AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali


F.ENGELS K.MARKSIN «KAPİTAL»-ının İKİNCİ CİLDİNƏ MÜQƏDDİMƏDƏN



Yüklə 1,16 Mb.
səhifə13/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   ...   8   9   10   11   12   13   14   15   16

F.ENGELS

K.MARKSIN «KAPİTAL»-ının İKİNCİ CİLDİNƏ MÜQƏDDİMƏDƏN

...Marks izafi dəyər haqqında yeni nə söyləmişdir? Necə olmuşdur ki, Marksın izafi dəyər nəzəriyyəsi aydın gündə, həm də bütün mədəni ölkələrdə çaxan bir ildırım təsiri bağışlamış, halbuki onun bütün sosialist sələflərinin nəzəriyyələri, o cümlədən Rodbertusun da nəzəriyyəsi heç bir təsir göstərməmişdir?

Kimya tarixindən gətirilən bir misal bunu bizə aydınlaşdıra bilər.

Məlum olduğu kimi, hələ XVIII əsrin axırlarında flokiston nəzəriyyəsi hökm sürürdü; bu nəzəriyyəyə görə, hər bir yanmanın mahiyyəti ondan ibarətdir ki, yanan cisimdən başqa bir cisim, hipotetik bir cisim, tamamilə yana bilən və flokiston adlandırılmış bir maddə ayrılır. Bu nəzəriyyə, o zaman məlum olan kimyəvi hadisələri bəzən çətinliklə izah edirdisə də, onların böyük qismini izah etmək üçün kifayət edirdi. Lakin 1774-cü ildə Pristli ayrıca bir hava növünü kəşf etdi, həm də «bunu o qədər saf və ya flokistondan o qədər təmiz bir halda tapmışdı ki, adi hava bu havaya nisbətən xarab olmuş kimi görünürdü». Pristli bu havaya flogistonsuzlaşmış hava adı verdi. Bundan az sonra İsveçdə Şeyele də bu cür bir hava tapdı və atmosferdə onun mövcud olduğunu sübut etdi. Şeyele onu da tapmışdı ki, bu havada və ya adi havada bir cisim yandırılanda, həmin hava itib gedir, buna görə də ona od havası (Feuerluft) adı verdi.

«Bu məlumatdan o belə bir nəticə çıxartdı ki, flokistonla havanın tərkib hissələrindən biri qovuşduqda» [deməli, yanma zamanı] «alınan birləşmə od və ya istilikdən başqa bir şey deyildir və bu şüşədən keçərək uçub gedir» (Roscoe und Sc horlemmer: «Ausfuhrliches Lehrbuch der Chemie» Braunschweig, 1887, I, S. 13, 18.).

Pristli və Şeyele oksigen tapmışdılar, lakin onlar əldə etdiklərinin nə olduğunu bilmirdilər. Onlar «öz sələflərində rast gəldikləri» flokiston «kateqoriyalarının əsiri olub qalmışdılar». Bütün flokiston nəzəriyyələrini alt-üst edəcək və kimyada inqilab yaratmalı olacaq bir element onların əlində tamamilə hədər yerə itib gedirdi. Lakin bundan bir az sonra, Pristli Parisdə olduğu zaman öz kəşfi haqqında Lavuazyeyə xəbər verdi, Lavuazye isə bu yeni faktı əsas tutaraq, bütün flokiston kimyasını təkrar nəzərdən keçirib ilk dəfə kəşf etdi ki, bu yeni hava növü yeni bir kimyəvi elementdir, yanma zamanı yanan cisimdən əsrarəngiz bir flokiston ayrılmır, bu yeni element cisimlə birləşir; beləliklə də öz flokiston formasında başı üstə duran kimyanı Lavuazye ilk dəfə olaraq çevirib ayaq üstə qoymuş oldu. Lavuazye sonralar özü dediyi kimi, heç də oksigeni başqaları ilə bir zamanda və müstəqil olaraq tapmamış olsa da, əslində oksigeni həmin iki nəfər deyil, o kəşf etmişdir, o iki nəfər isə oksigeni ancaq təsvir etmiş, lakin məhz nəyi təsvir etdiklərini heç fikirlərinə də gətirməmişlər.



Pristli və Şeyeleyə nisbətən Lavuazye nə kimi bir mövqe tutursa, Marks da izafi dəyər nəzəriyyəsində öz sələflərinə nisbətən elə bir mevqe tutur. Məhsul dəyərinin indi izafi dəyər adlandırdığımız hissəsinin mövcud olması Marksdan çox-çox əvvəl müəyyən edilmişdi, habelə bunun nədən ibarət olduğu da az-çox aydın bir şəkildə göstərilib belə deyilmişdi: bu hissə o əməyin məhsulundan ibarətdir ki, onu mənimsəyən şəxs onun müqabilində heç bir ekvivalent verməmişdir. Lakin onlar bundan o yana getmirdilər. Bəziləri–klassik burjua iqtisadçıları–olsa-olsa, əmək məhsulunun fəhlə ilə istehsal vasitələri sahibi arasında bölünməsinin kəmiyyət nisbətini tədqiq edirdilər. Başqaları–sosialistlər–bu bölgünü ədalətsiz hesab edir və bu ədalətsizliyi aradan qaldırmaq üçün utopik vasitələr axtarırdılar. Bunların hamısı öz sələflərindən hazır şəkildə götürdükləri iqtisadi kateqoriyaların əsiri olub qalmışdılar.

Budur, Marks çıxış etdi. Həm də bütün öz sələflərinə tamamilə zidd olaraq çıxış etdi. Onlar məsələnin həlli zənn etdiklərini Marks yalnız bir problem hesab edirdi. Marks gördü ki, qarşısında flokistonsuzlaşmış hava və od havası deyil, oksigen durur, gördü ki, burada məsələ iqtisadi faktın sadəcə qeyd edilməsi üzərində deyil, bu faktın əbədi ədalətə və həqiqi əxlaqa zidd olması üzərində deyil, elə bir fakt üzərindədir ki, bu fakt bütün siyasi iqtisadda çevriliş yaratmalı idi və ondan istifadə edə bilən adamın əlində, bütün kapitalist istehsalını anlamaq üçün bir açar idi. Lavuazye tapılmış olan oksigenə əsaslanıb flokiston kimyasının əvvəlki kateqoriyalarını tədqiq etdiyi kimi, Marks da bu faktı rəhbər tutaraq, özündən əvvəl müəyyən olunmuş bütün kateqoriyaları tədqiq etdi. Marks izafi dəyərin nə olduğunu bilmək üçün, dəyərin nə olduğunu bilməli idi. Hər şeydən əvvəl Rikardonun dəyər nəzəriyyəsinin özünü tənqid etmək lazım idi. Beləliklə, Marks əməyi onun dəyər yaratmaq xassəsi cəhətdən tədqiq etdi, hansı əməyin, nə səbəbə və necə dəyər yaratdığını ilk dəfə müəyyən etdi və göstərdi ki, ümumiyyətlə dəyər bu cür kristallaşmış əməkdən başqa bir şey deyildir,–bu elə bir nöqtədir ki, Rodbertus ömrünün axırına qədər bunu anlamamışdır. Sonra Marks əmtəə ilə pulun münasibətini tədqiq etdi və göstərdi ki, necə və nə səbəbə–öz dəyər xassəsinə görə–əmtəə və əmtəə mübadiləsi əmtəə ilə pulun əksliyini doğurmalıdır. Marksın buna əsaslanan pul nəzəriyyəsi pul haqqında olan və indi hamının dinməzcə qəbul etdiyi ilk mükəmməl nəzəriyyədir. Marks pulun kapitala çevrilməsini tədqiq edib sübut etdi ki, bu çevrilmə iş qüvvəsinin alınıb satılmasına əsaslanır. O, əməyin yerinə iş qüvvəsini, dəyər yaratmaq xassəsini qoyub dərhal elə bir çətinliyi həll etmiş oldu ki, Rikardo məktəbi bu çətinlik üzündən iflasa uğramışdı: həmin çətinlik ondan ibarət idi ki, kapitalla əməyin bir-birinə mübadilə olunmasını Rikardonun dəyəri əməklə müəyyən etmək qanununa uyğunlaşdırmaq mümkün deyildi. Marks kapitalın sabit kapitalla dəyişən kapitala bölündüyünü müəyyən edib izafi dəyər yaranması prosesinin həqiqi gedişini ilk dəfə təfərrüatına qədər təsvir etdi və beləliklə də, onu izah etmiş oldu, onun sələflərindən isə heç biri bu işi görməmişdi; deməli, Marks kapitalın özündə fərq olduğunu muəyyən etdi; nə Rodbertusun, nə də burjua iqtisadçılarının əsla öhdəsindən gəlmək iqtidarında olmadıqları bu fərq isə ən dolaşıq iqtisad problemlərini həll etmək üçün açar verir ki, bunu burada II kitab və–sonralar göstəriləcəyi kimi–daha artıq dərəcdə III kitab ən inandırıcı bir şəkildə sübut edir. Sonra, Marks izafi dəyərin özünü təsdiq etmiş, onun hər iki formasını: mütləq izafi dəyəri və nisbi izafi dəyəri aşkara çıxarmış və kapitalist istehsalının tarixi inkişafında izafi dəyərin nə qədər müxtəlif lakin hər iki halda həlledici rol oynadığını göstərmişdir. Marks izashi dəyər nəzəriyyəsinə əsaslanaraq əmək haqqına dair indi malik olduğum]uz ilk düzgün nəzəriyyəni yaratmış və ilk dəfə olaraq kapitalist yığım tarixinin əsas cəhətlərini göstərmiş və kapitalist yığımının tarixi meyllərini şərh etmişdir…

F.Engels tərəfindən 1885-ci il mayın 5-də yazılmışdır.

İlk dafə bu kitabda dərc edilmişdir: K.Marx. «Das Kapital. Kritik der politischen Oekonomie». Zweiter Band. Herausgegeben von Friedrich Engels. Hamburg, 1885.
K.MARKS

BİRLƏŞMİŞ ŞTATLARIN MİLLİ FƏHLƏ İTTİFAQINA MÜRACİƏT88

Yoldaş fəhlələr!

Birliyimizin təsis proqramında biz bildirmişik: «Hakim siniflərin müdrikliyi deyil, onların cinayətkar azğınlığına İngiltərə fəhlə sinfinin qəhrəmancasına müqaviməti Qərbi Avropanı Atlantik okeanının o tayında köləliyi əbədiləşdirmək və yaymaq məqsədini güdən biabırçı səlib müharibəsi avantürasından xilas etdi». İndi müharibəyə müqavimət göstərmək növbəsi sizindir; Atlantik okeanının hər iki tərəfində artmaqda olan fəhlə hərəkatı müharibə nəticəsində şübhəsiz ki, qeyri-müəyyən müddətə geri atılmış olardı.

Sizi inandırmağa çətin ehtiyac olsun ki, bəzi Avropa dövlətləri Birləşmiş Ştatları İngiltərə ilə müharibəyə cəlb etməyi çox istəyir. Ticarət statistikasına dair məlumatın ötəri nəzərdən keçirilməsi bizi inandırır ki, Rusiyanın xammal ixracı,–Rusiyada isə ixrac üçün başqa bir şey yoxdur,–Vətəndaş müharibəsi4 vəziyyəti qəflətən dəyişənə qədər Amerikanın rəqabəti qarşısında sürətlə geri çəkilirdi. Amerika kotanlarından qılınc qayrılması məhz indi bu müstəbid dövləti, sizin müdrik respublikaçı dövlət xadimlərimizin özlərinə yaxın məsləhətçi seçdikləri bu dövləti yaxınlaşan iflasdan xilas etmiş olardı. Lakin bu və ya digər hökumətin xüsusi mənafeyindən qətiyyən asılı olmayaraq, bizim qüdrətli beynəlxalq əməkdaşlığımızı daxili müharibəyə çevirmək məgər bizə zülm edənlərin ümumi mənafeyi xeyrinə deyilmi?

Yenidən prezident seçilməsi münasibəti ilə c. Linkolna təbrik məktubunda biz əmin olduğumuzu bildirmişdik ki, Amerikada istiqlaliyyət uğrunda müharibə10 burjuaziyanın inkişafı üçün nə dərəcədə böyük əhəmiyyətə malik olmuşdusa, Amerikada Vətəndaş müharibəsi fəhlə sinfinin inkişafı üçün o dərəcədə böyük əhəmiyyətə malik olacaqdır. Doğrudan da quldarlığa qarşı müharibənin zəfərlə başa çatması fəhlə sinfinin tarixində yeni dövr açdı. Məhz bu vaxtdan etibarən Birləşmiş Ştatların özündə müstəqil fəhlə hərəkatı yarandı ki, sizin köhnə partiyalarınız və onların peşəkar siyasətbazları bu hərəkata hiddətlə baxırlar. Həmin hərəkatın yetkinləşməsinə imkan vermək üçün dinc illər gərəkdir. Onu sarsıtmaq üçün Birləşmiş Ştatlar ilə İngiltərə arasında müharibə lazımdır.

Təbiidir ki, Amerika fəhləsinin vəziyyətinin pisləşməsi Vətəndaş müharibəsinin hiss edilən bilavasitə nəticəsi idi. Avropada olduğu kimi, Birləşmiş Ştatlarda da ağır bir müsibət olan milli borc, birinin belindən başqasının belinə qoyularaq, nəhayət, fəhlə sinfinin belinə yükləndi. Sizin dövlət xadimlərinizdən biri deyir: zəruri malların qiymətləri 1860-cı ildən etibarən 78 faiz bahalaşmışdır, halbuki ixtisassız fəhlənin əmək haqqı vur-tut 50 faiz, ixtisaslı fəhlənin əmək haqqı isə 60 faiz artmışdır.

O, şikayətlənib deyir: «Pauperizm indi Amerikada əhaliyə nisbətən daha sürətlə artır».

Həm də fəhlə sinfinin məşəqqətləri fonunda maliyyə aristokratiyasının, bambılılar aristokratiyasının89 və müharibənin törətməsi olan digər tüfeylilərin gözqamaşdırıcı təmtərağı daha aydın nəzərə çarpır. Lakin bütün bunlara baxmayaraq, qulların azad edilməsi və bunun sayəsində sizin sinfi hərəkatınıza verilən mənəvi təkan Vətəndaş müharibəsinin müsbət nəticəsi oldu. Yüksək məqsədlər daşımayan, böyük ictimai zərurətdən doğmayan yeni müharibənin, köhnə dünya ruhunda olan müharibənin nəticəsində kölənin zəncirləri qırılmaq deyil, azad fəhlənin qollarına yeni zəncirlər vurulmuş olardı. Müharibənin nəticəsində səfalətin artması dərhal sizin kapitalistlərə həm bəhanə, həm də vəsait vermiş olardı ki, onlar daimi ordunun amansız qılıncı ilə fəhlə sinfini ən cəsarətli və haqlı niyyətlərindən uzaqlaşdırsınlar.

Buna görə də məhz sizin üzərinizə şanlı vəzifə düşür; bütün dünyaya sübut etməlisiniz ki, nəhayət, indi fəhlə sinfi tarix səhnəsinə itaətkar icraçı kimi deyil, öz məsuliyyətini dərk edən, üzdəniraq ağalarının müharibə deyə car çəkdikləri yerlərdə sülhü təmin etməyə qadir olan müstəqil qüvvə kimi qələm qoyur.

London, 12 may 1869-cu il.

K.Marks tərəfindən yazılmışdır.

Vərəqə şəklində buraxılmışdır. «Address to the National Zabvur Union of the United States» London, 1889.
F.ENGELS

«ALMANİYADA KƏNDLİ MÜHARİBƏSİ»NƏ MÜQƏDDİMƏ90

1870-ci il İKİNCİ NƏŞRİNƏ MÜQƏDDİMƏ

Bu əsər 1850-ci ilin yayında, yenicə başa çatmış olan əksinqilabın təsiri hələ bilavasitə meydanda olduğu bir zamanda Londonda yazılmış və 1850-ci ildə Hamburqda Karl Marksın redaktorluğu ilə «Neue Rheinische Zeitunq. Rolitich-Okonomische Revue» jurnalının91 5-ci və 6-cı nömrələrində çap edilmişdi. Almaniyadakı siyasi dostlarım bu əsəri yenidən nəşr etdirməyi məndən xahiş edirlər, mən də onların arzusuna əməl edirəm, çünki bu əsər öz aktuallığını, təəssüf ki, hələ indi də itirməmişdir.

Bu əsər müstəqil tədqiq olunmuş material vermək iddiasında deyildir. Əksinə, kəndli üsyanlarına və Tomas Müntserə aid olan bütün material Simmermandan götürülmüşdür92. Onun kitabı bir qədər nöqsanlı olsa da, hələ də faktlardan ibarət materialın ən yaxşı məcmusudur. Həm də ki, qoca Simmerman öz mövzusuna böyük bir məhəbbətlə yanaşmışdır. Bu kitabda onu hər yerdə məzlum siniflərin tərəfdarı kimi çıxış etməyə məcbur edən inqilabi instinkt sonralar onu Frankfurtda ifrat solların93 ən yaxşı nümayəndələrindən biri etmişdi («Almaniyada kəndli müharibəsi»nin üçüncu nəşrində (1875-ci il) sonra əlavə olunmuşdur: «Doğrudur, o vaxtdan bəri o, yəqin ki, bir qədər köhnəlmişdir». Red.).

Əgər bütün bunlara baxmayaraq Simmermanın bizə verdiyi şərhin daxili rabitəsi yoxdursa; əgər o, bu dövrün mübahisəli dini-siyasi məsələlərini o zamanın sinfi mübarizəsinin inikası kimi göstərə bilmirsə; əgər bu sinfi mübarizədə o ancaq zalımlarla məzlumları, bədxahlarla xeyirxahları və axırda bədxahların qələbəsini görürsə; əgər mübarizənin həm başlanğıcını, həm də nəticəsini müəyyən edən ictimai münasibətləri onun başa düşməsində çox əhəmiyyətli nöqsanlar varsa, bütün bunlar kitabın meydana gəldiyi vaxta xas olan bir səhv idi. Əksinə, alman idealist tarix əsərlərində tərifəlayiq bir istisna təşkil edən bu kitab öz zəmanəsi üçün hələ çox realistcəsinə yazılmışdır.

Mən öz şərhimdə mübarizənin tarixi gedişini ancaq ümumi şəkildə təsvir edərək Kəndli müharibəsinin mənşəyini, bu müharibədə çıxış edən müxtəlif partiyaların tutduqları mövqeləri, bu partiyaların öz mövqelərini özləri üçün aydınlaşdırmağa çalışarkən istifadə etdikləri siyasi və dini nəzəriyyələri, nəhayət, müharibənin öz nəticəsini–həmin siniflərin ictimai həyatının o zaman mövcud olan tarixi şəraitinin zəruri nəticəsi kimi izah etməyə çalışdım; beləliklə, mən göstərməyə çalışdım ki, Almaniyanın o zamankı siyasi quruluşu, həmin quruluşa qarşı üsyanlar, dövrün siyasi və dini nəzəriyyələri Almaniyada əkinçiliyin, sənayenin, quru və su yollarının, ticarətin və pul tədavülünün o zamankı inkişaf pilləsinin səbəbi deyil, nəticəsi idi. Bu tarixin–yeganə materialist anlayışı mənim tərəfimdən deyil, Marks tərəfindən kəşf edilmişdi və 1848–1849-cu illərdəki Fransa inqilabı haqqında onun yenə həmin «Revue»da dərc edilmiş yazısının (K.Marks. «Fransada sinfi mübarizə»), habelə «Lui Bonapartın on səkkiz brümeri» əsərinin əsasını təşkil etmişdi.

1525-ci il Almaniya inqilabı ilə 1848–1849-cu illərdəki inqilab arasında bənzəyiş o qədər çox nəzərə çarpırdı ki, o zaman mən onları müqayisə etməkdən tamamilə imtina edə bilmədim. Lakin hadisələrin ümumi gedişində olan və bunların hər ikisində eyni knyaz qoşunlarının müxtəlif yerli üsyanları bir-birinin ardınca yatırtmasından ibarət olan bənzəyişlə yanaşı olaraq, hər iki halda şəhər bürkerlərinin hərəkətlərində, hətta gülünc dərəcəyə çatan bənzəyişlə yanaşı, fərqlər də aydın və aşkar surətdə özünü göstərirdi:

«1525-ci il inqilabından kim xeyir görmüşdü?–Knyazlar: 1848-ci il inqilabından kim xeyir görmüşdü?–Böyük hökmdarlar, Avstriya və Prussiya. 1525-ci ildəki xırda knyazların arxasında, onları vergilər vasitəsi ilə özünə bağlayan xırda bürkerlər dururdu. 1850-ci ildəki böyük hökmdarların, Avstriya və Prussiyanın arxasında isə onları dövlət borcu vasitəsi ilə özünə tezliklə tabe edən müasir iri burjuaziya durur. İri burjuaziyanın arxasında isə proletariat durur» (F.Engels. «Alıaniyada kəndli müharibəsi» (bax: K.Marks və F.Engels. Əsərləri, 2-ci nəşri, 7-ci cild, səh. 436). Red.).

Təəssüflə deməliyəm ki, bu müddəa ilə alman burjuaziyasına çox böyük şöhrət qazandırılmış oldu. Burjuaziyanın doğrudan da həm Avstriyada, həm də Prussiyada monarxiyanı «dövlət borcu vasitəsi ilə özünə tezliklə tabe etməyə» imkanı var idi, lakin bu imkandan heç bir yerdə və heç bir zaman istifadə edilmədi.

1866-cı il müharibəsi nəticəsində Avstriya burjuaziyanın əlinə bir sovqat kimi düşmüş oldu. Lakin burjuaziya hökmranlıq edə bilmir, gücsüzdür və heç bir şeyə qabil deyildir. O ancaq bir şeyi bacarır ki, o da, fəhlələr hərəkətə gələn kimi dərhal onların əleyhinə azğınlıq etməkdən ibarətdir. O yalnız ona görə hələ də hakimiyyət başında qalır ki, bu–macarlara lazımdır.

Bəs Prussiyada necə? Doğrudur, dövlət borcu baş gicəlləndirici bir sürətlə artmışdır, büdcə kəsiri daimi bir hal almışdır, dövlət xərcləri ildən-ilə artır, palatada əksəriyyət burjuaziyanın əlindədir; onun razılığı olmadan nə vergilər yüksəldilə bilər, nə də borc müqavilələri bağlana bilər,–lakin dövlət üzərində burjuaziyanın hökmranlığı hanı? Hələ bir neçə ay bundan əvvəl, dövlət yenə də büdcə kəsiri qarşısında olduğu zaman burjuaziyanın mövqeyi ən əlverişli mövqe idi. Heç olmazsa bir qədər mətinlik göstərsə idi, əhəmiyyətli güzəştlər əldə edə bilərdi. Bəs burjuaziya nə edir? O, bunu kafi bir güzəşt hesab edir ki, hökumət 9 milyona qədər pulu ayaqları altına tullamağı, həm də təkcə bir il üçün deyil, bütün gələcək zaman üçün hər il vermək şərti ilə tullamağı burjuaziyaya müsaidə edir.

Palatada iclas edən yazıq «nasional-liberalları»94 heç də layiq olduqlarından artıq töhmətləndirmək istəmirəm. Mən yaxşı bilirəm ki, onları öz arxalarında duranlar,–burjuaziya kütləsi tərk etmişdir. Həmin kütlə hökmranlıq etmək istəmir. 1848-ci ilin dərsləri hələ də onun çox yaxşı yadındadır.

Alman burjuaziyasının nə səbəbə belə qəribə qorxaqlıq göstərdiyini biz aşağıda deyəcəyik.

Yuxarıda qeyd etdiyimiz müddəa başqa cəhətlərdən tamamilə təsdiq olunmuşdur. 1850-ci ildən başlayaraq xırda dövlətlər getdikcə daha qəti şəkildə arxa sıraya çəkilib Prussiya və Avstriya intriqaları üçün ancaq bir vasitə olur; Avstriya ilə Prussiya arasında hegemonluq uğrunda getdikcə daha qızğın mübarizə baş verir və, nəhayət, 1866-cı ildə məsələ zorakılıqla həll olunur, bunun nəticəsində Avstriya öz əyalətlərini əlində saxlayır, Prussiya bütün şimalı açıq və ya dolayısı ilə özünə tabe edir, üç cənub-qərb dövləti (Bavariya, Balen, Vurtemberq. Red.) isə hələlik aradan çıxarılmış olur.

Bütün bu hiyləgərliyin alman fəhlə sinfi üçün ancaq aşağıdakı əhəmiyyəti vardır:

Birincisi, ümumi seçki hüququ sayəsində fəhlələr öz nümayəndələrini bilavasitə qanunverici məclisə göndərmək imkanı əldə etdilər.

İkincisi, Prussiya allahın mərhəməti ilə digər üç tacı (Hannover, Hessen-Kassel, Nassau. Red.) birdən udaraq yaxşı nümunə göstərdi. Keçmişdə guya özünün hesab etdiyi və allahın mərhəməti ilə ləkələnməmiş olan eyni tacın bu əməliyyatdan sonra yenə də onun əlində qaldığına indi hətta nasional-liberallar da inanmırlar.

Üçüncüsü, Almaniyada inqilabın ancaq bir ciddi düşməni vardır ki, o da Prussiya hökumətidir.

Dördüncüsü də, Avstriya almanları, nəhayət, öz qarşılarına belə bir məsələ qoymalı və həmişəlik həll etməlidirlər ki, onlar kim olmaq istəyirlər–almanmı, yoxsa avstriyalı? Onlar üçün Almaniyamı, yoxsa Leytanın o biri tərəfindəki qeyri-alman əlavələri əzizdir? Çoxdan aydın idi ki, onlar ya birindən, ya da o birindən əl çəkməlidirlər; lakin xırda burjua demokratiyası bunu daim ört-basdır edirdi.

1866-cı illə əlaqədar olan və o zamandan bəri bir tərəfdən, «nasional-liberalların» və, o biri tərəfdən, «Xalq partiyasının»95 zəhlə tökəcək qədər müzakirə etdikləri digər mühüm mübahisəli məsələlərə gəldikdə,–sonrakı illərin tarixi kifayət qədər sübut etdi ki, bu hər iki nöqteyi-nəzər ancaq eyni bir məhdudluğun iki əks qütbünü təşkil etdiyinə görə bir-birinə belə qızğın düşməndir.

Almaniyanın ictimai münasibətlərində 1866-cı il, demək olar, heç bir şeyi dəyişdirmədi. Bir neçə burjua islahatı–vahid ölçü və çəki sistemi, yerdəyişmə azadlığı, peşə azadlığı və i.a. Həm də bunların hamısı bürokratiyanın qəbul edə biləcəyi hədlər daxilində,–digər Qərbi Avropa ölkələri burjuaziyasının artıq çoxdan malik olduqlarına hələ yenə də nail olmur və əsas bəlaya–bürokratik konsessiya sisteminə96 toxunmur. Adi polis təcrübəsi isə proletariat üçün yerdəyişmə azadlığı, vətəndaşlıq hüququ, pasportların ləğv edilməsi və sairə haqqında bütün qanunları onsuz da tamamilə xəyali qanunlara döndərmişdir.

Almaniyada sənaye və ticarətin, dəmir yollarının, teleqrafın və okean gəmiçiliyinin 1848-ci ildən başlanan güclü inkişafının 1866-cı ildəki hiyləgərlikdən çox-çox böyük əhəmiyyəti var idi. Bu müvəffəqiyyətlər yenə o vaxt İngiltərənin və hətta Fransanın qazanmış olduğu müvəffəqiyyətlərdən nə qədər kiçik olsa da, Almaniya üçün eşidilməmiş müvəffəqiyyətlər idi və iyirmi il ərzində o qədər bəhrə vermişdi ki, o, keçmişdə bütöv bir əsrin verdiyindən artıq idi. Almaniya ancaq indi qəti və dönməz surətdə dünya ticarətinə cəlb edilmişdir. Sənayeçilərin kapitalları sürətlə artmış və buna müvafiq olaraq burjuaziyanın ictimai əhəmiyyəti də yüksəlmişdir. Sənaye yüksəlişinin ən doğru əlaməti olan ehtikar, hersoqları və qrafları öz zəfər arabasına qoşaraq özünü tam mənası ilə büruzə verdi. Hələ on beş il bundan əvvəl alman dəmir yolları ingilis sahibkarlarından yalvarıb yardım istədiyi halda, indi alman kapitalı–qoy onun qəbri nurla dolsun!–Rusiyada və Rumıniyada dəmir yolları çəkir. Bəs necə ola bilmişdir ki, burjuaziya siyasi hökmranlıq da əldə etməmişdir, hökumət qarşısında bu qədər qorxaqlıq göstərir?

Alman burjuaziyasının bədbəxtliyi bundadır ki, o, almanların sevdikləri adət üzrə, gecikir. Onun tərəqqisi elə bir dövrə təsadüf etmişdir ki, bu zaman digər Qərbi Avropa ölkələrinin burjuaziyası siyasi cəhətdən artıq tənəzzülə üz qoymaqdadır. İngiltərədə burjuaziya öz həqiqi nümayəndəsi olan Braytı hökumətə ancaq seçki hüququnu genişləndirmək yolu ilə–bütün burjua hökmranlığına son qoymalı olan nəticələr doğuracaq bir tədbir vasitəsilə daxil edə bilmişdir. Fransada, burjuaziyanın bütövlükdə bir sinif olaraq ancaq iki il ərzində, 1849 və 1850-ci illərdə, respublika zamanı hökmran olduğu bu ölkədə burjuaziya yalnız öz siyasi hökmranlığını Lui Bonaparta və orduya güzəşt etməklə öz ictimai varlığı müddətini uzada bildi. Avropanın üç ən qabaqcıl ölkəsinin qarşılıqlı əlaqələrinin son dərəcə artmış olduğu indiki dövrdə isə daha əsla mümkün deyildir ki, İngiltərədə və Fransada burjuaziyanın siyasi hökmranlığı aradan qalxmış olduğu bir halda Almaniyada burjuaziya dinclik və sakitliklə öz siyasi hökmranlığını yarada bilsin.

Keçmişdə hökmran olmuş bütün başqa siniflərə nisbətən burjuaziyanın səciyyəvi xüsusiyyəti məhz ondan ibarətdir ki, onun inkişafında bir dönüş nöqtəsi vardır və həmin dönüş nöqtəsindən sonra burjuaziyanın qüdrəti vasitələrinin və, deməli, birici növbədə onun kapitallarının hər hansı yeni artımı ancaq bununla nəticələnir ki, burjuaziya siyasi hökmranlığa getdikcə daha az qadir olur. «İri burjuaziyanın arxasında proletariat durur». Burjuaziya öz sənayesini, ticarətini və rabitə vasitələrini nə dərəcədə inkişaf etdirirsə, eyni dərəcədə də proletariatı doğurur. Heç də hər yerdə eyni zamanda baş verməyən və bərabər inkişaf pilləsində baş verməsi heç də məcburi olmayan müəyyən bir anda burjuaziya öz ayrılmaz cığırdaşı olan proletariatın böyüyüb onu keçməkdə olduğunu görməyə başlayır. Bu andan etibarən burjuaziya müstəsna siyasi hökmranlıq iqtidarını itirir; burjuaziya öz ətrafında müttəfiqlər axtarır, vəziyyətdən asılı olaraq, ya onları öz hökmranlığına şərik edir, ya da bu hökmranlığı tamamilə onlara güzəşt edir.

Almaniyada burjuaziya üçün bu dönüş nöqtəsi artıq 1848-ci ildə gəlib çatdı. Doğrudur, o zaman alman burjuaziyası alman proletariatından daha çox fransız proletariatından qorxmuşdu. 1848-ci ildə Parisdəki iyun döyüşləri18 alman burjuaziyasına göstərdi ki, onu nə gözləyir; alman proletariatı Almaniyada da eyni bəhrəni verə biləcək toxumların artıq mövcud olduğunu alman burjuaziyasına sübut etmək üçün kifayət qədər güclü həyəcan vəziyyətində idi; məhz bu andan etibarən alman burjuaziyasının siyasi hərəkəti kəsərdən salındı. Alman burjuaziyası müttəfiqlər axtarmağa və özünü nə qiymətə olursa olsun onlara satmağa başladı,–və lap bu günə qədər bir addım da olsa irəliləmədi.

Bütün bu müttəfiqlər təbiətlərinə görə irticaçıdırlar. Onlar–öz ordusu və bürokratiyası ilə birlikdə kral hakimiyyətidir, onlar–iri feodal zadəganlarıdır, onlar–cılız ucqar yunkerləridir, onlar, nəhayət,–keşişlərdir. Burjuaziya nəhayət, daha satacaq bir şey qalmadıqda, təkcə öz qiymətli dərisini saxlamaq xatirinə onların hamısı ilə sövdəyə və sazişə girdi. Həm də proletariat daha çox inkişaf etdikcə, özünü daha artıq dərəcədə bir sinif kimi hiss etməyə və bir sinif kimi hərəkət etməyə başladıqca burjuaziya daha artıq qorxaq olurdu. Prussiyalıların çox pis strategiyası avstriyalıların, nə qədər təəccüblü olsa da, daha pis strategiyasına Sadova97 yaxınlığında qalib gəldikdə hansının;–yenə Sadova yaxınlığında əzilmiş olan Prussiya burjuasınınmı, yoxsa Avstriya burjuasının daha rahat nəfəs aldığını–söyləmək çətin idi.

Bizim iri burjualar 1870-ci ildə, eyni ilə orta bürkerlərin 1525-ci ildə hərəkət etdikləri kimi hərəkət edirlər. Xırda burjualara, sənətkar ustalara və dükançılara gəldikdə, onlar həmişə dəyişilməz halda qalacaqlar. Onlar düz və əyri yolla iri burjuaziyanın sıralarına çıxmaq ümidindədirlər və proletariatın sıralarına salınmaqdan qorxurlar. Onlar ümidlə qorxu arasında tərəddüd edərək, mübarizə zamanı öz qiymətli dərisini xilas etməyə çalışacaq, qələbədən sonra isə qalibə qoşulacaqlar. Onların təbiəti belədir.

1848-ci ildən sonra sənayenin yüksəlişi ilə bir sırada proletariatın ictimai və siyasi fəaliyyəti inkişaf edirdi. Hazırda alman fəhlələrinin öz həmkarlar ittifaqlarında, kooperativlərində, siyasi təşkilatlarında və yığıncaqlarında, seçkilərdə və reyxstaq deyilən orqanda oynadıqları rol,–təkcə bu rol göstərir ki, Almaniyada son iyirmi il ərzində əsla gözə çarpmadan necə bir çevriliş baş vermişdir. Alman fəhlələri üçün çox böyük bir şərəfdir ki, parlamentə fəhlələr və fəhlə nümayəndələri göndərməyə ancaq onlar nail olmuşlar, halbuki nə fransızlar, nə də ingilislər indiyədək buna nail ola bilməmişlər.

Lakin proletariat hələ elə bir dərəcəyə gəlib çıxmamışdır ki, onun vəziyyəti 1525-ci illə müqayisəyə yol verməsin. Daim yalnız əmək haqqı ilə yaşayan sinif hələ heç də alman xalqının əksəriyyətini təşkil etmir. Deməli, bu sinif də müttəfiqləri olmadan keçinə bilməz. Bu müttəfiqlər isə yalnız xırda burjualar, şəhərin lümpen-proletariatı, xırda kəndlilər və kənd təsərrüfatı fəhlələri içərisində tapıla bilər.

Xırda burjualardan biz artıq danışdıq. Onlar çox etibarsızdırlar, yalnız qələbə qazanıldıqda onlar pivəxanalarda dözülməz bir hay-küy qaldırırlar. Buna baxmayaraq, onların içərisində çox yaxşı ünsürlər də vardır ki, bunlar özləri fəhlələrə qoşulurlar.

Lümpen-proletariat, bütün siniflərin tənəzzül etmiş ünsürlərinin tör-töküntüsüdür və başlıca olaraq böyük şəhərlərdə toplanmışdır; o, ehtimal daxilində olan bütün muttəfiqlərin ən pisidir. Bu tör-töküntü tamamilə satqındır və son dərəcə zəhlətökəndir. Əgər fransız fəhlələri hər bir inqilab zamanı evlərin divarlarına «Mort aux voleurs!»–«Oğrulara ölüm!»–sözlərini yazırdılarsa və bunlardan çoxunu güllələyirdilərsə, bunun səbəbi onların mülkiyyətə qızğın tərəfdar olması deyildi, ən əvvəl həmin oğrular dəstəsindən yaxa qurtarmaq lazım olduğunu düzgün başa düşmələri idi. Lümpen-proletarlardan öz qvardiyası kimi istifadə edən, yaxud onlara arxalanan hər bir fəhlə rəhbəri hərəkata xəyanət etdiyini təkcə bununla sübut etmiş olur.

Xırda kəndlilər–iri kəndlilər burjuaziyaya mənsubdur–müxtəlif cinslidirlər:

Ya onlar öz mərhəmətli ağaları xeyrinə hələ də biyar mükəlləfiyyətləri daşımağa məcbur olan feodal kəndliləridir. Burjuaziya onları təhkimçilik asılılığından azad etmək–bu isə onun borcu idi,–imkanını əlindən qaçırandan sonra, onları inandırmaq çətin deyildir ki, ancaq fəhlə sinfindən azadlıq gözləyə bilərlər.

Ya da onlar–icarədarlardır. Bu halda biz əksərən, məhz İrlandiyada olan eyni münasibətləri görürük. İcarə haqqı o qədər artmışdır ki, orta məhsuldarlıq şəraitində kəndli özünü və öz ailəsini çətinliklə dolandıra bilir, məhsul pis olduqda isə, demək olar, acından ölür, icarə haqqını verə bilmir və bu səbəbdən də torpaq sahibinin mərhəmətindən tamamilə asılı vəziyyətə düşür. Belə adamlar üçün burjuaziya ancaq o zaman bir iş görür ki, buna onu məcbur edirlər. Onlar fəhlələrdən başqa daha kimdən nicat gözləyə bilərlər?

Özlərinə məxsus xırda torpaq sahələrində təsərrüfatçılıq edən kəndlilər qalır. Onlar çox hallarda elə ağır hipotek yükü altında olurlar ki, icarədarlar torpaq sahiblərindən nə dərəcədə asılı olursa, onlar da sələmçilərdən eyni dərəcədə asılı olurlar. Nəticədə onların çox cüzi, həm də məhsuldarlığın artıb-azalması nəticəsində son dərəcə qeyri-sabit qazancı qalır. Onlar burjuaziyaya hamıdan az ümid bağlaya bilərlər, çünki məhz burjualar, sələmçi kapitalistlər onların qanını sorurlar. Lakin onlar əksər hallarda öz mülkiyyətinə bərk bağlıdırlar, halbuki bu mülkiyyət həqiqətdə onların deyil, sələmçinindir. Hər halda onları inandırmaq lazımdır ki, yalnız xalqdan asılı olan hökumət bütün hipotek borclarını vahid dövlət borcuna çevirdikdə və bu yolla da faizi azaltdıqda onlar sələmçidən azad ola bilərlər. Bunu isə ancaq fəhlə sinfi həyata keçirə bilər.

Orta və iri torpaq mülkiyyətinin hökmran olduğu hər yerdə kəndin sayca ən böyük sinfini kənd təsərrüfatı fəhlələri təşkil edir. Bütün Şimali və Şərqi Almaniyada vəziyyət belədir; şəhər sənaye fəhlələri sayca ən böyük və təbii müttəfiqlərini də burada tapırlar. Kapitalist sənaye fəhləsinə qarşı durduğu kimi, torpaq sahibi və ya iri icarədar da kənd təsərrüfatı fəhləsinə qarşı durur. Bunlardan birinə kömək edən tədbirlər o birinə də kömək etməlidir. Sənaye fəhlələri özlərini ancaq o halda azad edə bilərlər ki, burjuaziyanın kapitalını, yəni istehsal üçün lazım olan xammalları, maşınları, alətləri və yaşayış vasitələrini ictimai mülkiyyətə, yəni kollektiv surətdə istifadə etdikləri öz mülkiyyətlərinə çevirsinlər. Eyni ilə də kənd təsərrüfatı fəhlələri öz müdhiş dilənçi vəziyyətlərindən ancaq o zaman azad ola bilərlər ki, hər şeydən əvvəl, onların başlıca əmək obyekti olan torpaq iri kəndlilərin və–daha irilərinin–feodalların xüsusi mülkiyyəti halından çıxarılıb kənd təsərrüfatı fəhlələrinin şirkətləri tərəfindən kollektiv surətdə becərilən ictimai mülkiyyətə çevrilsin. Burada biz Bazel beynəlxalq fəhlə konqresinin məşhur qərarına müraciət edirik: cəmiyyətin xeyri üçün torpaq mülkiyyətini kollektiv, milli mülkiyyətə çevirmək lazımdır98. Bu qərar başlıca olaraq o ölkələri nəzərdə tuturdu ki, orada iri torpaq mülkiyyəti və onunla əlaqədar olaraq böyük torpaq sahələrində iri təsərrüfat vardır, həm də bu böyük malikanələrdə bir ağa və çoxlu muzdlu fəhlə vardır. Ümumiyyətlə belə bir vəziyyət isə, Almaniyada hələ də üstündür, buna görə də Bazel konqresinin qərarı İngiltərə ilə yanaşı olaraq məhz Almaniya üçün son dərəcə vaxtında qəbul edilmiş bir qərar idi. Kənd təsərrüfatı proletariatı, kənd fəhlələri–hökmdarların ordularına ən çox əsgər verən bir sinifdir. Onlar ümumi seçki hüququ sayəsində indi parlamentə çoxlu feodal və yunker göndərən bir sinifdir; lakin eyni zamanda onlar şəhər sənaye fəhlələrinə ən çox yaxın olan, bunlarla eyni həyat şəraiti içərisində yaşayan və hətta bunlardan daha artıq dilənçi vəziyyətində olan bir sinifdir. Bu sinif dağınıq və səpələnmiş halda olduğuna görə gücsüzdür; lakin hökumət və zadəganlar onun gizlindəki qüvvəsinə kifayət qədər yaxşı bələddirlər və məktəbləri qəsdən tənəzzülə uğratmağa çalışırlar ki, həmin sinif avam qalsın. Bu sinfi oyatmaq və hərəkata cəlb etmək–alman fəhlə hərəkatının ən yaxın və ən zəruri vəzifəsidir. O gün ki kənd fəhlələri kütləsi öz xüsusi mənafeyini anlamağı öyrəndi, o gündən Almaniyada heç bir irticaçı hökumət–istər feodal hökuməti olsun, istər bürokratik, istərsə də burjua hökuməti–daha mümkün olmayacaqdır.



[. Engels tərəfindən 1870-ci il fevralın 11-nə yaxın yazılmışdır.

Engelsin 1870-ci il oktyabrda Leypsiqdə çapdan çıxmış «Almaniyada kəndli müharibəsi» əsərinin ikinci nəşrində dərc olunmuşdur.
1875-ci il ÜÇÜNCÜ NƏŞRİ ÜÇÜN 1870-ci il MUQƏDDİMƏSİNƏ ƏLAVƏ90

Yuxarıdakı sətirlər dörd ildən artıq bundan əvvəl yazılmışdır. Onlar öz əhəmiyyətini indi də saxlayır. Sadovadan97 və Almaniyanın bölünməsindən sonra doğru olanlar Sedandan99 və Prussiya millətinin müqəddəs alman imperiyası100 təsis ediləndən sonra da təsdiq olunur. Böyük siyasət deyilən siyasətin «dünyanı sarsıdan» hiyləgərlikləri tarixi hərəkatın istiqamətini bu qədər az dəyişdirə bilər.



Amma həmin hiyləgərliklər bu hərəkatın gedişini sürətləndirə bilər. «Dünyanı sarsıdan həmin hadisələrin» müqəssirləri bu cəhətdən qeyri-iradi olaraq elə müvəffəqiyyətlər qazandılar ki, yəqin bu müvəffəqiyyətləri onlar özləri də əsla arzu etmirdilər, lakin bunlarla istər-istəməz hesablaşmalı olurlar.

Artıq 1866-cı il müharibəsi köhnə Prussiyanı təməlinə qədər sarsıtdı. 1848-ci ildən sonra qərb əyalətlərinin sakitlik bilməyən sənaye–həm burjua, həm də proletar–ünsürünü köhnə intizama yenidən tabe etmək üçün az əmək sərf etmək lazım gəlmədi; bunu etmək hər halda mümkün oldu və Şərq əyalətləri yunkerlərinin mənafeyi ordunun mənafeyi ilə yanaşı, yenidən dövlətdə hakim mənafe oldu. 1866-cı ildə, demək olar, bütün Şimal-Qərbi Almaniya Prussiyanın oldu. Allahın mərhəməti ilə digər üç (Hannover, Hessen-Kassel, Nassau. Red.) tacı udmuş olan Prussiya tacına allahın mərhəməti ilə dəyən və yeri doldurula bilməyəcək mənəvi zərər hələ bir yana qalsın, indi monarxiyanın ağırlıq mərkəzi nəzərə çarpacaq dərəcədə qərbə keçmişdir. Reyn vilayətinin və Vestfaliyanın beş milyonluq əhalisi, əvvəlcə açıq ilhaq yolu ilə 4 milyon alman ilə, sonra da Şimali Almaniya ittifaqı101 vasitəsi ilə dolayı ilhaq yolu ilə birləşdirilmiş 6 milyon alman ilə qüvvətləndirilmişdi. 1870-ci ildə isə, buna 8 milyoi cənub-qərbi alman102 daha əlavə olundu, beləliklə «yeni imperiyada» 14,5 milyon köhnə prussiyalıya qarşı (Ost-Elba altının əyalətində; burada o cümlədən 2 milyon polyak da var idi), köhnə Prussiya yunker feodalizmini çoxdan ötüb keçmiş olan 25 milyona qədər alman dururdu. Beləliklə, məhz Prussiya ordusunun qələbələri Prussiya dövlət binasının bütün təməlində qəti irəliləyişə səbəb oldu; yunkerlərin hökmranlığı hətta hökumət üçün də getdikcə daha artıq dözülməz olurdu. Lakin eyni zamanda sənayenin çox sürətli inkişafı yunkerlərlə burjuaziya arasında mübarizəni arxa sıraya keçirərək burjuaziya ilə fəhlələr arasında mübarizəni ön sıraya çəkdi və beləliklə, köhnə dövlətin ictimai əsaslarında daxildən də qəti çevriliş baş verdi. 1840-ci ildən etibarən yavaş-yavaş dağılmaqda olan monarxiyanın əsas ilk şərti zadəganlarla burjuaziya arasında mübarizə idi və bu mübarizədə monarxiya müvazinət saxlayırdı. Lakin məsələ daha zadəganları burjuaziyanın təzyiqindən müdafiə etmək üzərində deyil, bütün varlı sinifləri fəhlə sinfinin təzyiqindən qorumaq üzərində olduqda, köhnə mütləq monarxiya bütünlüklə, xüsusi olaraq bu məqsəd üçün hazırlanmış dövlət formasına: bonapartia monarxiyasına çevrilməli idi. Prussiyanın bonapartizmə bu keçidini mən artıq başqa bir yerdə təhlil etmişəm («Mənzil məsələsinə dair», 2-ci buraxılış, səh. 26 və sonrakılar). Lakin orada bir faktı, burada çox böyük əhəmiyyəti olan bir faktı ayrıca qeyd etməyə ehtiyac yox idi, yəni o faktı ki, Prussiya hazırkı inkişafdan olduqca geri qaldığına görə bu keçid 1848-ci ildən sonra Prussiyanın irəliyə atdığı ən böyük addım idi. Prussiya hələ yenə yarımfeodal dövlət olaraq qalırdı, bonapartizm isə–hər halda, feodalizmin aradan qaldırılmasını tələb edən müasir dövlət formasıdır. Buna görə də Prussiya, özündəki çoxlu feodalizm qalıqlarına son qoymaq və yunkerliyi bütövlükdə qurban vermək qərarına gəlməlidir. Bütün bunlar, əlbəttə, ən yumşaq bir formada və sevimli «həmişə, tələsmədən irəliyə» melodiyasının səsləri altında baş verir. Məsələn, dairələr haqqındakı bədnam əsasnamə bu vəziyyətdədir. Həmin əsasnamə ayrıca bir yunkerin öz malikanəsi ərazisindəki feodal imtiyazlarını ləğv edir, lakin ancaq onun üçün ləğv edir ki, bunları bütün dairənin ərazisində iri torpaq sahibləri məcmusunun imtiyazları şəklində bərpa etsin. İşin mahiyyəti olduğu kimi qalır, ancaq feodal dialektindən burjua dialektinə keçirilir. Köhnə Prussiya yunkerini icbari qaydada ingilis skvayrına bənzər bir şeyə çevirirlər, lakin onun buna bir elə müqavimət göstərməsinə heç də ehtiyac yox idi, çünki bunların hər ikisi eyni dərəcədə kütbeyindir.

Beləliklə, tale Prussiyanın öhdəsinə spesifik bir vəzifə–1808–1813-cü illərdə başlanmış və 1848-ci ildə irəliyə doğru addım atmış olan öz burjua inqilabını bu əsrin axırlarına xoş bonapartizm şəklində başa çatdırmaq vəzifəsi qoymuşdu. Əgər bütün işlər yaxşı gedərsə və dünya sakitcə gözləyərsə, biz özümüz də kifayət qədər uzun ömür sürəriksə, onda, ola bilsin, 1900-cü il üçün elə bir məqama gəlib çataq ki, Prussiya hökuməti bütün feodal təsisatını həqiqətən məhv edəcək və Prussiya, nəhayət, Fransanın 1792-ci ildəki vəziyyətinə çata biləcəkdir.

Feodalizmin, müsbət formada ifadə olunmuş məhvi burjua quruluşu yaradılması deməkdir. Zadəganların imtiyazları aradan qalxdıqca qanunvericilik burjua xarakteri alır. Burada isə biz alman burjuaziyasının hökumətə münasibətinin əsasına gəlib çatırıq. Biz gördük ki, hökumət bu ləng və xırdaçı islahatları tətbiq etməyə məcburdur. Lakin hökumət bu xırda güzəştlərdən hər birini burjuaziya qarşısında, burjuaziyaya verilən bir qurban kimi, taxt-tacdan böyük çətinliklə qoparılmış elə bir yardım kimi qələmə verir ki, bu yardımın müqabilində burjualar özləri də hökumətə həmçinin bəzi güzəştlər etməlidirlər. İşin mahiyyəti burjualar üçün çox aydın olduğuna baxmayaraq, onlar bu aldadıcılıqla razılaşırlar. Buradan da, Berlində reyxstaqda və Prussiya palatasında açılan bütün müzakirələrin gizli əsasını təşkil edən dinməzcə saziş irəli gəlir: bir tərəfdən hökumət tısbağa yerişi ilə qanunları burjuaziyanın xeyrinə islah edir, sənayenin inkişafına qarşı feodal maneələrini və xırda dövlətlərə bölünməyin yaratdığı maneələri aradan qaldırır, vahid sikkə, ölçü və çəki müəyyən edir, peşə azadlığı və i.a. tətbiq edir, yerdəyişmə azadlığı müəyyən edir və bununla da Almaniyanın iş qüvvəsini hədsiz dərəcədə kapitalın sərəncamına verir, ticarəti və ehtikarı himayə altına alır; digər tərəfdən, burjuaziya bütün həqiqi siyasi hakimiyyəti hökumətin ixtiyarına buraxır, vergiləri, borcları və əsgər toplanmasını təsdiq edir və islahatlar haqqında bütün yeni qanunların elə ifadə olunmasına kömək edir ki, xoşa gəlməyən şəxslər üzərində köhnə polis hakimiyyəti tam qüvvəsində qalsın. Burjuaziya öz tədrici ictimai azadlığını öz siyasi hakimiyyətindən dərhal əl çəkmək bahasına almış ölur. Aydındır ki, belə sazişi burjuaziya üçün əlverişli edən başlıca təhrikedici səbəb, hökumətdən qorxmaq deyil, proletariatdan qorxmaqdır.

Siyasət sahəsində bizim burjuaziyanın çıxışları nə qədər miskin olsa da, inkar etmək olmaz ki, sənaye və ticarət haqqında o öz vəzifələrini, nəhayət, yerinə yetirməyə başlamışdır. Sənayenin və ticarətin, ikinci nəşrə müqəddimədə qeyd edilən yüksəlişi o zamandan etibarən daha böyük əzmlə davam etdirilmişdi. Reyn-Vestfaliya sənaye rayonunda 1869-cu ildən etibarən bu istiqamətdə baş verən işlər Almaniya üçün əsla eşidilməmiş hadisədir və bu əsrin əvvəlində İngiltərənin fabrik dairələrində baş verən tərəqqini xatırladır. Saksoniyada və Yuxarı Sileziyada, Berlində, Hannoverdə və dəniz sahili şəhərlərində də eyni hal gözlənilir. Biz, nəhayət, dünya ticarəti, həqiqi iri sənaye, həqiqi müasir burjuaziya əldə etmişik; lakin bununla bərabər bizdə həqiqi böhran da baş vermiş, habelə həqiqi, güclü proletariat da əmələ gəlmişdir.

Şpixern, Mars-la Tur103 və Sedan yaxınlığındakı döyüşlərdə atılan topların gurultusunun və bununla əlaqədar olan nə varsa hamısının 1869–1874-cü illər Almaniyası tarixində, gələcək tarixçi üçün əhəmiyyəti, alman proletariatının gurultusu, sakit, lakin durmadan artan inkişafının əhəmiyyətindən az olacaqdır. Artıq 1870-ci ildə alman fəhlələri ciddi sınaqdan: bonapartist müharibə fitnəsi və onun təbii nəticəsi olaraq Almaniyada ümumi milli ruh yüksəkliyi sınağından keçməli oldular. Alman sosialist fəhlələri bir dəqiqəliyə də olsa aldanmadılar. Onlar zərrə qədər millətçilik şovinizmi göstərmədilər. Onlar qələbədən son dərəcə məst olmaq şəraitində soyuqqanlı olaraq qaldılar və «Fransa respublikası ilə ədalətli sülh bağlanmasını və heç bir ilhaq olmamasını» tələb etdilər, hətta mühasirə vəziyyəti də onları susmağa məcbur edə bilmədi. Nə hərbi şöhrət aludəliyi, nə də «Almaniya imperiyasının əzəməti» haqqındakı boş danışıqlar onlarda rəğbət oyatmadı; onların yeganə məqsədi bütün Avropa proletariatını azad etməkdən ibarət olaraq qaldı. Tamamilə haqlı olaraq demək olar: hələ heç bir ölkədə fəhlələr bu qədər çətin bir imtahanı belə parlaq bir. surətdə verməmişlər.

Müharibə zamanının mühasirə vəziyyəti ardınca dövlətə xəyanət, əlahəzrətin təhqir olunması və vəzifəli şəxslərin təhqir olunması üstündəki mühakimələr, dinclik dövrünə məxsus getdikcə artan polis öcəşmələri başlandı. Adətən «Volksstaat»51 redaksiyasının azı üç-dörd üzvü birdən həbsxanada yatırdı; başqa qəzetlər də bu vəziyyətdə idilər. Hər bir az-çox məşhur partiya natiqi ən azı ildə bir dəfə məhkəmə qarşısına çıxmalı idi; orda, demək olar, həmişə onun haqqında ittiham hökmü çıxarılırdı. Sürgünlər, müsadirələr, yığıncaqların buraxılması dolu kimi yağırdı. Lakin hamısı əbəs idi. Həbsə alınan və ya sürgün olunan hər bir şəxsin yerini dərhal başqası tuturdu; burlxılan hər yığıncağın yerinə iki yeni yığıncaq çağırılırdı; mətanət göstərmək və qanunlara dürüst riayət etmək yolu ilə gah bir yerdə, gah da başqa yerdə polis azğınlığı gücdən salınırdı. Bütün təqiblər əks nəticələr verirdi: onlar fəhlə partiyasını nəinki yıxa bilmirdi və ya hətta onun belini əyə bilmirdi, əksinə, ona yalnız yeni tərəfdarlar cəlb edirdi və onun təşkilatını möhkəmləndirirdi. Fəhlələr istər hökumət orqanları ilə, istərsə ayrı-ayrı burjualarla mübarizədə öz əqli və əxlaqi üstünlüklərini hər yerdə göstərirdilər və xüsusən, «iş verənlər» adlananlarla öz toqquşmalarında sübut edirdilər ki, indi onlar, fəhlələr elmli adamlardır, kapitalistlər isə nadanlardır. Həm də onlar mübarizəni çox vaxt gülə-gülə aparırlar ki, bu da onların öz işlərinə əmin olduqlarına və öz üstünlüklərini başa düşdüklərinə ən yaxşı sübutdur. Tarixin hazırladığı zəmin üzərində bu surətlə aparılan mübarizə böyük nəticələr verməlidir. Yanvar seçkilərinin müvəffəqiyyəti müasir fəhlə hərəkatı104 tarixində müstəsna bir hadisədir və onun bütün Avropanı bu qədər heyrətə salması tamamilə təbiidir.

Avropanın qalan fəhlələri qarşısında alman fəhlələrinin iki mühüm üstünlüyü vardır. Birincisi budur ki, onlar Avropanın nəzəriyyə ilə ən çox məşğul olan xalqına mənsubdurlar və Almaniyanın «elmli» adlanan siniflərinin, demək olar, tamamilə itirmiş olduqları nəzəri düşüncəni özlərində saxlamışlar. İndiyədək mövcud olanlar içərisində yeganə elmi sosializm olan alman elmi sosializmi, özündən əvvəlki alman fəlsəfəsi, xüsusən Hegel fəlsəfəsi olmadan heç vaxt yaradıla bilməzdi. Fəhlələrdə nəzəri düşüncə olmasaydı, bu elmi sosializm heç vaxt indi gördüyümüz qədər onların iliyinə və qanına işləyə bilməzdi. Bu üstünlüyün necə hədsiz dərəcədə böyük olduğunu isə, bir tərəfdən, ayrı-ayrı peşələrin gözəl təşkil olunmasına baxmayaraq, ingilis fəhlə hərəkatının bu qədər ləng irəliləməsinin başlıca səbəblərindən biri olmaq etibarı ilə hər bir nəzəriyyəyə qarşı olan laqeydlik göstərir,–digər tərəfdən isə, prudonizmin öz ilkin formasında fransızlar və belçikalılar arasında, Bakunin tərəfindən verilmiş karikaturalı formasında isə ispaniyalılar və italiyalılar arasında törətmiş olduğu qarışıqlıq və səndələmələr göstərir.

İkinci üstünlük ondan ibarətdir ki, almanlar fəhlə hərəkatında, demək olar, hamıdan gec iştirak etmişlər. Necə ki, alman nəzəri sosializmi Sen-Simonun, Furyenin və Ouenin çiynində–öz nəzəriyyələrinin bütün əfsanəliyinə və bütün utopizminə baxmayaraq, bütün dövrlərin ən böyük simalarından olan və doğruluğunu bizim elmi şəkildə indi sübut etməkdə olduğumuz saysız-hesabsız qədər həqiqəti dahiliklə irəlicədən xəbər vermiş olan bu üç mütəfəkkirin çiynində durduğunu yaddan çıxarmayacaqdır,–eləcə də əməli alman fəhlə hərəkatı heç vaxt yaddan çıxarmamalıdır ki, ingilis və fransız hərəkatının çiyinlərində inkişaf etmişdir, onların baha qiymətə alınmış təcrübəsindən sadəcə olaraq öz xeyrinə istifadə edə bilmişdir, onların o zaman əksər hallarda yaxa qurtarılması mümkün olmayan səhvlərindən indi yaxa qurtara bilmişdir. İngilis tred-yunionları və fransız fəhlələrinin siyasi mübarizəsi nümunəsi olmasaydı, xüsusən Paris Kommunasının verdiyi çox güclü təkan olmasaydı indi biz harada olardıq?

Alman fəhlələrinə haqq qazandırmaq lazımdır: onlar öz mövqelərinin faydalarından nadir bir bacarıqla istifadə etmişlər. Fəhlə hərəkatının mövcud olduğu vaxtdan bəri ilk dəfə olaraq mübarizə özünün, bir-biri ilə uyğunlaşdırılmış və əlaqələndirilmiş olan hər üç istiqamətində: nəzəri, siyasi və əməli-iqtisadi (kapitalistlərə müqavimət) istiqamətlərdə müntəzəm surətdə aparılır. Alman hərəkatının gücü və məğlubedilməzliyi də bu hücumda, necə deyərlər, cəmlənmiş hücumdadır.

Bir tərəfdən, alman fəhlələrinin bu əlverişli vəziyyəti nəticəsində, o biri tərəfdən də ingilis hərəkatının ada xüsusiyyətləri və fransız hərəkatının zorakılıqla yatırılması üzündən alman fəhlələri indiki halda proletar mübarizəsinə başçılıq edirlər. Hadisələr onlara bu şərəfli mövqedə nə qədər qalmaq imkanı verəcəkdir,–bunu qabaqcadan demək olmaz. Lakin ümid etmək lazımdır ki, onlar bu mövqedə qaldıqca, öhdələrinə qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklər. Bunun üçün mübarizə və təşviqatın bütün sahələrində qüvvələri ikiqat artıq gərginləşdirmək tələb olunur. Xüsusən rəhbərlərin vəzifəsi ondan ibarət olacaqdır ki, bütün nəzəri məsələlərə getdikcə daha artıq bələd olsunlar, köhnə dünyabaxışına məxsus ənənəvi ibarələrin təsirindən getdikcə daha artıq azad olsunlar və həmişə nəzərdə tutsunlar ki, sosializm bir elm olduğu vaxtdan etibarən tələb edir ki, onunla bir elm kimi rəftar etsinlər, yəni onu öyrənsinlər. Bu yolla əldə edilən, getdikcə daha artıq aydınlaşan düşüncəni fəhlə kütlələri içərisinə getdikcə daha böyük səylə yaymaq və partiya təşkilatını, habelə həmkarlar ittifaqları təşkilatını getdikcə daha möhkəm birləşdirmək lazımdır. Sosialistlərin yanvarda topladıqları səslər artıq indi çox əhəmiyyətli bir ordu təşkil edirsə də, alman fəhlə sinfinin hələ heç də əksəriyyətini təşkil etmir; həmçinin, kənd əhalisi içərisində təbliğatın müvəffəqiyyətləri nə qədər çox ruhlandırıcı olsa da, yenə məhz burada hələ son dərəcə çox iş görmək lazım gəlir. Buna görə də mübarizədə yorulmaq olmaz, yeni-yeni şəhərləri, yeni-yeni seçki dairələrini vuruşma ilə düşmənin əlindən almaq lazımdır: Lakin hər şeydən əvvəl, hər hansı vətənpərvərlik şovinizminin əmələ gəlməsinə yol verməyən və hər hansı millət tərəfindən olursa olsun proletar hərəkatında atılan hər bir yeni addımı sevinclə alqışlayan həqiqi beynəlmiləlçilik ruhunu mühafizə etmək lazımdır. Əgər alman fəhlələri beləcə də irəliyə gedərlərsə, onlar–hərəkatın başında yerimək deyil,–yalnız bir millətdən olan fəhlələrin hərəkat başında yeriməsi heç də hərəkat üçün xeyirli deyildir,–mübarizlərin cərgəsində şərəfli yer tutacaqlar; əgər gözlənilməyən ağır sınaqlar və ya böyük hadisələr onlardan daha yüksək mərdlik, daha yüksək qətiyyət və əzm tələb edərsə, onlar buna tam hazır olacaqlar.



Fridrix Engels

London, 1 iyul 1874-cü il.



Bu kitabda çap edilmişdir: Friedrich Endels. «Der Deutsche Bauernkzieg». Leipzig, 1875.
Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin