III fəsil. Leksikoqrafiya: mənşəyi, nəyi öyrənir?
Dilçilikdə lüğət işlərinin əməli və nəzəri problemlərindən bəhs edən şöbə leksikoqrafiya adlanır. Mənşəcə yunan sözü olan leksikoqrafiya termininin mənası “lüğət yazıram” deməkdir. Filoloji ədəbiyyatda bu terminə sinonim olaraq tətbiqi leksikologiya termininin də işlədilməsinə rast gəlirik (ikinci termin leksikoqrafiya şöbəsinin adı üçün münasib deyildir).
Müstəqil şöbə olan leksikoqrafiyanın özünəməxsus mövzusu və vəzifələri vardır. Adətən, alimlər leksikoqrafiyanın mövzu və həcmini müəyyən etmək üçün onu leksikologiya, etimologiya və semasiologiya ilə qarşılaşdırırlar. Belə qarşılaşdırma əsasında leksikoqrafiyanın etimologiyaya, eləcə də digər şöbələrə olan münasibəti aydınlaşır və sərhədi müəyyənləşir.
Leksikoqrafiya dedikdə həm lüğət yaratmaq sənəti, həm də lüğət işləri haqqında linqvistik təlim təsəvvür olunur. Bu şöbədə hər iki məsələ vəhdət təşkil edir. Leksikoqrafiyada nəzəri məsələlərdən bəhs olunarkən lüğətlərin tipləri, növləri, quruluşu, bunların tərtib metodu və prinsiplərinin elmi əsasları şərh edilir; ümumiyyətlə desək, leksikoqrafik işin bütün ümumi-nəzəri problemləri aydınlaşdırılır.
Leksikoqrafiya dilçiliyin ən qədim şöbələrindəndir. Hələ uzaq keçmişdə Hindistan alimləri sözləri toplamaq və onları izah etməklə məşğul olmuşlar. Eradan əvvəl VI əsrdə hind dilçisi Amara sanskrit dilinin sözlərindən lüğət yaratmışdır. Hindlilər həmin lüğəti “Amarakoşa” adlandırmışlar ki, bunun da mənası “Amaranın lüğəti” deməkdir. Yenə də Hindistanda eradan əvvəl V əsrdə dilçi alim Yaska böyük leksikoqrafiya işləri aparmışdır.
Bizim eranın əvvəllərindən lüğət işləri müxtəlif ölkələrdə inkişaf etməyə başlamışdır. Eramızın II əsrində Çin alimlərindən Lyu Si çin dilinin mükəmməl lüğətinin əsasını qoymuşdur. Həmçinin VIII əsrdə ilk dəfə olaraq ərəb dilinin lüğəti (“Kitab əl-ain”) yaradılmışdır.
Leksikoqrafiya işlərinə olan maraq XV əsrdən daha da güclənmiş və bir sıra dillərə aid yeni xarakterli lüğətlər meydana çıxmışdır. Əgər XVI–XVIII əsrlərdə lüğət məcmuələrinin çapı diqqəti cəlb edirdisə, XIX əsrdə lüğət işlərinin nəzəri məsələləri dilçilikdə mühüm yer tuturdu.
Müasir dövrə kimi dünya dilçiliyində külli miqdarda müxtəlif lüğətlər meydana çıxmışdır. Bütün bu lüğətlər iki böyük tipə bölünür: enskilopedik lüğətlər, linqvistik lüğətlər. Ensiklopedik lüğətlərdə müəyyən əşya, hadisə və ya anlayış geniş şərh edilir; tarixi şəxsiyyətlərə dair elmi məlumatlar verilir, onların fəaliyyətlərindən yığcam bəhs olunur. Ensiklopedik lüğətlərdə bəhs edilən məsələyə aid şəkillərdən istifadə olunur ki, bu da belə lüğət tipini səciyyələndirən əlamətlərdən biridir.
Ensiklopedik lüğətlərin iki növü vardır: ümumi ensiklopedik lüğət və sahə ensiklopedik lüğəti. Ümumi ensiklopedik lüğətə “Böyük Sovet Ensiklopediyası”, “Kiçik Sovet Ensiklopediyası” lüğətlərini, müxtəlif elm sahələrinə aid lüğətə isə “Ədəbiyyat ensiklopediyası”, “Tibb ensiklopediyası” və s. lüğətləri misal göstərmək olar. Linqvistik lüğətlərdə sözlər şərh edilir.
Bu tip lüğətlərdə söz və ifadələrin mənşəyi, inkişaf tarixi, qrammatik cəhətləri, nitqdə işlənməsi aydınlaşdırılır. Həmçinin burada sözün mənası və onun çalarları izah olunur. Hər bir sözün düzgün yazılış və düzgün tələffüz qaydaları göstərilir.
Linqvistik lüğətlər iki cür olur;
a) birdilli linqvistik lüğətlər;
b) çoxdilli linqvistik lüğətlər.
Birdilli linqvistik lüğətlərin məqsədi bu və ya digər dilin elmi cəhətdən öyrənilməsinə kömək etməlidir. Birdilli lüğətlərdən biri 1950–1965-ci illərdə çap edilmiş “Müasir rus ədəbi dilinin lüğəti”dir. Bu mükəmməl lüğət 17 cilddən ibarət olub, 120 min 480 sözün şərhini əhatə edir.
Çoxdilli linqvistik lüğətlərin əsas məqsədi tərcümə işinə, bu və ya başqa qeyri-ana dilinin öyrənilməsinə xidmət etməkdən ibarətdir. Çoxdilli lüğətlər ikidilli, üçdilli və daha çoxdilli olur. 1806–1817-ci illərdə Almaniyada İ.K.Adelunq və İ.S.Faterin redaktorluğu ilə çap olunmuş “Mitridat, yaxud ümumi dilçilik” (“Mithridates, oder allgemeine Sprachkunde”) adlı lüğətdə, təxminən 500 dil və dialektdən misallar verilmişdir. 4 cilddən ibarət olan “Mitridat” dünyada ən zəngin lüğətlərdən biri hesab olunur.
Linqvistik lüğətlərdə dil materialları müxtəlif aspektdə və müxtəlif məqsədlə bağlı şərh olunur. Buna görə də indiyə qədər linqvistik lüğətlərin bir sıra növləri yaranmışdır. Məsələn, izahlı lüğət, tərcümə lüğəti, sinonimlər lüğəti, omonimlər lüğəti, frazeoloji lüğət, dialektoloji lüğət, terminoloji lüğət, etimoloji lüğət, tarixi lüğət və s.
Keçmiş SSRİ xalqlarının dillərinə aid onlarca həm linqvistik nəzəri, həm də linqvistik tədris lüğətləri yaradılmışdır. Hazırda bütün milli dillərin tam və normativ linqvistik lüğətlərinin yaradılması dilçilik elminin qarşısında duran mühüm vəzifələrdəndir.
Dilçiliyin tərcüməşünaslıq şöbəsi nitq fəaliyyətinin bir növü olan tərcümə haqqında dilçilik təlimidir. Elmi-filoloji ədəbiyyatda bu şöbənin müxtəlif şəkildə adlandırılmasına təsadüf edilir. Belə ki, haqqında danışılan şöbəni bəzi alimlər tərcümə nəzəriyyəsi, bəziləri isə translatologiya adlandırırlar. Mövzusu ilə əlaqədar dilçiliyin tərcümə problemlərindən bəhs edən şöbənin linqvotərcüməşünaslıq adlandırılması daha məqsədəmüvafiqdir.
Dilçilik elmində tərcüməşünaslıq problemlərinə xüsusi əhəmiyyət verilir. Buna görədir ki, 1962-ci ildə ABŞ-da keçirilən Dilçilərin IX Beynəlxalq Konqresinin plenar iclasında qoyulmuş mühüm problemlərdən biri “Tərcümənin linqvistik aspektləri” idi.
Linqvistik tərcüməşünaslığın mövzusunu tərcümə fəaliyyəti məsələləri, tərcümə prosesinin ümumi qanunauyğunluqlarını işıqlandırmaq problemləri təşkil edir. Lakin qeyd etməliyik ki, ümumiyyətlə, tərcümə anlayışı olduqca geniş və çoxcəhətlidir.
Müxtəlif forma və məzmunda olan materialların tərcüməsi ilə əlaqədar tərcümənin iki böyük növü meydana çıxmışdır. Bunlardan biri bədii tərcümədir. Bədii tərcümənin (yəni bədii ədəbiyyatın tərcüməsinin) öz məzmunu və tədqiqat metodları vardır. Elə buna görə də bədii tərcümə problemi ədəbiyyatşünaslıq elminə aiddir. Tərcüməşünaslığın digər böyük növü informativ tərcümədir. İnformativ tərcümə dedikdə, buraya elmi, rəsmi, ictimai-publisistik, kargüzarlıq və sair materialların tərcüməsi daxil edilir. Tərcümənin bu növü ilə dilşünaslıq elmi məşğul olur. Dilçilikdə tərcüməşünaslığın ayrıca bir şöbə hesab olunması heç də təsadüfi deyil; bunun bir sıra səbəbləri vardır. Həmin səbəblərdən biri odur ki, tərcümə nitq fəaliyyətinin xüsusi növüdür. Buna görə də bilavasitə nitq problemləri ilə məşğul olan dilçilik elmi bu sahəyə biganə qala bilməz.
Bundan başqa, məlumdur ki, bir dildən başqa dilə tərcümə zamanı başqa dildə yeni mətn yaranır. Bu yeni mətnin orijinala tam uyğun gəlməsi üçün tərcümənin dəqiqliyi tələb olunur. Bu dəqiqlik dil ünsürlərinin bütün incəliyi, variantları və çalarlığı ilə tərcümə edilməsini, dil normalarının təhrif olunmasına yol verilməməsini tələb edir. Deməli, tərcümənin dəqiqliyi ancaq dilçiliyə məxsus müəyyən tədbirlərlə əldə edilə bilir və edilir.
Dilçiliyin tərcüməşünaslıq şöbəsi gəncdir. Tərcüməşünaslıq dilçiliyin müstəqil şöbəsi kimi XX əsrin II yarısının əvvəlindən formalaşmağa başlamışdır. Tərcümə insan fəaliyyətinin ən qədim növlərindəndir. Bu fəaliyyət olmasaydı, şübhəsiz ki, elmlərin yayılması, mədəniyyətlərin inkişafı, xalqlar arasında əlaqələr qeyri-mümkün olardı. Buna görədir ki, tərcümə fəaliyyəti ilə insanlar, əslində, tarixin uzaq keçmişində məşğul olmuşlar. Müxtəlif məqsədli səyahətlər və ticarət əlaqələri zamanı tərcümənin bünövrəsi qoyulmuş, sonralar bunun sahəsi və miqyası genişlənmişdir. Tərcümədən istifadə tarixinin qədim olmasına baxmayaraq, onun elmi əsasları (o cümlədən linqvistik əsası) ancaq yaxın zamanlarda işlənilmişdir.
NƏTİCƏ
Müasir aləmdə beynəlxalq əlaqələrin sürətlə artdığı, dövlətlər arasında möhkəm ittifaqlar yarandığı, hər il dünyada çoxlu millətlərarası konqreslər, konfranslar keçirildiyi bir dövrdə tərcümə və tərcümə məsələlərinə tələb daha da artmışdır. İndi linqvistik tərcüməşünaslıq qarşısında bir sıra vəzifələr durur. Onun əsas vəzifəsi dilçiliyin bu sahədəki nailiyyətlərini ümumiləşdirməkdən ibarətdir. Dilçiliyin istər nəzəri, istərsə də tətbiqi sahəsinə dair şöbələrdən hər birinin inkişafı dil haqqında elmin ümumi tərəqqisinin əsasını təşkil edir.
Dilçiliyin tarixindən məlum olur ki, bu və ya başqa dilin leksik vahidlərinin nəzəri-leksikoloji aspektdə tədqiqinə əvvəllər bir o qədər əhəmiyyət verilməmişdir. Buna görə də son zamanlara qədər bu şöbə nisbətən zəif inkişaf etmişdir. Ümumiyyətlə, leksikologiya məsələlərinə, əsasən, leksikoqrafiya işlərində bu və ya digər münasibətlə toxunulmuşdur.
ƏDƏBİYYAT
Afad Qurbanov. Ümumi dilçilik. I cild (3 cilddə). Bakı, 2019, 448 səh.
Adil Məhəmməd oğlu Babayev. Dilçiliyə giriş. Bakı, 2017. -560 səh.
A.A.Axundov. Azərbaycan dilinin fonetikası. B. 1984
H.А.Вауramov. Azərbaycan dili frazeologiyasının əsasları. B. 1973
Dostları ilə paylaş: |