Kölgə düşür bağarası cığırlara, izlərə, Çökür axşam sərinliyi təpələrə, düzlərə. Hərdən xəfif meh əsdikcə yırğalanır göy otlar Qəlbi kövrək ana kimi doluxsunur buludlar. ...Kəkliklərin nəğməsilə bihuş düşür yamaclar, Duvaq örtmüş gəlin kimi sakit durur ağaclar. Batan günün şöləsilə yanır neçə aynabənd, Dalır axşam sükutuna sahil, meşə, tarla, kənd. Xışıldayır yol üstündə yenə körpə qovaqlar, Suya gedən qızlar dönür, yalqız qalır bulaqlar. Orda-burda ocaq tutur, evlər çıraq yandırır, Uçan durna, sönən qürub nağılları andırır. Ə.Cəmilin “Kənddə bahar axşamı” şeirindən götürülmüş bu parça canlı bir bahar lövhəsidir. Oxucu bu canlı tablonun gözəlliyinə heyran qalır, onun qəlbi xoş duyğularla dolur. Mahir ifaçı intonasiya vasitəsilə bu tablonu daha da canlandırır, ona əlavə çalarlar, rənglər verir. Kəndin bahar axşamını bütün gözəlliyi ilə dinləyicinin önündə canlandırır.
İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir formal əlamət onu yarada bilməz. İntonasiya cümlənin, ifadənin, ayrıca götürülmüş sözün təsir qüvvəsini nəinki artıra, onun əslində ifadə etdiyi mənanı təhrif edə, ya da tamamilə əks mənada başa düşülməsinə səbəb ola bilər. İntonasiya vasitəsilə adi fikri ifadə edən ən “nəzakətli” sözlərlə dinləyicinin qəlbinə dəymək olar. Məsələn, buyurun oturun, bağışlayın, üzr istəyirəm, xoş gəlmişsiniz, bəli, əhsən, təşəkkür edirəm və s. kimi nəzakət və hörmət mənasını ifadə edən sözlər bəzi məqamlarda rişxənd, istehza, hiddət, qəzəb, kinayə, etiraz və s. bildirən intonasiya boyaları ilə də işlədilə bilər. Rus dilinin intonasiyası üzərində tədqiqat aparan prof.V.A.Artemov “осторожна” sözünün 22 intonasiya çalarında, daha doğrusu 22 mənada deyilə bildiyini eksperiment yolu ilə müəyyən etmişdir. Bernard Şou “bəli”, “yox” sözlərinin 50 ifadə tərzində işlətməyin, müxtəlif kommunikativ münasibət bildirməyin mümkün olduğunu göstərmişdir. Dilimizdəki “salam” sözünün müxtəlif intonasiya çalarları vardır. Həmin təkmənalı sözü rəğbət, kinayə, qərəz, coşqunluq, istehza, açıq, təntənə, qəzəb, təkəbbürlük, lovğalıq və s. kimi çoxlu çalarlarda ifadə etmək mümkündür. Poeziyamız intonasiya rəngarəngliyi baxımından çox zəngindir. Burada S.Vurğunun məşhur “Şair, nə tez qocaldın sən?” şeirini xatırlamaq yerinə düşər.
Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, fransız fonetiki Qrammonun dediyi kimi “cümlələri əmələ gətirən sözlər onun yalnız “skeletidir”, bu skeletə hərəkət və həyat verən intonasiyadır. İntonasiya müəyyən bir məzmunun özünə- müvafiq forma ilə ifadə olunması vasitələrindən ən başlıcasıdır”.
Natiq oxusu üzərində aparılan müşahidələr göstərmişdir ki, danışıq, xüsusən mətnlərin qiraəti zamanı intonasiya qaydalarının pozulması ilə bağlı qüsurlara yol verilir. Normal intonasiyadan uzaqlaşmanın bir halı danışıq və oxuda sürətin həddindən artıq olmasıdır. İnformasiyanın aşıb-daşdığı indiki zamanda sürətli danışıq və oxuya üstünlük verilir. Lakin belə oxu sürəti normal oxu, natiqin, müəllimin oxusu baxımından o qədər də xarakterik deyildir. Sürətli danışıq və qiraətdə oxunanları və söylənilənləri tutmaq, anlamaq, mənimsəmək bir qədər çətin olur.
İntonasiya ilə bağlı qüsurun başqa bir forması oxu və danışıq sürətinin normadan bir qədər yavaş olmasıdır. Belə nitqdə dinamika zəif, sözlər, nitq taktları, cümlələr arasındakı pauzaların müddət ölçüləri normadan artıq olur. Yavaş oxu danışıq və qiraətdə monotonluğa gətirib çıxarır, dinləyici yorulur, eşitdiyini tam şəkildə mənimsəyə bilmir.
Natiqlərin, mühazirəçilərin içərisində yüksək templə danışan və oxuyanlara da rast gəlinir. Yüksək templə danışmaq və oxumaq öz-özlüyündə müsbət haldır. Lakin müəyyən hüduda qədər, hüduddankənar danışıq və oxu səs-küy kimi qarşılanır, belə oxu dinləyicini yorur, çox vaxt ətrafdakılara da mane olur. Natiqlik təcrübəsində aşağı tonla danışan və oxuyanlara da təsadüf olunur. Belə nitq ünsiyyətə istənilən səviyyədə xidmət edə bilmir. O, dinləyiciyə çatmır. Aşağı tonla danışıq və oxu dinləyənin eşitmə orqanını daima gərgin vəziyyətdə saxlayır. Bu cür oxu, danışıq natiqlik praktikasında məqbul hesab olunmur.
Danışıq və xüsusən oxuda özünü göstərən ümumi bir qüsur intonasiyaca kasıblıqdır. Bu o deməkdir ki, danışıq, xüsusən oxuda müəyyən məzmun, müxtəlif emosional vəziyyətlər (alicənablıq, ağrı, abır, bədbəxtlik, əsəbilik, əzab, ələm, qəzəb, qeyz, qeyrət, qayğı, qüssə, zövq, etinasızlıq, inam, iftixar, iztirab, yəqinlik, qəhərlənmək, dəhşət, vahimə, diksinmə, öyünmə, fəxretmə, qərarsızlıq, acizlik, vüqar, iddia, yaxşılıq, yamanlıq və s.) uyğun informasiya çaları ilə verilə bilmir, dilimizin zəngin intonasiya çalarları zəif nəzərə çarpır. Bu məqsədlə dinlədiyimiz bir çox natiqin oxusunda sual, nida intonasiyası, müxtəlif növ vurğular, pauzalar və s. demək olar ki, yox dərəcəsindədir. Belələri çox zaman bədii mətni ifadəli oxumaqdan çəkinir və açıq-açığına boyun qaçırırlar.
Nitqin intonasiyası kompleks dil hadisəsidir. İntonasiya tələffüzün dörd elementi – fasilə, vurğu, melodiya və tempi özündə birləşdirir. Bütün hərəkətlər kimi nitq başlanğıca (hərəkətin doğması), davama (hərəkətin inkişafı və müəyyən istiqamətə yönəlməsi) və sona (hərəkətin kəsilməsi) malikdir. Canlı nitqdə daim müəyyən bir hərəkət, surət, güc, fasilə özünü göstərir ki, bunlar intonasiyanın yuxarıda göstərilən dörd elementi ilə əlaqədardır. Nitqin gücü, zərbəsi, dinamikası 65 vurğusu, surəti onun tempi, istiqaməti onun melodiyası, dayanacağı isə fasilədir. Vurğu, fasilə, temp, melodiya nitqin xarici komponentləridir. Bu xarici komponentlər səslənməni yaradır. Bu ünsürlər – nitqin texniki cəhətləri nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, danışıq və oxuda ifadəliliyin yaranmasına xidmət edir.
Vurğu. Vurğu intonasiyanın əsas ünsürlərindəndir. Dilçilik ədəbiyyatında onun üç növündən – söz vurğusu, məntiqi vurğu və həyəcanlı vurğudan bəhs olunur.