On beşinci mühazirə
ŞÜBHƏLƏR VƏ TƏNQİDLƏR
Dəyərli xanımlar və bəylər! Bizim yeni yaranan baxışlarımızla bağlı olaraq ortaya
çıxan şübhə və tərəddüdlərimizi xatırlatmadan yuxugörmə oblastını buraxıb getmək
doğru olmazdı. Bildiyimə görə, sizin içinizdə ən diqqətli dinləyicilər bununla bağlı
yetərincə materiallar toplaya bilmişlər.
1. Bəlli olduğu kimi, yararlanmağa başladığımız yeni texnikanın yardımı ilə
yuxugörmələri yozanda gördüyümüz bu işin sonuclarında çoxlu anlaşılmazlıqlarla
üzləşirik, ona görə də sizlərin bir çoxunda açıq yuxugörmənin yozulması yolu ilə
yuxugörmənin gizli anlamına gedib çatmağın mümkünlüyünə inamsızlıq yarana bilər.
Bu düşüncələrinizi doğrultmaq üçün birinci bunu deyə bilərsiniz: yuxugörmədəki
istənilən elementi onun özü kimi, yoxsa bir simvol kimi anlamaq həmişə bir dolaşıqlıq
yaradır, axı biz buradakı hansısa elementi simvol kimi götürsək də, bu element
özünün daşıdığı anlamı itirmir. Bu sorğunun bəlli bir çözüm yolu yoxsa, onda burada
yuxunun yozulması yuxu yozanın özbaşınalığına gətirib çıxaracaqdır. Daha sonra bir
sıra durumlarda yuxugörmədə nəsnələrin birdən özləri, birdən də özlərinin əksi kimi
ortaya çıxmaları baş verirsə, onda yuxugörmənin hansısa elementini onun özü kimi,
yoxsa tərsi kimi götürməyi sonacan aydınlaşdırmaq olmur. Bu isə yuxuyozanın yeni
bir özbaşınalığına yol açmış olur. Üçüncüsü, belə tərsinə çevrilmələr yuxugörmələrin
sevimli işidirsə, onda yuxu yozan da yuxugörmənin istənilən elementini tərsinə
yozmağa gəlib çıxa bilər. Sonuncusu isə, siz mənim “yuxugörmənin tapılmış
yozumunun tək bir mümkün yozum ola bilməyəcəyini” deməyimi söz eləyib, bundan
da öz düşüncələrinizi doğrultmaq üçün yararlana bilərsiniz. Belə çıxır, istənilən
yuxugörmənin ortalıqda olan yozumundan başqa da yolverilən ayrı-ayrı yozumları ola
bilər. Ona görə də, sizin deməyinizə görə, belə bir durum yuxu yozanların qarşısında
olduqca geniş və sınırları bəlli olmayan bir ənginlik yaratdığından onların burada
hansısa güvənli sonuclara gəlməsi də inandırıcı görünmür. Sizin deyə biləcəyiniz belə
bir söz də ola bilər: buradakı qarmaqarışıqlığın səbəbi heç də yuxugörmələrlə bağlı
deyil, bunu yaradan bizim başlanğıcdan yanlış yol tutmağımız, araşdırmalarımızı
aparmaq üçün seçdiyimiz ilkin baxışlarımızın və mülahizələrimizin düzgün
olmamasıdır.
Topladığınız bu materialların dəyərli olduğu sözsüzdür, ancaq onların hamısı bir
yerə toplansa belə, sizin dirəniş göstərmək üçün ortaya atdığınız bu iki sonucu
doğrulda bilməz: bu dediklərinizdən heç də yuxugörmələrin yozulmasında
özbaşınalığa yol verildiyi və yuxugörmələrin yozulmasında üzə çıxan çatışmazlıqların
bizim yararlandığımız metodun düzgün olmamasına gətirib çıxardığı alınmır. Siz
burada yuxu yozanın özbaşınalığı deyəndə onun çevikliyini, təcrübəyə arxalandığını
və anlaqlı olduğunu başa düşürsünüzsə, onda mən də sizə qoşuluram, doğrudan da,
yuxugörmə kimi olduqca çətin bir işdə biz belə özəlliklər olmadan keçinə bilmərik.
Axı elmin başqa bölmələrində də belədir. Kiminsə hansısa texnikadan başqalarına
baxanda daha da yaxşı yararlana bilməsini, bir başqasının isə bu texnikadan yaxşı
yararlanmağı bacara bilməməsini aradan qaldıracaq bir vasitə yoxdur. Özbaşınalıq
adlandırdığınız başqa nəsnələrə gəlincə, örnək üçün, yuxugörmələrdəki simvolların
yozulmasında ortaya çıxan anlaşılmazlıqları aradan qaldırmaq üçün yuxugörmənin
elementləri arasında olan ilişkiləri öyrənməklə, yuxugörmə ilə yuxugörənin yaşamı
arasındakı asılılıqları araşdırmaqla və yuxugörmənin baş verdiyi məqamdakı bütün
psixoloji durumları götür-qoy eləməklə yuxugörmənin qarşıya çıxan yozumlarından
bu faktorlara görə yerinə düşən variantı seçib, qalanlarını isə çıxdaş eləyib qırağa
qoymaq olar. Yuxugörmələrin yozumundan alınan sonucların çox vaxt sonacan aydın
olmamasına görə, yuxuyozma texnikasının yarıtmaz olduğu və yuxugörmənin başqa
yozumlarının da ola biləcəyini deyirsinizsə, bu da bizim suçumuz sayılmamalıdır,
yuxugörmənin çoxanlamlı və qeyri-müəyyən olması onun özünün özəlliyidir və biz
onun belə olduğunu öncədən də demişdik.
Gəlin burada yuxugörmənin işinin yuxugörmədəki düşüncələri primitiv formalara
çevirdiyi ilə bağlı dediklərimizi bir də anaq, biz bu prosesi hansısa mətnin rəsmlərin
köməyi ilə verilməsinə oxşatmışdıq. Axı belə primitiv ifadə sistemində
çoxanlamlılıqdan və qeyri-müəyyənlikdən qaçmaq mümkün deyildir, baxmayaraq,
onlardan yararlanmağın bəlli durumlarda işimizə yaradığını da bilirik. Bildiyiniz kimi,
yuxugörmələrdə özünü göstərən əksanlamlı nəsnələrin üst-üstə düşməsi, əski
dillərdəki ilkin sözlərin eyni zamanda iki əks anlamı daşıması ilə uyğundur. Belə bir
bilgi ala bildiyimiz üçün borclu olduğumuz dilçi alim K.Abelin deməsinə görə, bu
əksanlamlı sözlərin yardımı ilə baş verən danışıqlar heç də ikianlamlı olmamışdır.
Danışığın tonu, yaxud da danışanın jestləri deyilən əksanlamlı sözün hansı anlamda
işləndiyini aydınca göstərə bilmişdir. Yazıda isə bu jestlər olmadığından, mətndə
onların yerinə oxu zamanı deyilməsinə gərək duyulmayan, sözün hansı anlamda
işləndiyini aydınlaşdıran ayrıca rəsmlər çəkilirdi, örnək üçün, əski Misir dilindəki ken
sözünü yazanda onu bildirən ieroqlifin yanında çöməlib oturan insan rəsmi verilirdisə
bu “gücsüz”, bu ieroqlifə bardaş qurub oturmuş insan rəsmi qoşulanda isə ken sözü
“güclü” anlamını bildirirdi. Beləliklə də, səslərin və işarələrin daşıdığı
ikianlamlılıqdan yaranan anlaşılmazlıq aradan qaldırılırdı.
Əski çağların sözü çatdırmaq sistemləri, örnək üçün yazıları bizim bugünkü
çağdaş yazı sistemimizdə dözə bilməyəcəyimiz anlaşılmazlıqlarla doludur. Örnək
üçün, bir sıra semit dillərində yazıda sözlərin yalnız səssizləri (samitləri) hərflərlə
yazıya alınır. Buraxılan səsliləri (saitləri) isə, oxuyan kimsə bildiklərinə və mətnə
uyğunluğuna görə özü tapıb yerinə qoymalıdır. İeroqliflərdən düzəlmə əlifbalarda da
durum buna çox oxşardır və elə buna görə də indiyədək əski Misir yazılarının səsli
oxunuşunun necə olduğu və deməli, əski misirlilərin necə danışdıqları da bizə bəlli
deyildir. Misirlilərin Müqəddəs sayılan yazı mətnlərində daha bir anlaşılmazlıq vardır.
Örnək üçün, mətni yazan kimsə, öz istəyinə uyğun olaraq, bu mətni yazmaq üçün
yararlandığı ieroqlifləri soldan sağa doğru da, sağdan sola doğru da düzə bilərdi. Ona
görə də bu mətnləri düzgün oxuya bilmək üçün gərək ieroqliflərdəki heyvan
fiqurlarının əynəmlərinin hansı yönə olduğuna diqqət yetirəsən. Ancaq mətni yazanlar
ieroqlifləri birdən horizontal (üfüqi), birdən də vertikal (şaquli) yerləşdirməklə də
yaza bilərdilər, habelə yazdıqları papirusu bütünlüklə doldurmaq üçün, ya da yazı
yaraşıqlı alınsın deyə ieroqliflərin yerini istədikləri kimi dəyişə də bilərdilər. Ancaq
ieroqliflə yazılan mətnlərdəki ən böyük çətinlik burada sözlərin bir-birindən
ayrılmamasıdır. İeroqlifləri bildirən şəkillər yazıda bir-birindən eyni uzaqlıqda
verildiyindən, sözlərin harada qurtarıb, haradan başladığını yazıya görə ayırd eləmək
olmur. Əski çağ pers civi (mixi) yazılarında isə sözləri bir-birindən ayıra bilmək üçün
onların arasında əynəmli civi (mıx) şəkilləri qoyulurdu.
Çox əski çağlardan qalma, ancaq bu gün də 400 milyonluq çin xalqının işlətdiyi
əlifba da bu baxımdan çox maraqlıdır. Mənim bu yazının incəliklərini bildiyimi dü-
şünməyin; mən bu yazı sistemi ilə bağlı başqalarının yazdıqlarından az-çox bilirəm və
bunu da yuxugörmədəki anlaşılmazlıqlarla tutuşdurub uyğunluqlar tapa bilmək üçün
öyrənmişəm. Doğrudan da, bu yöndə çalışmağa dəyərmiş və aldığım biliklərin işimə
çox yaradığını ürəklə deyə bilərəm. Çin dilində olan sayagəlməz anlaşılmazlıqlar
insanı sarsıdacaq qədər çoxdur. Bəlli olduğu kimi, bu dil hecalı səslərdən
qurulmuşdur, bu hecalar isə ayrılıqda da, başqa hecalarla birləşərək də işlənə bilir. Çin
dilinin başlıca dialektlərindən birində belə hecalı səslərin sayı, ortalama götürsək,
400-ə çatır. Bu dialektdəki köklü sözlərin sayının 4000 olduğu bəlli olduğundan, belə
çıxır, buradakı hər bir hecalı səs ən azından on fərqli anlam daşıyır. Sınaqların
göstərdiyi kimi, doğrudan da, bu hecalı səslərin bir çoxu ondan az, başqaları isə ondan
çox anlamların daşıyıcılarıdır. Daha sonra bu dialektdə hecalı səslərin fərqli
anlamlarını qarışdırmamaq üçün çoxsaylı qaydalar da vardır, bu qaydaları bilmədən
işlənən hecalı səslərin danışıqda hansı anlamı daşıdığını da ayırd eləmək olmur. Bu
qaydalara görə, hecalı səslər iki-iki birləşərək sözləri yaradırlar və onların deyilişi
üçün dörd fərqli danışıq tonu (intonasiyası) vardır. Burada bizim üçün çox qəribə
görünə biləcək bir özəllik isə bu dildə, demək olar, qrammatikanın olmamasıdır.
Burada heç bir sözə baxıb, onun isim, feil, yoxsa sifət olduğunu demək mümkün
deyildir, habelə sözlər cümlələrdə dəyişikliyə uğramadan işləndiyindən, onların cinsi,
təkliyi-cəmliyi, şəkilçisi, hansı zamanı bildirməsi və hallanması da bəlli deyildir.
Beləliklə də bu dil, necə deyərlər, işlənməmiş xammaldan qurulmuşdur, bu isə
yuxugörmənin işinin bizim düşüncələrimizi bölüb-parçalayıb, onları işlənməmiş
xammal olduqları keçmişlərinə qaytarmasına çox oxşayır. Çin dilində danışıqdakı
bütün anlaşılmazlıqların aradan qaldırılması bütün durumlarda eşidənin boynuna
düşür, o isə ümumi qaydalara arxalanmaqla eşitdiklərini anlamağa çalışır. Mən bu
öyrənmələrimin gedişində hərfi tərcüməsini yazıya aldığım bir çin atalar sözünü
diqqətinizə çatdırıram: Az şey görən üçün çox şeylər təəccüblüdür. Bu atalar sözünü
anlamaq çətin deyildir. Burada belə bir anlam açıqlanır: kimsə çox az şeylər
görmüşsə, o, yan-yörəsində özü üçün getdikcə daha çox təəccüblü şeylər tapacaqdır;
yaxud da az şey görən birisinin təəccüblənəcəyi şeylər çoxdur. Burada atalar sözünün
qrammatik baxımdan bir-birindən fərqli görünən iki yozumunu biz adi qarşılayırıq.
Ən maraqlısı isə, belə anlaşılmazlıqların olmasına baxmayaraq, çin dili bizə
düşüncələrin təsvir olunması üçün ən yararlı dillərdən biri kimi tanıdılır. Ona görə də
anlaşılmazlığın həmişə çoxanlamlığa gətirib çıxardığını demək doğru deyildir.
Ancaq biz yuxugörmələrdə qarşılaşdığımız bu anlaşılmazlıqların əski dillərdə və
onların yazılarında olduğundan qat-qat artıq olduğunu da boynumuza almalıyıq. Necə
olsa da, əski dillər və onların yazılışları hansısa bir bilgini ötürmək üçün bir vasitədir
və buna görə də onlar bacardıqca bütün anlaşıqlı və əlverişli yollardan yararlanmaqla
bilgi verməyə çalışırlar. Yuxugörmədə isə belə bir özəllik yoxdur. Yuxugörmə
kimsəyə nəsə demək istəmir, o hansısa bilgini ötürə bilmək üçün vasitə də deyildir,
əksinə, öz-özlüyündə anlaşılmaz qalmaq istəyir. Ona görə də yuxugörmədə hansısa
yozuma gəlməyən çoxanlamlıqlar və anlaşılmazlıqlarla üzləşəndə gərək bunu təəccüb
və çaşqınlıqla qarşılamayaq. Bizim yuxugörməni əski çağların dilləri və yazıları ilə
tutuşdurmağımıza gəlincə, bununla yuxugörmədəki aydınlaşdırıla bilməyən
anlaşılmazlıqlara görə bizim yuxugörmə texnikamızı danmaq, ona inamsızlıqla
yanaşmaq istəyənlərin yanlış düşündüklərini göstərmək istəmişdik. Beləliklə də,
yuxugörmədə də əski dillərdə və bütün başqa primitiv ifadə vasitələrində özünü
göstərən anlaşılmazlıqların olması təbiidir.
Ancaq çoxsaylı sınaqlar və praktika yuxugörmələrin anlaşılmasının necə
dərinliklərə varmaqla başa gəldiyini yetərincə göstərə bilər. Mənə elə gəlir, bu işdə
dərinliklərə vardıqca və düzgün elmi yanaşma üzrə çalışan analitiklərin aldıqları
sonucları tutuşdurduqca mənim baxışlarımın doğruluğuna daha çox inanacaqsınız.
Dayazdüşüncəli (diletant) adamların yığnağı (onlar elmi çevrələrdə də vardır) elmi
araşdırmalarda qarşılaşılan çətinlik və şübhələrin qarşısında dirəniş göstərməkdənsə,
onları danmaqla öyünməyi üstün tuturlar. Bu onların yanlışıdır. Ola bilsin, bunu bir
çoxlarınız bilmirsiniz, buna çox oxşar olan bir durum assur-babil yazılarının oxunması
ilə bağlı baş vermişdir. Ötən çağlarda ictimai rəydə yaranmış belə danılma, bu əski
dönəmdən qalma civi (mixi) yazıların oxunmasını uydurma, onu oxuyanları isə
fırıldaqçı saymağa gəlib çıxmışdı. Ancaq 1857-ci ildə İngiltərə krallığının Asiya
cəmiyyəti bu işi biryolluq aydınlaşdırmaq üçün addım atmağı kəsdirdi. Kral
Cəmiyyəti civi yazılarını oxumaq üzrə ən tanınmış dörd alimə – Roulinsinə, Hinksə,
Talbota, Oppertə yeni tapılmış və hələ araşdırılmamış yeni mixi yazı örnəyini
göndərib, onlardan bu mətni çevirib bağlı konvertlərdə göndərməyi xahiş elədi;
sonradan bu dörd çevirməni tutuşduranda onların bir-birinə çox yaxınlığı üzə çıxdı və
bununla da civi yazılarının oxunmasına qarşı olan inamsızlıqlar aradan qalxdı, bu işin
gələcək uğurlarına inam yarandı. Bununla da, dayazdüşüncəli alimlərin bu işi ələ
salması yavaş-yavaş kəsildi və bildiyiniz kimi, bu gün artıq civi yazılarını oxumaq işi
yetərincə uğurlara qol qoya bilmişdir.
2. İkinci sıradan olan şübhələr isə yuxugörmənin yozulmasının gedişində
yuxugörənin sorğulanması, onun bu sorğulanmanın gedişində özbaşına yaranan
düşüncələrinin araşdırılması ilə bağlıdır, bir çoxları bu işi qondarmaçılıq, yersiz
uzunçuluq, düşüncələrin gülünc formada gücə salınması, yerinə düşməyən itiağıllılıq
sayırlar. Belə dedi-qodular çox geniş yayılmışdır və mən onlardan ən sonuncularından
birini burada sizlərə danışmaq istəyirəm. Bu yaxınlarda azad ölkə sayılan İsveçrədə
bir seminariya direktorunu psixoanaliz üzrə çalışmalar apardığı üçün işdən
çıxarmışlar. O, işdən çıxarılmasına etirazını bildirmiş, Berndə çıxan qəzetlərdən biri
onun bu danışığını yaymışdır. Burada təhsil sisteminə başçılıq eləyən adamların ona
qarşı yürütdükləri suçlamalar da yer almışdır. Bu yazıda psixoanalitik araşdırmalara
qarşı irəli sürülən suçlamalardan bir parçanı diqqətinizə çatdırmaq istəyirəm: “Sürixli
doktor Pfister öz kitabında söz oyunu və qondarmaçılıqla dolu olan örnəklərə
əsaslanır... Onun belə mülahizələri və yanlış sübutları gözüyumulu qəbul eləməsi çox
acınacaqlıdır”. Təhsilə başçılıq eləyənlər bu sözləri ilə yaranmış qarşıdurmaya
“qərəzsiz hakimlik” eləmək istəyirlərmiş... Mənim düşüncəmə görə isə ən böyük
qondarmaçılıq elə onların bu “qərəzsizliyidir”. Psixoanalizlə bağlı deyilən bu gülünc
sözləri eşidəndə istər-istəməz düşünürsən: axı qərəzsiz olmaq insanın düşünmək
bacarığını itirməsi və bilmədiyi şeylərdən danışması anlamına gəlmir.
Doğrudan da, bir çoxları bu mövzuya yanaşmalarında gülünclüyə varırlar: çox
dərin və olduqca dolaşıq psixoloji mövzulardan tez və yanılmadan baş açmaq, onlarla
bağlı söz demək onlara asan gəlir. Yuxugörmələrin yozumları onlara uydurma və
güclə öz düşüncəsini başqasına aşılamaq kimi görünür, onlar bu metodu
bəyənmədiklərinə, yalnız elə buna görə də, onu yanlış və yararsız sayırlar; bununla
bağlı düşüncələrində hansısa mümkün ola biləcək yolu tanımaq belə istəmirlər, yuxu
yozumları ilə bağlı tutarlı dəlillərin ola biləcəyini dedikdə isə həmin an bu dəlilləri
sorğulamağa başlayırlar.
Buradakı araşdırılan fakt yuxugörmənin senzurasının çox yararlandığı, qarışdırma
dediyimiz vasitənin təsiri ilə yaranır. Senzura belə qarışdırmanın yardımı ilə
yuxugörmənin elementlərinin əvəzedicilərini yaradır, biz isə onları eyhamlar
adlandırırıq. Bu eyhamların özünün tapılmasının asan başa gəlmədiyi bir yana qalsın,
onlardan başlayıb arxaya qayıtmaq və onların əvəzedicisi olduqları gerçək məzmunu
aydınlaşdırmaq olduqca çətin bir işdir, bunun səbəbi isə o eyhamların gerçək
məzmunla çox anlaşılmaz və gözə çarpmayan tellərlə bağlı olmasıdır. Ancaq bu
durumların hamısında araşdırılıb tapılmalı olan nəsnələr bərk-bərk gizlədilir və
onların tapıla bilməməsi üçün lazım gələn nə varsa edilir; onları bu günə salan isə
yuxugörmənin senzurasıdır. Doğrudan da, gizlədilən nəyi isə onun olduğuna
öyrəşdiyimiz yerdə axtarmağın anlamı yoxdur. Bu baxımdan, sərhəd nəzarətçiləri
İsveçrə təhsil başçılarından daha çoxbilmiş görünürlər. Bu nəzarətçilər gizli sənəd və
yazıları axtaranda onları yalnız kimlərinsə portfellərində və ciblərində axtarmır,
casusların belə nəsnələri geyimlərinin ən dalda yerlərində gizlətdiklərini
bildiklərindən, onları daha dərinlərdə arayırlar, örnək üçün, belə yerlərdən biri
çəkmələrin ikiqat altlıqlarının arası ola bilər. Birdən gizlədilmiş nəsnə onu
gizlətdikləri yerdə tapılmışsa, bu onun təkcə elə var gücü ilə axtarılması deyil, həm də
bacarıqla tapılması deməkdir.
Biz yuxugörmənin hansısa gizli məzmunu ilə onun açıq yuxugörmədəki
əvəzedicisi arasında bir-birindən çox uzaq, qəribə, gülməli də, ağıllı da görünən
ilişkilərin olmasını mümkün sayırıqsa, bunun üçün çoxsaylı örnəklərdən öyrəndiyimiz
təcrübələrə, bu yöndə özümüzün yox, başqalarının gəldiyi sonuclara arxalanırıq. Çox
vaxt yuxugörmələri təkbaşına, yalnız öz gücün ilə yozmaq olmur, ən itiağıllı birisi də
bunu bacarmır. Yuxugörmənin yozulması üçün lazım gələn yardımı ya yuxugörənin
özü onu sorğulayanda ağlına gələn sərbəst düşüncələr ilə bizim üçün açıqlayır –
yuxunu kim görmüşsə, onun yuxugörmənin gizli məzmunu ilə bağlı ağlına gələn
düşüncələrinə də inanmağa dəyər – ya da bu yuxugörən kimsə öz yuxugörməsi ilə
bağlı bizim sorğularımıza geniş və çoxsaylı cavablar verdiyindən, elə bu əldə olunan
materialı araşdırmaqla da yuxugörməni çox asanlıqla yozmaq olur. Birdən yuxugörən
kimsə dediyimiz bu iki yolla bizə yardım eləyə bilmirsə, onda yuxugörmənin
baxdığımız elementi həmişəlik olaraq yozulmamış qalır. Qoyun sizə bununla bağlı bu
yaxınlarda qarşılaşdığım bir örnəyi danışım. Bir xanımı müalicə elədiyim vaxt onun
atası ölmüşdü. Atası ölən gündən başlamış bu xanım, demək olar, bütün yuxularında
onun dirildiyini görürdü. Onun yuxugörmələrindən birində atası gözlənilmədən onun
yanına gəlir və heç bir səbəb olmadan deyir: indi saat on ikidən on beş dəqiqə
keçmişdir, on ikinin yarısıdır, on ikiyə qırx beş dəqiqə qalmışdır. Yuxugörmədəki bu
qəribəliklə bağlı bu xanımı sorğulayanda onun ağlına təkcə belə bir düşüncə gəlmişdi:
biz uşaqlar yaşa dolandan sonra, yemək stolunun arxasında vaxtında toplaşmağımız
atamızı çox sevindirərdi. Bu düşüncə necəsə yuxugörmənin elementi ilə bağlı olsa da,
onun hansı gizli düşüncədən doğduğunu aydınlaşdırmaq mümkün deyildi. Bu xanımın
o çağdakı sağlamlıq durumuna görə mən bu yuxugörmədə xanımın öz sevimli və
sayğılı atasına qarşı yönələn hansısa tənqidi baxışlarının bu yuxugörməni yarada
biləcəyini ehtimal edirdim. Bir az sonra bu xanım öz yuxugörməsinə qarışacağı
olmayan bir danışığımızda dünən onu yoluxmağa gələn yaxınları ilə oturub uzun-
uzadı psixologiya ilə bağlı danışdıqlarını mənə bildirdi və sən demə, bu danışığın
gedişində onun yaxın qohumlarından biri belə deyibmiş: bizim hamımızın içində hələ
də ibtidai insan yaşamaqda davam eləyir (Urmensch). Bunu eşidəndə mənə hər şey
aydın oldu. Bu xanım öz yuxugörməsində atasını saatın içində yaşayan adama
(Uhrmensch) çevirmiş və onu günorta vaxtını deməyə məcbur eləmişdi.
Bu örnəkdəki durumun gündəlik yaşamdakı itiağıllılıq örnəkləri ilə uyğunluğu,
elə bilirəm, gözünüzdən yayınmayacaqdır. Doğrudan da, çox vaxt belə durumlarda
yuxugörənin itiağıllılığını yuxu yozanın itiağıllılığı ilə qarışdırırlar. Başqa bu kimi
çoxlu örnəklər də vardır və bu durumda qarşılaşdığın olayın yuxumu, yoxsa bir
hazırcavablıq örnəyimi olduğunu ayırd eləmək çox çətin olur. Unutmamısınızsa, bir
sıra söz yanılmalarını araşdıranda da eyni ilə buna oxşar bir durumla üzləşmişdik. Bir
kişi danışır: yuxuda mən dayımın avtomibilində (Auto) oturanda o məni öpdü. Sonra
o özü bu yuxusunu yozur. Bu, dayımda özünü göstərən autoerotizmin
(Autoerotismus) əlamətidir. (Autoerotismus – cinsi istəklə bağlı bir termin olaraq,
ehtirasını öz-özünə, təkbaşına söndürməyə deyilir.) Belə yuxugörmə ilə qarşılaşanda
düşünürsən: bu adam, doğrudanmı, yuxusunda belə bir yumorlu yuxu görüb, yoxsa
bütün bunları özündən uydurub danışır? Mənə qalsa, onun, doğrudan da, belə bir yuxu
gördüyünə inanıram. Elə isə bu cür sarsıdıcı uyğunluq necə alınır? Bu sorğuya cavab
axtararkən mən bir vaxtlar öz işlərimi qırağa qoyub, itiağıllılığın necə yarandığını da
araşdırmalı olmuşdum. Bu araşdırmalarımda belə bir sonuca gəlib çıxmışdım: şüura
keçmək istəyən şüurdanqabaq düşüncələr şüurdışının güclü təsiri ilə emal olunub
şüura çatan düşüncələrə çevrildikdə bu itiağıllılıq və onun törəməsi olan hazırcavablıq
yaranır. Şüurdışının təsiri ilə həmin düşüncələr burada hökm sürən mexanizmlərin
əlinə keçir və eyni ilə yuxugörmənin işində olduğu kimi, qatılaşma və əvəzolunmaya
məruz qalırlar. Bəzən itiağıllılıqla yuxugörmə arasında özünü göstərən uyğunluq da
elə bu səbəbdən yaranır. Ancaq yuxugörmələrdəki bu istəməyərəkdən yaranan
“hazırcavab yuxugörmələr” bizə çox da xoş gəlmir. İtiağıllılığı daha dərindən
öyrənsəniz bunun səbəbi də sizə aydın olacaqdır. Bəlli olduğu kimi, “hazırcavab
yuxugörmələr” bizə uğursuz, yerinə düşməyən hazırcavablıq kimi göründüyündən,
gülüş doğuracaq gücdə olmur və biz onlara soyuq yanaşırıq.
Biz yuxugörmə ilə bağlı gördüyümüz işlərin gedişində antik çağların yuxugörmə
yozumlarının ardınca da düşüb getməli oluruq, buradakı yozumların çoxu yararsız
olsa da, onların arasında birdən çox yaxşı yuxuyozma örnəkləri ilə də qarşılaşmaq
olur. İndi isə sizə Makedoniyalı İsgəndərin tarixi baxımdan çox dəyərli sayılan bir
yuxugörməsini danışmaq istəyirəm. Bu yuxugörmə ilə bağlı bir az dəyişikliklər olsa
da, Plutarx və Daldisli Artemidror öz kitablarında yazmışlar. Eramızdan qabaq 322-ci
ildə Makedoniyalı İsgəndər Tir şəhərini mühasirəyə almışdı, ancaq şəhər əhalisi güclü
dirəniş göstərdiyindən şəhəri ala bilmirdi. Elə bu vaxtlarda bir gün İsgəndər
yuxusunda qarşısında oynayan satirlər görmüşdü. İsgəndərin öz yanında gəzdirdiyi
yuxu yozucusu Aristandr satir sözünü yunancada sənin Tirin anlamı verən sa-Tir kimi
ikiyə bölmüş, İsgəndərə tezliklə şəhəri tuta biləcəyini demişdi. Şəhərin
mühasirəsindən əl çəkmək istəyən İsgəndər, yuxu yozanın sözlərinin təsiri ilə, Tir
şəhərinin mühasirəsini davam elətdirmiş, çox keçmədən şəhəri ala bilmişdi. Burada
ilk baxışdan qondarmaçılıq kimi görünən bu yuxugörmə yozumu, sözsüz, bu
yuxugörmənin doğru yozumu idi.
3. Mən indi sizə özləri də uzun bir müddət yuxugörmələrin yozumları üzrə
çalışmış bir sıra psixoanalitiklərin də bizim yuxugörmələri yozmaqla bağlı olan
texnikamıza qarşı çıxdıqlarını demək istəyirəm və bu sözümdən necə bərk
sarsılacağınızı da anlaşıqla qarşılayıram. Düşüncələrin azması üçün belə bir əlverişli
durumdan yararlananlar olmasaydı, onda bu, gözlənilməz bir qeyri-adilik olardı.
Beləliklə də, anlayışların dolaşdırılması və doğru olmayan ümumiləşdirmələr
aparılmasının yuxugörmə ilə bağlı anlayışlara gətirdiyi anlaşılmazlıqlar bununla bağlı
tibb elminin buraxdığı yanlışlara çox oxşayır. Bu yanlışlardan birini artıq eşitmisiniz.
Bu yanlış olan baxışa görə, yuxugörmə özünü gerçəkliyə uyğunlaşdırmağa çalışır və
yuxugörən kimsənin gələcəyi ilə bağlı olayları “aydınlaşdırmağa yönəlik olur”
Dostları ilə paylaş: |