Az Book Library
Ziqmund Freyd
PSİXOANALİZLƏ İLKİN TANIŞLIQ
Tərcümə: Araz Gündüz
Sigmund Freud
Introduction to Psychoanalysis
Introduction to Psychoanalysis
Psixoanaliz təliminin yaradıcısı olan Ziqmund Freydin sizə təqdim etdiyimiz bu kitabı
onun geniş dinləyici auditoriyası üçün oxuduğu mühazirələrin birinci bölümüdür.
Adından da göründüyü kimi, bu əsər psixoanaliz təlimini daha geniş çevrədə, anlaşıqlı
bir dildə tanıtmaq məqsədi güdür. Freydin təlimini öyrənmək istəyən anadilli
oxucularımızın işinə yarayacağını düşündüyümüz üçün bu kitabı dilimizə çevirib
yayınlamağı gərəkli sayırıq.
Sigmund Freud Introduction to Psychoanalysis
Ziqmund Freyd PSİXOANALİZLƏ İLKİN TANIŞLIQ
Bakı, Qanun Nəşriyyatı, 2016
Çapa imzalanmışdır: 16.04.2016
Tərcümə: Araz Gündüz
Redaktor: İradə Akifqızı
Korrektor: Ceyran Abbasova
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/Qanunpublishing
ISBN 9789952362046
© Qanun Nəşriyyatı, 2016
© Ziqmund Freyd, 1917
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım
hüquqları Qanun Nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri “Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir.
Ön söz
Oxucuların diqqətinə çatdırılan “Psixoanalizlə ilkin tanışlıq” kitabı, azacıq da olsa, bu
mövzu üzrə özündən öncə yazılmış başqa kitablarla rəqabət etmək istəyi ilə
yazılmamışdır (Hitschmann. Freuds Neurosenlehre. 2 Aufl., 1913; Pfister. Die
psychoanalytische Methode, 1913; Leo Kaplan. Grundzüge der Psychoanalyse, 1914;
Regis et Hesnard. La psychoanalyse des nevroses et des psychoses, Paris, 1914; Adolf
F. Meijer. De Behandeling van Zenuwzieken door Psycho Analyse. Amsterdam,
1915). Bu kitabda mənim 1915-1916-cı və 1916-1917-ci illərin qış semestrlərində hə-
kimlər və bu sahə üzrə mütəxəssis olmayan hər iki cinsdən olan insanlar üçün
oxuduğum mühazirələrin dəqiq məzmunu verilmişdir.
Oxucunun bu əsərdə ayırd edib duyacağı bütün özəlliklər kitabın yarandığı
durumla bağlıdır. Bəllidir ki, mühazirədə, elmi traktatda olduğu kimi, soyuqqanlılığı
sonadək qoruyub saxlamaq olmur. Bundan başqa, mühazirə oxuyan adamın qarşısında
iki saata yaxın vaxt ərzində onu dinləyənlərin bütün diqqətini özünə yönəldə bilmək
istəyi dayanır. Dinləyicilərin danışılanlara reaksiyasını çevikləşdirmək üçün birdən
eyni bir mövzunu bir neçə dəfə araşdırmağa ehtiyac duyulur. Tutalım, hansısa
məsələdən öncə, yuxugörmələrlə bağlı, sonradan isə nevrozlarla bağlı danışmalı
olursan. Öyrədilən materialın yaxşı qavranılması üçün bir sıra önəmli mövzuları,
tutalım, şüurdışılıq kimi anlayışı birbaşa bütün aydınlığı ilə anlatmaq mümkün
olmadığından, onun üstünə yeri gəldikcə dönə-dönə qayıtmalı olursan və hər yeni
imkan yaranan kimi bu anlayışla bağlı əldə olunan biliklərə daha yeni bilgiləri
artırmaqla, onu dinləyicilərə bütünlüyü ilə anlatmağa çalışırsan.
Psixoanalitik ədəbiyyatla tanışlığı olanlar bu kitabda, bir az da olsa, başqa
kitablardan onlara bəlli olmayan biliklər ala biləcəklər. Bundan başqa, öyrədilən
materiala bütünlük və bitkinlik vermək üçün müəllif bir sıra bölmələrdə (qorxunun
səbəbləri, isterik fantaziyalar) indiyədək işlənməyən bilgilərdən də yararlanmalı
olmuşdur.
Vyana, 1917-ci ilin yazı
Ziqmund Freyd
Birinci bölmə
Yanılmalar
1916 [1915]
Birinci mühazirə
GİRİŞ
Dəyərli xanımlar və bəylər! Sizlərin, oxuduqlarınız və eşitdikləriniz üzrə,
psixoanalizlə hara qədər tanış olduğunuzu bilmirəm. Elə bunun üçün də mənim bu
mühazirəm “Psixoanalizlə ilkin tanışlıq” adlanır və sanasan, sizlərin onunla bağlı heç
nə bilmədiyinizi və bu elm üzrə bilgiləri ilk dəfə məndən eşitdiyinizi düşünürəm.
Buradaca bir az ürəklənib sizlərin ən azından bunu bildiyinizi sanıram: psixoanaliz
əsəb xəstələrini sağaltmaq üçün olan metodlardan biridir; ancaq elə bu andaca, sizin
bu biliyinizi yetərli saymadığımdan, örnəklər gətirməklə buradakı müalicənin tibdə
olan başqa müalicə metodlarına oxşamadığını, bir sıra durumlarda isə bütünlüklə
onların tərsinə olduğunu da diqqətinizə çatdırmaq istəyirəm. Bizim alışdığımıza görə,
hansısa xəstəni yeni müalicə metodu ilə sağaltmağa başlayanda ona bu müalicənin
qorxulu olmadığını və uğurla başa çatacağını aşılamağa çalışırlar. Belə bir yanaşmanı
mən də bütünlüklə düzgün sayıram və bununla müalicənin uğur qazanma şansının
artdığını düşünürəm. Ancaq biz hansısa nevrotiki psixoanaliz üsulu ilə müalicə
eləyəndə büsbütün başqa bir yanaşmaya əl atırıq. Biz bu vaxt xəstəyə müalicənin
ağırlığından, uzun çəkəcəyindən, habelə onun sağalmasının çoxlu güc və sarsıntılarla
başa gələcəyindən danışırıq. Müalicənin uğurla bitəcəyinə gəlincə, biz bununla bağlı
da xəstəyə söz verib onu arxayın eləmirik, axı uğurlu sonluq xəstənin özünü necə
aparmasından, onun müalicəyə anlayışla yanaşmasından, öz düşündüklərini
gizlətməyib yerli-yataqlı danışmasından və dözümlülüyündən asılıdır. Sözsüz, ilk
baxışda sizlərə yanlış görünə bilən belə bir müalicə üsuluna əl atmaqda bizim də öz
tutarlı arqumentlərimiz vardır və çox keçmədən sizlər də bu arqumentlərlə tanış
olacaqsınız.
Bir istəyim var, danışığımın başlanğıcında sizlərlə də elə bu dediyim əsəb
xəstələri ilə olduğu kimi davranmağımdan inciməyin. Belə davranışımın səbəbi isə,
sözün doğrusu, sizləri mənim bundan sonrakı mühazirələrimə gəlməkdən çəkindirmək
üçündür. Onun üçün mən elə sözümün başlanğıcındaca psixoanalizi öyrənmək
istəyənlərin çaşqınlıqlarla üzləşdiyini, eləcə də onunla bağlı hansısa gerçək bilgiyə
gəlib çıxmağın olduqca ağır başa gəldiyini çəkinmədən və gizlətmədən sizlərə
deməliyəm. İndiyədək oxuyub-öyrəndiyiniz biliklərin və alışdığınız düşüncə tərzinin
sizləri psixoanalizlə necə qarşı-qarşıya qoyacağını, sizin bu instinktiv öcəşkənliyinizi
aradan qaldırmaq üçün çox ağır bir yol keçməli olacağınızı da bəri başdan diqqətinizə
çatdırmaq istəyirəm. Mənim psixoanalizlə bağlı mühazirələrimdən sizin onu
öyrənəcəyinizi öncədən demək çətindir, ancaq məni dinləməklə özünüzün
psixoanalitik araşdırmalar aparmağınızı və onunla kimlərisə sağaltmağı
bacarmayacağınızı əvvəlcədən inamla deyə bilərəm. Birdən sizlərin arasından kimsə
psixoanalizlə bağlı beləcə qısa və ötəri tanışlığı yetərli saymayacaqsa, onu dərindən
öyrənmək üçün öz gələcəyini qırılmaz tellərlə psixoanalizlə bağlamaq istəyəcəksə,
mən beləsini var gücümlə bundan çəkindirməyə çalışmaqla yanaşı, onun bu addımı
atmaması üçün əlimdən gələni edəcəyəm. Bunu etməyimin səbəbi isə, belə bir peşəni
seçən kimsənin gələcəkdə seçdiyi elm üzrə heç bir gözəçarpacaq uğurunun
olmayacağı ilə bağlıdır. Özünə bu yolu seçmiş həkim müalicəyə başlayan kimi onu
anlamayan çoxsaylı insanların çevrəsinə düşəcək, ona inanmayacaqlar, öcəşkənliklə
qarşılayacaqlar və toplumun bütün gizlin qara qüvvələri onu susdurmaq üçün
birləşəcəklər. Ola bilsin ki, buradakı araşdırmalarımızda, bütün savaşların gedişində
üzə çıxdığı kimi, bugünkü Avropada psixoanalizə qarşı savaş açan belə qara güclərin
“qoşun bölükləri”nin sayını, onların haralarda və necə yerləşdiklərini də az-çox
öyrənə bildik.
Düzdür, hansı çətinliklərlə bağlı olmasından asılı olmayaraq, yeni qavrayış
üsuluna vurğunluqla bağlanan insanlar da həmişə tapılır. Sizin aranızda da belələri
tapılacaqsa və onlar mənim bu çəkindirici sözlərimdən sonra da buraya yenidən
gələcəksə, onda mən bu insanları alqışlarımla qarşılayacağam. Ancaq siz, öncədən,
psixoanalizi öyrənməyin hansı çətinliklərlə bağlı olduğunu da bilməlisiniz.
Bu çətinliklərdən birincisi, psixoanalizi öyrətmək və onu öyrənməklə bağlıdır. Siz
tibb ilə bağlı məşğələlərdə hər şeyi canlı olaraq görüb-götürməyə alışmısınız. Burada
hansısa canlının sınaq üçün götürülmüş kəsiyini, hansısa bir kimyəvi reaksiyadan
alınmış maddəni, əsəb sisteminin qıcıqlanmasından əzələlərin necə yığıldığını
görürsünüz. Daha sonra sizə xəstələri, onların bu xəstəliyindən yaranan
çatışmazlıqlarını, xəstəliyin hansı sonuclara gətirib çıxardığını, bir sıra durumlarda isə
lap xəstəlik törədicilərini də göstərirlər. Cərrahlığı öyrənərkən siz xəstəni sağaltmaq
üçün aparılan əməliyyatlara qatılırsınız, yeri gələndə özünüz də bu əməliyyatları
aparmağa başlayırsınız. Eləcə də psixoanalizdən fərqli olub, psixiatriya adlanan tibb
sahəsində də dediyimiz bu konkretlik vardır, siz psixiatriyada xəstələrin mimikasında,
danışıq və davranış tərzində xəstəliklə bağlı baş verən dəyişiklikləri birbaşa izləyib
öyrənə bilirsiniz. Bir sözlə, elə bil tibb üzrə müəlliminiz sizi muzey bələdçisi kimi
buradakı eksponatlarla tanış eləyir, siz isə bu gördüklərinizi birbaşa araşdırıb
qavrayaraq özünüz üçün yeni olan bu faktların gerçəkliyinə inanırsınız.
Ancaq nə etmək olar? Psixoanalizdə işlər bambaşqadır. Burada aparılan analitik
müalicənin gedişində yalnız xəstə ilə onun həkimi arasında çox uzun sürən bir danışıq
baş verir. Xəstə özünün keçmiş sarsıntılarından, indiki duyğularından danışır,
şikayətlənir, özünün arzuları və diləkləri ilə bağlı ürək sözlərini deyir. Həkim isə
xəstənin dediklərinə qulaq asır, onun düşüncələrini yönəltməyə çalışır, nələrisə onun
yadına salır, xəstənin diqqətini bəlli bir yöndə toplamağa çalışır, ona nələrisə
aydınlaşdırmağa başlayır və xəstəyə təsir eləmək üçün dediklərini onun necə
qarşıladığını, necə qavradığını öyrənməyə çalışır. Ancaq xəstənin yalnız birbaşa
görüntülərdən təsirlənə bilən, hər şeyi kinolarda olduğu kimi canlı olaraq görmək
istəyən qohumları isə müalicə başlayan kimi ortalığa şübhə toxumu səpmək fürsətini
qaçırmırlar: “Bu nə deməkdir? Yalnız xəstə ilə danışmaqla da xəstəlik sağalarmı?” Bu
isə onlarda uzaqgörənliyin və olayları ardıcıllıqla izləmək bacarığının olmamasından
doğur. İşə baxın, indi həkimi qınayan bu qohumlar bundan öncə öz doğmaları olan bu
xəstəni də “özü üçün xəstəlik uydurmaq”da qınayırdılar. İnsanların keçmişlərdə sözlə
ovsunlandıqları dönəmlər arxada qalsa da, ancaq söz yenə də özünün möcüzəli
təsirlərini saxlamaqdadır. Sözlə bir insan başqasının könlünü aça, ya da onun qanını
qaralda bilər, müəllim öz biliklərini öyrəncilərinə sözlərin yardımı ilə öyrədir, hansısa
natiq sözün gücü ilə çoxsaylı insanların diqqətini özünə toplaya, onlarda bəlli bir
düşüncə və rəylər yarada bilir. Bir sözlə, sözün çox güclü təsir qüvvəsi vardır və
insanlar hamılıqla onun bu gücündən öz aralarında bir-birinə təsir edə bilmək üçün
yararlanırlar. Ona görə biz də psixoterapiyada sözün bu dəyərindən yararlanmağa
çalışırıq və həkimin öz xəstəsindən eşitdiyi sözlərdən onun müalicəsi üçün
yararlanmağı bacardığını görəndə buna sevinirik.
Ancaq işə baxın, psixoanalizdə xəstənin müalicəsi ilə bağlı olan belə məqamları
biz başqalarına göstərə bilmirik. Psixoanalitikin müalicəsi elə onun xəstə ilə apardığı
danışıqlardan ibarətdir, ancaq onun öz xəstəsi ilə apardığı bu danışıqlara başqası qulaq
asmamalıdır; ona görə də o öz müalicə metodlarını başqalarına göstərib bunun nə
demək olduğunu birbaşa anlatmaq gücündə deyildir. Düzdür, psixiatriya üzrə
mühazirələrdə öyrəncilərə nevrasteniyadan, yaxud da isterik tutmalardan əziyyət
çəkən xəstələri göstərmək olar. Bu xəstələr xəstəliyin yaratdığı ağrılardan və
sarsıntılardan danışa da bilərlər, ancaq onlar başqalarının yanında bundan artığını
deməyəcəklər. Belə xəstə psixoanalitikə gərək olan bilgiləri ancaq öncədən bunun
üçün yaradılmış bəlli durumlarda verə bilər; o, danışdığı yerdə özünə yad saydığı
başqa birisini görüncə səsini kəsib susur. Axı öz həkiminə ürək qızdırıb danışdıqları
onun mənəvi həyatının ən intim duyğuları ilə bağlıdır. O, yaşadığı toplumda özünü
ayrıca bir fərd kimi qavradığından, bütün bunları başqalarından gizlətməyi gərəkli
sayır, bu məqamların bəzilərini isə heç özünə də etiraf eləmək istəmir.
Beləliklə də, psixoanaliz metodu ilə müalicə eləyən həkimin danışıqlarını birbaşa
dinləmək olmur. Siz isə bütün bunlarla bağlı ancaq sonradan eşidə bilirsiniz və
psixoanalizlə tanışlığınız yalnız ağızlarda dolaşan sözləri eşitməkdən o yana keçmir.
Psixoanalizlə bağlı bilikləri dolayısı ilə öyrəndiyinizə görə onunla bağlı fərdi
baxışlarınız da alışmadığınız bir şəraitdə formalaşacaqdır. Psixoanalizlə bağlı biliklərə
yiyələnməyiniz isə bununla bağlı bilgilər verən kimsəyə inamınızdan asılı olacaqdır.
Bir anlığına, tutalım, siz psixoanalizlə yox, tarixlə bağlı mühazirədəsiniz və
mühazirəçi sizlərə Makedoniyalı İsgəndərin ömür yolundan və göstərdiyi
igidliklərdən danışır. Siz bu eşitdiklərinizin doğruluğuna nəyə əsasən inanacaqsınız?
Öncə adama elə gəlir, çox uzaq keçmişlə bağlı olan bu faktları bütün dərinliyinədək
öyrənmək daha çətindir, axı sizə mühazirə oxuyan tarix professoru Makedoniyalı
İsgəndərin yürüşlərində onun yanında olmamışdır, sizinlə danışan psixoanalitik isə ən
azından söz açdığı olayın iştirakçısı olmuşdur. Ancaq burada bizi tarixçi alimə
inanmağa yönəldən tutarlı arqumentlər də vardır. Tarixçi alim ya bu yürüşlərin
gedişində İsgəndərin yanında olmuş əski çağ yazarlarının əsərlərinə arxalanır, ya da
İsgəndərin yaşadığı dönəmə yaxın olan çağlarda yaşamış, tutalım, Diodor, Plutarx,
Arrian və bu kimi başqa sanballı tarixçilərin əsərlərindən öyrəndiklərinə görə danışır;
bundan başqa, o, İsgəndərin yaşadığı çağdan bu günümüzə gəlib çıxmış pulların,
İsgəndərin büstünün, onun döyüş səhnələrinin əks olunduğu mozaik rəsmlərin
fotolarını göstərməklə dediklərinin doğruluğuna sizləri inandırmağa çalışır. Lakin bir
az məntiqlə yanaşanda sizə göstərilən bu faktların çoxunun keçmişlərdə Makedoniyalı
İsgəndəri birbaşa görməyən, ancaq eşitdiklərinə görə onun varlığına və göstərdiyi
igidliklərə inanan insanların dilindən yazıya alındığını anlayaraq tarixçi professorun
sizə danışdıqlarına şübhə ilə yanaşmağa başlayacaqsınız. Onda siz İsgəndərlə bağlı
danışılanların bir çoxunun bir-biri ilə uyuşmadığını, inandırıcı olmadığını da duya
biləcəksiniz, ancaq mənə elə gəlir, belə yanlışlarla üzləşdiyiniz üçün siz İsgəndərin
gerçək bir tarixi şəxsiyyət olduğuna inanmaqdan əl çəkməyəcəksiniz, eləcə də durub
mühazirə zalından çıxmayacaqsınız. Siz burada eşitdiklərinizi başlıca olaraq iki
yöndən qavramağa çalışacaqsınız: birincisi, mühazirəçinin bilərəkdən sizi aldatmağa
çalışmadığını, buna görə də yalan danışmaqda maraqlı olmadığını düşünəcəksiniz;
ikincisi, əldə olan tarix kitablarının çoxunda İsgəndərlə bağlı baş verən başlıca
olayların, demək olar, üst-üstə düşdüyünü görüb, buna görə də toxtaqlıq tapacaqsınız.
Əgər siz sonradan, əski çağlardan qalma qaynaqları öyrənməyə başlasanız, durumun,
həqiqətən, sizin düşündüyünüzə uyğun olduğunu və ayrı-ayrı qaynaqları yazıya alan
insanların dediklərinin çox yerdə, doğrudan da, üst-üstə düşdüyünü görəcəksiniz.
Sizin bu araşdırmalarınız, ola bilsin, İsgəndərlə bağlı düşüncələrinizə bir aydınlıq
gətirəcəkdir, ancaq siz bu araşdırmalarınızı birdən Musa, yaxud Nəmrudla bağlı
aparmaq istəsəniz, işlər büsbütün ayrı cür gedəcək və sizin bu mövzular üzrə
inandırıcı biliklər almağınız da çox çətin olacaqdır. Bu baxımdan, sanıram, sizin
psixoanaliz üzrə mühazirə oxuyan birisinə inamla yanaşıb-yanaşmayacağınızı da, bir
azdan özünüz üçün aydınlaşdıra biləcəksiniz.
İndi isə siz, çox düzgün olaraq, soruşa bilərsiniz: psixoanalizlə bağlı birbaşa heç
bir gerçək və yoxlanılası biliklər almaq olmursa, onda onu necə öyrənmək olar və bu
öyrəndiklərimizin doğruluğuna inanmaq olarmı? Doğrudan da, psixoanalizi öyrənmək
çox çətindir, çox az sayda insanlar onu dərindən bilir, ancaq buna baxmayaraq, onu
öyrənə bilməyin bəlli yolları da vardır. Psixoanalizi öyrənmək, ilk öncə, özünün
kimliyini araşdırmaqdan başlayır və özünün fərdi özəlliklərini araşdırmağı bacaran
insanlar onu bir elm olaraq yetərincə qavraya bilirlər. Bu dediklərimizi insanın
özünümüşahidə adlanan özəlliyi ilə qarışdırmaq olmaz, ancaq psixoanaliz də elə
necəsə bu özünümüşahidənin bir növü sayıla bilər. Hamıya bəlli olan və geniş
yayılmış çoxlu psixoloji olayları öz-özünü öyrənməyə başlamaqla yiyələndiyin
bacarıqlara arxalanaraq araşdırıb, onlara aydınlıq gətirmək olar. Belə sınaqlar isə
psixoanalizin təsvir elədiyi proseslərin gerçəkliyinə inanmağa gətirib çıxarır və onları
düzgün anlamağa kömək eləyir. Ancaq bu yolla irəliləmək də bəlli hüdudlara çatana
kimi olur. Burada sənin kimliyini bilgin bir psixoanalitik araşdıranda daha çox bilik
qazanmaq olur, bu vaxt onun sənin MƏNİNƏ göstərdiyi təsirləri izləməklə
psixoanalizin metodlarının incə texniki üsullarını qavramaq mümkündür. Ancaq
psixoanalizlə bağlı bilikləri öyrənməyin bu yolu da hər bir kəsin ayrılıqda görə
biləcəyi bir işdir, insanların bunu birlikdə öyrənməsi mümkün deyildir.
Psixoanalizi öyrənməyin başqa bir çətinliyi isə onun özü ilə yox, birbaşa sizin
özünüzlə, özü də sizin psixoanalizi öyrənməzdən öncə aldığınız tibb üzrə biliklərlə
bağlıdır. Bir sözlə, indiyə qədər öyrəndiklərinizə görə alışdığınız düşüncə tərzi sizi
psixoanalizi anlamağa qoymur. Siz orqanizmin fəaliyyətini və onda baş verən
çatışmazlıqları anatomik biliklərlə əsaslandırmağa, onları kimyəvi və fiziki
anlayışlarla aydınlaşdırmağa, bütün bunların hamısını isə bioloji qanunauyğunluqlarla
anlamağa alışmısınız və bizim çox təəccüblü və mürəkkəb orqanizmimizin inkişafının
ən yüksək pilləsində dayanan psixi proseslərə yetərincə maraq göstərməmisiniz. Onun
üçün də siz apardığınız araşdırmalarda psixoloji yanaşmadan yararlanmırsınız, ona
inamsız yanaşmağa öyrəşdiyinizdən, onu elmi yanaşma saymırsınız və elə buna görə
də elmin bu sahəsini peşəkar olmayanların − yazıçıların, təbiətçi-filosofların
(naturfilosofların) və mistiklərin öhdəsinə buraxmısınız. Özünü bu sahədən
çəkindirmək isə sizin həkimlik fəaliyyətinizə böyük ziyan vurur. Bəlli olduğu kimi,
insanların ünsiyyəti onların psixi fəaliyyət növlərindən biridir, ona görə də, sizin
yanınıza gələn xəstə də özünün psixi özəllikləri ilə qarşınızda dayanır, siz isə çox vaxt
özünüzün yaxşı bildiyiniz tibbi yardımdan başqa, xəstənin psixi durumuna da təsir
etməli olursunuz, ancaq bu sahə üzrə biliksiz olduğunuzdan, yaranmış bu durumda
bəyənmədiyiniz hansısa mistikdən, yaxud da türkəçarəçi həkimdən eşitdiyiniz
yarıtmaz üsulları işə salmalı olursunuz.
Mən sizin intellektinizdə özünü göstərən bu çatışmazlığın aldığınız təhsildən
yarandığını yaxşı bilirəm. Sizdə həkimlik təcrübənizdə yararlanmalı olduğunuz fəlsəfi
biliklər çatışmır. Mən burada alver predmetinə çevrilmiş fəlsəfi baxışlardan, quru
təsvirçilikdən ibarət olan psixologiyadan, tədris ocaqlarında öyrədilən fizioloji
proseslərdən doğan duyğuları araşdıran eksperimental psixologiyadan söz açmıram.
Bunların heç biri sizə insanın bədəni ilə ruhu arasındakı ilişkilərdən nəsə anlatmaq
gücündə deyildir, habelə siz bu biliklərinizlə qarşılaşdığınız insanda psixi
pozuntuların olub-olmadığını ayırd eləməyi də bacarmayacaqsınız. Düzdür, tibbin
bölmələrindən biri sayılan psixiatriya psixi sarsıntıların təsviri və belə xəstələrin
klinik durumunun araşdırılması ilə məşğul olur, ancaq psixiatrların özləri də səmimi
olduqları anlarda belə bir təsvirçiliyin elm adlanmasına şübhə ilə yanaşdıqlarını
boyunlarına alırlar. Onlar araşdırdıqları xəstəliyin üzə çıxardığı əlamətlərin dolğun
mənzərəsini yarada bilmirlər və bu əlamətlərin nədən qaynaqlandığını, bir-birindən
necə asılı olduğunu, hansı mexanizmlə işlədiyini də aydınlaşdıra bilmirlər; onların
yozumlarında insan psixologiyasının daşıyıcıları olan orqanların hansısa bəlli
olmayan dəyişilməsindən, ya da bütünlüklə orqanizmdə baş verən və səbəbi bəlli
olmayan hansısa psixi çatışmazlıqlardan söz açılır. Bu psixi pozğunluqların terapevtik
müalicəsinə gəlincə, belə xəstəlikləri yalnız orqanizmdə hansısa üzvi dəyişikliklər
törətməyə başlayandan sonra aydınlaşdıra bildiklərindən, xəstəliyi də yalnız
ağırlaşmağa başlayandan sonra müalicə eləməyə çalışırlar.
Psixoanaliz isə xəstəliyin üzə çıxarılması ilə onun müalicəsinə başlanması
arasında yaranan bu boşluğu doldurmağa çalışır. O, psixiatriyaya onun gedib çata
bilmədiyi psixoloji özülü tapmaqda kömək eləyir, bununla da cismani, habelə psixi
dəyişikliklərin və çatışmazlıqların bir-birindən asılılığını öyrənə bilmək üçün lazım
olan ortaq bir mühit yaratmağa çalışır. Buna görə də psixoanaliz gərək onun üçün yad
olan istənilən anatomik, kimyəvi və fizioloji özəlliklərə əsaslanan fərziyyələrdən
yayınmağa çalışsın, yalnız psixoloji anlayışların köməyinə arxalansın – bax elə buna
görə də mən psixoanalizlə tanışlığın sizlərdə ona qarşı inamsızlıq və anlaşılmazlıq
yaradacağından qorxuram.
Psixoanalizin öyrənilməsində ortaya çıxan sonrakı çətinliklərə gəlincə, mən
burada sizləri istər birbaşa, istərsə də dolayısı ilə, təhsil və düşüncə tərzinizdə olan
yarıtmazlıqlara görə suçlaya bilmərəm. Psixoanaliz bu gün, qarşılaşdığı iki duruma
görə, bütün dünyanı aşağılamış kimi görünür və bunun qarşılığında da hamının
gözündən düşmüşdür; bunlar onun dünyada hökm sürən intellektual və etik-estetik
xurafatçılıq ilə toqquşmasına görədir.
Ancaq dediyimiz bu xurafatçılığı yetərincə dəyərləndirməmək də doğru olmazdı;
dünyada hökm sürən və bu gün psixoanalizlə toqquşan bu güclər insanlığın inkişafı
gedişində yaranan olduqca zəruri və gərəkli dəyişikliklərlə yanaşı olaraq ortaya
çıxmışdır. Bu xurafatçılıq, bizim çılğın duyğularımızın (affektiv) təsiri ilə yaranır və
onlara qarşı duruş gətirmək çox çətindir.
Psixoanaliz özünün ağlasığmaz görünən ilkin müddəası ilə, psixi proseslərin öz-
özlüyündə qeyri-şüuri olaraq baş verdiyini deyir, onlardan yalnız mənəvi aləmlə bağlı
olan kəsiminin şüurlu olduğunu təsdiqləyir. Bildiyiniz kimi, biz psixoanalizlə tanış
olmayana kimi bunun tərsini düşünür, bütün psixi olayların şüurlu olaraq baş
verdiyini sanırıq. Bizim inancımıza görə, şüur psixikanın ən başlıca özəlliyidir və
psixologiya şüurluluğun məzmununu öyrənən bir elmdir. Biz şüurla psixikanın
eyniliyini danılmaz bir gerçəklik saydığımızdan, buna qarşı deyilən istənilən sözü də
anlamsızlıq sayırıq, ancaq bütün bunlara baxmayaraq, psixoanaliz bu eyniləşməni
danır və şüurla psixikanın eyniliyini tanımır. Psixoanalizin arxalandığı baxışa görə,
psixi olaylar dedikdə, duyğular, düşüncələr və istəklər anlaşılır və psixikada qeyri-
şüuri baş verən düşüncələr və istəklər də ola bilər. Ancaq belə bir mühakimə o andaca
psixoanalizi ayıq elmi baxışların tərəfdarı olan insanların gözündən salır və onlar
psixoanalizin nə isə anlaşılmazlıqlarla dolu, fantastikaya qapılmış bir təlim olduğunu
düşünürlər, onun qaranlıqlarda veyilləndiyini, bulanıq suda balıq tutmaq istədiyini
sanırlar. Sözsüz, siz sayğılı dinləyicilər üçün də indilikdə mənim nə üçün “psixi olan
elə şüurlu olandır” kimi mücərrəd bir anlayışı xurafatçılıq saymağım qaranlıq
qalacaqdır. Mənim düşüncəmə görə, siz qeyri-şüuri adlana biləcək bir gerçəkliyin
olduğunu danmağın nəyə gətirib çıxaracağını yetərincə dəyərləndirə bilmirsiniz və
bunun bizə hansısa üstünlüklər qazandırdığını düşünməklə yanlışa qapılırsınız.
Beləliklə də, biz indi belə bir sorunu araşdırmağa başlamışıq: psixi olanla şüurlu olan
eyni şeylərdir, yoxsa psixi olan daha geniş çevrəni əhatə edən bir gerçəklikdir? Bu
soru sizlərə boş bir söz oyunu kimi də görünə bilər, ancaq mən bu araşdırmalarımın
gedişində sizlərə bunu aşılamaq istəyirəm: qeyri-şüuri psixi proseslərin olduğuna
inanmaq elmi öz inkişafında bütünlüklə yeni olan bir yola yönəldir.
Psixoanalizin indicə səsləndirdiyim bu cəsarətli qənaəti ilə onun bir az sonra
deyəcəyim ikinci bir qənaətinin bir-biri ilə necə qırılmaz tellərlə bağlı olduğunu,
məncə, siz heç təsəvvürünüzə belə gətirə bilməzsiniz. Psixoanalizin özünün çox
böyük uğuru saydığı bu ikinci qənaətinə görə, sözün dar və geniş anlamlarında,
seksuallıq adlanan instinkt əsəb və psixi xəstəliklərin yaranmasında indiyədək
dəyərləndirilə bilməmiş çox böyük bir rol oynamaqdadır. Bundan başqa da,
psixoanalizin gəldiyi bu qənaətə görə, yüksək mədəniyyətin, incəsənətin və insan
mənəviyyatı ilə bağlı olan sosial dəyərlərin yaranmasında seksual instinkt olduqca
böyük bir rol oynayır və onun bu təsiri danılmazdır.
Bu sözləri isə özümün qarşılaşdığım saysız durumlara görə deyirəm:
psixoanalizin öz araşdırmalarında gəlib çıxdığı bu sonuncu dediyim qənaət ona qarşı
çevrilmiş düşmənçiliyi qızışdıran ən başlıca faktor sayıla bilər. Biz psixoanalitiklərin
bu dediklərimizi özümüz üçün necə aydınlaşdırdığımızı bilmək istəyirsinizmi? Biz
mədəniyyətin, həyati zərurətlərin təsiri ilə, insani instinktlərin qurban verilməsi
hesabına yarandığını düşünürük və bu mədəniyyətin böyük bir hissəsi ara vermədən
topluma qoşulan ayrı-ayrı insanların öz instinktlərinin ödənilməsini toplumun xeyrinə
qurban verməsi ilə daim yenilənir. Dediyimiz bu instinktlərin içində isə ən önəmli
yerlərdən birini seksual instinkt tutur; bu instinkt mədəniyyət yaradıcılığı prosesinə
qoşulanda dəyişikliyə uğrayır, daha doğrusu, özünün seksual özəlliyini dəyişərək daha
yüksək sosial məqsədlərə sarı yönəlir və o artıq bu durumunda seksual instinkt
olmaqdan çıxır. Ancaq belə bir quruluş çox da dayanıqlı deyildir, seksual instinkti
sıxışdırmaq çox çətindir və kimsə özünün bu instinktini sıxışdırmaqla mədəniyyət
yaradıcılığına qoşulmaq istəyirsə, seksual instinktin onu bu işi görməkdən çəkindirə
bilməsi qorxusu həmişə ortalıqda qalır. Ona görə də seksual instinktin belə bir
sıxıntıdan azad olaraq yenidən özünün ilkin məqsədinə qayıda bilməsi toplumdakı
oturuşmuş mədəniyyət üçün çox qorxuludur. Beləliklə də, toplum onun özülündə
dayanan bu zəif yeri xatırlamağı sevmir, o, seksual instinktlərin gücünü və onun hər
bir fərdə göstərdiyi çox böyük təsirini tanımaqdan boyun qaçırır; bununla yanaşı
olaraq, tərbiyəvi baxımdan çıxış eləyərək, insanların diqqətini bu mövzudan
yayındırmağa da çalışır. Elə buna görə də çağdaş toplum psixoanalizin öz
araşdırmalarında gəldiyi, yuxarıda dediyimiz qənaətlərinə çox dözümsüz yanaşır və
onları estetik baxımdan iyrənc, əxlaq baxımından ədəbsiz və qorxunc olaraq
tanıtdırmağa çalışır. Ancaq belə qarşıdurma ilə elmi araşdırmanın gəldiyi gerçək
sonucları danmaq özünü doğrulda bilməz. Bunlara qarşı çıxılırsa onda bu, intellektual
baxımdan əsaslandırılmalıdır. Bəlli olduğu kimi, insanda bəyənmədiyi nəsnələri
düzgün saymamağa yönəlik olan bir özəllik vardır və belə durumlarla qarşılaşanda o,
dediyinin üstündə durmaq üçün arqumentləri də çox asanlıqla tapa bilir. Elə toplum da
bəyənmədiklərinin düzgün olmadığını doğrultmaq istəyi ilə, psixoanailizin gəldiyi
qənaətlərin düzgünlüyünü danmaq üçün çoxlu arqumentlərdən və dəlillərdən
yararlanmağa çalışır, ancaq bütün bunları məntiqlə uyuşmayan bir çılğınlıqla eləyir və
onu bu yanlış xurafatçılığından daşındırmaq üçün olan bütün çabalara qarşı var gücü
ilə dirəşir.
Xanımlar və bəylər, danışığımızın bu yerində çəkinmədən demək istəyirəm: sizə
mübahisəli görünən bu qənaətləri deməklə biz psixoanalitiklər əsla hansısa qərəzli
məqsədlər güdmürük. Bizim, özümüzün ardıcıl və inadla apardığımız araşdırmalarda
nəsnələrin gerçək durumu ilə bağlı gəldiyimiz və düzgün saydığımız düşüncələrimizi
sizinlə bölüşməkdən ayrı bir istəyimiz yoxdur. Bizim qənaətlərimizin hansısa qorxunc
sonuclara gətirib çıxaracağı ilə bağlı deyilənlərin nə dərəcədə inandırıcı olduğunu
sonacan aydınlaşdıra bilməsək də, elmi fəaliyyətə bugünkü qısqanc yanaşmaları da
düzgün saymırıq.
Mən indi psixoanalizlə məşğul olan insanların qarşılaşdıqları çətinliklərdən bir
çoxunu sizlərə sadaladım. Elə bilirəm, başlanğıc üçün bu sadaladıqlarımız da
yetərlidir. Sizlər, öz mühakimələrinizdə dediyim bu yanlış yanaşmaları üstələyə
bilsəniz, biz danışığımıza davam edə bilərik.
İkinci mühazirə
YANILMALAR
Dəyərli xanımlar və bəylər! Gəlin indi də fərziyyələr yürütməkdən əl çəkib
birbaşa araşdırmalar aparmağa başlayaq. Bu araşdırmalarımızın məzmunu hamıya
bəlli olan, insanların sıx-sıx qarşılaşdığı, ancaq çox az baş qoşduğu olaylardır. Bu
olaylar birbaşa xəstəliklərlə bağlı deyil və istənilən sağlam adamın da başına gələ
bilər. Belə olaylar insanın yanılması (Fehlleistungen) adlanmaqla aşağıdakı növlərə
bölünür: sözdə yanılma (Versprechen) – kimsə demək istədiyi bir sözün yerinə yanlış
olaraq başqasını deyir; yazıda yanılma – kimsə yazmaq istədiyi bir sözün yerinə
başqasını yazır və sonradan bu yanlışını duya da, duymaya da bilir; oxuda yanılma
(Verlesen) – burada kimsə verilmiş mətndəki hansısa sözü yazıldığı kimi yox, başqa
cür oxuyur; eşitmədə yanılma (Verhören) – bu durumda qulağı çox yaxşı eşidən birisi
ona deyilən hansısa sözü yanlış eşidir. Bu tipli olayların başqa örnəyi isə
unutqanlıqdır (Vergessen). Ancaq burada sürəkli yox, ötəri olan unutqanlıqdan söz
açılır, belə durumda insanlar bildikləri hansısa adları (Name), yaxud da niyyətlərini
(Vorsatz) ötəri olaraq unudur və sonradan xatırlayırlar. Buna uyğun gələn üçüncü
qrup olaylarda artıq ötərilik olmur, bu durumlarda nəyisə gizlədib unudursan
(Verlegen), yaxud itirib tapa bilmirsən (Verlieren). Belə durumlarda qarşılaşdığımız
bir ayrı unutqanlıqdır; biz başqa tipli unutqanlıqlara təbii baxırıq, ancaq bu dediyimiz
qısa sürən unutqanlıq bizə təəccüblü gəlir, habelə buna görə qanımız qaralır. Ötəri
olaraq baş verən və çaşqınlıq (İrrtümer) adlanan olaylar da bu sıradandır. Belə
durumlarda qısa bir müddətdə nəyinsə doğru olduğuna inanırsan, ən qəribəsi isə, bu
inandığın nəyinsə doğruluğuna öncədən də və ona inanmağa başlayandan hansısa bir
vaxt keçəndən sonra da inanmırsan. Yaşamın gedişində belə durumlarla yetərincə
üzləşdiyimiz, məncə, hamınıza bəllidir.
Alman dilində bu sözlərin hamısı “bununla bağlı”, yaxud “buna görə” anlamı
verən “ver” sözönü ilə başlayır. Bu olayların, demək olar, hamısı önəmsizdir, ötəri-
keçicidir və insanın yaşamında gözəçarpacaq bir rol oynamır. Çox az hallarda,
tutalım, nəyisə itirməklə bağlı olan olayların necəsə bir önəmi ola bilər. Ona görə də
dediyimiz bu olaylara böyük önəm vermirlər və onlar baş verəndə də insanları çox az
qıcıqlandırır.
Mən indi baxışlarınızı belə olaylara yönəltmək istəyirəm. Siz isə mənim bu
istəyimə qarşı çıxıb deyə bilərsiniz: “Bu dünyada və onun ən başlıca bölmələrindən
biri olan mənəvi aləmdə sayagəlməz, bilinməzliklərlə örtülü böyük gizlinlər varsa,
psixi pozuntularla bağlı öz yozumunu gözləyən bu qədər önəmli işlər qalırsa, biz
nədən öz dəyərli vaxtımızı belə kiçicik məsələlərə sərf etməliyik? Siz indi bizə eşitmə
və görmə orqanları yaxşı işləyən hansısa bir insanın günün işıqlı vaxtında gerçək
olmayan nəyisə görməsi və eşitməsi ilə bağlı danışıb, bunun nədən baş verdiyini
desəydiniz, bir başqasının isə bir az öncə hamıdan artıq sevdiyi bir kəsin indi onu
izlədiyini deməsinin nədən yarandığını aydınlaşdırmağa çalışsaydınız, yaxud birisinin
uşağa belə inandırıcı görünməyən qarabasmalarla üzləşdiyini deməsinin necə
yarandığından danışsaydınız, onda biz psixoanalizin, doğrudan da, önəmli işlərlə
məşğul olduğunu düşünə bilərdik. Siz isə, bütün bunların yerinə, hansısa natiqin niyə
bir sözü demək yerinə yanılıb başqasını deməsindən, yaxud da evdar qadının öz
açarını haradasa gizlədib sonra tapa bilməməsindən, bir sözlə, belə boş və anlamsız
işlərdən danışmaq istəyirsiniz. Elə isə bizim burada itirdiyimiz vaxtı gedib başqa,
daha maraqlı və dəyərli işlərə sərf eləməyimiz yaxşı olmazdımı?” Onda mən də
sizlərə belə bir cavab verərdim: “Bir az dözümlü olun, dəyərli xanımlar və bəylər!”
Mənə elə gəlir, sizin bu qınaqlarınız heç də yerinə düşmür. Doğrudan da, psixoanaliz
çox kiçik nəsnələrlə məşğul olmadığı ilə öyünə bilməz. Tərsinə, başqa elmlərin önəm
vermədiyi kiçik, gözəçarpmayan, necə deyərlər, olaylar dünyasının qırıntıları onun
başlıca araşdırma obyektləridir. Ancaq deyin görək, siz hansısa problemin dəyərinin
onun parlaq görüntülərindən asılı olması ilə bağlı olan baxışlarınızdan daşınmaq
istəyirsinizmi? Olduqca önəmli olayların bəlli durumlarda və bəlli zaman kəsiyində
özünü güclə sezilən əlamətlərlə göstərdiyi ilə bağlı faktlar sizə tanış deyilmi? Mən
belə durumlarla bağlı sizə çoxlu örnəklər gətirə bilərəm. Üzümü burada oturan gənc
kişilərə tuturam: siz vurulduğunuz xanımın ürəyini ələ aldığınızı olduqca kiçik
görünən hansısa əlamətlərdən sezmirsinizmi? Doğrudanmı, vurğunu olduğunuz
hansısa xanım öz dili ilə “sevirəm” deməyincə, sizə qucaq açmayınca, onun sizi
sevdiyini duya bilmirsiniz? Ötəri bir baxışdan, ürkək bir davranışdan, əlinizi öz
əlindən bir azca gec buraxmağından bu sevgini sezmirsinizmi? Yaxud tutalım, siz bir
kriminalist olaraq hansısa cinayət işini araşdıranda ölüm törədən caninin olay yerində
öz fotosunu və yaşadığı yerin adresini qoyacağınımı gözləyirsiniz? Yoxsa axtardığınız
caninin buraxdığı ən kiçik və önəmsiz izlərə dayanaraq onu tapmağa çalışırsınız? Ona
görə də biz önəmsiz sayılan əlamətləri lazımınca dəyərləndirməmək vərdişindən
biryolluq əl çəkməliyik. Əksər durumlarda elə bu gərəksiz saydığımız əlamətlər bizi
ən önəmli sonuclara aparıb çıxarmağa yardımçı olur. Yeri gəlmişkən, məni düzgün
anlaya bilməyiniz üçün deyim, mən də elə sizin kimi, ilk növbədə, yaşadığımız
dünyanın və onu araşdıran elmlərin ən gərəkli problemləri ilə məşğul olmağın
tərəfdarıyam. Ancaq burası da var ki, kiminsə uca səslə hansısa böyük problemlə
məşğul olmaq istədiyini deməsi hələ heç nə demək deyildir. Çox vaxt belə durumlarda
araşdırmalara nədən başlamağı kəsdirə bilmirlər. Elmi işlərdə uğur qazanmaq üçün,
ilk olaraq, gərək yan-yörəndə gözə çarpan və araşdırmaq üçün əlçatan olan nəsnələri
öyrənməkdən başlayasan. Bu işi dərinliyə vararaq, götür-qoy edərək, gözüaçıq və
dözümlü olaraq yerinə yetirsəniz, bir də uğur sizinlə olarsa, onda ən kiçik sayıla
biləcək bir araşdırma ilə çox böyük problemlərin həll olunmasına aparan yolu aça
bilərsiniz; dünyadakı bütün nəsnələr qarşılıqlı olaraq bir-biri ilə bağlı olduğundan,
bütün kiçik nəsnələr hansısa tellərlə böyük nəsnələrdən asılı olduğundan, belə
araşdırmaların gərəkli sonuclara gətirib çıxara biləcəyi də gözləniləndir.
Bax belə bir məntiqə arxalanmaqla mən sizlərdə, sağlam insanlarda üzə çıxan və
ilk baxışda olduqca kiçik və önəmsiz görünən yanılmalara maraq oyatmağa çalışıram.
İndi isə psixoanalizlə heç bir tanışlığı olmayan birisini göz önünə gətirib, onun belə
yanılmaları necə aydınlaşdıra biləcəyini araşdırmağa çalışaq.
Belə birisi söz açdığımız mövzu ilə bağlı, ilk öncə, bunları deyəcəkdir: “Ah,
bilirsiniz, bu yanılmaların nə olduğunu aydınlaşdırmaq üçün baş sındırmağa dəyməz;
bu, hamının başına gələ biləcək bir gözlənilməzlikdir”. Gəlin görək o bu sözlərlə nə
demək istəyir? Onun deməyindən belə çıxmırmı: dünyada baş verən olayların
hamısını özündə saxlayan zəncirin halqalarından qopub ayrılan olduqca önəmsiz
olaylar da vardır və onlar baş verə də, verməyə də bilərlər? Ancaq elmi baxışların
özülündə dayanan səbəb-nəticə bağının hansı bir yerdəsə beləcə qırılması elmi
dünyagörüşün bütünlüklə çökməsi demək olardı. Elə isə, “Allahın istəyi olmadan
insanın başından bir tük də düşə bilməz” deyən dini baxış elmi baxışdan daha ardıcıl
və daha üstün görünməzdimi? Elə bilirəm, bizim bu dediyimiz arqumenti eşidincə
psixoanalizi bilməyən tanışımız sözünü dəyişəcək və belə olaylar daha dərindən
öyrənilərsə, onların da səbəbsiz olmadığının üzə çıxacağını deyəcəkdir. Onun dediyi
bu yeni yozuma görə, belə olayların ortaya çıxmasının səbəbi hansısa bir durumda
psixi funksiyada baş verən kənaraçıxmaların yaratdığı qeyri-dəqiqliklər ola bilər. Yəni
düzgün danışan insanın sözünü yanıltmasının aşağıdakı səbəbləri ola bilər: 1) o, xəstə,
yaxud da yorğun ola bilər; 2) o, həyəcanlı ola bilər; 3) onun başı bərk qarışıq ola bilər.
Bütün bu deyilənlərin doğruluğunu çox asanlıqla təsdiq eləmək olar. Doğrudan da,
insanın sözünü yanıltması ən çox onun yorğun olduğu, başı ağrıdığı, yaxud da onda
miqrenin başladığı durumlarda olur. Bu durumlarda insanların nəsnələrin adını
unutması da çox tez-tez baş verə bilir. Bir sıra insanlar üçün nəsnələrin adını
unutmağa başlaması miqrenin yaxınlaşmasının başlıca əlaməti olur. Eləcə də
həyəcanlı olduqda sözləri qarışdırırsan; düşdüyün qarğaşadan “yanılıb” gərək olanın
yerinə başqa bir nəsnəni götürürsən, indicə nə eləmək istədiyini unudursan, bir sözlə,
diqqətin bütünlüklə başqa bir nəsnənin üstündə toplanıbsa, onda çoxlu gözlənilməz və
yanlış işlər görə bilərsən. Buna ən yaxşı örnək kimi, Almaniyada çıxan Fliegende
Blatter yumoristik jurnalında təsvir olunan professorun davranışlarını göstərə bilərik.
O, gələcək kitabı ilə bağlı problemlər üzərində baş sındırdığından çətirini götürməyi
unudur, başqasının şlyapasını geyinib gedir. Biz özəl yaşamımızdan da, hansısa
sıxıntıya düşdüyümüzə görə, verdiyimiz vədləri, görməli olduğumuz işləri unutmaqla
bağlı çoxsaylı örnəklər tapa bilərik.
Dediklərimiz yetərincə aydın olduğundan, məncə, kiminsə bunlara qarşı
çıxacağını gözləməyə dəyməz. Doğrudan da, axtardığımız hansısa sualın cavabı
tapılanda onun düşündüyümüz qədər maraqlı olmadığı durumlar da çox olur. İndisə
gəlin bu yanılmalara bir az da diqqətlə baxmağa çalışaq. Ortalıqda olan fərziyyələrə
görə, onların baş verməsinə gətirib çıxaran çoxlu səbəblər vardır. İnsanın bədənində
onu incidən hansısa ağrıların olması və qan dövranının pozulması onun normal iş
qabiliyyətini itirməsinə gətirib çıxaran fizioloji səbəblər sayıla bilər; həyəcan,
yorğunluq, fikir dağınıqlığı – normal iş qabiliyyətinin itirilməsinin psixofizioloji
səbəbləri ola bilər. Bütün bunları nəzəri baxımdan aydınlaşdırmaq çox asandır.
Yorğunluqda, eləcə də fikir dağınıqlığında, yaxud da həyəcan içində olduqda insanın
diqqəti çoxlu başqa yönlərə dağıldığından onun əlində gördüyü işə yönələn diqqəti
çox zəif olur. Ona görə də o bu durumda gördüyü işdə yanlışlığa yol verir, yaxud bu
işi dəqiqliklə görə bilmir. İnsanın bədənində ağrılar varsa, ya da beyninə axan qanın
miqdarında dəyişiklik yaranıbsa, bu durumda da onun diqqəti zəifləyə və yanlışa
qapıla bilər. Beləliklə də, baxdığımız bu durumların hamısında hansısa üzvi, ya da
psixi kökü olan səbəbdən insanın diqqəti zəifləyir və o, gördüyü işdə yanlışlığa yol
verir.
Deyəsən, bu deyilən sözlərdən psixoanalizin işinə yaraya biləcək nələrsə tapmaq
çox çətindir. Bu isə bizi başladığımız bu araşdırmanı yarımçıq qoymağa yönəldə bilər.
Ancaq məsələyə bir azca dərindən yanaşanda, yanılmaların heç də hamısının diqqətin
yayınması nəzəriyyəsi ilə yozula bilmədiyi üzə çıxır, hər halda burada təkcə elə
diqqətin yayınması faktorunun rol oynamadığı aydın olur. Aparılan sınaqların
göstərdiyinə görə, yanılmalar və unutmalar yorğun olmayan, diqqəti yayınmayan,
həyəcanlanmayan adamlarda da baş verir və yanılmalarından sonra onların adına
yorğunluq, həyəcan kimi durumların yazılması yanlışdır, çox vaxt onlar özləri də heç
bir fiziki gərginlik olmadan yanıldıqlarını boyunlarına alırlar. Doğrudan da, bütün bu
olayların səbəblərini ancaq diqqətin üstünə yükləmək, diqqətin güclü olduğunda
işlərin düz, zəif olduğunda isə yanlış görüldüyünü deməyin özü də gerçəkliyə uyğun
deyildir. Bəlli olduğu kimi, çoxsaylı elə işlər vardır ki, onlar avtomatik olaraq görülsə
də, inamla və yanılmadan yerinə yetirilir, habelə onların baş tutması üçün çox az
diqqətli olmaq da yetərlidir. Tutalım, gəzməyə çıxanda düşünmədən yeriyirsən, ancaq
azıb eləmədən istədiyin yerə gəlib çıxırsan. Hər halda, durumların çoxunda bu belə də
olur. Yaxşı pianoçu hansı anda pianinonun hansı dilini basacağını düşünmədən çalır.
Düzdür, o da hansısa durumda yanıla bilər, ancaq barmaqlarını hansı dillərə
toxundurmağa diqqət yetirmədən çalmaq, elə çalmağa yönələn diqqətin zəifliyi kimi
dəyərləndirilə bildiyindən, onda gərək belə virtuoz çalğıçılar yanılmağın başlıca
səbəbi sayılan bu “diqqət zəifliyi”ndən daha çox yanlışlara yol verəydilər. Biz isə
gerçəklikdə bunun büsbütün tərsini görürük: görülən çoxlu işlər onları diqqəti
gərginləşdirmədən yerinə yetirəndə daha asan başa gəlir, onları düzgün yerinə
yetirmək üçün diqqəti gərginləşdirmək isə çoxlu yanılmalara gətirib çıxarır. Bu
durumu “həyəcanlanmaq”la əlaqələndirmək istəsək, onda bu “həyəcan”ın nə üçün
ürəkdən görmək istədiyimiz bir işdə diqqətli olmağımıza yardım eləmədiyi anlaşılmaz
qalır. Əgər hansısa çox önəmli bir nitqdə, yaxud da ciddi bir danışıqda yanılaraq
demək istədiyinin büsbütün tərsi olan bir sözü deyirsənsə, bunun psixofizioloji, yaxud
da diqqətin yayınması səbəbi ilə necə baş verdiyini tapmaq olmur.
Yanılmaların gedişində onlarla yanaşı doğulan çoxlu başqa önəmsiz olaylar da
vardır və onların da yaranması anlaşılmaz olaraq qalmaqla yanaşı, ortalıqda olan
nəzəriyyələrin heç biri onları aydınlaşdıra bilmir. Tutalım, hansısa sözü unutduğun
zaman qanın bərk qaralır, necə olursa olsun, o sözü xatırlamağa çalışırsan və bu
istəyindən ayrıla bilmirsən. Onda nəyə görə belə bir sıxıntı keçirən insan bütün
diqqətini toplayıb o sözü tapmağa çalışsa da, özünün dediyi kimi, “dilinin ucunda
olan” bu söz yadına düşmür, ancaq birdən kimsə bu sözü deyəndə o andaca bu sözü
xatırlayır? Yaxud birdən bir yanılmanın ardınca başqaları da gəlir, onlar bir-birinə
qoşularaq artmağa başlayır. Tutalım, birinci dəfə hansısa görüşə gedəcəyini
unudursan, sonradan bu görüşə ikinci dəfə gedəndə onu unutmayacağına bərk söz
versən də görüş baş tutmur, sən demə, indi də görüşün vaxtını qarışdırmısan. Yaxud
unutduğun sözü dolayı yolla xatırlamaq istəyəndə bu dəfə həmin sözü xatırlamaq
üçün gərəkli olan ikinci bir sözü unudursan. Bu ikinci sözü xatırlamaq istəyəndə isə
üçüncü bir söz yadından çıxır və s. Yazıdakı yanılmalarda da mətni yazan, yaxud
kitab çapı üçün şriftləri yığan insanla da buna oxşar olaylar baş verir. Deyilənə görə,
belə bir yazı yanılması çox adlı-sanlı bir sosial-demokrat qəzetini olduqca pis bir
duruma salıbmış. Bu qəzetdə, hansısa çox təntənəli mərasimlə bağlı yazıda belə bir
bildiriş varmış: “Mərasimə qatılanlar arasında əlahəzrət kornprins də var idi”. Burada
taxt-tacın varisi, “vəliəhd” anlamında olan “kronprins” yerinə “qarğıdalı prins”
anlamını verən “kornprins” yazılmışdır. Sonrakı gün qəzet buraxdığı yanlışa görə üzr
istəyərək, bu cümlədəki “kornprins” sözünün “knopprins”(düymə prins) kimi
oxunmalı olduğunu yazmaqla daha bir yanlışa yol vermişdi. Adətən, belə durumlarda
mövhumi qara qüvvələrin rolundan danışır, qəzetin mətbəə şriftlərinin şər ruhların
təsirinə düşdüyünü deməyi sevirlər, bunlar isə artıq psixoanalizin araşdırma mövzusu
olmayan nəsnələrdir.
Mən bilmirəm, siz insanları sözdə yanılmağa çəkməyin, başqa sözlə desək, bunu
onlara aşılamağın mümkünlüyünü bilirsinizmi? Bununla bağlı indi lətifə kimi
söylənən bir olay da danışırlar: “Səhnədə yeni olan bir aktyora “Orleanlı bakirə”
dramında baş rollardan birini verirlər; o, bir yerdə kralın yanına gəlib konnetablın
(Fransada yüksək hərbi vəzifə) öz qılıncını göndərdiyini deməli idi (der Connetable
schickt sein Schwert zurück). Məşq zamanı baş rolu oynayan aktyor bu, yeni olduğu
üçün sıxılan və utanan aktyorla zarafat eləyir, bir neçə dəfə bu sözü dəyişib
“komfortabl (rahatlıq quran) öz atını göndərdi” (der Komfortabel schickt sein Pferd
zurück) şəklində deyir. Tamaşa zamanı bu qaragünlü yeni aktyor, doğrudan da, çaşıb,
bu sözü baş rolu oynayan aktyorun ona aşıladığı kimi deyir, baxmayaraq, tamaşadan
öncə ona zarafatla deyilən bu sözü dilinə gətirməməklə bağlı xəbərdarlıq da
olunmuşdu”.
Yanılmaların belə kiçik özəlliklərini yalnız elə diqqətin yayınması ilə
aydınlaşdırmaq mümkün deyildir. Ancaq bu deyilənlər diqqətlə bağlı olan
nəzəriyyənin yalan olduğunu da göstərə bilmir. Elə bil bu nəzəriyyənin ortaya
çıxardığı yozumda nəsə bir yarımçıqlıq vardır, bu deyilənlərin doğru olduğunu
göstərən başqa bir sübut da tapa bilsək, onda bu nəzəriyyə, sanasan, bizi qane
edəcəkdir. Ancaq bu yanılmaların bir çoxuna büsbütün başqa bir yöndən də yanaşmaq
mümkündür.
Gəlin sözdə yanılmaqdan başlayaq. Mənə elə gəlir, söz açdığımız yanılmalardan
ən uğurlu araşdırmanı bu yöndə aparmaq daha asandır. Düzdür, bir az artıq əmək
qoysaq, biz eyni uğurla yazıda və eşitmədə baş verən yanılmaları da araşdıra bilərdik.
Buradaca demək yerinə düşərdi ki, biz indiyədək yalnız bir soruya cavab axtarmışdıq:
hansı durumlarda və nə üçün söz yanılmaları baş verir? Eləcə də bu soruyla bağlı
cavablar almışdıq. Ancaq indi başqa bir soruyla da maraqlana bilərik. Biz baş verən
istənilən yanılmaya diqqət yetirib soruşa bilərik: nə üçün bu yanılan birisi başqa cür
yox, yalnız belə yanılmışdır? Biz bu soruya cavab tapa bilməsək, bu yanılmanın baş
verməsinin psixoloji səbəbini aydınlaşdırmasaq, onda bu yanılma, doğrudan da, bir
kiçik təsadüf sayılaraq qalacaqdır və insanlar baş sındırıb onun hansısa fizioloji
səbəbdən baş verdiyini də axtarıb “tapa biləcəklər”. Doğrudan da, mən hansısa sözü
yanlış deyirəmsə, burada yanılanda deyə biləcəyim minlərlə sözlər vardır, deməli,
olduğum sözün yerinə deyilə biləcək çoxsaylı yanlış sözlər ortaya çıxa bilər. İndi
burada dayanıb düşünmək olar: mən nə üçün yanıldığım anda bu minlərlə sözün
arasından məhz yanlış dediyim bu sözü seçib demişəm? Bu təsadüfdürsə, yaxud
özbaşına baş verirsə, onda mənim bu sorumun dəqiq cavabı da olmayacaqdır.
İki araşdırıcı − Meringerlə Mayer (birincisi filoloq, ikincisi psixiatrdır) 1895-ci
ildə apardıqları araşdırmalarında yanılmalarla bağlı olan mövzuya bu yöndən
yanaşmağa çalışmışdılar. Onlar sözdə yanılmalarla bağlı olduqca çoxlu faktları
toplayıb, onların necə baş verdiyini təsvir eləmişdilər. Belə bir yanaşma, sözsüz, bu
tipli yanılmalara heç bir aydınlıq gətirmir, ancaq bu çoxsaylı faktlar araşdırdığımız
sorunun cavabını tapmağa yardımçı ola bilər. Bu iki araşdırıcı sözdə yanılmalarla
bağlı aşağıdakı tipləri ayırd edirlər: sözlərin yerdəyişməsi (Vertauschungen), başqa
sözə uymaq (Vorklange), sözlərin səslənmə oxşarlığı (Nachklange), sözlərin
qarışdırılması (Vermengungen, oder Kontaminationen) və sözlərin əvəz olunması
(Ersetzungen, oder Substitionen) ilə bağlı yaranan yanılmalar. Mən indi bu
araşdırıcıların sadalanan yanılma tipləri ilə bağlı göstərdikləri örnəklərlə sizləri tanış
etmək istəyirəm. Sözlərin yerdəyişməsindən yaranan yanılma: die Venus von Milo
deməkdənsə, Die Milo von Venus deyərək yanılmaq; burada sözlərin deyilmə
ardıcıllığının pozulmasından yanılma alınmışdır (“Miloslu Venera” əvəzinə “Veneralı
Milos” deyilmişdir); başqa sözə uymaqdan yaranan yanılma: Es war mir auf der
Schwest (bu söz yanlış deyilib!)... auf der Brust so schwer (Danışan adam: “köksümə
(yəni ruhuma) bir ağırlıq çökmüşdü” demək istəyir, ancaq bir az sonra gələn “ağırlıq”
anlamı verən “schwer” sözünə uyaraq, “Brust”(“köks”) sözünün yerinə anlamsız bir
söz olan “schwest” deyir). Sözlərin səslənmə oxşarlığından yaranan yanılmaya
aşağıdakı uğursuz tostu örnək göstərmək olar: İch fordere Sie auf, auf das Wohl
unseres Chefs aufzustoben (“Gəlin qədəhlərimizi qaldırıb rəisimizin sağlığına
toqquşduraq”. Burada “toqquşdurmaq” anlamında olan “anstoben” sözünün yerinə,
yanlış olaraq, “gəyirmək” anlamı verən “aufstoben” sözü deyilmişdir). Sadaladığımız
bu üç yanılma tipləri təkəmseyrək baş verir. Söz yanılmaları ən çox sözlərin
qarışdırılması ilə baş verir. Bir örnəyə baxaq, tutalım, gənc kişi bir xanımla
danışığında deyir: Wenn Sie gestatten mein Fraulein möchte ich Sie gerne beqleit-
digen (“Xanım, icazə versəydiniz, sizi ötürərdim”. Buradakı “ötürmək” anlamı verən
“beqleit” sözünə dig kimi üç səs də artırılmışdır. Alınmış beqleit-digen sözü isə
“ötürmək” anlamı verən “beqleit” sözü ilə “alçaltmaq” anlamı verən beleidigen
sözlərinin qarışığından yaranmışdır. Görünür, buradakı gənc kişi qadınların ürəyini
ələ almaqda çoxlu uğursuzluqlarla üzləşmiş birisidir.) Sözlərin əvəz olunmasından
yaranan yanılma üçün yazarlar aşağıdakı örnəyi göstərirlər: İch gebe die Praparete in
den Briefkasten anstatt Brütkasten (“Mən dərmanları termosa yox e, poçt yeşiyinə
qoymuşam”).
Ancaq bu iki yazarın örnək verdikləri yanılmaların necə baş verdiyi ilə bağlı
yozumlar yetərli sayıla bilməz. Onların düşüncəsinə görə, sözlərdəki səslər və
hecaların biriləri o birilərindən daha önəmli olduğuna görə, belə önəmli səs və
hecalara daha artıq diqqət yetirilməsi az önəmli səs və hecalara yönələn diqqətə təsir
eləyir, bu da yanılmalara gətirib çıxarır. Dediklərini doğrultmaq üçün bu araşdırıcılar,
başqa sözə uyma və sözlərin səslənmə oxşarlığından doğan yanılmaları əsas tuturlar;
ancaq başqa tipli söz yanılmalarında onların dediyi bu inandırıcı görünməyən səs-heca
üstünlüyünün hansı rol oynadığı aydın olmur. Söz yanılmalarında ən çox sözlərin
səslənmə oxşarlığına uymaqla yanılırlar və çoxları söz yanılmasını elə bununla da
aydınlaşdırmağa çalışırlar. Örnək üçün özünün giriş sözündə professor deyir: İch bin
nicht geneigt (geeignet), die Verdienste meines sehr geschatzten Vorgangers zu
würdigen (“Mən özümün sayğılı müəllimimin çəkdiyi əməkləri dəyərləndirməyi
istəmərəm”. Burada yanılıb “bacarmaram” yerinə “istəmərəm” deyir). Başqa bir
professor isə belə yanılır: Beim weiblichen Genitale hat man trotz vieler
Versuchungen... Pardon: Versuche... (Qadının cinsi orqanında aparılan çoxlu
sınaqlara baxmayaraq... bağışlayın, yanıldım, “yoxlamalara baxmayaraq” demək
istəyirdim...).
Ancaq bu söz yanılmalarının içində sıx-sıx qarşılaşdığımız və ən sarsıdıcı olanları
deyiləcək sözün tərsi olan anlam daşıyan hansısa sözün deyilməsindən yarananlarıdır.
Belə yanılmaların baş verdiyi durumda səslərin uyğunluğu, yaxud sözlərin oxşar
səslənməsi önəmli sayıla bilməz, burada əks anlam daşıyan sözlərin bir-birinə kökcə
doğma sözlərdən yaranması, bununla da psixoloji baxımdan bir-birindən asılı olan əks
duyğular doğurması bu yanılmanın başlıca yaranma səbəbi sayıla bilər. Bununla bağlı
olaraq tarixi bir örnək də gətirmək olar. Günlərin birində deputatlar palatasının
prezidenti onların yığıncağını bu sözlərlə açmışdı: “Bəylər, mən salondakı
deputatların sayına baxıb burada yetərsay olduğunu gördüyümdən, iclasımızı
bağlayıram”. Demək istədiyinin büsbütün tərsini söyləməklə yanılmaların insanları
belə pis duruma salması, özü də bunun qanıqaralığa gətirib çıxarması sıx-sıx baş verir.
Örnək üçün, deyilənə görə, adlı-sanlı alim H.Helmholsla, ünlü ixtiraçı və böyük
sənayeçi V.Simensin uşaqlarının kəbinkəsmə mərasimində tanınmış fizioloq Dyuba-
Reymon təbrik sözü demişdi. O özünün parlaq çıxışını belə bir tostla bitirmişdi:
“Beləliklə də, yaşasın Simenslə Halskenin yeni firması”. Bu isə, özü də istəmədən,
Simensin keçmiş ortağı ilə qurduğu, indi artıq ortalıqda olmayan firmasının adının
xatırlanması demək idi. Bu yanılmadakı adların uyğunluğuna gəlincə, bizdə, Vyanada
Ridel-Boytel adlarını yanaşı olaraq çəkməyə alışdıqları kimi, bu adlar da Berlində
yanaşı olaraq çox işlənməkdədir.
Beləliklə də, biz səslərin uyarlığı və sözlərin oxşarlığından başqa, bir də şifahi
danışıqda ortaya çıxan adların qoşalaşması ilə bağlı durumu da gözdən
qaçırmamalıyıq. Söz yanılmalarının baş verdiyi durumlarda bundan qabaqkı cümlədə
nə deyildiyini bilmədən, ya da danışanın, əslində, nə demək istədiyini öyrənmədən, bu
yanılmaların niyəsini tapmaq olmur. Ona görə də indicə söz açdığımız yanılmanı da,
Meringerin dediyinə uyğun olaraq, sözlərin səslənmə oxşarlığı ilə yoza bilərik, ancaq
buradakı yanılmada işlənən sözün gerçək sözlə anlamca uyğunluğu olduqca zəifdir.
Sözün doğrusu, bütün bu dediyimiz yozumlardan sonra adama elə gəlir, biz
yanılmaların baş vermə səbəblərini anlaya bilməkdən bir az da uzaq düşməyə
başlayırıq!
Ancaq elə bilirəm, gərəkli sayaraq, araşdırma üçün götürdüyümüz söz yanılması
örnəklərini incələyəndə bizim hamımızda büsbütün yeni bir təəssürat yaranacağını
desəm yanılmaram. Biz burada söz yanılmalarının hansı durumlarda yarandığını
araşdırdıq, yanılma tiplərinin hər birinin hansı faktorların təsiri ilə formalaşdığını
öyrəndik, ancaq söz yanılmasının yaranmasının öz-özlüyündə hansı effekti
doğurduğunu gözdən keçirməyi unutduq. Belə bir işi görməyi boynumuza götürsək,
onda gərək bunu da deməkdən çəkinməyək: hə, bir sıra durumlarda söz yanılmasının
bəlli anlamı (Sinn) da olur. Burada səsləndirdiyimiz: “anlamı olur” deyimi necə
anlaşılmalıdır? Bu, söz yanılmasını öz məqsədi, bəlli ifadə forması və dəyəri olan
dolğun bir psixi fəaliyyət saymaq deməkdir. Biz indiyədək baş verən olayı yanlış
fəaliyyət kimi dəyərləndirirdik, indi isə bu yanlış fəaliyyətin özlüyündə düzgün
olduğunu deyirik, ancaq bu yanlış kimi görünən düzgün fəaliyyət başqa bir
gözlənilən, yaxud iddia olunan fəaliyyətin əvəzində ortaya çıxmışdır.
Yanlış hərəkətin gerçək bir anlamının olması ayrı-ayrı durumlarda çox aydın
görünür və danılmazdır. Yuxarıdakı verdiyimiz örnəkdə deputatlar palatasının sədri
yığıncağın başlanğıcında, özünün ilk sözündə yığıncağı açmaq yerinə onu bağlayırsa,
onda bu söz yanılmasının yarandığı durumu bilməklə biz bu yanlış hərəkətin hansısa
bir anlamı olduğunu düşünə bilərik. Görünür, o bu yığıncaqdan yaxşı heç nə gözləmir
və onu başlamamış bağlaya bilsəydi, buna çox sevinərdi. Onun bu anda nə
düşündüyünü duymaq, başqa sözlə desək, bu söz yanılmasını dediyimiz kimi yozmaq
elə də çətin deyildir. Bunun kimi də, başqa bir xanımın, o biri xanıma yaxşı anlamda
demək istədiyi bu yanılmanı götürək: Diesen reizenden neuen Hut haben Sie sich
wohl selbst aufgepatz? (Bu gözəl və təzə şlyapanı sizmi belə korlamısınız?) Burada
aufgeputzt (bəzəmisiniz) sözünün yerinə “korlamaq” anlamı verən aufgepatz sözü
işlənmişdir və dərin elmi araşdırma aparmadan da, bu yanılan xanımın ürəyindən
aşağıdakı düşüncənin keçdiyini anlamaq olar: Dieser Hut ist eine Patzerei (Bu şlyapa
yararsız duruma salınıb). Başqa bir durumda əri üzərində ağalıq eləyən bir xanımın
yanılmasına da baxa bilərik: “Ərim həkimdən necə pəhriz saxlamalı olduğunu
soruşdu, həkim isə ona pəhriz gərəkmədiyini, mənim istədiyim bütün yeməkləri yeyə
biləcəyini dedi”. Göründüyü kimi, burada xəstənin öz istədiyi bütün yeməkləri yeyə
bilməsi ilə bağlı deyilən söz öz əri üzərində ağalıq eləməyə öyrəşmiş qadının dilində
yanlış səslənir və bu yanlışın nədən qaynaqlandığı da bəllidir.
Dəyərli xanımlar və bəylər, təkcə söz yanılmalarının deyil, başqa yanılmaların da
hansısa bir anlamı olduğu aydınlaşarsa, özü də onların böyük çoxluğu üçün bu
dəqiqləşərsə, onda indiyədək kimsənin söz açmadığı bu yanlış davranışların da öz
anlamları olduğu ilə bağlı durum bizlərə çox qəribə görünəcəkdir və onlarla bağlı olan
bütün başqa baxışların önəmsiz olduğu da bəlli olacaqdır. Ona görə də biz fizioloji və
psixofizioloji prosesləri bu araşdırmalara qoşmaqdan əl çəkib, yanılmaların daşıdığı
anlamları sırf psixoloji baxımdan araşdıracağıq, daha doğrusu, onların dəyərini və
nədən baş verdiyini aydınlaşdırmağa çalışacağıq. Ona görə də mövzunu daha dərindən
öyrənə bilmək və irəli sürülən mülahizələrin doğruluğunu yoxlaya bilməkdən ötəri,
çoxsaylı faktları bir yerə toplayıb araşdırmalarımızın çevrəsini genişləndirməyə
çalışacağıq.
Ancaq bu istəyimizi yerinə yetirməzdən öncə mən sizlərin baxışlarını başqa bir
yönə çəkməyə çalışacağam. Bəlli olduğu kimi, şairlər öz əsərlərində çox vaxt belə
yanılmalardan sözlərinin təsir gücünü artırmaq üçün yararlanırlar. Bu fakt da öz-
özlüyündə şairlərin bu yanlışların, daha doğrusu, söz yanılmalarının hansısa anlam
daşıdığına inanmasını göstərir, axı şairlər belə düşünməsəydilər yeri düşəndə onlardan
yararlana bilməzdilər. Bu durumda şair heç də təsadüfən buraxdığı hansısa yazı
yanlışını sonradan öz qəhrəmanının çiyninə söz yanılması olaraq yükləmir. Şair bu
söz yanılması ilə bizə nəyisə anlatmaq istəyir, biz də gərək əsərin bu yerini oxuyanda
onun bu yanılma ilə nə demək istədiyinin üstündə düşünək: o bununla yanılan insanın
yorğun olduğunu, diqqətinin dağınıq olduğunu, yoxsa onda miqren tutmalarının
başladığınımı demək istəyir? Sözsüz, şairin söz yanılmalarına həmişə hansısa anlam
verməsini çox da şişirtməyə dəyməz. Özlüyündə bu söz yanılmaları anlamsız psixi
gəlişigözəllik də ola bilər və çox az durumlarda hansısa anlamı daşıya bilər, ancaq şair
bu yanılmaların hamısına hansısa bir anlam yükləmək istəyir və bununla da onlardan
öz məqsədi üçün yararlanır. Ona görə də söz yanılmaları ilə bağlı şairlərdən nəsə
öyrənməyi ummaq, onların bununla bağlı bizə filoloq və psixiatrlardan artıq bilgi verə
biləcəyini düşünmək yersizdir.
Söz yanılmaları ilə bağlı bir örnəklə biz Şillerin “Vallenşteyn” dramında
(Pikkolomini, 1-ci pərdə, 5-ci səhnə) üzləşirik. Maks Pikkolomini bundan öncəki
səhnədə böyük bir coşqunluqla hersoqun tərəfinə keçir və bir az öncə düşərgəyə
ötürdüyü Vallenşteynin qızına vurulduğundan, tezliklə savaşın öz yerini barışa
verməsini istəyir. Onun atası, sarayın elçisi olan Kvestenberq oğlunun bu durumundan
baş aça bilmir. Dramın sonrakı, 5-ci səhnəsində isə belə bir danışıq baş verir:
Kvestenberq
Gör iş nə yerə çatdı!
(İsrarlı və hövsələsiz görünür)
Biz onu gözləri qamaşmış
Buraxdıq getdi, dəyərli dostum,
Çağırmayaqmı onu geriyə –
Açmayaqmı onun gözünü?
Oktavio
(dərin düşüncəyə dalıb, nəyisə xatırlamış kimi dillənir)
Sözün düzü, o mənim də gözümü açdı,
Ancaq mən bunu heç istəməzdim.
Kvestenberq
Sizə nə olub, dostum?
Oktavio
Ah, bu lənətə gəlmiş səfər!
Kvestenberq
Necə yəni? Nə baş verib?
Oktavio
Tələsin! Mən gərək
Bu uğursuzluğun izinə düşəm,
Hər şeyi öz gözlərimlə görəm. Gedək.
(Onu aparmağa çalışır)
Kvestenberq
Nə üçün? Haraya belə?
Oktavio
(Onu tələsdirir)
O xanımın yanına!
Kvestenberq
Kimin yanına?
Oktavio
(Sözünə düzəliş verir)
Hersoqun yanına! Gedək!
Oktavio burada Kvestenberqi öz ağası olan hersoqun yanına getmək üçün
çağırmaq istəyir, ancaq yanılaraq “xanımın yanına gedək” deməklə ürəyinin
dərinliyindəki diləyini açıb tökür: demək, bu gənc savaşın yox, barışın tərəfindədir.
Psixoanalitik O.Rank, yanılmalarla bağlı olaraq, Şekspirin “Venetsiyalı tacirlər”
dramında üç mücrünün içindən birinin seçilməsi ilə, uğurlu sevgilinin ayırd edilməsi
olayına üz tutaraq, daha gözəçarpacaq bir örnək göstərir; mən burada Rankın sözlərini
onun öz dilindən vermək istəyirəm.
“Freydin “Vallenşteyn” dramından gətirdiyi, çox uğurlu bədii incəlik və
yaradıcılıq bacarığı ilə işlənmiş bəlli söz yanılması örnəyi şairlərin bu yanılmaların
mexanizmini və daşıdığı anlamı çox yaxşı bildiklərini göstərir və görünür, onlar
yararlandıqları yanılmaların bu özəlliyini oxucularının da anlaya biləcəklərinə
inanırlar. Şekspirin “Venetsiyalı tacirlər” dramında (3-cü pərdə, 2-ci səhnədə) bunun
çox yaxşı bir örnəyi ilə qarşılaşırıq. Atasının buyruğu ilə püşkatmada uğur qazanan
kimsəyə ərə getməli olan Portsiya yalnız onun üçün uğurlu qurtaran
gözlənilməzliklərin köməyi ilə sevmədiyi adaxlılardan canını qurtara bilir. Günlərin
birində Portsiya ilk baxışdan vurulduğu Basanionun da onunla evlənmək üçün bəxtini
sınamaq istədiyini görəndə onun da bu sınaqdan uğursuz çıxacağından qorxuya düşür.
Qız necə olursa olsun, Bassanio ilə danışmaq, uğursuz püşkə tuş gələcəyi durumda da
onu sevəcəyini bildirmək istəyir, ancaq Portsiya püşkatmada uğur qazana bilməyən
kimsəyə ərə getməyəcəyinə və könül verməyəcəyinə görə atasının qarşısında and
içdiyindən, bu sözü dilinə gətirə bilməzdi. Ürəyində belə bir ikili duyğuların
çarpışması gedən qız vurulduğu gəncə belə deyir:
Bir az yavaşıyın, iki-üç gün də dözün
Barı, riskdən çəkindirin özünüzü;
Yanılsanız, bu mənim üçün çox ağır
İtki olacaq; içimdən bir səs gəlir
(Bu, sevginin səsi deyildir ancaq):
Mən sizi itirmək istəmirəm heç;
Bilməmiş deyilsiniz, belə düşüncələrin
Nifrətdən doğmadığını. Yaxşı, elə isə
Qoyun deyim sözümü, lap açıq-aydın
(Mənim günümdə olan bir qıza
Düşüncələrə qapılaraq susmaq,
Dil-dil ötməkdən çox yaraşır):
Mən sizi ən çoxu ikicə aylıq, bu riskdən
Qorumaq istəyirəm; Və sizə püşkünüzü
Necə seçməyi öyrətməkdir diləyim...
Bunu eləsəm, onda gərək andımı pozam,
günaha batam; yox-yox, bunu bacarmaram.
Ancaq vay o gündən, püşkünüz gətirməyə,
Bax onda mən elə bərk yanıb-yaxılacağam:
Nədən andımı pozub, günaha batmadım deyə!
Görüm lənətə gəlsin məni tilsimə salan,
Dilimə qıfıl vuran, ruhumu yarıya bölən bu andı!
Sanasan, ikiyə bölüblər məni: yarısı sizindir,
O biri yarısı isə sizin... Ah, nə yaman yanıldım...
O biri yarısı da mənimkidir deməkdən –
Sizinkidir deyirəm; elə isə, nə etmək olar,
Belə çıxır, nəyim varsa elə hamısı da sizindir!..
Şair burada insanda vurğunluq yaradan psixoloji bir dərinliyə vara bilir, habelə,
çox böyük bir bacarıqla, ürəyindən keçənləri him-cimlə anlatmaq istəyən Portsiyanı
hər şeyi açıqlığı ilə deməyə gətirib çıxarır. Baxmayaraq, Portsiya atası qarşısında
içdiyi anda görə püşkatma bitməyənə kimi kimisə sevdiyini dilinə gətirə bilməzdi,
ancaq belə bir gözlənilməz və düşünülmüş üsulla şair onu sevən Bassanionu da,
intizarda qalan tamaşaçını da bu sıxıntılı durumdan qurtarmaq üçün olayların nə ilə
bitəcəyini burada yararlandığı söz yanılması ilə açıqlayır”.
Bir anlığına yaranmış gərgin durumdan çıxmaq üçün Portsiyanın söz
yanılmasından necə bacarıqla yararlandığına, bu yanılmanın daşıdığı gerçək anlamı
necə açıqladığına baxsaq, yuxarıda yanılmaların hansısa anlamı daşıdığı ilə bağlı
dediklərimizin düzgünlüyü ortaya çıxmış olur:
Sanasan, ikiyə bölüblər məni: yarısı sizindir,
o biri yarısı isə sizin... Ah, nə yaman yanıldım...
o biri yarısı da mənimkidir deməkdən –
sizinkidir deyirəm; elə isə nə etmək olar,
belə çıxır, nəyim varsa elə hamısı da sizindir!..
Göründüyü kimi tibb elmindən məlumatı olmayan böyük bir mütəfəkkir
yaradıcılığında yer alan ötəri bir epizodda söz yanılmasının hansısa gizlin bir mənanın
daşıyıcısı olduğunu açıqlaya bilmiş, bunu bizim üçün aydınlaşdırmağa çalışmışdır.
Elə bilirəm, sizlər çox hazırcavab olan satirik Lixtenberqi yaxşı tanıyırsınız, Göte
onunla bağlı yazırdı: “Onun bütün zarafatlarında, üstüörtülü olaraq, hansısa bir böyük
problemdən söz açılır. Axı bir sıra problemlər elə zarafatın köməyi ilə də həll olunur”.
Lixtenberq özünün 1853-cü ildə yazdığı satirik yazılarının birində qeyd edirdi: “O,
Homeri oxumağa çox bərk qapıldığından, oxuduğu başqa kitablarda qarşılaşdığı
angenommen (almaq, götürmək) sözünü həmişə Aqamemnon kimi oxuyurdu”. Baxın,
oxuda yanılmanın nəzəri baxımdan açılımı elə budur.
Sonrakı mühazirəmizdə biz şairlərin yanılmalarla bağlı bu baxışlarının nə qədər
gerçək olub-olmadığını aydınlaşdırmağa çalışacağıq.
Dostları ilə paylaş: |