(Maeder, 1912-ci il). Biz artıq belə bir yanaşmada yuxugörmənin açıq məzmunu ilə
onun gizli məzmununun qarışdırılmasının, daha doğrusu, yuxugörmənin işinin
danılması kimi bir yanlışlığın olduğunu göstərmişik. Şüurdışında yaranan
düşüncələrin özəlliklərini dəyərləndirməyə çalışmaq baxımından bu baxışlar yenilik
sayıla bilməsə də, bu yanaşmada doğruluq çalarları da yox deyildir, doğrudan da,
şüurdışında yaranan çoxlu düşüncələrin içində gələcək davranışlara yönəlik olanları
da vardır. Bundan da kobud yanlışlıq, hər bir yuxugörmənin arxasında “ölümlə
barışmaq” (Todesklausel) duyğusunun dayandığını irəli sürən baxışda (Stekel, 1911-ci
il) özünü göstərir. Mən bu formulu irəli sürənlərin nə demək istədiklərini sonacan
anlaya bilməsəm də, onların yuxugörməni bütövlükdə yuxugörən kimsənin şəxsiyyəti
ilə əvəz eləməyə cəhd elədiklərini düşünürəm.
Belə yanlış baxışların içində barışdırıcılıq yolu tutanları da vardır və onların
düşüncəsinə görə, hər bir yuxugörmənin iki yozumu ola bilər, bunlardan biri, bizim
göstərdiyimiz psixoanalitik yozumdur, ikincisi isə, analoji yozumdur və burada
yuxugörməni yozanda hansısa ehtirasların oynaya biləcəyi rol danılır, yuxugörmə
insanın ali ruhani fəaliyyəti kimi anlaşılır (Silberer, 1914-ci il). Düzdür, seksual
istəklərin yer almadığı yuxugörmələr də vardır. Ancaq belə bir baxışa arxalananların,
təkəmseyrək örnəklərə görə, öz baxışlarının bütün yuxugörmələr üçün düzgün
olduğunu göstərməyə çalışmaları doğru sayıla bilməz. Bütün bu deyilənləri eşidəndən
sonra bütün yuxugörmələrin biseksuallığa görə yozulmalı olduğunu irəli sürən baxış,
elə bilirəm, sizə büsbütün anlaşılmaz görünəcəkdir. Bu baxışa görə, yuxugörmələrdə
kişi və qadın ehtirasları bir-biri ilə qovuşub yuxugörənin kimliyində birgələşirlər
(Adler, 1910-cu il). Düzdür, belə yuxugörmələr də vardır və bir azdan siz bu sayaq
yuxugörmələrin isterik simptomların yaranması mexanizminə çox yaxın bir tərzdə
yarandığını da öyrənəcəksiniz. Yuxugörmənin özəllikləri ilə bağlı irəli sürülən bu
yenilikləri diqqətinizə çatdırmaqda başlıca məqsədim sizi bu yanlışlıqlara
qapılmaqdan çəkindirməkdir, habelə mən onlarla bağlı nə düşündüyümü açıqlamaqla
sizi birdən mənim də bunlara oxşar hansısa baxışlarımın ola bilməsini düşünməkdən
çəkindirmək istəyirəm.
4. Yuxugörmələrin öyrənilməsinin obyektiv dəyərinə inamsızlıq yaradan belə bir
baxış da ortaya çıxmışdı: sən demə, yuxugörmələri araşdırmaq üçün ən çox müalicə
alan xəstələrin yuxugörmə örnəkləri götürülür və bu xəstələr də onları müalicə eləyən
həkimlərin aşıladığı nəzəriyyələrin təsiri altına düşərək bu yönümlü yuxular görməyə
başlayırmışlar; elə buna görə də, onlardan birisi, seksual yönümlü, başqası
hakimiyyətə can atmaqla bağlı, üçüncüsü, yenidən doğulma ilə bağlı yuxular
görürlərmiş. Bu baxışın heç bir dəyərinin olmadığını sübut eləmək çətin deyildir,
birincisi, bu insanların psixoanalitik müalicə almamışdan öncə gördükləri çoxlu
yuxular da araşdırma mövzusudur, ikincisi, bu xəstələr yuxu görməyi psixoanalitik
müalicənin təsiri ilə öyrənməmişlər, bu bütün insanlarda olan bir özəllikdir. Bu
baxışların faktiki tərəfinə gəlincə, burada da yuxugörmə nəzəriyyəsi üçün dəyərli
sayıla biləcək bir nəsnə yoxdur. Yuxugörmənin yaranmasında rol oynayan
faktorlardan biri olan gündəlik yaşantıların qalıqları ayıqlıq çağının yaşam maraqları
ilə sıx bağlı olur. Birdən müalicə alan xəstə həkiminin danışıqlarını və göstərişlərini
yüksək dəyərləndirməyə başlayırsa, onlar da xəstənin gündəlik yaşantılarının qalıqları
sırasında yuxugörmənin yaranmasında rol oynaya bilər, ancaq yuxugörmə yaradan
belə qıcıqlar da, gündəlik yaşantıların başqa növ qalıqları kimi, cismani qıcıqlar
yaratmaqdan o yana keçə bilmir. Deməli, həkimin danışıq və göstərişlərindən
yaranmış düşüncələrin açıq yuxugörmədə özünü göstərməsində və yuxuyozmanın
gedişi zamanı yuxugörmənin gizli məzmununda üzə çıxmasında heç bir qeyri-adilik
yoxdur. Biz artıq sınaq yolu ilə yuxugörmə yaratmağın, daha doğrusunu desək, bu
yolla yuxugörməyə hansısa bir elementi artırmağın mümkünlüyünü bilirik. Yuxarıda
Mourli Voldun yatan kimsədə cismani qıcıqlar yaratmaqla onda yuxugörmə
doğurmasından danışmışdıq, elə psixoanalitikin danışdıqlarının yuxugörmə yarada
bilməsi də buna uyğundur.
Yatmış birisinə yuxu görməyi aşılamaq olar, ancaq onun bu yuxusunda nəyi
görməsini ona aşılamaq mümkün deyildir. Yuxugörmənin iş mexanizmi və onun
şüurdışı istəkləri heç bir yad təsirin altına düşmürlər. Cismani qıcıqların təsiri ilə
yaranan yuxugörmələri araşdıranda biz cismani və psixi qıcıqlara yuxugörmənin
müstəqil və özünəməxsus bir şəkildə cavab verdiyini öyrənmişdik. Beləliklə də, bizim
yuxugörmələri yozmaqda yararlandığımız texnikaya inamsızlıq aşılamağa çalışan bu
baxışın da yanlış olduğu, habelə bu yanlışlığın yuxugörmə ilə yuxugörmə materialını
bir-biri ilə qarışdırmaqdan yarandığını aydınlaşdırdıq.
Bax yuxugörmənin problemləri ilə bağlı sizə demək istədiyim bunlardır, dəyərli
xanımlar və bəylər. Siz mənim danışıqlarımda bir sıra şeyləri buraxdığımı da, az qala,
bütün sorğulara yarımçıq cavab verdiyimi də çox yaxşı anlayırsınız. Bunun səbəbi,
yuxugörmə ilə nevroz fenomenlərinin bir-biri ilə çox sıx qarşılıqlı ilişkilərinin olması
ilə bağlıdır. Biz yuxugörmələri nevrozlar nəzəriyyəsinə giriş kimi öyrəndik, əksini
eləsəydik bu, doğru olmazdı. Beləliklə də, yuxugörmələrin öyrənilməsi nevrozları
yaxşı anlamaqda yardımçı olduğu kimi, nevrotik olayların öyrənilməsi də
yuxugörmələri daha düzgün dəyərləndirmək işinə yarayır.
Sizin nə düşündüyünüzü deyə bilmərəm, ancaq mən yuxugörmənin problemləri
ilə bağlı sizinlə belə çox danışmağıma, sizin diqqətinizi çox uzun bir müddət onlara
yönəltməyimə heyifsilənmirəm. Mənə elə gəlir, başqa heç bir elm sahəsindəki
mülahizələrin doğruluğuna inanmaq psixoanalizdə olduğu qədər uzun vaxt istəmir.
Burada, tutalım, nevroz xəstəliyində özünü göstərən hansısa əlamətin anlamı
olduğunu, hansısa niyyətə qulluq elədiyini, xəstənin yaşamındakı hansısa durumla
bağlı olduğunu göstərmək üçün birdən aylarla, birdən də illərlə gərgin işləməli
olursan. Ancaq yuxugörmələrlə bağlı araşdırmalarda, əksinə, bir neçə saat ərzində
qarışıq-dolaşıq bir yuxugörməni yoza bilirsən. Burada psixoanalizin irəli sürdüyü
psixi proseslərin şüurdışı olduğunu, onların özünəməxsus mexanizmlərlə işlədiyini,
onların hərəkətverici qüvvələrini yetərincə aydınlaşdırmaq mümkün olur. Biz birdən
yuxugörmənin quruluşu ilə nevrotik simptomların yaranmasını bütünlüklə bir-birinə
uyğunlaşdırsaq və burada nevrotik simptomlardan qurtulmağın da yatmış insanın
yuxudan ayılmağı kimi tez bir zamanda baş verdiyini sansaq, onda nevrozun da
insanların psixoloji yaşamında rol oynayan güclər arasındakı qarşılıqlı təsirlərin
dəyişilməsindən yarandığı inamına gəlib çıxırıq.
Dostları ilə paylaş: |