Dövlətin mövcudluğu. Çünki cəmiyyəti idarə etmək üçün dövlətin olması vacibdir. Dövlət idarəçilik, təsərrüfatçılıq, müdafiə və s. kimi çoxsaylı funksiyalar yerinə yetirir. Onları gerçəkləşdirmək üçün idarəçilik subyekti olan dövlətin əlində müəyyən maliyyə vəsaiti cəmləşməlidir. Dövlətin yarandığı ilk dövrlərdə həmin vəsait natural yığımlar hesabına əldə edilirdi. Cəmiyyətin təkamülü və idarəetmənin mürəkkəbləşməsi prosesində dövlət gəlirləri, xərcləri, bütövlükdə maliyyə münasibətləri meydana gəlməyə başladı.
Cəmiyyətin inkişafı maliyyə münasibətlərinin inkişafı ilə müəyyən olunur. Maliyyə münasibətlərinin inkişaf etdiyi, onların mütərəqqi metodlarından istifadə olunan cəmiyyətdə iqtisadi və sosial inkişaf da yüksək olur. ABŞ, Fransa, Almaniya, İtaliya Yaponiya və s. bu ölkələr sırasındadır.
Maliyyə anlayışı və onun mahiyyəti
Maliyyə anlayışı tarixən mal mübadiləsi və pul münasibətlərini bildirib. «Maliyyə» sözü ərəbcədən götürülüb, mənası «malın, sərvətin dəyəri», yəni puldur. «Finans» sözü isə qədim latın dilindəki «financia» sözündən götürülmüşdür, hərfi mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi Orta əsrlərdə İtaliyada daha sonra isə bütün dünyada istifadə olunmağa başlamış və beynəlxalq status almışdır. Maliyyə anlayışı heç də pul münasibətlərinin hamısını əhatə etmir. Pul münasibətləri daha geniş anlayışdır. Müasir cəmiyyətlərin hər birində bir sıra pul münasibətləri fəaliyyət göstərir.
Maliyyə iqtisadi bazisin elementidir və iqtisadi kateqoriya kimi çıxış edir, çünki, hər şeydən əvvəl, o, istehsal münasibətlərinin müəyyən tərəflərinin universal və mücərrəd formada ifadəsidir. «Bazis» dedikdə üstqurumun əsasını təşkil edən istehsal münasibətlərinin toplusu başa düşülür. Maliyyə iqtisadi münasibətləri ifadə edir və müvafiq olaraq iqtisadi bazisin tərkibinə daxildir.
Maliyyə-geniş təkrar istehsalın fasiləsizliyinin təmin edilməsi, dövlətin vəzifə və funksiyalarının yerinə yetirilməsi məqsədilə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətlərdir.
Maliyyə münasibətləri pul münasibətlərinin tərkib hissəsidir və imperativ xarakter daşıyır, yəni dövlətlə əlaqədardır.
Maddi məzmununa görə maliyyə ölkənin maliyyə resurslarının məcmusunu təşkil edən məqsədli pul vəsaitləri fondudur.
Dostları ilə paylaş: |