a) türk mənşəli sözlərin düzgün tələffüz qaydaları
1. Türk mənşəli sözlər, bir qayda olaraq, yazıldığı kimi tələffüz olunur; məsələn: dağ, daş, ot, ət, əkin, biçin, yaz, qış, dərə, dəniz, duman, geyim, ağ, qara, qırmızı, əyri, doğru, yuxarı, aşağı, qarı, qoca, birinci, sonuncu, gəl, get, danış, yaşa, düşün, dayan və s.
2. Son səsi q hərfi ilə yazılıb müxtəlif cür deyilən sözlərdə həmin səsin düzgün tələffüz şəkli [x]-dır; məsələn: otaq-otax, daraq-darax, qaymaq-qaymax, soyuq-soyux, uzaq-uzax, quraqlıq-quraxlıx, sarmaşıq-sarmaşıx, axtarmaq-axtarmax, yıxılmaq-yıxılmax, qorunmaq-qorunmax və s.
Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x] səsi [ğ] səsinə keçir; məsələn: otax → otağa, darax → darağı, qaymax → qaymağın və s.
Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x] səsi olduğu kimi qalır; məsələn: otax → otaxda, darax → daraxdan, qaymax → qaymaxlı və s.
3. Son səsi k hərfi ilə yazılıb müxtəlif cür deyilən ikihecalı sözlərdən həmin səsin düzgün tələffüz şəkli [x']-dir; məsələn: ürək-ürəx', çiçək-çiçəx', çörək-çörəx', kəpənək-kəpənəx', örpək-örpəx', gəzmək-gəzməx', getmək-getməx', tələsmək-tələsməx' və s.
Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x'] səsi [y] səsinə keçir; məsələn: ürəx'-ürəyə, çiçəx'-çiçəyi, çörəx'-çörəyin və s.
Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x'] səsi olduğu kimi qalır; məsələn: ürəx'-ürəx'də, çiçəx'-çiçəx'dən, çörəx'-çörəx'li və s.
4. Son səsi c hərfi ilə yazılan iki və daha artıq sözlərdə həmin səs [ç] şəklində tələffüz olunur; məsələn: qazanc → [qazanç], qılınc → [qılınç], sanc(maq) → [sanç(max)] və s.
Bu qayda alınma sözlərə də aiddir; məsələn: möhtac → [möhtaç], merac → [me:raç] və s.
Həmin sözlərə saitlə başlayan şəkilçi əlavə edildikdə [ç] səsi [c]-ya keçir; məsələn: [qazanç] → [qazancı], [me:raç] →[meraca] və s.
5. Qoşa q hərfi ilə yazılan sözlərdə birinci hərf [k'], ikinci hərf isə [q] kimi tələffüz olunur; məsələn: toqqa → [tok'qa], saqqal → [sak'qal], taqqıltı → [tak'qıltı] və s.
Dostları ilə paylaş: |