Milli gəlirin yenidən bölgüsü istiqamətləri
Sahələrarası yenidən bölgü qeyri-istehsal sahələrində gəlir yaradılmadığından onlar əsas etibarilə istehsal sahələrinin hesabına baş verir. Pul gəlirləri müəssisələrin maliyyəsi və kreditlər vasitəsilə istehsal sahələrində səfərbər olunaraq hökumətlərin mərkəzləşdirilmiş fondlarına yönəldilir və yenidən bölgü yolu ilə qeyri-istehsal sahələrinin saxlanmasına istifadə olunur.
Ərazilərarası yenidən bölgü forması regional maliyyə obyekti olmaqla ayrı-ayrı ərazilərin sosial-iqtisadi inkişaf səviyyəsinin bərabərləşdirilməsi və digər ehtiyatlarından istifadə məqsədləri üçün nəzərdə tutulur. Ərazilərarası yenidən bölgü əsasən, dövlət büdcəsi, biznes maliyyəsi, sığorta və kredit vasitəsilə həyata keçirilir.
Təsərrüfatlararası yenidən bölgü hər hansı bir təsərrüfatın inkişafı üçün büdcə və ya digər maliyyə qurumları vasitəsilə maliyyə ehtiyatları yenidən bölüşdürülə bilər.
Dövlətlərarası yenidən bölgü bir dövlətin başqa dövlətə kömək göstərməsi və ya digər məqsədlər üçün həyata keçirilir. Bu zaman beynəlxalq maliyyə mühüm rol oynayır.
Bölgü funksiyasını maliyyənin mühüm funksiyası kimi qəbul ediriksə, deməli, vəsaitin haraya, hansı məqsədlərlə, hansı məbləğdə təyinatı üzrə yönəldildiyini bilmək üçün nəzarət mexanizmi də olmalıdır.
Nəzarət funksiyasını maliyyənin ikinci mühüm funksiyası sayırıq. Maliyyənin nəzarət funksiyası milli iqtisadiyyatda maliyyə nəzarətinin həyata keçirilməsinin elmi və nəzəri əsaslarını təşkil edir. Nəzarət funksiyası bölgü və yenidən bölgü münasibətlərini əhatə edir. Maliyyə nəzarətinin fəaliyyət dairəsinə isə maddi istehsal, qeyri-istehsal sahələri, dövlət büdcəsinin formalaşması və istifadəsi daxildir.
Maliyyənin nəzarət funksiyasının əsas məqsədi maliyyə məsələləri üzrə qanunvericilik aktlarına əməl olunmasını, vergilərin düzgün və tam yığılmasını, xərclərin təyinatı üzrə istifadə edilməsini müəyyənləşdirməkdən ibarətdir.
Bu funksiya, əsasən, maliyyə orqanları tərəfindən həyata keçirilir, milli iqtisadiyyatın bütün sahə və istiqamətlərini əhatə edir. Maliyyə nəzarətindən kənarda heç nə qalmır.
Maliyyə milli məhsulun bölgüsünün ən mühüm aləti, pul vəsaitinin iqtisadiyyatı idarəetmə subyektləri arasında paylaşdırılmasının vasitəçisidir və bununla əlaqədar o, nəzarət funksiyasını yerinə yetirir. Deməli, o nə istehsalda, nə tədavüldə, nə də istehlakda iştirak edir.
Maliyyə milli məhsulun yalnız bölgüsündə iştirak edir və geniş təkrar istehsalın digər mərhələlərinə bölgü və nəzarət funksiyaları vasitəsilə təsir göstərir. Bu təsiri iki cür qiymətləndirmək olar: kəmiyyət və keyfiyyət təsir. Birinci təsir bölgü funksiyası ilə əlaqədardır və milli iqtisadiyyatın pul vəsaitinə tələbinin maliyyə ehtiyatlarının köməyi ilə necə ödənilməsi ilə müəyyən olunur.
Maliyyənin keyfiyyət təsiri həm bölgü, həm də nəzarət funksiyaları ilə əlaqədardır və bölgü nisbətlərinin nə dərəcədə optimal olması, maliyyə alətlərinin necə qurulması və nəzarətin nə səviyyədə aparılması ilə müəyyən olunur. Maliyyənin keyfiyyət təsiri, adətən, onun kəmiyyət təsirinə uyğunlaşdırılır.
1.4. Maliyyə fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi
Maliyyə elmi bir sıra elmlərlə qarşılıqlı əlaqədə öyrənilir. Onun həm humanitar, həm də iqtisadi elmlərlə qarşılıqlı əlaqəsinə nəzər salaq:
Maliyyə elmi ilə hüquq arasında əlaqə. Maliyyə elmi dövlət hüququ və xüsusi hüquqla sıx əlaqəlidir. Dövlət hüququnun əsas sahəsi Konstitusiya hüququdur. Belə ki, vətəndaşların vergi ödəmələri ilə bağlı hüquq və vəzifələri, büdcə hüququ, büdcənin Milli Məclisdə təsdiqi və s. məsələlər Konstitusiya ilə tənzimlənir. Xüsusi hüquq sahələrinə maliyyə hüququ, əmlak hüququ, bank hüququ, vergi hüququ və s. aiddir.
Maliyyə elmi ilə iqtisad elmi arasında əlaqə. İqtisad elmi bütün elmlər kimi iqtisad elmi maliyyə elmi üçün də bazis rolunu oynayır.
Maliyyə ilə kənd təsərrüfatı iqtisadiyyatı arasında olan əlaqə. İnsanların ilk əmək fəaliyyəti kənd təsərrüfatı ilə bağlı olub. İbtidai insanlar yemək, içmək, geyinmək, isinmək kimi əsas ehtiyaclarını ovçuluqla, meyvə yığıcılığı ilə, heyvandarlıqla, əkinçiliklə məşğul olaraq ödəmişlər. Kimya və biologiya elmləri inkişaf etdikcə torpağın becərilməsi yeni keyfiyyət kəsb etmiş, məhsuldarlıq artmışdır. Bu mərhələdə kənd təsərrüfatının vergiyə cəlb olunması sürətlənmiş və bundan qeyri-aqrar təsərrüfat sahələrinin - sənayenin və xidmət növlərinin inkişafında maliyyə mənbəyi kimi istifadə olunmağa başlanmışdır. Aqrar təsərrüfatdakı bu inkişaf dövləti gəlirlə təmin edir, sənaye və xidmət sahələrini maliyyə mənbələri ilə zənginləşdirir, sənayeləşməyə güclü zəmin hazırlamış olur. Kənd təsərrüfatının inkişafında, istehsalın stimullaşmasında maliyyə vəsaitinin əhəmiyyəti böyükdür.
Maliyyə ilə əməyin iqtisadiyyatının əlaqəsi. Məlumdur ki, əmək vətəndaşların həm hüququ, həm də borcudur. İnsanlar əməkləri ilə əmtəə istehsal edir, xidmətlər göstərir, istehsal amillərini gerçəkləşdirir, özlərini və himayələrində olanları yaşadırlar. İşçilərə ödəniləcək haqların yetərli və uyarlı olması, iş qüvvəsindən düzgün istifadə yalnız sosial risklərdən müdafiə sayəsində mümkündür. İşçilər öz hüquqlarının sahibkarlar tərəfindən pozulma ehtimalını aradan qaldırmaq üçün həmkarlar ittifaqlarını yaradırlar. Bütün bunlar iqtisad elminin diqqət mərkəzindədir. Dövlət isə fəhlə və qulluqçulardan gəlir vergisi alır, onların sosial müdafiələri üçün sığorta fondları yaradır, qeyri-istehsal sahələrini maliyyə mənbəyi ilə təmin edir.
Maliyyə və siyasətşünaslıq. Hər hansı hökumətin həyata keçirdiyi proqramın mahiyyəti haqda bilik əldə etmək üçün həmin proqramı oxumaq vacib deyil. Hökumətin parlamentdə təsdiqlətdiyi və həyata keçirməyə başladığı büdcə bizdə onun siyasəti haqqında lazımi təsəvvür yaradır. Buna görə deyirlər ki, büdcə iqtisadiyyatın güzgüsüdür. Təhsil, səhiyyə, milli müdafiə nazirliklərinin büdcələrinə nəzər salmaqla hökumətin siyasəti haqda səhih məlumatlar alırıq. Dövlət investisiyalarının dövlət büdcəsindəki payı dövlətin iqtisadi artıma verdiyi qiymətin ən bariz göstəricidir.
Maliyyə ilə statistika elmi arasında əlaqə. Dövlət büdcəsinin gəlir və xərclərini proqnozlaşdırarkən, biznes-plan hazırlanarkən, ixrac və idxal əməliyyatları təhlil edilərkən, əhalinin sosial vəziyyəti öyrənilərkən və s. proseslərdə statistik göstəricilərdən istifadə edilir.
Maliyyə ilə sosiologiya arasında əlaqə. Sosiologiya elminin məqsədi sosial hadisələrin öyrənilməsindən ibarətdir. Sosial davranış, sosial təbəqələşmə, sosial sinifləşmə həmin hadisələrə aiddir. Bu proseslərin tənzimlənməsi isə bilavasitə maliyyə münasibətləri vasitəsi ilə həyata keçirilir.
Maliyyə elminin menecmentlə qarşılıqlı əlaqəsi. Menecment iqtisadiyyatın idarə edilməsini əhatə edir. maliyyə isə menecmentin obyekti kimi çıxış edir, həm də ona təsir edir.
Maliyyə ilə beynəlxalq iqtisadi münasibətlər arasında əlaqə. Bazar iqtisadiyyatının mühüm atributlarından biri biznes fəaliyyətinin inkişafıdır. Beynəlxalq iqtisadi əlaqələr biznes əsasında inkişaf edir. Biznesin reallaşdırılması isə xarici ticarət vasitəsilə həyata keçirilir.
Dostları ilə paylaş: |