Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 0,81 Mb.
səhifə57/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   49   50   51   52   53   54   55   56   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

Diskussiya mədəniyyəti
Adamlar gündəlik nitq praktikasında başqaları ilə dialoqa, fikir mübadiləsinə, diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir informasiya, hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq etmək, nədənsə çəkindirmək, deyilənlərə münasibət bildirmək və s.) xidmət edir. “Dialoq” termini yunanca “dialoqos” sözündən götürülmüş, iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi mənasını ehtiva edir. Geniş mənada dialoq müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyən məsələlərin müzakirə edilməsi yoludur.
Dialoq, əsasən, iki şəraitdə aparılır:
a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində, çayxanalarda və s.;
b) ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris auditoriyalarında, radio və televiziya verilişlərində və s. Hər bir şəraitdə adamların normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik normalara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu o deməkdir ki, birinci şəxs danışarkən digəri (və ya digərləri) onu axıra qədər dinləməli, müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə qoşulmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı, lüzumsuz məsələlərdən danışdığı, təfərrüata yol verdiyi zaman dinləyən tərəf “İcazə verin”, “Üzr istəyirəm”, “Sizin bu fikrinizə kiçicik bir düzəliş vermək istəyirəm”, “İcazə verin fikrinizə bir qədər aydınlıq gətirim” və s. kimi replikalarla onun danışığına müdaxilə edə bilər. Diskussiyada iştirak edənlər öz mövqeyini dəyişmək istəmədikdə belə deyilmə- lidir: “Mən sənin fikirlərini qiymətləndirirəm. Lakin öz fikirlərimə daha çox əminəm”. Danışan həmkarının fikirləri ilə razı olmaya bilər, lakin bununla belə ortaq məxrəcə gəlmək üçün yolların axtarılmasından imtina etməməlidir. Fikirlər qarşılıqlı anlama şəraitində, etik normalar çərçivəsində müzakirə edilməli, problemin həlli yolu tapılmalıdır.
Dialoq “Qurani–Kərim”də öz əksini tapmışdır. Orada səmmiyyət dialoqun vacib məqamlarından biri kimi qiymətləndirilir və göstərilir ki, fikri müxtəlif insanlar arasında münasibətlər qarşılıqlı etimad əsasında qurulduqda səmərəli nəticə verə bilər. “Qurani-Kərim” əhli-kitabla hikmət və gözəl öyüdlə mübahisə etməyi tapşırır: “(Ya Rəsulum), insanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (möizə) ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et”.
Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli və təmkinli olmalı, danışığın etik qaydalarına əməl etməlidirlər. Lakin bəzən belə olmur. Tərəflər mümkün qədər daha çox danışmağa, haqq-nahaq müsahibini susdurmağa, öz dediyini sübut etməyə çalışır, ucadan, qışqıra-qışqıra danışırlar. Çox təəssüf ki, televiziya ekranında bəzən belə dialoqa tamaşa etməli oluruq. Belə verilişlərin birində iqtidaryönlü partiyalardan birinin nümayəndəsi ilə müxalifətdən olan partiyanın nümayəndəsi dialoqa cəlb olunmuşdu. Hər iki tərəf aparıcının sualı ətrafında öz partiyasının mövqeyini izah etməyə çalışırdı. Mübahisə qızışmışdı. Onların biri digərinə danışmaq üçün imkan vermirdi, hər ikisi eyni zamanda danışırdı. Aparıcı onları sakitləşdirə bilmirdi. Tamaşaçılar bu dialoqdan heç bir şey anlamadılar, yalnız təəssüfləndilər. Bu cür situasiyalarda dialoqa girən tərəflər müsahibinin məqsədsiz, əhəmiyyətsiz hərəkətlərinin, qərəzli, tendensiyalı fikirlərinin, uzun-uzadı danışığının qarşısını ehtiyatla və yüksək təvazökarlıqla almaq bacarığına yiyələnməlidir. Dialoq nəsə öyrənmək, inkişaf etmək, yeniləşmək məqsədlərini qarşıya qoymalıdır.
Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün aşağıdakılar nəzərə alınmalıdır:
1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır.
2. Müzakirədə müdafiə olunacaq mövqe və ideyalar dəqiq müəyyənləşdirilməlidir. Müzakirə olunan məsələdən yayınmaya yol verilməməlidir.
3. Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri (ilkin mənbələr, statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir.
4. Fikir ayrılığının yaranacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi üçün dəlillər, sübutlar hazırlamalıdır. Sübutlar məntiqi təfəkkürə əsaslanmalı, inandırıcı olub qarşı tərəfi qane etməlidir. Dəqiq və aydın faktlar ən yaxşı təkzib üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır.
5. Rəqib opponentini diqqətlə dinləməli, onun fikrinin doğru məqamları ilə razılaşmalıdır.
6. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunu etiraf etməyi bacarmalıdır.
7. Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır.
8. Tənqid zamanı emosiyaya qapılmamalı, qəzəblənməməli, təhqir və istehzaya yol verilməməlidir.
9. Diskussiyanın məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail olmaqdır.
10. Çıxışların sonunda yekun nəticələr qeyd edilməlidir.
İstər adi danışıq, istərsə də diskussiya prosesində normal nitq tonuna da riayət olunmalıdır. Normal nitq tonu mədəni danışığın başlıca şərtlərindəndir. Yerindən və məqamından asılı olaraq nitqin yüksək, adi və alçaq tonundan istifadə olunur. Əgər söhbət auditoriya qarşısında gedirsə, natiq bir qədər yüksək tonla danışmalıdır ki, fikrini eşidənlərə yaxşı çatdıra bilsin. Belə nitq tonu təbiidir, dinləyiciləri tam şəkildə razı salır.Digər situasiyada – dəhlizdə, yeməkxanada, ictimai nəqliyyat vasitələrində, mağazada, məclisdə və s. yerlərdə yüksək tonla danışmaq, mübahisə etmək, ucadan gülmək ədəbsizlik və nəzakətsizlik kimi qəbul olunur. Belə danışıq tərzi digərlərini əsəbiləşdirir, onların dincliyini, istirahətini pozur.
Uşaqlar normal danışıq tonuna hələ kiçik yaşlarından alışmalıdırlar. Valideyn onlarla mülayim bir tonda danışmalıdır. Tədris prosesində də şagird və tələbələrlə ünsiyyətdə müəllim öz nitqinə xüsusi fikir verməli, müsahibini razı salacaq bir tonda danışmağı bacarmalıdır. Natiqin danışıq tonu digərləri üçün nümunə olmalıdır. Eşidənlər onun nitq tonunu imitasiya etməli, öz danışıqlarını həmin səviyyəyə uyğunlaşdırmalıdırlar. Çox təəssüf ki, bəzən nitqin bu keyfiyyətinə istənilən səviyyədə riayət olunmur. Şahidi olduğum bir əhvalat heç vaxt yaddan çıxmır. Məktəbin dəhlizində bir müəllim valideynlə şikayət tərzində ucadan söhbət edirdi. Onun qışqıra-qışqıra danışması yan-yörədəkilərin də diqqətini cəlb etmişdi. Müəllim sözünü qurtardıqdan sonra valideyn narazı halda dedi: “Niyə belə yüksəkdən danışırsınız? Axı siz müəllimsiniz? Biz belə danışsaq, bəlkə də, dözərlər. Sizə isə o cür yüksəkdən danışmaq yaraşmaz”. Danışıq zəminində baş verən narazılıq əksər hallarda nitq tonunun pozulması, həddindən yüksək danışmaq, qışqırmaqla bağlı olur.
Dediklərimizdən aydın olur ki, nitqin normal tempi ictimai ünsiyyətdə olduqca əhəmiyyətli bir məsələdir. Hər bir mədəni və savadlı adam, xüsusilə kütlə ilə ünsiyyətdə olan natiq bu keyfiyyətə yüksək dərəcədə yiyələnməlidirlər.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin