Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı
13. Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii və s
14. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss.
Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.
15. İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.
Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram
Şəkilçilərin yazılışı
16. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:
1. Bir cür yazılan şəkilçilər:
1) -i və ya -vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi;
2) -vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
2. İki cür yazılan şəkilçilər:
Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən.
3.Dörd cür yazılan şəkilçilər:
1) -kı, -ki, -ku, -kü şəkilçiləri: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü, bugünkü;
2) sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçiləri: badımcanı, darçını, narıncı, ceyranı, dərbəndi, çərkəzi, novruzu, gümüşü;
3) fel köklərindən isim və sifət düzəldən şəkilçilər:
sonu kar samitlə bitənlərdə:
a)-ki, -qı, -kü, -qu: seçki, bıçqı, sürtkü, pusqu;
b)-kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun;
sonu cingiltili samitlə bitənlərdə:
a) -gi, -ğı, -gü, -ğu: vergi, çalğı, bölgü, vurğu;
b) -gin, -ğın, -gün, -ğun: əzgin, qırğın, düzgün, yorğun.
4) -ıstan, -istan, -ustan, -üstan şəkilçiləri samitlə bitən sözlərdə: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan.
Qeyd. Saitlə bitənlərdə -stan yazılır.
Dostları ilə paylaş: |