III Qaraciyər koması hepatit, qaraciyərin sirrozu və toksik təsir nəticəsində qara-ciyər parenximasının dərin total zədələnməsi ilə əlaqədar olub, üç mərhələdə inkişaf edir:
1. Koma təhlükəsi - əsəbilik, sürətlə psixi üzülmə, sutkalıq rejimin təhrif olunması (gündüz yatıb, axşam oyaq qalır), tremor, ağızda xoşagəlməz təm, yüngül sarılıq qeyd edilir.
2. Prekoma (komaönü vəziyyət) - birinci mərhələdəki simptomlar, o cümlədən, tre-mor güclənir, psixotik vəziyyət törənir, vaxtaşırı huş itir, ağızdan «qaraciyər qoxu-su» (çürümüş ət iyi) gəlir.
3. Koma - huşun itməsi və reflektor fəaliyyətin pozulması fonunda yuxarıda göstəri-lən əlamətlər şiddətlənir. Qaraciyərin yüksək regenerasiya qabiliyyəti sayəsində orqanizm özü bu vəziyyətdən çıxa bilər, amma koma təkrar olur və nəhayət, ölümə səbəb olur.
Qaraciyər komasının bilavasitə səbəbi qaraciyərin baryer funksiyasının pozulma-sı nəticəsində orqanizmin öz metabolitləri (ilk növbədə ammonyak) ilə zəhərlənmə-sidir.
Odur ki, xəstələrin qida rasionunda heyvani zülalları çıxarır, venaya qlükoza və bəzi aminturşular (məsələn, metionin) yeridirlər.
Qaraciyərdə zülalların sintezini müəyyən dərəcədə normallaşdıran qlükokortiko-koidlər və yanaşı gedən infeksiyaların qarşısını almaq üçün geniş təsir spektrinə ma-lik antibiotiklər tətbiq edilir.
IV. Böyrək koması uremiyanın (böyrək çatışmazlığı) son mərhələlərində kompen-sasiya olunmamış asidoz və orqanizmin elektrolit balansının (ilk növbədə maqnezi-um mübadiləsinin) dərin pozulmaları nəticəsində törənir. Hazırda ən effektli müalicə hemodializdən və ya böyrəyin transplantasiyasından ibarətdir.
V. Malyariya koması tropik malyariyadan ölümün səbəblərindəndir. Malyariya tut-ması zamanı eritrositlər dağıldıqda, həm onların, həm də plazmodilərin parçalanması məhsulları orqanizmi zəhərləyir.
Bunlardan əlavə, anoksiya, eklampsiya (hamiləlik toksikozu zamanı), apopleksiya (beyinə qansızma), böyrəküstü vəzi (Addison xəstəliyi və ya qlükokortikoidlərlə müalicənin kəsilməsi zamanı) koması, tireotoksik, hipoxloremik (hamilələrdə arasıkəsilməz qusma zamanı) koma ayırd edilir.
Komatoz vəziyyətlər sürətlə inkişaf edir və tez ölümə səbəb ola bilər. Odur ki, hə-kim diaqnozu tez müəyyənləşdirib, həm bütün komalar üçün ümumi olan, həm də onların həmin növü üçün xarakterik olan pozulmaları nəzərə almaqla təcili tibbi yar-dım göstərməlidir.
Bayılma – beyin toxumasında qidalanmanın qəflətən pozulması (hipoksiya) nəti-cəsində huşun itməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir.
Əlamətləri: Bayılma adətən bir neçə dəqiqə çəkir: xəstənin ümumi vəziyyəti pislə-şir, narahat olur, əzələ tonusu zəifləyir, damar tonusu kəskin surətdə pozulur və o, huşunu itirir.
Bu dəyişikliklər üç mərhələdə gedir:
1. İlkin əlamətlər mərhələsi – xəstə narahatlıq hiss edir, ümumi zəiflik, başağrısı, ürək nahiyəsində xoşagəlməz hissiyat, öyümə qeyd edilir.
2. Huşun itirilməsi – xəstənin görmə qabiliyyəti pozulur, qulaqlarında küy hiss edir, vegetativ damar pozulmaları qeyd edilir, dərinin və selikli qişaların rəngi avazıyır, arterial təzyiq və əzələ tonusu azalır. Bu dəyişikliklər bir neçə saniyə ərzində xeyli şiddətlənir, xəstə huşunu itirib yıxılır.
3. Bərpa mərhələsi – prosesin ağırlığından asılı olaraq, bir neçə saniyədən bir neçə dəqiqəyədək müddət ərzində xəstənin huşu bərpa olur.
Xəstəyə ilkin yardımın göstərilməsi: Bayılmadan sonra xəstələr bir neçə müddət zəiflikdən, süstlükdən, yuxusuzluqdan, başağrısından şikayət edirlər. Bayılma o qə-dər də təhlükəli hal deyildir. Yardım üçün naşatır spirti iylədir, xəstəni uzandırırlar, üzünə soyuq su səpirlər, ətrafları qızdırmağa çalışırlar. Xəstə yatağa uzadılır, başı aşağı, ayaqları isə nisbətən yuxarı vəziyyətdə yerləşdirilir. Ayaqlara isitqac qoyulur. Arterial təzyiqi artırmaq üçün, damardaraldan dərmanlardan adrenalin, dəri altına kofein, kordiamin, korazol vurulur. Xəstə üçün rahatlıq yaradılmalıdır; bədənin qız-ması üçün isti kofe içirtmək olar.
Kollaps (latınca kollapsus – süst – zəifləmiş) – damar tonusunun zəifləməsi və dövr edən qanın həcminin azalması nəticəsində törənən kəskin damar çatışmazlığı-dır.
Kollaps zamanı qanın ürəyə qayıtması çətinləşir, arterial təzyiqlə yanaşı, venoz təzyiq də enir. Toxumaların qidalanması və maddələr mübadiləsi pozulur, beyində hipoksiya törənir, orqanizmin funksiyaları kəskin surətdə zəifləyir. Kollapsın klinik əlamətlərinə xəstənin rənginin qəflətən avazıması, nəbzin sürətli və dolğunluğunun zəif, tənəffüsün səthi və seyrək olması, ətrafların soyuması, bədən temperaturunun azalması, sianoz, soyuq tər, ali sinir fəaliyyətinin ləngiməsi (bəzən huş yüngül dərə-cədə pozulur) aiddir.
Etiologiyasına görə kollapsın aşağıdakı növləri vardır:
1.Hemorragik kollaps - şiddətli qanitirmə nəticəsində törənir. Bu zaman kəskin post-hemorragik anemiya da inkişaf edir.
2.Toksiko-infeksion kollaps - törədicilərinin endotoksini olan infeksion xəstəliklər (krupoz pnevmoniya, qida toksikoinfeksiyaları və s.) zamanı müşahidə edilir. Mik-roorqanizmlər məhv olarkən, çoxlu miqdarda azad olan endotoksinlər damar divarı-na iflicedici təsir göstərərək, kollaps törədir.
3. Pankreatik kollaps - mədəaltı vəzi toxumasının dağılmasına səbəb olan qarın trav-ması və kəskin pankreatit zamanı mədəaltı vəzi şirəsinin proteolitik fermentlərinin damar yatağına keçməsi nəticəsində törənir. Bu fermentlər damarın divarının zədə-lənməsinə və tonusunun azalmasına səbəb olur.
4. Ortostatik kollaps - yataq rejimindən sonra qəflətən üfüqi vəziyyətdən şaquli və-ziyyətə keçərkən müşahidə edilir. Həmin müddət ərzində damar tonusu o qədər azal-mış olur ki, şaquli vəziyyət alarkən, atoniya nəticəsində qan bədənin aşağı hissəsinə keçir və beyində qanazlığı törənir. Qan təzyiqi aşağı olan şəxslər hətta səhər yataq-dan sürətlə qalxdıqda da həmin vəziyyətə düşə bilərlər.
5. Anoksik (hipoksik) kollaps - nəfəslə alınan havada oksigenin parsial təzyiqi sürət-lə azaldıqda, oksigen aclığı nəticəsində damar divarının saya əzələlərinin tonusu aza-lır ki, bu da kollapsa səbəb olur.
Müalicəsi: Kollapsın etiologiyasından asılı olmayaraq, müalicəsi zamanı ilk növ-bədə arterial təzyiqi yüksəltmək, dövr edən qanın miqdarını artırmaq və hipoksiyanı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Bu məqsədlə qan və ya qanı əvəz edən məhlullar köçürülür, kortikoid hormonlar, katexolaminlər və ya angiotenzin yeridi-lir, tərkibində çoxlu oksigen və karbon qazı olan qaz qarışıqları ilə inhalyasiya tətbiq edilir. Narkoz və yerli ağrısızlaşdırma istisna olmaqla qalan müalicə tədbirləri şok-dakı kimidir.