Həmişə müxtəsər söylə sözünü.
Cahildir özünü tərif edənlər,
“Çox bilirəm” demə bilsən də əgər.
Geniş dünyagörüşünə, mükəmməl savada, yüksək intellektə sahib olan adamların nitqi, danışığı, adi söhbətləri təvazökarlıq baxımından xoşagəlimli olur. Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. “Bizim bu sahədəki nəticələrimiz olduqca faydalıdır”; “Bu məsələyə bir qədər aydınlıq gətirməyə çalışmışıq” və s. Çoxları öz fəaliyyətləri barədə danışarkən təvazö- karlıq xatirinə belə ifadələr işlədir: “Özünü tərif olmasın”, “Özündən demək olmasın”, “Təvazökarlıqdan kənar olmasın”, “Bu mənim şəxsi fikrimdir” və s. Belə adamlar lovğalığın nə olduğunu bilməz, hər hansı işinə görə təriflənməsini də xoşlamazlar. İmperator Sezar Avqust (b.e.ə., I əsr) onu tərifləyənlərin, yaltaqların qənimi idi. O, “cənab” sözünü işlətməyi və onu tərifləməyi qadağan etmişdi. Bir dəfə ailəsi ilə teatra gedərkən səhnədən aktyorun “Ey mərhəmətli hökmdar, Allah səni Roma xalqı üçün çox görməsin” deməsinə, tamaşaçıların onu alqışlamasına görə hiddətlənir və bir daha teatra gəlmir.
Deyilənlərdən aydın olur ki, təvazökarlıq mədəni nitqin başlıca keyfiyyətlərindəndir. Natiqin nitqi bu baxımdan da nümunəvi olmalıdır.
Məşhur Amerika pedaqoqu və natiqi Deyil Karneqi nitqin səmimiliyi məsələsindən bəhs edərkən olduqca həyati, hətta ibərətamiz nümunələr gətirir. Məsələn, “Ceneral Elektrik” kompaniyasına adamlar mövsümi şəkildə işə qəbul olunar, müddət başa çatanda baş mühasib onları bir-bir qəbul edər, xüsusi takt və hörmətlə sözə başlayardı. “Mister Smit, siz yaxşı işçi olmuşsunuz. Sizi biz Nyu Yorka göndərdiyimiz zaman çox ağır bir tapşırıq vermişdik. Siz bu işi yüksək səviyyədə yerinə yetirdiniz. Mən istərdim biləsiniz ki, bizim firma sizinlə fəxr edir. Sizin xarakteriniz elədir ki, hər hansı yerdə işləsəniz, hamının hörmətini qazana bilərsiniz. Bizim firma Sizə inanır. Amma çox təəssüf edirik ki, sizdən ayrılmalı olacağıq və istərdik ki, Siz bunu biləsiniz”.
Belə bir insani münasibət işdən azad edilənin məyusluğunu aradan qaldırır, onu işləməyə, fəaliyyət göstərməyə, yaşamağa ruhlandırırdı.
Dünyanın böyük adamları bir də ona görə böyükdürlər ki, onlar öz uğurları ilə öyünmürlər, başqalarının mənliyinə, qüruruna toxunmurlar.
Uzunəsrlik düşmənçilikdən sonra 1922-ci ildə türklər yunanları türk ərazisindən çıxarmaq qərarına gəlirlər. Mustafa Kamal öz əsgərlərini Aralıq dənizi uğrunda vuruşmağa çağırır. Bu böyük vuruşda türklər qələbə qazanır. Yunan generallarından Trikupie və Dianis təslim aktına qol çəkmək üçün Mustafa Kamalın qərargahına yollanırlar. Yol boyu türk əsgərləri onlara cürbəcür söyüşlər yağdırırlar. Lakin Mustafa Kamalın onlarla söhbətində qələbə təntənəsi o qədər də hiss olunmurdu. Mustafa Kamal onlara yer göstərir və deyir ki, siz, yəqin ki, yorulmuşsunuz. Bundan sonra Mustafa Kamal hərbi əməliyyatın gedişini müzakirə edib, nəhayətdə məğlub yunan generallarının dərdlərini yumşaltmaq məqsədilə deyir: “Müharibə bir oyundur, hərdən ən yaxşı adamlar belə məğlubiyyətə düçar olurlar”.
İnsan öz üstünlükləri ilə öyünməməli, qürrələnməməlidir. İngiltərənin maliyyə naziri Lorq Cesterfild oğluna deyirdi: “Əgər bacarırsansa hamıdan ağıllı ol, amma bu haqda heç kimə danışma” Ağıllı adamlar “mən” şəxs əvəzliyinin çox az hallarda işlətmişlər. Onlar öz uğurlarından, necə deyərlər, xəsisliklə danışmış, həm də bunları ümuminin adı ilə verməyə çalışmışlar. Mərifətli insanlar tarixən təvazökar adamları özlərinə dost seçmişlər.
Dostları ilə paylaş: |