İxtisas: Hava Nəqliyyatında Texnoloji Proseslərin və İstehsalatın Təhlükəsizliyi
Mühəndisliyi
Qrup: 1236a/Q
Fənn: Mülki Aviasiyada informasiya təhlükəsizliyi
Mövzu: Mobil telefondan informasiyanın sızmasının və dinlənilməsinin qarşısının alınması üzrə tədbirlər
Müəllim: Muxtarov Ramil
Tələbə: Niyazov Mahir
Mobil telefondan informasiyanın sızmasının və dinlənilməsinin qarşısının alınması üzrə tədbirlər
"21-ci əsrin kabusu nədir" deyə sual verilsə, heç şübhəsiz ki, insanlar barmağını telefona uzadarlar. Həyatımızı bir çox hallarda yüngülləşdirən bu vasitə eyni zamanda onu kabusa da çevirə bilər. Telefonların dinlənilməsi, eləcə də evlərə, ofislərə gizli kamera yerləşdirilməsi buna misal kimi göstərilə bilər. Son günlər Türkiyə siyasətinin gündəmini elə bu gizli telefon danışıqları tutub.
Ekspertlər isə bu məsələdə daha ehtiyatlı olmağı tövsiyə edir. Çünki telefonu dinlənilən insan bunu dərhal hiss edə bilər. Bunun üçün bir neçə vacib detalı yaddan çıxarmamaq yetərlidir. Telefonda müşahidə ediləcək 5 dəyişiklik dinlənmə ehtimalını gücləndirən səbəblərdəndir. Sən demə, başqasının telefonuna dinləmə proqramı yerləşdirmək çox asandır. Gələn hər hansı mesaja cavab yazmaq, musiqi, foto və ya video yükləməklə bu proqram yüklənə bilər.
Mobil telefonunuzun dinlənildiyini anlamağın 5 yolu:
1. Telefonun batareyası həddindən çox qızırsa:
Telefonda çox danışanda onun qızması təbiidir. Ancaq uzun müddət ona toxunan olmayıbsa və aparat qızıbsa, demək, onun içərisində nə isə baş verir.
2. Telefonun enerjisi tez bitirsə:
Düzdür, bəzən enerji aparatları zaman keçdikcə yararsız hala düşür. Ancaq istənilən halda üç gün kifayət edən enerjinin bir saatda bitməsi təəccüblüdür.
3. Telefonu bağlayanda gecikmə olursa:
Telefon bağlananda işığının da eyni anda sönməsi lazımdır.
4. Telefonda baş verən qəribə hadisələr:
Əgər telefonunuzun işığı özü-özündən yanıb-sönürsə, bağlanırsa, sizi kim isə dinləyə bilər.
5. Telefondan cızıltı səsləri gəlirsə:
Bəzən belə səslərin gəlməsi qüllədə olan problemlərdən irəli gələ bilər. Amma səs və cızıltı daima gəlirsə, bu, telefonun dinlənilməsi deməkdir.
"Öncə mesaj göndərirlər, sonra SMS-lər izlənilir - hər şey addım-addım baş verir".
Türkiyə Kompüter Mühəndisləri və Proqramçıları Dərnəyinin sədri Yılmaz Sönməz mobil telefonların lMEI adlanan kodları öyrənildikdə asanlıqla dinlənilə bildiyini deyib. Onun bildirdiyinə görə, mobil telefonlarda dinləmə aşağıdakı ardıcıllıqla həyata keçirilir:
"Mesaj göndərilir - dinlənəcək olan mobil telefona mahnı, şəkil və ya video yüklənəcək bir internet adresinin yazıldığı SMS göndərilir. Mobil telefon istifadəçisi ona gələn bu SMS-i açıb, içindəki internet adresinə daxil olduqda mobil telefon GPRS üzərindən internetə bağlanır və özəl olaraq hazırlanmış "troyan" casus proqramı mobil telefona yüklənir. İdarə telequlaqda - bu casus proqramı ilə dinləniləcək şəxsin mobil telefonu artıq telefonu dinləmək istəyənlərin nəzarətinə keçir. Casus proqram həmin mobil telefona zəng gələn və ya ondan zəng edilən zaman bunu qeyd edir və bir səs qovluğu şəklində istənilən adresə yenə internet vasitəsilə göndərir. Mobil telefon bu prosesi həyata keçirərkən, telefonun istifadəçisi heç bir şey hiss etmir.
SMS-lər də izlənilir - mobil telefona yüklənən casus proqram təkcə danışıqları qeyd edib istənən ünvana çatdırmaqla kifayətlənmir. Bu casus proqramlar dinlənilən mobil telefona gələn və gedən SMS-lərin kopyasını da dinləyən şəxsin mobil telefonuna və ya elektron ünvanına göndərir.
Məkan dinləmə - içərisinə casus proqram yüklənmiş telefonlar yerləşdikləri məkanın da dinlənməsini həyata keçirir. Bu casus proqramlar istifadəçi öz telefonunu söndürdükdə belə işləyə bilir. Çünki bu proqram telefonun üzərindəki söndürmə düyməsini basdıqda sanki telefon sönmüş kimi ekranı qaraldır və telefonun üstündəki işığın yanmasına mane olur. Beləliklə, telefon sönmüş kimi görünsə də, əslində işləməyə davam edir. Telefon işləyərkən də casus proqram mobil telefonun mikrofonu ilə məkandakı səsləri yenə telequlaqlara ötürür.
Düymələrlə idarə-casus proqram yüklənən mobil telefona dinləmə əmrləri telequlaq tərəfindən mobil telefonla göndərilir. Ulduz, diyez (*#) yazıb zəng etdiyiniz nömrəni yazsanız, yenə ulduz, diyez yazdığınız zaman telefon hər dəfə açıldıqda məkan dinləməni o məlum adresə istər dinlədikdən sonra qovluq şəklində göndərə bilər, istər bir anlıq dinləyə bilər, istərsə də, telefon danışıqlarını qeyd edə bilər.
Mütəxəssislər məsləhət görürlər ki, dinlənmənin qarşısının alınması üçün baş nazir və nazirlərin istifadə edə biləcəkləri "passiv otaqlar" hazırlansın. Passiv otaq hər cür radio siqnalından izolə edilən otaq mənasını daşıyır. Bu otaqlara daxil olduqda, mobil telefon siqnalları da daxil olmaqla, hər cür yayım siqnalı blok olunur. Həmin bu otaqlarda istifadə olunan xüsusi dalğa yayıcıları ilə, əgər məkanda qeydedici bir cihaz varsa, onun da fəaliyyətinin qarşısı alına bilir.
Mobil telefonlara yüklənən casus proqramlar Türkiyədə də asanlıqla əldə edilə bilir. Bu proqramların qiyməti xüsusiyyətlərindən asılı olaraq, 600YTL-dən (300 dollar) başlayıb 5-6 min YTL-yə (2500-3000 dollar) çata bilir. Bu casus proqramlar hər cür mobil telefon idarə sistemi ilə istifadə oluna bilir".
Amma bütünlüklə bu dinləmələrdən sığortalanmaq mümkündür. Türkiyədə dinlənilməsi mümkün olmadığı iddia olunan "Enigma E310TR" adlı telefon satışa çıxarılıb. Xüsusi şifrələmə və kripto texnologiyası əsasında hazırlanan telefonun qiyməti 1600 AZN-dir.
Bundan başqa, elementar informasiya təhlükəsizliyi qaydalarını da yaddan çıxarmayaq. Məsələn, mobil telefonunuza hansısa bir proqramı yükləyə bilərsiniz, o proqram mobil telefonunuza düşəndən sonra telefonunuz kənardan izlənilə bilər. Yaxud da sms-ləri bir nöqtəyə yönəltmək olar. Və yaxud kimsə məsuliyyətsizliyinizdən istifadə edərək sizin telefonunuzu 1 dəqiqəlik götürüb hansısa proqramı daxil edə bilər. Bu iki halda izlənmə və telefonun idarə olunması mümkündür. Təbii ki, bunların baş verməməsi üçün vətəndaş məsuliyyətli olmalıdır. Ümumiyyətlə, mobil rabitə dövriyyəyə girəndən insanların dinlənilməsi çox asanlaşıb. Mobil telefonlar təkcə istifadə olunarkən, yəni zəng göndərib zəng qəbul edərkən dinlənilmir. Mobil telefonumuz 24 saat siqnal verdiyindən həm də addımbaaddım izlənməyimiz və kimlərlə görüşüb nələr danışmağımızın qeydə alınması mümkündür.
Əksər ölkələrdə mobil telefon siqnalları, danışıqlar operatorlar tərəfindən serverlərə qeyd edilir. Əslində mobil operator şirkətinin bu qeydləri dərhal silməsi lazımdır. Problem həm də ondadır ki, danışıqlarımız tək mobil operatorların serverlərində saxlanılmır. Dinləmənin digər dörd üsulu var. Bura proqram yükləmə, antena vasitəsilə dalğanı tutma, peyk vasitəsilə, nəhayət, mobil operatorun siqnal ötürücü stansiyasından dinləməni həyata keçirmə daxildir.
Mütəxəssislər telefonlar üçün dinləmələri müəyyən edən və telefon sahibinə xəbər verən proqramlar hazırlayıb. Mobil telefonlara yüklənən bu proqramlar qanundankənar dinləmələri müəyyən etdikdə telefona mesaj və ya siqnal göndərir. Bu isə mobilin dinləndiyini bildirir.
Bəs görəsən, bizim siyasətçilərin telefon danışıqları dinlənirmi? Bu hal baş versə, qarşısını almaq üçün xüsusi cihazdan istifadə edilirmi?
ADP sədri Sərdar Cəlaloğlu telefon dinləməsini qeyri-etik hərəkət adlandırıb bunu həm də qanun pozuntusu adlandırdı: “Bu hərəkəti düzgün saymıram. İnsanların şəxsi həyatının toxunulmazlıq hüququ var. Adətən bu dinləmələrlə bağlı insanların şəxsi həyatı ilə bağlı məlumatlar da əldə edilir. Dinləmə o zaman qanuni sayıla bilər ki, ortada hüquq-mühafizə orqanlarının rəsmi müraciəti olsun. Təəssüf ki, bizim kimi ölkələrdə bu cür hallar qeyri-qanuni həyata keçirilir. Buna baxmayaraq mən öz telefonumun dinlənməsindən o qədər də narahat deyiləm. Çünki qanunu pozacaq danışığım, fikrim, ideyam yoxdur. Bir az şəxsi həyatıma qarışmaq kimi olduğun nəzərə alıb narahat oluram. Dinləmənin qarşısını alacaq hər hansı alətdən istifadə etməyə də gərək duymuram. Heç maraqlanmıram məni dinləyirlər, ya yox. Telefonda danışdıqlarımı qəzetdə açıq şəkildə deyirəm. Yəni bu baxımdan hökumətdən, cəmiyyətdən gizləyəcək heç nəyim yoxdur”.
lent.az portalının rəhbəri Qabil Abbasoğlu telefonunun dinlənilmədiyini və heç bir qurğudan istifadə etmədiyini bildirdi: “Məndə telefonumun dinlənməsi ilə bağlı hansısa məlumat yoxdur. Dinlənilsəm də jurnalistlərlə, dostlarımla, müxtəlif insanlarla söhbətdən, gözəl ideyalardan başqa heç nə eşidə bilməyəcəklər. Dinlənmək üçün xüsusi həssas qrupa özümü daxil etmirəm. Bu təhlükəni real da saymıram. Hesab etmirəm ki, telefonumdakı həmin söhbətlər dövləti maraqlandıra, yaxud narahat edə bilər”.
ADİP sədri, deputat Asim Mollazadə dinlənmədiyini dedi: “Maraqlanmamışam telefonum dinlənir, ya yox. Çünki hərəkətlərimin hamısı qanun çərçivəsindədir. Ona görə də xüsusi narahatlığa gərək yoxdur. Ən azı dinləndiyimi hiss etməmişəm. Əgər telefonumun dinləndiyini hiss etsəm, əlbəttə, məhkəməyə müraciət edərəm”.
Müsavatçı millət vəkili İkram İsrafil dinlənmənin onu narahat etmədiyini dedi: “2003-cü il hadisələri ilə əlaqədar keçirilən məhkəmə proseslərində açıq şəkildə müəyyənləşdi ki, siyasi partiya liderləri dinlənilirmiş. Amma bu gün mənim telefonumun dinlənməsinə dair narahatçılığım yoxdur. Dinləmənin qarşısını alan cihazdan da istifadə etmirəm”.
Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu da telefonunun dinləndiyini sanmır: “Bu cür dinləmə hallarının olduğunu bilirəm. Ancaq bu, məhkəmə qərarı ilə olur. Başqa ölkələrdə telefon dinləmələri məhkəmə yolu ilə həyata keçirilir. Mən telefonumda hansısa dinləmənin qarşısını alan cihazdan istifadə etmirəm”.
mediaforum.az portalının rəhbəri Azər Qaraçənli də dinlənmədiyini deyir: “Telefonumun dinlənməsi haqda məlumatım yoxdur. Yəni deyə bilmərəm telefonum dinlənilir, ya yox. O ki qaldı dinləmənin qarşısını alan cihaza, belə cihazdan istifadə etmirəm. Heç o cihazlar mənə bəlli də deyil”.