Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə : Məktəbəqədər təhsil



Yüklə 37,29 Kb.
tarix02.01.2022
ölçüsü37,29 Kb.
#36059
MQT 1801B Muradlı Leyla


Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fakültə : Məktəbəqədər təhsil

İxtisas : Məktəbəqədər təlim və tərbiyə

Tədris ili : 2020 – 2021

Qrup : 1801 B

Tələbə : Muradlı Leyla

Fənn : Ailədə milli tərbiyə

Fənn müəllimi : Pedaqogika üzrə fəlsəfə doktoru , Baş müəllim Nigar İsmayılova

Mövzu : Müasir ailədə milli tərbiyə və inteqrasiya.

Plan:


  1. Ailə və onun mahiyyəti .

  2. Müasir ailədə milli tərbiyə .

  3. Müasir ailədə inteqrasiya.

1. Ailə və onun mahiyyəti.

Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşə­riy­­yə­tin də davamı üçün çox önəmli bir ünsür, hamı­nın rahat­lıq­la sığınıb isindiyi bir ocaqdır. Ailə məsələsi bütün dövr­lərdə insanları, dövlətləri düşün­dürən, onlar üçün hər şeydən zəruri olan bir məsələ­dir. Onun necə olması, hansı təməllər üzərində qurul­ma­sı, inkişafı, övlad­la­rın tər­bi­yəsi millətin və dövlətin gələcə­yi­nin əsas şərtlərindəndir.

Ailə - insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Ailənin unikallığı və özəlliyi ondan ibarətdir ki, bir neçə insan on illərlə ölçülən uzun zaman kəsiyində, öz ömürlərinin böyük əksəriyyətini, təxminən 30-40 ilini bir-birləri ilə sıx qarşılıqlı münasibətdə keçirirlər. Psixoloqların məlumatlarına görə, Azərbaycanda 100 ildən çox birgə xoşbəxt ömür gün sürmüş insanlar olub. İndiyədək məhəbbət qədər çox əsər yazılan ikinci mövzu yoxdur.

Ailə sözü ərəbcədə “dayanmaq” mənasında olan (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir.

Ailə uşaqlardan başlayır.Uşaqların gələcəyi və ailənin müqəddəsliyini qorumaq xətrinə ailədə orta xətt olmamalıdır.Ailə yeganə yerdir ki, qarşılıqlı hörmət və ehtiramı yalnız orada ərsəyə gətirib, gələcək nəslin sağlam inkişafına da orada zəmin yaratmaq olar. Ailənin xoşbəxtliyini hiss etmək və yaxud görmək üçün səbr və yenə də səbr etmək lazımdır. Bütün hallarda səbirsizlik ailəni uğursuzluğa aparır. Böyük mütəfəkkir R.Taqor deyir: “Ailə istənilən sivilizasiyanın və cəmiyyətin əsas özəyidir”.


Gec -tez oğlanlar evlənməli, qızlar ərə getməlidirlər. Bu çox mühüm həyati zərurətdir. Ona görədə onlar özlərini ailə həyatına hazırlamalıdırlar. Siz artıq bilirsiniz ki, nigaha daxil olmaq üçün yetkinlik yaşına çatmaq, müəyyən ümumtəhsil və peşə səviyyəsi, seçdiyiniz şəxslə özünüz arasında ər-arvadlıq və ailə borcu kimi məsələlərdə yekdil fikrin mövcudluğu, etik-psixoloji mədəniyyətə yiyələnmə, evdarlıq qabliyyətinin, ailənin müstəqil maddi həyatını qurmaq üçün kifayət qədər hazırlığın olması, tərbiyə etməyi bacarmaq və s. lazımdır.

Valideynlər uşağı ilk gündən elə tərbiyə etməli­dirlər ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehti­yac qalmasın. Ailə elə bir qurumdur ki, burada ailə üzvləri bü­tün tərəf­ləri və cəhətləri ilə əhatə olunmuşdur. İnsanın bütün şəxsi, mənəvi, əxla­­qi keyfiyyətləri öncə ailədə forma­laşır. Ailə tərbiyəsi konkret ailədə valideynlərin və qohumların köməyi nəticəsində yaranan tərbiyə və təhsildir. Ailə tərbiyəsi mürəkkəb sistemdir. Həm irsi, həm bioloji, həm sosioloji, həm psixoloji amillər uşaqların və valideyn­lə­rin sağlam­lığına, inkişafına təsir edir, maddi-texniki təminat, sosial vəziyyət, həyat şəraiti, ailə üzvlərinin sayı, ailənin yaşa­dığı yer, uşağa müna­si­bət və s. bütün bunların hamısı üzvi surətdə hər bir konkret halda ailənin həyat tərzində özünü göstərir.

2. Müasir ailədə milli tərbiyə.

Müasir dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə,  istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır. Bəzi alimlər təsdiq edir ki, müasir əhalinin ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın təsiri altında birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar  göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır. Bəşəriyyətin diqqətində olan bu  problemlə bağlı müxtəlif müzakirələr aparılır, çağırışlar edilir.


Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. O,  ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün  bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz.

Hər zaman belə olubdur ki, istənilən bir xalqın, yaxud millətin tarix səhnəsində varlığı onun doğma dilinə, milli adət-ənənələrinə, özünəməxsus etnik mədəniyyətinə sıx bağlılığından asılıdır. O cəhətdən Azərbaycan xalqının çox gözəl və zəngin milli ailə ənənələri, məişət sistemi var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.


Ailə insanın bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. Hər bir xalqın ailə münasibətlərinə dair təcrübələr min illərin sınağından keçərək faydalı öyüdlər , nəsihətlər şəklində nəsildən-nəsilə verilmiş və valideyn-övlad münasibətlərinin qorunub saxlanmasına , zənginləşib təkmilləşməsinə səbəb olmuşdur. İnsanların ən ləyaqətlisi , ən əxlaqı gözəl olanlar ailə üzvlərinə böyük ehtiramla yanaşanlardır. Ailədə uşaqların tərbiyəsi qayğısına qalmaq valideynlər üçün ən qiymətli sərvət hesab edilir . Hər ağacın öz meyvəsi olduğu kimi , qəlbin meyvəsi də övladdır. Qəlbin meyvəsi , evin bərəkəti , yaraşığı olan övlad dünyaya göz açan kimi onun qayğısına qalmaq hər bir ata və ananın şərəfli borcudur . Ana cəfakeşdir , qayğıkeşdir , ana övlada 24 ay süd verir , onun hər əzabına dözür . Bu səbəbdən Məhəmməd peyğəmbər (ə) demişdir : “Cənnət anaların ayaqları altındadır” .

Azərbaycan ailəsi milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir.

Ailə ənənələri ailənin möhkəmlənməsinə səbəb olduğu kimi, ailədə uşaqların tərbiyəsinə də müsbət təsir göstərir. Ailə ənənələri - bu ailənin yazılmamış qaydalarıdır. Bu qaydalar tez - tez eynilə təkrarlanır, yaxud hər il, eyni vaxtda bir mərasim kimi, tədbir kimi keçirilir.

Ailə ənənələri bütün ailələrdə var. Onların bəziləri hətta hiss olunmur. Səhər tezdən ailə üzvləri oyanarkən, bir birinə "Sabahın xeyir!", axşamlar "Axşamınız xeyir!", yatarkən "Gecən xeyrə qalsın!" söyləməsi özü də ailənin geniş yayılmış ənənələrindəndir.

Ailədə "Ad günləri"nin keçirilməsi, yayda harasa istirahətə gedilməsi, yaxud uşaqların kəndə - nənə babalarını görməyə, dincəlməyə getməsi də bir ənənədir.

Milli və dövlət bayramlarının, əlamətdar günlərin təntənəli şəkildə qeyd edilməsi, yolka ağacının bəzədilməsi, yaxud da Novruz bayramında müxtəlif şirniyyatın hazırlanması, səməni göyərdilməsi, ailədə, həyətdə təmizlik, abadlıq işlərinin aparılması ailə ənənələrindəndir.

Ailə gəzintiləri, təbiət qoynunda ailəvi nahar edilməsi, kollektiv tamaşalara baxışlar, yaxud da ailə qurmuş, lakin, ayrı yaşayan ailənin övladları ilə xüsusi yemək mərasimlərinin keçirilməsi, birlikdə yeməklərin hazırlanması, hədiyyələrin verilməsi gözəl ənənələrədəndir.

Ailənin yaşlı üzvləri, nənə, baba hər zaman diqqət mərkəzində olmalı, onlara xüsusi qayğıkeşliklə yanaşılmalıdır. Onlar tez inciyə bilərlər, küsə bilərlər, övladlar, nəvələr bu qocaların ad günü mərasimlərini qeyd etməli, onlara hədiyyələr verməlidirlər.

Dünyasını dəyişmiş ailə üzvləri də unudulmur, müəyyən vaxtlarda onlar anılır, qeyd edilir. Bunlar da ailə ənənələrindəndir.

Ailənin peşə ənənələri də ola bilir. Ailə sülaləsi peşələri ailə üzvləri tərəfindən davam etdirilir. Məsələn, müəllimlər sülaləsi, həkimlər sülaləsi, hərbçilər sülaləsi və s.

Bir çox ailələrdə nəsildən nəsilə keçmiş, əzizlənərək, qorunaraq uzun illər saxlanılmış, qiymətli əşyalar və ya əziz tutulan əşyalar ola bilir, yaxud bir musiqi aləti, ya da dəyərli bir kitab da ola bilir. Yaxud da babanın, ulu babanın evdə saxlanılan qiymətli saatı, nənənin cehiz sandığı, "Zinger" tikiş maşını ola bilir. Bu ailənin qiymətli, əziz tutduğu saxlanclardır ki, müəyyən tarixi günlərdə, hadisələrdə, müəyyən müddətə övlada verilə bilər. Məsələn, qız ailə qurarkən anasının qədim bir boyunbağısı, yaxud qiymətli sırğası ona anasından bir hədiyyə də ola bilər.

Ailədə yeni ənənələr də yarana bilir ki, bunların da mənəvi dəyərlərinin, tərbiyəvi əhəmiyyətinin olması əsas şərtdir. Bu ənənələr nəsildən nəsilə keçərək uzun illər davam edir.

Ailə ənənələrində uşaqlar mehriban insanları, dostları, qohumları görür ki, bu da dostluq və qohumluq əlaqələrinin daha da möhkəmlənməsinə, davam etməsinə səbəb olur.

Ailə ənənələri ailə mühitinin möhkəmlənməsinə, ailə mədəniyyətinin zənginləşməsinə təsir etdiyi kimi, uşaqların da hərtərəfli inkişaf etməsinə, dünyagörüşlərinin artmasına, mənəvi mədəniyyətin formalaşmasına müsbət təsir göstərir. Ənənələr ailənin həyatına bir rəng qatır, emosionallıq və estetik hisslər yaradır.

Ailənin məişət adət və ənənələri öz mahiyyətinə görə iki qismə bölünür:

1.Əsasən keçmişdən qalan və mühafizəkar səciy­yə daşı­yan adətlər;

2.Xalqın tarixi inkişafından, həyat zəruriy­yətin­dən doğan və sonralar daha inkişaf etdirilən mütə­rəq­qi adət-ənənələr və mərasimlər.

Adət-ənənələrə dayanan ailə cəmiyyətimizin, xal­qı­mı­zın önəmli dayaqlarından biri hesab edilir. İctimai həyatın digər sahələrində milli adət-ənənələrin əksəriy­yə­tinin qadağan edil­diyi bir dövrdə belə ailə mühitində onlar qorunmuş və millətin davamlılı­ğı­nı təmin etmək üçün sonrakı nəslə verilmişdir. Ümumiy­yətlə, türk mil­ləti tarixən qada­ğa­­­la­ra, yasaqlara bax­ma­­yaraq, milli mənli­yini qorumuş, soy kökünə, adət-ənənə­sinə bö­yük hörmət və ehtiram bəsləmişdir.

Xalqımızın bu günə qədər yaşayan adət-ənənə­ləri əcdadlarımızın övlad tərbiyə­sin­də istifadə etdik­ləri bir vasitə olmuşdur. Sosial həyatda qanun qədər hökmə sahib adət-ənənələr uşaqların tərbiyəsində, onların kamil bir insan kimi yetiş­məsində, yük­sək mə­nə­viyyata sahib, xalq üçün, millət üçün xeyirli övlad formalaşmasında müstəs­na əhəmiyyətə malikdir.

Uşaq­la­rın ailədə bir şəxsiyyət kimi formalaşdırıl­ma­sında, gə­lə­cək sosial həyata uyğunlaşmasında onların ailə-məişət işlərində, bayram, toy və yas mərasim­lərində işti­­rak et­mə­lə­rinin böyük əhəmiyyəti vardır. Bu mərasimlər uşaq­la­rın xalqın adət-ənənə­lə­rini mənim­­sə­məsinə böyük yar­dım göstərir. Daha doğrusu, xalqın sahib olduğu adət-ənənə­lər özünü bu mərasim­lər­də daha bariz şəkildə bürizə verir. Belə xüsusi gün­lərdə səliqə-səhman işləri­nin aparılması, digər yaxın qohum və qonşuların toplan­ma­sı, itirilən əziz adam­ların məzarlarına gedilib onların ziyarət edilməsi, təzə ailə quran­lara köməklik gös­­təril­məsi, yaxınını itirən­lə­rə təsəlli veril­məsi kimi bir bir çox cəhət­lərin uşaq­la­rın tər­bi­­yə­sində böyük rolu vardır. Uşaq­la­rın belə bir mühitdə olması onların bilavasitə yaşa­ya­raq öyrən­mə­si­nə, digər deyişlə, bilavasitə hiss edərək öyrənməsinə səbəb olur.

Adət və ənənələr özünün ən parlaq ifadəsini mə­­ra­sim­lərdə tapır. Toy, yas, bay­ram­lar, ailə şənliyi və sair bu kimi mərasimlər böyük emosional təsir gücünə ma­lik­dir. Hər hansı ənənənin yaranması və biçimlənməsi konkret bir xalqın ictimai-siyasi, iqtisa­di həyat şəraiti ilə müəyyən olunur.

Hazırda ailələrdə Novruz bayramını, Ramazan və Qurban bayramlarını, Dünya azərbaycanlılarının həm­rəy­liyi günü, 8 Mart, Yeni ili, Respublika gününü, 9 May-Qələbə gününü, “gümüş”, “qızıl” və “brilyant” və b. əlamətdar günləri, ad günləri qeyd etmək də ailədə ənənə şəklini almışdır. Nişan və toy mərasim­ləri, gəlin gətirmək, qız köçürmək ailə bayramları və şənliklər ara­sın­da xüsusi yer tutur.

Ölkəmizdə hər zaman ailə öndə gələn müqəddəs dəyərlər sistemi sayılıb, ona görə də bu müqəddəs dəyərlərin mühafizə olunmasında, milli-mənəvi dəyərlərimizin bizim üçün yazılmamış qanunları çərçivəsində, hətta dövlətçiliyimizin belə bütövlənməsinə xidmət göstərən cəhətlər çoxluq təşkil edir. Milli ailə dəyərləri sistemində Azərbaycan xalqının etnik kimliyində birmənalı olaraq adət-ənənələrin dayanıqlı rolu öz əksini tapır. Ailənin uca, əziz, müqəddəs tutulması, bütün dəyərlərin fövqündə durması onun möhkəmliyinə, dayanıqlığına aparıb çıxarır. Xalqımızın milli yaddaşında ailənin mühafizə olunmasında, bütöv bir müqəddəs ocaq anlamında tanıdılmasında tarixi dəyərlərimizin qorunmasının böyük əhəmiyyəti var.

3.Müasir ailədə inteqrasiya.

Çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına aparıb çıxarır. Milli ailə modeli hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik dövlət hesab olunub. Normal qəbul edib-etməməyimizdən asılı olmayaraq, bu gün ailə modelində aşınmalar baş verir. Bunun qarşısını almaq üçün tarixdə və yaxın keçmişimizdə ən yaxşı ailə ənənələrimizi dirçəltməli, möhkəmləndirməliyik. Əvvəllər çoxuşaqlı, 5-10 uşaqlı ailə modelləri daha çox idi. Üstəlik də, əvvəllər ailələr yaxın qohumların əhatəsində olurdular. Söhbət xala, bibi, dayı, əmi, baba, nənədən gedir. Amma indi bunların çoxu yoxdur. Artıq 80-ci illərin axırlarına yaxın bizdə yalnız ən uzağı 3 uşaqdan ibarət ailələrin sayı çoxalmağa başladı. İndi əksər uşaqların xala, bibi, əmi, dayı deyilən qohumları yoxdur. Bundan sonra daha böyük problemlərlə rastlaşacağıq. Çünki bu qohumluq anlayışları azalacaq. Evdə bir oğlan və bir qız varsa, onlar evlənəndə uşaqlarının xalası, yaxud dayısı, bibisi olmayacaq. Digər tərəfdən, demək olmaz ki, klassik Azərbaycan ailəsinin bütün dəyərləri idealdır.

Ailə mənsub olduğu xalq, millət haqqında müəyyən fikirləri formalaşdırır, həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. O mənada sağlam ailə inkişaf etmiş cəmiyyətin mərkəzində durur, başqa sözlə, toplumun, dövlətin əsasını sağlamailələr təşkil edir. Qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür: milli ailələr texnoloji və iqtisadi inkişafın, xüsusilə qloballaşmanın gətirdiyi problemlərin müxtəlif təsirlərinə məruz qalırlar.

Çağımızda Avropa və Qərb cəmiyyətində müşahidə olunan müxtəlif mənfi dəyişikliklər mənəvi-əxlaqi cəhətdən də dəyərlərin itirilməsinə səbəb olmuşdur. Bu zərər nəticəsində yox olan dəyərlərin kompensasiyası adına dünya xalqlarının bəziləri artıq ailə institutunu bir dəyər sistemi olaraq deyil, böyük mənada maddiyyat – investisiya vasitəsi kimi qəbul etməyə başlamışlar. Planetar miqyasda ailə həyatı zamanla ortaya çıxan innovasiyaların təhdidi altına girməkdədir: texnologiyanın inkişafı, millətlərin rifah səviyyəsinin yüksəlməsi, fərdiliyin artması, mənəvi dəyərlərin zəifləməsi kimi faktlar ailə həyatının təməlini təsir altına almışdır.

Demoqrafik məsələlər – əhalinin təbii yolla artımı,Qərbdə ümumi bir problem olması, ailəşünaslıq elminin ailə quruluşunun cəmiyyətdə mövqeyi mövzusunda bilgilər verə bilməməsi danılmaz faktdır. Bu gün uzunömürlu, sağlam ailə modeli hazırlaya bilməyən, gender məsələsini qabardaraq qadınlarını karyerist edən Avropa indi onları ailəyə bağlamaqda çətinlik çəkir. Avropa və Qərbin sağlam, möhkəm ailə sistemi yaratması üçün Şərq xalqlarının, müsəlman cəmiyyətlərinin ənənələrini, milli-mənəvi dəyərlərini, əxlaqi normalarını mənimsəməsi, tədqiqi, öyrənməsi və tətbiq etməsi dövrümüzün qaçılmaz amillərindəndir.

Azərbaycan cəmiyyətinin ən önəmli dəyəri başqasını xoşbəxt etməyə əsaslanır: şəxsi azadlıqdan, individuallıqdan imtina edib ailə üzvlərinin, qohumların xoşbəxtliyini

hədəfləməyə istiqamətlənir. Bizim milli ailə dəyərlərimizin əsasında da bu durur: başqalarını özündən çox sevmək və yaxınlarını – əzizlərini özündən çox düşünmək. Ailənin təməli düzgün qurularsa, onun dağılmaq təhlükəsi az olar.

“Ailə qurarkən hansı şərtlər önəmlidir?” problemi ətrafında araşdırmalar aparan tədqiqatçılar bildirirlər ki, ailə kişi və qadın arasında olan, daha sonra onların dünyaya gətirdikləri övladlara yönələn ülvi sevgi üzərində qurulmalı, fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır. Zəmanəmizdə isə nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni səviyyələri üst-üstə düşməli, ictimai-sosial statusları, iqtisadi durumları uyğun olmalıdır. O da sirr deyil ki, sevgi zamansız və plansız olduğu üçün hər kəsin ailə həyatı məhəbbət üzərində qurulmur: lakin birgəyaşayış dövründə rəğbət, dərin hörmət hissi bütünləşərək ailə dəyərinə, sevgiyə çevrilir. Möhkəm əsaslar üzərində qurulmuş, uzunömürlü, sağlam ailənin qurulması üçün kişinin və qadının həyata baxışları, mədəni səviyyələri bir-birini tamamlamaqla yanaşı, tərəflər arasında məsuliyyət və sayğının mövcud olması vacibdir. Buna görə də bəzən sevgi ilə cazibə, ehtiras hislərini ayırd edə bilməyən gənclərin nikahının ömrü qısa olur. Əlbəttə, əsl ailə qurmaq da, onu dağıtmaq da çətin məsələ deyil, lakin onu həyatın sınaqlarından keçirib yaşatmaq çətin və şərəfli vəzifədir. Hər bir insanın həyatında mühüm mərhələlərdən sayılan evlilik mahiyyət və keyfiyyət etibarilə həm də ciddi ictimai-sosial məsuliyyət tələb edir axı, hansısa ailənin parçalanması mənəvi və ictimai dəyişikliklərə səbəb olur. Belə münaqişəli durumda isə böyük acını birgə-yaşarlılıqda dünyaya gəlmiş uşaqlar çəkir. Sözsüz, eqoizm və fərdi xoşbəxtlik hissinin ümumi mənafedən üstün tutulması boşanmaya səbəb olan mənəvi bəla sayılır.

Azərbaycan cəmiyyətində bəzən modern görünüşlü, lakin köhnə təfəkkürlü gənclər nikaha girdikdən sonra (ailənin məhəbbət üzərində qurulmasına baxmayaraq) qadına qadağalar qoyur, onun özünü qəbul etdiyi halda illər boyu öyrəndiyi sənətini, peşəsini qəbul etmir, işləməyə, cəmiyyətə fayda verməyə imkan yaratmırlar. Bir-birini bəyənib rəsmi nikah bağlayan, ailə quran gənclərdə sonralar belə simptomların yaranmaması üçün tərəflərin həyata baxışlarında, dünyagörüşündə ümumilik, demokratik düşüncə tərzi, mədəni səviyyə, hörmət və qayğı kimi mənəvi keyfiyyətlər yüksək olmalıdır.

Qloballaşma zamanında ağıllarına Qərbdən gələn müxtəlif mənfi tendensiyanın yeridildiyi gənc şəxslər heç vaxt unutmamalıdırlar ki, insan həm də sosial-ictimai, mədəni varlıq hesab olunur, onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Fərdin şəxsiyyətə çevrilməsi üçün də ailə ilkin mərhələdir: insansa yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir.

Tarixən də belə olub, indinin özündə də elədir: Azərbaycan ailəsində kişi başçı, ailənin iqtisadi dayağı sayılır, o, qərarverici, idarəedici, nəzarətedici kimi funksiyaları yerinə yetirir. Amma ailədə əsasən məsuliyyətin ağırlığı qadının çiyinlərinə düşür: xanımların dözümü və müdrikliyi ailəni qoruyur. Azərbaycan qadını bu milli xüsusiyyəti – güzəştə getmək bacarığı, fədakarlığı ilə dünya və Avropa qadınından çox fərqlənir.

Milli ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Azərbaycan ailəsində övlada olan sevgi, bəlkə də, dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Bir daha təkrarlamağa məcburuq ki, Azərbaycan ailəsinin uzunömürlülüyünün əsas səbəblərindən biri də budur.

Ailənin uzunömürlü olması üçün maddi elementlərin heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi dəyərlərin hakim olması mütləqdir.

Ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı, millətin həyati baxımından müqəddəs bir dəyər və təməldir: onun düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də mühafizəkar elementləri özündə birləşdirməlidir. Zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimiz mühafizə olunmalı, yaşadılmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amillər üstün tutulmalıdır. Eyni zamanda, demokratik prinsiplər qavranılmalı, zəmanənin, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yeniliklər qəbul edilməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır.

Milli ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalaşdıran KİV-in, internetin, sosial şəbəkələrin, yeni media vasitələrinin, xüsusilə televiziyaların üzərinə böyük məsuliyyət düşür. Milli-mənəvi dəyərlərin təbliği ictimai və dövlət televiziyalarının başlıca fəaliyyət prinsiplərinə daxildir, lakin özəl telekanallarda ailə dəyərlərimiz, demək olar ki, qorunmur. Qərbdən süni şəkildə ixrac olunan şou-biznes və reklam dalınca qaçan özəl TV-kanallar sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini göstərməklə şok effektindən yararlanmağa üstünlük verirlər. Halbuki Azərbaycan cəmiyyətinin nümunəvi ailələri müqayisə olunmayacaq dərəcədə üstünlük təşkil edir və nisbətdə qat-qat çoxdur. Əlbəttə, çağdaş ailələrin problemlərini işıqlandırmaqla cəmiyyətin qüsurlarını göstərmək olar, lakin burada balans pozulmamalıdır. Yazılı, elektron, yeni KİV-in dünyaya inteqrasiyası, əhatə dairəsi nəzərə alınaraq cəmiyyətimizi təmsil edən ailələrin xalqımız haqqında rəy formalaşdırmasını da unutmaq olmaz. Media həm də müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri göstərməli, təbliğ etməli, bu tip ailələrin mükəmməlliyinin, uzunömürlüyünün sirlərini açmaqla yeni həyat qurmağa başlayan gəncləri maarifləndirməlidir.

Ailə dəyərləri, adət-ənənələrimiz bir-birilə sıx bağlıdır, onları birı digərindən ayrı təsəvvür etmək doğru olmazdı. Cəmiyyətimizin sağlam təməlini təşkil edən ailənin rolunun böyük olması ilə yanaşı, milli adət-ənənələrin də, dəyərlərimizin də rolu müstəsna əhəmiyyətlidir. Milli ailə ilə bağlı olan adət-ənənələrimizin dağılma təhlükəsi, aşınması, deqradasiyaya məruz qalması cəmiyyətə də öz mənfi təsirini göstərməkdədir. Son vaxtlar ictimaiyyətimizdə müəyyən yanlış təsəvvürlər formalaşıb: bəziləri elə hesab edir ki, qloballaşma şəraitində baş verənlərdən qaçmaq mümkün deyil, müasir dəyərləri tam ərz etmədən, milli təfəkkür tərzimizdən keçirmədən, ənənələrimizə tam uyğunlaşdırmadan qəbul etmək lazımdır. Bunun nəticəsində bizdə ailə münasibətlərində müəyyən problemlər ortaya çıxıb, tarixən formalaşan dayanıqlı ailə modeli dağılmaq təhlükəsi ilə üzləşir. Bu sadalanan amillər bütöv halda cəmiyyətimizdə bir sıra xoşagəlməz tendensiyalara aparıb çıxarır. Söz yox ki, bu cür meyillər, yanlış təfəkkür tərzi pis nəticələr verir: belə milli məsələlərdə son dərəcə həssas və diqqətli olmalıyıq. Belə zərərli vərdişlərin cəmiyyətdə dərin kök salmasına imkan verilməməli, bu məsələlər bizim ictimaiyyəti, dövlət qurumlarının nümayəndələrini, ziyalıları düşündürməlidir.

Biz Şərqlə Qərbin qovuşduğu coğrafi mövqedə yerləşirik. Buna görə də Avropaya inteqrasiya etsək də, klassik ailə modeli deformasiyaya məruz qalmır. Bir çox Avropa və MDB ölkələrinin vətəndaşları xalqımızın möhkəm ailə ənənələrinə böyük rəğbətlə yanaşır. Bəzi ölkələrdə ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Bütün bu spesifik xüsusiyyətlərin qabarıq şəkildə özünü büruzə verməsi, təbii ki, xalqımızı digərlərindən yaxşı mənada fərqləndirir. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, bütün bu nəcib keyfiyyətlər xalqımızın qan yaddaşından irəli gələn əxlaq normalarıdır. Bu əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə, həmçinin folklorumuzda qorunur və gələcək nəsillərə ötürülür. İkincisi, ailə institutu dinamikdir. Zamana uyğun olaraq onun bu və ya digər funksiyalarına yeni elementlər daxil olur. Elm və texnologiyanın inkişafının ailəyə, ailə üzvlərinin roluna təsirini misal göstərə bilərik. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Biz daha çox bu barədə düşünməliyik. Bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli. Sözsüz ki, bu işdə ailənin rolu danılmazdır. Bütövlükdə isə, biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə insan qurduqları ailələrin uzunömürlülüyünü təsdiqləyən “gümüş”, “qızıl”, “brilyant” yubileylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və yaşadılır.



Ədəbiyyat siyahısı

  1. http://medeniyyet.az/page/news/20946/Azerbaycan-ailesinde-qadinin-rolu-xususi-ehemiyyet-dasiyir.html

  2. Rüfət Hüseynzadə , Lalə Allahverdiyeva “ Ailə pedaqogikası”.

  3. Cəmilə Çiçək “ Ailə dəyərlərini simvollaşdıran kultlar ”




Yüklə 37,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin