On birinci mühazirə
YUXUGÖRMƏNİN İŞİ
Dəyərli xanımlar və bəylər! Siz yuxugörmənin senzurasının və onun simvolik
təsvirlərinin nə demək olduğunu dərindən mənimsəmisinizsə, bu biliyinizlə
yuxugörmənin məzmununun korlanmasını sonacan aydınlaşdıra bilməsəniz də,
yuxugörmələrin böyük çoxluğunun gerçək anlamlarını qavraya bilərsiniz. Bunun üçün
siz əlimizin altında olan, bir-birini tamamlayan, yuxugörmələri yozmaq üçün olan iki
texnikadan yararlana bilərsiniz, daha doğrusunu desək, yxu görəni sorğulayaraq onun
ağlına gələn sərbəst əlaqələndirici düşüncələri öyrənməklə, yuxugörmədəki
əvəzedicilərdən onların gizlətdiyi gerçək anlamlara gedib çata bilərsiniz, habelə özəl
biliklərinizə arxalanmaqla, yuxugörmənin simvollarının daşıdığı anlamları araşdıraraq
gördüyünüz işi tamamlaya, ortaya çıxan boşluqları doldura bilərsiniz. Bu işin
gedişində ortaya çıxan, inamsızlıq yarada bilən durumlar da vardır və onlarla bağlı
aşağıda söz açacağıq.
İndi isə biz yenidən bir az öncə görmək istədiyimiz, ancaq əlimizdə yetərincə
vasitələrin olmadığına görə dayandırmalı olduğumuz işin üzərinə qayıda bilərik.
Unutmamısınızsa, bu işin gedişində biz yuxugörmə elementinin yardımı ilə onun
gizlin qalan anlamını araşdırarkən, onlar arasındakı asılılığın aşağıdakı dörd özəlliyini
ayırd eləmişdik: bu elementlərin bütövdən ayrılan bölümlər olması; yuxugörmədə
addımbaşı üstüörtülülüyün və ya eyhamın özünü göstərməsi; buradakı ortamda
simvolik ilişkilərin geniş yer alması; bir də yuxugörmələrdə sözlərin və düşüncələrin
obrazlı görüntülərə çevrilməsi. Yuxugörmənin ayrı-ayrı elementləri ilə bağlı
gördüyümüz bu işi indi daha böyük miqyasda bütövlükdə yuxugörmənin özü üçün
görməyə, yuxugörmənin bütün məzmununu yuxuyozma texnikasının yardımı ilə
aydınlaşdırmağa, onun gizli qalan gerçək anlamı ilə tutuşdurmağa çalışacağıq.
Elə bilirəm, siz onları bir-biri ilə qarışdırmaqdan qaça biləcəksiniz. Bunu bacara
bilsəniz, onda siz yuxugörmələri mənim “Yuxugörmələrin yozumu” kitabımı
oxuyanların çoxundan daha yaxşı anlaya biləcəksiniz. Elə isə, qoyun mən bu
anlayışların nə demək olduğunu sizə bir də xatırladım: yuxugörmənin gizlin qalan
gerçək anlamını onun görünən açıq anlamına çevirmək yuxugörmənin işi
(Traumarbeit) adlanır. Bunun tərsi olan işə, yəni yuxugörmənin açıq görünən
anlamından onun gizli qalan gerçək anlamına gedib çıxmağa isə yuxugörmənin
yozumu (Deutungsarbeit) deyilir. Yozumun işi yuxugörmənin gördüyü işi aradan
qaldırmaq üçündür. Uşaq yuxugörmələrinə gəlincə, orada yuxugörmə istəklərin
birbaşa gerçəkləşməsindən yaransa da, burada yuxugörmə özünün korlayıcı işini
görmüş, daha doğrusunu desək, o burada ayıqlıqda yerinə yetməyən istəkləri
gerçəkləşdirmişdir, habelə düşüncələri görünən obrazlara çevirərək ortaya
çıxarmışdır. Ona görə də uşaq yuxuları üçün bu iki çevrilməni aradan qaldırmaqdan
başqa bir yozuma gərək qalmır. Yuxugörmənin uşaq yuxugörmələrindən fərqli olan
başqa tipli yuxugörmələrdə gördüyü işə isə biz yuxugörmənin korlanması
(Traumentstellung) deyirik; bax elə bu korlanmanı aradan qaldırmaq da bizim
yuxugörməni yozmaqla bağlı olan işimizdir.
Mən çoxlu sayda yuxugörmələrin yozumlarını tutuşdurmaq yolu ilə,
yuxugörmənin öz işi ilə bu yuxugörmənin gizli qalan məzmununu necə dəyişdiyini
sizlər üçün açıqlaya bilərəm. Ancaq sizdən də belə bir istəyim vardır, bu açıqlamaya
vasvasılıqla yanaşmayasınız. Bu açıqlamalar, sadəcə, soyuqqanlılıqla dinlənilməli
olan təsvirlərdən başqa bir şey deyildir.
Yuxugörmənin öz işində qazandığı ilk uğurunu qatılaşdırma (Verdichtung)
adlandıra bilərik. Bu anlayışla biz yuxugörmənin açıq məzmununun onun gizlin qalan
məzmunundan qısa olduğunu başa düşürük, daha doğrusu, yuxugörmənin açıq
məzmunu onun gizli məzmununun qısaldılmış çevrilməsidir. Yuxugörmədə
qatılaşmanın olmadığı durumlar da ola bilər, ancaq yuxugörmələrdə qatılaşmanın
olması, bir qayda olaraq, çox sıx-sıx və olduqca aşırı formalarda baş verir. Bunun tərsi
isə baş vermir, yəni yuxugörmənin açıq məzmunu heç vaxt onun gizlin məzmunundan
uzun olmur. Yuxugörmədəki qatılaşma bu formalarda baş verir: 1) yuxugörmənin
gizli məzmunundakı bir sıra elementlərin bütünlüklə buraxılması ilə; 2)
yuxugörmənin gizli anlamındakı mürəkkəbliklərin yalnız bir bölümünün
yuxugörmənin açıq məzmununa keçməsi ilə; 3) yuxugörmənin gizlin məzmunundakı
oxşar elementlərin birləşərək açıq yuxugörmədə bir element kimi ortaya çıxması ilə.
İstəsəniz bu “qatılaşma” anlayışını indicə sadaladığımız formalardan təkcə
üçüncüsü ilə bağlı işlətməklə də kifayətlənə bilərsiniz. Üçüncü bəndlə bağlı olan
faktları aydınlaşdırmaq çox asandır. Özünüzün gördüyünüz yuxulardan siz bir neçə
tanışınızın yuxugörmənizdə birləşib bir adama çevrildiyini asanlıqla xatırlaya
bilərsiniz. Tanışlarınızın yuxugörmədə bir-birinə qatışması təxminən belə baş verir:
yuxunuzda A-nı görürsünüz, ancaq o B kimi geyinibdir, onun gördüyü iş isə sizə C-
nin gördüyü bir işi xatırladır, bununla yanaşı olaraq, siz yuxuda gördüyünüz bu
adamın yəqinliklə Ç olduğunu bilirsiniz. Göründüyü kimi, belə qatıb-qarışdırmada
tanıdığınız bu dörd kimsənin hər biri üçün ümumi olan nələrsə də vardır.
Yuxugörmədə ayrı-ayrı insanların beləcə bir-birinə qatıb-qarışdırılması kimi ayrı-ayrı
predmetlərin və yerlərin də bu cür bir-birinə qovuşması ola bilər, həm də
yuxugörmənin gizli məzmunundan ayrılan bu predmetlər və yerlər açıq yuxugörmədə
onları birləşdirən hansısa ümumi olan özəlliklər üzrə qatışırlar. Bu isə belə
ümumiliklərdən qurulmuş nüvənin özülündə ötəri-keçici olan yeni anlayışların
yaradılmasına oxşayır. Ayrı-ayrı elementlərin bir-birinə qatılmasından yaranmış belə
qatılaşma, bəlli olduğu kimi, yuxugörmədə qaranlıq, anlaşılmaz bir görünüş yaradır.
Birdən eyni bir fotolentlə üst-üstə bir neçə fotoşəkil çəkilsəydi, onun üstündə alınan
qatışıq şəkil də elə yuxugörmədəki elementlərin bir-birinə qarışmasından alınan
görünüşə oxşayardı.
Yuxugörmənin işinin baş tuta bilməsi üçün belə qatışıqların yaranması çox
önəmlidir, ona görə də yuxugörmədə nəsnələr arasında öncədən olmayan ümumi
özəlliklərin qondarılaraq ortaya çıxmasının da bilərəkdən (qəsdən) törədildiyini sübut
eləmək olar, buna örnək olaraq, hansısa pozucu düşüncənin gerçək düşüncənin yerini
tutmasını göstərə bilərik. Biz yuxugörmələrdəki belə qatılaşma və qarışdırma
örnəkləri ilə artıq tanışıq; onların söz yanılmalarının yaranmasında oynadığı rol da
bizə bəllidir. Gənc bir kişinin sayğılı bir xanımı ötürmək istəyini, onu aşağılamaq
(beqleitdigen) istəməsi kimi dilə gətirdiyini, elə bilirəm, unutmamısınız. Bundan
başqa da, danışıq dilində işlənilən bir çox atmacaların yaranması da belə
qatılaşmalarla bağlı olur. Ancaq gətirdiyimiz bu örnəklərə baxmayaraq,
yuxugörmələrdə baş verən bu prosesin anlaşılmaz və qəribə olduğu danılmazdır.
Düzdür, bizim fantaziyalarımızda da yuxugörmənin bir neçə adamın özəlliklərini
qarışdırmasına uyğun örnəklər də vardır. Biz belə fantaziyalarımızla bir-biri ilə
əlaqəsi olmayan obyektləri bir bütövdə birləşdiririk, tutalım, mifologiyadakı
kentavrlar, habelə çoxsaylı əfsanəvi heyvanların yaradılmasında olduğu kimi, yaxud
da rəssam Beklinin çəkdiyi şəkillərdəki kimi durumlarda bununla üzləşirik. Axı
insanlarda özünü göstərən “yaradıcılıq fantaziyası”, doğrudan da, yeni heç nə yarada
bilmir, yalnız bir-birinə yad olan nəsnələri bir-biri ilə calamaqla yaradıcılıq deyilən işi
görmüş olur. Ancaq yuxugörmənin işində yaranan qəribəliyin belə bir səbəbi vardır:
yuxugörmənin işinin üzərində çalışdığı material düşüncələrdən ibarətdir, habelə
bunların bir çoxu ədəbsiz və deyilişi yolverilməz düşüncələr olsa da, onların hamısı
anlamları büsbütün aydın olan düşüncələrdir. Bax elə bu aydın düşüncələr də
yuxugörmənin işi ilə başqa bir formaya çevrilir və bu çevirmənin ən anlaşılmaz və
qəribə olan özəlliyi isə yuxugörmənin işinin onların aydın anlamlı məzmununu
çevirəndə yararlandığı şriftləri də, bu şriftlərdən alınan sözləri də bir-birinə qarışdırıb
yeni kombinasiyalar yaratmasıdır. Bəlli olduğu kimi, hansısa mətni çevirəndə
dilmanclar buradakı hər bir sözün anlamını ayrıca aydınlaşdırmağa çalışır, sözlərin
bir-birinə qarışmasına yol vermirlər. Yuxugörmədə isə bunun büsbütün tərsi baş verir:
burada iki büsbütün fərqli düşüncə bir-birinə qarışdırılır və bununla da, hər iki
düşüncəni öz içində saxlaya bilən çoxanlamlı bir düşüncə yaradılmasına çalışılır və bu
proses danışıq dilindəki atmacaların yaradılmasına çox oxşayır. Yuxugörmənin işinin
yaratdığı bu keçidi ilk baxışdan anlamaq olmur, ancaq onu anlaya bilməyin
yuxugörmənin işinin aydınlaşdırılması üçün çox böyük önəmi vardır.
Qatılaşma adlandırdığımız olay yuxugörməni anlaşılmaz eləsə də, onun bu işi
yuxugörmənin senzurasının təsirinə qapılaraq elədiyi də inandırıcı görünmür. Bu
olayın baş verməsini mexanikilik və qənaətcillik kimi faktorlarla bağlamaq daha
ağlabatandır.
Qatılaşma olduqca ağlagəlməz sonuclara da gətirib çıxara bilər. Bir sıra
durumlarda bu qatılaşma yuxugörmənin gizli qalan gerçək məzmunundakı iki
büsbütün fərqli düşüncəni birləşdirib, onu bizə gördüyümüz yuxugörmədəki bir
düşüncə kimi tanıda bilər və biz də yuxugörməni yozarkən bu düşüncələrdən daha
üzdə olanını tapıb, o birisini gözdən qaçıra bilərik.
Qatılaşmanın yaranması yuxugörmənin gizlin və açıq məzmunları arasındakı
ilişkilərdən də asılı olur, burada gizlin və açıq məzmunların elementləri arasındakı
birbaşa uyğunluğun pozulması bu qatılaşmanın törədicisi olur. Birdən yuxugörmənin
açıq məzmunundakı bir element onun gizlin məzmununda olan bir neçə elementin
əvəzedicisi olur, birdən də gizlin məzmunun bir elementi açıq yuxugörmənin bir neçə
elementində yer ala bilir və bu haradasa yol ayrıcının ondan keçən bir neçə yola
qoşula bilməsinə bənzəyir. Yuxugörmənin yozumunun gedişində, bir də görürsən,
yuxugörənin sorğulamasından alınan və yuxugörmənin açıq məzmunu ilə gizli
məzmununu əlaqələndirən sərbəst düşüncə baxılan elementlə uyuşmur, ona görə də
bir sıra durumlarda bu uyuşmanı görə bilmək üçün yuxugörmənin sonacan
yozulmasını gözləməli olursan.
Beləliklə də yuxugörmənin işi olduqca qeyri-adi bir funksiyanı yerinə yetirərək
yuxugörmənin gizlin qalan anlamını şifrələşdirir, özü də bunu söz-söz, hərf-hərf
eləmir, habelə hansısa bəlli qayda üzrə də yerinə yetirmir; bəlli olduğu kimi,
gerçəklikdə sürətli yazmaq üçün işlədilən belə şifrələmələrdə (stenoqrafiya) yazıya
alınan sözün saitləri buraxılır və bəzən bir yazı elementi bir neçə belə elementlərin
əvəzedicisi kimi verilir, ancaq bizim baxdığımız durum büsbütün başqadır və qat-qat
mürəkkəbdir.
Yuxugörmənin işinin ikinci sonucu qarışdırma (Verschiebung) adlanır. Onun nə
demək olduğunu anlaya bilmək üçün bizim bəlli hazırlığımız vardır; bildiyimiz kimi,
qarışdırmanın yaranması bütünlüklə yuxugörmənin senzurasının işidir. Onun ortaya
çıxması isə iki yolla baş verir, birincisi, yuxugörmənin gizlin məzmunundakı hansısa
element yuxugörmənin açıq məzmununda özü ilə bağlı olmayan hansısa başqa bir
elementlə əvəz olunur, daha doğrusu, açıq şəkildə yox, eyham kimi ortaya çıxır,
ikincisi, gizlin məzmunun psixi baxımdan önəmli olan vurğusu yuxugörmədə önəmsiz
bir elementin üstünə düşərək onunla əvəz olunur və bu da yuxugörməni anlaşılmaz
eləyir.
Sözün üstüörtülü formaya salınaraq eyhama çevrilməsi bizə ayıqlıq çağımızdakı
düşüncə və danışıqlarımızdan da bəllidir, ancaq yuxugörmədəki eyhamlar onlardan
fərqlənir. Ayıqlıq çağımızdakı eyhamlar asanlıqla anlaşılan formalarda olur və
gerçəkdən deyilməli olan sözlə onun əvəzedicisi kimi seçilmiş bu eyhamın anlamları
arasında anlaşıqlı ilişkilər olur. Beləliklə də, belə eyhamlar çox vaxt işləndiyi
atmacalarda sözün birbaşa anlamını verən əvəzedicilərin yerini tutur, sözlərin
səslənməsindən, çoxanlamlılığından yararlanmaqla yaradılır və deyiləsi gerçək sözü
anladır. Ancaq buradakı əvəzedici söz (eyham) həmişə anlaşılan olur; atmacada
işlənən eyhamlı əvəzedicini incələyib, geriyə qayıdaraq, deyiləsi gerçək sözü asanlıqla
tapmaq olmasaydı, onda bu atmacanın heç bir dəyəri də olmazdı. Ancaq
yuxugörmədəki eyham bildirən əvəzedici sözlərdə bu iki özəllik yoxdur.
Yuxugörmənin gizli qalan gerçək anlamı bu eyhamlı əvəzedicilərlə olduqca üzdən və
zəif bağlanır, ona görə də anlaşılmaz olur, eləcə də onu yozmağa çalışanda uğursuz
deyilmiş atmaca təsiri bağışlayır. Bu görünüşü, güclə formaya salındığından,
yapışıqsız görünən saç düzümü ilə də tutuşdura bilərsiniz, yəni belə eyhamlar
yarıtmaz olur və onların bütün durumlarda dəyişdirilib işəyarar bir formaya
salınmasına, onlar üçün daha anlamlı əvəzedicilər tapılmasına gərək duyulur. Bəlli
olduğu kimi, senzura öz məqsədinə çatmaq üçün üzə çıxan eyhamdan onun gerçək
anlamına aparan yolu bütünlüklə qaranlığa bürüyüb keçilməz eləməyə çalışır.
Burada atmacalarda yararlı olan, deyilən sözdə vurğunun yerini dəyişmək isə
büsbütün yoxdur. Ayıqlıq çağında biz sözdə vurğunun yerini dəyişməkdən çox vaxt
komik effekt yaratmaq üçün yararlanırıq, yuxugörmədə isə bununla qarşılaşmırıq.
Yuxugörmənin yaratdığı yanlışlığın doğurduğu təəssürat, indi sizə danışacağım bu
lətifədən alacağınız təəssürata çox oxşayır: Kəndin dəmirçisi çox ağır cinayət
törətmişdi və buna görə onu ölüm cəzası gözləyirdi. Məhkəmə onun cinayəti ilə bağlı
belə bir qərar çıxardı: ona bu cinayətinə görə ölüm cəzası verilməlidir, ancaq bu
kənddə ondan başqa bir dəmirçi olmadığından və kənddə üç dərzi olduğundan, bu
dərzilərdən biri dəmirçinin yerinə dar ağacından asılmalıdır.
Yuxugörmənin gördüyü işin ortaya çıxardığı üçüncü sonuc psixoloji baxımdan
daha maraqlıdır. Bu işin gedişində düşüncələr görünən obrazlara çevrilirlər. Düzdür,
düşüncələrin hamısı yuxugörmədə belə görünən obrazlara çevrilmir və öz formalarını
saxlayaraq elə yuxugörmədə də düşüncə və yaxud bilgi kimi ortaya çıxır; eləcə də
düşüncələr yuxugörmədə təkcə elə görünən obrazlara çevrilmirlər. Ancaq
düşüncələrin bu cür görünən obrazlara çevrilməsi yuxugörmələrin yaranmasında çox
önəmli faktorlardan biridir; yuxugörmənin bu işi, bəlli olduğu kimi, yuxugörmələrin
ikinci gözəçarpan özəlliyidir, yuxugörmənin ayrı-ayrı elementlərinin araşdırılmasında
biz artıq sözlərin görünən təsvirlərə çevrilməsi ilə qarşılaşmışıq.
Bu işin asan başa gəlmədiyi bəllidir. Yuxugörmənin işinin bununla necə çətin bir
iş gördüyünü dəyərləndirmək üçün belə bir durumu təsəvvürünüzə gətirin: siz hansısa
qəzetin baş səhifəsində verilmiş bir siyasi yazını götürüb onun bütün mətnini
illüstrasiyalara çevirib oxuculara çatdırmaq istəyirsiniz, daha doğrusunu desək,
hərflərlə verilmiş yazını rəsmlərin yardımı ilə verilən bir yazıya çevirməyə
çalışırsınız. Bu yazıda adları çəkilən insanları və konkret predmetləri siz çox asanlıqla
illüstrasiyalara çevirə bilərsiniz, ancaq mətndəki abstrakt sözləri, durğu işarələrini,
bağlayıcıları, habelə cümlənin sözləri arasında məntiqi bağlılıq yaradan başqa
qrammatik işarələrini təsvir eləmək istəyəndə olduqca çətin problemlərlə
üzləşəcəksiniz. Abstrakt sözləri təsvir eləyə bilmək üçün siz çoxlu düşünülmüş yeni
üsullar yaradıb onlardan yararlana bilərsiniz. Bunun üçün də siz qarşınızdakı mətni
başqa sözlərin yardımı ilə dəyişib öz işinizə yarayan, yəni sözlərin illüstrasiyalarla
çevrilə biləcəyi şəklə salmağa çalışacaqsınız, bu vaxt mətn qeyri-adi bir şəklə düşsə
də, buradakı sözlərin anlayışları rəsmlərə çevrilə bilən konkretlik qazanacaqdır. Bu
işin gedişində siz abstrakt sözlərin çoxusunun konkret sözlərin anlamlarının
dumanlanmasından yarandığını da xatırlayacaq və bacardıqca bu abstrakt sözlərin
yerinə onların ilkin anlamlarını bildirən sözləri işlətməyə çalışacaqsınız. Beləliklə də,
tutalım, siz nəyəsə yiyələnməyi (Besitzen) fiziki anlamda onun üstündə oturmaq
(Daraufsitzen) kimi təsvir edəcəksiniz. Bax elə yuxugörmə də, öz çevirmələrində belə
davranır. Siz mətni illüstrasiyalara çevirəndə sözlərin rəsmlərə çevrilməsindən alınan
təsvirlərə vasvasılıqla yanaşmayacaqsınız. Elə isə, gəlin yuxugörmənin təsvirlərindəki
bu qeyri-dəqiqlikləri də çox çək-çevirə salmayın, tutalım, yuxugörmə evlilikdə olan
ərlə arvaddan birinin o birisinə dönüklüyünü (Ehebruch), başqa sözlə desək, sevgi
bağlarının qırılmasını hansısa başqa bir qırılma ilə (Bruch), ayağın sınması
(Beinbruch)
5
ilə təsvir eləməyə çalışırsa, bunu qınaqla qarşılamayın.
Ona görə mən də hərflərlə verilmiş sözləri çevirməyə çalışan rəsm dilinin
gücsüzlüyünü, necə olsa da, bağışlayacağınızı umuram.
Bəlli olduğu kimi, danışıqda məntiqi ilişkilər yaratmaq üçün işlədilən ona görə
də, bunun üçün də, ancaq kimi nitq hissələrini göstərə bilmək üçün illüstrasiyalar
tapmaq mümkün deyildir; ona görə də danışığı rəsmlərin yardımı ilə çevirəndə bu nitq
hissələrinin yeri boş buraxılacaqdır. Elə bunun kimi, yuxugörmənin işi də
yuxugörmənin gizlin qalan gerçək məzmunundakı bir çox obyektlərin və davranışların
üstündən keçib onların yerini boş saxlayır. Elə sizin özünüz də, ümumilikdə qaranlıq
qalan hansısa təsvirlərin arasındakı ilişkiləri aydınlaşdırmaq üçün ən kiçik ipucu
tapmaqla, buradakı bir sıra incəlikləri açıqlaya bilməyi sevinclə qarşılardınız.
Yuxugörmənin işi də, yuxugörmənin gizli məzmunundan hansısa elementləri
yuxugörmənin açıq məzmununa, formal şəkildə olsa belə, gətirməyə çalışır, bunun
üçün əli çatan fraqmentlərdən bacardığı kimi yararlanır. Yuxugörmənin açıq
məzmunundakı bölmələrin sayı yuxugörmənin gizli məzmunundan bölünərək
götürülmüş olayların və düşüncələrin sayı ilə eyni olur; yuxugörmənin başlanğıcında
isə sonradan gələn bütöv yuxugörmənin məzmunu ilə ilkin tanışlıq baş verir; bir sözlə,
yuxugörmənin gizli məzmununda ifadə olunan bölmələr açıq yuxugörmədə öz
sıralarını gözləyərək səhnəyə çıxırlar. Ona görə də yuxugörmənin formasını heç vaxt
önəmsiz saymaq olmaz və bu formanın özü də yozulmalıdır. Bir gecədə baş verən bir
neçə yuxugörmələr çox vaxt hamılıqla eyni bir anlam daşıyır və bu yuxugörmə onu
doğuran qıcığın artan gücünü daha yaxşı yönəldə bilməyə çalışır. Habelə bir
yuxugörmənin içindəki çox mürəkkəb element də bir neçə simvolun yardımı ilə təsvir
edilə bilər.
Yuxugörmənin gizli anlamını onun açıq yuxugörmədəki əvəzedicisi ilə
tutuşdurmaqda davam etdikcə biz qavramağa hazır olmadığımız durumlarla üzləşirik,
örnək üçün, sən demə, yuxugörmədəki anlamsızlıqlar və bayağılıqların da öz
anlamları varmış. Elədir, bu durumda artıq yuxugörmənin tibbi və psixoanalitik
anlamları arasındakı ziddiyyət son həddə kimi kəskinləşir. Tibbi baxımdan, yatmış
insanın psixi fəaliyyəti özünün tənqidi yanaşma bacarığını itirdiyindən, yuxugörmə də
anlamsızlıqdır; bizim baxışımız isə bunun tərsinədir: yuxugörməni anlamsız eləyən
onun gizlin anlamına tənqidi yanaşmadan doğularaq açıq yuxugörməyə çevrilən
təsvirlərdir. Sizə bəlli olan, teatra getməklə bağlı olan yuxugörmə (1 fl. 50 kr. ilə üç
bilet almaq) buna tutarlı bir örnək sayıla bilər. Yuxugörmənin bu elementindəki
anlamsızlığın açması belədir: ərə getməyə tələsmək anlamsızlıq imiş.
Eynilə bunun kimi, biz yuxugörmələri yozarkən yuxugörənlərin öz yuxularındakı
bəlli bir elementə şübhə ilə yanaşmaları, “görəsən, yuxuda onu, yoxsa bir başqa
elementi gördükləri” üzərində baş sındırıb inamsızlığa qapıldıqları ilə sıx-sıx
üzləşirik. Bəlli olduğu kimi, bu şübhə və inamsızlıqları yuxugörmənin gizli qalan
anlamı ilə heç nə bağlamır; bütün bu inamsızlıqları doğuran yuxugörmənin
senzurasıdır və o bu yolla yuxugörmənin bu elementini bütünlüklə unutdurub yox
eləməyə çalışır.
Buradakı ən sarsıdıcı tapıntı isə yuxugörmənin işinin yuxugörmənin gizli
məzmunundakı ziddiyyətləri necə təsvir eləməsi üsuludur. Biz artıq yuxugörmənin
gizlin məzmunundakı uyğunluqlar və üst-üstə düşmələr üçün açıq yuxugörmədə
qatılaşma yolu ilə əvəzedicilər yarandığını bilirik. Yuxugörmənin işi gizlin
məzmundakı ziddiyyətlərlə də eyni cür davranır, onları yuxugörmənin gedişində
kəskin vurğulanan eyni bir elementdə toplayır. Açıq yuxugörmədə əks anlam daşıyan
bir element burada, eyni zamanda, özünün də, özünə əks olan elementin də, daşıyıcısı
ola bilər, habelə bunların ikisinin də birdən daşıyıcısı da ola bilər; ona görə də
yuxugörmənin gizlin qalan məzmununu sonacan öyrənmədən bu elementin də düzgün
anlamını öyrənmək mümkün deyildir. Bunun səbəbi isə yuxugörmədə “yox” anlamı
daşıyan sözün birbaşa təsvir oluna bilməməsi ilə bağlıdır, bu isə belə bir məzmunun
ikibaşlı anlam daşıyan təsvirlərlə verilməsinə gətirib çıxarır.
Yuxugörmənin gördüyü işin bu qəribəliyinə uyğun gələn ürəyəyatımlı örnəyi biz
dillərin inkişafını izləməklə tapa bilərik. Dilçilərin bir çoxunun bildirdiyinə görə, ən
əski çağdakı dillərdə güclü-gücsüz, işıqlı-qaranlıq, böyük-kiçik kimi əksanlamlı sözlər
eyni bir sözlə deyilmişdir. Tutalım, əski Misir dilində ken sözü güclü və gücsüz
sözlərinin ikisini də bildirmişdir. Belə ikianlamlı sözü işlədərkən anlaşılmazlıqdan
qaçmaq üçün bu sözü deyəndə, yerinə görə, intonasiyadan və jestdən (əlin özəl
hərəkətindən) yararlanmışlar, yazıda isə bu sözü bildirən ieroqlifə oxunmayan bir
rəsm artırılmışdır. Ken sözü güclü anlamını bildirəndə onun yazıldığı hərflərdən sonra
yerdə oturmuş bir insan rəsmi çəkilmişdir; ken gücsüz anlamında işlənəndə onun
yazıldığı hərflərdən sonra çömbəlmiş insan rəsmi verilmişdir. Sonradan bu sözdə
yüngülcə dəyişiklik aparmaqla onun əksanlam daşıyan bu sözləri bildirməsindəki
anlaşılmazlığı aradan qaldırmışlar. Beləliklə də, ken sözünü güclü anlamında işlətmiş,
“gücsüz” anlamını bildirmək üçün kan sözünü işlətmişlər. Əksanlamlı sözlərin bir
sözlə bildirilməsi və yazılması təkcə elə əski çağ dillərində olmamışdır, belə faktlarla
çox da uzaq olmayan keçmişdə yaranmış dillərdə də, eləcə də, indiki danışılan dillərin
bir çoxunda da üzləşmək olar. İndi isə dilçi alim K.Abelin 1884-cü ildə yazdığı
kitabından bununla bağlı bir neçə örnəyi diqqətinizə çatdırmaq istəyirəm:
Latın dilində belə əksanlam daşıyıcısı olan sözlərdən altus (uca-alçaq) və sacer
(müqəddəs – murdar) kimi sözləri göstərmək olar. Bu kitabda bir kökdən yaranan
əksanlamlı sözlər də xatırlanır: clamare – qışqırmaq, clam – zəif, sakit, gizli; siccus –
quru, succus – şirəli, sulu. Bu deyilənlərlə bağlı alman dilində də örnək tapmaq olar:
Stimme – səs, stimm – lal. Bir kökdən olan dilləri tutuşduranda da belə uyğunluqlar
tapmaq olar. İngiliscədə lock – örtmək anlamı verir, almancada buna uyğun gələn
Loch sözü deşik, Lücke sözü isə, lyuk – dərin çuxur anlamındadır. İngiliscədə cleave
– parçalamaq, almancada isə kleben – yapışdırmaq anlamı verir.
İngiliscədəki without sözü əski çağlarda olan və olmayanı bildirən anlam
daşımışdır, ancaq indi yalnız olmayanı bildirir; with sözü şəkilçisiz işlənəndə dartıb
əlindən almaq anlamı daşıyır, onun mürəkkəb withdraw sözünə çevrilməsindən isə
geriyə çəkmək, geri almaq anlamı yaranır, habelə withhold sözü boyun qaçırmaq,
dayandırmaq anlamlarını verir. Alman dilindəki wieder sözü də belə anlamların
yaradıcısı kimi özünü göstərir.
Dillərin inkişafında özünü göstərən bir özəlliklə yuxugörmənin işinin daha bir
özəlliyi arasında uyğunluq vardır. Əski Misir və tarixcə ona yaxın olan dillərdə
sözlərdəki hərflərin tərsinə düzülüşündən də bu sözlərlə eyni anlamlı sözlərin
yaranması faktları özünü göstərir. Buna uyğun örnəklər bugünkü ingilis və alman
dillərində də qalmaqdadır: Topf – pot (bardaq); boat – tub (qayıq); hurru (tələsmək) –
ruhe (dinclik, tərpənməz); balken (dirək, tir) – kloben (odun, kötük).
Latın və alman dillərində isə belə örnəklər göstərmək olar: capere – packen
(tutmaq); ren – niere (böyrək).
Burada ayrı-ayrı sözlərdə özünü göstərən tərsinə çevrilmələrə oxşar olan olayları
yuxugörmənin işi fərqli üsullarla yerinə yetirir. Yuxugörmədə düşüncələrin özü ilə
tərs olan düşüncələrə çevrilməsini biz artıq bilirik. Bundan başqa da, yuxugörmələrdə
situasiyaların, iki insan arasındakı münasibətlərin də belə tərsinə çevrilmələri baş
verir, elə bil, hər şeyin tərsinə baş verdiyi bir dünya “yaranır”. Yuxugörmələrdə
dovşanın ovçuya güllə atması sıx-sıx baş verən olaylardandır. Burada daha sonra
olayların baş vermə ardıcıllığının yerinin dəyişdirilməsi ilə də üzləşirik, görürsən,
gerçəklikdə hansısa olayı doğurmuş səbəb özünün doğurduğu bu olaydan sonra ortaya
çıxır. Bunu pis teatr truppasının tamaşasına oxşatmaq olar: öncə əsərin qəhrəmanı
ürəyini tutub yıxılır, bundan sonra isə səhnə arxasından onu öldürmək üçün atılmış
güllənin səsi gəlir. Yaxud da bütün gedişi baş-ayaq baş verən yuxugörmələr də olur,
bu yuxugörməni yozmaq üçün gərək sonuncu elementdən başlayaraq bütün
elementləri tərsinə düzəsən. Yuxugörmənin simvollarını öyrənəndə belə bir olayla
üzləşdiyimizi unutmazsınız: orada suya yıxılmaqla sudan çıxmaq eyni anlamlı
simvollar kimi özünü göstərirdi, bunun ikisi də doğuluşu bildirirdi, yaxud da
nərdivanla qalxmaq da, düşmək də eyni anlamda idi. Görünür, təsviretmədə belə
özbaşınalıqlara əl atılması bunların yuxugörmənin korlanması işinə yaradığı üçündür.
Yuxugörmənin işinin belə özəlliyini arxaiklik adlandırmaq yerinə düşərdi. Belə
bir özəllik eyni ilə əski çağların danışıq və yazı dilində də özünü qabarıq olaraq
göstərməkdədir və bununla bağlı yaranan çətinliklər də bir-birinə çox yaxındır. Biz
bütün bunlardan bir az sonra verəcəyimiz tənqidi icmalda geniş danışacağıq.
İndi isə deyilənlərlə bağlı daha bir neçə baxışı gözdən keçirək. Yuxugörmənin işi,
başlıca olaraq, yuxugörmənin gizlin qalan məzmunundakı düşüncələri duyğulara və
görünən obrazlara çevirməkdir. Bizim düşüncələrimizin özü də elə duyğulardan və
duyğuların doğurduğu obrazlardan yaranmışdır; düşüncələrimizin yarandığı ilkin
materiallar duyğuların buraxdığı təsirlər, daha doğrusunu desək, yaşadığımız
duyğularla bağlı yaranan obrazlı xatirələr olmuşdur. Sonradan isə bunlar sözlərlə,
daha sonra isə düşüncələrlə ifadə olunmağa başlamışlar. Beləliklə də, yuxugörmənin
işi düşüncəni, keçdiyi inkişaf yolu ilə gəlib çatdığı yerdən qoparıb geriyə sürükləyir,
onun bu inkişaf yolunda qazandığı, duyğuların və xatırlanan obrazların düşüncəyə
çevrilməsi kimi üstünlüyünü yox eləməyə çalışır.
Yuxugörmənin işi belədir. Bu işi öyrəndiyimiz zaman qarşılaşdığımız prosesləri
izlədikcə yuxugörmənin açıq məzmununa olan maraq arxa plana keçmiş olur. Ancaq
yuxugörmələri arayıb öyrənmək üçün bizə bəlli olan material təkcə bu açıq
yuxugörmə olduğu üçün mən onunla bağlı bir-iki düşüncəmi də bildirmək istəyirəm.
Sözsüz, indiyədək öyrəndiklərimiz açıq yuxugörmənin dəyərini bizim üçün çox
azaldır. Bu yuxugörmənin yaxşı qurulması, yoxsa onun elementlərinin bir-biri ilə çox
pis ilişkilərlə bağlanması da artıq bizə önəmli görünmür. Açıq yuxugörmə üzdən
anlamlı görünəndə belə, biz bu anlamın yuxugörmənin gizli qalan anlamının
korlanmasından yarandığını və yanlışlıqlarla dolu olduğunu bilirik, habelə açıq
yuxugörmədəki məzmunun gizlin qalan anlamla bağlı olmadığını da anlayırıq, belə
demək olarsa, italyan kilsəsinin fasadı onun quruluşu və silueti ilə necə az bağlıdırsa,
açıq yuxugörmədəki məzmun da yuxugörmənin gizlin qalan anlamı ilə onun kimi
bağlıdır. Bir sıra durumlarda yuxugörmənin fasadı hansısa bir anlam daşıyır və
yuxugörmənin gizlin məzmununun az korlanmış, yaxud da heç korlanmamış
bölümlərini ortaya çıxarır. Ancaq biz bunu da yuxugörməni yozmadan, onun haracan
korlandığını aydınlaşdırmadan öyrənə bilmirik. Elə yuxugörmənin bir-biri ilə sıx bağlı
olan istənilən iki elementinə yanaşmada da belə şübhələr ortaya çıxır. İlk baxışda elə
görünə bilər, sanasan, bu iki bir-biri ilə bağlı olan element yuxugörmənin gizlin
məzmununda da sıx bağlılığı olan məqamların daşıyıcılarıdır, ancaq yuxugörmənin
yozumunun gedişində bu elementlərin bir-biri ilə bağlı olduqları görünsə də,
yuxugörmənin gizli məzmununda bu elementlərin gerçək anlamları çox vaxt bir-biri
ilə bağlı olmur.
Bir sözlə, açıq yuxugörmənin bir bölümünü onun başqa bir bölümünə əsaslanaraq
aydınlaşdırmaqdan çəkinmək gərəkdir, açıq yuxugörmə heç də bir-biri ilə məntiqi
bağlılığı olan elementlərdən qurulmur. Yuxugörmənin açıq məzmununu haradasa
təbiətdə qarşılaşdığımız berekçi adlanan süni mərmərə bənzətmək olar. Bu zaman
təbiətdə gedən proseslər müxtəlif daşların parçalarını birləşdirib, üzdən bütöv görünən
bir material yaradır və bu birləşmədəki müxtəlif daşlar ümumi mənzərənin içində
özlərinin ilkin görünüşlərini də, özəlliklərini də itirirlər. Doğrudan da, yuxugörmənin
işinin gedişində ikinci emal (sekundere Bearbeitung) deyilə bilən bir bölmə də vardır
və bu bölmədə yuxugörmənin işi özünün son gördüyü işləri birləşdirib harmonik və
bütöv şəklə salmağa çalışır. Özü də yuxugörmənin bunun üçün yararlandığı
materialların bir çoxu heç bir anlam daşımır, yalnız yaranmış hansısa boşluğu
doldurmaq üçün götürülür.
Başqa bir yandan da yuxugörmənin işinə aşırı dəyər vermək, ona güvənmək də
olmaz. Onun öz işini görmək üçün yararlandığı üsullar da azsaylıdır; yuxarıda
sadaladığımız qatılaşdırmaq, qarışdırmaq, söz və düşüncələri görüntülərə çevirmək və
ikinci emalla uyğunsuzluqlar yaratmaqdan başqa, onun əlindən ayrı bir iş gəlmir.
Eləcə də, birdən yuxugörmədə özünü göstərən ağlabatan mühakimələr, tənqidi
yanaşmalar, təəccüblənmələr, hansısa sonuclara gəlmək kimi hallar da yuxugörmənin
gördüyü işlərin sonucu deyildir, bütün bu elementlər yuxugörmənin gizlin anlamının
yuxugörmədəki olayların gedişinə müdaxiləsindən, onun bir sıra elementlərinin açıq
yuxugörməyə adlaya bilməsindən yaranır. Yuxugörmənin işi yuxugörmənin gedişində
danışıq da yarada bilmir. Çox az durumları çıxmaqla, baş verən bu danışıqlar
yuxugörənin bu yuxunu gördüyü gün özünün dediyi, yaxud da kimdənsə eşitdiklərini
yamsılamasından törəyir, bu danışıqlar isə yuxugörmənin gizlin məzmununda yer alıb
yuxugörməni törədən qıcıqlara qarışır. Elə bunun kimi də, yuxugörmənin işi
hesablama da apara bilmir; yuxugörmənin açıq məzmununda qarşılaşılan bütün
hesablamaya oxşayan nə varsa hamısı anlamsızdır və onların da qaynağı
yuxugörmənin gizli məzmunudur. Ona görə də buradakı qarşılıqlı münasibətlərdə
özünü göstərən bütün maraqların açıq yuxugörmədə az, ya çox dərəcədə korlanaraq
üzə çıxan faktlarını izlədikcə onların yuxugörmənin gizli məzmununa doğru
yönəlməsi təəccüblü deyildir. Ancaq bu qarşılıqlı münasibətlərin çox uzağa gedib
nəzəri baxımdan yuxugörmənin gizlin məzmununun bütünlüklə açıq yuxugörmənin
yerinə qoyulmasına gətirib çıxardığını və gizli məzmunda nə varsa hamısının
korlanmış şəkildə açıq yuxugörməyə keçdiyini də düşünmək doğru olmazdı. Necə
qəribə görünsə də, belə qarşılaşdırma və qarışdırma prosesi psixoanalitikanın gəldiyi
sonucları düzgün olmayan yönə çəkib apara bilər. Ona görə də yuxugörmə dedikdə
yalnız yuxugörmənin işinin nəticəsi anlaşılmalıdır, daha doğrusu, yalnız yuxugörməni
doğuran gizlin məzmunun yuxugörmənin işi ilə çevrildiyi formaya yuxugörmə deyilə
bilər.
Yuxugörmənin işi olduqca özgün (orijinal) bir prosesdir, indiyədək aparılan elmi-
psixoloji araşdırmalarda insan ruhunda buna bənzər başqa bir olayın tapılması bəlli
deyildir. Onun öz işində yararlandığı qatılaşma, qarışdırma, düşüncələri geriyə
sürükləyib onları görüntülərə çevirmə kimi özəlliklər psixoanalizin öyrənməyə
başladığı və bir sıra bəlli uğurlar qazana bildiyi yeni obyektlərdir. Burada apardığımız
tutuşdurma örnəklərinin köməyi ilə siz, habelə psixoanalitik araşdırmalarla başqa
oblastlar arasında hansı ilişkilərin yarana biləcəyini də gördünüz, bu ilişkilərin ən
güclü olduğu oblastlar isə, göründüyü kimi, danışıq və düşüncədir. Ortaya
qoyduğumuz psixoanalitika adlanan baxışın başqa önəmli cəhətlərini siz bir az sonra,
yuxugörmənin yaranma mexanizminin nevrotik simptomların yaranması mexanizmi
ilə uyğunluqlarını öyrənəndə biləcəksiniz.
Araşdırmalarımızda tapdığımız bu yeniliklərin psixologiyanın işinə necə
yarayacağını hələlik yetərincə anlaya bilmədiyimizi mən də yaxşı bilirəm. Biz bu
çalışmalarımızla şüurdışında baş verən psixoloji olayların varlığını sübut eləmək üçün
daha yeni arqumentlər tapmaq istəyirik, axı yuxugörmənin gizlin qalan məzmunu elə
bu şüurdışındakı olaylardan ibarətdir, habelə şüurdışındakı psixoloji yaşantılarla bağlı
belə gözlənilməz və geniş biliklər ala bilməyimiz yuxugörmələri uğurla yoza
bilməyimiz üçün çox önəmlidir.
İndi isə yuxugörmələrlə bağlı ayrı-ayrı örnəkləri sizinlə birgə incələməyin
vaxtıdır, elə düşünürəm, indiyədək öyrəndikləriniz belə bir işi görə bilmək üçün
yetərlidir.
5 Kitabı çapa hazırlayarkən bu vərəqdə yazılanları bir də gözdən keçirəndə,
gözlənilmədən, qəzetdə bir yazı gözümə sataşdı. Bu yazı, elə bil, mənim yuxarıda
dediklərimi doğrultmaq üçün yazıldığından, onu burada oxucuların diqqətinə
çatdırıram.
TANRININ CƏZASI (evlilikdəki dönüklüyə görə qolun sınması) (Armbruch
durch Ehebruch)
Könüllü döyüşçülərdən birinin xanımı olan Anna M. Klimentina K. adlı qadını
onun ərini yoldan çıxarmaqda suçlamışdı. Onun deməsinə görə, Klimentinanın əri
savaşdadır və oradan ona hər ay yetmiş kron pul da göndərir, ancaq bu qadın Anna
M.-in əri Karl M.-dən də pul qoparır. Klimentina onun ərinin pullarını əlindən
çıxardığına görə Anna M. öz körpə uşağı ilə aclıq və sıxıntı içində yaşayır. Anna M.-
in ərinin döyüşçü yoldaşlarının deməsinə görə, Klimentina ilə onun əri hər gün
restorana gedib orada gecə yarısına kimi əylənirlər. Bir dəfə Klimentina ərinin
döyüşçü yoldaşlarının yanında utanıb-qızarmadan ondan soruşubmuş: sən haçan bu
“qoca qarı”nı atıb mənim yanıma köçəcəksən? Klimentinanın yaşadığı evdə qapıçı
işləyən kişinin xanımı da bir neçə dəfə Annanın ərinin Klimentinanın mənzilində ev
paltarında olduğunu görübmüş.
Dünən Leopoldştatda keçirilən məhkəmədə Klimentina Annanın ərini
tanımadığını və buna görə də onunla heç bir intim ilişkisinin ola bilməyəcəyini deyib.
Ancaq məhkəmədə şahidlik eləyən Albertina M. bir dəfə gözlənilmədən Klimentina
ilə Karlın öpüşdüklərini gördüyünü deyib.
Məhkəmə istintaqında şahid qismində dindirilən Karl M. də Klimentina ilə heç
bir intim ilişkisinin olmadığını bildirmişdi. Ancaq dünənki məhkəmədə Karl M.-in
xəstəxanadan göndərdiyi məktub oxunub, o bu məktubunda yazır: “Mən məhkəmə
istintaqı zamanı verdiyim ifadədə yalan danışdığımı boynuma alıram, mənim bu ilin
iyun ayına kimi Klimentina ilə intim sevgi ilişkilərim olubdur. İstintaqa yalan ifadə
verməyimə gəlincə, mən istintaqa çağırılanda Klimentina qarşımda diz çöküb
yalvararaq, onu bu suçlamadan qurtarmaq üçün sözün düzünü deməməyə çağırmışdı.
Mən indi sağ qolumu sındırandan sonra bunun xanımıma dönüklük elədiyim üçün
Tanrının göndərdiyi cəza olduğunu anladığımdan suçumu boynuma alıram”.
Məhkəmə törədilən suçun baxılması üçün müəyyən olunmuş vaxtın keçdiyini
bildirəndən sonra Anna M. öz şikayətini geri götürmüş və beləliklə də, məhkəmə
Klimentina K.-ya bəraət vermişdir.
5 Kitabı çapa hazırlayarkən bu vərəqdə yazılanları bir də gözdən keçirəndə,
gözlənilmədən, qəzetdə bir yazı gözümə sataşdı. Bu yazı, elə bil, mənim yuxarıda
dediklərimi doğrultmaq üçün yazıldığından, onu burada oxucuların diqqətinə
çatdırıram.
Dostları ilə paylaş: |