3.İnqilabi Fransaya qarşı mübarizə. 1789-1794-cü illər Fransa burjua inqilabı nəinki Fransada, hətta Avropanın başqa ölkələrində də mütləqiyyətə və feodalizmə zərbə endirdi. Məhz buna görə də bütün feodal Avropası Fransa inqilabına qarşı mübarizəyə qalxdı. Rusiya da Avropa əks-inqilabının fəal iştirakçısı idi. O, inqilabçı Fransa üzərinə birlikdə hücum etmək üçün Prussiya, Avstriya və İngiltərə ilə danışığa girdi və müdaxiləyə hazırlaşmağa başladı. Rusiya bildirdi ki, harda olursa-olsun dövləti çəkməçilərin idarə etməsinə yol verə bilməz. II Yekaterina Fransaya qarşı Suvorovun komandanlığı altında 60 minlik bir qoşun göndərməyi nəzərdə tutmuşdu. II Yekaterinanm vəfat etməsi bu planların yerinə yetirilməsinə mane oldu.
II Yekaterinanm vəfatından sonra Rusiya taxt-tacına onun oğlu I Pavel (1796-1801) yiyələndi. I Pavel taxta çıxdığı zaman Rusiya 40 ildən bəri idi ki, arasıkəsilmədən ağır, dağıdıcı və işğalçılıq müharibələri aparırdı. Bu müharibələr nəticəsində Rusiya imperiyasının ərazisi 16,8 milyon kvadrat kilometrə çatmış, yəni 2,4 milyon kv. km yeni ərazi işğal edilmişdi.
I Pavelin çarlığı zamanı rus hökuməti burjua Fransası ilə mübarizəni davam etdirirdi. Türkiyənin razılığını alaraq, 1798-ci ilin payızında Rusiya admiral F.Uşakovun komandanlığı altında Qara dəniz eskadrasını Aralıq dənizinə göndərdi. 1799-cü il fevralın 18-də fransızların başlıca dayaq məntəqəsi olan Korfu adası tutuldu. Korfu təslim olduqdan sonra rus dənizçiləri İtaliyanın cənubuna qoşun çıxartdılar. Rus desant qoşunları Neapola və Romaya daxil oldular.
1799-cu ilin aprelində Rus quru qoşunlarının əməliyyatı başlandı. A. V. Suvorov İtaliyaya göndərilən rus qoşunlarının başında dururdu. İki ay ərzində rus qoşunları Şimali İtaliyanı fransız qoşunlarından təmizlədilər.
Rusiyanın İtaliyada təsirinin güclənməsindən ehtiyat edən Avstriya rus qoşunlarının İsveçrəyə göndərilməsinə nail oldu. 1799-cu il avqustun 31-də Suvorovun məşhur İsveçrə yürüşü başlandı. Son dərəcə ağır şəraitdə, rus qoşunları Alp dağlarını aşdılar. Sentyabr ayının ortalarında rus qoşunları Sen-Qotard aşırımında və Şeytan körpüsü (qorxunc uçqunun dibində axan dağ çayının üstündən salındığına görə belə adlanırdı) yaxınlığında fransızlar üzərində qələbə çaldılar.
Suvorovun İtaliyadakı qələbələri İngiltərə-Avstriya-Rusiya ittifaqının (bu ittifaq 1798-ci ildə yaradılmışdı) daxili ziddiyyətlərini üzə çıxartdı. Avstriyalılar Rusiyadan gizli olaraq, fransızlarla sülh haqqında danışığa başladılar. I Pavel 1800-cü ilin yanvarında Suvorova qayıtmaq əmri verdi. Suvorov böyük çətinliklə rus qoşunlarını İsveçrədən çıxartdı. «Müttəfiqlər» arasında razılıq olmadığını görən Fransa Rusiya ilə yaxınlaşmağa başladı.
Ədəbiyyat
1. R.Əhmədov.Türk xalqlarının tarixi (XIII-XX əsrin əvvəlləri) .Sumqayıt -2013
2.Mehdiyeva N.C. Türk xalqlarının tarixinə dair materiallar. B., 1994
3.Mehdiyeva N.C. Türk xalqlarının tarixi. Yeni dövr (XIX – XX əsrin əvvəlləri). Ali məktəblər üçün dərslik. B., 2003
4.R.Qurbanov.Türk xalqlarının tarixi. Dərs vəsaiti. II hissə.Bakı, “İqtisad
Universiteti” Nəşriyyatı, 2011
Dostları ilə paylaş: |