Monqolların Azərbaycana 1-ci yürüşü Monqolların Azərbaycana ilk yürüşü - 1220-1222-ci illəri əhatə edən kəşfiyyat xarakterli yürüş.
Monqolların hücumu ərəfəsində Azərbaycanda vəziyyət XIII əsrin ortalarında Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik Monqol dövlətinin qonşu ölkələrə yürüşü bu ölkələri təhlükə qarşısında qoydu. Qonşu ölkələrdə hökm sürən feodal pərakəndəliyi Monqol dövlətinin banisi Çingiz xanın işğalçılıq planlarının həyata keçməsi üçün əlverişli şərait yaratdı. Mövcud vəziyyət təşkilati və hərbi cəhətdən möhkəm olan ordu hissələri monqol feodalları qarşısında geniş imkanlar açırdı.
Monqol yürüşləri ərəfəsində Azərbaycanda vəziyyət acınacaqlı idi. Ölkənin şərq sərhədlərində mövcud olan Xarəzmşahlar dövləti daxilən möhkəm əsaslar üzərində qurulmadığı üçün iqtisadi və güclü hərbi qüdrətə malik deyildi. Xalq kütlələrinin vəziyyətinə laqeyd olan, feodal qruplarının əksəriyyəti tərəfindən müdafiə edilməyən Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə apara bilmədi. Monqol qoşunları bu dövlətin ərazisindən keçərək, ciddi müqavimət görmədən irəliləyə bildilər. Orta Asiyanın, İranın, Azərbaycanın yerli köçəri və oturaq feodal əyanları daxili çəkişmələrə və ziddiyyətlərə son qoymadılar, düşmənə qarşı birgə mübarizə aparmaq əzmi ilə vahid cəbhədə birləşə bilmədilər. Monqol hücumlarına məruz qalmış hər bir şəhər ayrılqda öz daxili qüvvələri hesabına istilaçılara qarşı döyüşür və məğlub olurdu. Monqol qoşunları tutduqları şəhərlərdə görünməmiş dağıntılar törətdilər, əhalini qırdılar, qul etdilər, var-dövlətini taladılar və yerli əhalinin yeni etiraz çıxışları üçün zəmin saxlamadılar. Monqol yürüşləri ərəfəsində Azərbaycan ərazisində vahid, mərkəzləşmiş dövlət yox idi və burada feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda Eldənizlər (və ya Atabəylər) dövləti və Şirvanşahlar dövləti mövcud idi. Marağada isə Rəvvadilər nəslindən olan yerli Ağsunqurilər sülaləsi (1108-1227) hökmranlıq edirdi. XII əsrin sonunda Eldənizlər dövləti əzəli qüdrətini itirmişdi. Atabəylər ailəsinin ayrı-ayrı üzvləri arasında səltənətə varis olmaq uğrunda şiddətli mübarizə gedirdi. Atabəylərin son nümayəndəsi olan Özbək (1210-1225) feodal qrupların əlində oyuncağa çevrildi. Bütün dövlət işləri onun iştirakı olmadan həll edilirdi. Özbəyin dövlət ərazisini genişləndirmək məqsədilə İraq-i Əcəmə etdiyi yürüşlər uğursuzluqla nəticələndi və buna görə də daxili feodal çəkişmələri daha da artdı.