On ikinci mühazirə
BİR SIRA YUXUGÖRMƏLƏRİN ANALİZİ
Dəyərli xanımlar və bəylər! Mən indi sizi geniş və bütöv yuxugörmələri yozmağa
qoşulmaqdansa, hansısa yuxugörmələrin yozumlarının fraqmentləri ilə tanış olmağa
çağırsam, gərək buna görə özünüzü darıxdırmayasınız. Siz yetərincə biliklər aldığınızı
söyləyərək yuxugörmələri bütövlüyü və genişliyi ilə yozmağa gəlib çıxdığınızı deyə
bilərsiniz, hətta belə bir inamınızı da dilə gətirə bilərsiniz: minlərlə yuxugörmələrin
uğurla yozula bildiyi bu durumda indi gərək ortalıqda yuxugörmə ilə bağlı işlərimizin
və düşüncələrimizin doğruluğunu göstərən çoxsaylı yuxugörmə örnəkləri toplusu
olaydı. Düz deyirsiniz, ancaq neyləyəsən, bizim bu umacağımızın qarşısını kəsib
gerçəkləşməyə qoymayan çoxlu çətinliklər vardır.
Sizin qarşınızda boynuma alıb deyə biləcəyim söz budur: bu işin dərinliyinə
varsanız, onda elmi çevrədə yuxugörmələr üzərində çalışmağı özünün başlıca işinə
çevirən bir kimsəni də tapa bilməyəcəksiniz. Bir anlıq özünüz də düşünün,
yuxugörmələrin yozulmasına ən çox kimlər və necə qoşulurlar? Ola bilər,
gözlənilmədən, hansısa məqsəd güdmədən, öz yaxınlarının yuxugörmələrini
araşdırasan və ya psixoanalitika üzrə biliklərini dərinləşdirmək üçün öz
yuxugörmələrini ardıcıl olaraq incələyəsən; ancaq bu yuxugörmələrin ən çox
öyrənilən kəsimi nevroza yoluxmuş insanların psixoanalitikanın yardımı ilə müalicəsi
zamanı onların danışıqları üzrə toplanmışdır. Bu nevrozlu insanların yuxugörmələri
də elə sağlam insanların yuxugörmələri qədər dəyərlidir və mövzunu öyrənmək üçün
çox gözəl bir qaynaq sayıla bilər, ancaq buradakı başlıca iş bu insanların sağaldılması
olduğu üçün biz onların yuxugörmələrindən ancaq tibbi baxımdan işimizə yarayan
kəsimləri götürür, qalanını isə araşdırmadan qırağa qoyuruq. Müalicənin gedişində
üzləşdiyimiz bir sıra yuxugörmələr isə sonacan yozula bilmir. Belə yuxugörmələr bizə
bəlli olmayan çoxsaylı psixoloji materialların toplusundan yaranır, elə ona görə də
yalnız müalicə elədiyimiz xəstəni sağaldandan sonra onları anlamaq olur. Belə
yuxugörmələrin sonacan yozula bilməsi nevrozun bütün gizlinlərini bizim üçün
aydınlaşdıra bilərdi; biz də elə buna görə nevrozu dərindən araşdırıb öyrənə bilmək
üçün yuxugörmələrin analizi işinə girişmişik.
Elə bilirəm, siz də nevroza yoluxmuş xəstələrin yuxularının araşdırılması ilə bağlı
materialları öyrənməkdən boyun qaçırıb sağlam insanların və ya özünüzün yuxugör-
mələrinizin yozumları ilə tanış olmağa üstünlük verərdiniz. Ancaq yuxugörmələrin
məzmunu bizim bu arzumuzun yerinə yetməsinin qarşısını alır. İnsanlar istər özlərinə,
istərsə də ürək qızdırdıqları başqalarına da ürəklərinin bütün gizlinlərini açıb sonacan
demək istəmirlər, yuxugörmənin düzgün yozumu isə yuxugörən kimsənin bütün
mərhəm duyğuları ilə sonacan və bütün açıqlığı ilə tanış olmadan mümkün deyildir.
Yuxugörmə ilə əlaqədar materialların əldə edilməsi ilə bağlı bu dediyimizdən başqa
da çətinliklər vardır. Sizə də bəlli olduğu kimi, bir sıra durumlarda yuxugörmə onu
görən kimsənin özünə də çox qəribə gəlir, elə isə yuxugörən kimsəni yaxından
tanımayan bir başqası üçün yuxugörmə daha da çox qəribəliklərlə dolu olacaqdır.
Bizim əlimizdə yuxugörmələrin çox yaxşı və dərindən analiz edildiyi çoxsaylı yazılı
örnəkləri vardır, mən özüm də müalicə elədiyim xəstələr üzrə apardığım belə
analizlərlə bağlı çoxlu materiallar çap elətdirmişəm; ola bilsin, belə yazılı örnəklərdən
ən yaxşısı O.Rankın 1910-cu ildə çap elətdirdiyi, bir gənc qızın bir-biri ilə ilişkili olan
yuxugörmələrinin araşdırılmasıdır. İşə baxın, bu yuxugörmələrin məzmunu iki çap
vərəqi, onların analizi isə 76 çap vərəqini tutur. Mən bu materialı bütün incəliklərinə
kimi sizə danışmaq istəsəydim, bunun üçün bizə bir semestr (altı ay) vaxt gərək
olardı. Birdən analiz eləmək üçün çox uzun və bərk korlanmış bir yuxugörməni
götürürsənsə, onda bu durumda olduqca çoxsaylı aydınlaşdırmalara gərək duyulur,
yuxugörəni çoxsaylı suallarla danışdırıb onun yuxugörmə ilə əlaqəli düşüncələrini
öyrənməli olursan, sonra bunların üzərində çoxsaylı çək-çevirlər eləməli olursan,
bütün bunları mühazirə kimi danışanda isə olduqca dolaşıq və anlaşılmaz görünən bir
məzmun ortaya çıxır. Ona görə də sizlərin burada bir az asan başa gələn analizlərlə
tanış olmaqla kifayətlənməyinizi istərdim, daha doğrusu, nevroza yoluxmuş insanların
yuxugörmələrindən götürülmüş fraqmentlərin analizindən alınan bilgiləri öyrənməklə,
bacardıqca bu mövzunu qavramağa çalışmağınız daha doğru olardı. İşimizi bir az da
yüngülləşdirmək üçün, öncə, götürdüyümüz bu fraqmentlərdəki simvolları
aydınlaşdırmağımız, daha sonra isə yuxugörmənin işinin düşüncəni geriyə
sürükləyərək onu obrazlı görüntülərə necə çevirdiyini izləməyimiz yerinə düşərdi.
Aşağıda sadalayacağım yuxugörmələri analiz elədikcə mən nə üçün bu
yuxugörmələrin üzərində dayandığımı da sizin üçün aydınlaşdırmağa çalışacağam.
1. Yuxugörmə iki sadə görüntüdən yaranıbdır: bu gün şənbə olsa da onun əmisi
siqaret çəkir; hansısa bir qadın onu öz körpəsi kimi oxşayır.
Burada yuxugörən inanclı bir yəhudidir və o öz yuxusunun birinci kəsimi ilə
bağlı bunları deyir: əmim çox inanclı bir kimsədir və o, yuxugörmədə baş verən
sayağı, yəhudi dini inancının pozulması ilə bağlı heç vaxt bir suç işləməmişdir, onun
belə bir suça batması ola bilməz. İkinci kəsimdəki qadına gəlincə, onun ağlına
bununla bağlı heç nə gəlmir, onun deməsinə görə, ola bilər, bu qadın onun anasıdır.
Biz indi gərək yuxugörmənin bu iki görüntüləri ilə yuxugörənin düşüncələri arasında
uyğunluq tapmağa çalışaq. Ancaq bunu necə etməli? Yuxugörəni sorğulayanda o,
əmisinin suça batmayacaq birisi olduğunu çox qətiyyətlə deyir və bu zaman “birdən”
sözü ilə başlayan bir söz də deyir: “Birdən, mənim mömin bir insan olan əmim şənbə
günü siqaret çəksəydi, onda anamın da məni bu yaşımda oxşaya biləcəyinə inanmaq
olardı” (Yəhudi dininin qanunlarına görə, ananın yetkinlik yaşına çatmış oğlunu
oxşaması yasaqdır. A.G.). Göründüyü kimi, burada yaşlı və inanclı bir yəhudinin
şənbə günü siqaret çəkməsinin suç sayılması ilə, ananın öz yaşa dolmuş oğlunu
oxşamasının da suç sayılması uyğunlaşdırılmışdır. Burada mənim sizə yuxarıda
dediyim durum yaranmışdır: yuxugörmənin işi düşüncələr arasındakı asılılıqları
aradan qaldırmışdır; onlar düşüncə olmaqdan çıxaraq geriyə qayıtmış, xammal şəklinə
düşmüşlər, indi gərək biz də öz yozumumuzla bu itirilmiş ilişkiləri tapıb öz yerinə
qoymağı bacaraq.
2. Mən yuxugörmələrlə bağlı çoxlu materiallar çap elətdirəndən sonra çoxsaylı
insanlar üçün yuxugörmələr üzrə tanınmış bir məsləhətçiyə çevrilmişəm və uzun illər
boyunca bununla bağlı çoxsaylı məktublar alıram. Bu məktublarda insanlar mənə öz
yuxugörmələrini yazıb göndərir, çox vaxt da mənim onları yozmağımı istəyirlər. Mən,
yuxugörmələrlə bağlı çoxlu sayda yozula biləcək yeni materiallar əldə eləyə
bildiyimiz üçün, habelə bir çoxlarının yuxugörmələrini özlərinin yozumları ilə birgə
göndərib işimizi yüngülləşdirməyə çalışdıqlarına görə, bu insanların hamısına öz
sayğılarımı yetirirəm. Mənə göndərilən belə örnəklərdən biri Münhenli bir həkimin
1910-cu ildəki yuxugörməsidir. Mən bu örnəyi sizin diqqətinizə çatdırmaqla
yuxugörmə ilə bağlı onu görən kimsənin geniş bilgi vermədiyi durumda
yuxugörmənin anlaşılmaz olaraq qaldığını və yozula bilmədiyini sübut eləmək
istəyirəm. Mənə elə gəlir, sonuncu mühazirələrimizi dinləyəndən sonra siz simvolların
anlamlarını aydınlaşdırmaq yolu ilə yuxugörmələri yozmağın ən doğru yol olduğunu
düşünməyə qapılmısınız və burada yuxugörən kimsəni sorğulamaqla qazanılan
bilgilərdən yararlanmağa barmaqarası baxmağa başlamısınız, ona görə də mən sizi bu
yanlışlığa qapılmaqdan çəkindirmək üçün bu yuxugörmə örnəyini baxışlarınıza
çatdırmaq istəyirəm.
Münhenli həkim yuxugörməsini belə danışır: “13 iyul 1910-cu ildə belə bir yuxu
gördüm: Tyubengen küçəsi ilə üzüaşağı velosipedlə gedirəm, birdən qonur rəngli bir
köpək ardımca cumur və məni topuğumdan qapır, dişlərini topuğuma keçirib ardımca
qaçır. Mən velosipedlə bir az da gedib dayanıram, velosipeddən düşüb topuğumu
köpəyin dişindən qoparmağa çalışıram (ancaq nədənsə onun məni dişləməsindən ağrı
duymuram, habelə bundan acıqlanmıram). Mənim dayandığım yerin qarşısında bir
necə qoca qadın oturub, onlar mənə baxıb gülümsəyirlər. Burada mən yuxudan
oyanıram və həmişə olduğu kimi, yuxudan ayılandan sonra da, bu yuxugörmə
bütünlüklə gözümün önündə canlanır”.
Burada simvolların yardımı ilə çox az şeyi aydınlaşdırmaq olar. Ancaq qulaq
asın, görün yuxugörən həkim öz yuxusunu aydınlaşdıra bilməyimiz üçün bizə nə
yazır: “Son çağlar mən bir qıza bərk vurulmuşdum, onu tez-tez küçədə görsəm də
yaxınlaşıb tanış olmaq üçün heç bir fürsət yaranmırdı. Sevdiyim qız küçəyə çıxanda
yanında bir köpək olurdu, mən də heyvanları bərk sevən birisi kimi onun itlə
gəzməsindən yararlanaraq bu qıza yaxınlaşmağı və tanış olmağı ən yaxşı fürsət
sayırdım”. Həkimin bu yazısında deməsinə görə, o harada boğuşub bir-birini dişləri
ilə gəmirən itlər görmüşsə, onları bir-birindən ayırmağa çalışmış və bu da çox vaxt bu
boğuşmanı maraqla izləyənləri təəccübləndirmişdir. Beləliklə də, onun yazdıqlarına
görə, biz həkimin vurulduğu qızın həmişə bu köpəklə gəzməyə çıxdığını öyrənirik.
Ancaq bu qızın obrazı yuxugörmədə yoxdur, onun yerini əlaqələndirən əvəzedici olan
köpək tutmuşdur. Ola bilsin də, elə yuxugörmədəki yaşlı qadınlar qızın yerini
tutmuşdur. Yuxugörənin dedikləri bu məqamı aydınlaşdırmaq üçün yetərli deyildir.
Onun yuxugörmədə velosiped sürməsi isə gerçəklikdə baş verənlərə bütünlüklə
uyğundur. Həkimin yazmasına görə, doğrudan da, o həmişə velosipedlə gəzməyə
çıxanda itlə gəzən bu qızla qarşılaşmışdır.
3. Olduqca yaxın və istəkli qohumunu itirmiş kimsələr çox uzun bir sürə qəribə
yuxular görürlər və burada insanın ölümlə bağlı biliyi ölülərin haçansa diriləcəyi ilə
bağlı deyilənlərlə qəribə bir barışığa girməyə çalışır. Bu “barışıq”dan belə bir qənaət
alınır: ölən kimsə, diri olmasa da, özünün öldüyünü anlaya bilmədiyi üçün,
yaşamaqda davam eləyir, o özünün öldüyünü anlaya bilsəydi, yalnız onda bütünlüklə
ölərdi; ona görə də o, indiki durumunda yarı ölü, yarı diri sayılmalıdır və onun bu
durumundakı hər bir anın xüsusi əlamətləri vardır. Belə yuxugörmələri anlamsız
saymaq olmaz, bəlli olduğu kimi, ölənlərin dirilməsi nağıllarda olduğu kimi,
yuxugörmələrdə də baş verə bilən adi bir olaylar sırasındadır. Mənim belə yuxu-
görmələri araşdırmalarımdan gəldiyim düşüncəyə görə, onların ağlabatan yozumlarını
həmişə tapmaq olur və burada ən başlıcası, böyük sayğıyla anılmalı olan, ölənləri
yenidən yaşama qaytarmaq diləyinin özünü belə, çox qəribə vasitələrlə
gerçəkləşdirməyə çalışmasıdır. Mən indi çox qəribə və anlamsız görünən belə
yuxugörmələrdən birini sizin baxışlarınıza çatdırmaq istəyirəm, elə bilirəm, bu
yuxugörmənin analizi sizin psixoanalitika nəzəriyyəsini necə mənimsədiyinizi üzə
çıxarmaq baxımından da maraqlı olacaqdır. Atasını bir neçə il bundan qabaq itirmiş
kişinin gördüyü yuxu belədir: Atam öldü, onu basdırdıq, ancaq bir neçə gün sonra onu
qazıb qəbrindən çıxardıq, o indi üzdən çox pis görünür. Qəbirdən çıxarılandan sonra
atam neçə illərdir yaşayır, mən onun öldüyünü bilməməsi üçün var gücümlə çalışıram.
(Bunun ardınca yuxugörən kimsə yuxugörməsində bu olayla bağlı olmayan daha bir
neçə epizod görür.)
Gerçək yaşama qayıdıb baxsaq, onun atasının öldüyü bəllidir. Ancaq atasının
sonradan qəbirdən qazılıb çıxarılması və bundan sonrakı epizodlar gerçəklikdə
olmamışdır. İndi görün bunun ardınca yuxugörən kimsə nə danışır: atasının
basdırıldığı gün, evə qayıdandan sonra onun dişi ağrımağa başlamışdı. Əslən yəhudi
olan bu kimsə ağrıyan bu dişi ilə yəhudi qaydasınca davranmaq istəmişdi, yəni “dişin
ağrıdısa çək, canını qurtar”, ona görə də dişini çəkdirmək üçün diş həkiminin yanına
yollanmışdı. Diş həkimi isə ona demişdi: “Bu dişi çəkməyə dəyməz, gərək onun
ağrısına bir az dözəsən. Mən indi onun oyuğuna dərman qoyub dişi öldürərəm, üç gün
sonra gələrsən, qoyduğum dərmanı dişindən çıxararam”.
Yuxugörən bu yerdə dillənir: görünür, elə dişimi öldürmək üçün qoyulan
dərmanın çıxarılması yuxumda ölünün qəbirdən çıxarılmasına çevrilibdir.
Yuxugörənin bu sözlərini doğru saymaq olarmı? Sözsüz, onun dediklərini
bütünlüklə doğru saymaq olmaz, axı gerçəklikdə onun ölən dişini yox, bu dişi
öldürmək üçün qoyulan dərmanı çıxarıblar. Ancaq bildiyiniz kimi, yuxugörmənin
işinin olayları beləcə bir-birinə qarışdırması gözləniləndir. Yuxugörən kimsə öz
yuxusunda ölmüş atası ilə ölmüş, ancaq çıxarılmamış dişini bir-biri ilə qarışdırmışdır.
Burada açıq yuxugörmənin anlamsızlığa gəlib çıxması da təəccüblü deyildir, axı
buradakı ölmüş dişlə bağlı deyilə bilənlərin heç də hamısı onun atasının ölümü ilə
uyğun gəlmir. Elə isə, burada diş ilə ölmüş atanı yuxugörmədə belə qatılaşdırmağı
bacaran Tertium comparationis (üçüncü tutuşdurulmalı predmet) haradadır?
Görünür, burada hansısa uyğunluq da vardır, doğrudan da, yuxugörən kimsə
danışığının ardında deyir: mənim eşitdiyimə görə, yuxuda dişinin düşdüyünü görmək
yaxın adamlarından birinin öləcəyini bildirir.
Biz yuxugörmənin bu çox geniş yayılmış yozumunun yanlış olduğunu bilirik,
belə bir yozumu ancaq zarafata salaraq doğru saymaq olar. Ancaq yenə də
yuxugörmənin başqa fraqmentləri ilə bu dişlə bağlı olayın uyğunluğu bizi
təəccübləndirməkdə davam eləyir.
Yuxugörən kimsənin sonrakı danışıqları bu yuxugörməni düzgün yoza bilməkdə
bizim köməyimizə gəlir, biz ondan nəsə soruşmadan, o, atasının ölümdən qabaqkı
xəstəliyindən, özünün atasına necə qulluq eləməsindən danışmağa başlayır. Atası çox
uzun bir müddət xəstə yatmış, onu müalicə etdirmək və qulluğunda durmaq üçün oğlu
çox böyük məbləğdə pul xərcləməli olmuşdu. Bütün bunlara baxmayaraq, xərclədiyi
pullara görə o heyifsilənməmiş, atasının qulluğunu tutmaqda dözümlülük göstərmiş,
bütün bunlardan yaxa qurtara bilmək üçün heç vaxt atasının tez ölməsini istəməmişdi.
Onun özünün ürəkdən bağlı olduğu yəhudi inancına uyğun olaraq, atasına qayğı
göstərməklə bağlı olan borcunu sonacan yerinə yetirə bildiyi üçün öyündüyü də
duyulur. Ancaq yuxugörmədə olan düşüncələrdəki uyuşmazlığı duyursunuzmu? O,
yuxugörməsində atasını öz dişi ilə uyğunlaşdırır. Dişi ilə bağlı o, yəhudi qanuna
uyğun davranmaq istəyir: dişin ağrıdısa çək qurtar. O, atasına qarşı da yəhudi
qanunları ilə davranmağa çalışıbdır: bütün ağır xərclərə və çətinliklərə baxmayaraq,
xəstə atasının bütün qayğılarını öz üzərinə götürüb və atasının tez ölməsini
istəməyibdir. Ancaq o, atasına da xəstə dişinə yanaşmaq istədiyi kimi yanaşsaydı,
yəni dişini tezcə çəkdirib ağrıdan qurtulmaq istədiyi kimi, atasının da tez ölüb onu
artıq xərcdən və ağır qayğılardan qurtarmasını diləsəydi, onun bu istəyi
yuxugörməsinə daha çox uyğun gəlməzdimi?
Mənim inamıma görə, atasının uzun sürən xəstəliyi dönəmində onun atasına qarşı
münasibəti dediyi kimi yox, tərsinə olmuşdur, o, atasının ölümünü istəmişdir. Onun
indi özünü öyüb inancı ilə bağlı qanunlara əməl etdiyini deməsi isə öz-özünü bu
xatirələrindən ayırıb uzaqlaşdıra bilməsi üçündür. Belə durumların çoxunda insanlar
onların dincliyini pozan kimsənin ölümünü istəyirlər, ancaq bu ölüm istəklərini
maskalamağı da unutmurlar, ona görə də bu ölümün xəstəni çəkdiyi ağrı-acılardan
qurtaracağı düşüncəsini ortaya atmaqla özlərini aldatmağa çalışırlar. Gördüyünüz
kimi, baxdığımız durumda biz, az da olsa, yuxugörmənin gizli məzmununun
dərinliklərinə doğru bir neçə addım ata bildik. Atdığımız bu addımlardan, öncə ötəri
olaraq, yuxugörənin şüurdışında atasına qarşı bəslədiyi düşmənçiliyi duyduq, ancaq
bunun ardınca atılan addımlarda biz bu düşmənçiliyin çoxdan, lap uşaqlıq çağlarından
yaranmağa başladığını və şüurdışında özünə yer elədiyini, atasının uzun sürən
xəstəliyi çağında isə oradan maskalanaraq, çəkinə-çəkinə şüura sızmağa başladığını
düşünə bilərik. Yuxugörmənin açıq məzmununda iz buraxan başqa gizli düşüncələrin
olduğunu isə daha inamla demək olar. Yuxugörmənin özündən birbaşa ataya qarşı
hansısa düşmənçiliyin olduğunu öyrənmək mümkün deyildir. Ancaq uşaqlıq
çağlarında atalara qarşı yaranan belə düşmənçilik duyğularının qaynaqlarını
araşdırsaq, bu çağlarında uşaqların həmişə öz atalarından qorxduqlarını xatırlaya
bilərik. Bunun səbəbi isə, ən kiçik yaşlarından başlayaraq, ataların öz uşaqlarının
seksual istəklərinin qarşısını amansızlıqla almağa çalışmasıdır. Bu uşaqlar böyüyüb
seksual yetkinlik yaşına çatdıqda belə, ortalıqda olan sosial tələbatları göz önündə
tutaraq atalar öz övladlarının seksual istəklərini ödəmələrinə qarşı çıxırlar. Bax elə öz
atasına belə bir münasibət bəsləməsi də bizim baxdığımız örnəkdəki yuxugörən
kimsəyə aiddir; onun atasına olan sevgisi yetərincə sayğı ilə çoxlu qorxu payının bir-
birinə qarışmasından yaranmışdır, bunun kökündə isə erkən yaşlarında atasının
qorxusundan seksual istəklərindən çəkinməsi dayanır.
Açıq yuxugörmənin sonrakı bölümü onanizm kompleksi ilə aydınlaşdırıla bilər.
Düzdür, buradakı “O indi üzdən çox pis görünür” yuxugörmə elementini diş hə-
kiminin gerçəklikdə yuxugörən kimsəyə dediyi bu dişini çəksək, danışanda yeri çox
pis görünəcək sözləri ilə də bağlamaq olar, ancaq bununla yanaşı olaraq, bu element
bütün seksual yetkinlik yaşına çatan gənclərin yaşadığı xoşagəlməz anlarla bağlıdır.
Onlar bu anlarda özlərinin seksual istəklərini gizlədə bilməməkdən, ya da onların üzə
çıxması qorxusundan bu yaşlarında tez-tez belə üzdən pis göründükləri duruma
düşürlər. Yuxugörənin özünün haçansa onanizmə qapılmaqla bağlı olaraq yaranan pis
görünüşünü yuxugörmədə atasının üzərinə köçürməsini isə biz yuxarıda yuxugörmədə
yaranan tərsinə çevrilmələrin örnəyində artıq göstərmişdik. Yuxugörmədə ölən atası
ilə bağlı atam neçə illərdir yaşayır elementi isə ölənin dirilməsi istəyi ilə yanaşı, diş
həkiminin xəstə dişi çıxarmayıb onu saxlayacağı vədi ilə də bağlıdır. Yuxugörmədəki
ən hiyləgər məqam isə mən onun öldüyünü bilməməsi üçün var gücümlə çalışıram
elementi ilə bağlıdır, burada yuxugörən öz yuxugörməsində də atasının haçansa dirilə
biləcəyinə inamsızlığını bildirməkdədir. Bütün hallarda burada dişlə bağlı gerçək
əhvalatın yuxuya keçidi yuxugörənin öz gəncliyində yaşadığı və qorxu içində
atasından gizləməyə çalışdığı onanizmlə bağlıdır. Unutmamısınızsa, yuxugörmələrlə
bağlı aldığımız bilgilərin öyrətdiyinə görə, yuxugörmədə dişin düşməsi həmişə
onanizmlə bağlı xatirələrdən doğulur.
Gördüyünüz kimi, bu anlaşılmaz yuxugörməni anlaşılan bir duruma gətirə bildik.
Burada bizim düşüncələrimizi azdıran bir qatılaşma vardı, bu qatılaşmanı yaradan isə
şüurdışındakı çox fərqli və ayrı-ayrı vaxtlarda baş vermiş olaylarla bağlı olan
düşüncələrin yuxugörmənin açıq məzmununa keçərkən üst-üstə qalaqlanıb onların
hamısının əvəzedicisi sayıla biləcək anlaşılmaz görüntülər yaratması olmuşdu.
4. Biz artıq bir neçə dəfə bir sıra yuxugörmələri olduqca “açıq-aydın” və bayağı
saymağa girişmişik, ancaq elə o andaca belə bir sorğu da qarşılaşmışıq: yuxuda belə
boş-boş şeyləri nə üçün görürük? Mən bu sıradan olan bir yuxugörməni burada örnək
olaraq göstərmək istərdim, bu yuxugörmə gənc bir xanımın bir gecədə gördüyü üç
hissəli bir yuxudur.
a) O öz evində zaldan keçib gedir və bu zaman alçaqdan asılmış çilçıraqla
toqquşub başını yarır.
Gənc xanımın gördüyü yuxunun necə yarana bilməsi ilə bağlı heç bir xatirəsi
yoxdur, habelə başına gələnlərdən də heç biri gördüyü yuxuya uyğun gəlmir. Onun bu
yuxugörmə ilə bağlı verdiyi açıqlamalar isə düşüncələrimizi bütünlüklə başqa bir
yönə çəkib aparır: “Bilirsinizmi, mənim saçım çox bərk tökülməyə başlayıb. Dünən
uşağım mənə görün nə deyir: ana, sənin saçın belə tökülsə, çox keçməz başın da
yanına oxşayar”. Beləliklə də, burada başın yerini bədənin aşağıda duran başqa bir
bölümü tutur. Çilçırağın nəyin simvolu olduğunu biz sizinlə aydınlaşdıra bilirik; bütün
asılan və aşağıya sallanan nəsnələrin kişi cinsiyyət orqanının simvolu olduğu aydındır.
Belə çıxır, yuxugörmədəki başın yaralanaraq qanaması bədənin aşağı hissəsində baş
verən qanaxmadan soraq verir, bu hissədəki qanaxma isə kişi cinsiyyət orqanının
toxunmasından baş vermişdir. Bu yuxugörmədəki elementin bir neçə anlamı ola bilər;
gənc xanımı danışdırıb ağlına gələn düşüncələrlə tanış olduqda, onun şüurdışı bilgiləri
sırasında evli qadınlardakı aybaşıların kişilərlə cinsi əlaqəyə girməkdən yarandığı ilə
bağlı düşüncələrin yer aldığı da bəlli olmuşdur. Tibbi bilgilərdən bəlli olduğu kimi, bu
yanlış ideya seksual yetkinlik yaşına çatmayan qızlar arasında geniş yayılmışdır.
b) Yuxugörməsinin ikinci bölməsində o, üzümlükdə dərin bir çuxurun olduğunu
görür və bu çuxurun həmin yerdəki ağacın çıxarılmasından yarandığını xatırlayır.
Gənc xanım yuxugörməsində üzümlükdə hansısa belə bir ağacın olmadığını da deyir.
O bununla yuxusunda bu ağacı görmədiyini demək istəyir, ancaq onun bu deyimi,
yuxugörmənin simvolik yozulması işinə yarayan başqa bir düşüncənin yaranmasına
gətirib çıxarır. Bu yuxugörmə uşaqların düşüncəsində yer alan başqa bir yanlış
seksual ideya ilə bağlıdır. Yenə şüurdışında gizlin qalan bu ideyaya görə, ilk öncə
qızların da oğlanlardakı kimi cinsi orqanları olmuş, ancaq sonradan onları axtalayaraq
(ağacın çıxarılması) cinsi orqanlarını bu şəklə salmışlar.
c) O, yazı stolunun yeşiyinə baxır, bu yeşikdə nəyin harada qoyulduğunu çox
yaxşı bildiyindən, kimsə buradakıları qurdalasa bu onun gözündən yayınmazdı. Yazı
stolunun yeşiyi, bütün ona oxşar olan yeşiklər, sandıqlar, qutular kimi, qadın cinsi
orqanının simvoludur. O, cinsi orqanı yoxlamaqla onun cinsi ilişkidə olub-olmadığını
öyrənməyin mümkün olduğunu bilir və çoxdan baş vermiş bir olayla bağlı belə bir
yoxlamadan keçirilə biləcəyini düşünərək qorxmuşdur və bu qorxunun izi bu günə
qədər də onun psixologiyasında qalmaqdadır. Mənim düşüncəmə görə, bu üç
yuxugörmənin hamısında gənc xanımın qavramlarına göz yetirmək gərəkdir. O bu
yuxugörməsində özünün uşaqlıq çağlarında sekslə bağlı apardığı araşdırmalarını və
bunlardan qazandığı biliklərlə öyündüyü keçmiş günlərini xatırlayır.
5. Gəlin bir az da simvolikaların üzərinə qayıdaq. Ancaq bu dəfə mən, öncədən,
bir sıra bilgilər verməklə sizləri psixoloji baxımdan bu duruma hazırlamaq istəyirəm.
Bir nəfər ağa bir qadınla gecəni keçirmiş və onunla sevişmişdir. Bu ağanın deməsinə
görə, bu qadın ana olmaq istəyi ilə yaşadığından bu sevişmədən uşağa qalmağı
istəyirmiş. Ancaq yaranmış duruma görə, bu ağa qadının ondan uşağa qalmasını
istəmir və sevişmənin gedişində özünün kişilik toxumlarının onun bətninə düşməsinə
yol verməyərək onları bayıra tökür. Bu gecədən sonra səhər yuxudan ayılan qadın
belə bir yuxu gördüyünü danışır: Küçədə qırmızı papaqlı bir zabit onun ardınca
düşübdür. Qadın ondan qaçıb qurtulmağa çalışır, pilləkənlə üzüyuxarı qaçır, zabit də
onu izləməkdə davam eləyir. O, təngnəfəs öz mənzilinə çatıb özünü içəri salır və
qapını arxadan bağlayır. Zabit qapının arxasında qalır, qadın qapının gözlüyündən
baxır, onun pillələrin üstündə oturub ağladığını görür.
Qırmızı papaqlı zabitin onu izləməsi və qadının pilləkənlə təngnəfəs qaçmasının
baş verən cinsi əlaqənin təsviri olduğunu, elə bilirəm, artıq anlamısınız. Qadının
otağına qapanıb qapını bağlamasına gəlincə, bu, yuxugörmələrdə üzləşdiyimiz
hadisələrin tərsinə çevrilməsi ilə bağlıdır, doğrudan da, burada sevişmə zamanı qadın
özünü kişi üçün bağlamağa çalışmamışdı, kişi özünü onun üçün bağlı saxlamışdı. Elə
bunun kimi də o özünün sevişmədən gözləntisinin doğrulmamasından doğan kədərini
də tərsinə, kişinin üzərinə köçürür, habelə buradakı ağlama həm də bayıra tökülən kişi
toxumlarını simvollaşdırır.
Elə bilirəm, siz psixoanalizin yuxugörmələrin hamısının seksual dəyərlərlə ilişkili
olduğunu təsdiq eləməsini artıq eşitmisiniz. İndi isə yuxugörmələri araşdırdıqca bu
eşitdiklərinizdə doğruluq payının olduğunu özünüz də duya bilərsiniz. Siz indiyədək
ən adi ehtiyacların ödənilməsindən doğan yuxugörmələrlə tanış oldunuz: bunların
sırasında aclıq, susuzluq, azadlıq üçün darıxmaq kimi durumlar var idi, habelə
dözümsüzlüklə, dinclik axtarmaqla və bu kimi öz yararını güdməklə, eqoist istəklərlə
bağlı yuxugörmələrin də olduğunu bildiniz. Ancaq bununla yanaşı, bizim
psixoanalitik araşdırmalarımızın gedişində ən çox korlanmış yuxugörmələrin, tək-tük
durumları çıxmaqla, az qala, hamısının seksual istəklərlə bağlı yarandığını da
öyrəndiniz.
6. Mənim burada simvollarla bağlı olan yuxugörmə örnəklərini daha çox
göstərməyimin özəl səbəbləri vardır. Unutmamısınızsa, sizinlə birinci görüşümüzdə
mən psixoanalizin öyrədilməsinin praktika üzərində göstərilə bilməməsindən
gileylənmişdim və bunun da onun bir elm olaraq tanınmasında inamsızlıq yaratdığını
demişdim və siz də bununla razılaşmışdınız. Ancaq psixoanalizin ayrı-ayrı hökmləri
bir-biri ilə çox sıx və qırılmaz tellərlə bağlı olduğundan, burada tapılan hər hansı bir
sübut çox asanlıqla bütün psixoanalitika nəzəriyyəsinin çox böyük hissələrinə tətbiq
oluna bilər. Psixoanalitika ilə bağlı belə də demək olar: sən ona barmağını uzadırsan,
o sənin biləyini qamarlayır. Yuxarıda baxdığımız örnəklərdən də göründüyü kimi,
kimsə psixoanalitikanın yanlış davranışlarla bağlı dediklərini özü üçün aydınlaşdıra
bilibsə, o artıq psixoanalitikanın gəldiyi başqa sonuclara inanmaya bilməz. Burada
ikinci belə bir keçid isə simvollarla bağlıdır. Sizə indi artıq çap olunmuş
yuxugörmələrdən birini danışacağam, bu yuxunu əri polis olan oxumamış bir qadın
görüb və onun istər simvollarla, istərsə də psixoanalizlə bağlı heç bir bilgisi yoxdur.
İndi özünüz baxın, onun yuxusunun seksual simvolların köməyi ilə yozulmasını bir
gözlənilməzlik, ya da düşünülmüş bir uydurma saymaq olarmı? Qadının yuxusu
belədir: “... Sonra kimsə otağa soxuldu və mən qorxub polisi köməyə çağırdım. Ancaq
otağa soxulan adam, qorxub çəkinmədən, yanındakı iki “avara” ilə çıxıb kilsəyə sarı
yönəldi və pilləkənlərlə qalxıb onun içərisinə keçdi. Kilsənin arxasında bir dağ
ucalırdı, bir az yuxarıda isə qalın meşəlik vardı. Köməyə gələn polis başına dəbilqə
qoymuş, dairəvi yaxalıqlı plaş geyinmişdi, qara saqqalı vardı. Bir azdan bayaq otağa
soxulan iki avaranın, heç nə olmamış kimi, polisin yanınca dinməzcə düşüb getdiyini
gördüm. Onların belindən qurşaqdan aşağılarını örtən kisəşəkilli önlük asılmışdı.
Kilsədən dağa doğru yol gedirdi. Bu yolun qırağı hər iki yandan ot basmış kolluq idi,
yuxarı qalxdıqca bu kolluqlar bir az da sıxlaşır, daha uca yerlərdə isə qalın meşəliyə
çevrilirdi”.
Elə bilirəm, bu yuxugörmənin simvollardan yararlanaraq yarandığını çox
asanlıqla anlaya bilirsiniz. Burada kişi cinsiyyət orqanı otağa soxulan üç nəfərlə qadın
cisiyyət orqanı isə otaq, landşaft, kilsə, dağ və meşə ilə təsvir olunub. Burada
qarşılaşdığımız pillələr isə baş verən cinsi əlaqənin simvoludur. Yuxugörmədə dağ
adlanan obyekt isə qadın cinsi orqanının üstündəki qabarıq yeri bildirməklə elə tibdə
də Mons Venris, Venera təpəliyi adlanır.
7. Simvolların yardımı ilə yozula bilən daha bir yuxugörməyə baxaq. Burada ən
qəribə olan yuxugörən kimsənin, yuxugörmələrin yozumu ilə bağlı heç bir nəzəri
biliyi olmadan, bu yuxudakı simvolları özünün düzgün yoza bilməsidir. Yuxugörmədə
təsvir olunan davranışlar çox qeyri-adidir və onların hansı durumda baş verdiyi də
bəlli deyildir.
“O atası ilə haradasa gəzişir, deyəsən, bu, Vyanadakı Prater adlanan böyük
parkdır. Doğrudan da, parkdakı dairəvi quruluşlu və günbəzi olan rotonda adlanan
tikili də gözə dəyir. Rotondanın qarşısında kiçik bir tikili də görünür, tikiliyə yaxşı
doldurulmadığı bilinən hava şarı bərkidilib. Atası ondan bunların nə demək olduğunu
soruşur; o, atasının sorğusundan təəccüblənsə də, görünənlərin nə demək olduğunu
açıqlamağa başlayır. Sonra onlar bir həyətə gəlib çıxırlar, burada çox böyük bir qalay
tənəkəsi (lövhəsi) vardır. Atası bu tənəkədən böyük bir hissəni kəsib götürmək istəyir,
ancaq öncə kiminsə onu görmədiyinə arxayın olmaq üçün yan-yörəyə göz gəzdirir. O,
atasına deyir: sən buranın keşikçisinə desən, bu qalay tənəkədən, çəkinmədən, ürəyin
istədiyin qədər kəsib götürə bilərsən. Bu həyətdən aşağıdakı şaxtaya enən pillələr
vardır, şaxtanın divarlarına kreslo üzlüyü kimi yumşaq dəri material çəkilib. Bu
şaxtanın qurtaracağında uzun bir meydança vardır, ardınca isə, yeni bir şaxtaya enən
pillələr başlayır...”
Yuxugörən kimsə özü yuxugörməsini belə yozur: rotonda deyilən günbəzli tikili
mənim cinsiyyət orqanımdır, onun qarşısından asılan hava şarı mənim tənasülümdür
(penisimdir), onun yaxşı doldurulmamasına gəlincə, doğrudan da, indi mənim kişilik
gücüm çox zəifləmişdir. Bir az dəqiqləşdirmə aparsaq, buradakı rotonda cinsiyyət
orqanını, onun yanındakı kiçik tikili isə xayaları simvollaşdırır. Yuxuda atası ondan
bunların nə demək olduğunu, yəni cinsiyyət orqanının nə üçün olduğunu soruşur.
Burada da, yuxarıda dediyimiz, yuxugörmələrdəki tərsinə çevrilmə olayı baş verir.
Sözsüz, o heç vaxt atasından seksuallıqla bağlı heç nə soruşmamışdır, görünür,
yuxugörmədəki bu bölmənin yaranması onun şüurdışında haçansa, keçmişdə yaranmış
bir istəklə bağlıdır: “görəsən, atamdan seksuallıqla bağlı soruları aydınlaşdırmağı
xahiş eləmək olarmı?” Bu düşüncənin davamını biz yuxugörmənin başqa bölməsində
də görə biləcəyik.
Qalay tənəkəsinin olduğu həyəti simvollaşdırmağa dəyməz, bura onun atasının
ticarət obyektinin təsviri olaraq yuxugörməyə düşüb. Onun atasının ticarəti ilə məşğul
olduğu material başqa olsa da, o, yuxugörmədə dəyişikliyə uğramışdır. Yuxugörənin
deməsinə görə, o, atasının ticarət işləri ilə tanış olanda çox sarsılmışdır, bunun səbəbi
isə, atasının öz ticarətində yalnız qazanc götürməyi güdərək öz işlərini fırıldaqçılıq
üzərində qurması olmuşdur. Ona görə də yuxugörmədə əksinə səslənən, düzü isə
“birdən mən ondan soruşsaydım” kimi olan sorğunu belə anlamaq gərəkdir: mən
ondan bunu soruşsaydım, o öz alıcılarını aldatdığı kimi, məni də aldadacaqdı. Burada
qalay tənəkədən bir kəsimini gizlincə qoparmaq istəyi öz ticarət işlərində fırıldaqçılıq
eləməklə bağlı olsa da, yuxugörən kimsə onunla bağlı ikinci bir yozumu da açıqlayır:
bu hətta onanizmlə bağlıdır. Bu məqam bizə çoxdan bəlli olan dəlillərlə uyğun gəlir,
habelə bu yuxugörmədə işlərin tərsinə baş verməsi qaydası ilə də uyuşur (bunun baş
verməsi isə onanizmlə məşğul olanların beyinlərində vaxtilə dolaşan “axı bu işi açıq-
açığına da görmək olardı” kimi bir düşüncəylə bağlıdır. Eləcə də yuxarıdakı sorğu ilə
bağlı məqamda olayın tərsinə baş verməsi kimi, burada da onanizm də oğulun adına
yazılmaqdansa atanın adına yazılır. Qarşılaşdığı şaxtaya gəlincə, yuxugörən onun
divarlarının yumşaqlığını anaraq bunu qadın cinsi orqanı olaraq yozur. Mən də onun
sözünə qüvvət verərək, burada aşağı düşüb, sonra yuxarı qalxmaqla bağlı davranışları
cinsi əlaqədə olmaq kimi yozuram.
Yuxugörmədəki şaxtadan sonrakı uzun meydança və ardınca gələn başqa şaxta ilə
bağlı elementlərə gəlincə, bunları yuxugörənin özü yozmağa başlayır. Onun deməsinə
görə, uzun illər qadınlarla cinsi əlaqələrdə olmuş, sonradan kişi gücsüzlüyü yarandığı
üçün bu işlə məşğul olmağı dayandırmışdır, ancaq indi müalicə olunur və sağalıb
yenidən qadınlarla cinsi əlaqələrə girməyi umur.
8. İndi danışacağım iki örnək isə bir yadellinin yuxugörmələridir və öz məzmunu
ilə çoxarvadlılığa bağlanır. Bu yuxugörmələri diqqətinizə çatdırmaqda başlıca
məqsədim insanın eqosunun, başqa sözlə desək, böyük MƏNİNİN onun bütün
yuxugörmələrinə qatıldığını sübut eləmək üçündür, habelə bu MƏN yuxugörmənin
açıq məzmununda görünməsə də, yenə də O-nun burada olduğu sözsüzdür. Bu
yuxugörmələrdəki çamadan isə bütün durumlarda qadınlığı simvollaşdırır.
a) O yola çıxıb, baqajını faytonla vağzala gətirirlər. Baqajı üst-üstə qalanmış
çoxlu çamadanlara yığılıb, çamadanlardan qara rəngdə olan ikisi çox böyük və
“gözəgəlimlidir”. O isə kimisə ovutmaq üçün deyir: hə, bunları yalnız vağzala kimi
gətiriblər, mən onları yola götürməyəcəyəm.
Doğrudan da, mənim xəstəm olan bu yadelli yola çox böyük baqajla çıxmışdı,
sonradan o mənə çoxlu qadınlarla intim yaxınlığı olduğundan danışmış, ancaq son
çağlarda iki qarasaçlı qadınla çox möhkəm tellərlə bağlandığını boynuna almışdı.
Onlardan biri onun ardınca Vyanaya gəlmək istəyirdi; ancaq mən bunu yasaqladığım
üçün o, qadına teleqram göndərib onun gəlişinin qarşısını almışdı.
b) Gömrüklə bağlı yuxugörmə: gömrükdən keçən bir yolçu, qayğısızca papiros
çəkərək, çamadanını açıb gömrükçüyə deyir: burada yasaq olunan nəsə yoxdur.
Gömrükçü ona inanır, ancaq hər ehtimala qarşı çamadanı qurdalayır və oradan çox
bərk yasaq olunan nəsə tapır. Bunu görən yolçu kədərlə dillənir: daha burada çıxış
yolu yoxdur.
Bu yuxugörmədə yadelli özünü yolçu, məni isə gömrükçü kimi görür. O,
müalicənin gedişində ürək sözlərini heç vaxt məndən gizlətməzdi, ancaq bu
yuxugörməsindən öncə gizlincə bir qadınla tanış olmuş, bunu məndən gizlətmişdi.
Gördüyü bu işdən utandığı üçün o, yuxuda öz yerinə başqa birisini seçir, bununla da,
gördüyü işin gizlin qalmasını öz kimliyini gizlətməklə əvəz eləyir.
9. İndiyədək sizə demədiyim bu yuxugörmə isə simvollardan yararlanmaqla bağlı
çox yaxşı bir örnək sayıla bilər.
O, bacısını qarşılamağa çıxıb, bacısı iki bacılığı ilə gəlib çıxır, ancaq onlar da elə
onun qarşıladığı bacısıdırlar. O, bacısının yanındakılarla əl tutur, bacısı ilə görüşmür.
Yuxugörmə gerçəklikdə baş vermiş hansısa olayla birbaşa bağlı deyildir. Onun
düşüncələri burada çox uzaq çağlara gedib çıxmışdır. Həmin çağlarda öz izləmələrinə
görə o, qızların döşlərinin çox gec iriləşməyə başladığını sezmişdi. Beləliklə də, iki
bacı burada qadın döşləridir, o bu döşləri əlləşdirib əylənmək istərdi, təki bu onun
bacısının döşləri olmayaydı.
10. Bu isə yuxugörmədə ölümün simvollaşdırılması ilə bağlı bir örnəkdir.
O çox hündür və dar bir dəmiryolu körpüsü ilə gedir, yanında tanıdığı iki adam da
var, ancaq yuxudan ayılanda onların adını xatırlaya bilmir. Birdən bu iki nəfər yoxa
çıxır, o, qarabasmaya bənzər, başında araqçın, əynində kətan parçadan kostyum olan
bir adam görür. Qarşısına çıxan adamdan teleqrafçımı, yoxsa faytonçumu olduğunu
soruşur, adam “yox” cavabı verir və o, bərk qorxu içində yoluna davam eləyir və
birdən yuxudan ayılır, ancaq hələ də yuxugörmənin təsirindən qurtara bilməyərək,
yarıyuxulu durumda, öz fantaziyasına qapılaraq üstündə olduğu dəmiryol körpüsünün
uçduğunu, özünün isə uçuruma yuvarlandığını görür.
Onun yuxugörməsinə qatılan, ancaq adını unutduğu adamlar çox doğma kimsələr
olmalıdır. Görünür, yuxugörən burada iki bacısı ilə bağlı düşünmüşdür; birdən o,
bacılarının ölməyini istəsəydi, onda ölüm qorxusu onu da haqlayacaqdı. Yuxugörən
kimsəni sorğulayanda o, teleqrafçını pis xəbər gətirə bilən birisi olaraq xatırladığını
deyir, ancaq qulluqçu formasında olan bu adamın dəmir yolunda fənərçi işləyən birisi
də ola biləcəyini düşünür və görünür, o, fənərləri söndürmək üçün dəmiryoluna çıxa
bilərdi, bu isə ölümün ömür çırağını söndürməsinə uyğunlaşdırılmışdır. Faytonçunu o,
Ulandın kral Karlla bağlı yazdığı şerindən xatırladığını deyir. Bir dəfə o, iki yoldaşı
ilə qorxulu dəniz yolçuluğuna çıxıbmış və yolboyu özünü kral Karlın yerində təsəvvür
eləməyə çalışırmış. Dəmiryolu körpüsü ilə bağlı onun ağlına gələn düşüncə isə bu
yaxınlarda gördüyü bir bədbəxt olayla bağlı ağlına gələn axmaq bir fikirlə bağlıdır. O
bu olayı görəndə nədənsə düşünmüşdü: “Ömür zəncirlərdən qurulmuş bir körpüdür”.
11. Ölümün təsviri ilə bağlı belə bir yuxugörməni də örnək göstərmək olar.
Tanımadığı bir ağa ona qara haşiyəli vizit kartı verir.
12. Mənə elə gəlir, indi danışacağım yuxugörmə onu görən kimsənin nevrotik
durumu ilə bağlı olsa da sizi daha çox maraqlandıracaqdır.
O, qatarla yol gedir. Birdən qatar çöllük bir yerdə dayanır. O, indi qəza baş verə
biləcəyini düşünür və gecikmədən qaçmaq gərək olduğunu kəsdirir, bundan sonra isə
o, bütün vaqonları keçib gedir və qarşısına çıxan konduktorları və maşinisti də
öldürür.
Bununla bağlı o, bir dostunun danışdığı olayı xatırlayır. İtaliyanın hansısa dəmir
yolunda bir puhi xəstəni kupedə aparırlarmış, başısoyuqluq eləyib onun yanına bir
nəfər yolçunu da yerləşdirirlər. Ruhi xəstə isə kupesinə yerləşdirdikləri yolçunu
öldürür. Beləliklə də, o özünü bu ruhi xəstə ilə eyniləşdirir və ürəyində çoxdandır
dolanıb onu incidən “yoluna çıxanları aradan qaldırmaq” kimi bir məqsədinə çatmağa
çalışır. Sonra o, yuxugörməsinin səbəbini daha da konkretləşdirir. Sən demə, o, dünən
teatrda evlənmək istədiyi ancaq sonra bu düşüncəsindən daşındığı qızı görübmüş. Bu
qızın kişilərlə olan ilişkiləri onda güclü qısqanclıq duyğusu yaratdığından, o bu qızla
evlənmək istəyindən əl çəkibmiş. Onun qısqanclığı çox güclü olduğundan, birdən bu
qızla evlənərsə onun davranışlarına baxıb dəli ola biləcəyini düşündüyü üçün ondan
uzaqlaşıbmış. Belə çıxır, onun bu yuxugörməsi keçmişdə yaşadığı duyğularla bağlı
olaraq yaranmışdır: o bu qıza çox inamsız yanaşdığından, onun sevgisinə arxayın
olmaq üçün gərək bu qızı qısqandığı bütün kişiləri öldürəydi. Bir neçə otaqdan
keçmək isə artıq simvollarla bağlıdır və bildiyimiz kimi, kişinin eyni vaxtda bir neçə
qadınla cinsi əlaqədə olması deməkdir (Verheiratetsein).
Yuxugörmədə qatarın çöllükdə dayanmasına və onda indicə qəza baş verə
biləcəyi ilə bağlı düşüncələrin yaranmasına gəlincə, o bununla bağlı belə bir əhvalat
danışır. Bir dəfə qatarla yol gedəndə, doğrudan da, stansiya olmayan bir yerdə qatar
dayanıbmış, onunla yanaşı yol gedən gənc bir qadın bu zaman deyibmiş: ola bilsin,
qarşıdan bizimlə toqquşa biləcək qatar gəlir, indi, ən yaxşısı, ayaq götürüb qatardan
qaçmaq olmazdımı? (Die Beine hoch zu heben – ayaqlarını yerdən götürmək,
ayaqlarını qaldırıb yerimək). Ancaq buradakı “ayaqlarını yerdən götürmək” deyimi ilə
bağlı da onun çoxlu xatirələri vardır: elə qatarda onunla birgə yol gedən bu qızla,
“ayaqları yerdən qaldırma, yuxarı qaldırma” ilə bağlı deyilənlər baş vermişdi. O onda
sevdiyi bu qızla təbiətin qoynuna çıxdığı gəzintilərdə dəfələrlə cinsi yaxınlıq eləmişdi.
İndi isə bu hamıya qısqandığı qızla evlənmək ona dəlilik kimi görünür. Mən belə
durumları dərindən araşdırdığıma görə, onun könlündən hələ də “dəli olmaq” (bu
qızla evlənmək) istəyinin keçdiyini inamla deyə bilərəm.
Dostları ilə paylaş: |