Ürək əzələsinin işi və oyanması. Qlikogenlə zəngin olan atipik əzələ lifləri ürək əzələsinin tərkibində vardır ki, bunlar da Purkinye lifləridir. Oyanma bu liflər vasitəsilə ürək əzələsinə nəql olunur. Ürək əzələsinin funksiyası qanı aortaya qovmaq və qanı damarlarda hərəkət etdirməkdir. Ürək qanı aortaya vurarkən dəf etdiyi müqavimət qan təyziqi səviyyəsindədir. Ürəyin avtomatizmi sinir sisteminin rolu olmadan, ürəyin təqəllüsü deməkdir. Bədəndən təcrid edilərək çıxarılmış ürəyin MSS və mühitlə təsir əlaqəsi olmadan ritmik olaraq təqəllüs etməsinə ürək avtomatizmi deyilir.
Ürək avtomatizmi ilə bağlı neyrogen və miogen adlı iki nəzəriyyə vardır. Ürəyin fəaliyyəti simpatik və parasimpatik sinirlərlə tənzim olunur. Simpatik sinirlər boyun simpatik düyünlərindən, parasimpatik sinirlər isə azan sinirin tərkibində olan uzunsov beyindən gəlir. Azan sinir ürəyə tormozlayıcı, simpatik sinirlər isə ürəyə oyandırıcı və qüvvətləndirici təsir göstərir.
Ürək və damarların fəaliyyətinə sinirlərlə yanaşı olaraq daxili sekresiya vəzlərinin ifraz etdiyi bioloji fəal maddələr-hormonlar və digər duzlarda təsir göstərir. Hormonal tənzimdə xüsusi yeri böyrəküstü vəzin ifraz etdiyi adrenalin tutur. Adrenalin ürək fəaliyyətini artırır, qan damarlarının mənfəzini daraldır. Qanda kalium ionlarının miqdarının artması ürək fəaliyyətinə tormozlayıcı, kalsium ionlarının miqdarının artması isə ürək fəaliyyətinin artmasına təsir göstərir. Ürək qanı fasilələrlə aortaya qovur. Arteriyaların divarları elastik olduğu üçün genəlir.
Qan təzyiqi ürəyə yaxın olan hissələrdə yüksək və qalan yerlərdə isə çıxış vəziyyətində olur. Yüksək təzyiq olan hissələrdə qan təzyiqi aşağı olan hissələrə axaraq həmin hissələrdə damarları genəldir və təzyiqi artırır. Arteriyalarda hərəkət edən yüksək qan təzyiqinin dalğası keçdiyi damarlarda təzyiqin artması və damarların genəlməsi müşahidə olunur ki, bu da nəbz dalğası adlanır və onun sürəti qanın sürətindən asılı olmur. Damarın ümümi mənfəzi genişləndikcə qan hərəkəti sürətidə yavaşıyır.
Venalarda qanın axmasına əsas səbəb onların aşağı və yuxarı boş venaların ürəyə daxil olan yerində qan təzyiqinin çox aşağı olması ürəyin sorucu qüvvəsi və döş boşluğunda təzyiqin mənfi olmasıdır. Diametri mikronlarla ölçülən kapillyarlarla qan çox zəif sürətlə axır.
Kapilyarlarda qan yaxşı axdığı üçün özündəki oksigen və qida maddələrini hüceyrələrə verir, onlardan isə mübadilənin son məhsullarını alır. İnsan orqanizmdə olan bütün kapillyarların hamısını bir xətt üzrə düzmək mümkün olsa idi yer ekvatorunun uzunluğundan iki dəfə çox olardı. Ən böyük diametrli damar, diametri 1,5 sm-ə çatan aortadır. Qan damarları arteriyalardan kapillyar sistemə keçdikcə ümumi mənfəz böyüyür. Arteriyalara nisbətən kapillyarların ümumi mənfəzi genişləndikcə qanın axma sürəti azalır.
Aortada qan təzyiqi 120-130 mm-ə çatır. Ayrıayrı damarlarda qanın sürəti belədir: aortada 500-600 mm/san, arteriyalarda 150-200 mm/san, orta diametrli venalarda 60-140 mm/san, böyük diametrli venalarda 200 mm/san. Orqanizmin normal həyat fəaliyyətini təmin edən arterial təzyiq qanı hüceyrələr və toxumalar istiqamətində hərəkət etdirir. Mədəciklərin sistolası zamanı qanın təzyiqi qalxaraq maksimal səviyəyə çatır. Ona görə də bu təzyiqə maksimal təzyiq deyilir.
Mədəciklərin diastolası zamanı qanın təzyiqi aşağı düşür. Buna minimal təzyiq deyilir. Maksimal və minimal təzyiqlər arasındakı fərqə nəbz təzyiqi deyilir. Orta yaşlı sağlam şəxslərdə maksimal təzyiq 110-120 mm, minimal təzyiq 70-80 mm civə sütunu hündürlüyünə bərabər olur. Maksimal təzyiq yenidoğulmuşlarda 50 mm c.st., bir neçə gün keçdikdən sonra 70 mm c.st., bir yaşında isə 80 mm c.st., 10-15 yaş arasında isə 100-110 mm c.st., olur. Bəzi hallarda arterial qanın təzyiqi yüksəlir (hipertoniya) və ya aşağı düşür (hipotoniya). Həmçinin, qan damarlarının daralması, ürək fəaliyyətinin artması, psixi-emosional hallarda (qorxu, kədər və s.) qan təzyiqi nəzərə çarpacaq dərəcədə dəyişilir
ƏDƏBİYYAT 1. C.Nəcəfov, N.Zeyniyev, S.Quliyev "Uşaq anatomiyası və fiziologiyası" BAKI-2001
2. F.Hacıyeva "Yaş fiziologiyası və məktəb gigiyenası" BAKI-2001
3. V.B.Şadlinski, A.B.İsayev, E.Ə.Xıdırov "Uşaq anatomiyası" BAKI-2005
4. M.A.Qarayev "İnsan Anatomiyası" BAKI-2005