I fəsil. Leksikologiya şöbəsi
Dünya xalqlarının dillərinin, demək olar ki, əksəriyyətinin leksik sistemi elmi əsasda müəyyən dərəcədə araşdırılıb tədqiq olunmuşdur. Böyük işlər aparılmasına baxmayaraq, dünya dilçiliyində hələ də leksikologiyanın başlıca problemi – söz problemi lazımi səviyyədə işıqlandırılmamışdır.
Ümumiyyətlə, dilçilik elmində söz nədir sualına vahid və ümumməqbul cavab yoxdur. Eləcə də sözlə bağlı daha bir sıra leksikoloji problemlər indi də öz geniş həllini gözləyir.
Dildə ən məhsuldar, işlək ünsiyyət vahidi sözdür. Söz həm də dil elementlərinin mərkəz vahididir. Çünki hər bir dilə məxsus danışıq səsləri də söz tərkibində birləşir, dilin ən böyük nitq vahidi olan söz birləşmələri və cümlələr də sözlərdən əmələ gəlir.
Bunlardan da belə nəticə çıxarmaq olur ki, söz dilin leksik sistemində başlıca nitq vahididir. Hətta bütövlükdə dilin özünü belə sözə tabe edərək onu söz dili adlandırırlar. Çünki dilin xüsusiyyətləri aydın şəkildə işarələr sistemindən ibarət olan sözdə özünü göstərir. Söz tərkibində fonemlər və morfemlər bir-biri ilə məntiqi əlaqəyə girir, nitqlə təfəkkürün, dillə gerçəkliyin əlaqəsi aydın şəkildə əks olunur, onların bir-biri ilə qarşılıqlı münasibətlərinin xüsusiyyətləri üzə çıxır.
Ən nəhayət, söz müxtəlif dillərin və dil qruplarının fərqli cəhətlərini aşkara çıxaran başlıca vasitədir. Bütün bunlar göstərir ki, söz leksikanın əsas vahidi kimi öyrənilməli, sərhədi müəyyən olunmalı və onun dildə özünü göstərən bütün əlamət və xüsusiyyətləri aşkara çıxarılmalıdır. İndiyədək sözün əsl təbiətini üzə çıxarmaqda dilçilər yekdil fikrə gələ bilməmişlər. Bu, sözün mürəkkəb və özünəməxsus daxili təbiətə malik olduğunu göstərir.
Bir sıra dilçilər (L.V.Şerba, İ.A.Boduen de Kurtene və b.) sözün təbiətini cümlə ilə, filosoflar məfhumla əlaqəli öyrənir, bəziləri (V.V.Vinoqradov) sözü gerçəkliyə münasibətinə görə müəyyənləşdirməyə çalışırlar. Sözü müstəqil və bütövlüyünə görə, qrammatik, fonetik və semantik tutumuna görə də müəyyənləşdirmək cəhdlərinə rast gəlinir.
Əslində, hər hansı bir dilə məxsus söz tiplərinin müxtəlifliyinə ən sadə və tipik misallar göstərmək də mümkündür. Məsələn, “Bayırda onun həzin və məlahətli səsi eşidilirdi” cümləsində yeddi söz işlənmişdir. Lakin bu sözlərin hamısı cümlədə fikrin ifadəliyinə eyni dərəcədə xidmət etmir. Burada əsas fikri ”Onun səsi eşidilirdi” cümləsi ilə vermək olar.
Göründüyü kimi, burada üç söz iştirak edir. Bayırda, həzin və məlahətli sözlərini cümləyə daxil etməklə məna tutumu daha da zənginləşdirilmişdir. Bu cümlədə işlənən və ayrılıqda heç bir məna bildirməyən dil vahididir. Həmin cümlədə isə iki söz arasında məna əlaqəsi (həzin və məlahətli) yaradır.
Cümlədə sözlər çoxmənalılığına görə də bir-birindən fərqlənir. Məsələn, “O məni gördü” cümləsində o əvəzliyi olduqca müxtəlif mənalar ifadə edə bilir. O dedikdə, burada insan (kişi və ya qadın, oğlan və ya qız) və ya heyvan (it, pişik, at, quş, inək və s.) nəzərdə tutula bilər. Belə olduqda həmin sözün mənası cümlə daxilində deyil, mətn daxilində aşkara çıxır. Göstərilən dil faktları bir daha sübut edir ki, söz olduqca mürəkkəb təbiətə malik bir dil vahididir. Onu leksikanın başlıca vahidi kimi tədqiqata cəlb etmək, dildəki əsas vəzifələrini müəyyənləşdirmək, müxtəlif leksik variantlarını aşkara çıxarmaq və bu əsasda təsnif etmək dilçiliyin ən vacib problemləridir.
Dilin leksik tərkibini təşkil edən bütün vahidlər hər cəhətdən bir-birinə oxşamır. Dildəki hər bir leksik vahidin özünəməxsus xüsusiyyətləri və üslubi vəzifələri vardır. Buna görə də bəzi sözlər dilin bütün üslublarında işlənə bildiyi halda, digər qrup sözlər müəyyən üslubi məqsəd üçün yalnız bir üslubda işlənir. Bundan başqa, dildə bəzi sözlərdən az, bəzi sözlərdən isə çox istifadə olunur və s.
Bütün bu cəhətlər nəzərə alınaraq müasir Azərbaycan ədəbi dilinin leksikası, əsasən, aşağıdakı söz qruplarına bölünür: ümumişlək sözlər, poetik sözlər, köhnəlmiş sözlər, neologizmlər, terminlər, dialektizmlər, loru sözlər, vulqar sözlər.
Cəmiyyət və kainata aid əşya, hadisə, əlamət və s. anlayışların adını bildirib dildə çox işlənən sözlərə ümumişlək sözlər deyilir. Bunlar hamı tərəfindən eyni dərəcədə və eyni mənada başa düşülür; Məsələn:
Yenə də yamyaşıl geyinir dağlar, Göz kimi durulur qaynar bulaqlar. Əriyir güneylər döşündəki qar, Yağış da isladır o göy çəməni, Təbiət ilhama çağırır məni!
Bu misralardakı sözlərin hamısı ümumişləkdir. Çünki bunlar və bu qəbildən olan digər sözlər Azərbaycan dilində danışanlar üçün eyni dərəcədə aydındır.
Ümumişlək sözlər dilin leksik tərkibinin başlıca olaraq, əsas hissəsini təşkil edir və ən zəruri, həyati anlayışları əks etdirir. Belə sözlər maddi varlığa və eləcə də insan fəaliyyətinin bütün sahələrinə aid olur; məsələn:
ad bildirənlər: ata, ana, ev, ot, ət, yağ, bal, baş;
əlamət və keyfiyyət bildirənlər: yaxşı, pis, ağ, qırmızı, acı, şirin;
miqdar və kəmiyyət bildirənlər: beş, on, yüz, az, çox;
hal və hərəkət bildirənlər: yatmaq, oxumaq, yemək, gəlmək, getmək.
Ümumişlək sözlər dilin hər bir üslubunda, yəni bədii, elmi, ictimai, rəsmi üslublarında işlənə bilir və işləndiyi nitqdə fikrin bütün dərinliyi ilə sadə və təbii ifadə olunmasına imkan verir.
Yüksək obrazlılığa, emosianallığa və ifadəliliyə malik olan sözlərə poetik sözlər deyilir. Poetik söz nitqə incəlik verir və onu bədiiləşdirir; məsələn:
Ey əzəli can ilə cananımız!
Eşqi-ruxundur əbədi şanımız! (Nəsimi)
Hə, balam, doğrusu, ay dadaş mən dəxi
Məsləhət ondan o yana bilmərəm. (M.Ə.Sabir)
Bu misralardakı canan və dadaş sözləri poetik sözlərdir. Bunlar ümumişlək və digər sözlərdən öz xüsusiyyətlərinə görə fərqlənir.
Ədəbi dildə poetik sözlər müxtəlif yollarla meydana gəlir. Bunlardan bir neçəsinə nəzər yetirək.
Bəzi poetik sözlər xalq poeziyasından gəlir; məsələn:
Düşüb can dara, yerdə,
Qalıb qanara yerdə
Öldürdü canan məni,
Getdi can ara yerdə.
Tarixən folklor poeziyası üçün xarakterik olan canan sözü öz poetikliyini saxlayaraq ədəbi dilə keçmişdir.
2) Bəzi poetik sözlər ədəbi dilin yeni söz yaratmaq imkanları əsasında əmələ gəlir; məsələn:
Kürün qırağında, Muğan düzündə,
Zəmisi, tarlası suyun gözündə,
Salmanlı adlanan bir kəndciyəz var (S.Vurğun)
Bu misralardakı kənd sözü şəkilçi vasitəsi ilə kəndciyəz formasında poetikləşdirilmişdir.
3) Başqa dillərdən keçmiş bəzi sözlər poetik xarakter almışdır. Məsələn; mənşəcə başqa dillərə məxsus olan əlvida, səma, sayə, əfsus, acaba, mavi və s. Kimi sözlər dilimizdə əsasən fikrin obrazlı ifadə olunmasına xidmət etdiyi üçün poetikləşmiş vahidlərdir.
Dildə poetik sözlər olduğu kimi poetik ifadələr də vardır; məsələn:
Mən qartalam, qıy vuranda havada
Düşmənlərim tir-tir əsir yuvada. (Ə.Qasımov)
Bu misaldakı qıy vurmaq tir-tir əsmək ifadələri poetik xarakter daşıyır. Dildəki poetik söz və ifadələrin hamısı poetizm adlanır. Poetizmlər əsasən ədəbi dilin bədii üslubunda işlənir.
Fəal şəkildə istifadədən qalan sözlərə köhnəlmiş söz deyilir. Azərbaycan dilinin lüğət tərkibində müəyyən miqdar köhnəlmiş söz vardır. Bunlara aşağıdakıları misal göstərmək olar: ağa, nökər, bəy, girvənkə, çuxa, arxalıq, qul, cüt və s.
Dildə bu və ya başqa bir sözün köhnəlməsi olduqca mürəkkəb bir prosesin nəticəsidir. Buna görə də bu və ya digər sözün köhnəlməsi süni olaraq sərhəd qoymaq mümkün deyildir. Söz dildə ya uzun illər fəal vahid kimi ömür sürür, ya da bəzi səbəblərlə əlaqədar olaraq müəyyən dövrdən sonra köhnələ bilir. Hər bir sözün taleyi onun ifadə etdiyi məna ilə və xidmət etdiyi xalqın düşüncəsi ilə bağlı olur.Bütün bunlara əsasən də sözün köhnəlməsi obyektiv qanunauyğunluq əsasında meydana çıxır.
Bəs köhnəlmiş sözlər necə müəyyən edilir? Bu qrup sözlərin müəyyənləşdirilməsi üçün əsas meyar dilin müasir vəziyyətidir. Köhnəlmiş hər bir söz dilin bugünkü vəziyyəti ilə yoxlanılır, onun nə dərəcədə işlənib-işlənmədiyi aydınlaşdırılır. Köhnəlmiş söz müəyyənləşdirilərkən tarixilik prinsipi əsas götürülür. Yəni hər bir fakta tarixilik cəhətdən yanaşılır; məsələn: XIX əsrdə M.F.Axundov əsərlərində yüzbaşı, murov, yasavul və s. kimi sözlər işlənilmişdir. Bu sözlər hazırkı dövr üçün köhnəlmişdir. Lakin XIX əsrdə bunlar fəal istifadə olunan adi sözlər idi. Deməli bu və ya başqa bir söz bir dövr üçün adi, digər dövr üçün arxaik ola bilir.
Dildə köhnəlmiş sözlərin köhnəlmə dərəcəsi eyni olmur. Belə ki, bəzi sözlər az, bəzi sözlər isə çox köhnəlir. Bu nöqteyi-nəzərdən Azərbaycan dilindəki köhnəlmiş sözləri iki qismə bölmək olar:
1) Ancaq müasir ədəbi dil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı ilə ədəbi dildə də olub, hazırda ümumxalq Azərbaycan dilinin yalnız dialekt və şivələrində işlənir; məsələn:
Səndən neçə min can ayrı düşdü,
Tən ya çürüdü, ya sayru düşdü. (Xətayi)
Can mey andırdı əhl mövbəyə məkrar gül (M.Füzuli)
Ünümdən titrədi tamam vilayət
Elə sandılar ki, qopdu qiyamət. (M.P.Vaqif)
Bu misralardakı sayru sözü xəstə mənasında, andırmaq sözü yada salmaq, xatırlamaq mənasında dilimizin bir sıra dialekt və şivələrində işlənməkdədir. Səs mənasında olan ün sözü isə bəzi dialekt və şivələrdə hələ də yaşayaraq səs sözü ilə qoşalaşmış şəkildə işlənir.
2. Ümumdil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı ilə dildə işlənib, indi isə nə ədəbi dildə, nə danışıq dilində istifadə olunmayan sözlərdir. Belə sözlərə əsasən qədim abidələrin dilində təsadüf olunur; məsələn:
Oğlun sağdır əsəndir avdadır. (Kitabi Dədə Qorqud)
Bu misaldakı əsən sözü X-XI əsrlərdə salamat mənasında işlənmiş, indi isə demək olar ki, tamamilə köhnəlmişdir.
Dildə istər az, istərsə də çox dərəcədə köhnəlmiş olan hər hansı bir söz bu və ya digər qohum dillərdə fəal söz kimi işlənə bilir. Bunu başqa şəkildə desək qohum dillər üçün ortaqlı olan sözlərin bir dildə köhnəlməsi həmin sözün digər dillərdə də köhnəlməsi üçün şərt ola bilmir və ola da bilməz.
Köhnəlmiş sözlərin hamısı eyni əlamətə malik olmayıb, bir qrupu digərindən bu və ya başqa xüsusiyyətləri ilə fərqlənir.
Bunlardan bəziləri ifadə etdikləri məfhumdan ayrılaraq, bəziləri isə məfhumla bərabər köhnəlmişdir. Bu nöqteyi-nəzərdən Azərbaycan dilindəki köhnəlmiş sözlər iki qrupa bölünür: tarixizmlər və arxaizmlər.
Dostları ilə paylaş: |