Broker əməliyyatları vasitəçi broker İngiltərədə - broker (broker), Fransada – kurtye (courtier), Almaniyada – makler (makler) vasitəsilə satıcı ilə alıcı və yaxud sığortaedənlə sığortaedilən və yaxud gəmi sahibi ilə fraxtedən arasında əlaqənin yaradılmasından ibarətdir.
Broker həmişə tərəflərin bir-biri ilə calaşdırılması üçün çıxış edir, heç vaxt müqavilənin hüquqi tərəfi olmur, tərəflərdən heç biri ilə müqavilə üzrə münasibətlərdə olmur və ayrıca tapşırıqlar əsasında fəaliyyət göstərir.
Broker – birja ticarətinin ən vacib fiqurlarından biridir, satıcı ilə alıcının arasında fəal vasitəçidir və o, həm daxili, həm də xarici bazardakı əmtəə-xammal, valyuta, fond birjalarında və digərlərində keçirilən sövdələşmələrdə iştirak edir. Ona hər bir ayrı sövdələşmənin bağlanılması üçün səlahiyyətlər verilir və o, bir qayda olaraq, bu səlahiyyətlər əsasında fəaliyyət göstərir. Məsəl üçün, o, öz müştərisinin malın miqdarı, keyfiyyəti, göndəriş forması, qiyməti haqqında tapşırığını yerinə yetirir.
Öz xidmətlərinə görə broker müəyyən olunmuş mükafat alır. Bu mükafat ingiliscə brokerij (brokerage), fransızca – kurtaj (courtage), almanca – provezion (provesion) adlandırılır. Əmtəə əməliyyatları aparılan zaman mükafatın ölçüsü 0,25-dən 3-5% faizədək olur.
Broker sövdələşmə zamanı digər tərəfin maraqlarını güdə bilməz və digər tərəfdən komissiya və yaxud mükafat ala bilməz (müştərinin razılığı olduğu hallar istisna olmaqla). Bəzən vasitəçi kimi iki broker çıxış edirlər: biri- alıcının tapşırığına əsasən, o birisi – satıcının tapşırığına əsasən.
Beynəlxalq ticarətin müasir inkişaf mərhələsində elmi və digər yaradıcılıq fəaliyyətinin növlərinin nəticələri ilə mübadilə, o cümlədən lisenziyalarla və injinirinq xidmələri ilə ticarət çox geniş yayılmışdır.
Dostları ilə paylaş: |