araşdırmalar üçün hansısa girişi olmayan psixi xarakteri ilə bağlıdır.
Yuxugörmələrdə biz baş verənləri kənardan baxdığımız görüntülər kimi izləyirik.
Yuxugörməni yaradan qıcıqlar bunun nə üçün belə olduğunu açıqlaya bilərmi? Bizim
yuxugörmədə yaşadıqlarımız, doğrudanmı, birbaşa bu qıcıqlarla bağlıdır? Elə isə, nə
üçün burada ancaq görüntülər yer tutur, axı bu qıcıqlar olduqca az durumlarda bizim
gözlərimizə təsir göstərir? Yoxsa hansısa danışıq bizim yuxumuza giribsə, bu zaman
biz onu səslimi eşitmiş oluruq? Bunun belə olmadığını mən inamla və qətiyyətlə sizə
deyə bilərəm.

Yuxugörmələrin hamısı üçün eyni olan özəlliklər daha dərin araşdırmalara yol
aça bilmirsə, bəlkə, onları bir-birindən fərqləndirən özəlliklərə baxmaq yaxşı olardı?
Doğrudur, yuxugörmələr çox vaxt anlamsız, qarmaqarışıq, dolaşıq, bayağı olur; ancaq
anlamlı, aydın və məntiqli yuxugörmələrin də olduğu bəllidir. Gəlin, baxaq görək,
anlamlı yuxular bizə anlamsız yuxularla bağlı nəsə öyrənməyə yardımçı ola
biləcəkmi? Bir nəfər gəncin mənə söylədiyi məntiqli bir yuxugörməni sizin üçün
danışmaq istəyirəm. “Mən Kertnerştrassedə gəzişirdim, orada X. bəy ilə qarşılaşıb bir
az gəzindik, sonra ondan ayrılıb restorana getdim. Mən oturduğum stolun arxasında
iki xanımla bir bəy də oturmuşdu. Onların mənimlə bir stolda oturmaqlarına görə
acıqlanırdım, başımı qaldırıb onlara sarı baxmaq belə istəmirdim. Bir az sonra mən
onlara sarı baxmağa başlayıb bu insanların mənə çox doğma olduqlarını duymağa
başladım”. Yuxugörən gəncin dediyinə görə, o, gecə, yatmazdan qabaq, hər gün
olduğu kimi, Kertnerştrassedə gəzməyə çıxmış və orada X. bəy ilə görüşmüşdü.
Yuxunun qalanı isə hansısa olayla birbaşa bağlı deyildi, ancaq bu yaxınlarda başına
gəlmiş bir olayla çox uyğunluğu vardı. Başqa bir xanımın gördüyü “aydın” bir yuxuya
baxaq. “Yuxuda əri ondan soruşur: pianinonu köklətdirəkmi? Qadın deyir: hələlik
buna gərək yoxdur, gərək qabaqca onun üzlüyünü dəyişək”. Xanımın deməsinə görə,
yuxunu görməmişdən bir gün öncə onunla əri arasında bu yuxu ilə sözbəsöz eyni olan
belə bir danışıq olubmuş. Bu cür “aydın olan” yuxugörmələrə baxıb hansı sonuclara
gəlmək olar? Belə çıxır, bu cür yuxugörmələrdə gündüz yaşadığımız olaylar
təkrarlanır, habelə onlarla ilişkili olan nələrisə də görürük. Birdən bu bütün
yuxugörmələrdə belə olsaydı, onda çox önəmli bir olay sayıla bilərdi. Ancaq bunun
belə olmadığı hamımıza aydındır; bu deyilənlər yuxugörmələrin çox azında baş verir,
yuxugörmələrin çoxunda gündəlik baş verən olaylarla hansısa ilişkilər tapmaq olmur
və onların çoxunda özünü göstərən anlaşılmazlıq və bayağılığı da heç yerə yozmaq
olmur. Beləliklə də, bu yöndə irəlilədikcə yeni-yeni problemlərlə üz-üzə gəlirik. Biz
təkcə elə yuxugörmələrin hansı anlam daşıdığını öyrənmək istəmirik, hətta, indicə
gətirdiyimiz örnəklərdə olduğu kimi, gündəlik yaşamdakı hansısa olayların nə üçün və
necə yuxuda belə aydın bir şəkildə təkrarlandığını da anlamaq istəyirik.
Mənə elə gəlir, belə sınaqları davam etdirməklə siz də mənim kimi yorulub əldən
düşürsünüz. Göründüyü kimi, problemin həllinə aparan yolu tapmadan onunla
maraqlanmağın heç bir önəmi yoxdur. Hələlik biz belə bir yolu tapa bilməmişik.
Eksperimental psixologiya qıcıqların yuxugörmə yaratması ilə bağlı olan bir sıra çox
dəyərli bilgilər verməkdən o yana keçə bilmir. Fəlsəfənin də burada nə iləsə işimizə
yarayacaq bir söz deyəcəyini gözləməyə dəyməz. O yalnız özünü dartıb bizim çox
dəyərsiz bir işə baş qoşduğumuza eyham vuracaqdır; mistik təlimlərdən isə biz
özümüz uzaq gəzməyə çalışırıq. Tarixin gedişində minilliklər boyunca özünə yer
eləyə bilmiş və bu gün də xalq içində geniş yayılmış inanclara görə, yuxugörmələrin
hamısı anlamlıdır və onlar gələcəkdən xəbər verirlər; bunlara inanmaq çox çətindir,
sözsüz, bunun belə olduğunu sübut eləmək mümkün də deyildir. Beləliklə də, çıxış
yolu tapmaq üçün üz tutduğumuz bütün yönlər dalana dirənir.
Ancaq birdən heç gözləmədiyimiz bir yerdən bizə kömək gəlib çıxır. Bəlli olduğu
kimi, bizim dilimizdə işlətdiyimiz sözlər heç də hansısa gözlənilməzlikdən
yaranmamışdır, bunların hamısı keçmişlərdən qalma qavramların daşıyıcılarıdır,
düzdür, bu sözlərdən hansısa araşdırmalar üçün yararlananda götür-qoyluğu da əldən
vermək doğru olmazdı; bildiyiniz kimi, danışıq dilimizdə gerçəklikdə baş verən

olaylarla bağlı söylənilən, “ayıqlıqda yuxu görmək (aşkarda yuxu görmək)”
(Taqtraume) deyimi vardır. “Ayıqlıqda yuxu görmək” deyilən olay bir fantaziyadır
(fantaziyadan doğan bir olaydır); bu istər sağlam, istərsə də xəstə insanlar arasında
çox geniş yayılmış bir fenomendir və onu hər kəs öz üzərində də araşdırıb öyrənə
bilər. Burada ən təəccüblü olan isə bu deyimin “ayıqlıqda yuxu görmək”
adlanmasıdır, baxmayaraq, bu olayın yuxugörmələrin hamısında özünü göstərən
dediyimiz iki özəlliyi də yoxdur. Yəni bu olaylar yuxuda yox, gerçəklikdə baş verdiyi
üçün yuxugörmə sayıla bilməz, ikincisi isə, onlarda hansısa qarabasmalar və
gözəgörünmələr yoxdur, onlar, sadəcə, təsəvvürlərdir: bu anda sən xəyala daldığını
anlayırsan və öz umacaqlarınla bağlı dərin düşüncələrə qapılırsan, ancaq onları
görmürsən. Belə “ayıqlıqda yuxu görmələr” insanlarda cinsi yetkinlik yaşına çatanda,
uşaqlığın son dönəmində başlayır, yaşlı çağlarda da üzə çıxır, sonradan isə bu ya yoxa
çıxır, ya da qocalıq çağlarına kimi qalır. Bu fantaziyaların məzmunu çox aydın
motivlərlə bağlıdır. Bu səhnələrdə və təsəvvürlərdə insanların eqoistliyi,
özünəvurğunluğu, başqaları üzərində üstünlüyə can atması, habelə cinsi istəkləri
özünü göstərir. Gənc kişilərdə bu çox vaxt özünəvurğunluqla bağlı fantaziyalar kimi
üzə çıxır, qadınlarda isə belə özünəvurğunluq ən çox cinsi istəklərlə bağlı olur və
sevgi macəralarında uğur qazanmağa can atan xəyalların qurulmasına gəlib çıxır.
Ancaq bu “ayıqlıqda yuxu görmələrdə” çox vaxt elə kişilər də erotik umacaqlarını
fantaziyalaşdırırlar; belə kişilərdə bütün igidliklər və uğurlar qadınlara vurğunluq və
onların ürəyini ələ almaqla bağlı olur və elə bu motivli fantaziyalara da çevrilir. Bir
sözlə, “ayıqlıqda yuxu görmələr” çox müxtəlifdir və onların yönümü də çox fərqlidir.
Onlardan biri qısa bir müddətdə baş verib qurtarır və yerini yeniləri tutur, bir başqaları
isə itib-batmır və sonradan yaşamdakı durumlara uyğun gələn çoxlu belə fantaziyaları
da özünə qoşaraq uzanır və genişlənir. Belə demək olarsa, onlar özlərinə zamandan
ayaq düzəldib yeriyirlər və yaranan durumlara uyğun olaraq, onların ayaq izləri
keçdikləri yollara düşüb qalır. Onlar poetik yaradıcılıq üçün xammallardır və şairlərlə
yazıçılar onlardan yararlanaraq onların əsasında çoxlu süjetlər qurur və öz şeirlərini,
novellalarını, romanlarını, pyeslərini yazırlar. Ancaq bu “ayıqlıqda yuxu görmə” ilə
yaranan əsərlərin qəhrəmanı həmişə bu fantaziyaları quran kimsənin özü olur, bu isə
ya birbaşa onun özü, ya da özünün özəlliklərini dolayısı ilə üzərinə köçürdüyü bir
başqası kimi ortaya çıxır.
Ola bilsin, “ayıqlıqda yuxu görmə” deyimi bu adı gerçəkliklə uyğunluğunun
zəifliyinə görə almışdır, axı onların da məzmununda, yuxugörmələrdə olduğu kimi,
gerçəkdən baş verən olaylardan çox az şeylər vardır. Ancaq ola da bilər, bu deyimin
yuxugörmə ilə ümumiliyi, yuxugörmələrin bizə bəlli olmayan və aradığımız hansısa
psixoloji özəlliyi ilə bağlılığı da olsun. Bu fenomenə yuxugörmə ilə bağlı olan adın
verilməsi bir yanlışlıq da ola bilər. Ancaq biz bunu bir az sonra aydınlaşdıracağıq.
Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin