Üçüncü mühazirə
YANILMALAR
(ardı)
Dəyərli xanımlar və bəylər! Ötən dəfəki mühazirəmizdə biz yanılmalara öz-
özlüyündə baxmağa, onları çaşqınlıq gətirmək istədikləri düzgün olan işdən asılı
olmayaraq, ayrılıqda araşdırmağa çalışdıq; ayrı-ayrı durumlarda bu ayrılıqda
götürülmüş yanılmaların öz anlamları ola biləcəyi düşüncəsinə də gəlib çıxdıq.
Araşdırmalarımızın ardında yanılmaların, doğrudan da, təsadüfilikdən yaranmayıb
anlam daşıyıcıları olduğu daha çox durumlarda doğrulanarsa, onda bizim üçün
yanılmaların daşıdığı bu anlamlar yanılmaların hansı şəraitdə və necə yaranmasını
araşdırmaqdan daha maraqlı olacaqdır.
Gəlin sizinlə bu məqamı bir daha anlaşaq: hansısa psixi prosesin “anlamı” (Sinn)
deyəndə başqa bir şeyi deyil, yalnız və yalnız bu psixi prosesin qulluq elədiyi niyyəti
və onun, bu niyyətlə bağlı olduğu üçün, başqa psixi olayların içində seçilib ayrılaraq
tutduğu yeri başa düşəcəyik. Biz öz araşdırmalarımızda çox yerdə “anlam” yerinə
“niyyət” (Absicht), ya da “yönlənmək” və ya “meyillənmək” (Tendenz) sözlərini
işlədəcəyik. Ancaq buradaca belə bir sorğu ilə də üzləşməli oluruq: yanılmalara
məqsədyönlü əməllər kimi yanaşmağımız özünüaldatma, ya da təxəyyülümüzün
poetik özbaşınalığa uymasından doğa bilməzdimi?
Çalışmalarımızın bu yerində yenə də söz yanılmalarını araşdıracaq və bununla
bağlı olan daha çox durumları izləməyə çalışacağıq. Biz indiyədək qarşılaşdığımız bir
çox söz yanılmalarının hansısa anlamın, niyyətin daşıyıcısı olduğunu bütün aydınlığı
ilə gördük. Bu isə özünü, ən çox, demək istədiyinin əksini söyləməklə baş verən söz
yanılmalarında göstərməkdədir. Örnək üçün, parlamentin sədri iclası açanda deyir:
“İclasımızı bağlayıram”. Onun bu yanlışının anlamı və niyyəti iclası bağlamaq
istəməsidir. Biz bu durumda onu öz sözü ilə tutmağa çalışıb deyə bilərik:
“Görürsünüz, o bunu öz dili ilə deyir”. Ancaq bunu da yaxşı bilirsiniz, gerçəklikdə,
parlamentin sədrini öz sözləri ilə tutmaq mümkün olmayacaqdır, axı biz özümüz də
onun iclası bağlamaq yox, açmaq istədiyini bilirik, habelə onun özü də iclası
bağlamaq yox, açmaq istədiyini deyəcək və söz yiyəsinin dediyini danmaq üçün bizim
əlimizdə heç bir dəlil olmayacaqdır. Eləcə də siz belə düşünəndə bizim bu yanılmalara
ayrılıqda, öz-özlüyündə baxmaq istədiyimizi də unutmuş olursunuz; biz bu
yanılmaların daşıdığı anlamın, yaxud niyyətin, onların yerini tutmuş olduğu “düzgün”
niyyətlə qarşılıqlı asılılığına bir az sonra baxacağıq. Yoxsa siz məntiqi yanlışa
uğradığınızdan, problemi araşdırmaqdansa onun özünü itirmiş olarsınız. İngilis
dilində buna “begging the question” (sualı xırdalaya-xırdalaya yox eləmək) deyilir.
Başqa durumlarda söz yanılmasının özü birbaşa deyilməli olan sözlə əks olan
anlam daşımasa da, onun ortaya çıxması ilə deyiləcək fikir əks anlama çevrilir.
Yuxarıda professorun öz müəllimi ilə bağlı dediyi “İch bin nicht geneigt (geeignet),
die Verdienste meines sehr geschatztenVorgangers zu würdigen” ifadəsində bu çox
aydın görünür. Buradakı “istəmərəm” (geneigt) sözü “bacarmaram” (geeignet) sözü
ilə əks anlamlı olmasa da, bu söz yanılması natiqin demək istədiyi sözü əks anlama
gətirib çıxarır.
Bir sıra durumlarda isə söz yanılması deyilməli olan gerçək sözə əks anlam
yaratmır, ancaq ona yeni bir anlam artırır. Burada deyilən cümlə elə bil bir neçə
cümlənin daralmasından, qısalmasından, sıxlaşmasından yaranmış kimi görünür.
Örnək olaraq, yuxarıda dediyimiz, əri üzərində ağalıq eləməyi sevən xanımın sözlərini
göstərə bilərik: “O mənim istədiyim nə varsa onları yeyə və içə bilər”. Xanım bununla
aşağıdakıları demək istəyir: “Ərim nə istəsə yeyə və içə bilər, ancaq o mənim
istəmədiyim nəyisə yeməyə necə ürək eləyə bilər? O mənim istədiyimi istəməlidir”.
Söz yanılmaları onu eşidənlərdə çox vaxt deyilən cümlənin qısaldılması ovqatını
yaradır. Örnək üçün, anatomiya professoru burun oyuqları ilə bağlı mühazirə
oxuyandan sonra tələbələrindən deyilənləri anlayıb-anlamadıqlarını soruşur, onlardan
“anladıq” cavabını eşidincə deyir: “İnanmıram, mənim bildiyimə görə, milyon nəfərin
yaşadığı şəhərdə burun oyuqlarının anatomiyasını anlayan insanların sayını bir
barmaqla saymaq olar, bağışlayın, bir əlin barmaqları ilə saymaq olar demək
istəyirdim”. Bu qısaltmanın anlamı bəllidir: burada burun oyuqlarının anatomiyasını
bilən ancaq bir adam var, o da mənəm.
Dediyimiz sırada dayanan, özləri birbaşa öz anlamlarını açıqlayan yanılmalarla
əks olan başqa yanılma tipləri də vardır və onlar, elə bil, heç bir anlam daşımırlar və
bizim indicə dediklərimizi yalana çıxarmış kimi görünürlər. Birdən kimsə söz
yanılmasında hansısa adı düzgün səsləndirmirsə, yaxud da söz demək yerinə, hansısa
büsbütün anlamsız səs yığınını dilə gətirirsə, onda bu sıx-sıx üzləşdiyimiz durumlara
baxaraq, belə söz yanılmalarının heç bir anlam daşımadıqlarını düşünə bilərik. Ancaq
belə örnəklərə bir az dərindən yanaşanda onlardakı yanlışların da hansısa bir anlamı
bildirdikləri bəlli olur və bu yanılmalarla bir az öncə baxdığımız yanılmalar arasında
elə də çox böyük fərqin olmadığı üzə çıxır.
Bir sayğılı ağadan onun atının sağlamlıq durumunu soruşurlar, o isə belə cavab
verir: “Ja, das draut... Das dauert vielleicht noch einen Monat (Hə, görünür, bu hələ
bir ay da çəkəcəkdir). Burada “çəkəcəkdir” anlamında olan dauert sözünün yerinə heç
bir anlamı olmayan draut sözünü işlədir. Ondan bu yanlış sözü nə üçün işlətdiyini
soruşanda o bir az düşünür, sonra deyir: “Das ist eine tpaurige Geschichte (Bu çox
qüssəli bir olaydır). Burada “dauert” sözü ilə “traurige” sözlərinin toqquşmasından
anlamsız bir söz olan “draut” yaranmışdır (Bu örnək Meringerlə Mayerin dediyimiz
araşdırmalarından götürülmüşdür).
Başqa birisi qarşılaşdığı bir olaydan danışaraq onun baş verməsini qınayır və
ardınca deyir: Dann aber sind die Tatsachen zum Vorschwein (forşvayn) gekommen...
(Beləliklə də, faktlar üzə çıxdı; ancaq burada “üzə çıxdı” deyimi “Vorschein” kimi
deyilməkdənsə ona, yanlış olaraq, “w” səsi artırılaraq anlamsız bir söz alınmışdır).
Sonradan söz danışan kimsəni sorğu-suala çəkəndə o bu üzə çıxan faktları
bəyənmədiyini, bunun “donuzluq eləmək” (Schweinerei) olduğunu demişdi. Beləliklə
də iki sözün: Vorschein (forşayn) ilə Schweinerei (şvayneray) toqquşmasından
anlamsız bir söz olan Vorschwein (forşvayn) ortaya çıxmışdır (Bu örnəklər də
Meringer ilə Mayerin kitabından götürülmüşdür). Buradaca yuxarıda örnək
gətirdiyimiz gənc kişinin bir xanıma dediyi anlamsız begleitdigen sözünü də ana
bilərik. Biz bu örnəkdə üzləşdiyimiz begleitdigen yanılmasının begleiten (ötürmək) və
beleidigen (aşağılamaq) sözlərinin toqquşmasından doğulduğunu bildirmişdik və bu
yozuma inansaq da, onu doğrultmağa gərək duymamışdıq. Bu cür örnəklərdən aydın
göründüyü kimi, yanılmanın anlamsız söz yaratdığını düşündüyümüz durumları da
danışığın gedişində düşüncədə toqquşan iki fərqli niyyətin toqquşması ilə açıqlamaq
olar. Buradakı fərqlər də göz önündədir: birinci örnəkdə ürəkdən keçən bir niyyət
deyiləcək sözün daşıdığı niyyətlə bütünlüklə qarışır və əks anlamlı bir söz yaranıb söz
yanılması kimi ortaya çıxır; ikinci örnəkdə isə deyilməli olan sözün daşıdığı niyyət
korlanır, söz özü də dəyişikliyə uğrayıb buraxılan söz yanılmasının az-çox anlaşıla
bilən hansısa anlamı daşımasına gətirib çıxarır.
Mənə elə gəlir, biz indi yetərli sayda söz yanılmalarını yoza bildik. Biz bu
yanaşmamızdan yayınmasaq, indiyədək olmuş və bizim üçün anlaşılmaz qalmış çoxlu
yanılmaları da özümüz üçün aydınlaşdıra bilərik. Örnək üçün, bu yanaşmamızdan
adların yanlış deyilməsinin iki oxşar, ancaq fərqli anlam daşıyan adın toqquşmasından
yarandığı çıxmır. Bunun kimi, buradakı başqa durumlara da asanlıqla aydınlıq
gətirmək olar. Bəlli olduğu kimi, adların düzgün deyilməməsi heç də həmişə
yanılmalarla bağlı olmur; çox vaxt ad yiyəsini aşağılamaq üçün bu adın deyilişini
korlamağa çalışırlar; bu, mədəni insanların da bir sıra durumlarda yol verdikləri,
başqasını aşağılamaq istəyindən yaranan bir durumdur. Mədəni insanlar bu durumu
“sözü zarafata salmaq” adlandırıb yumşaltmaq istəsələr də, buradakı qabalıq açıq-
aydın gözə çarpır. Buna örnək olaraq, Fransa prezidenti Puankarenin adının önünə
“şvayn” (donuz) sözünün artırılıb “Şvaynkare” çağırılması kimi iyrəncliyi göstərmək
olar. Ona görə də başqa söz yanılmalarında da, adların korlanmasında olduğu kimi,
başqasını alçaltmaq istəyinin olduğunu düşünməyə dəyər. Bir az yuxarıda
göstərdiyimiz gülünc bir duruma gətirib çıxaran örnəyin də, başqasını aşağılamaq
istəyinin gizlədilə bilməyib gözlənilmədən üzə çıxmasından doğduğunu güman
eləmək olar. Unutmamısınızsa, bu örnəkdə işçisi öz rəisinin sağlığına tost deyəndə
“qədəhlərimizi qaldırıb, toqquşduraq” əvəzinə “qədəhlərimizi qaldırıb, gəyirək”
deyirdi. Beləliklə də, yanılmadan doğan bu ürəkbulandırıcı sözlə ortalıqda olan
bayram ovqatı pozulur və biz bir az öncə baxdığımız örnəklərə arxalanarsaq, onda bu
işçinin yanılmasının da onun öz daxilində rəisinin kimliyinin belə yersiz
şişirdilməsinə qarşı olmasından doğduğunu, onun gerçək düşüncələrinin isə belə
olduğunu düşünə bilərik: “Burada deyilən yalanlara inanmayın, bütün bunlar boş-boş
sözlərdir, tüpürüm sizin şişirtdiyiniz bu cılız adama... habelə bunun kimi düşüncələr”.
Bunun kimi də, çox vaxt görürsən belə yanılmalarda hansısa yaxşı anlamlı bir söz
ədəbsiz anlam daşımağa başlayır. Örnək üçün, apropos (sözgəlişi) anlamlı söz apopos
(dalından dəymək) kimi, EiweiBscheibchen (zülal təbəqəsi) anlamlı söz isə,
EischeiBweibchen (iyrənc arvad) kimi pis anlamlar daşımağa başlayır (Bu örnəklər də
Meringerlə Mayerin kitabından götürülüb). Biz öz yaşamımızda çoxlu elə insanlar
tanıyırıq ki, yalnız əylənmək üçün istənilən normal sözü götürüb iyrənc şəkillərə
salırlar; bu çox vaxt itiağıllılıq da sayılır və doğrudan da, bir çox durumlarda bu işi
görən insanlardan dediyinin zarafatmı, yoxsa yanılmamı olduğunu soruşmalı da
olursan.
Ancaq görürsünüz, biz çox asanlıqla belə söz yanılmalarının necə yaranmasını
özümüz üçün aydınlaşdıra bildik! Onlar təsadüfdən yaranmırlar və anlamları olan çox
ciddi psixoloji olaylardır, habelə onlar iki fərqli niyyətin qarşılaşmasından, daha
doğrusunu desək, toqquşmasından yaranırlar. Mən sizin indiki durumunuzu çox gözəl
anlayıram, bilirəm, bu məsələni özünüz üçün sonacan aydınlaşdıra bilmək üçün
üstümə dolu kimi yağdırmaq istədiyiniz çoxlu sorğularınız vardır və bu sorğulara
cavab vermədən araşdırmalarımızda gəlib çıxdığımız bu ilk sonucu uğur sayıb ona
sevinmək də hələ tezdir. Sözün düzü, mən sizləri tələsik sonuclara gəlməyə
sürükləməyi də istəmirəm. Ona görə də gəlin ortaya çıxan sorğulara sıra ilə və
soyuqqanlı yanaşaraq cavab tapmağa çalışaq.
Siz məndən nələri soruşmaq istərdiniz? Elə bilirəm, bunları bilmək istəyərdiniz:
mən söz yanılmalarının yozulması ilə bağlı tapdığımız bu qaydanın bütün söz
yanılmalarınımı, yoxsa yalnız onların bir sırasınımı aydınlaşdıra biləcəyini
düşünürəm? Belə bir qayda ilə başqa yanılma növlərini: yanlış oxumanı, yanlış
yazmanı, unutqanlığı, nəyinsə yerinə başqa bir nəsnəni yanlış götürməyi, nəyisə
gizlədib sonra tapa bilməməyi, habelə bu başqa yanılmaları da yozmaq olarmı?
Yanılmaların baş verməsinə gətirən psixoloji durumun yaranmasında yorğunluq,
həyəcan, dalğınlıq və diqqətin yayınması kimi faktorların önəmi varmı? Burada
yanılmaların yaranmasına gətirən iki toqquşan niyyətlərdən birinin bəzən açıq-
aydınlığı ilə üzə çıxmasını, bəzən isə sonacan bəlli olmamasını da deməyin yeri
vardır. Elə isə, bu üstüörtülü qalan niyyətin aydın olması üçün nə etmək gərəkdir və
biz bu niyyətin nə olduğunu fərz eləyiriksə, onda bu düşüncəmizin ancaq ehtimal
olunan mülahizələrdən biri olmayıb, büsbütün doğru olduğunu necə sübut eləmək
olar? Sizin bütün bunlardan başqa da sorğularınız varmı? Başqa sorğularınız
yoxdursa, onda mən sözümə davam edirəm. Buradaca onu da sizə xatırlatmaq
istəyirəm ki, bütün bu yanılmalar psixoanalizin öyrəndiyi problemlərdə yararlana
biləcəyi çox dəyərli materiallar əldə edəcəyi təqdirdə bizi maraqlandırır. Yanılmaların
bundan nə az, nə də çox sayıla biləcək bir önəmi yoxdur. Buradan isə belə bir sorğu
yaranır: demək istənilən gerçək sözün qarşısını alaraq, bu sözü yanılmağa gətirib
çıxaran hansısa niyyət, yaxud meyil nə üçündür? Biz yalnız bu problemi
aydınlaşdırandan sonra öz araşdırmamıza davam edəcəyik.
Gəlin ilk olaraq bu sorunu aydınlaşdırmaqdan başlayaq: bizim söz yanılmalarını
yozmaq üçün tapdığımız qayda bütün söz yanılmalarını yozmaq üçün yararlı sayıla
bilərmi? Mən bunun elə belə də olduğuna inanmağa üstünlük verirəm, bunun səbəbi
isə tapdığımız bu qaydanın, demək olar, baxdığım bütün söz yanılmalarında işə
yaramasıdır. Ancaq bu deyilənlər heç də bu qayda ilə yozula bilməyən söz
yanılmalarının ola bilməyəcəyini sübut eləmir. Qoy belə də olsun; bizim irəli
sürdüyümüz nəzəriyyə üçün bunun önəmi yoxdur, tapdığımız qaydanın azsaylı söz
yanılmaları üçün özünü doğrultması da onu doğru saymaq üçün yetərli olacaqdır,
ancaq düzünə qalsa, bu qayda ilə yanılmaların yozulması onun çoxsaylı söz
yanılmalarına aydınlıq gətirə bildiyini göstərməkdədir. Sonrakı sorğumuz belə
olacaqdır: söz yanılmalarını araşdırmaqla bağlı yararlandığımız bu qayda ilə yerdə
qalan başqa yanılmaları da araşdırmaq olarmı? Mən bəri başdan bunun mümkün
olduğunu sizə deyə bilərəm. Biz yazıda yanılmaları, yaxud da çaşıb vacib olanı yox,
vacib olmayan nəyisə götürməklə bağlı yanılmaları, habelə başqa yanılmaları da
araşdırmağa başlayanda bunun belə olduğuna siz də inanacaqsınız. Ancaq mən burada
söz yanılmalarını dərindən araşdırıb qurtarmadan başqa yanılmaların araşdırılmasına
keçməyi metodoloji baxımdan düzgün saymıram.
Biz indi yanılmaların baş verməsi ilə bağlı öz yozumumuzu irəli sürürüksə,
onların baş verməsinin psixi mexanizmini ortaya qoyuruqsa, onda belə çıxır ki,
bununla bağlı başqalarının irəli sürdüyü fərqli yozumlara, yəni bu yanılmaların qan
dövranının pozulmasından, yorğunluqdan, həyəcandan, dalğınlıqdan, diqqətin
yayınmasından baş verdiyini irəli sürən kimsələrin yanaşmalarına da önəm verməli,
onlarla bağlı da araşdırmalar aparıb kimin doğru olduğunu üzə çıxarmalıyıq. Ancaq
gördüyünüz kimi, biz bu durumlara önəm vermir, bu düşüncələrin yiyələri ilə söz
çəkişmələrinə girişmirik. Bu, psixoanalizin bir özəlliyidir, o heç vaxt birbaşa
başqalarının hökmlərinə qarşı çıxmır, bu hökmləri irəli sürənlərlə söz güləşdirmir;
psixoanaliz başqa yolla gedir, o danışılan mövzu ilə bağlı ilk baxışda önəmsiz
görünən mülahizələr irəli sürməyə başlayır və çox vaxt bu, indiyədək önəmsiz
görünən və yalnız psixoanalizin irəli sürməyi gərəkli saydığı nəsnələrin sonradan
danışılan mövzu üzrə ən başlıca faktorlardan biri olduğu üzə çıxır. Biz
psixoanalitiklər fizioloji faktorlar olan qan dövranının pozulmasının, yüngül sağlamlıq
pozuntularının, üzgünlüyün, habelə bu kimi gündəlik üzləşdiyimiz bir sıra faktorların
söz yanılmalarının yaranmasına təsir etdiyini danmırıq. Ancaq bilsəniz, bu faktorlar
yanılmalara necə də az aydınlıq gətirə bilir! Hər şeydən öncə, yanılmaların yaranması
heç də həmişə bu faktorlardan asılı olmur. Bütünlüklə sağlam və yorğun olmayan
insanlarda da söz yanılmaları baş verə bilir. Ancaq sadalanan bu fizioloji
çatışmazlıqların törətdiyi durumlar bu yanılmaların yaranmasını yeyinləşdirə və
asanlaşdıra bilir, bu doğrudan da belədir. Dediyimin yaxşı anlaşılması üçün vaxtilə
düşünüb tapdığım bir bənzətməni yenidən səsləndirmək istəyirəm, sözün düzü,
bundan yaxşısını hələ tapa bilməmişəm. Tutalım, mən qaranlıq bir gecədə yiyəsizlik
olan bir küçə ilə gedirəm və bir soyğunçu basqın eləyib mənim pul kisəmlə saatımı
əlimdən alır. Mən soyğunçunun üzünü görə bilmədiyim üçün yaxınlıqdakı polis
bölməsinə gəlib deyirəm: “Yiyəsiz və qaranlıq bir küçədə elə indicə mənim pulumu
və saatımı əlimdən aldılar”. Bu dediklərimin qarşılığında polis komissarı mənə deyir:
“Siz niyə başınıza gələnlərə belə mexaniki baxımdan yanaşırsınız? Düzünə qalsa,
sizin başınıza gələn hadisəni belə açıqlamaq olar: Tanımadığınız bir soyğunçu
qaranlıqdan və yiyəsizlikdən yararlanaraq sizin pulunuzu və bahalı saatınızı əlinizdən
almışdır. Sizin düşdüyünüz bu acınacaqlı durumdan ən yaxşı çıxış yolu isə bizim o
soyğunçunu tapa bilməyimizdir. Onda biz soyğunçunun oğurladıqlarını alıb sizə
qaytara bilərdik”.
Həyəcanlanma, dalğınlıq, diqqətin yayınması kimi psixofizioloji pozuntular
yanılmaların yaranmasına olduqca az aydınlıq gətirə bilir. Bu kimi səbəbləri ortaya
atmaq çox vaxt məsələyə üzdən yanaşmadır, ya da boşuna deyilmiş bir sözdür. Biz
gərək bu sözlərin dəyərləndirilməsində yanlışa qapılmaqdan özümüzü çəkindirməyi
bacaraq. Daha yaxşısı isə, bu deyilən həyəcanın, yaxud da diqqətin yayınmasının
nədən yaranması üzərində baş sındırmaq olardı. Oxşar səslənmənin, sözlərin və
onların doğurduğu duyğuların uyğunluğunun önəmli olduğunu da danmaq olmaz.
Onlar da söz yanılmalarının yaranmasını asanlaşdırır, onun üçün irəliləyə biləcəyi
yolu açırlar. Ancaq birdən mənim qarşımda hansısa yol açılmışsa, mənim bu yolu
seçməyim özümdən asılı deyilmi? Mənim bu yolu seçməyim üçün hansısa səbəb
olmalı deyilmi? Habelə məni bu yola sarı itələyən hansısa bir güc də olmalı deyilmi?
Beləliklə, həm səslərin və sözlərin uyğunluqları, həm fizioloji pozuntular söz
yanılmalarının yaranmasına yardımçı olsalar da, onların yaranmasının səbəbini
aydınlaşdıra bilmirlər. Buradaca olduqca çoxsaylı söz yanılmalarını anıb, onların
böyük çoxluğunun heç də sözlərin uyğunluğundan, yaxud da əksmənalı fikir daşıyıcısı
olan sözlərin toqquşması ucbatından baş vermədiyini də xatırlaya bilərsiniz. Mənə elə
gəlir, biz bu araşdırmamızda çox dərinə getməsəydik, filosof Vundtun bu sözləri ilə
razılaşa da bilərdik: “Fiziki yorğunluq ucbatından, insanı danışmağa yönəldən
duyğulardan biri onun bu anda açıqlamaq istədiyi niyyətini üstələyəndə söz
yanılmaları yaranır”. Doğrudan da, fiziki üzüntüsü olmayan və dərin duyğulara
qapılmayan insanların da danışığında söz yanılmalarının baş verməsi faktı olmasaydı,
onda bu sözlərə çox asanlıqla inanmaq olardı.
Ancaq mənim üçün sizin sonrakı sorğunuz daha maraqlıdır: yanılmaların
yaranmasında rol oynayan iki bir-biri ilə çəkişən niyyətin olmasını necə sübut eləmək
olar? Bu sorğuya cavab axtarmağın bizi necə uğurlu sonuclara gətirib çıxaracağını siz
indidən ağlınıza belə gətirə bilməzsiniz. Doğrudan da, burada deyiləsi olan bir
niyyətin varlığı yəqinliklə bəllidir: yanılmış insan onun varlığını bilir və soruşanda da
onu doğru sandığını deyir. Ancaq yanılmaya gətirən ikinci niyyətin varlığı çox vaxt
inandırıcı görünmür və üzücü düşüncələrə gətirib çıxarır. Ancaq mənə elə gəlir,
yanılmaların baş verdiyi durumlarda belə niyyətlərin olduğunun açıq-aydın
göründüyü örnəklərlə bağlı bir az öncə dediklərimizi unutmamısınız. İkinci niyyətin
varlığını biz söz yanılmasının yaratdığı effektə görə arayıb tapırıq, ancaq burada istər-
istəməz belə bir sual da yaranır: görəsən, bu effekti onun varlığının sübutu kimi
götürmək düzgündürmü? Yenə də yuxarıdakı örnəklərə üz tutmalı oluruq: söz
yanılmasında əks niyyəti dilinə gətirib parlamentin iclasını bağladığını deyən
parlament sədri özlüyündə bu iclası açmaq istəyir, ancaq onun bu iclası elə bəri
başdan bağlamaq istədiyi də açıq-aydın göz önündədir. Bu olduqca aydın
göründüyündən, heç bu durumu dərindən araşdırmağa da gərək duyulmur. Elə isə,
deyiləsi niyyəti bütünlüklə poza bilməyib, onu ancaq korlamaqla söz yanılmasına
gətirən, beləliklə, özü də sonacan açıqlamayan əks niyyəti necə tapmalı?
Burada çətin heç nə yoxdur, bu üstüörtülü qalan əks niyyət də elə başqa
örnəklərdəki bütün açıqlığı ilə görünən əks niyyətlər kimi tapılır. Elə söz yanılmasının
özü onun varlığından soraq vermiş olur. Bu yanılmaya arxalanmaqla ilk baxışda
anlamsız görünən söz yanılmasının özlüyündə necə olmasını aydınlaşdırmaq olur,
yuxarıda bununla bağlı dediyimiz örnəkdə olduğu kimi: “Das draut (bu, anlamı
olmayan söz yanılmasıdır), nein, das dauert (bu isə yanılmaya uğrayan sözdür)
vielleicht noch einen Monat” (çevirməsi: Bu draut, bağışlayın, yanıldım, bu, deyəsən,
bir ay da davam edəcək). Bu örnəkdə yanılan adamdan nə baş verdiyini soruşanda o
burada işlətdiyi anlaşılmaz draut söz yanılmasına aydınlıq gətirə bilmişdi: “Das ist
eine traurige Geschichte” (Bu olduqca qüssəli bir olaydır). Bununla bağlı olaraq
baxdığımız ikinci söz yanılması örnəyində üzləşdiyimiz “Vorschwein” yanılmasını
deyən adam o andaca boynuna alır: “mən burada, ilk öncə, “Das ist Schweinerei” (bu
donuzluq) demək istəyirdim, ancaq özümü saxlayıb başqa söz demək istədim”.
Göründüyü kimi, buradakı söz yanılmasında yanlışa uğramış niyyəti də, onu yanlışa
uğradan əks niyyəti də aydınlaşdırmaq çox asandır. Mən bilərəkdən özümün, habelə
mənim ardıcıllarım olan araşdırıcıların yozmadığı, başqalarının araşdırıb tapdıqları bu
söz yanılmaları ilə bağlı durumları örnək olaraq göstərdim. Ancaq bu örnəklərin
ikisində də problemin həlli üçün kiçik bir üsula əl atmalı oluruq. Burada söz
yanılmasının yiyəsindən onun nə üçün belə yanılmaya yol verdiyini soruşmağa gərək
duyulur. Yoxsa kimsə onun bu yanılmasını duymasa və bununla bağlı soruşmasaydı, o
da bu yanılmaya önəm verməyəcək, onu özü üçün aydınlaşdırmadan üstündən keçib
gedəcəkdi. Burada o, soruşulan soruya ilk ağlına gələn sözlə cavab verir. Bax bu
gördüyünüz üsul və onun gətirdiyi sonuc elə psixoanaliz deməkdir və bu, demək olar,
bizim bundan sonra aparacağımız bütün psixoanalitik araşdırmalar üçün bir örnək
sayıla bilər.
Bu sözlərimə görə məni sizə güvənməməkdə qınasanız da, mənə elə gəlir, sizin
düşüncələrinizdə psixoanalizlə bağlı formalaşan görüşlərə qarşı çıxan, onları sarsıdan
qavramlar da sıx-sıx baş qaldırmaqdadır. Elə buna görə də indi siz söz yanılmasının
yiyəsindən bu yanılmayla əlaqədar nəsə öyrənməyin mümkünlüyü ilə bağlı mənim
dediklərimin inandırıcı olmadığını düşünmürsünüzmü? Sizin düşüncənizə görə, söz
yanılmasının yiyəsindən bu yanılmanın niyə baş verdiyini soruşanda o özünü
doğrultmaq üçün ağlına gələn ilk sözlərlə ağlabatan bir yozum verməyə çalışır. Ancaq
söz yanılması onun dediyi səbəbdən yaranmaya da bilər. Bu, doğrudan da, belə ola
bilər, ancaq olayın başvermə səbəbinin elə onun dediyi kimi ola bilməsi də eyni
dərəcədə doğru ola bilər. Ola bilsin, bir az da düşünsəydi, o başqa bir yozum da tapa
bilərdi və bu yozum onun birinci dediyindən daha yaxşı olardı.
Bax elə bu cür düşüncələrlə üzləşəndə mən bizlərin özlüyümüzdə psixoloji
faktlara necə də sayğısız yanaşdığımıza təəccüblənməyə bilmirəm! Bir anlığına belə
bir durumu göz önünə gətirin: bir kimyaçı hansısa maddəni kimyəvi analizdən
keçirmiş və onun tərkibində bir neçə milliqram çəkisi olan başqa bir maddə də
tapmışdır. Bu maddənin tərkibində tapılan başqa maddənin çəkisi onunla bağlı hansısa
önəmli sonuclara gəlməyə yol açır. İndi isə bu durumla bağlı yaranan belə bir olayı
göz önünə gətirin: başqa bir kimyaçı bu kimyəvi analizin gedişində ayrılan başqa
maddənin çəkisinin özündən öncəki kimyaçının göstərdiyindən az-çox fərqli ola
biləcəyini irəli sürərək onun gəldiyi sonuclara inanmadığını bildirir. Sonra isə bu
kimyaçılardan hər biri ayrılan maddənin yalnız onun araşdırmasındakı çəkidə olduğu
ilə bağlı dediyinin üstündə qalaraq, buna uyğun sonuclara gəlib çıxır və bunlardan hər
biri o birinin gəldiyi sonucu yanlış sayır. İndi bizim dediyimiz kimi, ortalıqda gerçək
bir psixoloji fakt varsa, yəni söz soruşduğumuz insanın ağlına bəlli bir düşüncə
gəlibsə və o bu sözü dilinə gətiribsə, onda sizlər niyə bunu saya salmaq istəmir, onun
başına bundan başqa bir düşüncənin də gələ biləcəyini deyib, baş vermiş psixoloji
faktı dəyərdən salmağa çalışırsınız?! Görünür, sizdə fərdi psixologiyanızın özgür
olması ilə bağlı illüziya vardır və siz ondan əl çəkmək istəmirsiniz. Düşdüyünüz bu
duruma acısam da, mən bu duruma sizdən büsbütün fərqli yanaşıram.
İndi siz mənim sözümə qarşı çıxmağı dayandırsanız da, yenidən hansısa dolaşıq
bir durum yaranan kimi yenidən mənimlə razılaşmadığınızı dilə gətirəcəksiniz. Siz
söz yanılması ilə bağlı başqa bir örnəyi göstərib bunları deyəcəksiniz: “Psixoanalizin
başlıca texniki özəlliyinin insanın problemlərini özünün həll etməsinə yönəltməkdən
ibarət olduğunu yaxşı bilirik. Gəlin başqa bir söz yanılması örnəyinə baxaq: tost
deyən birisi qonaqlara üz tutub öz rəisinin sağlığına badələri qaldıraraq
“toqquşdurmaq” yerinə “gəyirməyə” çağırır. Psixoanalizin bizi inandırdığına görə,
burada tost deyənin psixologiyasında özünə yer eləmiş pozucu niyyət, yəni öz rəisini
aşağılamaq istəyi onu bu söz yanılmasına gətirib çıxarmışdır. Ancaq bu, yalnız elə
bizim yozumumuzdur, özü də bu yozum söz yanılmasına kənardan baxan bizlərin
yozumudur. Biz bu durumda yanılan kimsəyə öz düşündüyümüzü desək, o öz rəisini
alçaltmaq istədiyini boynundan atacaq, hələ var gücü ilə bizimlə söz güləşdirməyə də
çalışacaqdır. Burada yanılan kimsə belə kəskin bir tərzdə bizim yanıldığımızı deyirsə,
onda biz ancaq öz düşüncələrimizə arxalanıb başqa heç bir dəlillə sübut oluna
bilməyən bu sözümüzün üstündə dayanmalıyıqmı?”
Hə, bu dəfə, deyəsən, doğrudan da, çox ciddi arqument tapa bilmisiniz. Mən indi
o tanımadığım tost deyən kimsənin yanıldığı anı göz önünə gətirirəm. Bu gənc adam,
ola bilsin, rəisinin assistenti, ya da perspektivli bir dosent olsun. Mən onu küncə
qısnayıb soruşuram: o, rəisi ilə bağlı belə alçaldıcı söz deyəndə öz ürəyindən bunu
törədən bir pis niyyətin keçdiyini duyubmu? Çox keçmədən mən olduqca pis bir
duruma düşürəm. Sorğularımdan bezib özündən çıxan bu gənc mənim üstümə
qışqırmağa başlayır: “Siz gəlin bu anlamsız istintaqınızı dayandırın, yoxsa mən indicə
sizə ağır söz deməkdən özümü saxlaya bilməyəcəyəm. Ortaya atdığınız bu
şübhələrinizlə siz mənim gələcək karyeramı korlayırsınız. Mən, sadəcə, yanılıb
anstoben yerinə austoben demişəm, bunun da səbəbi, danışdığım cümlədə iki dəfə
“auf” sözündən yararlanmağım olub, qurtardı getdi. Alim Meringerin deməsinə görə,
bu söz yanılması səslərin oxşarlığından baş verir, ona görə də sizin burada sözdən söz
çıxarmağınızın heç bir anlamı yoxdur. Siz məni anladınızmı? Yetər bu dedi-qodu
yaymağınız!” Ah, necə də təəccüblü qıcıqlanmadır; necə də kəskin danmadır bu. İndi
bu gənclə söz güləşdirməyin heç bir anlamı yoxdur, ancaq mən özlüyümdə
düşünürəm: yaxşı, bu gənc onun yanılmasını kiminsə pis yerə yozmasından niyə belə
bərk acıqlanır? Ola bilsin, bizim bu yanılmanı nəzəri baxımdan araşdırmaq istəyimizə
onun belə kobud yanaşmasına siz də yaxşı baxmırsınız, ancaq bununla yanaşı olaraq,
sizlər həm də onun nəyi demək, nəyi deməmək istədiyini özünün hamıdan yaxşı
bildiyini də düşünürsünüz. O, doğrudanmı, bunu hamıdan yaxşı bilir? Bax başlıca
sorğu da elə budur.
İndi məni ilişdirdiyinizə bütünlüklə arxayınsınız, deyilmi? Mən sizin bu cür
deyindiyinizi eşidirəm: “Psixoanalitik araşdırma texnikası dediyiniz budurmu?
Demək, yanılan birisi yanılmasının səbəbini sizin işinizə yarayan şəkildə boynuna
alırsa, siz onun sözünə bütünlüklə inanırsınız: o özü belə deyirsə, demək, elə belədir.
Birdən onun dedikləri işinizə yaramırsa, onda deyirsiniz: o düz danışmır, ona inanmaq
olmaz”.
Doğrudan da belədir. Mən sizə gündəlik yaşamdan da buna oxşar və elə bunun
kimi inanılmaz örnəklər gətirə bilərəm. Baxın, nədəsə suçlanan birisi məhkəmədə
suçunu boynuna alırsa, hakim onun dediyinə inanır, ancaq suçlanan adam dirənib
suçlu olmadığını deyirsə, hakim buna inanmır. Bu belə olmasaydı, onda məhkəmə də
ədalətli sayılmazdı. Siz bu sistemdə olan çatışmazlıqlara baxmayaraq, onu doğru
saymırsınızmı?
Soruşa bilərsiniz: Axı nə siz hakim, nə də sözündə yanılan adam məhkum
deyildir? Yoxsa siz söz yanılmasını cinayət sayırsınız?
Məncə, mənim bu tutuşdurmam yerinə düşür və ondan əl çəkməyə dəyməz.
Özünüz deyin, olduqca adi görünən yanılmaları araşdırmaqda bir az dərinə gedən
kimi biz necə də kəskin fikir ayrılıqlarına gəlib çıxdıq. Biz araşdırmamızın indiki
dönəmində bu kəskin fikir ayrılığını aradan qaldırmaq gücündə də deyilik. Ona görə
də mən indilikdə bu hakim və məhkumla bağlı tutuşdurmaya dayaqlanan araşdırma
yolunu saxlamağı doğru sayıram. Yanılan kimsə niyə yanıldığını özü deyəndə
yanılmanın daşıdığı anlama inanırsınız, düzdürmü? Belə çıxır, mən də sizinlə
razılaşmalıyam və yanılan kimsənin özü yanılmasının səbəbi ilə bağlı açıqlama
verməyincə, yaxud belə bir səbəbin olmadığını deməyincə, birbaşa öz
düşüncələrimizə arxalanaraq gəldiyimiz qənaəti yanılmanın sübutu saymamalıyam.
Əldə birbaşa dəlillərin olmadığı belə durumlarda, elə məhkəmə proseslərində olduğu
kimi, bizi hansısa ehtimal olunan qənaətlərə gətirib çıxara biləcək dolayı dəlillərə üz
tutmalı oluruq. Bəlli olduğu kimi, bəzən elə bu dolayı dəlillərə arxalanaraq da
məhkəmələr məhkumları suçlu sayıb, onlarla bağlı hökmlər verirlər. Biz burada
kimisə cinayət məsuliyyətinə almaq istəmirik, ancaq ortalığa çıxan belə dolayı
dəlillərdən yararlanmaqdan da boyun qaçırmalı deyilik. Elmin ancaq ciddi şəkildə
sübut olunmuş dəlillər üzrə yarandığını düşünmək böyük yanlışlıq olardı və elmdən
belə bir dəqiqlik tələb eləməyin özü ona düzgün yanaşma deyildir. Elmə belə
yanaşmanı çox vaxt özü üçün başbilənlər axtaran və dini inancları yozan kitablarda
tapa bilmədiklərini elmi baxışlarda tapmaq istəyən kimsələr sərgiləyirlər. Elm özünün
yozum kitablarında çox az, sonacan sübut olunmuş hökmlər verə bilir, onun
hökmlərinin çoxu hansısa ehtimallara arxalanaraq irəli sürülür. Elə elmi düşüncənin
başlıca göstəricisi də gerçəkliyə bacardıqca daha çox yaxınlaşmaqla kifayətlənmək və
yəqinliklə bilinən hansısa hökmlər vermədən bu yöndə olan yaradıcılıq axtarışlarını
davam etdirməkdir.
Yanılan kimsənin dedikləri yanılmanın səbəbini anlada bilmirsə, onda biz
yozumlarımızda nələrə arxalanmalı, yanılmanın dolayı səbəblərini necə tapmalıyıq?
Belə çıxır, bu durumda geniş bir çevrədə, ayrı-ayrı yönlərdə axtarış aparmalıyıq. İlk
öncə yanılmalarla bağlı olmayan olaylarla uyğunluqlar axtarmaqdan başlayacağıq.
Örnək üçün, biz söz yanılmalarında olan kimsəlik bildirən adların korlanmasının da
adların alçaldılmaq üçün bilərəkdən korlanması ilə eyni anlam daşıdığını sanacağıq.
Daha sonra isə biz yanılmanın baş verdiyi psixoloji durumla bağlı sonuclara gəlməyə
çalışacaq, bunun üçün də yanılan kimsənin özəlliklərini öyrənəcək, yanılmadan öncə
onun hansı təəssüratı aldığını arayacaq və ola bilsin, onun elə bu təəssüratdan
qıcıqlanıb yanıldığı ehtimalının üzərində dayanmalı olacağıq. Biz, öyrəncəmiz üzrə,
yanılmaları yozanda ümumi mülahizələrə arxalanır və yanılmanı yozmaq üçün, ilk
olaraq, özümüzün ehtimallarımızı və hipotezlərimizi irəli sürür, sonra isə yanılmanın
baş verdiyi psixoloji durumu araşdıraraq irəli sürdüyümüz bu mülahizələrin
doğruluğunu sübut eləməyə çalışırıq. Çox vaxt yanılmada ortaya çıxan anlamın
doğruluğunu sübut eləyə bilmək üçün yanılma kimi üzə çıxan olayın gerçəkdən baş
verəcəyini uzun bir müddət gözləməli də oluruq.
Mən burada az-çox bilgilər ala biləcəyim söz yanılmaları ilə kifayətlənib başqa
yanılmaları da araşdırmağa çalışmasam, dediklərimin doğruluğunu bütün genişliyi ilə
anlada bilməyim çox çətin olacaqdır. Ötürmək istədiyi xanıma, yanılaraq, onu
begleitdigen (aşağılamaq istədiyini) deyən gənc, ola bilsin, utancaq bir kimsədir; əri
yalnız onun istədiklərini yeyib-içən xanımın isə bizim çoxumuzun tanıdığı, öz evində
hamını buyruq quluna çevirmiş, çox enerjili qadınlardan biri olduğu aydındır. Ya da
belə bir örnəyə baxaq: “Konkordiya” cəmiyyətinin ümumi yığıncağında bu
cəmiyyətin üzvü olan bir gənc cəmiyyətin gördüyü işləri kəskin tənqid eləyən
çıxışında cəmiyyətin idarə heyətinin üzvlərinə üz tutub onları “VorschuBmitglieder”
(ssuda (kredit) üzvləri) deyə çağırır, bu söz isə Vorstand (idarə) və AusschuB (heyət
üzvləri) kimi iki sözün bir-birinə qarışmasından yarana bilər. Bizim gümanımıza görə,
onun buradakı kəskin müxalifətçi çıxışını pozan və yanılmaya gətirib çıxaran niyyəti
bu gəncin ssuda almaq istəməsi ilə bağlı ola bilər. Doğrudan da, sonradan bu olayı
araşdırarkən, gəncin pula bərk ehtiyacının olduğu aydınlaşmış, habelə onun bu
yaxında cəmiyyətin idarə heyətinə özü üçün ssuda ayrılması ilə bağlı diləkçə yazdığı
da bəlli olmuşdu. Burada onu yanıldan niyyət gəncin beynində belə bir düşüncə
doğura bilərdi: sən öz sözünü belə kəskin deməkdən çəkin, axı sənin ssuda ala
bilməyin bu tənqid elədiyin insanların əlindədir.
Mən burada söz yanılmalarının yaranmasını açıqlayan daha çox dəlillər gətirə
bilsəm də, bunu eləməyib, başqa yanılma növlərini araşdırmağa keçirəm.
Birdən kimsə ona yaxşı bəlli olan bir adı unudursa və onu sonradan çox çətinliklə
xatırlayırsa, onda bu kimsənin adını unutduğu adamı nəyə görəsə bəyənmədiyini və
elə buna görə də onunla bağlı düşünmək istəmədiyini güman etmək olar. Gəlin bu
yanılmanın baş verdiyi psixoloji duruma baxaq. “Y adlı bəyin dəlicəsinə vurulduğu
bir xanım, çox keçmədən, X adlı başqa bir bəyə ərə gedir. Y adlı bəy X adlanan bəyi
çoxdan tanısa da və onunla işgüzar ilişkiləri olsa da, soyadını daima unudur və ona
məktub yazanda soyadını başqalarından soruşub yadına salır” (Bu örnək K.Yunqun
kitabından götürülmüşdür). Göründüyü kimi, Y adlı bəy onun sevdiyi qadınla evlənib
ağ günə çıxdığı üçün özünə rəqib saydığı bu X adlanan bəy ilə bağlı heç nə bilmək
istəmir. Beynində daima belə bir fikir dolanır: “Onunla bağlı düşünmək belə
istəmirəm”.
A.Brillin öz kitabında verdiyi başqa bir örnəyə baxaq: “Bir xanım həkimdən
onların ortaq tanışları olan başqa bir xanımın sağlamlıq durumunu soruşur, ancaq bu
xanımdan danışanda onu ərinin soyadı ilə yox, qızlıq soyadı ilə xatırlayır. O, bacılığı
olan bu xanımın ərinin soyadını unutmuşdur. Bir az sonra baş tutan danışıqda bu
xanım bacılığının həmin adama ərə getməsini bəyənmədiyini, onun ərini görməyə
belə gözü olmadığını dilə gətirir”.
Biz yenə də adların unudulması ilə bağlı örnəklər verəcək və bu olayın üzərində
çoxyönlü araşdırmalar da aparacağıq, ancaq indilikdə bizim üçün maraqlı olan bu
unutqanlığın baş verdiyi psixoloji durumdur.
İlkin niyyətin unudulmasını buna əks olan niyyətlər çoxluğunun varlığı və onların
üzə çıxaraq bu ilkin niyyətin baş tutmasının qarşısını alması ilə aydınlaşdırmaq olar.
Bunu yalnız elə biz – psixoanalizlə məşğul olan kimsələr yox, başqa insanlar da belə
sayırlar, ancaq nədənsə bu adamlar yaşamda inandıqları mülahizələrini nəzəri
baxımdan danmağı üstün tuturlar. Kimsə özündən yuxarıda dayanan birisinin yanına
gəlib, ondan qabaqcadan xahiş elədiyi çox gərəkli bir işin necə olduğunu soruşursa, o
isə üzr istəyib onun xahişini yerinə yetirməyi unutduğunu deyirsə, mən inanmıram,
xahiş eləyən öz ürəyində bu üzrü qəbul edib onu haqlı saysın. Xahiş edən o anda belə
düşünəcəkdir: bu işin baş tutmasının mənim üçün necə gərəkli olması onun vecinə
belə deyildir, elə buna görə də o mənə boyun olduğu bu işi görməyi unutmuşdur.
Eləcə də, yaşamda da unutqanlıqlara pis baxır, onlara görə çox vaxt insanları
qınayırlar, bu baxımdan, belə yanılmalara yanaşmada yaşamdakı insanlarla
psixoanalitiklərin baxışları üst-üstə düşür. Bir anlıq gözünüzün önünə evin xanımının
qonaqları bu sözlərlə qarşıladığını gətirin: “Necə, siz bu gün gəlmisiniz? Mən isə sizi
bu gün qonaq çağırmağımı unutmuşam”. Ya da təyin olunmuş görüşə gəlməyi unudan
gənc oğlanın bunu öz sevgilisinin qarşısında açıq ürəklə boynuna almasını göz önünə
gətirin. Sözsüz, bu gənc oğlan görüşə gəlməyi unutduğunu boynuna almayacaqdır və
görüşə gəlməməyini doğrultmaq üçün özündən ağlagəlməz olaylar uyduracaqdır,
üstəlik, gələ bilməyəcəyini ona nə üçün qabaqcadan çatdıra bilməməsi ilə bağlı da
nəsə bir yalan düşünüb tapmağa çalışacaqdır. Hərbi qulluqda olan, hamının bildiyi və
düzgün saydığı qaydaya görə, hansısa işi görməyi unutmaq özünü doğrultmaq üçün
vasitə sayılmır və hərbi qulluqçunu bu işi görmədiyinə görə çəkməli olduğu cəzadan
qurtarmır. Burada nədənsə hamı baş verən yanlış davranışın bəlli anlamı olduğunu
bilir. Onda nə üçün biz bu ardıcıllığı pozub, başqa durumlardakı yanılmalara da bunun
kimi yanaşmırıq? Bu sorğu öz cavabını gözləməkdədir.
Belə unutmaların hansı anlam daşıdığını yaradıcılıqla bağlı olmayan adamlar da
anlaya bilirlərsə, onda yazıçıların bu unutqanlıqlardan öz yaradıcılıqlarında
yararlanması da gərək sizə təəccüblü gəlməsin. Sizlərdən kim Bernard Şounun “Sezar
və Kleopatra” pyesini oxuyubsa bilir: sonuncu səhnədə Romaya yola düşən Sezar yola
çıxmazdan qabaq bütün düşüncələrini gərginləşdirib, elə bil, bu anda nəsə eləmək
istədiyini, ancaq bunu unudub yadına sala bilmədiyini düşünür. Bir az sonra Sezar
nəyi unutduğunu xatırlaya bilir: o, yola düşməzdən öncə Kleopatra ilə görüşüb
sağollaşmağı unutmuşdu. Bu kiçik səhnədə yazıçı böyük Sezarı oxucunun gözündə
qaldırmaq üçün onda olmayan bir üstünlüyü, onun can atmadığı bir olayı onun adına
yazmağa çalışır. Sizin çoxunuzun tarixdən bildiyi kimi, Sezar Kleopatranı başqa bir
gəmidə öz ardınca Romaya getməyə məcbur eləmişdi, Kleopatra azyaşlı oğlu
Sezarionla birlikdə Romada yaşamalı olmuş, Sezar öldürüləndən sonra Misirə
qaçmışdı.
Niyyətin unudulması ilə bağlı yaranan durumların yozulması çox aydın
olduğundan, yanılmaların anlamının tapılması ilə bağlı dolayı sübutların axtarılması
və yanılmanın ortaya çıxdığı psixoloji durumu öyrənmək baxımından bizim
araşdırmalarımız üçün burada görüləsi bir iş qalmır. Ona görə də, gəlin çoxanlamlı və
az anlaşılan yanılmalara – nəsnələrin itirilməsi və qoyulduğu yerin unudulması ilə
bağlı olaylara baxaq. Sözsüz, sizlərin qanqaraldıcı bir gözlənilməzlik saydığınız
nəyisə itirməyinizin də arxasında hansısa gizli bir niyyətin olduğu sizlər üçün
ağlasığmaz görünür. Ancaq bu yanılmalarımızda, doğrudan da, bizim hansısa
niyyətlərimizin olduğunu sübut eləyən çoxlu örnəklər göstərmək olar.
Bir gənc insan çox böyük dəyər verdiyi karandaşını itirmişdir. Karandaşını
itirməzdən bir gün öncə o öz qaynından belə bir məktub almışdır: “Mən daha sənin
yüngülağıllığına və ərincəkliyinə dözmək istəmirəm”. İtirilən karandaşı gəncə bu
qaynı bağışlamışdı. Bu durumda belə bir üst-üstə düşən olaylar olmasaydı, biz,
sözsüz, bu karandaşın gözdən düşdüyü və ondan can qurtarmaq niyyətinin yarandığı
üçün itirildiyini də deyə bilməzdik. Buna oxşar olaylar sıx-sıx baş verir. Hansısa
nəsnəni sizə verən kimsə ilə sözləşəndə, onu bağışlayan kimsəni xatırlamaq sizə xoş
gəlməyəndə, ya da artıq bu nəsnəni bəyənməyib onu yenisi ilə dəyişmək istəyəndə siz
onu itirirsiniz. Belə bir niyyətin olması bu nəsnəni çilikləməyə, əzməyə, sındırmağa
da gətirib çıxara bilər. Buna nə deyirsiniz: ad gününə az qalmış məktəblinin çox
gərəkli bir nəsnəni, tutalım, çantasını, ya da cib saatını itirməsi, korlaması, sındırması
da yalnız elə gözlənilməz bir təsadüfdürmü?
Hansısa nəsnəni öz əli ilə dalda bir yerə qoyan, sonra onu hara qoyduğunu
unudub tapa bilməyən və buna görə çox qanqaraldıcı duyğular yaşayan kimsəni bu
olayın baş verməsində özünün hansısa niyyətinin rol oynadığına inandırmaq çox
çətindir. Ancaq hər halda olduqca çoxlu durumlarda gizlətdiyi nəsnəni tapa
bilməməyin, elə bu nəsnəni gizlədənin özünün həmin nəsnədən ya bir müddət üçün,
ya da həmişəlik əl çəkmək kimi niyyətindən asılı olduğu üzə çıxır. Bununla bağlı ən
tutarlı örnəklərdən birinə baxaq.
Bir gəncin mənə söylədiklərindən: “Bir neçə il öncə xanımımla mənim aramdakı
ilişkilərdə bir anlaşılmazlıq yaranmışdı, onun çox gözəl özəllikləri olduğunu bilsəm
də, mənə qarşı soyuq olduğunu düşünürdüm. Biz bir-birimizə qarşılıqlı incə duyğular
bəsləmədən yaşamaqda idik. Günlərin birində o, gəzməyə çıxanda mənim üçün
maraqlı olacağını düşündüyü bir kitab alıb mənə bağışlamışdı. Mən bu “diqqət”inə
görə ona öz minnətdarlığımı yetirdim, kitabı oxuyacağıma söz verdim və bu kitabı
haradasa gizlətdim, amma sonra qoyduğum yeri unutdum. Üstündən aylar keçdi, mən
aradabir xanımımın bağışladığı bu kitabı xatırlayır, ancaq axtarsam da tapa bilmirdim.
Yarım il sonra bizdən ayrı yaşayan sevimli anam xəstələndi. Xanımım qayınanasına
qulluq eləmək üçün onun yanında qalmağa başladı. Xəstənin durumu çox ağır idi,
ancaq xanımım əlindən gələni əsirgəmir, onun bütün qayğılarını çəkməkdən
usanmırdı. Onun bu davranışları necə gözəl bir ürəyinin olduğunu göstərməkdəydi.
Günlərin bir günü, gecə vaxtı xanımımın bu gözəl insani özəllikləri ilə bağlı
düşüncələrə dalaraq evə qayıtdım və elə bil yuxudaymış kimi, öncədən heç bir niyyət
güdmədən, inamla yazı stolumun bir siyirməsini çəkib itirdiyim həmin kitabın orada,
lap göz qabağında olduğunu gördüm”. Beləliklə də, insanlar arasında soyuqluq
yaradan səbəb aradan qalxan kimi itmiş nəsnə də tapılmışdı.
Dəyərli xanımlar və bəylər! Mən burada çoxlu belə örnəklər göstərə bilərəm.
Ancaq bunu etməyəcəyəm. İstəsəniz, mənim 1901-ci ildə çapdan çıxmış “Gündəlik
yaşamın psixopatologiyası” kitabımdan olduqca çoxlu sayda belə örnəklər tapa
bilərsiniz, bundan başqa da, araşdırıcılardan A.Mederanın, A.Brillin, E.Consun,
İ.Şterkenin, habelə başqalarının kitablarından da bu sayaq çoxsaylı örnəkləri oxuya
bilərsiniz. Bütün bu örnəklərin hamısı yanlış davranışların da anlamları olduğunu
göstərir və bu anlamları yerinə görə necə ayırd eləyib öyrənməyin yollarını da
açıqlayır. Mən bu gün qısa danışmağa çalışacağam, biz daha çox bu yanılmaları
öyrənməklə psixoanaliz üçün yararlı olan bilgilər toplamağa vaxt ayırsaq yaxşıdır.
Mən indi iki tip yanılmaların üzərində dayanmaq istəyirəm, bunlar təkrarlanan və
birləşmiş yanılmalar adlana bilər və yanılmalarla bağlı olan yozumlarımızın
doğruluğunu da bu tipli yanılmalar üzrə apardığımız araşdırmalarda göstərməyə
çalışacağıq.
Təkrarlanan və birləşmiş yanılmalar yanlış davranışlarla bağlı olayların ən yüksək
pillələri sayıla bilər. Biz yanlış davranışların anlamlarının olduğunu sübut eləmək
üçün elə bu tipli yanılmaları araşdırmaqla da kifayətlənə bilərik, axı bu tipli
yanılmaların anlamları olduğu ən dar düşüncəli insanlar üçün də aydındır və istənilən
öcəşkən tənqidçi də sonunda bunun belə olduğunu dana bilmir. Hansısa yanlış
davranışın təkrarlanması, onun dayanıqlığından soraq verməklə, olayın bilməyərəkdən
yox, öncədən olan bir niyyət üzrə baş verdiyini göstərir. Bundan başqa, ayrı-ayrı
yanlış davranışların bir-birinin ardınca baş verməsi də yanlış davranışların
yaranmasında forma və vasitələrin önəmli olmadığını göstərməklə burada yanlış
davranışın gerçəkləşdirdiyi və müxtəlif yollarla üzə çıxardığı niyyətin önəmli
olduğunu aydınlaşdırır. Sizə burada təkrarlanan unutma ilə bağlı örnək gətirmək
istəyirəm. E.Cons özünün 1911-ci ildə çap olunmuş kitabının 483-cü səhifəsində yazır
ki, o, səbəbini bilmədən, yazdığı bir məktubu bir neçə gün yazı stolunun üstündə
saxlamış, göndərməyi unutmuşdu. Sonra məktubu göndərmiş, ancaq bir neçə gün
sonra poçtla məktubu geri qaytarmışdılar. Sən demə, o, məktubun üstünə göndərəcəyi
ünvanı yazmağı unudubmuş. Ünvanı yazıb məktubu poçta gətirəndə isə konvertin
üstünə marka alıb yapışdırmağı unutduğu üçün məktubu qəbul etməmişdilər. Bundan
sonra o bir az düşünmüş və bu məktubu könülsüz yazdığını və göndərmək
istəmədiyini xatırlamışdı.
Başqa bir örnəkdə nəyisə “yanlış olaraq götürmə ilə” onu gizlədib tapa bilməmək
yanılmasının birləşməsi ilə qarşılaşırıq. Bir xanım adlı-sanlı artist olan qaynı ilə Ro-
maya gedir. Romada yaşayan almanlar bu adlı-sanlı artisti böyük coşqu və sevinclə
qarşılayır, ona çoxlu ərməğanlar verirlər və onların içində antik dövrdən qalma bir
qızıl medal da olur. Xanım öz qaynının bu antik medalı yetərincə dəyərləndirə
bilmədiyini görüb sarsılır. Bir az keçmiş xanımın bacısı Romaya gəlib onu əvəz eləyir
və bu xanım evə qayıdır. O, evdə yol çantalarındakı nəsnələri töküşdürəndə, özü də
bilmədən, həmin antik qızıl medalı da götürüb gətirdiyini görür. Xanım elə o andaca
qaynına teleqram vurub, bilməyərəkdən, antik medalı götürdüyünü, sabah onu poçtla
Romaya göndərəcəyini yazır. Sonrakı gün medalı göndərmək üçün axtaranda onu hara
qoyduğunu heç cür xatırlaya bilmir və medalı yiyəsinə göndərə bilmir. Xanım
dərindən düşünüb-daşınandan sonra özünün bu “dalğınılığının” səbəbini anlayır və
bunu boynuna alır: mən bu medalı göndərməli olduğumu anlasam da və doğrudan da,
göndərmək istəsəm də ürəyimdən onu özümdə saxlamaq keçirdi (Bu örnək
R.Reytlerin kitabından götürülmüşdür).
Mən yuxarıda sizə unutma ilə bağlı birləşik yanılma örnəyi göstərmişdim. Kimsə
sevgilisinə görüş verdiyini unudur, sonra yenidən verilmiş görüşü unutmayacağına
bərk söz versə də, görüşün vaxtını unudub görüş yerinə başqa vaxtda gəlir. Buna
büsbütün oxşar olan bir olayı mənə elm və ədəbiyyat üzrə çalışan yaxın bir dostum
danışmışdı: “Bir neçə il öncə mən ədəbiyyat üzrə çalışan bir komissiyanın işinə
qatılmağa razılıq vermişdim. Bu komissiyanın yardımı ilə yeni yazdığım dramı
tamaşaya qoymağı düşünürdüm. Hər cümə günü, ürəyim istəməsə də, bu
komissiyanın yığıncaqlarına qatılırdım. Bir neçə ay bundan öncə F. teatrından mənim
pyesimi tamaşaya qoyacaqları ilə bağlı bildiriş aldım və o gündən başlayaraq mən hər
həftə bu ədəbiyyat komissiyasının yığıncağı olduğunu unutmağa başladım. Sonra bir
gün mən sizin kitabınızdan belə olayların nədən baş verməsi ilə bağlı yazılanları
oxuyanda bu unutqanlığıma görə bərk utandım, mənə sərf edən işdən sonra bu
insanların yığıncağını unutduğuma görə özümü bərk qınadım və sonrakı cümə günü
mütləq bu ədəbiyyat komissiyasının yığıncağına gedəcəyimlə bağlı özümə söz
verdim. Mən, demək olar, hər gün o yığıncağa getməli olduğumu özümə xatırladırdım
və sonunda yığıncağın keçirildiyi yerə gəldim. Ancaq yığıncağın keçirildiyi otağın
qapısının bağlı olduğunu görüb çox təəccübləndim. Bu gün yığıncaq olmayacaqdı: sən
demə, mən yığıncağa cümə günü yox, şənbə günü gəlibmişəm!”
Danışdığımız örnəklər çox ürəkçəkici və qəribə olsa da, biz gərək
araşdırmalarımızı davam etdirək. İndi də mən sizlərə özünü gələcəkdə doğruldan
yozumlarla bağlı örnəklərdən danışmaq istəyirəm.
Danışmaq istədiyimiz bu örnəklərin başlıca özəlliyi buradakı psixoloji durumun
bizə sonacan bəlli olmaması və araşdırmaya uymamasıdır. Belə olanda isə bizim
yozumlarımız ancaq ehtimal olunan mühakimələrə çevrilir və biz özümüz də onlara
çox böyük önəm vermək istəmirik. Ancaq sonradan baş verən olaylar bizim inamsız
yanaşdığımız yozumlarımızın doğruluğunu üzə çıxarır. Günlərin birində mən yenicə
ailə qurmuş cütlüyün evində qonaq olanda evin xanımının dilindən belə bir gülməli
əhvalat eşitdim: Onlar evlənəndən sonra əri ilə toy səyahətinə çıxırlar. Evə
qayıtdıqlarının ertəsi günü bu xanım öz subay bacısını çağırır və onlar ikisi də subay
olduqları dövrlərdəki kimi gəzməyə, alış-veriş eləməyə çıxırlar. Xanımın əri isə öz
işlərini yoluna qoymaq üçün gedir. Onlar gəzərkən birdən bu xanım yolun o üzündəki
küçədə bir tanış kişini görür və bacısını dümsükləyərək deyir: “Ora bax, L. bəy
gedir”. Onun göstərdiyi bu tanış kişi artıq bir aya yaxın əri olan adam idi və o bu anda
bunu unutmuşdu. Bu əhvalat ilə bağlı danışıq mənim ürəyimcə olmadı, ancaq mən
özlüyümdə bu eşitdiyimi pis yerə yozmamağa çalışdım. Bir il sonra bu gənc ər-arvad
çox böyük hay-küylə boşananda mən eşitdiyim o əhvalatı bir də xatırlamalı oldum.
A.Mader öz kitabında toy gününə bir gün qalmış gəlinlik paltarının əyninə necə
oturduğunu yoxlamaq üçün öz dərzisinin yanına getməyi unutmuş bir xanımdan yazır.
Onun gəlinlik paltarını tikən dərzi ancaq gecəyarısı bu xanımın paltarın əyninə necə
oturmasını yoxlamadığını yada saldığını görüb bərk sarsılıbmış. Ən qəribə olanı isə,
onun bu olayı adı çəkilən xanımın toydan bir neçə ay sonra ərindən boşanması ilə
bağlı olaraq xatırlamasıdır. Mən indi artıq öz ərindən boşanmış bir xanım tanıyırdım,
o, ərə gedəndən sonra ərinin soyadına keçməsinə baxmayaraq, çox vaxt bunu unudur,
mülkiyyətinin idarəçiliyi ilə bağlı sənədlərdə öz qızlıq soyadını yazırdı və doğrudan
da, bir neçə il sonra o, ərindən boşanıb yenidən bu soyada qayıtmışdı. Mən
evləndikdən sonra çıxdıqları toy gəzintisində nişan üzüyünü itirən bir qadın
tanıyırdım, doğrudan da, bu itki sonradan onun evliliyində özünün çox pis izlərini
qoymuşdu. İndisə daha gözəçarpan və yaxşı sonluqla bitən bir örnəyə baxaq. Çox
adlı-sanlı bir alman kimyaçısı ilə bağlı danışırlar ki, o, kəbin kəsdirmək üçün kilsəyə
getməli olduğu günü unudaraq, həmin vaxt öz laboratoriyasına gedibmiş və buna görə
də onun evlənməyi baş tutmayıbmış. Bu alim çox ağıllı olduğundan, bir daha
evlənməyə çalışmamış, uzun bir ömür sürərək ölənədək subay qalmışdı.
Ola bilsin, danışdığımız bu örnəklərdə baş verənlərin hansısa əlamətlərlə və ya
keçmişdən qalma işarələrlə bağlı olduğunu düşünə bilərsiniz. Doğrudan da, burada bir
sıra görünən əlamətlər vardır və onlar elə bu yanılmalarla üzə çıxır. Bu əlamətləri
yıxılan adamın yıxılmazdan öncə büdrəməsi ilə tutuşdurmaq olardı. Burada
yanılmalarla bağlı olaraq özünü göstərən subyektivlik varsa da, olayın bütün qalan
kəsimi obyektiv olaraq baş verir. Ancaq inanmazsınız, burada hər bir konkret
durumda baş verənlərin hansısa qrupa aid olunmasını təyin etmək necə çətinliklər
törədir. Bunun səbəbi isə, buradakı subyektiv kəsimin çox vaxt hansısa sıxıntıların
içində gizlənmiş bir durumda olmasıdır.
Bizlərdən hər birimiz keçdiyimiz uzun ömür yoluna baxıb deyə bilərdi ki, ola
bilsin, o indiyədək öz yaşamında üzləşdiyi çoxlu qanıqaralıqlardan və ağrı-acılardan
qurtula da bilərdi, bunun üçünsə gərək özünün insanlarla ilişkilərində baş verən kiçik
yanılmalarını gələcəkdə baş verəcəklərin əlamətləri saymağa ürək eləyəydi və onları
baş verməyə can atan gizli niyyətlər kimi dəyərləndirməyi bacaraydı. Biz çox vaxt bu
addımı atmağa ürək eləmirik: bizə elə gəlir, bu, artıq birbaşa yox, dolayısı ilə, daha
doğrusu, elmi yolla xurafata qapılmaq deməkdir. Ancaq burası da var ki, bu
əlamətlərdən heç də hamısı gerçəkləşmir və bizim irəli sürdüyümüz nəzəriyyə də sizə
onların hamısının gerçəkləşməli olduğunu öyrətmir.
Dostları ilə paylaş: |